Etiket arxivi: Vaqif Osmanlı – 70

Vaqif Osmanlının “70-in işığında” adlı kitabının təqdimat mərasimi keçirilib

Vaqif Osmanlının “70-in işığında” adlı kitabının təqdimat mərasimi keçirilib

3 Oktyabr 2026-cı ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, “Ədəbi Ovqat” dərgisinin baş redaktoru, şair və publisist Vaqif Osmanlının “Röyal” otelin konfrans zalında “70-in işığında” adlı kitabının təqdimat mərasimi keçirilib.

Kitabın redaktoru Rəfail Tagızadədir. Kitab müəllifin sayca – 7-ci kitabıdır.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Təqdimat mərasimini aparan Rəfail Tağızadə qonaqları salamlayaraq Vaqif Osmanlının zəngin yaradıcılıq yolundan, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, publisistik və ictimai fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, müəllif ömrünün yetmiş illik həyat və yaradıcılıq yolunu özündə əks etdirən bu kitab həm xatirələr, həm düşüncələr, həm də mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, “70-in işığında” kitabı müəllifin keçdiyi ömür yoluna, həyat təcrübəsinə, yaradıcılıq axtarışlarına və milli-mənəvi dəyərlərə bağlılığını əks etdirən dəyərli nəşrdir. Kitab oxucunu müəllifin düşüncə dünyasına səyahət etdirir, müxtəlif dövrlərdə qələmə alınmış yazılar, xatirələr və həyat müşahidələri ilə zəngindir.

Tədbirdə çıxış edən ədəbiyyatçı alimlər Lütviyyə Əsgərzadə və Məti Osmanoğlu, yazıçı, Əməkdar jurnalist Zemfira Məhərrəmli, yazıçı və şairlər Azad Qaradərəli, Ağacəfər Həsənli, Təranə Məmməd, Süleyman Abdulla, Mikayıl Bozal, Xeyrulla Ağayev, Bəhruz Məmmədov, Nicat Həşimzadə, Nemət Mətin, Miri Rəsulzadə, Azər Qismət, Zaur Ustac, Pərvanə Bayramqızı, Lalə İsmayıl, Əmək Qəhrəmanı Tərlan Musayeva, tanınmış aktyor Arif Həkimoğlu, yubilyarın gənclik dostu Xıdır Sadıqov və Azadə Quliyeva Vaqif Osmanlının zəngin yaradıcılıq yolundan, Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən, yüksək insani keyfiyyətlərindən və vətənpərvər mövqeyindən bəhs ediblər. Natiqlər qeyd ediblər ki, Vaqif Osmanlı özünəməxsus dəst-xətti, milli düşüncəsi və mənəvi dəyərlərə bağlılığı ilə müasir Azərbaycan ədəbiyyatında seçilən söz adamlarından biridir.

Bildirilib ki, “70-in işığında” kitabı müəllifin ömür yolunu, həyat fəlsəfəsini və yaradıcılıq axtarışlarını əks etdirən sanballı nəşr olmaqla yanaşı, oxucular üçün də dəyərli mənəvi qaynaqdır.

Çıxış edənlər yubilyarı 70 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və uzun ömür arzulayıblar.

Sonda Vaqif Osmanlı tədbirin təşkilatçılarına, çıxış edənlərə və oxucularına minnətdarlığını ifadə edib. Müəllif kitabın ərsəyə gəlməsi prosesindən danışaraq, bu nəşrin onun ömür yolunun, həyat fəlsəfəsinin və yaradıcılıq düşüncələrinin bir ifadəsi olduğunu bildirib.

Təqdimat mərasimi xatirə şəkillərinin çəkilməsi, müəllif tərəfindən kitabların imzalanması və oxucularla səmimi söhbətlə başa çatıb.

Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac “Yazarlar” cameəsi adından Vaqif Osmanlıya “Durna teli – Qızıl qələm” və “Əsrin yazarı” mükafatlarını təqdim edib.

“Yazarlar” olaraq, Vaqif Osmanlını təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Tədbirdən fotolar:

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

İŞIĞIN İŞIĞINA

İŞIĞIN İŞIĞINA

Söz sözü çəkib apardığı kimi, adamı da özü ilə aparır. Cazibəsinə salır. Özün də bilmədən onun əsirinə çevrilirsən. Yazdıqlarının şeir, hekayə, … təhlil, münasibət olacağı səni tutan sözdən asılıdır. Ruhuna yatan sözdən.
Könlünü oxşayan sözə söz qoşan Vaqif Osmanlı tanıdığı, tanımadığı müəllifin diqqətini çəkən əsərinin görünməyən tərəflərinə işıq salır, özünün güclü təxəyyül təhlili ilə müəllifi təəccübləndirə bilir. Müəlifi də, əsəri də oxuculara Vaqif Osmanlı imzasıyla sevdirir.
“70-in işığında” kitabı Vaqif Osmanlını oxucusuna şair, nasir, təhlil və araşdırmaçı olaraq tanıtımıdır.

