
. . . edam yerinə
de , kimdir ac, de, kimdir tox,
çoxu oğru, baş kəsən çox.
bu milyonda bir insan yox,
seçsinlər adam yerinə.
eşqi su tək, içəcəkdim,
bu ömrümlə ölçəcəkdim,
yazdan- yaydan keçəcəkdim-
qış düşdü o dam yerinə.
bu nə çisgin, nə yağışdı,
son iztirab, son baxışdı.
deyilməmiş söz axışdı-
şairin edam yerinə…
05.12.2023.
. . . . . . baş tərəfində
Utancaq baxışın oğrusu qalıb,
yalanlar ələnib, doğrusu qalıb.
İllərin acısı ağrısı qalıb-
yazılan alnımın qaş tərəfində.
Bu ki, çörək deyil, boş-boş xəyaldı,
ilişib qalırsan, yol üstü koldu.
Bax, qızmar günəşə, beş addım yoldu,
qalmışam ömrümün qış tərəfində.
Dönsün inadından, səslə, bir ağız,
gecənin bağrında oturub yalqız.
Hələ də, ilk eşqə sevdalı o qız-
ağlayır qəbrimin baş tərəfində
19. 12 . 2023
. . . . . . adam
qəlbinə səs- küyün düşüb,
günün düşüb, ayın düşüb.
dodağına düyün düşüb-
yanağında gülən adam!
zaman belə, çox nahaqdan-
baş üzülür edamlıqdan.
de, keçdinmi, adamlıqdan?-
ocağına gələn adam!
addımını gör izindən,
yaşamağa tut sözündən.
asılmısan hər sözündən-
sağlığında ölən adam.
çox rənglədik soyumuzu,
toy gözündə vayımızı.
ağ edəcək dünyamızı-
öz ağında qalan adam…
2022.
Bitirmək çox çətindi
Astar var, üzdən baha,
susmaq var, sözdən baha.
Ölüm var, bezdən baha,
itirmək çox çətindi.
Ağlayan gözlər yaşdı,
əsən yellər təlaşdı.
Bu yollar ağır daşdı-
götürmək çox çətindi.
Çomaqla çırp üstünü,
duyacaqsan istini.
Bacandan bu tüstünü-
ötürmək çox çətindi.
Gözlərdən baxır kədər,
yollar uzanır hədər.
Bu ömrü 100-ə qədər-
bitirmək çox çətindi!
2019.
Müəllif: Fazil Aydın
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru