11 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Kitabxanasında görkəmli türkoloq alim, professor Cavad Heyətin 100 illik yubileyinə həsr olunan tədbir və böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrə aid orijinal əlyazmasının Azərbaycan Milli Kitabxanasına hədiyyə olunması mərasimi keçirilib.
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Ümummilli Liderimiz Heydər Əliyevin 12 dekabr – anım günü ilə əlaqədar əziz xatirəsi yad edilib. Ulu Öndərin Azərbaycan mədəniyyətinə, eyni zamanda Milli Kitabxanasına saysız töhfələrindən danışan direktor ilk dəfə 1995-ci ildə Azərbaycan Milli Kitabxanasında tədbirdə iştirak edərkən öz şəxsi kitabxanasından 300 nüsxə kitabı Milli Kitabxanaya bağışlamasını vurğulayıb.
Ulu Öndərin əsasını qoyduğu bu ənənə bu gün də davam edir və Ankara Universitetinin müəllimi dr.Məmmədrza Heyətin Milli Kitabxanaya dahi şairimiz Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını hədiyyə etməsini də bu ənənənin yaxşı nümunəsi hesab etmək olar. Görkəmli cərrah və türkoloq alim Cavad Heyətin həyat və fəaliyyətindən, zəngin və çoxşaxəli yaradıcılığından danışan, onun Azərbaycan ədəbiyyatı tarixinə, türk xalqlarının keçmişinə, milli folklora dair tədqiqatlarının olduğunu, Milli Kitabxanada alimin zəngin kolleksiyasının qorunduğunu qeyd edərək onun mənəvi varisi dr.Məmmədrza Heyətinin bu təşəbbüsünü yüksək qiymətləndirərək kollektiv adından ona minnətdarlığını bildirmişdir.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış eərək professor Cavad Heyətin Azərbaycanı ən çətin dövrdə belə respublikamızı dünyaya tanıtmaq uğrunda mübarizəsindən, iki Azərbaycan arasında ən möhtəşəm körpü rolu oynamasından, özünün əsasını qoyduğu “Varlıq” dərgisi ilə İranda yaşayan ziyalıların yeganə anadilli mətbuat kürsüsü olmasından bəhs edib. Akademik qeyd edib ki, Cavad Heyətin beynəlxalq aləmdə böyük nüfuzu vardı və İran rejimi ona müəyyən qədər güzəştlə yanaşırdı və o da bundan məharətlə istifadə edərək Azərbaycanı dünyaya tanıdırdı. Azərbaycan ədəbiyyatına misilsiz xidmətlər göstərmiş Cavad Heyətin mənəvi varisinin bu gün əmisindən ona miras olaraq qalan çox qiymətli bir əlyazmanın orijinal nüsxəsini Azərbaycan Milli Kitabxanasına bağışlaması da Məmmədrza bəyin mənsub olduğu ocağın gözəl ənənələrini şərəflə davam etdirməsinin bariz nümunəsi olduğunu bildirmişdir.
Xalq şairi Sabir Rüstəmxanlı doktor Cavad Heyətin 25 il “Varlıq” jurnalın çətin siyasi rejim şəraitində nəşrini davam etdirməsinin heç də asan iş olmadığını vurğulayıb, dilimizin üstünlüyünə əhəmiyyət verən alimin ensiklopedik zəkaya sahib olduğunu, daim mənbələrə istinadən danışdığını, mədəniyyət tariximizdə müstəsna yeri olduğunu söyləyib. Natiq Cavad Heyətin ömrünü xalqına, millətinə xidmətə həsr etdiyinə diqqət çəkərək onun qardaşı oğlunun bu günkü addımını müqəddəs bir iş kimi qiymətləndirib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov Cavad Heyətin BDU-nun fəxri doktoru adı alarkən tarix fakültəsinə gəlməsindən danışaraq Cavad Heyətin mənəvi varisi Məmmədrza Heyətin Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını Milli Kitabxanaya hədiyyə etməsi addımını yüksək qiymətləndirib və Azərbaycan elminə və ədəbiyyatına əvəzsiz töhfə kimi dəyərləndirib.
Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva bu iki tədbiri bir amalın – Azərbaycançılığın birləşdirdiyini, ona görə də bugünkü tədbirin həm Azərbaycanın mədəni-mənəvi həyatında, həm də siyasi-ictimai həyatında mühüm əhəmiyyət kəsb etdiyini söyləyib, dahi şairimiz Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrdə üzü köçürülmüş ilk nüsxələrindən biri olan bu əlyazmasının Doktor Cavad Heyətdə olmasının Azərbaycana nə qədər bağlı olmağının göstəricisi olduğunu bildirib, Cavad Heyəti yeni tariximizdə özünəməxsus yeri olan “Vətən” Cəmiyyəti vasitəsilə tanıdığını qeyd edib.
Tədbirin davamında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Xalq yazıçısı Elmira Axundova, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli öz çıxışlarında Cavad Heyətin həm həkim, həm də türkoloq alim kimi dahi olduğunu, onun böyük əlyazmaşünas olduğunu qeyd ediblər.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov Mədəniyyət Nazirliyi adından Məmmədrza bəyə bu təşəbbüsünə görə təşəkkür edərək bildirib ki, böyük şəxsiyyətlərin mənəvi varisi olmaq böyük məsuliyyətdir və Məmmədrza Heyət bu missiyanı uğurla davam etdirir. Bu əsərin əlyazmasının Milli Kitabxanaya hədiyyə edilməsini kitabxana üçün tarixi hadisə adlandıran nazir müavini, hər iki tədbirin bir-birilə ahəngdarlıq təşkil etdiyini və Azərbaycan elminə, mədəniyyətinə böyük töhvə olduğunu diqqətə çatdırıb.
Sonda çıxış edən dr.Məmmədrza Heyət əmisinin 100 illik yubileyinin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Respublikası mədəniyyət nazirliyinə, Milli Kitabxanaya və onun rəhbəri prof.Kərim Tahirova minnətdarlığını bildirərək, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrdə üzü köçürülmüş ilk nüsxələrindən birinin əlyazmasının məhz Azəbaycan Milli Kitabxanasına hədiyyə etməsindən böyük şərəf duyduğunu söyləyib. Əmisindən ona yadigar qalan bu qiymətli əlyazmanın onun çox sevdiyi xalqın mənəvi xəzinəsində yer almasından fərəh duyduğunu qeyd edib.
Tədbirin davamında görkəmli türkoloq alim, professor Cavad Heyətin yaradıcılığına həsr olunmuş virtual sərgi tədbir iştirakçılarına təqdim edilib.
Sonda nəstəliq xətti ilə 994/1586-cı ildə üzü katib Qulami-Süpahi Məhəmməd tərəfindən köçürülmüş orijinal əlyazma kitabxanaya hədiyyə edilib və xatirə şəkli çəkdirilib.
Qəribədir, doqquz əsr zaman müddətindən “tər-təmiz” keçib bu günümüzə “Pak Məhsəti” kimi gəlib çatan böyük şairə necə olur ki 2025- ci ilin sonunda “əxlaqsız şeirlər” müəllifi oldu? “Rübailəri ədəbsiz sözlərlə doludur. Dərsliklərdə bircə rübaisi var, o da əslində Ömər Xəyyamındır. Bir rübaisini Nigar Rəfibəyli, birini də Mir Mehdi Seyidzadə tərcümə edib”- ünvanına bu böhtanları qələmə alan savadsız hansı fakta əsaslanır? Düzgün olmayan bir kəlmə üçün insanlar bir-birini məhkəmələrdə süründürdükləri halda cavab vermək, haqqını qorumaq imkanı olmayan mərhuma belə böhtan atdığına görə “ağzına gələni danışan şəxs” qanunla necə cəzalanmalıdır? Məndə Məhsəti Gəncəvinin1940- cı ildə çap olunmuş RÜBAİLƏR kitabı var. Həmid Araslının yazdığı yeddi səhifəlik Ön sözlə birlikdə 60 səhifədir. İlk səhifədə mütərcim Nigar Rəfibəyli, redaktor M. Rahim yazılıb. 85 ildir bizim ailənin kitab rəfində olan, indiyədək “durğunluq dövrü” adlanan dövrdə çox-çox abırlı insanların oxuyub bəyəndiyi, nöqsan tapmadığı bu kitabdakı rübailər necə olur indiki “abırsız geyimlərə, hərəkətlərə-cəsarət” deyilən zamanda əxlaqsız şeirlər adlandı? Ola bilər ki, Məhsəti xanımın əlyazması bizə gəlib çatmadığı üçün yeni “tərcüməçilər” ortaya çıxa, özlərindən kefləri istəyən tək “yeni yanaşma” edib yeni xoşagəlməz variantlar, rübailər “düzəldib” Məhsəti xanımın adına “yamayalar.” Filmdəki tək 900 ildən sonra Məhsətinin “KLUBDA açıq-saçıq, əxlaqsız qadıntək” təsvir edildiyi kimi… Məhsəti xanımın əsrlər sonra yeni tərcümələrə ehtiyacı yoxdur, olanı bəs edib indiyədək. Nöqsanı doqquz yüz il yaradıcılığı ilə sevilib özünü təsdiq etmiş bir qadın şairədə yox, ona olan məqsədli yanaşmanızda axtarın. Əslində tək Məhsətinin yox, M.P. Vaqifin də qoşmalarında bir az açıq- saçıq sevgi təsvirlərinə rast gəlirik, ancaq normada, ədəb çərçivəsində. Vaqifdə nisbətən daha açıq təsvirlər var, demək olar. Eləsə Vaqif niyə tənqid olunmur? Hamıya məlumdur ki, ədəbiyyat tariximizdə bir çox şairlərimiz, qəzəlxanlarımız həcv yazıblar. Hansısa mövzu ətrafında klassiklərimizin deyişmələrində gözəl nümunələrlə bərabər həcv də olub. Sovet dönəmindəki tanınmış şairlərimizin də bir çoxunun öz aralarında bir birinə ünvanlanmış zarafatla, kinayəylə yazılmış, deyilmiş elə satirik şeirləri var ki, onlar kitablarına salınmayıb. Ancaq el arasında gülməli lətifə kimi danışılan xatirələrdə hadisələrlə birlikdə məzəli bir şeir tək söylənir. Bu şeirləri onlara yaxın olmuş hər kəs və çoxları bilib və el arasında yayılıb hamı tərəfindən söylənilib və söylənilir. Hələ şeirin başqa qolu olan meyxanaçıların kişi toylarından sonrakı deyişmələri… O deyişmələrdə də sonu hadisələrə, faciələrə səbəb olan qəliz ifadələr işlədilirdi… BİR SÖZLƏ DEMƏK İSTƏDİYİM BUDUR Kİ, ƏGƏR ƏDƏBDƏN UZAQ İFADƏLİ ŞEİRİ VARSA, NƏDƏN ANCAQ MƏHSƏTİ GƏNCƏVİ TOPA TUTULUR???? ƏGƏR ŞEİRDƏ HƏCV OLUBSA VƏ VARSA, BÜTÜN DÖVRLƏRDƏ İŞLƏDİLİBSƏ, MƏHSƏTİ XANIM LAP YAZIBSA, ONA ÇATANDA NİYƏ BU ƏXLAQSIZLIQ OLUR? O QADINDIR, ONA GÖRƏ??? ƏGƏR VARSA DA, BU DƏRYADA DAMCI SAYILAR. DAMCI DA DƏRYANI MURDARLAMAZ, SİZ DƏ BÖYÜK ŞAİRƏMİZİN ADINI LƏKƏLƏMƏYİN BİR DAMCIYA GÖRƏ!!!
Məndə olan 1940-cı ildə Nigar Rəfibəylinin tərcüməsiylə olan rübailəri yenidən oxuyub misralarda “əxlaqsız” ifadələr axtarmağa çalışdım. Ən “açıq- saçıq” sayılanları qeyd edirəm. Əgər bunlar “əxlaqsızlıq” sayılırsa, onda gərək əsrlərlə şeir, qəzəl yazmış bütün şairlərin külliyyatları yenidən yoxlanılıb dəyərləndirilsin:
O gül dodaqların səpəndə şəkər Can quşu qəfəsdə çırpınmaq istər; Gəl günah işləyək bal dodağınla, Kafərsən bu işdən saqınsan əgər.
Kişi ol, əgər ki, qadın deyilsən, Bir an oxşamazsan başımı nədən? Zər verər busəmə dünya şahları, Zərsiz də bir öpüş almazsan məndən?
Yarın barmağında üzük olaydım! Onun əllərində kaş ki solaydım! Ox atanda məni düzəldə idi, O gül dodağından öpüş alaydım!
Bir dilənçi mənə əl açsa əgər, Bağışlaram ona zər, ziba gövhər. Gəncənin iki min xətib oğlunu Bir yoxsul babaya könlüm bəxş edər.
Saçın halqasında qəlbim qan ağlar, Sənin həsrətini çəkirəm, ey yar! Sərxoşda şəraba, ölüdə cana, Diridə necə ki suya həvəs var.
Ancaq “öpmək” sözü ilə “əxlaqsız” kimi damğalanmaq hansı şairin yaradıcılığında olub? Məhsəti rübailərində əxlaqdan uzaq heç nə YOXDUR! ONUN ƏLYAZMALARINI KİM OXUYUB? BƏLKƏ ONA AİD DEYİL. ANCAQ YENİ “YANLIŞ TƏRCÜMƏ” OLA BİLƏR. ÖZÜ DƏ 900 İL SONRA!!! Məhsəti xanımın bir rübaisi ilə onun haqqına girənlərə cavab vermək istəyirəm. Bu rübainin 3-cü misrasını müəllifin yazdığı “sənə” kimi yox, yenidən “MƏNƏ” kimi oxuyun və sonuncu iki misranı mərhum şairənin ona haqsızlıq, hörmətsizlik edənlərə CAVABI hesab edin:
ÜRƏK XEYİR GÖRMƏZ HİCRİNDƏ HƏRGİZ, QİYAMƏTİ GÖRSÜN GÖZLƏRİM SƏNSİZ! SƏNƏ BÖHTAN DEYƏN MƏNİM ADIMDAN, GÖRÜM BU DÜNYADA QOYMASIN BİR İZ!
Dirili Qurbani “Şah Xətai” gəraylısında “Qoy var olsun türki-zəban, Şah Xətai, Şah Xətai” deyirdi. Qurbani ilə eyni dövrdə yaşamış Tüfeylinin Şah İsmayıla xitabən “Qılmazam, vallahi, türki-tacidarım tərkini” deməsi Şah İsmayılın TÜRK olduğunu sübut edir.
Son illər yaddaşımız “bulud”lara yüklənir, Söz yalan, fikir vitrin oyununa dönübdür. Dastanlar bir əmrinə müntəzirdir “format”ın, Laylalar, bayatılar “arxiv”lərdə sönübdür.
Dünyanın ocağının külü üşüyür indi, Adamları dua yox, “reklam” əzbərləyirlər. Bilinmir ki, kökünə – özünə bu nə kindir? Tarixi kürəyindən vurub xəncərləyirlər.
Vaxt vardı sularımız qaynayaraq durular, Çörəyimiz Allahın adıyla bölünərdi. İndi bütün süfrələr “selfi” üçün qurular, Bilinməz “TikTok”dakı, zənəndi, yoxsa ərdi…
Heç kimsə göyə baxmır, “ekran”lara tapınır, Ulduzlar ikonaya çevrilir ruhumuzda. Ətrafdakı heç kimsə kölgəsini tanımır, İlahi bağ sarsılır, üzülür ahımızda…
Aramızda çoxalıb çox simasız simalar, Qan yaddaşı nə vaxtdır “deaktiv” rejimdədir. Vicdanı susdurmaqçün müqavilə imzalar, Bilməz gördüyü işin günahı heç kimdədir.
Zaman qırmızı xətlə pozur adlarımızı, Səsimizi yazırlar bilinməz toz içində. Anlamaz nadan, hələ gülər üzə qırmızı, Sünbül biçən oraqlar torpağında biçində.
Sərgiyə döndərirlər ruhumuzu günbəgün, Asıb-kəsir vəhşitək hərdən birisi didir. Unutdurur keçmişi, silib aparır hər gün, Deyirlər ki, gələcək dünənimin ləğvidir.
Tanrıya gedən yolda “xəta” çıxır qarşıya, Çağıraq, özü gəlib düzü seçsin əyridən. Ancaq O, qəlbimizi doğru yola daşıyar, Qoruyar bu dünyanı belə kor tərəqqidən.
11.12.2025
Müəllif: Ailə NƏZƏR Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
YETMİŞ SƏKKİZİNCİ YAZI “1+1=X” — İNSANIN TƏBİİ HALI HAQQINDA (Səhər Əhmədin şeirində məlum məchullar) Salam olsun, çox dəyərli oxucum! Bu dəfəki söhbətimiz tanınmış şair, yazıçı Səhər Əhmədin yaradıcılığında məlum məchulun mərtəbələri barəsində olacaq. Söhbətimizi müəllifin əlimdə olan “İkisi tapmaq” kitabından seçdiyim (səh. 29)“Yenə Bakıya qar yağır” şeiri əsasında qurmağa çalışacağam. Səhər Əhməd müasir Azərbaycan ədəbiyyatının tanınmış şair və yazıçısıdır. O, 90-cı illərdən başlayaraq ədəbi fəaliyyətlə məşğuldur, şeirləri, hekayə və ədəbi yazıları müxtəlif mətbu orqanlarda dərc olunur. Səhər Əhməd həm ədəbiyyat, həm də jurnalistika sahəsində tanınmışdır. Mövzuya keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim edirəm. QIŞA ARAYIŞ Səhər Əhməd 1972-ci il mayın 14-də Kürdəmir rayonunun Şilyan kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1992-1997). 1998-1999 “Xəzər” jurnalı redaksiyasına rəhbərlik etmişdir. 2000-2019-cu illərdə orta məktəbdə müəllim kimi çalışmışdır. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Onun yaradıcılığı əslində çoxdan fərdilikdən çıxaraq, ümumbəşəri mahiyyət kəsb etməyə başlamışdır. Səhər Əhməd ən xırda bir etüdü xüsusi məharətlə böyük bir monoloqa çevirə bilir. İki şəxsin arasında olan münasibətlər kompazisiyanı böyük ustalıqla olduqca fərqli müxtəlif dünyalar üzərinə proyeksiya etməyi bacarır. Qar, şəhərlərin yalnız mənzərəsini ağartmır; o, həm də yaddaşların, hisslərin, münasibətlərin üstündə səssiz-səmirsiz çökməyi bacarır. Şair Səhər Əhmədin“Yenə Bakıya qar yağır” şeiri də məhz bu sükutlu ağarmanın (soyuqluğun) içindən doğan bir dostluq fəryadıdır. Bu şeir, qışın soyuğunda itirilmiş bir istiliyi — dost istiliyini axtaran insanın daxili monoloqu, şəhərin dumanlı küçələrində dolaşan tənha nəfəsidir. Şair burada qarı təbiət hadisəsi kimi yox, insanın daxili dünyasının fonunda təqdim edir. Qar yağır, Bakı soyuyur, amma bu soyuğun gerçək səbəbi heç də fəsil deyil — dostsuzluğun yaratdığı boşluqdur. Səhər Əhmədin lirikasında təbiət hər zaman insan hisslərinin aynasıdır; bu şeirdə də qar, tənhalığın simvoluna çevrilir. Şeirin ilk bəndindəki “Sənsiz belə havaların Ləzzəti yoxdu, dostum.” beyti əsərin emosional açarıdır. Bu iki sətir təkcə bir insana deyil, bütöv bir nostalji dövrə, keçmiş günlərin istiliyinə, yoldaşlıq ritualına ünvanlanmışdır. Səhər Əhməd burada dostluğu adi bir münasibət deyil, həyatın dadını verən əsas komponent kimi göstərir. Sanki çayın dəmlənməsi, dəsgahın açılması, bir qurtum içmək, bir söz demək — hamısı həyatın kiçik sevinc elementləridir. Lakin bunları paylaşılası adam olmayanda hər şey mənasızlaşır. Şeirin“İndi bir çay dəmləyəsən…” deyə başlayan hissəsi adi gündəlik hərəkətlərin belə insan həyatında nə qədər böyük rol oynadığını göstərir. Dostlarla bölüşüləndə ən sadə hərəkət belə bayrama çevrilir. Şeirdə xüsusi yer tutan motivlərdən biri də qapının döyülməsidir. Bu, həm fiziki, həm də metaforik çağırışdır. İnsan bəzən kiminsə qapısını yox, keçmiş günlərin qapısını döyər, itirdiyi bir şeyin arxasınca çağırar. Bir də “Mən marketdən konfet alım, Sən evdən mürəbbə aç” beyti var — adi, sadə, lakin o qədər canlı, tanış bir durum ki… Səhər Əhməd dostluq rituallarını bu cür kiçik detallarla bərpa edir. Bu səhnə iki insanın illərin içindən gələn, köhnə qutudan çıxan əziz, şirin xatirəsi kimidir. Sanki qış gecəsində yenidən bir otaqda toplaşmaq, çay süfrəsi ətrafında həyat barədə danışmaq arzusu şairin içindən qopub gəlir. Şair çayı təsadüfən seçmir. Azərbaycan mədəniyyətində çay sadəcə içki deyil — ünsiyyətin başlanğıcıdır, söhbətin açarıdır, dostluğun təməl simvoludur. Çay Azərbaycan insanı üçün bir çox mətləbləri açıqlayan kod funksiyası yerinə yetirir.“Bir tünd çay dəmlə, dostum” — buradakı“tünd” ifadəsi həm çayın, həm də deyiləcək sözün ağırlığını daşıyır. Çayın dəmli olması, sözün dəmli olması — bunlar şeirdə bir-birini tamamlayan paralellərdir. Şair demək istəyir: mənim sənə deyəcək sözüm var, amma o söz hissin, düşüncənin, illərin içində tündləşmiş sözdür. Bakı kimi böyük bir şəhərdə tənha qalmaq hissi daha ağırdır. Çünki küçələr, işıqlar, mağazalar, kütlələr — hamısı bir canlanma halında ikən sən öz içində susmuş olursan. Şeirin sonunda hiss edilən “Yenə yaman dolmuşam” misrası bu mənada ağır emosional yük daşıyır. Dolmaq — içində çox sözün, çox dərdin, çox xatirənin yığılması deməkdir. Və bu doluluğun boşalacağı yeganə yer — anlayan dostdur. Şair burada tək insan yox, tək qalan bir nəsli, tək qalan bir duyğu mədəniyyətini də ifadə edir. Telefon açmaq, gecikmək, yığışdırmaq, danışmaq — bunlar müasir insanın ən tipik, amma ən dərin davranış nümunələridir. Bilmirəm, hal-hazırda ruh halıma uyğun gəldiyinə görəmi, yoxsa nədən sonuncu bənd lap sarı simə toxunur (tam səmimi olaraq etiraf edim ki, bu sicilləmə yazını da yazdıran məhz bu bənd olub): Neynim, Bakıya qar yağır, Neynim, soyuqdu, dostum, Sənin kimi çay dəmləyən Bir dostum yoxdu, dostum. Səhər Əhmədin bu şeirində təkcə şəxsi hisslər yox, həm də sosial bir narahatlıq var: insanların bir-birindən uzaqlaşdığı bir dövrdə yaxınlıq axtarışı. Texnologiya asanlaşdırsa da, insan münasibətlərini incəldir, bəzən də solğunlaşdırır. Şeir oxucuya sual verir: bu qədər gur işıq içində niyə bir-birimizi görməz olmuşuq? “Yenə Bakıya qar yağır” sadəcə qış şeiri deyil. Bu, dostun yoxluğunda soyuqlaşan bir dünyanın şeiridir. Qarın yağması, çayın dəmlənməsi, qapının döyülməsi, telefonun açılması, dostun yoxluğu, həmsöhbət axtarışı — bunların hamısı müasir insanın göz qamaşdıran parlaq həyat fonunda daxili dünyasının qaranlıq guşələrindən nişan verən işarələrdir. Səhər Əhməd burada təkcə qarın Bakını yox, insanın içini də bəyaz soyuğa qərq etdiyini göstərir. Və oxucu anlayır ki, bəzən bir qurtum çay, bir az səmimiyyət, bir az dost səsi bütün bir qışı isidə bilər… Bəlkə də heç belə deyil, bütün bunlar haliyədə mövcud olan real yağmurlu soyuq havanın (soyuqluğun) düşüncəyə yansıtdığı ilğımlı illüziya da ola bilər. Ancaq, düşünürəm ki, bütün hallarda mənimlə razılaşan oxucu tapılacaq. Əziz və dəyərli dostum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sözün əsl mənasında dövrümüzün əsas problemlərindən biri (gələcək üçün ən əsas) həmsöhbət qıtlığı, bir həmdəmə möhtac olmaqdır. Hələlik.
Psixoloji terminlərin populyarlaşdırılması ciddiliyi kölgədə qoyur
Son illərdə psixoloji terminlər gündəlik həyatımıza o qədər sürətlə daxil olub ki, bəzən sosial mediada hər kəsin özünə “diaqnoz” qoyduğunu görmək adi hala çevrilib. “Depresiyadayam”, “Anksiyetem tutub”, “Enerjim düşüb”, “Panik atak keçirirəm” kimi ifadələr artıq hər kəsin lüğətində var. Psixoloji mövzuların populyarlığı insanların bu sahəyə marağını artırsa da, eyni zamanda məlumat kirliliyi və yanlış yönləndirmələr də özünü göstərir. Bu mövzunun həm faydalı, həm də təhlükəli tərəflərini daha dərindən anlamaq üçün psixoloq Sevil Quliyeva ilə həmsöhbət olduq. Sevil Quliyevanın sözlərinə görə, psixologiyanın son illərdə bu qədər məşhurlaşmasının əsas səbəbi sosial mediada informasiyanın kütləviləşməsidir: “Xüsusən pandemiya dövrü və ondan sonrakı mərhələ insanlarda emosional sağlamlığa marağı artırıb. Gənc nəsil duyğularını ifadə etməkdən çəkinmir, bu isə psixoloji mövzuların gündəmdə qalmasına səbəb olur”. Amma bu populyarlıq həm də yanlış anlaşılmalar gətirir. Psixoloqumuzun vurğuladığı kimi, terminlərin mənbəsiz və mövzudankənar istifadəsi psixoloji anlayışları “moda” ya çevirir və nəticədə, insanlar əhval dəyişikliklərini xəstəlik kimi qəbul etməyə başlayırlar: “İnsanların ikisaatlıq kədərə “depressiya” deməsi ciddi təhlükələr yaradır. Depressiya aylarla davam edən enerji itkisi, funksionallıq azalması, yuxu və iştaha pozuntuları ilə xarakterizə olunan ağır bir vəziyyətdir. Lakin insanlar gündəlik yorğunluğu belə bu terminlə adlandırdıqda real klinik diaqnozların mahiyyəti itir”. Bu yanaşma ən çox real simptom yaşayan insanlara zərər vurur. Cəmiyyət “Hamı depressiyadadır”, – deyən bir yanaşmanı mənimsəyəndə bu xəstəliklərdən əziyyət çəkən şəxslər artıq görünməz olur və dəstək almaqda çətinlik çəkirlər. Sevil Quliyeva son illərdə ən narahatedici məqamın peşəkar olmayan şəxslərin özlərini psixoloq kimi təqdim etməsi olduğunu bildirir. Elmi əsası olmayan metodların, “enerji ilə sağaltma”, “bir seansda travma silmə”, “çakra açma” kimi iddiaların geniş yayılması insanları yanlış istiqamətə yönləndirir. Psixoloqun sözlərinə görə, insanların bu “seanslar”dan nəticə görməməsi və ya əksinə, vəziyyətlərinin daha da pisləşməsi psixologiyaya olan inamı azaldır: “Psixoloji yardım struktur, elmi protokol və metod tələb edir. Diplom və ixtisas olmadan edilən müdaxilə insanı sağaltmır, əksinə travmanı daha da dərinləşdirə bilər. Ona görə də psixoloq seçərkən təhsil, diplom və etik prinsiplərə əməl edilib-edilmədiyini yoxlamaq vacibdir”. Müasir insanın duyğularını anlamaqda çətinlik çəkməsi də bu tendensiyanı gücləndirir. Sevil Quliyeva deyir ki, sürətli həyat tərzi, sosial şəbəkələrin yaratdığı hər şeyə ad qoyma trendi insanları öz hisslərini sosial şəbəkələrdə paylaşıb yaymağa meyilli edir. Bu, insana qısa müddətli rahatlıq versə də, zamanla duyğularını patologiyaya çevirməyə başlayır. Psixoloq vurğulayır ki, kədər, yorğunluq, həyəcan kimi hisslər həyatın ən təbii hissəsidir. “İnsanlar kədərlənməyi xəstəlik kimi qəbul etməməlidir. Hissləri normallaşdırmaq lazımdır. Fikrimcə, sosial şəbəkələrdə yayılan psixoloji videoların həm faydası, həm də zərəri var. Faydalı tərəfi odur ki, mövzuya marağı artırır, insanları maarifləndirir. Lakin “İki dəqiqəyə panik atakını məhv et”, “10 addımda travmanı sağalt” kimi videolar insanlarda yanılma yaradır və real problemlərin kökündə duran səbəbləri həll etmir. Bu videolar simptom tanışlığı yaradır, amma həll bacarığı vermir”, – deyə psixoloq bildirir. Psixoloqun fikrincə, insanların psixoloqa getməkdən çəkinməsinin bir neçə səbəbi var. Damğalanma qorxusu, maddi çətinliklər, ailədən gələn inanclar və sosial mediada yayılan motivasiya xarakterli yanlış məlumatlar. Bu isə vəziyyəti daha da ağırlaşdırır. İnsan problemi içində böyüdür, duyğularını boğur və nəticədə çıxılmaz dövrəyə düşür. Psixoloji yardım, sadəcə, söhbətdən ibarət olmur, buna elmi yanaşma, texnika və metodika da daxildir. Sevil Quliyeva psixoloji mövzuların gündəmdə qalmasının müsbət olduğunu desə də, balansın vacibliyindən də söz açır: “Bu mövzuda elm əsaslı mənbələrə üstünlük verilməli, hissləri patologiyadan ayırd etməyi öyrənməli, sosial mediada görülən hər məsləhəti tətbiq etməməli, məlumatın mənbəsi sorğulanmalıdır”. Psixoloji anlayışların populyarlaşması cəmiyyətin maariflənməsinə kömək etsə də, yanlış məlumat və qeyri-peşəkar müdaxilələr təhlükə mənbəyinə çevrilə bilər. Psixoloqumuzun vurğuladığı kimi, psixologiya ciddi elm və məsuliyyət tələb edən bir sahədir. Duyğularımız haqqında danışmaq nə qədər bizim üçün yaxşı olsa da, bunu doğru metodlarla, peşəkar yanaşma ilə etmək daha önəmlidir.
Чингиз Абдуллаев:“Многие не слышали о Мехсети, но активно обсуждают. Азербайджан поставил потрясающий памятник во Франции, в городе Коньяк. На снимке, рядом с памятником, мы с мэром города.”
XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi və yeni şəhər poeziyasının təmsilçisidir. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır.
Şairənin anadan olma tarixi məhz “Əmir Əhməd və Məhsəti” dastanında verilmişdir. Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdı. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü.
Bir müddət Məhsəti böyük Sultan Səncərin sarayında yaşamış, onun qəbullarında və burada keçirilən ədəbi məclislərdə iştirak etmişdi. Onun Sultan Məhəmmədin və onun oğlu Sultan Mahmudun saray həyatında da yaxından iştirak etdiyi bildirilir.
Böyük şairənin həyatı barədə məlumatlar əsasən əlyazma nüsxələri Azərbaycan Əlyazmalar institutunda, İstanbulda və Londonda saxlanan XIII əsrə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanından götürülüb.
Dastanın qısa məzmunu belədir: Bəlx şəhərində yaşayan bir ilahiyyat aliminin qızı olur. O, uşağın taleyini öyrənmək üçün münəccimlərə müraciət edir. Ulduzlar qızın böyük gələcəyindən, xalqın rəqabət və məhəbbətini qazanacağından xəbər verir. Lakin, qızın taleyi xərabatla (içki içilən yer, meyxana) ilə də bağlı olacağı deyilir. Atası qızını məktəbə verir. On səkkiz yaşınadək Məhsəti yaxşı təhsil görür.
Sonra Məhsəti 12 muğamı və bunların 24 şöbəsini öyrənir. O, həmçinin, musiqiçilərdən cəng, ud və bərbad alətlərində çalmağı öyrənir. Camaat heyrətlə ondan soruşur: “Bu necə olur? Sən əvvəl qızına yaxşı təhsil verir, ona Quranı öyrədirsən, sonra isə onu rəqqasəliyə hazırlayırsan?” Ata cavab verir ki, əgər onun alnında xərabata düşmək varsa, qoy buna da hazır olsun. Atasının vəfatından sonra Məhsəti Gəncəyə köçür və Xərabat adlanan məhəlləsində yaşayır.
Gəncə xətibinin yeganə oğlu olan Əmir Əhmədlə Məhsəti bir-birlərinə aşiq olurlar. Gəncə şahının şairənin birdəfəlik saraya köçməsi tələbinə görə Məhsəti Əmir Əhmədə təklif edir ki, Bəlx şəhərinə qaçsınlar. Əvvəlcə şairə özü oraya gedir. Onun gəlişi şərəfinə Bəlxin və bütün Xorasanın şairləri buraya yığışır, şer yarışı başlanır. Məhsəti poetik tapmaca söyləyir. Heç kim onu aça bilmir. Yarışın bu yerində heç kimin tanımadığı bir şəxs peyda olur və tapmacanın cavabını gözəl bir şerlə söyləyir. Hamı anlayır ki, onların qarşısındakı şəxs Əmir Əhmədddir. Dastanın sonunda bildirilir ki, sevgililər doğma Gəncəyə qayıdır, öz nigahlarını rəsmi şəkildə bağlayırlar və bu nigahdan onların iki övlad olur.
Atası öldükdən sonra Əmir Əhməd Gəncənin xətibi olur. Sonra o özü də rəhmətə gedir. Məhsəti Əmir Əhmədin ölümünə o qədər göz yaşı tökür ki, axırda gözləri tutulur. Şairə öz sevgilisindən sonra iki il yaşaya bilir.
Dastanda Məhsətinin Nizami Gəncəvinin yanında basdırıldığı göstərilir. Doğrudan da 1923-cü ildə Nizaminin məzarı Şah Abbas məscidində basdırılmaqdan ötrü çıxarılarkən onun yanında bir qadın cəsədi də tapılmışdır. Onların tanışlığını sübut edən Nizaminin bir şerini göstərmək olar. Bu misraların Məhsətiyə ithaf olunduğunu ehtimal edilir:
Sənin sənətin musiqi çalmaqdırsa,
Mən zil və bəm səsləri dinləmək istəyirəm
Sürməli kipriklərini yana dartma
Bir ox at, közləyirəm
Bilirsən ki, sənsiz yaşamağa qüdrətim çatmır,
Əgər həyatımı istəyirsənsə, al, sənə verirəm.
Görürəm, əbəs yerə uğura ümid bağlamışam,
Mən son nəfəsimlə səni çağırıram.
Nizami öz canını sənə bağışlayır –
Qəbul et, necə ki, mən iztirabları qəbul edirəm…
İlk dəfə olaraq Səhab Tahiri tərəfindən Məhsətinin müxtəlif mənbələrdən rübai, qitə və qəzəlləri toplanmış və 1957-ci ildə 200-ə yaxın şeir parçasından ibarət divanını tərtib etmişdir.
Məhsəti Gəncəvinin rübailəri təkcə azərbaycan dilinə deyil, ingilis, italyan, alman və fransız dillərinə tərcümə edilmişdir. Məhsəti Gəncəvinin Gəncədə muzeyi yaradılmış və 1980-cı ildə heykəli ucaldılmışdır.
Bayram Bayramov 1918-ci il dekabrın 11-də Cavanşir qəzasının Şıxavənd kəndində (indiki Ağdam rayonunun Əlimədədli kəndi) ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934–1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938–1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940–1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941–1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: Yeddiillik Əlimədətli orta kənd məktəbinin müəllimi (1944–1945) işləmişdir. 1945–1950-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil almışdır. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948–1955), radionun “Ədəbi dram verilişləri redaksiyası”nda məsul redaktor (1956–1958), “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi (1958–1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960–1963) işləmişdir. Bir müddət yenə bütün qüvvəsi ilə yaradıcılıqla məşğul olmuşdur. Dövlətnəşrkomda sədr müavini kimi çalışmışdır (1966–1971). Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində işləmişdir (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi Şurasının üzvü seçilmişdir (1991). Fəal ictimaiyyətçi, Azərbaycan KP 26 Bakı komissarı rayonu Partiya Komitəsinin büro üzvü (1960), Bakı Şəhər Xalq Deputatları Sovetinin (1961, 8-ci çağırış) deputatı və rayon Sovetinin (1959, 7-ci çağırış), Müstəqil Azərbaycan Respukliası Milli Məclisinin deputatı olmuşdur. “Şərəf nişanı” ordeni (1968), “Xalqlar dostluğu” ordeni (1978), “Böyük Vətən müharibəsi” ordeni (1985), “Qırmızı əmək bayrağı” ordeni (1988), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1967) və medallarla təltif edilmişdir. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunmuşdur. 1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur. Yaradıcılığı Bayram Bayramov bədii yaradıcılığa 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Körpü” adlı ilk hekayəsi ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Bayram Bayramov ilk əsərlərindən başlayaraq, müasir Azərbaycan kəndinin həyatına, məişətinə dərindən bələd olan bir yazıçı kimi tanınmışdır. 60-cı illərin sonlarına doğru bilavasitə şəhər mövzusunda, əsasən intelektual peşə adamlarının həyatından bəhs edən romanlar yazmışdır. Yazıçı ondan artıq roman, çoxlu hekayə və on beşdən çox povest yazmışdır. Ədibin ilk povesti olan “Tək adam” 1954-cü ildə qələmə alınmışdır. Yazıçı povestin mövzusunu kənddən almışdır. Həmin povesti qələmə alanda bir neçə hekayəsi və oçerki çap edilmişdir. Ədibin ikinci povesti olan “Müqəddəs vəzifə” 1955-ci ildə qələmə alınıb. Kollektivləşmə dövrünün hadisələrindən bəhs edən “Yasəmən” povesti istisna olmaqla, ədibin, demək olar ki, bütün əsərlərinin mövzusu müasir həyatdan, əsasən, yazıçının şahidi olduğu hadisələrdən, yaxşı tanıdığı adamların həyatından alınmışdır. Bayram Bayramovun “Karvan yolu” epopeyasında görkəmli yazıçı-demokrat Cəlil Məmmədquluzadənin həyatına müraciət edilmişdir. Ədib “Mən ki gözəl deyildim” povestində namuslu əməyin, halal zəhmətin və alıntəri ilə qazanılan çörəyin insana gətirdiyi sevinci və qürur hissini öz müsbət qəhrəmanlarının timsalında əks etdirmişdir. Müəllifin 1960-cı ildə çap olunan “Gördüyümüz günlər” povestində sosializm mühitinin, onun bərqərar etdiyi birgəyaşayış prinsiplərinin müsbət, tərbiyəedici təsiri qabarıq göstərilmişdir. “Gördüyümüz günlər” povestində də “Mən ki gözəl deyildim…” və “Sənsz” povestlərindəki kimi konkret bir gəncin həyat tarixçəsi, daha doğrusu, həyatının bir mərhələsinin təsviri və tənqidi öz əksini tapmışdır. Povestdə hadisələr Böyük Vətən müharibəsi illərində Bakıda cərəyan edir. Həmçinin “Mən ki gözəl deyildim…” və “Sənsz” povestlərində də hadisələr müharibədən sonrakı ilk illərdə baş verir. 1957-ci ildə qələmə alınan “Onun gözləri” povestində Bayram Bayramov müasirlərin həyatını müxtəlif tərəflərdən və müxtəlif problemlər müstəvisində əks etdirmişdir. Müəllifin 1962-ci ildə qələmə aldığı “Sevirsə qayıdacaq” povestində əxlaqi-mənəvi məsələlərə toxunmuşdur. Nasirin 60-cı illərdə qələmə aldığı povestlərindən biri də “Qoz ağacı” povestidir. Həmin povestdə köhnə adət-ənənə, vaxtı keçmiş əxlaq normaları, “atalar və oğullar” problemindəki mühafizəkarlıq əleyhinə yazılmış əsərdir. Bayram Bayramovun əsərlərində qadın surətləri xüsusi yer tutur. Yazıçı “Sərinlik” povestindəki Firəngiz surətində Azərbaycan sovet nəsrinin qadın surətlərinə münasibətdəki qırx illik təcrübəsini ümumiləşdirmişdir. Yazıçı həmçinin “Oğul həsrəti” əsərində Azərbaycan qadınlarının Böyük Vətən müharibəsində iştirakından bəhs edir. 1967-ci ildə çapdan çıxan “Üç gün, üç gecə” kitabına ilk dəfə daxil edilmiş eyniadlı povest Bayram Bayramovun yaradıclığında mövzu yeniliyi baxımından fərqlənir. Belə ki, Böyük Vətən müharibəsində alman faşizminə qarşı döyüşlərdə iştirak edən yazıçının “Üç gün, üç gecə” povestini istisna etməklə, demək olar ki, müharibə ilə bağlı mövzuya yaradıcılığında çox az rast gəlinir. “Üç gün, üç gecə” povestində Bayram Bayramov Azərbaycan nəsrinin müharibə ilə bağlı ənənələrini yaradıcılıqıa davam etdirmişdir. Povestdə yazıçı diqqəti, əsasən, iki gəncin taleyi üzərində cəmləşdirmişdir. Ədib onların çətin sınaqlardan necə çıxdıqlarını, vətənpərvərlik, mərdlik və igidlik nümunəsi göstərdiklərini müharibə səhnələri fonunda əks etdirməyə çalışmışdır. Yazıçının 70-ci illərdə qələmə aldığı “Qaşsız üzük” əsəri müasir nəsrimizdə publisist povestin nümunələrindən biridir. Əsər on bir hekayədən ibarətdir. Bu hekayələrin hər birində müəllif konkret bir mövzunun üzərinə işıq salaraq, oxucuları ictimai və mənəvi həyatdakı ibrətamiz və üzərində düşünüb-danışmaq tələb olunan hadisələrlə tanış edir. Yazıçı “Oğul həsrəti” və “Sarı baba” povestlərində Böyük Vətən müharibəsi dövrünün hadisələrini diqqət mərkəzinə çəkir. Əsərləri: Romanları “Xəzinə” “Yarpaqlar” “Mənim bəlalı sevgim” “Fəhlə qardaş” “Cıdır düzü” “Tək palıdın kölgəsi” “Şəhərdən gələn qız” “Gün batanda” “Yazılmamış kitab” “Arakəsmələr” Povestlər “Sənsiz” “Bələdçi” “Sərinlik” “Qoz ağacı” “Ayna” “Sevirsə qayıdacaq” “Gördüyümüz günlər” “Mən ki gözəl deyildim…” Kitabları “Tək adam”. Bakı: Uşaqgəncnəşr, 1956, 160 səh. “Üç gün, üç gecə”. Bakı: “Gənclik” nəşriyyatı, 1967. “Yarpaqlar” (roman). Bakı: Uşaqgəncnəşr, 1961, 312 səh. “Sənsiz” (povestlər). Bakı: Azərnəşr, 1963, 266 səh. “Onun gözləri” (roman). Bakı: Azərnəşr, 1964, 408 səh. “Xəzinə”. “Bəlalı sevgim” (romanlar). Bakı: Azərnəşr, 1965, 438 səh. “Arakəsmələr” (roman). Bakı: Azərnəşr, 1966, 569 səh. “Üç gün, üç gecə” (povestlər). Bakı: Gənclik, 1967, 472 səh. “Seçilmiş əsərləri” (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1968, 514 səh. “Seçilmiş əsərləri” (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1968, 431 səh. “Yasəmən”. Bakı: Gənclik, 1969, 298 səh. “Arakəsmələr” (roman). III, IV kitab. Bakı: Azərnəşr, 1971, 435 səh. “Fəhlə qardaş”. Bakı: Gənclik, 1975, 217 səh. “Qaşsız üzük” (povestlər). Bakı: Azərnəşr, 1977, 404 səh. “Yazılmamış kitab”. Bakı: Yazıçı, 1978, 488 səh. “Cıdır düzü”. Bakı: Yazıçı, 1979, 476 səh. “Gün batanda”. Bakı: Yazıçı, 1981, 448 səh. “Seçilmiş əsərləri” (üç cilddə). I cild. Bakı: Yazıçı, 1984, 328 səh. “Seçilmiş əsərləri” (üç cilddə). II cild. Bakı: Yazıçı, 1984, 324 səh. “Şəhərdən gələn qız”. Bakı: Yazıçı, 1984, 488 səh. “Seçilmiş əsərləri” (üç cilddə). III cild. Bakı: Azərnəşr, 1985, 431 səh. “Karvan yolu” (roman). I cild. Bakı: Yazıçı, 1986, 798 səh. “Çox sözdən sonra” (povest və hekayələr). Bakı: Yazıçı, 1989, 294 səh. “Üzlü-astarlı günlər” (roman-xatirə və publisistik məqalələr). Bakı: Gənclik, 1992, 392 səh. “Karvan yolu” (roman). II cild. Bakı: Azərnəşr, 1993, 430 səh. Filmoqrafiya Mən ki, gözəl deyildim (film, 1968) Firəngiz (film, 1975) Onun bəlalı sevgisi (film, 1980)
1956-cı ildə Özbəkistanın Xarəzm vilayəti, Xəzərasp rayonunda anadan olub. 1975 – 1980-ci illərdə Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Uzun illər vəkil və hakim kimi çalışıb. Özbəkistanda “Damğa”, “And”, “Qisas qoxusu”, “Dəhşətli evlilik”, “Dəli qadın söhbəti”, “Hər şeyin səbəbkarı anam”, “Etiraf edilən günah”, “Xəta”, “Maska”, Türkiyədə “Kabul edilen suç” adlı detektiv kitabları çap edilib. Azərbaycanda ilk dəfədir çap olunur.
ŞTRAUSA TƏQLİD (hekayə)
Nə etməli, kim kimə niyətdurur, Əvvəl şart anğa qabiliyyət durur. Əlişir Nəvai
Bahar. Balaca həyətin ortasında bitmiş ərik ağacı büsbütün çiçəkləmişdi. Səhər həyətə çıxan Nəfasətin təmiz bahar havasının xoş ətrindən qəlbi riqqətə gəldi. O, qeyri-ixtiyari olaraq skripkasını götürüb çalmağa başladı. O, Antonio Vivaldinin “İlin fəsilləri” adlı əsərini çalırdı. Qonşu həyətə toyuqlarına dən vermək üçün çıxan Kamal musiqini eşidib, dayanmadan qıqqıldayan toyuqların səsini tezliklə kəsmək üçün onlara dən tökdü, hinin qapısını bağladı və bir az kənardakı özü düzəltdiyi köhnə stulda oturub, qulaqcığı ilə musiqiyə qulaq asmağa başladı. O qədər məftun olmuşdu ki, sol tərəfə azca əyilmiş dodağı daha da aşağı sallanıb, ağzından tüpürcək axdığını hiss etmədi. Kamal hər şeyi unutmuşdu. O, xəstə atasına səhər yeməyi hazırlamalı, yeməyini yeyib tez işlədiyi ərzaq mağazasına getməli, ora təzəcə gəlmiş maşının yükünü boşaldıb, sonra satıcıya kömək etməli olduğunu düşünmürdü. Musiqinin sehrli melodiyalarına tam qərq olmuşdu. Kamal skripkanın xoş səsləri altında yellənərək oturur, qulaqlarına musiqi deyil, sanki arxlardan axan suyun şırıltısı, quşların zərif cəh-cəhi, küləkdə yavaşca hərəkət edən otların arasından gələn cırcıramaların cırıltısı eşidilirdi. – Nəfasət, səhər yeməyi yesən olmazmı? Dayanmadan bu zərməni çalırsan! – deyə əsəbi bir səslə Kamal onu ayıltdı. Həmişəki kimi Salihə xala musiqinin belini qırdı: “Kaş ki, mən də nəyisə çalmağı bacarsaydım, heç olmasa bircə musiqi alətim olaydı…” Hər dəfə Nəfasət həyətlərində musiqi çalanda Kamal bütün vücudu ilə qulağa çevrilib onu dinləyər və musiqi bitəndən sonra da hər dəfə bu sözləri düşünərdi. Bu gün də belə oldu. O, kürəyindəki tozu çırpıb, hər zamankı kimi gündəlik işlərini görmək üçün ayağa qalxdı. – Ana, heç olmasa bircə dəfə istədiyim kimi çalmağıma icazə verin, xahiş edirəm! – anasının hərəkətindən narazı olan Nəfasət bunu dedi. – Lazım deyil, çalmağın gərək deyil! Onu çalmaqla nə əldə edəcəksən? Sən yaxşısı budur yeməyini ye, sonra ana-bala oturub məsələni danışaq və bu mübahisəyə nöqtə qoyaq! – Salihə xala qəzəblə bildirdi. Nəfasət anasının xasiyyətini bildiyindən səs çıxarmadan səhər yeməyi yemək üçün içəriyə keçdi. Onlar hər ikisi yemək zamanı bir kəlmə də danışmadılar. Çünki Salihə xala həkim olduğundan yemək vaxtı danışmağın sağlamlıq üçün zərərli olduğunu deməkdən yorulmazdı. Nəfasət bunu çox yaxşı bilirdi. Buna görə də düşündü ki, kaş, anam insanın ovqatı pis olanda yeməyin sağlamlığına necə təsir etdiyini də desəydi, yaxşı olardı. Onlar süfrəyə dua etdikdən sonra Salihə xala: – Bilirəm, qızım, istəmədən də olsa, kefini pozdum, – qızının ağlından keçənləri hiss edirmiş kimi astadan dedi. – Ana… – Sözümü kəsmə, yaxşıca qulaq as, oldumu? – Oldu… – Nəfasət demək istədiklərini içində saxladı. O, çox vaxt anası kimi sözünü yerində deyə bilmədiyinə görə heyfsilənərdi, bu dəfə də onu bu məsələ sıxdı. Əsəbiləşdiyindən adəti üzrə uzun barmaqları ilə alnına düşən saçlarını geriyə itələyib sığalladı. – Mən sənin konservatoriyaya daxil olmağının əleyhinəyəm! Bilirsənmi, niyə? – Salihə xala qızının gözlərinin içinə dik baxdı. Nəfasət ona iri, qapqara gözləri ilə baxır, gözəl dodaqları nəsə demək istəyirmiş kimi yığılmış, yumru, ağappaq üzü əsəbdən bir az qızarmışdı. Lakin Nəfasət bu sözləri anasından bir neçə dəfə eşitdiyindən, sualın cavabını da yaxşı bilirdi. Bu səbəbdən sükutla yerə baxdı. Salihə xala sözünə davam etdi: – Çünki mən sənin xoşbəxt olmağını istəyirəm! Sən çox gözəlsən, qızım, istəyirəm ki, bir evin gözəl xanımı olasan. Hər bir qadının xoşbəxtliyi ailə ilə tamamlanır. Sən ömrünün sonuna kimi skripkanı çiynində, kontrabasını sürüyə-sürüyə gəzsən, heç bir kişiyə arvad ola bilməzsən, demək istəyirəm ki, ailə qura bilməzsən, başa düşdünmü?! Nəfasət səssizcə pəncərədən bağa baxaraq oturmuşdu. – Hətta kişi də musiqi ifa edib ailə saxlamaqda çətinlik çəkir. Bunun sadə nümunəsi – atan. Əgər mən olmasaydım, onun nə yaşamağa evi, nə də maşını olardı. Hələ də atam rəhmətlikdən bu balaca həyət evi qaldığı üçün yaxşı yaşayırıq. Maşın almaq üçün nə qədər zəhmət çəkdim. Onun bu günə qədər əldə etdiyi tək əmlak – o küncdə duran köhnə royaldan başqa bir şey deyil! Səni musiqi məktəbinə verdiyini isə heç cür bağışlaya bilmirəm! Nəfasət anasının atası haqqında danışdığı zaman ürəyi titrədi, atasından ötrü necə çox darıxdığını hiss etdi. Xaricə getdiyi də iki il olmuşdu, burada olsaydı, anamdan məni qoruyardı, deyə düşündü. Salihə xala isə hələ də musiqiçilərin acı talelərindən danışırdı: – Qədimdə də, indi də musiqiçilərin yaşam tərzi çox acınacaqlı olub. Sənə nümunə lazımdırmı?! Dünyaca məşhur Volfqanq Amadey Motsart 36 yaşında iqtisadi sıxıntı içində vəfat edib. Və ya Bethovenin həyatı qibtə ediləcəkdimi?! Bəlkə yaxınlarda filmini televizorda izlədiyimiz Can-Kristofun necə yaşadığına heyran qalmısan?! Onların həyatı çox acınacaqlı idi axı, sən də bunu görə-görə özünü oda atacaqsanmı, qızım?! – Niyə yalnız xarici bəstəkarlar haqqında danışırsınız, halbuki onlar çoxdan, çətin illərdə yaşamışlar? Niyə Yunus Rəcəbi, Mütəvəkkil Burhanov və ya başqa özbək bəstəkarlar haqqında heç nə demirsiniz? Ana, özünüz “Şaşmaqam”i dinlədiyiniz zaman hər şeyi unudursunuz, yadınızdan çıxıbmı, axı onu da mənim kimi özbəklər yaradıb! – Doğrudur, mən sənə skripka çalma demirəm, boş vaxtlarında buyur, nə istəyirsənsə çal, amma başqa bir peşə sahibi olmağını istəyirəm, vəssalam. Məsələn, mənim kimi həkim ol, ya da müəllim. Mən sənin gələcəkdə xoşbəxt olacağını düşünərək belə danışıram, qızım. – Ana, mən sərvi boylu “Arqan”da musiqi çalmaq arzusundayam və indi yetərincə qiymət verilməyən bir musiqi sahəsi – vals musiqilərini yaratmaq istəyirəm. Elə “vals kralı” Yohan Ştraus kimi məşhur vals musiqiləri bəstələyə bilsəm, özümü xoşbəxt hesab edərəm! Mənim arzularım bir dünya qədərdir! Bunu anlamaq bu qədər çətindirmi?! – Nəfasət də anasının gözlərinə dik baxaraq dedi. – Mən bu qədər ürək yanğısı ilə bir qızın xoşbəxtliyi barədə danışmışamsa, bu kimə aid idi?! Demək, sən ananın sözlərinə bir qəpik də dəyər vermirsən, eləmi?! – Ana… – Bəsdir, mənə ana demə! Haçan ki, özün gəlib üzr istəyib sənədlərini Tibb institutuna vermək istədiyini deyəcəksən, bax onda sənin anan olaram! – Salihə xala əlini stolun üstünə vuraraq dedi. O, kök bədəninə yaraşmayan cəldliklə ayağa qalxıb, qapını çırpıb otağına keçdi. Nəfasət özünə gələ bilmədən həmin yerdəcə xeyli oturdu, bir azdan sonra dərsə getməli olduğunu xatırlayıb, çantasını götürüb bayıra çıxdı. Salihə xala qızından incimiş halda bir neçə gün onunla danışmadı. Nəfasət isə nə edəcəyini bilməyib, çaşqınlıq içində idi. Salihə xala işdən qayıdıb qapının zənginə basarkən qızı ilə aralarında olan inciklik nə vaxta qədər davam edəcək, deyə düşündü və ürəyi sıxıldı. Qapını açan Nəfasət gülümsəyərək anasına salam verdi. Anası salamını almayıb ötüb keçmək istəyəndə qızı onun arxasınca qaçıb qucaqladı: – Ana, məni bağışlayın, siz nə istəyirsinizsə, onu edəcəyəm, – yavaşca pıçıldadı. Salihə xala qulaqlarına inanmadan: – Qızım, nə dedin, bir də söylə! – dedi. – Siz mənim xoşbəxt olmağımı istəyirsinizsə, yaxşı, mən də xoşbəxt olmağa çalışacağam. – Demək, həkim olmağa razısan, düzdür? – Siz nə desəniz, o olacaq, ana. – Mənim tək qızım, ağıllı balam, – Salihə xala qızını əzizləməyə başladı. “Onsuz da qızımın başı var, düşünüb-düşünüb axırda mənim dediklərimin doğru olduğunu anlayıb, düzgün qərar verib”, – deyə düşünərək sevindi. Səhər tezdən oyandıqda Salihə xala səhər yeməyi hazırlamağa başladı. O, Nəfasətin geyinib, çıxmağa hazır olub çıxdığını görüb təəccüblə: – Qızım, bu gün məktəbə erkən getməyəmi hazırsan? – dedi. – Hə, bu gün son imtahanımızdır, skripkamı da, kontrabasımı da aparmalıyam. – Şükür, sonuncudur, qurtarırsan. Sonra mən tapdığım repetitorla Tibb institutuna hazırlaşmağa başlayarsan. – Yaxşı. – Yaxşı, sən səhər yeməyini ye, mən qonşumuz Kamala deyərəm, o ağır kontrabasını götürüb səni universitetinə qədər ötürər, – Salihə xala bunu deyib çıxıb getdi. O kontrabası kürəyinə almış Kamala tabe olaraq skripkasını götürüb gedən zərif fidan qızının arxasınca baxaraq düşündü: “Qızımın boy-buxununa, gözəlliyinə söz ola bilməz, amma çox dikbaşdır, bir də xasiyyəti çox incədir. Hə, Nəfasət mənə oxşamayıb, elə atası kimidir. Heç olmasa xasiyyətcə atasına oxşamasaydı, nə olardı? Nə isə, nə olursa olsun, qızım xoşbəxt olsun. Allaha şükür, bu gün oxuyub bitirəcək, sonra isə mənim istədiyim kimi olacaq”, deyə düşündü. Lakin Salihə xalanın düşündüyü kimi olmadı, çünki həmin gün Nəfasət evə qayıtmadı…
Vilayət prokurorluğunun böyük istintaqçısı Sabircan Mirzəyev qızının itməsiylə bağlı ərizə vermiş Salihə Məhmudova ilə söhbət edirdi: – Deməli, qızınız Nəfasət bu ilin 24 may günü səhər evdən çıxıb və bir daha qayıtmayıb, düzdür? – Sabircan dəqiqləşdirmək istədi. – Hə, artıq iki ay olur, ondan bir xəbər yoxdur… İndi tək balama yas açmaqdan başqa çarəm qalmayıb, – Salihə xala göz yaşlarını silərək dedi. – Hələlik pis fikirlərə düşməyin, bəlkə qızınız sağ-salamat gəzib-dolaşır, – Sabircan, ona yazığı gəlib dedi. – Harada ola bilər ki, axtarmadığımız yer qalmayıb, bütün qohum-əqrəba, uzaq-yaxın tanışlarımız, hər yeri axtardıq, milis əməkdaşları da tapa bilmədilər. Onun sağ olduğuna inamım qalmayıb, – Salihə xala hönkür-hönkür ağladı. – Əriniz İskəndər bəylə əlaqə saxlayırsınız? Sabircanın bu sualı Salihə xalaya elə bil od üstünə yağ tökən kimi təsir etdi. O, ağlamasını dayandırıb, tez-tez göz yaşlarını silərək: – Sənə deyim, balam, o İskəndər bəyin əlindən yandım, məhv oldum. Bilirsinizmi, hər şeyə ərim səbəb oldu. Dəfələrlə ona musiqini atıb alverlə, ya da başqa gəlirli bir işlə məşğul olmasını dedim, sözümə qulaq asmadı. Üç illik müqavilə ilə musiqi dərsi vermək üçün xaricə getdi. Bəzən zəng vurur. Məncə, Nəfasətin itməsinə elə də təsirlənməyib. – Doğrudan? – Hə, mənə çox kədərlənmə, tapılar, inanıram, deyə təsəlli verir, vəssalam… – Eləmi deyir? – Hə, inanırsınızmı, qızımızın itməsini eşidib də, geri dönmək fikrinə belə gəlmir, nə imiş, müqaviləni pozub əvvəlcədən qayıda bilməzmiş! – İskəndər bəyin gəlişi nəyisə dəyişər deyə düşünürsünüz? – Heç olmasa yanımda dayaq olar. Təkbaşına ora-bura qaçıram. Yaxşı ki, bacım var, bacımın uşaqları məni tək buraxmırlar, kim bilir, olmasaydılar, qızımın dərdindən ölərdim. – Salihə xala, qızınızın itməsində birindən şübhələnirsinizmi? – Sabircan mövzuya qayıtdı. – Bilmirəm, heç kimdən şübhəm yoxdur desəm, yalan demiş olaram. – Niyə indiyə qədər şübhələndiyiniz şəxsi deməmisiniz? – Bilirsinizmi, özüm də şübhəmə tam inana bilmədiyim üçün deməyə cəsarət etmədim. – Kimdən şübhələnirsiniz? – Sənə deyim, balam, qonşumuz Qafur əminin oğlu Kamaldan. O, xırda işlərimizə kömək edirdi. Bu vaxta qədər ondan heç bir pis hərəkət eşitməmişəm. Anası rəhmətlik Aynisə xalanın ölümündən sonra xəstə atasına özü baxır, həm ev işlərini, həm də öz işini idarə edib ailəni dolandırır. Nəfasət sonuncu dəfə evdən çıxanda ondan kontrabası götürüb, onu məktəbə qədər ötürməsini xahiş etmişdim… – Bəs sonra? – Kamal hər zaman Nəfasət musiqi çalanda həyətdə oturub onu dinləyərdi. Öz diliylə dəfələrlə bunu deyərdi. Bir dəfə məndən skripkanın neçə som (manat) olduğunu soruşmuşdu. Mən qiymətini deyəndə, vay-vay, mən onu heç vaxt ala bilmərəm axı, demişdi. Böyük kontrabasa qiymət soruşmaya da qoyum gedim, demişdi. – Demək, siz qonşunuzun qızınız Nəfasətin iki bahalı musiqi alətinə görə öldürə biləcəyini düşünüb Kamaldan şübhələnirsiniz, eləmi? – Sabircan soruşdu. Salihə xalanın dilinə gətirə bilməyib içində saxladığı şübhəsini səsləndirdi: – Kaş ki, elə olmasın, amma bu fikir beynimdən çıxmır. Kamali görsəm, yaxasından yapışıb qızımı gətir, ona nə etdin, əclaf, demək keçir içimdən, amma güclə şeytana qalib gəlirəm. Onun ata-anası yaxşı və günahsız insanlar idilər, üstəlik, bu qədər illik qonşuluğumuz var… – Əgər başqa şübhələriniz varsa, deyin. – Başqa heç bir şübhəm yoxdur. Sabircan Salihə xaladan qonşusu Kamalin ünvanını alıb yazdı və ondan ayrıldı. Çağırış vərəqəsini alan Kamal prokurorluğa gəldi. Tədqiqatçının otağına girərkən: – Mümkündürmü? – deyə içəri boylanaraq soruşdu. Sabircan ona oturmaq üçün stul göstərdi. – Yaxşı, Sədiyev, nə işlə məşğulsan? – şəxsi məlumatlarını öyrəndikdən sonra soruşdu. – Mən 37 saylı ərzaq mağazasında işləyirəm. – Bu ilin 24 may tarixində qonşunuz Nəfasətin kontrabasını daşımağa kömək edib, onu oxuduğu yerə qədər ötürdüyün doğrudurmu? – Hə, ötürmüşəm… – Onu hansı maşında ötürdün? – Boz rəngli Nexia maşını idi. – Nömrəsini yadında saxlamamısan? – İndi, a kişi, taksiyə minəndə arxasına keçib nömrəsinə baxmazsan ki! – Kamal əsəbiləşdi. – Maşının qabağında da nömrə yazılır. Amma niyə əsəbləşirsən? – Kaş ki, Salihə xalanın mənə necə nifrətlə baxdığını siz də görərdiniz. Hə, mənmi günahkaram Nəfasətin itməyində? Elə bil siz də üstüörtülü olaraq bunu demək istəyirsiniz… – Kamal, axı sən də bilirsən ki, qonşun Nəfasət izsiz-tozsuz yoxa çıxıb. İki aydır onu axtarırıq, tapmağa çalışırıq. Bunun üçün biz hər şeyi araşdırmalıyıq, bu bizim vəzifəmizdir, – Sabircan ona diqqətlə baxaraq dedi. – Sizi başa düşürəm, amma bunun mənimlə nə əlaqəsi olduğunu başa düşə bilmirəm… – Səndən soruşmağımızın səbəbi, onu son dəfə görən adamın sən olmağındır, – deyə Sabircan əllərini yana açdı. – Mən o, taksidən düşəndən sonra geri döndüm. – Niyə onu içəri keçəndə müşayiət etmədin? – Çünki bunu Nəfasət istəmədi, buranı özüm həll edərəm dedi. – O vaxt sən ona kömək edib musiqi alətlərini maşından endirəndə səni kiminsə gördüyünü xatırlayırsanmı? – Bilmirəm, buna fikir verməmişəm. – Kamal, səncə, Nəfasət hara yoxa çıxa bilərdi? – Mən də heyrətdəyəm, düzünü desəm, onun itməsi mənə hamıdan çox təsir edib. Siz onun skripkanı necə çaldığını eşitsəydiniz… – Bunu haradan bilirsən? – Nəfasət həmişə skripkasını həyətdə çalardı, həyətlərimizin arasında cəmi bir kiçik divar var idi. – Başa düşdüm. – Təki sağ-salamat tapılsın, – Kamal bunu deyib ayağa qalxdı. Nəfasətin itməsi ilə bağlı açılmış cinayət işinin istintaqı sona yaxınlaşırdı, lakin hələlik heç bir nəticə yox idi. – Nəfasətlə bir yerdə oxuyan bütün dostlarını sorğulayıb araşdırdıq, – Fərhad bildirdi. – Hə, o gün dərsə getməyib, heç biri həmin gün Nəfasəti görməyib, bu çox qəribədir, – Sabircan fikrə getdi. – Hətta onun musiqi alətlərini taksidən endirdiyini də heç kim görməyib. – Hə… – Bu isə Kamalin ifadəsi doğru olmadığını göstərir, elə deyilmi, Sabircan bəy? – Fərhad söylədi. – Doğrudur, o nəyisə gizlədir. – Məncə, Salihə xalanın şübhəsi doğru çıxır. Əgər Kamal onu təhsil aldığı yerə qədər aparsaydı, heç olmasa bir nəfər onu görərdi, amma həmin gün onu heç kim görməyib. Demək, nə baş veribsə, yolda baş verib, bunu yalnız Kamal bilir. – Kamalı növbəti istintaqa çağırmışam, indi gələr, – Sabircan dedi. – Məncə, onu həbs etmək məsələsini həll etmək lazımdır. – Niyə siz bu məsələyə dərindən yanaşmadan dərhal həbsi tələb edirsiniz? Əgər sizə qalsa, bəlkə həbsə düşməyən günahsız adam qalmazdı. – O qədər də deyil, amma Kamaldan şübhələnməyimiz üçün əsasımız var, ona görə də bu təklifi edirəm, – Fərhad qəzəblənərək dedi. Sabircan Fərhadin fikrinə heç bir münasibət bildirmədi. O, pəncərənin yanına gedib fikrə daldı. Fərhad otağına çıxdı. Bir az keçəndən sonra Kamalı özü ilə gətirdi. Sabircan Kamala: – Kamal, sənə inanmaq istəyirəm, amma əvvəlki istintaqda dediyin sözlərin təsdiqini tapmadı, bu isə sənin ifadələrinin yalan olduğunu göstərir, – dedi. – Mən düz danışmışam… – Aydın olub ki, həmin gün Nəfasət dərsə getməyib, sən isə onu oxuyacağı yerə qədər apardığını demisən! – Apardım da. – Onu heç kim görməyib, sən yalan danışmısan! Yaxşı, niyə yalan danışırsan?! De, Nəfasətə nə etmisən?! – Sabircan soruşdu. – Mən nə edə bilərəm, axı o… – Danış, nə demək istəyirsən?! – Sabircan, Kamalın birdən susmasını anlamayaraq dedi. – Danışa bilmirəm, mən Nəfasətə bu barədə heç kimə deməyəcəyimə söz vermişdim. – Bir insan iki aydır itkin düşüb, sən isə hansısa vəddən danışırsan, ağlın başındadırmı?! – Amma mən… – Nə, sən?! Nəfasətin yoxa çıxmasında yeganə şübhələndiyimiz adamın sən olduğunu bilirsənmi? Bildiyin şeyi deməməyin şübhəmizi daha da artırır, bunu anlayırsanmı? – Hər halda deməliyəm, – Kamal fikirləşərək dedi. – Hə, bizim bilmədiyimiz bir şey varsa, deməlisən! – Sabircan onun qarşısında durub tələb etdi. – Düzünü desəm, mən Nəfasəti dərsə çatmamış, bir dayanacaq əvvəl düşürdüm. – Niyə? – Özü belə istədi, mən dedim, oradan necə gedəcəksən, o da “bir yolunu taparam” dedi. Mən “elə isə özün bilərsən” deyib qayıtmaq istəyəndə, o mənim yanıma gəlib “Kamal əmi, xahiş edirəm, dərsə getmədiyimi, bir az əvvəl düşdüyümü heç kimə deməyin” dedi. Mən də “yaxşı, narahat olma, heç kimə demərəm” deyə söz verdim. – Yaxşı, sözünə inandıq deyək, amma səncə, o niyə belə etdi? – Maraqlısınız, mən onun nə düşündüyünü haradan bilim? – Kamal əsəbi halda cavab verdi. – Amma heç bir sübut olmadan, sözünə necə inanaq? – Bilmirəm, siz “gizlətmədən danış” dediniz, danışdım, bunu necə sübut edəcəyimi isə bilmirəm. – Nəfasətnin əlindəki musiqi alətlərinin neçə manat olduğunu bilirdin? – Hə, bir dəfə Salihə xanımdan soruşanda, qiymətini demişdi, çox baha idi. – Sənin də belə musiqi alətlərin olmasını istəyərdinmi? – Hə, amma niyə soruşursunuz? Mən Nəfasətnin çaldığı bütün melodiyaları sevərək dinləyirdim. Həmin gün ona, özüm daşıdığım, iri skripkaya bənzər musiqi alətini göstərib, “həmişə bu böyük skripkada çal, yaxşı, dedim. – Niyə? – deyə o soruşdu. – Dedim ki, böyük skripkanın səsi bütün məhəlləyə yayılır, hamı rahatca sənin çaldıqlarını eşidər. O zaman Nəfasət gülümsədi və: – Həcm baxımından ən böyük musiqi aləti olan kontrabas, səs baxımından ən zəifidir, – dedi. – Əgər Nəfasət bizim qonşumuz olmasaydı, mən musiqini heç başa düşməzdim, bəlkə də ömrüm boyu dinləməzdim, kim bilir? – Kamal gözlərində yaş parıldayaraq bunu dedi. – Aydındır… – Bilirsinizmi, Nəfasət itkin düşən gündən bəri vicdan əzabı çəkirəm. Düzdür, ona deməyəcəyimə söz vermişdim, amma buna baxmayaraq Salihə xanıma baş verənləri desəydim, bəlkə də o, yoxa çıxmazdı? Kamal çıxıb getdikdən sonra Sabircan da, Fərhad da susqun qaldı. Sükutu Fərhad pozdu: – Bilirsinizmi, məncə Kamal hər şeyi əvvəldən planlaşdırıb. Hətta indiki dediklərini də bizi inandırmaq üçün əvvəlcədən fikirləşib. – Yoxsa siz Kamalın o iki musiqi aləti üçün Nəfasəti öldürdüyünü düşünürsünüz? – Sabircan Fərhada baxaraq dedi. – Salihə xanımın dediyinə görə, onlar çox kasıb yaşayırmış. Kamal yalnız özü üçün çalışırmış, atası xəstə olsa da… – Amma o, Nəfasətnin çaldığı melodiyaları danışanda gözlərinin necə parladığına fikir verdinizmi? – O rola girə bilərdi axı. – Hər halda, mən təbiiliyi ilə saxtalığı ayırd edə bilərəm deyə düşünürəm. – Elə isə de görüm, Nəfasət hara itib gedib? – Bilmirəm. – Bax, gördünüzmü, bircə nəfər şübhəli şəxsə də günahsız desək, bu iş dalana dirənəcək, – Fərhad bunu deyib çıxıb getdi. Sabircan xəyala getdi. Onun başı qarışmışdı: Nəfasət əlindəki iki ağır musiqi aləti ilə hara itib yoxa çıxmış ola bilərdi? Sabircan Salihə xanımı çağırıb ondan soruşdu: – Salihə xala, bəlkə bizə deməyi unutduğunuz nələrsə varsa, deyin, bəlkə köməyi dəyər, – dedi. – Hamısını demişəm, oğlum, artıq qızımın tapılacağına ümidsizəm, – deyib ağladı. – Siz qızınızı incitmiş ola bilərsinizmi? – Bunu neçə dəfə soruşmusunuz axı? Qızım mənim canım, ciyərim idi, ondan başqa heç kimim yox idi, niyə incidim ki? Mən onun mənə oxşayan bir həkim olmasını istəyirdim. – Amma qızınız musiqi məktəbində oxuyurdu axı? – Doğrudur, amma o deyirdi: “Ana, nə istəsən onu edərəm.” Mən onun musiqi ilə məşğul olmasına qarşı deyildim, sadəcə onun xoşbəxt olmasını istəyirdim, vəssalam… – Salihə xala ağır ah çəkərək dedi. – Demək, yenə də qızınız musiqi sahəsini seçmişdi, eləmi? – Xeyr, o mən dediyim sahəni seçmişdi. – O, sizə öz arzularını demişdimi? Salihə xala fikrə getdi və: – Qızım həmişə “mən İohann Ştraus kimi vals musiqiləri yaratmaq istəyirəm” deyirdi, amma mən ona qız uşağının musiqi ilə məşğul olub xoşbəxt ola bilməyəcəyini yaxşıca başa salandan sonra, fikrini dəyişmişdi. “Əziz qızım, səndən belə ayrılacağımı heç vaxt ağlıma gətirməmişdim!” – Salihə xala belə deyib yenidən ağlamağa başladı. – Özünüzü ələ alın, xəbər verilməmiş uzaq qohumlarınız varsa, xatırlayın, bəlkə oralardan bir iz çıxar, – Sabircan ona təsəlli verərək dedi. – Hər yerə xəbər vermişəm, heç yerdə yoxdur. Hətta mən sevmədiyim üçün əlaqəmizin kəsildiyi, uzaq bir vilayətdə yaşayan qohumumuzun evindən də axtarmışam. Amma o vicdansız bu iki ay ərzində bir dəfə də zəng edib halımı belə soruşmadı. Nəfasətin şəkli televiziyada göstərilib, itkin düşdüyü elan edildikdən sonra da heç bir yerdən xəbər çıxmadı. Sabircan otağında nə edəcəyini bilməyib başı qarışmış halda oturarkən Fərhad içəri girdi. O, girən kimi radionun düyməsini çevirib dedi: – Sabircan bəy, dünya klassik musiqilərindən ibarət konsert verilir. Radioda Şopenin fortepiano üçün sonatası səslənirdi. Sabircan musiqiyə qulaq asarkən, itkin düşən musiqiçi qız – Nəfasəti düşünərək, ürəyi sıxıldı. Başqa bir musiqi səslənməyə başladı. Sabircanla Fərhad sakitcə oturub musiqi dinləyirdilər, hərəsi öz düşüncələrinə dalmışdı. Qapı açılıb, vilayət prokurorluğunda ümumi nəzarət şöbəsinin müdiri vəzifəsində çalışan Polad bəy içəri girdi. – Musiqili antrakt imiş ha, – zarafatla dedi. – Hə, – Sabircan təsdiqlədi. Onun kefinin olmadığını hiss edib: – Ştrausun şən valslarını eşidib də kefiniz yerinə gəlmir? – Polad gülərək xəbər aldı. – Yanılmıramsa, bu çalınan musiqi Sebastian Baxın əsəridir, – Fərhad özünü musiqiçi kimi apararaq dedi. – Təəssüf, yanılırsınız. Axı İohann Ştrausu Baxla qarışdırmaq olarmı? – Məncə, siz səhv edirsiniz… Sabircan musiqi sahəsini o qədər yaxşı bilmədiyi üçün onların mübahisəsinə qarışmayıb sakitcə otururdu. – Musiqi bitmək üzrədir, bir az susun, indi hansı musiqinin çalındığını deyəcəklər, – Polad bəy sakitcə Fərhada dedi. Radioda diktor qadının aydın və təmkinli səsi eşidildi: – Siz İohann Ştrausun vals musiqilərini dinlədiniz. – Əhsən, bunu necə ayırd edə bildiniz? – Sabircan soruşdu. – Mənim üçün bu çətin deyil. Mən tez-tez xarici klassik musiqilərdən dörd bəstəkarın əsərlərini dinləməyi sevirəm. Onların arasında Ştraus da var. Buna görə də onların musiqilərini dərhal tanıyıram. – Demək, siz özbək musiqilərini dinləmirsiniz? – mübahisədə uduzub susan Fərhad soruşdu. – Mən xarici bəstəkarlardan dördünü dedim, bu isə o demək deyil ki, özbək bəstəkarlarının hamısına qulaq asıram, – Polad bəy gülümsəyərək dedi. – Hə, yaxşı musiqi nə zaman, nə də məkan tanıyır, dinləsən, ruhun dincəlir, – Sabircan dedi. – Ştrausun musiqi öyrənməsi çox maraqlı olub, bu haqda eşitmisiniz? – Polad bəy xəbər aldı. – Xeyr. – Yaxşı, növbəti dəfə danışaram, indi tələsirəm, – deyib yerindən qalxdı. – Polad bəy, necə oxuyub, heç olmasa qısa danışın da, – Fərhadın hər zamankı kimi marağı üstün gəldi. – Yaxşı, qulaq asın, – qapının dəstəyindən tutub getmək istəyən Polad bəy dayanaraq dedi. – Ştrausun atası özü musiqiçi olub, amma işləri yaxşı getmədiyindən oğlunun musiqidən uzaq olmasını istəyib. O dövrdə Avropada, eləcə də Vyanada zəngin ailələrdə uşaqlara musiqi dərsləri vermək dəbdə olub. Ştrausun anası zəngin ailədən çıxdığı üçün oğluna ərindən gizli musiqi dərsi aldırıb. Çünki oğlunun musiqidən bixəbər qalması ailənin nüfuzuna xələl gətirər deyə qorxub. Ştraus lazım olan dərsləri aldıqdan sonra bunu atasına bildiriblər. Atası isə bu xəbərdən çox narazı qalaraq, hətta arvadı ilə boşanmaq istədiyi deyilirdi, – deyə çıxıb getdi. – İkinci dəfə də belə oldu… – Fərhad dedi. Onun açıq sarımtıl, yumru üzünə qızartı qonmuşdu. – Nə, ikinci dəfə? – Sabircan anlamadan soruşdu. – Əvvəl də bir məsələ üstündə mübahisə edəndə uduzmuşdum, bundan sonra onunla mübahisə etmərəm, – Fərhad dedi. Həmişə özünü çoxbilmiş sayan, söhbət yoldaşına müxtəlif sahələrdən suallar verib, cavab ala bilməyəndə özü cavab verərək hamını heyrətləndirən, beş dili mükəmməl bildiyinə görə fəxr edən, bir az lovğa, amma qəlbində zərrə qədər pislik olmayan şagirdinin kiçik bir mübahisədə uduzub pərt olmuş halına acıyan Sabircan ona təsəlli verib: – Üzülmə, Fərhad. Axı insan hər şeyi bilməz. Əsas odur ki, səndə hər zaman bir şeyi öyrənmək marağı var, bu isə çox gözəl bir xüsusiyyətdir. Amma bundan sonra yalnız öz fikrinə tam əminsənsə, mübahisə etməyi unutma. Poladcanın dünyagörüşü, biliyi genişdir, çox sahələrdən yaxşı başı çıxır, ona hər zaman heyran olmuşam, – dedi və fikrə getdi. Sonra birdən ayağa qalxıb, Fərhada baxaraq: – O indi Ştrausun musiqi təhsili haqqında nə dedi? – soruşdu. Fərhad Sabircanın nə demək istədiyini anlamayaraq: – Nəyi nəzərdə tutursunuz? – dedi. – Onun atasından gizli musiqi öyrəndiyini dedi? – Hə. – Eh, niyə bunu əvvəldən düşünməmişəm?! – Sabircan telefondan zəng etməyə başladı. – Salihə xala, deyin görüm, sizin xoşlamadığınız üçün əlaqəniz kəsilmiş o uzaq vilayətdəki qohumunuzun adı, familiyası necə idi? – Cürəyev Salahəddin. – Ünvanı necədir? Salihə xala onun ünvanını Sabircana deyərkən: – Nə olub, oğlum, ünvanını niyə soruşursan, yoxsa Nəfasətdən bir xəbər çıxıbmı, desənə?! – həyəcanlanaraq onu tələsdirdi. – Yaxşı, sonra özüm sizə zəng edərəm, – Sabircan dəstəyi qoydu. – Nə məsələdir, mənə də bir az aydın desəniz, – Fərhad maraqlandı. – Gedirik, Fərhad. Salihə xalanın dediyi vilayətə getmək üçün xeyli yol qət etməliyik. Yolda hər şeyi ətraflı danışmağa vaxtımız olacaq. – Əgər siz Nəfasətin orada olduğunu düşünürsünüzsə, daxili işlər şöbəsinə zəng edib, onlara nə etmək lazım olduğunu izah edə bilərsiniz axı. – Bəs bu işi özüm yerinə yetirmək istəyirəmsə? – Elə isə mən səyahətə hazıram! – Fərhad gülümsəyərək bildirdi. Sabircanla Fərhad axtardıqları ünvana çatanda günəş dağların arxasında batmaq üzrə idi. Onların dayandıqları həyət dağlıq rayonda yerləşdiyi üçünmü, yoxsa başqa səbəbə görəmi – sanki nağıllarda təsvir olunan kimi, balaca, amma nədənsə sirli görünürdü. Hər tərəf batmaqda olan günəşin qızılı işığına bürünmüş, təbiət heyrətamiz bir mənzərə yaratmışdı. Onlar maşından düşüb bir az ətrafı seyr edərək dayandılar. Həyət tərəfdən gələn zərif musiqi səsi ətrafdakı bənzərsiz gözəlliyə, quşların cəh-cəhinə, sürüdən qayıdan quzuların mələməsinə qarışıb, onlara uyğun bir ahəng yaradaraq daha da xoş səslənirdi. – Əgər hisslərim məni aldatmırsa, bu musiqini ifa edən itkin düşmüş qız Nəfasətdir! – Sabircan məmnunluqla gülümsəyərək dedi. Onun qalın qara qaşları gözlərinə yaxın yerləşdiyi üçünmü, ya xasiyyətindən irəli gəlirmi – üzü həmişə ciddi görünərdi. Amma indi Sabircanın üzü işıqlanmış, əvvəlki ciddilikdən əsər-əlamət qalmamışdı. Onu belə vəziyyətdə çox nadir hallarda görmək olardı. – Əgər yanılmıramsa, bu musiqi Antonio Vivaldiyə məxsusdur, – Fərhad işarə barmağını irəli uzadaraq, müəlliminin sevincinə qoşulub dedi. – İkimiz də yanılmadığımıza əminəm! – Sabircan həyətə doğru addımlayaraq dedi. – Salahəddin bəy, nə üçün axtarışda olan qızı evinizdə gizlətmisiniz? – Sabircan ev sahibinə müraciət etdi. – Oğlum, Nəfasətin atası İskəndər yad deyil, əmimin oğludur. Mən nə edəydim, atası xaricdən zəng edib, anasına deməməyim üçün yalvardı, bu tərəfdə isə qızı ağlayıb, “əgər konservatoriyaya daxil olmasam, özümə bir iş edəcəyəm” deyə məni qorxudursa, siz deyin, necə xəbər verə bilərdim?! – kədərlə dedi o. – Nə üçün belə etdin, Salihə xalanın hansı vəziyyətə düşdüyünü təsəvvür edə bilirsənmi? – Sabircan Nəfasətdən soruşdu. – Başqa çarəm yox idi, atamın məsləhəti ilə bu yerdə, anamdan gizli konservatoriyaya hazırlaşmaq qərarına gəldim. – Amma anan sənə yas tutmağa hazırlaşırdı, ona yazığın gəlmədi? – Əgər belə etməsəydim, istedadımın yasını özüm tutmalı olardım, sizi narahat etdiyimə görə bağışlayın, – Nəfasət yerə baxaraq dedi. – İndi nə etmək fikrindəsən? – Sabircan soruşdu. – Sizdən bir xahişim var. – Nədir? – İmtahanlara cəmi üç gün qalıb, hamısını verənə qədər anamın xəbəri olmasa, mənə böyük kömək etmiş olarsınız, – Nəfasət xahişini bildirdi. – Məncə, artıq gizlincə imtahan verməyə ehtiyac yoxdur, – Sabircan söylədi. – Niyə, anam həkim olmamağıma razılaşacaqmı? – Bilirsənmi, indi anan yalnız bir şeyi istəyir – səni sağ-salamat görmək. – Buna əminsinizmi? – Əlbəttə. – Elə isə gedək, mən də anam üçün çox darıxmışam! – Nəfasət göz yaşlarını silərək dedi. Maşında gedərkən Fərhad: – Bir şey soruşsam olar? – dedi. – Əlbəttə, – Sabircan bildirdi. – Yox, sizdən yox, Nəfasətdən soruşmaq istəyirəm. – Məndən? – Hə, səndən. De görək, biz sənin yanına gələndə skripkada ifa etdiyin musiqi hansı bəstəkarın əsəri idi? – Hə, o… Vivaldi… – Şükür, düz tapmışam! – Fərhad uşaq kimi sevindiyini büruzə verdi. Sabircan gülümsədi.
Özbək dilindən Azərbaycan dilinə çevirən: Rəhmət BABACAN