Vaqif Osmanlı insanı söz-söz, baxış-baxış duyur. Və duyduqlarını yazır. O, yazdıqları ilə baş-başadır. Həyatda baxışları daha çox danışdığı kimi, yazılarında da düşüncələri danışır.

Vaqif Osmanlının hekayə dili də çox rəvandır, oxucunu yormur. Təsvirlər o qədər cəlbedicidir ki, oxucu özünü hadisənin içində hiss edir. İnsanı duymaq, yaşananları yaşamaq, ibratamiz məqamlarla zəngindir.

Kitabı oxuduqca, Xoşbəxt nənənin Bayram dərdi, Oqtay Eldəgəzin “Vətən”, “Millət” deyərək dırnaq-dırnaq sızlayan qəlbinin sızıltıları … Tofiq Qəhrəmanovun tale sonluğu … hər dəfə gəmi ilə Neft Daşlarına gedib-gələrkən Nargin adasının yanından keçəndə müəllifin Müşfiqin və neçə-neçə Müşfiqlərin ruhları ilə söhbəti …, nakam istedadlı gənc şairlər – Məlik Cahanın eynəkli qızı … Rauf Ranın qazda boğulan səsinin yanğıları qəlbimi sızlatdı, içimi odladı.
Bu sızlantıların içində Ali Kafkasyalının Qafqazın qoçaq “Qafqaz qaçaqları”nın həyatı …, Safruhun milli dil göynərtisi …, ölkəsindən sürgün olanların hər gördükləri çaya “Araz” demələri …, doğmalarının qəfil düçar olduqları əlacsız ağrıların göz dərdi – yaşantıları …, bir yazarın deyə bilmədiyi, amma anlatdıqları da oldu.
… Simpozium uğuru, Neft Daşlarının dirəkləri kimi insanlarının da tufanda məğrur dayanmaları …, Xəzərin əsrarəngiz gecələrinin duyğuları da sevindirdi.


Nargin – Böyük Zirə adası. Vaqif müəllimin hər dəfə Neft Daşlarına – “Möcüzələr adası”na gedib-gələndə ruhların səsini duyması, Müşfiqin düşüncələrinə oy verməsini anladıqca nələr yaşadığını, nələr çəkdiyini oxuduqca, onu yaxşı tanıyan, Müşfiqi sevən adam kimi Vaqif müəllimlə o hissləri mən də yaşadım.
Ruhlarla söhbət insanda fərqli hisslər oyadır. Bəlkə də, yaşamaq elə budur. Yoxluqda varlıq axtarmaq, onu olan kimi qəbul etmək – onunla danışmaq, anlamaq…
Biz özümüz də duyduğumuz, anladığımızla bilikdə bir ruhuq. Ruh adamları bunu daha yaxşı anlayırlar. Elə ona görə də o qədər adam içində təkcə Vaqif müəllim göyərtəyə çıxıb doğma ruhların səslərini eşitmək, dinləmək istəyir. Onları eşidən, dinləyən, unutmayanların olduğunu hiss etsinlər deyə. Əslində, yaşamaq duyaraq yaşamaqdır. Yəqin Müşfiq də Vaqif müəllimin olacağı gəminin keçəcəyi günü gözləyirmiş. Görmək, görüşmək, salamlaşmaq üçün. Görmədiyin, amma sevdiyin, ruhən yaxın olduğun insanla doğmalar kimi görüşmək, söhbət edib: “yenə gələcəm”, – demək gözəldi. Bu insan yaşantılarıdı.
Ruhu doğmalıq bütün doğmalıqlardan üstündür. Təmənnasız, öhdəliksiz – sevgi dolu.

Vaqif müəllimin də ürəyindən Araz boyda Qara çay keçir. O qədər də böyük olmayan, amma doğmaları ayıran, dərdli, soyuq Qara çay.
“Görəsən bütöv Azərbaycan olmaq üçün bizə nə qədər Araz lazımdır?!”

“1957-ci ildə Oqtay Eldəgəzlə böyük ziyalı, alim Xudu Məmmədovun tanış olması yeni siyasi təşkilatın yaranmasına təməl oldu. Bu iki vətənsevər və millətsevər insan tərəfindən milli mübarizənin şərti cizgiləri çəkilməyə başladı və nəticədə 1962-ci il dekabrın 27-də 95 nəfər milli ziyalını ətrafında birləşdirən “Milli Azadlıq Qərargahı” (MAQ) fəaliyyətə başladı”.
Kitab sovetin qılıncının dalının belə kəsən vaxtlarında müstəqillik üçün mübarizə aparan MAQ-nın üzvləri olan MİLLƏT FƏDAİLƏRİni bizə tanıtdı:

  1. Oqtay Eldəgəz – MAQ-ın sədri;
  2. Xudu Məmmədov – birinci müavin;
    1. Yusif Məmmədəliyev – akademik, elmi məsələlər üzrə müavin;
    2. Əlisöhbət Sumbatzadə – akademik;
    3. Sadıq Rəhimov – 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri;
    4. Hüseyn Arif – şair;
    5. Əsədulla Qurbanov – professor;
    6. Bəxtiyar Vahabzadə – xalq şairi;
    7. Yusif Vəliyev – xalq artisti;
    8. Rüstəm Səfərəliyev – dövlət xadimi;
    9. Bəxtiyar Məmmədov – məşhur neftçi.

Daha iki millət fədaisinin yaddaşlarda qalan xatirəsi:
“1957-ci il mayın 28-də – Azərbaycan Xalq Cümhuriyyətin 39-cu ildönümü günündə Cahid Hilaloğlu və Çingiz Abdullayevin Qız qalasının üstündə üçrəngli bayrağımızı dalğalandırması milli hərəkatın işartısı sayılır”.

Vaqif müəllim qaçaqçılıq hərəkatından, onların ən mübarizlərindən nümunələrr gətirməklə tariximizi yaxşı bilməməyimizin utancını yumaq istəyir.
Dəyərli alim, professor Ali Kafqasyalının “Qartallar sınır tanımır”, “Qafqaz qaçaqları” kitablarını təhlil edir və qaçaqların Vətənin azadlığı – Azərbaycanın müstəqilliyi uğrunda apardıqları mücadilələrindən və sonda düşmənin əlinə keçməmələri üçün özlərini öldürməyi üstün tutmalarını misallarla verir (Məcidi Məcid vurdu). Millətin azadlığı uğrunda ac-yalavac dağlara çəkilən qaçaqların bolşeviklərə, ermənilərə qarşı mübarizəsində qadınlarımızın – qızlarımızın da vuruşduğunu – Qaçaq Süleyman adıyla döyüşən Gülsümün timsalında onların qətiyyətini, mərdliyini bir daha oxuculara çatdırır.

Vaqif Osmanlı həyatının 43 ilini həsr etdiyi – işlədiyi Neft Daşlarına olan sevgisi, onun əsrarəngiz gecələrinin yaradıcılığına verdiyi tövhələri sevə-sevə qələmə alır.
Ömrünü dağlar və dənizlə yarıya bölən Vaqif Osmanlı keçmişinə xatirə dolu sevgiylə boylanır. Xeyirxah insanları sevgilə yad edir.
Sevimli ustadı Əsəbəli Osmanlını xoş sözlərlə xatırlayır.
Müəlliflərin yaradıcılığına işıq salan İşıq Adam onlara sevgiylə yanaşır.
Vaqif müəllimin yazılarında onun coğrafiya müəllimi olması açıq hiss olunur. Dağ, Ay, Günəş, meşə, dəniz, quşlar, yağış, bulud… Təbiətin ədəbiyyatda təsviri və tərənnümü – vəhdət.
Vaqif Osmanlının təsvirə, tərənnümə yönələn duyumu gözəldir. Məncə hər şey duymaqdan başlayır. Ürək duyduğunu istənilən formada ifadə edə bilir.
Bəzi insanların Qu-qu quşuna bənzətməsi…
Vaqif Osmanlının təbiət bənzətmələri çox gözəldi: “lalələr tarlalarda tonqal qaladılar“, “dağ başında əmmamə”, “çaylar hirslənib özlərinə sığmırdılar”, “çiçəklər arılara naz satır”, “arılar güllərlə öpüş üçün dolaşırdılar”…

Qarabağ müharibəsinin ağrıları, yaşantıları, anaların, xanımların dəyanəti, mətanəti, dözümü əsərlərdə xüsusi vurğulanır.

İşıq adamın o qaranlıq gecələrdə vərəqlərə işıq saçan söz işığı yaddaşımıza da işıq saldı. Hər sözü yaddaş olan sözü – deyimi, anımı…

Aforizmlər deyən Vaqif müəllimin aforizmlərdən yerində istifadəsi və Qandi düşüncəsinə xüsusi sevgisi də maraqlıdır.
Vaqif Osmanlının 2022-ci ilin 9-12 oktyabrında Türkiyənin Əzincan şəhərində düzənlənən Uluslararası Türk Dünyası Simpoziumun 800 nəfərlik nümayəndələr içərisindən seçilərək simpoziumun panel iclasının aparıcılıq etməsi və qaçaqlarla bağlı məruzəsinin böyük müzakirəyə səbəb olması bir Azərbaycan türkü olaraq məndə yaratdığı qürurun üstünə çıxış mətnini kitabda oxuyandan sonra böyük bir sevinc də gəldi.

İşıq adamın vərəqlərə işıq saçan, hər sözü yaddaş olan söz işığından bəhrələndik.
Oxuduqca, vərəqlər insanın içini vərəqlədən “70 yaşın işığında” kıtabı yolumuza işıq saldı. Yazılanlar həm yatanları oyatdı, həm də yatırılanları.

“Oxunası kitablar” seriyasından olan bu kitabı Vaqif Osmanlının sevilən “Oxunan dualar” kitabının davamı kimi də qəbul etmək olar.

Hörmətlə: Rəfail TAĞIZADƏ 

şair-publisist

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

                                                                                                           

Rəfail Tağızadə – İşıq adam

70 yaşınız mübarək, ömürlərə işıq salan əziz və dəyərli Vaqif müəllim! Nə yaxşı ki varsız, sözə dəyər verən İnsan!

İŞIQ ADAM

Həyat qəribəlikləri ilə gözəldir. Bəzən elə zamanda qarşına elə insanı çıxarır ki, heç vaxt ağlına belə gəlməyən, təsəvvür etmədiyin qədər sevinməli olursan. O insanla doğmalaşırsan. Mənəvi qidana çevrilir. Söhbətləşib, bölüşürsən. Dolursan, boşalırsan. Ərk yerinin biri də artır. Dost deyib, kürək çevirəcəyin, sözə sığınan kimi sığınacağın olur. Görməyəndə, on illərdir tanıdığın adam kimi özünə, sözünə, səsinə, gülüşünə, fikrinə darıxırsan. Narahat olursan. Bəlli bir yaşın tapdığı dost qazancdır. Tanrıdan gələndir. Ürək qızdırırsan, ürəyin qızınır. Sözün-söhbətin şirinləşir. Yeni bir mən olur. Əksiklərin tamamlanır. Bunu son tapıntılardan biri kimi qəbul edirsən.  Bu yaşınmı, taleyinmi bəxşidir, bilmirsən. Sonda verilən şirin olur deyib: “Xoş gəlmisən!” söyləyirsən. Səni sevindirənlərin biri də artır.  Artıq elə məqamdayıq ki, ətrafımızdakılara diqqət yetirməli oluruq. Yanımızda kimlər var?..   Çox şükürlər ki, yanımızda dost dediyimiz, ürək qızdırdığımız, sirlərimizi bölüşdüyümüz insanlar var. Bizim də sərvətimiz budur.   Mən bundan böyük sərvət tanımıram. Bir sözlə, bir baxışla, susmaqla səni duyan insanları, dostları olanlar dünyanın ən xoşbəxt insanlarıdır. Bu sənin qiyməti bütün kapitallardan üstün olan insan kapitalındır. Fəxrlə hamıya təqdim etdiyin qazandığın sərvətindir. Demək ki, dünyanın ən zəngin və xoşbəxt insanı sənsən.   Vaqif Osmanov onu tanıyanlar üçün ən böyük sərvətdir, dəyişməz kapitaldır. Həm də ədəbiyyatımızın, düşüncəmizin kapitalıdır.    Xoşuna gələn, könlünə yatan əsər haqqında yazdığı ən kiçik yazı bir kitab qədərdir. Bu müəllif üçün də, oxucu üçün də belədir.     O, müəllifin özünün görmədiyini, duymadığını, ağlına belə gəlməyəni yazının içərisindən çıxarıb elə təqdim edir ki, təəccüb qalırsan. “Mən niyə bunu görməməşəm, hiss etməmişəm”, – deyirsən özün-özünə.   Hamıya nəsib olmayan duymaq, hiss etmək, başqasının yaşadığını yaşamaq, olanları içindən, qəlbindən keçirtməklə yazmaq hamının gücündə deyil. Bu, İlahidən gələndir. Bu İşıqlı Adamın işidir. Çünki ancaq o, yazını oxuyaraq yazı sahibinin daxilini, demək istədiyini, amma demədiyini görə bilər.   Vaqif müəllimin yazısından sonra nə qədər müəllifin üzündəki sevinc və təccübündə bunu oxumuşam. Ona görə də yazıdan adamı görən bu adamı tanıyanların hamısı sevir, hörmət edir, dəyərləndirir. Gec tanımayanlarsa, heyslənir.  Vaqif Osmanov İşıq Adam olmaqla bərabər, həm də çox safdır. Bu saflıq onun Dəniz Adam olmasından irəli gəlmir. O qədər dənizdə uzun illər işləyən, dəniz kənarında doğulub-böyüyən fərqli insanlar görmüşük ki. Bu saflıq yaranışdan, ailədən, nəsildən gələndir. Vaqif müəllimin ailəsini, nəslini, doğmalarını tanıdıqca, bu belə də olmalıdır düşüncəsində olursan.  Bütün bunlardan başqa onda İlahidən gələn fitri bir istedad da var. Yazıdan insanı oxumaq bacarığı və istifadə etdiyi söz və düşüncə zənginliyi onun yazısını daha oxunaqlı və yaddan qalan edir. Sadə olduğu qədər də daxilən zəngin, hər yazısı bir kitab olan Vaqif Osmanovun müəllifi olduğu bir kitabı var, “Oxunan dualar“ kitabı. Fikir, düşüncə və aforizmlərlə zəngin olan bu kitabı birnəfəsə oxumaq mümkün deyil. Hər fikri, düşüncəsi düşünmək tələb edən bu kitab çoxlarının tez-tez müraciət etdiyi kitabına çevrilib.  “Dua” – çağırışdır. İnsanı qayğıya, diqqətə, mərhəmətə, insanlığa səsləməkdir. Dua dini anlamdan daha çox mənəvi səslənişdi, daxili dünyamızın səsiylə, səssizliyi ilə. Vaqif Osmanovun “Oxunan dualar”ı kamilliyə doğru yola çıxan insanların yol xəritəsidir. Bu kitabdakı mətləblər ülvi hisslərdən – Vətən, torpaq, insan sevgisindən mayalanıb. “İşığın işığa, qaranlığın qaranlığa hamilə olduğu, qaranlığın heç vaxt işıq doğmadığı bu məchul cəmiyyətin nəbzini tutmağın çətinliyini” yaxşı anlayan bu söz adamına görə, cəmiyyətin ağrılarını şəfqətli “dualar”la, əlahəzrət sözlə sağaltmaq ən yaxşı müalicədir. Vaqif müəllimin söz “həb”ləri anlayanlar üçün şipşirindir.  Söz müəllifin milli kimliyidir. Deyənin ağzından çıxan, yazanın qələmi ilə bəyaz vərəqləri naxışladığı sözlər həssas insanlara anladır ki, o, kimdir, məsləki, amalı nədir? Dövrümüzün ünlü filosofu Safruh Atalı Vaqif müəllimin “dualar”ını “eşidəndə” yazdığı iki cümlə “dua”çıya böyük qiymətdir: “Qamiştala (Balakəndə Vaqif müəllimin doğulduğu kiçik kənd – R.T.) səninlə dünyanın ülvilik yurdudur. Sənin Öz varlığın xalq dəyəridir – biz buna inanmalı və inandırmalıyıq”. Vaqif müəllim sözə doğması, həm də müqəddəs varlıq kimi yanaşır. Bunu onun 1000-ə qədər Vətən, millət, azadlıq, hünər, ana dili, həyat, mübarizə, məqsəd, inam, sevgi, elm, ağıl, ziyalı, əmək, birlik, tamah, ədəbiyyat, musiqi, dövlət, siyasət, idarəetmə və digər milli mənəvi dəyərləri, insanların müsbət və mənfi xislətlərini göstərən deyimləri sübut edir. Bu deyimlərdə həyatımızın elə bir sahəsi, anı yoxdur ki, toxunulmasın.   V.Osmanov yorulmaz araşdırmaçı – yazar kimi minlərlə atalar sözlərini, zərb-məsələri fikir süzgəcindən keçirib bu folklor nümunələrində əxlaq, etika, vətən və yurdsevərlik, əmək tərbiyəsi kimi ümdə hissləri, təbiətə münasibəti incələməklə insanları bütövlüyə, kamilliyə çağırır. Onun deyimlərindən örnəklər:

“Ol mənə dilbər, gedərəm davaya” təmənnası ilə Vətəni qorumağa gedəndən qəhrəman olmaz.
Ucu-bucağı görünməyən “Çin səddi” tikilməsinə səbəb olan Türk cəsarətinin həsrətindəyəm.
Mütləq Tomiris anaların xələfləri Balayanların, Köçəryanların, Sakisyanların və digər insanabənzər məxluqların murdar, eybəcər başlarını qan gölündə çimizdirəcəklər. Axı şərəfli tarix təkrar olunur.
Qızılgül müharibələri İngiltərədə, qızılgül plantasiyaları isə Zaqatalada olub. Hər xalqın öz xisləti var.
Hətta küləklərimiz – xəzri və gilavar millidir. Bəs biz niyə millilikdən uzaqlaşırıq?
Qorxunun qorxulu düşməni cəsarətdir.
Qarşımdakı insanın müti və kölə olmasını istəyirəmsə, mən də qorxağam.
Bəxtiyar Vahabzadə poeziyamızın “Gülüstan”ını və “Muğam”ını yaradan cəsarətli müdrikdir.
Dünyanın əksər xalqları indi də Üzeyir bəy Hacıbəyli adlı Günəşin işığına həsrətdirlər.
Azad Mirzəcanzadə nəhəng aysberq kimidir, onun görünməyən üçdə iki hissəsini görmək üçün ağlımızın gözü tam açıq deyil.
Sokrat Yunanıstanın “xalq filosofu” olmaq istəmədi, çünki belə dar çərçivəyə sığmazdı.
Gözəl gözəldir, poeziya isə gözəllər gözəlidir.
İnsanın bir-birini görə bilməyən iki gözü: ağlın da gözləri ola bilər, nadanlığın da.
İnsanı kamilləşdirən tənqiddir, özünütənqid.
Həqiqət – yalanın qatili.
Mən nə üçün yaşayıram.? Hər an özümə bu sualı verməsəm ölləm.
Bütün xəstəliklərin anası ümidsizlikdir.
Keçmişə həddən artıq vurğunluq gələcəyimizin xətrinə dəyər.
Təpə zirvəyə paxllıq edir. Ancaq anlamır ki, zirvə zirvə olunca təpəsinə nə qədər zərbə dəyib.
Qlaballaşma manqurtlaşmadırmı?
Elmsiz insan anasının dalınca qaçan yeni doğulmuş at balasına bənzəyir. At gözdən itən kimi qulun özünü itirir, hara gedəcəyini bilmir, müxtəlif istiqamətlərə qaçaraq yerində qalır.
O, tamah “köhlən”inin yüyənini çoxdan itirmişdi.
Sözə dəyər verən Vaqif müəllimin yazıları da deyimləri qədər dolğun və maraqlıdır. Diqqətçəkəndir. Özünəməxsusdur. Düşündürücüdür.
İnsanda, yazıda, əsərdə işıq axtaranın yazısının hər sözündə ümid var. Müəllifdə həvəs və gələcək yaradıcılığa yol göstərən ümid. Bu ümid yazarın gələcək yazılarına sonu görünməyən işıq salır.

Hörmətlə: Rəfail TAĞIZADƏ 

şair-publisist

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu gün Vaqif Osmanlının doğum günüdür – Təbrik!

Dəyişməyən insan haqqında dəyişməyən fikirlərim:

Vaqif Osmanov niyə sevilir?

Əminəm ki, cavab vermək istəyən çoxdur. Üstəlik “niyə də sevilməsin?” deyə sual da verəcəksiniz. Elə isə çoxunun əvəzindən özüm cavab verim: saflığı geniş ürəyi olan, təmənnasız adam sevilməzmi? Bir dəfə təklif etmişdim ki, ona “Gənclərin dostu” titulu verilsin. Sonra düşündüm ki, bu çox az olar Vaqif müəllim bütövlükdə insanların dostudur. Onun ədəbiyyat bilgisinə, bədii təxəyyülünə, geniş mütaliəsinə bələd olanlar onu məni kimi filoloq zənn edirlər, əslində isə coğrafiya elminin adamıdır. Elm sahələrinin adamlarını təsnifləşdirəsi olsaq, mübahisəmiz incikliklə yekunlaşar.

Coğrafiyaşünaslar onu ədəbiyyata verməzlər, ədəbiyyatçılar da Vaqif Osmanovu hər vəchlə öz sahələrinə çəkərlər. Vaqif müəllim ona görə sevilir ki, ədəbiyyata “qazancım nə olacaq?” fikri ilə xidmət etmir. Onun insanlara yaxşılıq etmək kimi missiyası var. Mətnin dəyərini hər şeydən vacib sayır. Yazılanı oxuyacaq, yaxşıdırsa, mütləq fikirlərini qələmə alacaq. Çoxu istəyir ki, yazdıqlarını Vaqif Osmanov təhlil etsin. Çünki sözbəsöz, cümləbəcümlə oxuyur, hər bir ifadəyə münasibət bildirir. Mətnə yazıçının özündən də çox bələd olur. O, həm yazıçının ötürmək istədiklərini olduğu kimi duyur, həm də maraqlı interpretasiyalarla çıxış edir. Adam öz yazdıqlarını Vaqif Osmanovun qələmində təzədən sevir. O qədər gözəl təhlil edir ki, az qalırsan təzədən onun təhlil etdiyi kimi yazasan.

Vaqif Osmanov nəzərə almır müəllifin vəzifəsi var ya yox, onunçün müəllifin tanınmış olub-olmaması da maraqlı deyil. Yaxşı mətni təbliğ edir, gözləmir kimsə ona yaltaqlansın, o da əvəzində onun yazdığını oxuyub təhlil etsin. Vaqif müəllim paxıl da deyil ki, kiminsə yaxşı yazısını görməzdən gələ. Şöhrətpərəstlikdən uzaq olduğu üçün yalnız məmur yazıçıların yazdıqları haqqında yazmır. Fikrimcə, bu dövrdə ədəbiyyata təmənnasız xidmət edən ən saf adam Vaqif Osmanovdur.

Ədəbi paxıllıqdan, xəsislikdən uzaq, sözə dəyər verən Vaqif Osmanov tənqidçi deyil ee, yaxşı mətnlərin ədəbi mühafizəçisidir. Onun yaradıcılıq fondunda xeyli müəllifin əsərləri var ki, öz yazıları qədər onların da “üstündə əsir” Bu kiçik yazı onun nə qədər dəyərli insan olduğunu ifadə edə bilməz. Vaqif Osmanovun kim olduğunu yazdıqları aydınca göstərir. Bütün gənc yazarlar (gənc olmayanlar da) bilirlər ki, o hər tənqidçi ilə müqayisə edilə bilməz. Vaqif Osmanov Vaqif Osmanovdur… “o biri “V”lardan deyil”. (Salam Qədirzadənin təbirincə)

Hörmətlə: Pərvanə BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə

DAHA ÇOX XƏBƏR – ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu təbrik edir

Vaqif Osmanov- 70

Ədəbi tənqidə 1979- cu ildə Balakən rayonunda müəllim işləyərkən gəlib. Daha doğrusu, Gəray Fəzlinin “Yeddi ulduzlu səma” romanını oxuyandan sonra buna qərar verib. Bəli, bugünkü söhbətimin qəhrəmanı hidrometoroloq olsa da, həm də söz adamıdır…

Deyir ki:- “Söz sənətinin hər dövrünün özünəməxsusluğu var. Müasir nəsr artıq cild-cild romanlar dövrünü arxada qoyub. İndi vaxtın qıtlığı, informasiyaların bolluğu zamanıdır. Ona görə də hekayə, povest, roman həcmini dəyişib. Yığcam, konkret, geniş informasiyalı nəsr əsərləri çox oxunur. Özüm də böyük həcmli əsərləri oxumuram. Hövsələm və vaxtım çatmır. O vaxt oxuduğum Zahid Sarıtorpağın “Quşların intiharına inanmayın” romanındakı hadisələr məni, necə deyərlər, yerimdən tərpətdi. Yazıçı bu günün reallıqlarını ustalıqla həcmcə kiçik, mənaca dolğun romana yerləşdirib. Kənan Hacının, Ataqamın, Yaşar Bünyadın, Ayaz İranooğlunun hekayə və povestləri, Pərvanə Bayramqızının hekayələri, Əli bəy Azərinin Qarabağ müharibəsi haqqında əsərləri maraqlıdır. Ən başlıca məsələ isə gerçəkliyi, həqiqəti yazmaqdır. Bəzək-düzəksiz olsun, oxucunu inandırsın. Bəli, əsas meyar budur mənim üçün.”

1956-cı ilin avqust ayının 26-da Balakən rayonunun Qamıştala kəndinə anadan olub, 1973-cü ildə Qaravəli kənd orta məktəbini bitirib. 1973-1977- ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. Oranı bitidikdən sonra dörd il Balakən rayonunda müəllim işləyib. Balakən rayonunun “Şən həyat”, ADPU-nun “Gənc müəllim”, eləcə də “Azərbaycan gəncləri”, “Azadlıq”, “Rezonans”, “Azad qələm”, “Ədalət”, “Aktual qəzet”, “Ruzigar”, İnamın gəlişi” qəzetlərində, “Elm və həyat”, “Xəzan”, “Əfsun”, Türkiyədə nəşr olunan “Hece taşları” dərgilərində şeirləri, hekayələri, publisistik yazıları, elmi, ədəbi-tənqidi yazıları dərc olunub. Bir sözlə, ölkədə bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin müəllifi kimi tanınır. Eyni zamanda, uşaqlar üçün ingilis dilindən tərcümələr də edib…

…Bəlkə də heç özü də bilmir, o anadan olanda həftənin bazar günü olub. Bazar günü dünyaya gələnlər isə Günəş tərəfindən idarə olunur, təbii xarizma, liderlik xüsusiyyətləri və yüksək həyat enerjisi ilə seçilirlər. Onlar optimizm, yaradıcılıq və uğur meyilliliyi kimi keyfiyyətləri daşıyan fərdlərdir. Odur ki, qəhrəmanım da, güclü iradəyə və idarəçilik bacarığına malikdir. Ətrafındakı insanları cəlb edən parlaq və isti aura var. Həvəsli, canlı və hər zaman hərəkətli quruluşu ilə seçilir. Həyata ümidlə baxır, çətinliklərə qarşı müsbət düşüncələrini itirmir. Sənətə, gözəlliyə və yenilikçi fikirlərə meyillidir…

“Mənim ixisasım coğrafiya müəllimi, pedaqoqdur, peşəm hidrometeoroloqdur. Sırf mənim peşəmlə bağlıdır deyə söyləyirəm. Bakı küləkər şəhəridir. Amma Bakı toponimi küləklər şəhəri mənasını vermir. Bəzi tədqiqatçılar onun adının “təpə” mənasında olduğunu yazırlar. Sara Aşurbəyli bu coğrafi adın “Bagi” qəbiləsinin adından yarandığını qeyd edir. Bu versiya daha inandırıcıdır. Ərəb səyyahları Bakıya gəlib onu “Badi-kubə” adlandıranda “Bakı” toponimi vardı. Hətta Xəzər dənizinin coğrafi adlarından biri Bakı olub. O ki qaldı niyə küləklər şəhəridir? Bəli, Bakının və Abşeron yarımadasının azı 250-300 günü küləkldir. Küləklərimiz də millidir- xəzri və gilavar. Bakının və Xəzər dənizinin küləkli olmasının əsas səbəbi coğrafi mövqeyidir. Şimal Büzlu okeanından gələn Kra antisiklonu Xəzərin şimalından Azərbaycana sanki dar dəhlizdən daxil olur. Yelçəkər yaradır. Mülayim qurşaqdan gələn hava kütlələri isti hava axını gətirir.”- söyləyir.

Maraqlı adamdır, ömrünün çox hissəsini müəllimliyə, hidrometeorologiyaya həsr etsə də, həm də yaxşı publisist və tərcüməçidir. O ki, qaldı onun bir insan kimi xarakterinə, qoy deyim, siz də bilin: Onun ən böyük gücü analitik düşüncə tərzidir. Problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün effektiv yollar tapa bilir. Həmçinin, səmimi və etibarlı dostdur. Onunla əməkdaşlıq etmək bir başqa aləmdir. Başqalarına kömək etməkdən xoşlanır, yardımsevərdir. Və ondan müdrik, uğurlu məsləhətlər almaq olar. Bir sözlə, özünütəkmilləşdirmə və öyrənmə arzusu onu zaman-zaman gözəl məsləhətçi kimi yetişdirə bilib. O, həm də sağlam həyat tərzinə və fiziki rifaha böyük önəm verir. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar, haqqında danışdığım Vaqif Osmanovda olduğu kimi…

Xülasə, avqust ayının 26-sı Vaqif müəllimin 70 yaşı tamam olacaq. Birdən elə düşünərsiniz ki, tələsmişəm, axı 26-na hələ qalır. Elə deyil, söz gəldisə gərək qarşısını almayasan…

…Çox yaşasın!..

Hörmətlə,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I