
İKİ EŞŞƏYİN ARPASI
Beş-on eşşəyə baxan
Danabaş bir avara.
Arpa-samanı qoydu
Bir axurda onlara…
Eşşəklər gəmirişib,
Əl-ayağa qalxdılar.
Fınxırıb, şıllaqlayıb
Bir-birini qapdılar
Boz qəfil bir təpiklə
Çalın dişini qırdı.
Tayqulaqsa hayqırıb,
Çəpin gözündən vurdu…
Danabaş baxdı ki, yox,
Ara yaman qarışıb…
Tez qaçdı idarəyə:
Eşşəklərim qapışıb…
Dedilər: Çərənləmə!
Sən iş bilən deyilsən,
Heç iki eşşəyə də
Arpa bölən deyilsən…
Danabaşın yerinə
Şişmanı götürdülər.
Elə bil ki, ac qurdu
Sürüyə ötürdülər.
DAMĞA
Naxırda çopur dana
Dolmuşdu ətə-qana.
Hər yanından ötənə
O bir kəllə atırdı.
Ürkək, xam düyələri
Bir-birinə qatırdı.
Döllük buğayam deyib
Burnu yelli gəzirdi.
Körpə buzovları da
Dırnaqlayıb əzirdi.
Nə örüşdə dayanır,
Nə tövlədə dururdu
Sağmal inəklərə də
Hərdən kəllə vururdu.
“Döllük buğa” axırda
Həddini yaman aşdı.
Bir gün boğaz inəyin –
Ombasına dırmaşdı…
Həmin gün boz dananı
Çataqlayıb burdular.
Sonra donqar alnına
Qızmar damğa vurdular!
TƏHLÜKƏ
Yer Kürəsi çatılmış ocaq!
Hər çınqılı –
atom, neytron…
qalaq-qalaq.
Səmasında
qatar-qatar
ağ qanadlı göyərçin.
Dolmuş gözlərində
vahimə çin-çin…
Keşik çəkir:
– Durnalar, a durnalar…
Lələk salmayın,
qığılcım qopar!
Qanad çalmayın,
təhlükə var!
DAĞ DA QOPDU YERİNDƏN
Asta-asta gəzirdi
Çay kənarında bağa.
Balaca cüssəsini
Bənzədirdi bir dağa…
Əsdi soyuq bir külək,
Yağış gücləndi birdən.
Üzüldü əı-ayağı,
Külək bağanı yerdən
Yuvarladı yarğana.
Ah çəkib yana-yana,
Köks ötürüb dərindən.
Dedi: sən bir işə bax,
“Dağ da qopur yerindən!”.
Müəllif: Mikayıl Məxfi
MİKAYIL MƏXFİNİN DİGƏR YAZILARI