24 dekabr 2024-cü il tarixində Azərbaycan Yazıçılar Birliyində Səhiyyə nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin “Ulduz” jurnalı ilə birgə keçirdiyi “Narkomaniyaya yox deyək!” hekayə müsabiqəsinin qalibləri təltif olundu.
Qalib hekayələrdən biri də Tural Cəfərlinin “Yaşıl pencək” adlı hekayəsi oldu. Tədbir maraqlı keçdi. Qaliblərə və təşkilatçılara uğurlar arzu edirik!
Lənkəranda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib
23 dekabr 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Lənkəranda səyyar iclas keçiriblər. İclasda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və regionda yerləşən teatr kollektivləri iştirak ediblər. Regional İdarənin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri – Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aida Qafarova ölkə teatrlarının bugünki vəziyyətindən, uğurlarından, problemlərindən danışıblar. Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb. O, Azərbaycanın teatr həyatından, o cümlədən bölgə teatrlarında yaranan canlanma prosesindən, 2023-cü ilin may ayından başlayan və böyük uğurla davam edən İttifaqın “QONAQ TEATR” layihəsindən danışıb. Sonra regionda fəaliyyət göstərən teatrlara göstərdiyi diqqət və qayğıya görə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, teatr sənəti sahəsində uğurlu fəaliyyət göstərən Lənkəran Dövlət Dram Teatrının direktoru, Dağıstan Respublikasinin Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət ișçisi Laləzar Hüseynova, baş rejissor Anar Babalı, teatrın aktrisaları Qızılgül Quliyeva və Aynur Əhmədova, Salyan Dövlət Kukla Teatrının baş rejissoru Rafiq Mirzəyev İttifaqın Fəxri fərmanı ilə təltif olunublar. Çıxış edənlər – Bəxtiyar Qılıncov, Hacı İsmayılov, İlham Namiq Kamal, Azad Şükürov, Laləzar Mustafayeva, Anar Babalı, Xalq artisti Qabil Quliyev, gənc aktyor Əlirza Şahbazi, regionda yerləşən Xalq teatrlarının nümayəndələri çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər. Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkilib.
“Mücrü” nəşriyyatı 5 yaşı münasibəti ilə əsərlərini çap etdiyi müəllifləri mükafatlandırıb. Qiymətləndirmə aparılarkən son illərdə ən çox oxunan, habelə oxucu rəğbəti qazanan, o cümlədən redaktorlar tərəfindən yüksək qiymətləndirilən kitabların müəllifləri seçilmişdir.
Mükafatın 2024-cü il üçün yekun seçimləri başa çatmışdır. “Mücrü” nəşriyyatının İdarə Heyətinin qərarına əsasən adları göstərilən müəlliflərə “İlin Yazarı” mükafatı verilmişdir:
Anar Şamil
Ayaz İmranoğlu
Aydın Arslan
Aypara Ayxan
Aysel Xanlarqızı
Azad Qaradərəli
Azər Salayev
Cavid Zeynallı
Cəlil Cavanşir
Elvin Rzayev
Ədalət Qərib
Əli bəy Azəri
Əyyub Qiyas
Femida Nağıyeva
Hədiyyə Şəfaqət
Xanım İsmayılqızı
İlham Abbas
İlham Tumas
İlhamə Kədər
İmran Axundov
İsaxan İsaxanlı
Jalə İsmayıl
Kənan Hacı
Könül Fərmanzadə
Qoşqar Qaraçaylı
Qüdrət Kərim Sabit
Mehman Qaraxanoğlu
Məqsəd Nur
Məmməd Oruc
Mirağa Qafarzadə
Mirmehdi Ağaoğlu
Nizami Orucov
Ramil Mərzili
Ramiz Qusarçaylı
Rövşən Şərif
Ruzigar Ələkbər
Sara İbrahim
Sevinc Elsevər
Sevinc Yunuslu
Seymur Atilla
Signor Bayramlı Məhəmməd
Südabə Sərvi
Şahnaz Kamal
Təranə Dəmir
Turan Uğur
Vahid Aslan
Vüsal Yurdoğlu
Yaqut Dəmirov
Zaur Ustac
“Yazarlar” olaraq, “Yazarlar” jurnalının baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, şair-publisist Zaur Ustacı və digər laureatları bu münasibətlə təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq!
Sevindik Nəsiboğlunun “Suverenliyimizi təmin edənlər” kitabına rəy-düşüncələrim
Çox vaxt deyirlər ki, yeni nəsil həyatı bilmir, vətən haqqında düşünmür, oxumur, öyrənmir. Ancaq mən bu sözün cavabında elə birinci böyük qələbəmizin tarixi əhəmiyyətindən danışarkən Ali Baş Komandanın dediyi sözləri yada salıram: “Azərbaycan ordusunun əsas döyüşən qüvvəsi yeni nəsildir, mənim zamanımda doğulub-böyümüş oğullardır”. Bəlkə də olduğu kimi demədim, amma məzmun bundan ibarətdir. Demək, Azərbaycan əsgəri kimi forma geymiş yeni nəsil vətənin nə demək olduğunu, torpağın nə üçün əzizdən əziz olduğunu yaxşı bilir. Əlbəttə, bunun üçün ictimai mühit əsas şərtdir. Ailə tərbiyəsi, məktəb mühiti – bütün bunların hamısı mühüm şərtlərdir. O da var ki, Azərbaycanın qalib Prezidenti bütüb çıxışlarında Azərbaycan gənclərinə sevgisini və inamını bəyan edib. Zənnimcə, Ali Baş Komandanın Azərbaycan ordusu ilə, Azərbaycan gəncləri ilə bağlı dedikləri əsl vətənpərvərlik dərsliyi kimi öyrənilməyə layiqdir. Söz yox ki, Azərbaycan əsgərinin vətənə, torpağa sədaqət ruhunda tərbiyə olunması üçün Azərbaycan ziyalıları da öz qüvvələrini əsirgəməyiblər. Onlar Ulu Öndərin Azərbaycançılıq amalına sədaqət nümayiş etdirərək gənclərimizin sağlam düşüncə ilə böyüməsi naminə əgər belə demək mümkünsə, öz sözlərini əsirgəməyiblər. Əlbəttə, yaşlı nəsil yazıçılar vətən sevgisinin nə demək olduğunu yaxşı bilir. Amma daha yaxşısı odur ki, bunu – vətən, torpaq sevgisinin mahiyyətini gənc yazıçılar da qədərincə anlayır və bilirlər. Mən Sevindik Nəsiboğlunun naşiriyəm. Çoxlu kitablarını nəşr etmişəm. Onu da deyim ki, Sevindik Nəsiboğlunun kitablarını nəşr etmək heç də asan başa gəlmir. Çünki onun kitabları şablon dəst-xəttlə hazırlanmır. O, yazılarında portret şəkillərdən, tarixi faktları əks etdirən fotolardan, bir sözlə, sənədli xronikadan da geniş şəkildə istifadə edir. Kitab çapı ilə məşğul olanlar yaxşı bilirlər ki, şəkilli kitabların çapı nə qədər çətindir və eyni zamanda çox məsuliyyətlidir. Çünki mətn daxilində hər hansı bir cüzi redaktə səhifələri yerindən dəyişə bilir. Bu da nə qədər əlavə əziyyət və problem deməkdir. Bir sözlə, biz Sevindik Nəsiboğlu ilə işləməyin bir növ təcrübə yolunu artıq keçib qurtarmışıq. Onun kitabın hazırlanma prosesindəki məsuliyyətli yanaşmaları, diqqəti məni xüsusilə təsirləndirir. Gənc olasan, hələ həyatın bərkini, boşunu qədərincə bəlkə görməmiş olasan, amma bu qədər məsuliyyət hiss edəsən. Bəli, xüsusi məsuliyyət tələb edən, rəngli şəkillərlə çapa təqdim olunan belə bir kitabı Sevindik oxucularına təqdim edir. Rəngli şəkillər, hər bir yazının hazırlıq prosesindəki yerini dəqiq təyin etmək, xronoloji ardıcıllığı gözləmək… bütün bunlar Sevindik Nəsiboğlunun bir sənətkar kimi artıq öz kitabı üçün müəlif məsuliyyətinin nə demək olduğunu bilməsidir. Sevindik Nəsiboğlunun kitabı “Suverenliyimizi təmin edənlər” adlanır. Tarixdə analoqu olmayan hadisə baş verdi. Bircə günün tamamına yetməmiş Azərbaycan ordusu bütün Qarabağda otuz ildən çox bir müddət ərzində kök salmış seperatçıları darmadağın etdi. Onların zəngin cəbbəxanası, hərbi hazırlığı, uzaq ölkələrdən muzdla yığıb gətirdikləri quldur döyüşçüləri də bu savaşda kara gəlmədi. Demək, Azərbaycan əsgərinin hansı gücdə olduğunu, onun qüdrətini təkcə bu savaşla da bilmək olar. İndi qalır əsas məsələ: Yazıçılarımız bir günün qəhrəmanlarını sözə necə gətirəcəklər? Zənnimcə, elə təkcə Sevindiyin timsalında bu suala da nikbin cavab vermək olar. Sevindik Nəsiboğlu bütün imkanlarını səfərbər edib. Heç kimi unutmamağa çalışıb. Mümkün qədər antiterror şəhidləri haqqında dəqiq məlumatlar toplayıb və ən başlıcası, hər bir şəhidin doğulub-böyüdüyü mühiti, onun döyüş yolunu dəqiq öyrənib. Əgər belə olmasaydı, onda mətnlər müəyyən mənada bir-birinə qarışardı. Biz hər bir qəhrəmanı ayrılıqda xarakterizə edə bilməzdik. Doğrudur, müəllif hər bir qəhrəman haqqındakı məlumatları məhdud imkanlar daxilində yazıya gətirib kitaba yerləşdirib. Qəhrəmanlardan biri haqqında yazır: “Mehti Əmrah oğlu Abbasov 19 sentyabr 2023-cü ildə Azərbaycan Sılahlı Qüvvələri tərəfindən Qarabağ bölgəsində silahlanan separatçı erməni hərbi birləşmələrinə qarşı başlanan lokal antıterror əməliyyatlarında iştirak etmiş, Ağdam istiqamətində gedən döyüşlərdə fərqlənmiş, erməni qəsbkarlarının zərərsizləşdirilməsində və torpaqlarımızın azad olunmasında böyük rəşadət göstərmişdir. Əsgər Mehti Abbasov 20 sentyabr 2023-cü ildə Ağdam istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır. Qəhrəmanımızın nəşi 21 sentyabr 2023-cü ildə doğulduğu Masallı rayonunun Sığıncaq kəndində torpağa tapşırılmışdır. Şəhidimiz subay idi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Mehti Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir”. Göründüyü kimi, müəllif qəhrəman haqqında faktlar əsasında təsəvvür yaratmağa çalışır. Hətta bədii təsvirlərə də o qədər geniş yer ayırmır. Çünki onun məqsədi antiterror şəhidləri haqqında xronikal mətnlər təqdim etməkdir. Başqa sözlə, dəqiq, müxtəsər salnamə yaratmaqdır. Biz hər bir faktın arxasında qəhrəmanların hansı gücdə olduğunu, hansı mənəvi yüksəlişdə dayandığını təsvirlərdən də duyur və dəqiq qəbul edirik. Sevindik hər bir mətn daxili faktı dəqiq verir. Sanki bir neçə cümlə ilə oxucuda qəhrəmanın kimliyi haqqında təsəvvür yaradır: “Cəsur baş leytenant Ruslan Abbasov 19 sentyabr 2023-cü ildə Qarabağda silahlanan erməni separatçılarına qarşı rəşadətli Azərbaycan Ordusu tərəfindən başlanan lokal xarakterli antiterror əməliyyatlarında böyük igidlik göstərərək döyüşmüşdür. Qızğın döyüşlərin getdiyi zaman separatçıların bir çox mövqeyini böyük ustalıqla məhv etmişdir. Ruslan Abbasov 19 sentyabr 2023-cü ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmanımızın nəşi 20 sentyabr 2023-cü ildə Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır”. Zamin Xəqani oğlu haqqındakı mətni də həyəcansız oxumaq mümkün deyil. Onun döyüş yolu 44 günlük savaşın içindən keçib. Böyük savaşın qəhrəmanı kimi antiterror əməliyyatında iştirak edib: “Azərbaycan Ordusunun baş leytenantı olan Zamin Abbasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın, Laçının və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Tabeçiliyində olan hərbçiləri müharibənin sonunadək döyüşlərdən sağ-salamat çıxarmışdır. Müharibədən sonra Zamin Abbasov cənab Prezidentimiz İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və baş nazır cənab Əli Əsədov tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Vətən müharibəsi bitdikdən sonra Zamin Abbasov hərbi xidmətini davam etdirmişdir. 2021-2022-ci illərdə həyata keçirilən qısamüddətli əməliyyatlar zamanı tabeçiliyində olan hərbi qulluqçularla birgə şücaət göstərərək fərqlənmişdir”. Zamin Abbasov 19 sentyabr 2023-cü ildə şəhid olub və Sumqayıtın Şəhidlər Xiyabanında uyuyur. O, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə həlak olub. Hiss olunur ki, bu yerin adı Sevindiyi xüsusi həyəcanlandırır. Mən onun digər kitablarından aldığım məlumat əsasında deyirəm ki, onun mənsub olduğu ailə Xocavəndlə çox bağlıdır. Bəzən tanış bir yer-yurd adı bizdə xüsusi təəssürat yaradır. Onu da deyim ki, Sevindik Nəsiboğlu mənəvi mühitinə təsir edən faktların yaratdığı təəssüratlardan yetərincə yararlana bilir. Abbaszadə Emin Faiq oğlu haqqında isə təqdim etdiyi qeydlər onun necə bir qəhrəman olduğunu tanımağa bəs edir: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Emin Abbaszadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir”. İndi bu qeydləri bir-birinin arxasınca yazdıqca, Sevindiyin dəqiq xronika əsasında tərtib etdiyi məlumatları oxucu düşüncəmdən keçirərək ümumiləşdirməyə çalışdığım üçün qeyd etməliyəm ki, bu məlumatlar əslində onun gələcək romanlarının, povestlərinin, müharibə hekayələrinin əsasını təşkil edəcək. Sevindik sanki müharibənin gündəliyini yazır. Əslində elə müharibələrdən çox sonralar qələmə alınmış bədii əsərlər belə dəqiq mətnlərdən bəhrələnərək yaradılır. Bu mənada, mən Sevindik Nəsiboğlunun gələcək yazıçı taleyinə sözün həqiqi mənasında çox inanıram. Bu kitabı vərəqləyən hər bir oxucu yəqin ki, mənsub olduğu yerin, yurdun adını da axtaracaq. Həmin oxucu özünün doğulub-böyüdüyü torpaqdan pərvəriş tapmış qəhrəmanların adlarını da gəzəcək və çox güman ki, Tovuz rayonundan olan oxucular Asim Cavanşir oğlunu dəqiq xatırlayacaqlar, şübhəsiz, onunla fəxr edəcəklər: “Şəhid kiçik çavuş Asim Cavanşir oğlu Abdullayev 10 dekabr 1982-ci ildə Tovuz rayonunun Vahidli kəndində anadan olmuşdur. Orta təhsilini Tovuz rayon Asif Sadıqov adına Vahidli kənd tam orta məktəbində almışdır. Orta məktəbdən məzun olduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən, Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində hərbi xidmətinə başlamışdır. Asim bir müddət hərbi xidmət etdikdən sonra ordudan tərxis olunmuş və mülki fəaliyyətinə davam etmişdir. Sonra isə Müddətdən Artıq Həqiqi Hərbi Xidmət kurslarına yazılmış, kursları müvəffəqiyyətlə bitirdikdən sonra Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu kimi yenidən ordu sıralarına qayıtmışdır. Hərbi xidmət müddətində döyüş hazırlığında, eləcə də qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir. Həmçinin Asim Abdullayev “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə də təltif edilmişdir. İgidimiz 12 oktyabr 2022-ci ildə ailə həyatı qurmuşdu”. Vaxt məhdud, manevr etmək üçün ərazi çox məhdud. Antiterror əməliyyatı belə bir məhdud vaxt və məhdud ərazi daxilində həyata keçirilirdi. Hətta Ali Baş Komandan göstəriş vermişdi ki, uşaqlara, qocalara, qadınlara, bir sözlə, mülki əhaliyə zərər vurulmasın. Bəlkə də tarixin ən nadir müharibələrindəndir ki, ümumiyyətlə, İkinci Qarabağ savaşında və antiterror döyüşlərində Azərbaycan ordusu dinc əhaliyə zərər vurmadı. Ali Baş Komandanın məramını ən müqəddəs tapşırıq kimi yerinə yetirdi. Bu, Azərbaycan xalqının humanizmi demək idi. Halbuki, erməni vandalları kimliyinə fərq qoymadan azərbaycanlıları kütləvi şəkildə qətlə yetirir və onları insanlığa yaraşmayan bir şəkildə kütləvi olaraq xəndəklərə gömürdülər. Azərbaycan əsgərlərinin ən qiymətləndirilməli cəhətlərindən biri də bu idi ki, onlar ermənilərin məlum fitnəkarlıqlarının, qəddarlıqlarının əvəzini ancaq torpaqlarımızı işğaldan azad etməklə çıxırdılar. Abbasov Fabil Qulam oğlu, Ağaxanov Osman Qədim oğlu, Ağayev Ceyhun Etibar oğlu, Ağayev Kənan Vahid oğlu, Ağabəyov Tural Təbriz oğlu haqqında yazılan qeydlər sənədli film-xronika kimi gözlərimizin önündə Azərbaycan əsgərinin möhtəşəm sıra keçidini təqdim edir. Alıyev Fərid Tofiq oğlu haqqında müəllifin qeydlərinə baxıram. Bu çox gənc, yeniyetmə bir Azərbaycan əsgəridir. Üzünə, yəni fotoya canlı insan kimi baxmamaq olmur. Bir tərəfdən də gün işığı düşür. Elə bil ki, bu gəncin bütün ruhu görünür. Düşünürəm ki, Sevindik Nəsiboğlu təqdim etdiyi qəhrəmanların fotolarını seçməyə də xüsusi diqqət göstərir. Fərid Şamaxı şəhərində anadan olub və elə Şamaxıdakı Şəhidlər Xiyabanında da torpağa tapşırılıb. Vətənin çox dəyərli təltiflərinə layiq görülüb. Yaxud, Murad Təvəkkül oğlu haqqında da ayrıca bir neçə kəlmə danışmaq yerinə düşər. Azərbaycan bayrağının fonunda gələcəyə zillənmiş baxışları xüsusi inam təlqin edir. Biz vətən uğrunda savaşın qələbə ilə qurtarmasının, antiterror əməliyyatının uğurla başa çatmasının xəbərini sanki onun baxışlarından oxudum. Bəli, Azərbaycan əsgəri özünə inamlı idi. Şəhid əsgər Murad Arzullayev haqqında qeydləri müəllif belə bitirir: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Murad Arzullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdi”. Beləliklə, Azərbaycanın qəhrəman oğullarının portretləri ilə üzbəüz dayanırıq. Sevindiyin təqdim etdiyi faktlar əsasında onlarla söhbət edirik, onlarla fikirlərimizi bölüşürük, düşüncələrimizi məhz aldığımız təəssürat əsasında yazıya çeviririk. Aslanov Sahil Əhliman oğlu, Axundov Murad Xıdır oğlu, Babaşov Ucal Nərbala oğlu… adlar sanki canlanır, əsgərin özü kimi danışır. Mən yeni türk kökənli Azərbaycan adlarının qoyulmasını çox sevirəm. Azərbaycan əsgəri Ucal adını daşıyır. Bu adın hansı təəssüratı oyatdığını izah etməyə ehtiyac yoxdur. Çünki hərbir insan öz adının mahiyyətini dərk etdikcə onun cəmiyyətə, insanlara təsirini də öyrənir. Zənnimcə, Ucal Nərbala oğlu elə öz adına layiq bir döyüş yolu keçib. Ucal haqqında müəllif yazır: “Ucal Babaşov 19 sentyabr 2023-cü ildə Qarabağda təxribatçı və separatçı fəaliyyət göstərən erməni qəsbkarlarına qarşı rəşadətli Azərbaycan Ordusunun başlatdığı lokal xarakterli antiterror əməliyyatlarında iştirak etmişdir. Xocalı istiqamətində gedən döyüşlərdə böyük şücaət və igidlik göstərmişdir. Əsgər Ucal Babaşov 20 sentyabr 2023-cü ildə Xocalı rayonunun Dəhrəz kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimizin nəşi doğulduğu İmişli rayonunun Xəlfəli kəndində torpağa tapşırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Ucal Babaşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir”. Söz yox, bütün təltiflər qəhrəman Azərbaycan oğullarının, şəhidlərin, qazilərin haqqıdır. Bu təltiflər onların qəhrəmanlığının vətən tərəfindən etirafıdır. Mən inanıram ki, elə Ucalın da doğulub böyüdüyü Xəlfəli kəndində onun büstü qoyulacaq, adı əbədiləşdiriləcək. Şübhəsiz, hər birimiz vətən şəhidlərinin adına ehtiramı birmənalı şəkildə təqdir edirik. Şəhidlər haqqındakı xronika davam edir. Sanki gözlərimizin önündən rəngli bir sinema lövhələri ötür. Babayev Sahil Sarıbala oğlunu, Babazadə Əli Rüstəm oğlunu, Bağırov Ülvi Hənifə oğlunu, Balabəyli Elcan Vasif oğlunu, Bayramov Davud Şamil oğlunu, Bayramov İxtiyar Bayram oğlunu, Bayramov Tapdıq Namiq oğlunu… beləcə bu qəhrəmanların hər birini gözlərimizin önündən keçən sinema lövhələri kimi müşahidə edirik. Bədəlov Ouc Arif oğlunun şəklinə baxan yad bir xalqın nümayəndəsi onun necə qəhrəman olduğunu təsəvvür edə bilməz. Çünki Oruc Arif oğlu fotodan məsum uşaq görkəmi ilə baxır. Ancaq canlı, diri gözləri ilə vətən torpağı uğrunda vuruşduğu üçün qürurludur. Zənnimcə, o, şəhidlik məqamına yüksələndə də inamlı və gülümsər çöhrəsini döyüş yoldaşlarına əmanət edib. Röyal Nəsiboğlu, Bilalov Sərxan İsmət oğlu, Cahangirov Tural Qələmhüseyn oğlu, Canbaxışov Xəyal Xeyrulla oğlu, Cəfərov Elşad Malik oğlu, Cəfərov Malik Asif oğlu, Cəfərov Oleq Qılıc oğlu, Cəfərov Rəvan Məhəmədəli oğlu… Adlar fərqlidir, doğulub-böyüdükləri yerlər ayrı-ayrıdır. Ancaq sanki eyni ananın övladlarıdır, eyni yaşdadırlar. Mən elə bu qənaətimə inanıram, çünki onlar üçün ana-ata Azərbaycan torpağıdır, Azərbaycandır. Onlar hamısı bir vətənin övladlarıdır, ona görə bir-birinə bənzərdirlər. Şəhid kapitan Xəzər Qalib oğlu haqqında da ayrıca təəssürat bölüşmək vacibdir. Çünki o, hələ Aprel döyüşlərinin iştirakçısı olub. 44 günlük savaşda qəhrəmanlıqla döyüşüb. İgid kapitan haqqında müəllif yazır: “Xəzər Cəfərov 19 sentyabr 2023-cü ildə rəşadətli Azərbaycan Ordusunun Qarabağda separatçı və təxribatçı fəaliyyət göstərən erməni qəsbkarlarına qarşı başlatdığı lokal xarakterli antiterror əməliyyatlarında iştirak etmişdir. Ağdam-Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Kapitan Xəzər Cəfərov 20 sentyabr 2023-cü ildə Ağdam rayonunun (indiki Ağdərə rayonunun tərkibinə daxıl edilmiş) Sirxavənd kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlmişdir. Onun nəşi 22 sentyabr 2023-cü ildə Neftçala Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycan Respublikasının ərazı bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Xəzər Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir”. Düşünürəm ki, Xəzər Cəfərov kimi zabitlərin döyüş yolu tam öyrənilməlidir. Onların doğulub-böyüdükləri yerlərdə ev muzeyləri yaradılmalıdır. Orta məktəbin hər bir buraxılışı həmin muzeyi ziyarət edərək həyatın daha geniş axarına qoşulmalıdır. Çünki belə qəhrəmanların döyüş yolu elə özü bir tarix dərsliyidir. Cəlilov Devid Raufoviç, Daşdəmirov Sahib Natiq oğlu, Dünyamalıyev İslam Teymur oğlu, Dünyamalıyev Rüstəm Nəriman oğlu, Ədilzadə Ədil Rövşən oğlu, Əhədov Eltac Əjdər oğlu… hər bir qəhrəman haqqındakı qısa qeydləri ötəri təəssüratla oxumaq olmur. Az müddət içərisində Azərbaycanın nə qədər qəhrəman oğullar yetirdiyinin şahidi oluruq. Elvin Əhmədov, Rizvan Əhmədov, Vilayət Əhmədov, Vüsal Əhmədov… soyadlar eynidir. İlk baxışdan adama elə gəlir ki, bunlar bir ailənin övladlarıdırlar. Yenə bayaqkı sözümü xatırladıram; onlar həqiqətən bir ailənin, yəni azərbaycanlıların birliyində öz möhtəşəmliyini təsdiq edən xalqın övladlarıdır. Zaman keçdikcə, tarixi hadisələr də bizdən uzaqlaşır. Ancaq elə tarixi hadisələr var ki, onları bir çox cəhətlərinə görə heç vaxt unutmaq olmaz. Vaxtı ilə erməniləri Qafqaza köçürərək Azərbaycan torpaqlarının hesabına onlara dövlət yaratdılar. Ancaq bu həqiqətlər uzun müddət gizlədilib, aşkar məlumatlar xalqa çatdırılmayıb. Bu da zaman baxımından həqiqətləri yaddaşımızdan silməyə xidmət edib. İndi Sevindik Nəsiboğlu kimi müəlliflərin kitabları təkcə hadisənin xronikasını təqdim etmir, həm də xalqımızın tarixi yaddaşının qorunmasına xidmət edir. Ayrı-ayrı ailələrdə doğulub-böyümüş Azərbaycan oğulları vətənin hər qarışını müqəddəs bildiyi üçün bu savaşda bizim ordumuz qalib gəldi. Əslində Sevindik Nəsiboğlu bu ideyanı yeni gəncliyə məhz öz kitabı ilə təlqin edir. Harada olsaq, nə iş görsək də, biz vətən qarşısında hesabat verməliyik. Vətənin tarixi taleyi bizim hər birimizdən asılıdır, çünki biz birlikdə olanda güclüyük. Qeydlərimin bu yerində yenə müzəffər Ali Baş Komandanın qələbə əzmli çıxışlarını xaıtrlayıram. O, Azərbaycan əsgərləri qarşısında inamla, sevgi ilə, qürurla çıxış edirdi. Dalğalanan əzəmətli bayrağımızın altında hər dəfə sözünü bitərərkən yumruğunu havaya qaldırır, birmənalı şəkildə deyirdi ki, “Qarabağ Azərbaycandır”. İndi düşünüəm ki, hər bir Azərbaycan əsgəri ayrılıqda bu həqiqət tapındığı üçün yenilməz olub, sonsuz inamla döyüşün ən ağır yerinə atılıb və nəhayət, Azərbaycan torpağı uğrunda həlak olmağı özünə şərəf bilib, şəhidlik zirvəsinə yüksəlib. Çünki onlar üçün Qarabağ öz doğma yurdudur, doğulub-böyüdüyü yerdir. Vətənin yad yeri yoxdur, vətən hər kəsə əzizdir. Mən inanıram ki, S.Nəsiboğlu gələcəkdə hələ çox kitablar yazacaq. Ən başlıcası, qəhrəmanlarının həlak olduğu yerləri edib öz gözləri ilə görəcək. Kimin harada, necə həlak olduğu ilə bağlı özünün yeni əsərlərini yazmağa hazırlaşacaq. Bəli, Sevindik Nəsiboğlunun “Suverenliyimizi təmin edənlər” kitabı gözəl əsərdir. Yeri gəmişkən, burada qeyd edim ki, elə Sevindiyin özü də Azərbaycan xalqının yeni, parlaq bir əsəridir. Beləliklə, kitabda cəmlənmiş materiallar əsasında bu və ya digər dərəcədə fikir və düşüncələrimizi oxucularla bölüşmək istədik. Ancaq bu işin çətin tərəfi də var. Yəni mənəvi məsuliyyət hissi. Adama elə gəlir ki, hansısa bir şəhidin adını çəkməmisən, onun ruhu başının üstündədir və sanki incikliyini bildirir. Düşünürəm ki, Sevindik Nəsiboğlu belə çox çətin və məsuliyyətli bir işin öhdəsindən gəldiyi üçün narahat olmağa dəyməz. Çünki onun gördüyü iş bizim üçün də təskinlikdir. Qoy kitabı vərəqləyən hər kəs özü qəhrəmanların cərgəsinə daxil olsun, səhifələri onlarla birgə keçsin. Yalnız bu yolla hər bir oxucu vətən şəhidləri qarşısında öz ehtiramını ifadə etmiş olar. Ən başlıcası, elə bizim özümüz də şəhidlərimizin adbaad salnaməyə çevrilməsindən təskinlik tapırıq. Bir-iki məqama da işıq salmaq istərdim. Düşünürəm ki, sosial şəbəkələrdə şəhid xronikaları haqqında məlumatlara müəyyən məhdudiyyətlər qoyulduğu üçün Sevindik Nəsiboğlunun “Suverenliyimizi təmin edənlər” kitabı pdf halında sosial şəbəkədə yerləşdirilə bilər. Elə hər hansı bir qəhrəman haqqında məlumat almaq istəyən şəxs yazıçı, publisist, şair Sevindiyin açıq ensiklopediyasına (vikipediya) müraciət etməklə hər hansı məlumatı dəqiqliklə və yetərincə ala bilər. Onu da qeyd edim ki, bu kitab hər bir rayonun kitabxanasına göndərilməlidir. Bölgədəki muzeylərdə bu kitabın nüsxələri olmalıdır. Qoy tarixdə nadir olan antiterror savaşı haqqında məlumat almaq istəyən hər kəs əhatəli şəkildə məlumatlansın. Çünki ermənilər bizim tarixi düşmənlərimiz olmaqdan geri çəkilmək niyyətində deyillər. Gələcək nəsillər üçün antiterror əməliyyatı qeyri-adi döyüş hadisəsi kimi yaddaşlarlarda yaşadılmalıdır. S.Nəsiboğlu, birmənalı şəkildə qeyd etmək olar ki, artıq özünü təsdiq etmiş yazıçıdır. Onun bişmiş publisist olduğu, düşüncələrini poetik şəkildə ifadə etmək baxımından duyğulu bir sənətkar olduğu digər kitablarından göründüyü kimi elə bu kitabı ilə də təsdiqlənir. Mən S.Nəsiboğlunu gələcək tarixi romanların müəllifi kimi, əqidəli tədqiqatçı kimi görürəm. O, xalqımız haqqında əsl həqiqətləri gələcəkdə yazmaq və demək gücündə olan bir sənətkar kimi yetişməkdədir. Yuxarıda dedim axı, Sevindik Nəsiboğlu Azərbaycan xalqının yeni, parlaq əsəridir. Biz hələ bu əsəri daha yeni kitabları ilə çox oxuyacağıq.
Gedib ömür tənim, sanma qayıda, Arzular, diləklər qalıb yarıda, Qış olub ömrümün yazı, yayı da, Ta gəlmir baharım, yazım, İlahi.
Sevib-əzizlərəm, dostu-yoldaşı, Olmaz hər yetəndən könül sirdaşı, Dərdə ortağımdır, bacı-qardaşım, Qismətdə yox, oğlum, qızım, İlahi.
Səngimir ömrümün dumanı, çəni, Çoxalır gün-gündən telimin dəni, Taleyim sınağa çox çəkdi məni, Köklənir qəm üstə sazım, İlahi.
Daşıdım içimdə, kədər-qəmimi, Qurtarmaz fələk də, batan gəmimi, Qurutmaz tonqal da, gözüm nəmini, Amala ver səbir, dözüm, İlahi. Dərdimə-sərimə çözüm, İlahi.
Bu günlərdə repressiya qurbanlarından olan HÜSEYN CAVİDin Anım günü ilə bağlı, (24.X.1882 – 05.XII.1941) AYB-nin “Natəvan” klubunda keçirilən növbəti tədbir də, həmişəki kimi, maraqlı oldu. Belə ki, “Repressiya qurbanlarına Heydər Əliyev qayğısı; Hüseyn Cavidi anırıq” adlı tədbirdə H.Cavidin VƏTƏNƏ QAYIDIŞı ilə baglı tarixi anlara dönüş oldu, dahi şəxsiyyətlər xoş xatirələrlə anıldılar. Tədbirin təşkilatçısı və aparıcısı, “Video-İnterneyşnl Prodüser” Mərkəzinin təsisçisi və Baş direktoru, AJB, AYB və AAB-nin üzvü, jurnalist, yazıçı-publisist Aygün Hacıyeva idi. O, qonaqları salamladıqdan sonra, Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra, A.Hacıyeva tədbirin məğzindən danışdı, qonaqları cavidsevərlərə təqdim etdi. AYB-nin “Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi”nin rəhbəri Əsəd Cahangir H.Cavidin həyat və yaradıcılığı haqqında geniş çıxış etdi, ədibin əsərlərini sadalamaqla yanaşı, hər bir əsər haqqında ətraflı məlumat verdi. Qeyd edək ki, Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolu olmuş, bu istiqamətdə ciddi cəhdlər göstərilmiş və bu işin həyata keçirilməsi üçün xüsusi komissiya təşkil edilmişdir. Verilmiş tapşırığı yerinə yetirmək üçün əsas məsuliyyət o dövrdə məsul vəzifədə çalışan polkovnik Həmid Cəfərovun üzərinə düşmüşdür. Uzun müddət H.Əliyevin yanında çalışan, hər kəsin çox hörmət bəslədiyi şəxsiyyət – Həsən Həsənov ötən illərin tarixi həqiqətlərini, şahidi olduğu hadisələri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Polkovnik Həmid Cəfərov, H.Cavidin nəşinin gətirilməsi ilə birbaşa əlaqəli olduğundan, həmin anın yaşantılarını iştirakçılarla bölüşdü. O, tədbirə gətirdiyi əyani vəsaitləri- foto şəkilləri nümayiş etdirməklə iştirakçıları tam məlumatlandırdı. 1930- cu illərin sonlarında görkəmli şair və yazıçılarımızın, alim və incəsənət adamlarımızın, öndə olan ziyalılarımızın repressiyası başlanmışdı. Onları “xalq düşməni”, “pantürkist” və s. adlandıraraq məhv etməyə cəhd göstərənlər məqsədlərinə nail olurdular. Əslində repressiya hələ 30- cu illərdən əvvəl başlamışdı, lakin sonra kütləvi şəkil aldı. Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad və yüzlərlə belə ölməz sənətkarları məhv etməklə daşnaklar gizli niyyətlərini həyata keçirdilər. Lakin dahi şəxsiyyət Heydər Əliyev xalqımızın “qaymaqlar”ı olan bu ziyalılarımızı dəyərləndirərək onların əməli fəaliyyətlərini yülsək qiymətləndirmiş, xalqımızın layiqli övladlarının üzərinə vurulan damğanın götürülməsinə nail olmuşdur. Ulu Öndər N.Nərimanovun, M.Müşfiqin, H.Cavidin, Ə.Cavadın və digərlərinin əməli fəaliyyətini xalqa faktlarla çatdırmış, onların vəhşi daşnak siyasətinin əsassız qurbanları olduqlarını təsdiqləmişdi. Həsən Həsənov xatirələrində bu məqamları bir daha yada saldı… Qeyd etdiyimiz kimi, polkovnik Həmid Cəfərov komissiya heyəti ilə, Heydər Əliyevin 1982-ci ilin 12 oktyabrında verdiyi qərara əsasən, Hüseyn Cavidin nəşinin tapılıb gətirilməsi üçün Maqadana, oradan da İrkutskinin Şevçenko kəndinə yola düşüb. O, çıxışında qeyd etdi ki, “buradakı kütləvi məzarlıqda 40 min şəhid uyuyurdu. Uzun araşdırmalardan sonra məlum oldu ki, H.Cavid ölümündən əvvəl buradakı Əlillər Evində qalırmış, buranin acınacaqlı şəraiti barədə Stalinə məktub yazmışdı. Bəlkə də, yerini dəyişdirməsəydilər məzarı tapılmazdı…”. H.Cavid və digər agıllı, savadlı, istedadlı ziyalılarımızı məhv etməkdə o rejimin məqsədini mərhum akademik Ziya Bünyadov “Qırmızı terror” kitabında belə yazırdı: “Milli kadrları tamamilə məhv etmək, ilk növbədə, dünyaca məşhur, daim düşünən, mütaliə edən yeni fikirli alimləri, mütəfəkkir və intellektləri aradan götürmək!” Bəli, H.Cavid də məhz belələrindən idi! Həmid Cəfərov 59 nömrəli məzarın açılmasını böyük həyəcanla gözlədııklərinı və indi də o həyəcanı yaşadığını bildirdi. O, ilk dəfə belə hadisənin şahidi oldugunu etiraf etdi, nəşin necə çıxacağını intizarla gözlədiklərini söylədi. Nəhayət ki, ekspertlər saat yarımlıq axtarışdan sonra məzarı açdılar. H.Cəfərov onu da qeyd etdi ki, əvvəlcədən tabutu hazırlamağı (2m×1m) sifarış etmişdilər. Lakin tabut 1,70smx0,90sm ölçüdə hazırlanıb gətirilmişdi (təyyarəyə tabutu yerləşdirmək üçün). Budur, məzar açıllr, ədibin kəlləsi və digər sümükləri ehmalca tabuta qoyulur. Ətrafdakı fəxri qarovul ədibin şərəfinə 40 yaylım atəşı açır. Və sonda ədibin nəşi 40 ildən sonra dogma yurduna — Azərbaycana gətirilir. Bakı aeroportunda təntənə ilə qarşılayanlar arasıında ədibin qızı Turan xanıım da olur. O, atasının nəşinin Bakıya gətirilməsınə nail olan H.Əliyevə və onun təşkil etdiyi komissiyanın üzvlərinə dərin minnətdarlıgını bidirir. H.Əliyevin sərəncamına əsasən, Naxçıvanda, Bakıda ədibə heykəllər ucaldıldı. Bakıda H.Cavidin ev muzeyi açıldı və ömrünün sonuna kimi Turan xanım muzeyin direktoru oldu. Turan xanımla 10 ildən çox çalışan, 10 monoqrafiyanın müəllifi olan İsgəndər Atilla da öz xatirələrini danışdı. Çıxış edənlər – yazıçı Sabir Rüstəmxanlı, DSX-nın sabiq polkovniki Sücəddin Abdullayev, Bakıdakı H.Cavid adına 36 nömrəli məktəbin direktoru Gülarə Zəkiyeva, AYB-nin əməkdaşları olan Xatirə Fərəcli və Südabə Sərvi, həmçinin başqaları tədbirlə baglı maraqlı məqamlardan söz açdılar. Sonda xatirə şəkilləri çəkildi.
Alpaqut Turan Döyüş Sənəti üzrə IX Azərbaycan Çempionatı və Birinciliyi uğurla başa çatdı
2024-cü il dekabrın 21-22-də Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə Alpaqut Turan Döyüş Sənəti üzrə IX Azərbaycan Çempionatı və Birinciliyi keçirildi.
Tədbir ölkənin müxtəlif bölgələrindən gələn 20 komandadan ibarət 435 idmançını bir araya gətirdi. Yarış iştirakçıları Alpaqut Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə öz bacarıqlarını nümayiş etdirdilər.
Açılış mərasimində Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Fuad Quliyev, I Vitse-prezidenti Mehman Səfərov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının Prezidenti Kazım Qurbanov, və Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov iştirak ediblər.
Fuad Quliyev açılış nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclər və idman siyasəti çərçivəsində həyata keçirilən layihələrin idmanın inkişafına və milli dəyərlərin qorunub saxlanılmasına mühüm töhfə verdiyini vurğuladı. Çıxış edən digər rəsmi şəxslər də yarışın əhəmiyyətindən bəhs edərək, gənclərin milli idman irsinə marağını artırmaq üçün bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini qeyd etdilər.
Yarışın bədii hissəsi idmançılar və tamaşaçılar üçün xüsusi anlarla yadda qaldı. Azərbaycan Alpaqut Federasiyasının Suraxanı filialının müəllimi Elşən Məmmədov və onun tələbələri Kaçut sistemi üzrə nümunəvi çıxış edərək bu sistemin fəlsəfəsini və texniki bacarıqlarını əyani şəkildə təqdim etdilər. Bakı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Xuraman Şəms və onun tələbələri rəqs nümunələri ilə tədbirə rəng qatdılar. 13 yaşlı musiqiçi Özil İsmayılovun ifası isə tədbir iştirakçılarının qəlbində xoş təəssüratlar yaratdı.
Yarışın yüksək səviyyədə təşkil olunmasında yarışın direktoru Kutsan Vasif Namazov, baş katib Kürşad Rafiq Qasımov, Dünya Alpaqut Federasiyasının İctimaiyyətlə əlaqələr və mətbuat departamentinin sədri Firuzə Cəlilova, baş hakim Tegin Elsevər Puri, Apelyasiya şurasının sədri Qabil Hüseynov, texniki direktor Cəfər Cəfərsoy, nizam-intizam komitəsinin üzvü Ramil Mehdili, mətbuat katibi Zarina Hüseynova, Parad və mükafatlandırma işləri üzrə koordinator Natiq Eminov, yarışın komendantları Tegin Kənan Quliyev və Tegin Şahlar Vəliyev və Azərbaycan Maliyyə-İqtisad Kollecinin kollektivinin böyük əməyi olmuşdur.
Yarışın ümumi komanda üzrə nəticələri:
Ayça sistemi üzrə: 1-ci yer – Sabunçu 2-ci yer – Suraxanı 3-cü yer – Emil Şamilov D/K
Batur sistemi üzrə: 1-ci yer – Laçın 2-ci yer – Şəmkir 3-cü yer – Zərdab
Cahmaz sistemi üzrə: 1-ci yer – Beyləqan 2-ci yer – Ağdam 3-cü yer – Tovuz
Qurşaq sistemi üzrə: 1-ci yer – Şabran 2-ci yer – Yasamal 3-cü yer – Pantera
Bu tədbir yalnız yarış deyil, həm də Alpaqut Turan Döyüş Sənətinin fəlsəfəsinin, milli dəyərlərinin və idman irsinin gənclərə aşılanması məqsədini daşıyırdı. Tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürümüzü bildirir, idmançılara isə gələcəkdə daha böyük uğurlar arzulayırıq!
Əməkdar artist, Milli Gənc Tamaşaçılar teatrının rejissoru Nicat Kazımovun müsahibəsi:
Elə bir obraz olubmu ki, onu səhnədə reallaşdırmaq sizin üçün əlçatmaz olub? -Bütün arzulanan və oynamaq istədiyin rollar insana əlçatmaz görünür. Bəziləri reallaşır, bəziləri isə vaxt məhdudiyyətinə görə reallaşmır. Mənim də səhnə həyatımda arzuladığım, amma oynaya bilmədiyim rollar olub. Bunlardan ilk olan U. Şekspirin “Romeo və Cülyetta” əsərində Romeo obrazı olub. İllər sürətlə keçdi və yaşım da ötdüyü üçün oynaya bilmədim. Romeo obrazını çox oynamaq istəyirdim. Gələcəkdə o əsərin tamaşasına quruluş vermək nəsib olar inşallah. Eyni zamanda “Neron” və Dəli İbrahim” obrazlarını oynamağı arzu etmişəm. Bunlar arzuladığım, lakin vaxtımın yetmədiyi obrazlar olub. Artıq onlar keçmişdə qalıb, amma gələcəkdə elə obrazlar var ki, onları oynamaq istəyirəm. Bunlardan biri də U.Şekspirin “Kral Lir” əsərindən Kral Lir obrazıdır. Ömür vəfa etsə, oynayacağıma inanıram. Mənim üçün kinoda, tarixi filmdə yaddaqalan bir obraz əlçatmaz görünə bilər.
-U.Şekspirin əsərləri mən də çox sevirəm, amma ən çox sevdiyim “Romeo və Cülyetta” əsəridir. Nə gözəl dediniz. İnşallah yaxın zamanda sizin yubiley tədbirinizdə əsərdən kiçik bir parça səhnələşdirib, oynayarsınız, mən də “Cülyetta” obrazında arzumu reallaşdırmış olaram. Həqiqətən də Şekspir dünya ədəbiyyatında bir iz qoymuş dramaturqdur. Kral Lir obrazında görmək üçün səbirsizlənirəm. İnşallah nəsib olacağına inanıram.
Niyə məhz rejissor, aktyor olmaq deyil? -Əslində mən, aktyor olmaq arzusu ilə alışıb-yanmışam. Mənim üçün rejissorluq alın yazısı olub, istəklə gəlib çatdığım yer olmayıb. Özümü hər zaman aktyor kimi görüb, qiymətləndirmişəm. Elə bir müddət oldu ki, o vaxt rejissor qıtlığı yarandı. Bu müddətdə isə özümü yoxladım. Milli Gənc Tamaşaçılar Teatrının direktoru olmuş Kamal Əzizov mənə yeni tamaşa təklifləri etdi və mən hər il yeni tamaşalar hazırladım. Bu gün artıq mənim hazırladığım tamaşaların sayı 50-ni keçib. Məndə rejissor sənəti artıq ön plana keçib. Əgər hər hansı bir rejissor məni inandıra bilsə, çox maraqlı bir rol təklif etsə, çox güman ki, aktyor kimi oynamağa razılaşaram, amma rejissorluq mənim üçün ilk və öndə gedən peşəyə çevrilib. Düşünürəm ki, rejissorluqda daha da yeniliklər edəcəyəm, buna ümid edirəm. Hələ də mənim arzusunda olduğum və əlçatmaz görünən işlər var və inanıram ki, reallaşacaq. Rejissor üçün əlçatmaz olan işlədiyin teatrda əgər hansısa rejissor sənin istədiyin tamaşanı hazırlayıbsa və o əsər repertuardadırsa, artıq sən yenidən hazırlaya bilməyəcəksən. Müəyyən bir vaxt gözləmək lazımdır ki, o əsər repertuardan çıxsın və sonra yenidən hazırlamağa müraciət edə biləsən.
-Fikirlərinizlə tam razıyam. Aktyor və rejissor silahdaşlardır. Bu teatr müqəddəs məbəd olduğu kimi, səhnəsi də bir o qədər mübarizlidir, qüvvətlidir. Siz isə həm aktyor, həm də rejissor kimi teatrın kralısız, müəllim!
Əsl sevgiyə inanırsınız? -Bəli, əsl sevgiyə inanıram. Düşünürəm ki, sevgi yoxdursa, həyat yoxdur, dünya öz oxu ətrafında fırlana bilməz. Dünyanı hərəkətə gətirən sevgidir. Çiçəkləri açmağa, quşları oxumağa vadar edən məhz sevgidir. İnsanı gözəl işlərlə də məşğul olmağa vadar edən də sevgidir. Sevgi olmasa, həyat və insanlıq yoxdur. Sevgi haqqında onu da deyim ki, Allahın insanlara sevgisi var. Elə ən böyük sevgi də budur. Dünyada hər şey sevgidən yaranır.
-Doğru söylədiniz, sizinlə razıyam. Çiçəklər, quşlardan söz açdığınızda əsərlərimdəki obrazları xatırladım. İstiqlal ordenli Xalq yazıçısı İsa Muğannanın fikri yada düşər: “Dünyanı eşq xilas edəcək!”
-Çoxları deyirlər ki, Məcnunla Leyli qovuşsaydı, onların sevgisi adiləşərdi. Sizcə, bu doğru fikirdir? -Yox, adiləşməzdi. “Leyli və Məcnun” əsəri ilə yaxından tanış olanlar , onu dərk etməyə çalışanlar bilirlər ki, burada söhbət qadın və kişi sevgisindən getmir. Burada Allaha olan sevgidən danışılır. Allahın yaratdığı hər şeyi sevmək lazımdır. Əsərin mövzusu və söhbəti bundan ibarətdir. Onlar qovuşsaydılar da, Qeys, yəni Məcnun çox yüksək pillədə olacaqdı. O, özünü dərk etməyə çalışırdı. Onun davası da özü ilə idi. Düşünürəm ki, heç vaxt o sevgi bitməzdi və necə ki, bitmir. Burada “Romeo və Cülyetta” əsərindən fərqli olaraq, Leyli və Məcnunda qadın və kişi məhəbbətindən yox, ifani sevgisindən danışılır.
-Leyli və Məcnun sevgisi bəlkə də bir daha yenidən dünyaya gəlməyəcək.
-Tanrı tərəfindən tamamilə səsiniz alındığı bir vaxta ona fikrinizi necə çatdırardınız? -Tanrıyla danışmaq üçün səsə ehtiyac yoxdur. Tanrı sevgisi insanın içində olmalıdır. Düşünürəm ki, əməli-saleh insanlar bu barədə qışqırmamalıdır, ona car çəkməməlidir, səsə çevirməməlidir. O sevgi məhz insanın içindədir. Bizi Allah yaradıb və hər birimizin ruhunda ondan bir parça var. Mən elə səsim olaraq da qəlbimdə Allahla, Tanrıyla danışıram. Yenə də belə edərdim. Düşünürəm ki, sevgi insanın içində olmalıdır. Əməlləri, fikirləri və düşüncələri düzgün olmalıdır. -Sizinlə razıyam. Zənnimcə, Tanrı bir işıqdır, onun keşməkeşli yolunda addımlayan insanlar da onun çırağında böyüyən fidanlardır!
-Sizin üçün dünyanın oyunu bitib? -Dünyanın oyunu heç vaxt bitmir və bitməyəcək də. Mənim üçün dünyanın oyunu yox, hətta dünyasını dəyişdikdən sonra da dünyanın oyunu bitmir. Biz bilmirik ki, öldükdən sonra da bizim haqqımızda nə danışacaqlar, biz yaddaşlardan silinəcəyik, yoxsa qalacayıq? Bizi böyük sənətkar kimi xatırlayacaqlar, yoxsa ümumiyyətlə xatırlamayıb, deyəcəklər ki, etdiyi işlərin heç bir dəyəri olmayıb. Mənim fikrimcə, dünya durduqca da oyunu davam edəcək. -Maraqlıdır, bəzən insan bu suallara cavab tapmadıqca yorulur. Bəlkə də bir gün cavab tapılacaq…
-Hansısa obrazda öz taleyinizi görmüsünüz?
-Bəli, obrazlarımın əksəriyyətində mənim taleyimə bənzər nələrsə olur, onu mütləq tapıram, bənzətmə edirəm. Ən çox bu günə kimi oynadığım obrazlarda A.P.Çexovun Qağayı” əsərində bir çox tərəflərdən Triqorini özümə bənzədirəm.. İndi oynadığım, repertuarda olan Leyli və Məcnun”da isə Qeysin (Məcnun) atasına bəzi tərəflərdən bənzərliyim var. -Çox maraqlıdır, müəllim. Ümumiyyətlə, yaradıcı insanların istər özlərinin yaratdığı, istərsə də yaradılan obrazlarda özünü tapması çox dərin və sirrlidir. -Birinci kursdakı Səma və indiki Səma. Fikirlərinizi bilmək maraqlıdır. Tam səmimi olaraq. -Hələ bir il keçib, bu fərq ilbəil daha da artacaq, çünki illər keçdikcə dəyişirik, müdrikləşirik. Səndəki fərq isə əlbəttə, görünür. Bu fərqi geniş tamaşaçı kütləsinə demirəm, amma o fərqlər aydın məsələdir ki, var, həm də yaxşılığa doğrudur. Sən çox çalışqan qızsan, öz üzərində çox çalışırsan. Arzu edirəm ki, bundan sonra da daha çox çalışıb, sənətin sirrlərinə yiyələnməyi bacarasan. Mən hər dəfə dərsdə sizə nələrsə öyrədib, bacarmağınız üçün çalışıram. Yolun açıq olsun, xoşbəxt olasan. Harda olursansa ol, istər yazıçı kimi, istər ədəbiyyatda, istərsə də səhnədə, uğurların bol olsun! Üzün həmişə gülsün. Təşəkkür edirəm, var ol! -Sizdən haqqımda bu fikirləri eşitmək xoş oldu, ustadım! Zəhmətiniz danılmazdır. İnşallah inanıram ki, etimadızı doğrultmağı bacaracam! Var olun, çox təşəkkür edirəm!
Ne olacağını düşünmeden bütün hayallerimi çaldın, nereye gidiyorsun?
Gidersen güneş sensiz doğar mı sanıyorsun?
Gidenlerin peşinden gelenler gidenleri bulur mu sanıyorsun?
Nereye gidiyorsun, beni yalnız bırakarak ?
İçimde seninle paylaşmadığım bu kadar çok şey varken bu telaş nedir?
Bu evde seni korkutan şey nedir, yalvarırım, gerçek olan nedir?
Bir anlık zaman dilimi gibi erittin yüreğimi , lütfen sakin ol ve gittikten sonra neler olabileceğini düşün
Artık bahar olmayacağım
Artık toprak olmayacağım
Artık çiçek açmayacağım
Artık rüzgar olmayacak
Artık yağmur olmayacak
Artık hendeğin derinliklerindeki ağaçların dallarında minik serçeler olmayacak
Sert gecelerin rüzgarı tüm gücüyle esecek
Sürgündeki kuşlar yuvalarını odamın kapısının hemen üstüne kuracaklar
Kıyıda, gecenin kenarından, her gün ışığı korkunç, acımasız bir zamana dönüşecek
Lütfen, lütfen mantıklı düşün, ellerimin bilinmeyene alışmasına izin verme
Yaralarımın cesur rüzgarla kulağıma fısıldamasına izin verme
Yüzüme şifalı bir el gibi vuran güneş, yalvarıyorum, bana tüm gerçeği açıkça söyle.
Artık lamba ışığının güneşlendiği mor kadifeye yaslanamayacak mıyım?
Denizlerin ötesindeki en soğuk ülke gibi mi olacağım?
Bak, gizli nehirlere doğru akmaya başladım bile
Geçen binlerce yılı sorgulamadan Senin için en önemli olanı feda ederek akıyorum”
Sana ilk geldiğim günü hatırla, Ellerimle fışkıran yağmurlarımın meyvelerini toplamıştım
Ve tıpkı sana ilk geldiğim gün gibi, ellerimle yağmurlarımın meyvelerini toplarken, Doğumda, yaşamda, ölümde ve ölümsüzlükte sana en büyülü aşkı vereceğime söz verdiğimi hatırla
Bütün bilinmezliklere ve zorluklara rağmen, her tohumun rengini sevgiyle ekmiştim , Zamanı geldiğinde, ektiğim tohumlar büyüyecek ve döllenecek, yüzyıldan yüzyıla yayılacak, her zorlukla mücadele edecek, yeni aşklar doğacak ve büyüyecek.
Yalvarırım, uzak diyarları hayal etme
Yeşil yapraklar sarı yapraklar gibi solmasın
Parlak alevler gecenin ormanlarında dünyayı parlak bir şevkle aydınlatsın
Yıldızlar mızraklarını her fırlattığında
Gri bulutlar gökyüzünü sulasınlar
Hüzünlü rüzgarların dolaştırdığı çalılardan hiçbir yeşil yaprak sarkmasın
Zorlukla nefes almaya cesaret eden veya hapşırmaktan korkan herkes özgürce nefes alsın.
Laçın rayon Ə.Məmmədov adına Zabux kənd tam orta məktəbində tədbir keçirilib Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Cənab Prezident, siz bizə çox böyük sərvət olan vətən torpağını qaytardınız. Laçın rayon Zabux kənd tam orta məktəbin müəllim və şagird kollektivi adından sizi təbrik edir və uzun ömür arzu edirik.