
BÖYÜK İNSANDI, BÖYÜK ZİYALIDI
Müəllim insanları aydınlığa
çıxaran işığa bənzəyir.
V. Hüqo
…O, hələ kiçik yaşlarından müəllim olmaq arzusu ilə yaşayrdı. İllər ötdü və günlərin bir günü Adilxan Mustafayev müəllim kimi fəaliyyətə başladı. Və sinifə girib dərs dediyi ilk günlərdən müəllimlik peşəsinin şərəfli olduğu qədər də məsuliyyətli, çətin və mürəkkəb olmasını hiss eləyən Adilxan müəllim çiyinlərinə düşən məsuliyyəti daşımağı bacardı və çox keçmədi ki, zəngin biliyi, dərin təfəkkürü ilə şagirdlərin və müəllim kollektivinin böyük hörmətini, məhəbbətini qazandı.
…İnsan zamanla ayaqlaşmaq üçün mübarizə aparanda mətin olur və bu əzm onu həyatda çətinliklərlə qalib gəlmək şansı verir. Heç şübhəsiz, Adilxan müəllim də məhz belə mübariz insanlardandır.
Qışa tanışlıq: Mustafayev Adilxan Mustafa oğlu 1961 – ci ildə Qərbi Azərbaycanın Amasya rayonunun Düzkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıdandan sonra sənədlərini V.İ.Lenin adına APİ – nin filologiya fakültəsinə verib. İmtahanları müvəffəqiyyətlə verərək tələbə adını qazanıb.
1983-1988- ci illərdə həmin institutda ali təhsil alıb. 1988- ci ildə bədnam qonşularımız 100 minlərlə ailəni isti ev- eşiklərindən didərgin salıblar.
Adilxan müəllimin ailəsi də doğma yurdundan didərgin düşənlərin arasında olub. O, ailasi ilə birlikdə Abşeron rayonunun Xırdalan şəhərində məskunlaşıb. Sumqayıt şəhər 42 saylı tam orta məktəbində işə qəbul olunub. Uzun illərdir ki, Adilxan müəllim 42 saylı məktəbdə gənc nəslin savadlanması yolunda fədakarlıqla çalışır.Özündən çox, başqalarını düşünür, heç kimdən köməyini, qayğısını əsirgəmir. Xalqın sevimli şairi Bəxtiyar Vahabzadə demişkən:
Yalnız başqasını düşünən zaman,
Qalxır insanlığın fövqünə insan.
Səmimi deyirəm: İnsanlığın fövqündə dayanan Adilxan müəllim bu günkü və gələcək nəsillərə bir nümunədir.
O, ömrünü mənasız vaxt keçirən müəllimlərdən olmayıb. İxtisasını yaxşı bildiyinə görə zaman dərs dediyi sinifdə heç vaxt narahatçılıq hissləri keçirməyib. Şagirdləri hər zaman onun yolunu gözləyib,ona diqqətlə dinləyib, ondan çox şey öyrəniblər.
Adilxan müəllim uşaqların təlim – tərbiyəsinə diqqət yetirən, onların qayğıları ilə maraqlanan müəllimdir və bir müəllim kimi ürəklərə yol tapa bilib.
Hər dəfə müəllimlərdən söz düşəndə öz-özümə sual verirəm: “Yaxşı müəllim kimdir?” – elə həmin anda da Adilxan müəllimi xatırlayıram və düşünürəm ki, yaxşı müəllim şagirdlərin sevimlisi olan həm də, uşaqları sevən müəllimdir. Uşaqlarla ünsiyyət qura bilən, uşaqlarla dostluq etməyi, uşaqların qəlbini duymağı bacaran müəllim ən yaxşı müəllimdir. Və deməli, Adilxan Mustafayev də ən yaxşı müəllimlərdən biridir.

Hüseyn İsaoğlu, yazıçı – publisist, AYB-nin və AJB – nin üzvü.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında