Turan Novruzludan yeni şeirlər

Elə sevirdim ki

Mən təkcə sənin yanında uşaq kimi olurdum şıltaq və xoşbəxt…

Elə sevirdim ki, kənardan mənə baxıb gülə-gülə “sən də məni kimi dəlisən” deməyini

Elə sevirdim ki, içimdəki “uşağı” görməyini
Amma sən böyüməyimi istədin,
İkimizə yetmədi bu məhəbbət…

“Gözdən uzaq olan könüldən də iraq olar” deyirlər…
Bəs niyə unuda bilmirəm səni,
Ay gözdən uzaq olanım? Bəs niyə darıxıram sığal-sığal, qucaq-qucaq?

Mən bu ömrü böyük adamlar kimi ağıllı- ağıllı yaşamaq istəmirəm axı…
Yenə sənsiz darıxır axı, “İçimdəki dəcəl uşaq”

Qırmızı alma kimi

Nağılların sonunda
Göydən düşən qırmızı alma kimi
Toz- duman ömrümün sonuna necə düşdün axı?

Sən payız ömrümün qızılgülüsən…
Qoxusunu duymadığım
Sən kitabda gördüyüm
Şəkil kimisən,
Gülüşünə doymadığım
Sən xəyallarımdakı adam kimisən,
Sevgimlə “zəhləsini töküb” yormadığım…

Sən bu ömrün sonuna necə düşdün axı?!
Nağıllarda göydən düşən qırmızı alma kimi…

Deyəsən

Deyəsən yolu yarılamışam axı,
Elə bil bu ömrü mən yaşamadım,
Elə bil gözümə yuxu gedibmiş…
Bir də ayıldım ki,
Sən demə ömrün
Yarısı, yarıdan çoxu gedibmiş…

Bir asma körpünün
ən ortasında,
Döyüş meydanının
tən ortasında
Əlləri silahsız əsgər kimiyəm…
Qana qəltan olmuş
səngər kimiyəm…

Yenidən başlamaqçün gec,
Boş durmaq üçün də tezdir, Bilirəm…
Nə edək, Tanrı,
Bəlkə məni də
yanına aparasan,
Hər şeyi yenidən yazaq…
Bəlkə ürəyimi
köksümdən sökəsən,
Bütün yuxuları
Xeyirə yozaq…

Daş adam

Eh! Ürəyi daş adam, Sən hardan biləsən ki, daş mənim alın yazımdı…
Sən hardan biləsən ki,
Hər işim daşdan keçir, Çörəyim daşdan çıxır,
Sən hardan biləsən ki,
Hər səfərə çıxanda elə bil, Ayaqlarımdan daş asılır…

Bu dünyada düz deyənlər daşa basılır…

Sən hardan biləsən ki,
Sənin günahın deyil,
Sevgi payımı seçəndə
Fələyin oxu daşa dəyib…

Eh! Ürəyi daş adam,
Daş mənim alın yazımdı, Taleyimdəki son daş,
Gecə rəngli mərmərdən, Sinəsi gülllü- çiçəkli məzar daşımdı.

Eh! Ürəyi daş adam,
Daş mənim alın yazımdı…

Qızıl balıq

Sən bir qürub çağı
Sahildəki balıqçıların Torlarını boş gördükləri
Ən qəmgin anlarında
Düz qarşımda
Dalğaların arasından boylanıb
Qızıl balıq kimi
Məni salamlayıb
Üç arzumu soruşsan
Mən düz üç dəfə
“Sən, sən və yenə sən” deyərdim…

Qəzetçi

Xatirələr dumanlı, gözlərimiz yuxulu,
Həyat köşkə bənzəyir, ömür qəzet qoxulu
Suallarla, nidalar sətirə naxış olsun
Gəl, görüşək, əzizim,
Öpüşün yağış olsun

Bax, qapını döyürəm, qulaqardına vurma
Daşı tök ətəyindən, belə deyingən olma
Gəl, yaşayaq bu ömrü bir gün qəzetçi kimi, bir gün simitçi kimi
Gəl, yaşayaq bu ömrü, qalma seyirci kimi
Nəyi pisdi dünyanın, yağışı var, qarı var
Sən yanımda olanda dünya da cənnət olar
Gəl, yaşayaq bu ömrü, zamanı çox daralmış iki kəpənək kimi
Yenə aç qollarını Əəlvan çərpələng kimi
Yenə yazda görüşək, yayda günaha bataq
Sən qəm yemə, əzizim
Nə də olsa payızın o leysan yağışları günahları yuyacaq
Nə dalıbsan dəryaya tənha balıqlar kimi
Çıxaq göyün üzünə qoşa buludlar kimi
Gəl, barışaq, əzizim, məni sənsiz qoyma, gəl,
Bilirsən, darıxıram, göz yaşıma qıyma, gəl
Sən ki, özün deyirdin, hər şey yaxşı olacaq
Aylar, illər keçəcək
Köhnə qəzetlər kimi
Ömrümüzə yazılan xatirələr qalacaq…

Baharım

Mən qar altında qalan
Sırsırası salxımlanan
tənha torpaq kimiydim
Gündüzləri qış günəşi gözlərimi dalayardı
Gecələri zülmət olar
varlığımı talayardı
Üşüyərdim…
Hardan gəldin?
Qarlı qışa sinə gərdin, nərgizim,
Ləçək – ləçək nur ələdin köksümə…
Budağından ayrı düşən yarpaq idim
Buludlara qonaq edən
Yel oldun…
Ürəyim elə dolmuşdu ki,
Gözyaşıma yoldaş olan sel oldun…
Ruhumu sazaq vurmuşdu
Sən könlümü isidən
Alov oldun, od oldun
Nə yaxşı ki, boz ömrümə cəmrə oldun, baharım
Naxışıma ilmə oldun, nübarım…

Sevirəm

Mən Səni sevirəm
Lal sular kimi
Səssiz- səmirsiz
Mən səni sevirəm
Sönmüş ocaq tək
İstisiz, hənirsiz…
Mən səni sevirəm
Boş qucaq kimi,
Ağaca sancılmış
Bir oraq kimi,
Divardan asılmış
Yiyəsiz yaraq kimi…
Mən səni sevirəm Cızma-qara yazılmış,
Əzilib, yumarlanmış
Yerdəki varaq kimi…
Varlığın yoxluğumu
Nə duyur, nə eşidir
Bu sahibsiz sevgim
qar kimi, buz kimi
İçimi üşüdür…

MÜƏLLİF: Turan NOVRUZLU

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI

ŞAHNAZ SƏXAVƏTQIZININ YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir