
ŞƏHİD ANASI
Gözünün yaşına qurban olduğum,
Sil o yaşları, düşmən sevinməsin.
Sən elə bir zirvə, elə bir dağsan,
Qəddin əyilməsin, ruhun sönməsin.
Sən qundaq yerinə bayraq bükmüsən,
Bu yurda fədakar vətən balası.
Sən övlad yox, bir vətən böyütmüsən,
Səbri polad olan şəhid anası.
Gözün dumanlansa, qəlbin ağlasa,
Dik tut başını ki, yağı görməsin.
Könlün bu acıyla min yol dağlansa,
Ruhun əyilməsin, dizin çökməsin.
Bilirəm, hər dərddən ağırdır bu yük,
Gözündə nisgil var, qəlbində həsrət.
Şəhid anasısan, qürurun böyük,
Sənin mətanətin xalqa bir ibrət.
Baş əymə dünyanın dərdinə əsla,
Şəhid qanı ilə ucalıb torpaq.
Oğlun yaşayacaq zəfər ruhuyla,
Bu yurd var olduqca sönməyəcək haqq.
CANIM XALQA FƏDA OLSUN
Bir azəri qızıyam mən,
Canım xalqa fəda olsun.
İlham aldım bu vətəndən,
Vətən mənə ana olsun,
Canım xalqa fəda olsun.
Vətən mənim vuran qəlbim,
Millətimdi hər an səsim.
Bu vətəndə yoxdu dərdim,
Vətən mənə ana olsun.
Canım xalqa fəda olsun.
Yurd yuvamdı sağim solum,
Bu vətəndən necə doyum?
Gələcəyim azad yolum.
Vətən mənə ana olsun.
Canım xalqa fəda olsun.
Qucağına gələcəyik,
Torpağında öləcəyik,
Dərdi sizlə böləcəyik.
Vətən mənə ana olsun.
Canım xalqa fəda olsun.
SƏRƏFİM, VUQARIM EY ANA VƏTƏN
Hər tərəfin bağlı bağatlı yurdum,
Şərəfim, vüqarım ey ana Vətən!
Səndən ilham alıb sənlə yaşadım,
Şərəfim, vüqarım ey ana Vətən!
Dağların vüqarlı, düzlərin barlı,
Övladın qeyrətli, namuslu, arlı.
Tarixin şərəfli, nurlu, vüqarlı,
Şərəfim, vüqarım, ey ana Vətən!
Yolunda can versəm ufda demərəm,
Hər yerdə səninlə mən öyünərəm,
Balanam demişəm, yenə deyirəm,
Şərəfim, vüqarım ey ana Vətən!
Sənin hər daşında şəhid qanı var,
Bu igid xalqımın böyük şanı var.
Hər qarış torpağın bir dastanı var,
Şərəfim, vüqarım, ey ana Vətən!
Mən sənə bağlıyam, səndə elimə,
Bu gün fərəh qənub bu gözlərimə,
Ordum əlac etdi kədərlərimə,
Şərəfim, vüqarım ey ana Vətən!
Ucaltdın göylərə sən bayrağını
Qoy duman almasın o dağlarınl
Candan çox sevirəm hər bucağını
Şərəfim ,vüqarım ey ana Vətən
Müəllif: Dürdanə Qaraşova
Təqdim etdi: TARİYEL ABBASLI,
Filologiya üzrə fəlsəfə doktotu, Prezident təqaüdçüsü, AYB və AJB-nin üzvü.
Dürdanə Qaraşovanın digər yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında