Turan Uğur yazır

“Fədailərimizi tanıyaq!” rubrikası

Turan Uğur: – “Müəllifi olduğum “Fədailərimizi tanıyaq!” rubrikasının 13-cü hissəsi nəcib insanlar, fədailərimiz, şair Balaş Azəroğlu və onun ömür-gün yoldaşı, şair Mədinə Gülgünə həsr olunur.
Esse-hekayə şəklində çox böyük sevgi və şövqlə yazdığım bu yazı “Mənim bir gözəl nənəm vardı…” adlanır.
Xoş mütaliələr!”

Fədailərimizi tanıyaq!”
13-cü hissə
(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün fədailərimizə həsr edirəm)
BALAŞ AZƏROĞLU
&
MƏDİNƏ GÜLGÜN

“Mənim bir gözəl nənəm vardı…”
Güneyli-quzeyli yurddaşlarımızın el-oba həsrəti “Heydərbabaya salam” – ın yanğılı misraları fonunda, Rübabənin səsində necə eşidilir?
Səhər hər kəsdən tez oyanan, uca boylu, uzun hörüklü nənəm qulac-qulac qollarını gərəndə bir əli çaydana çatırdısa, o biri əli təndirə yetirdi.Saçları çoxdan bəyazımışdı , daha çox qızılıya çalırdı.Namazını oturub qılardı, “qılçalarım, dizim ağrıyır” deyə-deyə adda-budda giley-güzar da edərdi, lakin gileyini bir özü bilirdi, bir də Tanrısı, çünki biz çağaların, nəvələrin yeməyinə əl uzadanda elə qıvraq, elə yüyrək olurdu ki, gərək ağ çalmalı qara bulud olaydın ki, nənəmə yetişə biləydin, yoxsa işin fəna olardı.

Buludlar
Yenə ağ çalmalı Kəpəzin üstdə
Çətirtək durmusuz, qara buludlar.
Deyin, külək qovmuş, günəş dağıtmış,
Sizi kim gətirmiş bura, buludlar?

Niyə qaraldınız bu bahar çağı?
Sizdəmi gördünüz ayrılıq dağı?
Görünsə günəşin qızıl saçağı,
Hara gedəcəksiz, hara, buludlar?

Cənub ellərinə siz gedən zaman,
Bir sözüm çıxmasın qoy yadınızdan.
Məni xəbər alsa gülüzlü canan,
Salam deyərsiniz yara, buludlar.

Deyin, qəm çəkməsin siz ona, dözsün,
Dərdə, işgəncəyə, zindana dözsün.
Axı söz veribdir, hicrana dözsün,
Tapaq bu dərdlərə çara, buludlar.

Gözünüzdən axan qəlb sevincidir,
Bəlkə, həsrət yaşı, bəlkə, incidir?
Yəqin, bu ayrılıq sizi incidir,
Edir könlünüzü para, buludlar?

Yetər, ağlamayın bu gölün üstə,
Bu dağın, çəmənin, bu çölün üstə.
Günəş bayraq açıb bu elin üstə,
Bu torpaq bürünmüş nura, buludlar.

Gedin, o sahillər gözləyir sizi,
Yuyun göz yaşıyla, yuyun Təbrizi.
Nə düşmən ləpiri, nə də qan izi
Düşməsin bir daha ora, buludlar.
B.Azəroğlu
Bu gözəl dünyada mənim bir gözəl nənəm vardı…
Yox, dünyanın gözəl olduğunu dürüst bilmirəm, amma nənəm gözəl idi, gözəlliyi də nurunda idi.
Azərbaycan nənəsi, hamısı bir-birinə oxşayar,
ağır tərpənişi, titrək əllərinin nəvazişi, bir tabaq yoğurduğu xəmiri ilə bizim nənəmizdi hamısı.Nənələrimizə qurban olum.
-Dan söküləndə, yola salmağa kimi vardı nənəmin?
-Oğlumu?
-Xeyr!
Artıq oğlu ailəsi ilə güneydən üz tutmuşdu Bakıya.Əvəzində yola salmağa karvarqıran vardı.Hamıdan tez oyanan, fətir bişirən, çay qoyan nənəm. Bir əli çörəkdə, bir əli suda olan nənəm deyərdi ki:
-“Ay tənbəllər, durun ayağa”
-Bəs oyananlar kim idi?
-Neçə-neçə balalar.Balaların sırasında mən də varam.
Narın yağış-B.Azəroğlu
Sən narın yağış kimi
Elə hopmusan qəlbimə
Sakit-sakit,aram-aram
Yağış yağar, yer doymaz
Mən də səndən doymaram
Gözüm gözündən doymaz
Qulağım səsindən…
Sinəm nəfəsindən…
Deyirlər bu dünyada ən ülvi sevgi,
Səssiz, sözsüz məhəbbətdir…
Axı dilə-ağıza salmaz sevən-sevəni.
Mənə də sənin eşqin kifayətdir.
Nəyə lazım hamı bilə, sevirəm səni.
İstəmirəm şıdırğı yağış kimi,
Selə suya dönəsən…
Ya da şimşək olub,
Tez çaxıb, tez də sönəsən…
Mən də nə yağışına islana bilim,
Nə oduna yana bilim…
Neynirik nağıl olub,
Dillərə düşən şöhrəti…
Neynirik dağ çayına,
Dönən məhəbbəti…
Yamacda hay qopara
Səhrada nə səsi, nə izi qala.
Ürəklərə hopmuya,
Hər yanda sözü qala.
Sən elə narın yağış ol, əzizim,
Yağ sakit-sakit, aram-aram.
Yağış yağar, yer doymaz,
Mən də səndən doymaram…
1921-ci il, 104 il öncə…
Abizadə Balaş Allahbaxış oğlu – Azəroğlu Balaş doğulur, yəni ki, yuxudan oyanır, nənəsinin onu haylamasına səs verir.Amma Bakıda artıq nənə yoxdu.Ata var, ana var, neft buruqları var, yeni hökumət var, “Şurəvidə krandan da süd gəlir”- deyib bura pənah gətirən həmşərilərimiz daha da çox olacaqdı.
Əvvəl-əvvəl Bakı əhli ilə düz gəlməyən həmşərilər Həmşəri palanında cəm olunana, yurdçu olana qədər döyüləcəkdilər, söyüləcəkdilər. Bakı oğruları erməni ilə birləşib ev yarmağa gedəndə bir həmşəri seçib ona gözətçi “vəzifəsi” də verəcəkdilər ki, “gör, gələn-gedən yoxdu ki?”
Bir hüzür yerində eşitmişdim bu söhbəti, həmşəri olduğumu bilməyən bu yad insan, keçmişində məhbusluq həyatı dadmış bu köklü Bakılı yalan-palansız, bəzək-düzəksiz, düz gözümün içinə baxaraq nəql edirdi. Yanımda əyləşən ondan soruşanda ki,

– “Həmşərini niyə gözətçi kimi qoyurdunuz?” sualına, qəribə cavab da eşitdim.

– “Alə, yiyəsi yox idi da həmşərilərin, ona görə”

Təəccüblü gəldi bu yiyəsizlik mənə.
Bəlkə Allah cahan qədər böyük bu gerçəkliyi bu sadə Bakılının dili ilə bizə dedizdirirdi?!
Bəlkə elə doğrudan da yiyəmiz yox imiş?
Necə yəni – ermənisi, yəhudisi, bəd ayaqda rusu Bakının ən gözəl yerlərində yaşayacaqdılar, ən nüfuzlu işlərində təmsil olunacaqdılar, ən mərkəzi küçələrində elədən-beləyə, belədən-eləyə səkəcəkdilər, onların yiyələri olacaqdı, ancaq biz həmşərilərin yox!
Bu tikanlı sözlər həqiqətə yamanca bənzəyirdi.Bəlkə də elə ona görə ildırım sürəti ilə qəlbimə toxundu. Bəs harada olmuşdu, harada ölmüşdü bizim “yiyələrimiz”.Bəlkə güneydəki “yiyələrimiz” Dövləti buna görə qurmaq istədilər ki, bir gün də biz yiyəli olaq? Ancaq 1 gün yox, 1 il sürdü yiyəliyimiz.
Gözü çıxsın gözündə bədnəzəri olanın, özü də ikisi bir deşikdən.
O yiyəsizlərdən biri də Balaşın ailəsi idi.1920 ci ildə Ərdəbilin Qışlaq kəndindən quzeyə üz tutan valideynlər vardı. Ta 1938-ci ilə kimi, güneyə qovulana qədər.”Pioner” qəzetində adda-budda çap olunan yeniyetmə Balaş şeiriyyatda hələ pioner idi, fəqət buna baxmayaraq Abdulla Şaiq çox bəyənirdi yeniyetmənin yazı-pozularını.Onu da deyim ki, Mədinə də doğulmuşdu artıq.O da Bakıda anadan olub.Bəd ayaqda lap qohum idilər Balaşla.Yəni ki, əminəvəsi idilər.
Vətən ola bilmirəm.M.Gülgün
Bir nəğməli bulağam,
Uca dağlardır arxam.
Hər an çağlayacağam
Səninçin.

Sevgim gəlməz hesaba,
Sevgim sığmaz kitaba
Ötərəm oba-oba
Səninçin.

Göytək halbahal ollam
Bir şirin xəyal ollam.
Dağlarda tonqal ollam
Səninçin.

Fəqət ola bilmirəm,
Könlün ala bilmirəm.
Vətən ola bilmirəm
Səninçin
Səninçin.

Mənim bir gözəl nənəm vardı…
Mədinəni də nənəsi oxutdururdu.Güneyə qayıtdıqdan sonra Balaşa olan ülfəti məhəbbətə dönəcəkdi.İnqilab vaxtı tez-tez nəşr olunan gənc Balaş Azəroğludan müsahibə götürməyə gəlir. Xeyir-duanı isə Ağayi Pişəvəri özü onlara verir. Hər iksinin könlü xoş olur. Xoş olmazmı?!

Acılı, iftixarlı, nisgilli, təlatümlü illəri məgər hər ikisi eyni dadmırdımı?
Təbriz Radiosunun sədr müavini olanda da Balaş Azəroğlu inqilabi şeirləri ilə “Vətən yolu” qəzetində tez-tez nəşr olunardı.Xalq, çox sevirdi Balaşı.Doğma türk dilində oxuduğu şeirləri 21 Azərin nəğmələrinə çevrilirdi.Kənddən-kəsəkdən gələnlər Balaşa üz tuturdular, Balaş isə Mədinəyə.
Mən inqilab şairiyəm-B.Azəroğlu
Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə zinət,
Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,
Nə qədim əsrləri yada salıb ağlayan,
Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,
Nə dövrün hakiminə şeir yazıb pul alan,
Nə cəlladlar önündə həyat üçün alçalan,
Nə peymanə, nə saqi, nə sərab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Mən əyilib hakimin əllərindən öpmədim,
Şeirimi çiçək kimi ayaqlara səpmədim.
Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,
Nə saray məddahıyam dərgahlardan qovulam.
Mən ellərin oğluyam, ellər böyütmüş məni.
Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.
Mən nə şam, nə pərvanə, nə rubab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Mənim könül dəftərim bənzəyir gülüstana,
Onda yer verilməmiş qarlı qışa, tufana,
Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,
Baharın həsrətilə yaşayıram özüm də.
Mən əl açıb göylərdən diləmədim azadlıq,
Mənim arxalandığım onlardan daha artıq.
Ölkələr həsrət çəkən afitab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Bir dəstə gül, qohum-əqrəba ilə tanışlıq, arxası ilə gözüyaşlı qalan Balaşın ilk izdivacdan olan kiçicik qızı.Sonra Arazın bu tayı, sonra xudmani, dostyana toy məclisi, sonra ilk güzarları Araz, 2 il sonra doğulacaq Etibar, sonra etibarsız, güneysiz illər.
Baxın, buna bilirsiz nə deyirlər?
Balaş Azəroğlu olsaydı: “O işıq haqqı Tale deyərdi” axı onun üçün ikidəbir işığa and içmək su içmək kimi bir şey idi.
Mənim bir gözəl nənəm vardı…
Mədinə isə artıq iki övlad böyüdən ana idi.İstiqanlı, güləş, yeri gələndə Balaşı cırnatmağı bacaran Mədinə.Balaşın dəftərini götürüb, ora öz şeirlərini yazan Mədinə, “dəftərimi korladın”- deyə bundan uşaq kimi küsən Balaş, yaxşı düşbərə, qutab bişirib hamını bir araya yığan Mədinə, sonra yenə barışıq.

Bilər-M.Gülgün
Həsrət ağrısını, vüsal qəmini
Ayrılıq oduna yananlar bilər
Dənizdə qərq olan tənha gəminin
Tənha fəryadını ümmanlar bilər.

Mənə söyləməyin az alışıb-yan,
İnanın, daşı da ağladar hicran,
Dağların ahıdır o çən, o duman,
Dağların dərdini dumanlar bilər.

Məni sorğulara tutma sən əbəs,
Arzumu qəlbimdə, baxışımda gəz,
Könlümü hər naşı oxuya bilməz
Onu dünya görmüş insanlar bilər.

İlk qazanclarına aldıqları yazı makinası var. Əllə yazmağı xoşlayan Balaş, ürəyini makinaya köçürməyi sevən Mədinə.Yay tətillərində Qubaya gedən gənc ailə.Axı Mədinənin rəfiqələri yaşayırdı orada, asudə vaxtlarda elə Mərdəkana da toplaşmaq olardı, dostanə məclislər nə çox idi.Nə çox idi Güneyin, Ərdəbilin, Təbrizin qoxusunu onlardan alanlar, nə çox idi!!! Nə çox idi Hökümə Billuridən, Həmzə Fəthi Xoşginabidən, Rübabə İşraqidən, Söhrab Tahirdən, Balaş Azəroğludan, Mədinə Gülgündən, Qulamhüseyn Beqdelidən, Qafar Kəndlidən Güneyin qoxusunu alanlar!!! Nə çox idi könül rübabını Rübabə ifasına kökləyənlər, qara gilənin eşqinə gözlərindən puçur-puçur, gilə-gilə yaş axıdanlar.
Hələ Rəsul müəllim və Nigar xanım da çox istəyərdilər bu ailəni.Elə R.Rza təsiri ilə sərbəst şeirə meyil göstərmişdi Balaş Azəroğlu.Gərək Nazim Hikmətin də bu işdə payını qeyd edək, ondan xeyli təsirlənmişdi gənc şair.Rəsul müəllimdən öyrənən Balaş, ona şeir hədiyyə edən Mədinə.
Təbrizim mənim
(R.Rza: Təbrizim-mənsizim)

Söylədin yuxuma girir arabir,
Sənin Təbrizinlə,Təbrizim mənim
Dərdini ahəstə danışır, deyir
Sənsizim, sənsizim, sənsizim mənim

Gəldi xatirimə “Didərginlər” in
Həsrətim də dərin, yaram da dərin
Oxşadı könlümü o həzin şeirin
Bildim sənsən doğmam, əzizim mənim.

Yandıqca olmusan elin ozanı,
Kədərin, sevincin, ulduzlar sanı
Unudan deyildir Rəsul Rzanı
Gözəlim, göyçəyim, gül üzüm mənim
Təbrizim, Təbrizim, Təbrizim mənim.

Mədinə yazdığı şeiri birinci Balaşa oxuyardı, Mədinə Təbrizim deyəndə, Balaş Ərdəbilim deyirdi, sonra əksinə, bir yerdə “Bütöv Azərbaycan” eşidilirdi həmin dodaqlardan.
Hər iksi Ərdəbildəki doğmalarını görmək istəyində alışıb-yanırdılar.Mədinə Gülgünə nəsib olmadı, “gənclik vəfasızdır, qocalıq isə vəfalı”- deyən Mədinəyə qocalıq da vəfasız çıxdı.Sərhədlər açıldı, Balaş Azəroğlu doğmalarını görməyə tək getdi.
Şair Balaş Azəroğlunun qəlbində bir muradı da vardı.
-“Bir kitabımız çıxaydı kaş, bir tərəfində mənim şeirlərim, o üzünü çevirəndə Mədinənin şeirləri olaydı, kaş ortada gəlib qovuşaydı misralarımız”
Balaş Azəroğlu, ilk bəşarətçiniz mən olum, arzunuza çatdınız.Bugünkü essemdə Balaş müəllim və Mədinə xanım, həmahəng, qoşa qanadsınız. Həyatda olduğunuz kimi. Şeirlərinizin qovuşduğu yer yazımdır, ruhunuzun birləşdiyi məkanı isə ulumuz Məhəmmədhüseyn Şəhriyar deyib:
-“Nisgillik var, ayrılıq var, ölüm var”…
Sonra yenə nənələrin dünyasına qayıdış olacaq.Yenə obaşdan karvanqıran yola salınacaq , yenə təndir bir yanda, yenə çaydan bir tərəfdə, yenə nənə nəvazişi, yenə nəvə ərköyünlüyü, yenə nənələr dağarcıqlardan çörək, qoz-fındıq çıxarıb verəcəklər nəvələrə, yenə nəvələr böyüyəcəklər, mühəndisi, müəllimi, xarratı, həkimi olacaq bu məmləkətin.Aralarında şairləri də tapılacaq.
Lap Balaş Azəroğlu təki, lap Mədinə Gülgün kimi.
Vaxt yetəcək, vədə çatacaq, onda hər kəs deyəcək ki:
“Mənim bu dünyada bir gözəl nənəm vardı…”

10 iyun 2025-ci il,
Bakı.
Turan Uğur
AYB-nin üzvü

“Fədailərimizi tanıyaq!” rubrikası

TURAN UĞURUN YAZILARI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir