
Qorxma, ata
(hekayə)
Ard-arda “Qorxma, ata… Qorxma, ata…” sözlərini eşidirdi. Hər tərəf qaranlıq olduğu üçün oğlunu görmürdü. Ancaq səs çox yaxından gəlirdi… “Oğlum!” deyə qışqıraraq yuxudan ayıldı. Ətrafa göz gəzdirdi… Əvvəlcə harda olduğunu anlamadı. Yavaş-yavaş özünə gəldikcə Tərtərdə gecələdiyini və yuxu gördüyünü başa düşdü. Birdən-birə “Çox qorxuram, oğlum” deyərək hönkürüb ağlamağa başladı. Bir neçə dəqiqə ağladıqdan sonra yavaş-yavaş sakitləşdi və xəyalları onu 25 il öncəyə apardı…
…“Təbrik edirik. Sizin nur topu kimi oğlunuz olub” deyərək gülə-gülə ona yaxınlaşan tibb bacısını görüb ona tərəf adımladı. “Çox sağ olun. Bəs yoldaşım necədir” – deyə həyəcanla soruşdu. “Yoldaşınız da yaxşıdır. Gəldim sizə deyim ki, narahat olmayın. Hər şey qaydasındadır. Daha gözləməyinizin mənası yoxdur. Sabah gələrsiniz” deyib, tibb bacısı uzaqlaşdı.
Səhər xəstəxanaya gələn kimi ona, binanın arxa tərəfində, ikinci mərtəbədəki sağdan ikinci pəncərənin önündə gözləməsini dedilər. Arxa tərəfə yenicə keçmişdi ki, pəncərə açıldı və həyat yoldaşı qucağında körpə ilə göründü. “Kamil, oğlumuz necə də sənə oxşayır. Burnu, gözü… hələ bax…” deyərək uşağı azacıq önə doğru əydi. Kamil gülə-gülə cavab verdi:
– Yoox… Qəşəng uşaqdır, maşallah. Sənə oxşayır, Könül.
Oğlunu uzaqdan görməsi belə onun içində fərqli duyğular yaratdı. Ata olmağın həyəcanını hiss eləməyə başladı.
İki gün sonra oğlunu və yoldaşını evə gətirdi. Qohumları, qonşuları da dəvət edərək gözəl bir məclis qurdu. “İstəyirəm oğlumuzun adını Kamal qoyaq. Səncə necədir, Könül?” deyərək yoldaşının üzünə baxdı. Könül gülümsəyərək cavab verdi:
– Gözəl addır. İnşallah, oğlumuz böyüyər, agıllı-kamallı biri olar.
Qonaqlar da birağızdan “Gözəl addır. Həm də ata-anasının adına uyğundur. Adı ilə böyüsün” deyərək təkrar təbrik etdilər.
Günlər ayları, aylar illəri əvəz edirdi… Kamal 6 yaşına çatmışdı artıq. Bu il məktəbə gedəcəkdi. Çox ağıllı, ağıllı olduğu qədər də cəsarətli uşaq idi. İtdən, pişikdən, həşəratdan-zaddan da qorxub eləmirdi.
Bir yay günü idi. Kamil həyətdə ağaclara, bağ-bostanına qulluq edirdi. Balaca Kamal da cürbəcür suallar verir, aradabir ağacların dibindəki, tərəvəz ləklərinin arasındakı otları qopararaq atasına “kömək edirdi”. Sonra “Ata, bu bəzəkli şey nədir?” deyərək əlində tutduğu ilan balasını atasına göstərdi. Atası “Tez at yerə” deyib oğluna sarı yüyürdü. Kamal ilan balasını yerə atsa da heç nə olmamış kimi əyilib qıvrıla-qıvrıla getməsini izləyirdi. Kamil ayağ ilə ilanın başından basıb oğlunu qucağına aldı:
– Oğlum, bu, ilan balasıdır. Adamı dişləyir. Sən quyruğundan tutduğuna görə səni dişləyə bilməyib. Qorxma, yaxşı?
– Mən qorxmadım ki, ata.
Kamil ayağını sağa-sola sürtərək heyvanın başını əzməyə çalışırdı. Öldüyünə əmin olduqdan sonra oğlunu qucağında evə gətirdi. Tez yoldaşını səslədi:
– Könül, bir stəkan su gətir, ver uşağa.
Könül, – nə olub? Susamısan oğlum? – deyərək uşağın üzünə baxdı.
– Yox. Həyətdə ilan balası tutmuşdu. Şükür Allaha ki, vurmadı. Amma qorxmuş ola bilər.
Kamal üzünə qəribə ifadə alaraq cavab verdi:
– Qorxmadım, ana. Sən də qorxma.
Kamil gülə-gülə oğlunun başını sığalladı:
– Gərək bu uşağın adını Qorxmaz qoyardıq.
Məktəblər açılmışdı. Bu gün ilk dərs günü idi. Kamal 1-ci sinfə gedirdi. Valideynlərindən ayrılıb dərs otağına keçən bütün uşaqlar ağlayırdı, bircə Kamaldan başqa. Digər valideynlər kimi Kamil də məktəbin həyətində gözləyirdi. Tənəffüslərdə uşaqlar pəncərədən həyətə baxır, valideynlərini gördükdə yenidən ağlamağa başlayırdılar. Ancaq Kamal atasını görən kimi əl edib gülümsəyirdi. Dərs bitdikdən sonra ata-oğul birlikdə evə qayıdırdılar. Kamil bir əli ilə oğlunun əlindən tutmuş, digər əlinə də onun çantasını götürmüşdü. Ata oğluna baxıb gülə-gülə dedi:
– Afərin sənə. Heç ağlamadın.
– Niyə ağlayım ki?
– O biri uşaqlar ağlayırdı axı… İlk dəfə idi tək qalırdılar deyə, qorxurdular da… Normal haldır məncə.
Kamal üzünə ciddi görkəm alıb cavab verdi:
– Mən qorxmuram, ata. Sabah da gözləmə. Dərs bitəndə gələrsən.
Kamil bir söz deməsə də oğlunun həm ağıllı, həm də qorxmaz olmasından qürurlandı.
İllər bir-birini əvəz elədikcə Kamal böyüyür, yaraşıqlı bir yeniyetməyə çevrilirdi. İdmana da çox həvəsli idi. Bir neçə idman növünə; – güləşə, cüdoya və boksa getmişdi. Hər üçündə də yarışlara qatılmış, nailiyyətlər əldə etmişdi. Ancaq yenə də heç birində özünü tapa bilmirdi. Son siniflərə çatanda hərbçi olmağa qərar verdi. Bunu valideynlərinə bildirəndə anası, “Sən bizim tək övladımızsan” deyərək narazılıq bildirsə də, atası razılaşmış, yoldaşına da “Narahat olma, oğlumuza yaraşan peşə də elə budur” söyləyərək oğluna uğur diləmişdi. Kamal da anasının boynunu qucaqlayıb ürək-dirək vermişdi: “Qorxma, ana. Düşünürəm ki, içimdəki enerjini düşmənlərdən qisas almağa sərf eləsəm rahat olaram”.
Kamal dediyi kimi də etdi; hərbi məktəbi oxudu və zabit kimi hərbi hissələrin birində qulluq eləməyə başladı.
Hava yenicə işıqlanırdı. Kamil avtomobili ilə Qarabağ istiqamətinə gedirdi. Artıq Bərdə şəhərinə çatırdı.
İşğal olunmuş torpaqların azad olunması üçün genişmiqyaslı əməliyyatlar başlamışdı. Kamal da döyüşdə idi. Sonuncu dəfə telefonla danışanda Tərtərdə olduğunu demişdi valideynlərinə. Ancaq neçə gün idi ki, ondan xəbər-ətər yox idi. Cib telefonuna da zəng çatmırdı. Kamil də, Könül də çox narahat idilər. Son əlacı döyüş bölgəsinə gedib, oralarda axtarmaqda görürdülər. Buna görə də Kamil gecə yarısından yola düzəlmişdi. Ancaq tək gedirdi. Könül nə qədər yalvarıb yaxarsa da onu özü ilə götürməmişdi. Düşünürdü ki, lazım gələrsə oğlunu dağda, daşda da axtaracaq. Bu isə bir qadın üçün çox çətin idi. Həm də Allah eləməmiş, oğluna bir şey olsa, ana ürəyi onu qaldırmaz.
Cəbhə xəttinə yaxınlaşdıqca top səsləri eşidilməyə başlayırdı. Müharibənin nə demək olduğunu burda daha yaxşı anlamaq olurdu. Hərdən elə gurultu qopurdu ki, sanki yer, göy titrəyirdi.
Kamil şlaqbaumun önündə maşını saxladı. Bəlli ki, burdan o tərəfə mülki şəxslərə giriş qadağan idi. Bir polis əməkdaşı ona tərəf gəlməyə başladı. Kamil maşından düşüb salamlaşdı:
– Salam-əleyküm. Mən oğlum üçün gəlmişəm. Baş leytenant Kamal Əhmədov. Döyüş bölgəsindədir. Neçə gündür xəbər ala bilmirik.
– Salam. Zəhmət olmasa öncə sənədlərinizi göstərin.
Kamil sənədini göstərdikdən sonra onu posta dəvət etdilər. O, oğlunun döyüşdüyü hərbi hissə barədə məlumat verdikdən sonra, polislər ondan əlaqə nömrəsini istədilər və geri qayıdıb rayon mərkəzində gözləməsini bildirdilər.
Kamil rayon mərkəzinə qayıdıb günortaya qədər gözlədi. Ancaq ona zəng edən olmadı. Belə olan halda yaxınlıqdakı bütün xəstəxanalara, hospitallara baxmaq qərarına gəldi. Gecə yarısına qədər bir çox yerlərə baxsa da, oğlundan soraq tapa bilmədi. Nə qədər narahat olsa da, yarım saatdan bir zəng edən Könülə də ürək-dirək vermək məcburiyyətində qalırdı. Gecələmək üçün kiçik otellərdən birində yer axtarmağa başladı. O qədər yorulmuşdu ki, yemək yemədən özünü çarpayıya atdı. Bu saatda onsuz da yemək tapmaq müşkül məsələ idi.
…Oğlunun səsi hələ də qulaqlarında əks-səda verirdi; – Qorxma, ata…
Yaşaran gözlərini əllərinin arxası ilə silib yatağından qalxdı. Cəld əl-üzünü yuyub çölə çıxdı. Başı da bərk ağrıyırdı. Neçə saatdır ac-susuz olduğunu xatırladı. Yaxınlıqdakı kafelərdən birində yüngül qəlyanaltı etdikdən sonra, maşınına minib yenidən döyüş bölgəsinə yollandı.
Dünənki postda onu yenidən saxladılar. Bu dəfə ona başqa polis yaxınlaşdı. Oğlunu axtardığını, dünən də bura gəldiyini və onlardan zəng gəlmədiyini söyləyərək onu buraxmalarını xahiş etdi. Polis əməkdaşı telefonla kiminləsə danışdıqdan sonra Kamilə yaxınlaşıb dedi:
– Əmi, mən sizinlə açıq danışacağam. Oğlunuzun olduğu hərbi hissə ilə əlaqə saxladım. Şiddətli döyüşlər gedir, şəhidlərimiz və yaralılarımız var. Ancaq sizin oğlunuz barədə dəqiq heç nə bilmirlər. Sadəcə onu dedilər ki, bir az səbr eləmək lazımdır.
Kamil nə qədər xahiş eləsə də onu döyüş bölgəsinə buraxmadılar. Belə olan halda “oğlumdan xəbər almayanadək burdan gedən deyiləm” deyib maşınına sarı yeridi. Maşını bir ağacın altına çəkib gözləməyə başladı.
Yorğunluqdan göz qapaqları ağırlaşırdı. Neçə saat gözlədiyini bilmədi…
Çiyninə bir əl toxunduğunu hiss edib dik atıldı və doğma səs eşitdi: – Qorxma, ata.
Müəllif: Namiq Müslümov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında