Adilə Nəzər – Səbr ocağında ümid dəmlədim


Bilmirəm, əhvalım necədir indi,
Sol yanım ağlayır, sağ yanım gülür.
Bir yarım bahardır, təzə çiçəkli,
Bir yarım payızdır, yarpağı ölür.

Qəlbimdə yağış var, başımda külək,
Fikrimdə xeyirlə şərin davası,
Ayrılıq ağladır, qoymur ki, gülək,
Uzaqdır vüsalın isti havası.

Səbr ocağında ümid dəmlədim,
Bəzən yaşamaqdan usandım, bezdim.
Gözləmək uğura yeni həmlədir –
Dedilər, gecədə səhəri sezdim.

Dünya bir tərəzi, mən onun daşı,
Hisslərim çəkilsə, çəkisi min ton,
Fələk oyunçudur, mənsə bir naşı,
Bilmirəm başlanğıc yoldur, yoxsa son.

Həyat elə budur — qaranlıq, işıq,
Sevinc ilə kədər birgə toxunur.
Hər sirri Eşqdən öyrənir aşiq,
Duyulan fəryadlar səssiz oxunur.

Hər kəs öz taleyin daşır sinədə,
Cəsarət də gərək, yol qorxusu da..
Aşiq hər qoxuya gərək sinə də,-
Gül qoxusu da gözəl, kül qoxusu da.

14.08.2025


Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir