İŞIĞIN İŞIĞINA

İŞIĞIN İŞIĞINA

Söz sözü çəkib apardığı kimi, adamı da özü ilə aparır. Cazibəsinə salır. Özün də bilmədən onun əsirinə çevrilirsən. Yazdıqlarının şeir, hekayə, … təhlil, münasibət olacağı səni tutan sözdən asılıdır. Ruhuna yatan sözdən.
Könlünü oxşayan sözə söz qoşan Vaqif Osmanlı tanıdığı, tanımadığı müəllifin diqqətini çəkən əsərinin görünməyən tərəflərinə işıq salır, özünün güclü təxəyyül təhlili ilə müəllifi təəccübləndirə bilir. Müəlifi də, əsəri də oxuculara Vaqif Osmanlı imzasıyla sevdirir.
“70-in işığında” kitabı Vaqif Osmanlını oxucusuna şair, nasir, təhlil və araşdırmaçı olaraq tanıtımıdır.

Vaqif Osmanlı insanı söz-söz, baxış-baxış duyur. Və duyduqlarını yazır. O, yazdıqları ilə baş-başadır. Həyatda baxışları daha çox danışdığı kimi, yazılarında da düşüncələri danışır.

Vaqif Osmanlının hekayə dili də çox rəvandır, oxucunu yormur. Təsvirlər o qədər cəlbedicidir ki, oxucu özünü hadisənin içində hiss edir. İnsanı duymaq, yaşananları yaşamaq, ibratamiz məqamlarla zəngindir.

Kitabı oxuduqca, Xoşbəxt nənənin Bayram dərdi, Oqtay Eldəgəzin “Vətən”, “Millət” deyərək dırnaq-dırnaq sızlayan qəlbinin sızıltıları … Tofiq Qəhrəmanovun tale sonluğu … hər dəfə gəmi ilə Neft Daşlarına gedib-gələrkən Nargin adasının yanından keçəndə müəllifin Müşfiqin və neçə-neçə Müşfiqlərin ruhları ilə söhbəti …, nakam istedadlı gənc şairlər – Məlik Cahanın eynəkli qızı … Rauf Ranın qazda boğulan səsinin yanğıları qəlbimi sızlatdı, içimi odladı.
Bu sızlantıların içində Ali Kafkasyalının Qafqazın qoçaq “Qafqaz qaçaqları”nın həyatı …, Safruhun milli dil göynərtisi …, ölkəsindən sürgün olanların hər gördükləri çaya “Araz” demələri …, doğmalarının qəfil düçar olduqları əlacsız ağrıların göz dərdi – yaşantıları …, bir yazarın deyə bilmədiyi, amma anlatdıqları da oldu.
… Simpozium uğuru, Neft Daşlarının dirəkləri kimi insanlarının da tufanda məğrur dayanmaları …, Xəzərin əsrarəngiz gecələrinin duyğuları da sevindirdi.


Nargin – Böyük Zirə adası. Vaqif müəllimin hər dəfə Neft Daşlarına – “Möcüzələr adası”na gedib-gələndə ruhların səsini duyması, Müşfiqin düşüncələrinə oy verməsini anladıqca nələr yaşadığını, nələr çəkdiyini oxuduqca, onu yaxşı tanıyan, Müşfiqi sevən adam kimi Vaqif müəllimlə o hissləri mən də yaşadım.
Ruhlarla söhbət insanda fərqli hisslər oyadır. Bəlkə də, yaşamaq elə budur. Yoxluqda varlıq axtarmaq, onu olan kimi qəbul etmək – onunla danışmaq, anlamaq…
Biz özümüz də duyduğumuz, anladığımızla bilikdə bir ruhuq. Ruh adamları bunu daha yaxşı anlayırlar. Elə ona görə də o qədər adam içində təkcə Vaqif müəllim göyərtəyə çıxıb doğma ruhların səslərini eşitmək, dinləmək istəyir. Onları eşidən, dinləyən, unutmayanların olduğunu hiss etsinlər deyə. Əslində, yaşamaq duyaraq yaşamaqdır. Yəqin Müşfiq də Vaqif müəllimin olacağı gəminin keçəcəyi günü gözləyirmiş. Görmək, görüşmək, salamlaşmaq üçün. Görmədiyin, amma sevdiyin, ruhən yaxın olduğun insanla doğmalar kimi görüşmək, söhbət edib: “yenə gələcəm”, – demək gözəldi. Bu insan yaşantılarıdı.
Ruhu doğmalıq bütün doğmalıqlardan üstündür. Təmənnasız, öhdəliksiz – sevgi dolu.

Vaqif müəllimin də ürəyindən Araz boyda Qara çay keçir. O qədər də böyük olmayan, amma doğmaları ayıran, dərdli, soyuq Qara çay.
“Görəsən bütöv Azərbaycan olmaq üçün bizə nə qədər Araz lazımdır?!”

“1957-ci ildə Oqtay Eldəgəzlə böyük ziyalı, alim Xudu Məmmədovun tanış olması yeni siyasi təşkilatın yaranmasına təməl oldu. Bu iki vətənsevər və millətsevər insan tərəfindən milli mübarizənin şərti cizgiləri çəkilməyə başladı və nəticədə 1962-ci il dekabrın 27-də 95 nəfər milli ziyalını ətrafında birləşdirən “Milli Azadlıq Qərargahı” (MAQ) fəaliyyətə başladı”.
Kitab sovetin qılıncının dalının belə kəsən vaxtlarında müstəqillik üçün mübarizə aparan MAQ-nın üzvləri olan MİLLƏT FƏDAİLƏRİni bizə tanıtdı:

  1. Oqtay Eldəgəz – MAQ-ın sədri;
  2. Xudu Məmmədov – birinci müavin;
    1. Yusif Məmmədəliyev – akademik, elmi məsələlər üzrə müavin;
    2. Əlisöhbət Sumbatzadə – akademik;
    3. Sadıq Rəhimov – 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri;
    4. Hüseyn Arif – şair;
    5. Əsədulla Qurbanov – professor;
    6. Bəxtiyar Vahabzadə – xalq şairi;
    7. Yusif Vəliyev – xalq artisti;
    8. Rüstəm Səfərəliyev – dövlət xadimi;
    9. Bəxtiyar Məmmədov – məşhur neftçi.

Daha iki millət fədaisinin yaddaşlarda qalan xatirəsi:
“1957-ci il mayın 28-də – Azərbaycan Xalq Cümhuriyyətin 39-cu ildönümü günündə Cahid Hilaloğlu və Çingiz Abdullayevin Qız qalasının üstündə üçrəngli bayrağımızı dalğalandırması milli hərəkatın işartısı sayılır”.

Vaqif müəllim qaçaqçılıq hərəkatından, onların ən mübarizlərindən nümunələrr gətirməklə tariximizi yaxşı bilməməyimizin utancını yumaq istəyir.
Dəyərli alim, professor Ali Kafqasyalının “Qartallar sınır tanımır”, “Qafqaz qaçaqları” kitablarını təhlil edir və qaçaqların Vətənin azadlığı – Azərbaycanın müstəqilliyi uğrunda apardıqları mücadilələrindən və sonda düşmənin əlinə keçməmələri üçün özlərini öldürməyi üstün tutmalarını misallarla verir (Məcidi Məcid vurdu). Millətin azadlığı uğrunda ac-yalavac dağlara çəkilən qaçaqların bolşeviklərə, ermənilərə qarşı mübarizəsində qadınlarımızın – qızlarımızın da vuruşduğunu – Qaçaq Süleyman adıyla döyüşən Gülsümün timsalında onların qətiyyətini, mərdliyini bir daha oxuculara çatdırır.

Vaqif Osmanlı həyatının 43 ilini həsr etdiyi – işlədiyi Neft Daşlarına olan sevgisi, onun əsrarəngiz gecələrinin yaradıcılığına verdiyi tövhələri sevə-sevə qələmə alır.
Ömrünü dağlar və dənizlə yarıya bölən Vaqif Osmanlı keçmişinə xatirə dolu sevgiylə boylanır. Xeyirxah insanları sevgilə yad edir.
Sevimli ustadı Əsəbəli Osmanlını xoş sözlərlə xatırlayır.
Müəlliflərin yaradıcılığına işıq salan İşıq Adam onlara sevgiylə yanaşır.
Vaqif müəllimin yazılarında onun coğrafiya müəllimi olması açıq hiss olunur. Dağ, Ay, Günəş, meşə, dəniz, quşlar, yağış, bulud… Təbiətin ədəbiyyatda təsviri və tərənnümü – vəhdət.
Vaqif Osmanlının təsvirə, tərənnümə yönələn duyumu gözəldir. Məncə hər şey duymaqdan başlayır. Ürək duyduğunu istənilən formada ifadə edə bilir.
Bəzi insanların Qu-qu quşuna bənzətməsi…
Vaqif Osmanlının təbiət bənzətmələri çox gözəldi: “lalələr tarlalarda tonqal qaladılar“, “dağ başında əmmamə”, “çaylar hirslənib özlərinə sığmırdılar”, “çiçəklər arılara naz satır”, “arılar güllərlə öpüş üçün dolaşırdılar”…

Qarabağ müharibəsinin ağrıları, yaşantıları, anaların, xanımların dəyanəti, mətanəti, dözümü əsərlərdə xüsusi vurğulanır.

İşıq adamın o qaranlıq gecələrdə vərəqlərə işıq saçan söz işığı yaddaşımıza da işıq saldı. Hər sözü yaddaş olan sözü – deyimi, anımı…

Aforizmlər deyən Vaqif müəllimin aforizmlərdən yerində istifadəsi və Qandi düşüncəsinə xüsusi sevgisi də maraqlıdır.
Vaqif Osmanlının 2022-ci ilin 9-12 oktyabrında Türkiyənin Əzincan şəhərində düzənlənən Uluslararası Türk Dünyası Simpoziumun 800 nəfərlik nümayəndələr içərisindən seçilərək simpoziumun panel iclasının aparıcılıq etməsi və qaçaqlarla bağlı məruzəsinin böyük müzakirəyə səbəb olması bir Azərbaycan türkü olaraq məndə yaratdığı qürurun üstünə çıxış mətnini kitabda oxuyandan sonra böyük bir sevinc də gəldi.

İşıq adamın vərəqlərə işıq saçan, hər sözü yaddaş olan söz işığından bəhrələndik.
Oxuduqca, vərəqlər insanın içini vərəqlədən “70 yaşın işığında” kıtabı yolumuza işıq saldı. Yazılanlar həm yatanları oyatdı, həm də yatırılanları.

“Oxunası kitablar” seriyasından olan bu kitabı Vaqif Osmanlının sevilən “Oxunan dualar” kitabının davamı kimi də qəbul etmək olar.

Hörmətlə: Rəfail TAĞIZADƏ 

şair-publisist

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

                                                                                                           

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir