“ZƏFƏR YOLU” – Tarixə, mədəniyyətə və yaradıcılığa doğru unudulmaz səfər


“ZƏFƏR YOLU” – Tarixə, mədəniyyətə və yaradıcılığa doğru unudulmaz səfər
24 oktyabr 2026-cı il tarixində “Təxəyyül Art Group”un təşkilatçılığı ilə “ZƏFƏR YOLU” adlı VI Qarabağ yaradıcılıq turu həyata keçirilib.
Azərbaycanın zəngin tarixi-mədəni irsinin tanıdılması, işğaldan azad edilmiş ərazilərimizin gözəlliklərinin nümayiş etdirilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və yaradıcı insanların dünyagörüşünün zənginləşdirilməsi məqsədi daşıyan səfər iştirakçılar üçün həm maarifləndirici, həm də yaddaqalan təəssüratlarla yadda qalıb.
Səfər çərçivəsində iştirakçılar Azərbaycanın müxtəlif bölgələrindən keçərək tarixi məkanlarla, mədəniyyət nümunələri ilə, müasir yaradıcılıq ocaqları ilə və doğma torpaqlarımızın füsunkar təbiəti ilə yaxından tanış olublar.
Səfərin marşrutu və ziyarət edilən məkanlar
Salyan – “Xan Süfrəsi” restoranı
Səfərin ilk dayanacaqlarından biri Salyan rayonunda yerləşən “Xan Süfrəsi” restoranı olub. Burada iştirakçılar yolun davamına hazırlaşaraq səfərin ilk anlarını birlikdə keçiriblər.
Füzuli – Horadiz postu
İştirakçılar işğaldan azad edilmiş ərazilərə Horadiz postu vasitəsilə daxil olublar. Bu keçid səfərin ən əlamətdar mərhələlərindən biri olmaqla, iştirakçılarda doğma torpaqlarımıza qovuşmağın qürurunu və Zəfərimizin əhəmiyyətini bir daha hiss etdirib.
Şuşa – Tarixin və mədəniyyətin izləri
Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa səfərin əsas dayanacaqlarından biri olub. Şəhərin tarixi-memarlıq abidələri və mədəni irs nümunələri iştirakçılarda böyük maraq doğurub.
Şuşada aşağıdakı məkanlar ziyarət edilib:

-Xanlıq Muxtar karvansarası;

-Şirin Su hamamı;

-Saatlı məscidi;

-Güllələnmiş büstlər;

-Natəvan bulağı;

-Gəncə qapısı.
Bu məkanların hər biri Azərbaycanın zəngin tarixini, milli memarlıq ənənələrini, mədəniyyətini və xalqımızın yaddaşında yaşayan hadisələri özündə əks etdirir. Şuşanın tarixi irsi ilə yaxından tanışlıq iştirakçılara şəhərin mənəvi dəyərini daha dərindən duymaq imkanı yaradıb.
Laçın – Yaradıcılıq və təbiətin vəhdəti
Səfərin növbəti dayanacağı Laçın rayonu olub. Burada iştirakçılar “Gilabi” yaradıcılıq mərkəzini, “Yurd” qalereyasını ziyarət ediblər. Öz növbəsində Vüsalə Yunusova pianoda “Ay Laçın” və “Sarı gəlin” mahnılarını ifa edib.
Bunun ardınca iştirakçılar füsunkar təbiəti ilə seçilən Həkəri çayının sahilində piknik edərək mahnı oxuyub, rəqs ediblər. Daha sonra iştirakçılara sertifikatlar təqdim olunub.
Zəngilan – Ağalı kəndi
Turun son dayanacaqlarından biri Zəngilan rayonunun Ağalı kəndi olub. Müasir kənd həyatının və quruculuq prosesinin nümunələrindən olan Ağalıda iştirakçılar doğma torpaqlarımızda aparılan bərpa və inkişaf işlərinin əhəmiyyətini bir daha dərk ediblər.
Ağalı kəndinə səfər Qarabağ və Şərqi Zəngəzur torpaqlarında həyatın yenidən canlanmasını, gələcəyə inamı və Böyük Qayıdışın mahiyyətini ifadə edən əlamətdar məqamlardan biri olub. Şair, publisist Zaur Ustac Əli Bəy Azərinin Zəngilan ətirli “Xəzan”ını Zəngilanda – Ağalıda Vusale Yunusovaya təqdim edib. Jurnalda şair Yunis Qaraxanlının Vüsalə Yunusova haqqında yazdığı “Vüsalə Yunusova – rənglərin harmoniyasını yaradan sənətkar və qayğıkeş pedaqoq” adlı oçerki yer almışdır.
Sonda Salyanda yerləşən “Yol Üstü” restoranında Rəsmiyyə Səmədova iştirakçılara tortla birlikdə çay axşamı qonaqlıq etdi.
Tur boyu xatirə fotoları çəkildi.
Yaradıcılıq, birlik və Zəfər ruhu “Təxəyyül Art Group”un təşkil etdiyi “ZƏFƏR YOLU” layihəsi yalnız səyahət deyil, həm də milli tariximizin, mədəni irsimizin və doğma torpaqlarımıza bağlılığımızın daha dərindən dərk olunmasına xidmət edən yaradıcı təşəbbüsdür.
Bu cür səfərlər rəssamların və digər yaradıcı insanların yeni təəssüratlar əldə etməsinə, təbiətin və tarixi məkanların gözəlliklərindən ilham almasına, gələcək sənət əsərləri üçün yeni mövzular kəşf etməsinə şərait yaradır. Eyni zamanda, iştirakçılar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və ortaq milli dəyərlər ətrafında birliyin güclənməsinə töhfə verir.
Layihənin həyata keçirilməsində əsas məqsədlərdən biri Azərbaycanın tarixi və mədəni sərvətlərini tanıtmaq, Qarabağ və Şərqi Zəngəzurun gözəlliklərini geniş auditoriyaya çatdırmaq, gənc nəslə və yaradıcı insanlara vətənpərvərlik ruhunu aşılamaqdır.
“Təxəyyül Art Group”un rəhbəri Natiq Nəcəfzadə, qrupun rəhbər müavini Vüsalə Yunusova olan yaradıcı kollektiv bundan sonra da sənət, mədəniyyət, tarix və turizmi birləşdirən layihələrlə fəaliyyətini davam etdirməyi hədəfləyir.
“ZƏFƏR YOLU” – hər addımında tarix, hər mənzərəsində Vətən sevgisi, hər xatirəsində Zəfər qüruru olan bir yol!
Azərbaycanımızın gözəlliklərini birlikdə kəşf edək, tariximizi tanıyaq və gələcək nəsillərə sevgi ilə ötürək!

“Təxəyyül Art Group” — sənət, dostluq və gözəl xatirələrin bir ünvanı!


Məqaləni hazırladı: Vüsalə Yunusov

Xatirə fotolarının müəllifləri: Murad Səmədov, Samirə Bayramova və Vüsalə Yunusov

Saytlarda yerləşdirdi: Cəmilə Əsgərov,  Zaur Ustac

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir