
A Nərgiz
(Anam Nərgizin əziz xatirəsinə)
Hər səhər yolumu bağdan salıram,
Gözəllik önündə çaşıb qalıram.
Anamın ətrini səndən alıram,
Mən necə ətrindən doyum, a nərgiz.
Dərdimi- sərimi üzümdən oxu,
Qarın üstündəki izimdən oxu.
Ana həsrətimi gözümdən oxu,
Başımı sinənə qoyum, a nərgiz.
Ruhumun üstünə ruhun ələnib,
Əzəldən sevgiyə könlüm bələnib.
Ləçəklər üstündə şeh gilələnib,
İzn ver, əlimi yuyum, a nərgiz.
Qoy əsim meh kimi, ötüm eləcə,
Sevgi dumanında itim eləcə.
Əyilib yanında bitim eləcə,
Yaraşır boyuna boyum, a nərgiz.
-
- 2024.
Müəllif: Fəxrəddin Teyyub
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru