O vaxt Tovuzun hərbi komissarı Felqan adlı şəxs idi

O vaxt Tovuzun hərbi komissarı Felqan adlı şəxs idi

Hüquq fakültəsinin bakalavr pilləsini qurtarıb magistraturaya qəbul oldum. Əyani magistrlərə arayış verilirdi ki, apar ver hərbi komissarlığa ki, hərbi xidmətdən möhlət verilsin. Mən də universitetdən arayışı alıb yollandım birbaşa Tovuza. O vaxt Tovuzun hərbi komissarı Felqan adlı şəxs idi. Komissarın qəbuluna baxan işçiyə arayışı verdim ki, hərbi komissara versin. Çünki, mənə dedilər ki, bu arayışa komissar özü baxmalıdır. Az sonra işçi otaqdan çıxıb dedi ki, komissar deyir ki, bu arayışın bizə heç bir dəxli yoxdur, hazırlaşsın hərbi xidmətə. Dedim ki, “ay başına dönüm, mənim arayışım qanunidir, hamı bu cür arayışla möhlət alır, necə yəni, hazırlaşın hərbi xidmətə?” İşçi dedi ki, mənlik deyil, komissarın qərarı belədir. Arayışı götürüb bu dəfə komissarın otağına özüm girdim. Salam verdim. Heç salamı almamış mənə dedi ki, “çıx çölə, sən kimsən ki, mənim otağıma girirsən”. Dedim “axı siz niyə arayışı qəbul etmirsiniz”. Felqan başladı çığırmağa ki, “sənə dedim çıx rədd ol bayıra”. Dedim ki, mən hüquq fakültəsinin tələbəsiyəm, mənimlə bu cür danışa bilməzsiniz. Elə bu sözü demişdim ki, bu qışqıraraq işçilərini çağırdı və dedi ki, bu oğlan məni təhqir etdi, dərhal həbs edin bunu. İki işçi dərhal mənə yaxınlaşıb qolumdan tutdular. Anormal bir vəziyyət yaranmışdı. Özümü itirdim ki, hərbi komissar necə adam tuta bilər ki? Güc verib bunun işçilərinin əlindən çıxdım və otaqdan qaçdım. Bunlar da başladı mənim ardımca qaçmağa. Özümü zorla hərbi komissarlığın binasından bayıra atdım. Arxadan hələ də Felqanın səsini eşidirdim: “tutun onu”. Ordan getdim Tovuz rayon prokuroru Tariyel Qurbanovun yanına. Başıma gələni ona danışdım. Yanımda zəng edib hərbi komissara ağzına gələni dedi. Dedi ki, bu rayonun prokuroru mənəm, sən kimsən ki, adam tutasan. Felqanın səsi batdı. Prokuror dedi ki, tələbənin arayışı məndədir, işçilərindən birini göndər götürsün. Mənə də dedi ki, çıx get narahat olma. Arayışı prokurora verib getdim. Bir də bilirsiniz Felqanın səsi nə zaman batdı? Mən Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi idim və Felqan mənim qapımın ağzında gözləyəndə…

Müəllif və mənbə: Müşfiq ABBASOV

MÜŞFİQ ABBASOVUN DİGƏR YAZILARI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir