“MİSİR – SİRLİ VƏ RƏNGLİ DÜNYA”

“MİSİR – SİRLİ VƏ RƏNGLİ DÜNYA”

Rənglərin dili ilə mədəniyyətlər arasında qurulan sənət körpüsü,
21 oktyabr 2026-cı il tarixində “Təxəyyül Art Group”un təşkilatçılığı və Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə uşaq və yeniyetmələrin yaradıcılıq nümunələrini bir araya gətirən “MİSİR – SİRLİ VƏ RƏNGLİ DÜNYA” adlı rəsm sərgisi keçirildi.
Misirin qədim tarixi, zəngin mədəniyyəti və sirli dünyası gənc rəssamların təxəyyülündə rənglərə, obrazlara və bədii kompozisiyalara çevrilərək sərgi salonuna xüsusi ovqat bəxş etdi. Uşaqların fırçasından doğulan əsərlər onların istedadını, dünyagörüşünü və incəsənətə olan sevgisini nümayiş etdirməklə yanaşı, fərqli mədəniyyətlər arasında mənəvi bağların qurulmasına da töhfə verdi.
Sərgi uşaqların yaradıcılıq imkanlarının üzə çıxarılması, onların sənətə marağının təşviqi və Azərbaycan ilə Misir arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əlamətdar hadisə oldu.
Tədbiri giriş sözü ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, professor doktor Tarek Aboul Fotouh açdı. O, çıxışında uşaqların yüksək istedadını, Misir mövzusunda yaratdıqları bir-birindən maraqlı və rəngarəng rəsm əsərlərini xüsusi vurğuladı. Gənc rəssamları təbrik edən direktor onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzuladı.
Daha sonra “Təxəyyül Art Group”un rəhbər müavini, rəssam və qrafik dizayner Vüsalə Yunusova çıxış edərək Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri cənab Houssam Eldine Reda başda olmaqla bütün qonaqları, müəllimləri və şagirdləri salamladı. O, bu sərginin uşaqların istedadının üzə çıxarılması və yaradıcılıq həvəslərinin artırılması baxımından əhəmiyyətini vurğuladı, balaca rəssamlara sənət yolunda yeni-yeni uğurlar arzuladı. Ardınca təbrik nitqi üçün sözü qrupun rəhbəri, xalçaçı rəssam Natiq Nəcəfzadəyə verdi.
Natiq Nəcəfzadə qonaqları salamlayaraq sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi. O, uşaqların yaradıcılıq potensialının dəstəklənməsinin, onların sənətə həvəsləndirilməsinin və istedadlarının cəmiyyətə tanıdılmasının vacibliyini qeyd edərək gənc rəssamlara səmimi təbriklərini çatdırdı.
Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının müəllimi, rəssam Qənirə Əsgərova da sərgi iştirakçılarını təbrik etdi. O, uşaqların yaradıcılıq uğurlarının davamlı olmasını arzulayaraq onların gələcəkdə daha böyük sənət nailiyyətləri əldə etmələrinə inamını ifadə etdi.
Tədbir çərçivəsində “Təxəyyül Art Group”un fəaliyyəti haqqında hazırlanmış videorolik nümayiş olundu. Videoçarx qonaqlara yaradıcı kollektivin həyata keçirdiyi layihələr, təşkil etdiyi sərgilər və incəsənətin təbliği istiqamətində gördüyü işlər barədə məlumat verdi.
Nümayiş qrupun əsas məqsədinin — istedadları bir araya gətirmək, yaradıcı insanlara dəstək olmaq və sənət vasitəsilə yeni imkanlar yaratmaq — əyani təqdimatına çevrildi.
Sərginin bədii-musiqili proqramı tədbirə xüsusi zəriflik və emosional çalarlar qatdı. Vokal üzrə I dərəcəli laureat, Xalq artisti Fidan Hacıyevanın tələbəsi Aynur Yunusova və onun bacısı Vüsalə Yunusova öz ifaları ilə qonaqlara unudulmaz musiqi anları yaşatdılar.
İfaçılar Azərbaycan musiqi sənətinin dəyərli nümunələri olan Niyazinin “Arzu” romansını və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gözəlim yar, gözəlim” mahnısını səsləndirdilər.
Musiqi və təsviri sənətin bir araya gəldiyi bu anlar tədbirin bədii ruhunu daha da zənginləşdirdi. Fırçanın rənglərlə söylədiyi fikirlərə musiqinin ahəngi qoşularaq sərgiyə xüsusi bir sənət atmosferi bəxş etdi.
Tədbirin mühüm məqamlarından biri Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri cənab Houssam Eldine Redanın çıxışı oldu. Səfir uşaqları sərgi münasibətilə təbrik edərək onlara ürək sözlərini çatdırdı və gənc istedadların yaradıcılığını dəstəkləyən belə təşəbbüslərin əhəmiyyətini vurğuladı.
Rəsmi çıxışlardan və musiqili proqramdan sonra cənab Houssam Eldine Reda, professor, doktor Tarek Aboul Fotouh, Natiq Nəcəfzadə və Vüsalə Yunusovanın iştirakı ilə açılış lenti kəsildi və sərgi rəsmi olaraq ziyarətçilərin üzünə açıldı.
Bu an gənc rəssamların zəhmətinin, müəllimlərin fədakar əməyinin və təşkilatçıların birgə fəaliyyətinin təntənəsinə çevrildi.
Sərginin növbəti mərhələsində qonaqlar müəllimlər Aytən Yusifkənan, Cahangir Mikayılov, Elanura Mənsimova, Emiliya Həsənova, Əsmər Azadi, Gülüzə Bayramova, Xalidə Kazımova, Qənirə Əsgərova, Leyla Əliyeva, Lətifə Şamilova, Məzahir Rüstəmov, Musa Əmiraslanov, Nigar Həsənova, Rəşidə Bağırova, Vüsalə Yunusova, Yeganə Ağamalıyeva, Yenigül Həsənova, Zeynəb Həşimzadə və Zərif Həsənovanın şagirdlərinin rəsm əsərləri ilə tanış oldular.
Nümayiş olunan əsərlərdə uşaqların zəngin təxəyyülü, rənglərdən məharətlə istifadə bacarığı, fərqli düşüncə tərzi və mövzuya yaradıcı yanaşması öz əksini tapmışdı. Hər bir rəsm kiçik bir müəllif dünyasını, hər bir rəng çaları isə gənc rəssamın duyğu və düşüncələrini ifadə edirdi.
Əsərlərlə tanışlıq zamanı bir neçə balaca rəssam öz yaradıcılıq nümunələri haqqında ingilis dilində məlumat verdi. Onların sərbəst şəkildə fikirlərini ifadə etmələri, əsərlərinin məzmununu qonaqlara izah etmələri tədbirə xüsusi maraq qatdı. Bu məqam uşaqların yalnız bədii bacarıqlarını deyil, həm də özünəinamlarını və ünsiyyət qabiliyyətlərini nümayiş etdirdi.
Sərginin sonunda tədbirin sevincini bölüşmək üçün xüsusi hazırlanmış sərgi tortu kəsildi. Uşaqlara sertifikatlar və hədiyyələr təqdim olundu, onların yetişməsində və yaradıcılıq qabiliyyətlərinin inkişafında əməyi olan müəllimlər isə təşəkkürnamələrlə təltif edildilər.
Tədbirin ən yaddaqalan məqamlarından biri rəssamlar Vüsalə Yunusova, Xədicə Məmmədli, Melissa Quliyeva öz rəsm əsərlərini Misir Ərəb Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri cənab Houssam Eldine Redaya hədiyyə etmələri oldu.
Bu hədiyyələr sadəcə rəsm əsərləri deyil, eyni zamanda sənətə, dostluğa və xalqlar arasında qarşılıqlı hörmətə verilən dəyərin ifadəsi idi. Rənglərin dili ilə təqdim olunan bu mənəvi jest tədbirin yaddaşlarda iz buraxan anlarından birinə çevrildi.
Tədbir iştirakçıların birgə xatirə fotolarının çəkilməsi ilə başa çatdı.
“MİSİR – SİRLİ VƏ RƏNGLİ DÜNYA” sərgisi uşaqların istedadını nümayiş etdirməklə yanaşı, müəllim əməyinin dəyərləndirildiyi, mədəniyyətlərarası dostluğun möhkəmləndiyi və sənətin birləşdirici gücünün hiss olunduğu əlamətdar bir gün kimi yadda qaldı.
Bu tədbir bir daha göstərdi ki, sənətin dili yaşından və milliyyətindən asılı olmayaraq hər kəsə aydındır. Uşaqların çəkdiyi rəsmlər vasitəsilə Misirin sirli və rəngarəng dünyası canlandı, onların saf duyğuları və yaradıcı baxışları isə qonaqlarla bölüşüldü.
“Təxəyyül Art Group” olaraq inanırıq ki, hər bir uşaqda kəşf olunmağı gözləyən bir istedad, hər bir rəsm əsərində isə gələcəyə açılan yeni bir pəncərə var.

Təxəyyülün rəngləri ilə gələcəyə doğru!

“Təxəyyül Art Group” — sənət, dostluq və gözəl xatirələrin bir ünvanı!


Məqaləni hazırladı: Vüsalə Yunusov

Xatirə fotolarının müəllifi: Nofəl Ümid

Saytlarda yerləşdirdi: Cəmilə Əsgərov,  Zaur Ustac

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir