
Bakı neft milyonçusu, böyük mesenat Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyeva ilə vida mərasimi. Tarix 1991-ci il. Məkan Sara xanımın doğulub boya-başa çatdığı ev, indi muzey kimi fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyevin malikanəsi. Bəli, Sara xanımla vida mərasimi Azərbaycan Tarix Muzeyində – onun ata evində keçirilmişdi. Sirr deyil ki, ömrünü atasının müdafiəsinə həsr edən Sara Tağıyeva çox səfil, acınacaqlı bir həyat yaşayıb. Atasının var-dövləti dövrün hakimiyyət tərəfindən müsadirə edildikdən sonra bu ailə pərişan olub. Küçədə yaşayan Sara xanım neçə dəfə vaxtilə yaşadığı bu evə girib baxmaq istəsə də, muzeyin o zamankı direktoru, akademik Püstəxanım Əzizbəyova onu təhqir edib, qapıdan qovmuşdu. Həyat təzadlarla doludur. Kim deyərdi ki, sağ ikən öz evinə girə bilməyən Sara xanımın meyiti bir zaman oradan çıxacaq…
* * * *




Sara xanım sağlığında deyirmiş: “…atam xeyirxah və maarifpərvər insan olub. Çoxlu məktəblər açıb, insanlar oxudub. 1918-ci ilin mart hadisələrində Şaumyan atamı da həbs etmişdi. Lakin Nərimanov gəldi və Şaumyana dedi ki, Hacı azad olunmalıdır”.
Mərhum professor Nəsiman Yaqublu yazırdı ki, Sara xanım ilk həyat yoldaşından ayrıldıqdan sonra Rusiyaya − Leninqrada (Sankt-Peterburqa) gedir. 1934-cü ildə onu S.M.Kirovun ölümü ilə bağlı şübhəli şəxs kimi həbs edirlər. Sara xanım bir müddət həbsxanada qalır. Həbsxanadan çıxdıqdan sonra yaşamağa yeri olmadığından elə parkın içində skamyaların üstündə yatıb gecələyir. Sonra Leninqradda ikinci dəfə ailə həyatı qurur. Sara xanım 1953-cü ildə Stalin öldükdən sonra Bakıya qayıdır. Bakıda ilk olaraq doğulub böyüdüyü evlərinə gedir. Lakin onu içəri buraxmırlar. Sara xanım bir gün dözməyib və atasının tikdirdiyi, özünün də təhsil aldığı Qızlar Gimnaziyasının binasına − Əlyazmalar İnstitutu yerləşən yerə getdi. Bura onun üçün çox doğma idi və burada onun çoxlu xatirələri vardı. Pilləkənlərlə bir qədər qalxmışdı ki, qəfildən direktorla üzləşdi. Direktor onu görən kimi polisi çağırıb Sara xanımı buradan qovmağı tələb etdi. Direktorun onun ünvanına dediyi sözlər də çox kobud idi. O isə atası dünyadan köçəndən və həyatlarıtam dəyişəndən sonra çox belə təhqiramiz sözlər eşitmişdi.
Mənbə və müəllif: Məcid Rəşadətoğlu
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru