Adilə Nəzər – Həvva

HƏVVA

Sən idin birnəfəsə o sirri pıçıldayıb
Bir nəsilin, bir kökün yazısını dəyişən.
Sən idin qaranlığı işıq tək yarıb çıxıb,
Bəlkə də o ilk qadın, cəhalətlə döyüşən.

Sənin doğuluşunla cana gəldi bu həyat,
Qopdu al-qara tufan, ətrafda sükut öldü…
Amma qurtulammadı dörd min illik töhmətdən,
Hər gün o köhnə ləkə qadının alnın öpdü.

Kim bilir, neçə Leyli öz içində ağlayır,
Hər gün, hər an zülm var, işgəncə… və dahası…
Neçə Şirin kədərlə ürəyini dağlayır,
Artır günü-gündən də xəyanətin bahası…

İlk günaha söykənib günahların həvəsi,
Hər udqunan sükutun altında dərd doğulur.
Sən zəfərin anası, məğlubiyyətin səsi,
Nəfsinin şax yolunda neçə həya boğulur!

Bilirsən, Həvva ana, diləyi var hər kəsin,
Yetim arzularda bir qırıq cənnət gizlənir.
Möhrlü yazı kimi həqiqət donub qalır,
Sevənlər, sevilənlər cani kimi izlənir.

Adəmin ayağından sürüşən cənnət kimi,
Əldən çıxır həyatlar – cavan, qoca çırpınır.
Layiq olduqları da acı bir minnət kimi
Biçarə qadınların gicgahına çırpılır.

Min dəfə tövbə edib yenidən eyni yola
Qayıdan bəşəriyyət – köhnə qüsur köləsi.
Sənə bağlanmayan şey yağışsız göy kimidir,
Sənə bağlanan kölgə sevgimizin nəşəsi.

Nə qədər yol boylanır, boylanacaqdır daha,
Nəfs adında günahın əzəli, həm əbədi…
Hər gün qurbanlar gedir səndən qalan günaha,
Bax, gör necə bahadır bu “səadət” məbədi.

Həvva! Sən ki dünyada zəhərli bir noğuldun,
İstəyin ilk ağrı tək Adəmin belindədir.
Elə ki atəşlə su arasında doğuldun,
Atmaq istədin yükü.. – vəbalı dilindədir.

Həvva! Səni suçlayan dillərin hökmü nədir?
Kimdir axı günahkar, nəyədir bu kinayə?
Qırmızı yalanların altda qalan qadınlar –
Hərəsi bir yarımçıq, bir qaranlıq hekayə…

Çıxarsam söhbətlərin içindən boğularaq,-
İlk qadın, ilk sevgili, aç qolunu qucaqla.
Rəbbimin ilk göz ağı, bir ümid doğuraraq
Al yanına qonaqla bir ilahi ocaqda…

Sən ki həm yaranansan, həm yaradan, ay ana,
Heç bilmirəm mən niyə, ya kimə duaçıyam?!
Həqiqəti görmədən səni yalan sayana,
Öz içimdə sükuta dönməyimə acıyam?!

Həvva! Səni anlayan nəsil gərək yenidən,
Yoxsa sirlər hələ çox döydürəcək dizlərə…
Riyalarla süsləmə sevgimizi, İlahi,
Züleyxanın sonrakı eşqini ver bizlərə.

18.11.2025
Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

AKİF ABBASOV HAQQINDA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir