
Şanlı Zəfərin beş illiyinə
QƏLƏBƏ DASTANI
(esse)
Qələbə təkcə savaş meydanında qazanılan üstünlük deyil. Qələbə bir xalqın ruhunun ayaqda qalması, tarixinin unudulmaması, keçmişindən aldığı güclə gələcəyini qurmasıdır. Qələbə şəhid qanı ilə yoğrulan torpağın yenidən nəfəs alması, əsrlərlə sinəsində köz kimi qoruduğu haqqın gün işığına çıxmasıdır.
Azərbaycan xalqı tarix boyu yalnız torpaq uğrunda deyil, haqq uğrunda savaşmış xalqdır. Bu torpağın daşında Babəkin üsyankar ruhu, Nəsiminin həqiqət sevgisi, Xətainin dövlət ağlı, Koroğlunun mərdliyi yaşayır. Zaman dəyişib, əsrlər ötüb, amma xalqın ruhu dəyişməyib. Çünki millətin gücü silahında yox, mənəviyyatında olur.
Bu xalq heç zaman zülmə baş əymədi. Babəklər yurdunun hürr övladları əsarətə boyun əyə bilməzdi və əymədi. Nəsimi həqiqəti canından üstün tutdu. Xətai dövlət qurdu, söz yaratdı, kimlik yaratdı. O böyük ruhlar bir millətin qan yaddaşına çevrildi. Hər yeni doğulan övlad özündən əvvəlkilərin irsini daşıdı. Elə buna görə Azərbaycan əsgəri savaş meydanında heç zaman tək olmayıb. Ulu əcdadın müdrik və döyüşkən ruhu daim bu müqəddəs yolda onunla qoşa addımlayıb. Qələbə dastanını birlikdə yazıb.
Qələbəyə gedən yol asan olmadı. Hər qələbənin arxasında göz yaşı var, səbir var, inam var. Vətən sevgisi yalnız dildə deyil, əməldə sınanır. Hər əsgər bir ailənin ümidi, bir ananın duası, bir xalqın güvən yeri idi. Onlar Vətən deyəndə sadəcə xəritədə görünən sərhədləri düşünmürdülər. Onlar uşaqlıq xatirələrini, ata ocağını, ana laylasını, baba məzarını, gələcək nəsillərin azad nəfəsini qoruyurdular.
Müzəffər ordunun hər bir əsgəri böyük dastanın qəhrəmanına çevrildi. Çünki onlar yalnız silahla yox, inamla döyüşdülər. Onların ürəyində dövlətə sədaqət, millətə bağlılıq, torpağa sevgi vardı. Elə buna görə keçilməz görünən sədlər keçildi, əlçatmaz görünən zirvələr fəth edildi.
Bu torpaq igidlər yurdudur. Burada ər sözü qiymətlidir. Burada vətən anlayışı müqəddəsdir. Bu xalqın övladı bilir ki, torpaq uğrunda ölən varsa, Vətəndir. Burada ocaq müqəddəs sayılır. Burada alov yalnız od deyil, həm də ruhun rəmzidir. Azərbaycanın odlar diyarı adlanması təsadüf deyil. Bu xalqın daxilində əsrlərdən gələn bir işıq yaşayır.
Azərbaycanın gücü yalnız ordusunda deyil. Onun gücü müəllimində, şairində, alimində, kəndlisində, əsgərində, gəncində, ağsaqqalındadır. Bir xalq birlik göstərdiyi zaman qarşısında heç bir maneə dayana bilmir. Çünki birlik böyük qüvvədir.
Şanlı Zəfərin beş illiyini qeyd etdiyimiz bu günlərdə qələbədən danışmaq yalnız keçmişi xatırlamaq deyil. Bu gün qələbədən danışmaq gələcəyə məsuliyyətlə baxmaqdır. Şəhidlərin əmanətini qorumaqdır. Tarixi yaddaşı yaşatmaqdır. Gənc nəslə kim olduğunu anlatmaqdır.
Azərbaycanın tarixində çox igidlər olub. Dünən Babək vardı, Koroğlu vardı, Xətai vardı. Bu gün də onların yolunu davam etdirən qəhrəmanlar var. Çünki zaman dəyişsə də, Vətən sevgisinin mahiyyəti dəyişmir.
Bu torpaq ozanlar yurdudur. Bu torpaq aqillər yurdudur. Bu torpaq qəhrəmanlar yurdudur. Bu torpaq zəfəri təkcə qılıncla deyil, ruhla qazananların yurdudur.
Qələbə bir son deyil.
Qələbə başlanğıcdır.
Qələbə xalqın özünə qayıdışıdır.
Qələbə Azərbaycanın adını tarixə yenidən qızıl hərflərlə yazan milli iradənin dastanıdır.
Bu dastanın adı isə birdir:
QƏLƏBƏ DASTANI.
05.11.2025. Bakı.
Müəllif: Zaur USTAC
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında