
QARŞISINDA “O”SU OLAN DÜNYA
Şam süfrəsindən qalxıb, təzə hekayəmin üstünə əyiləndə, Şəkinin Kiçik Dəhnə kəndindən olan şair Elbrus Mikayılın zəngi gəldi mənə. Ürəyimdən gizilti kimi bir narahatlıq keçdi: “Nə əcəb bu vaxtı…”
– Salam, axşamınız xeyir!
– Salam, salam, nə var, nə yox, qardaş?!
– Nə olacaq?! Yahya müəllimə dəyməyə gəlmişik. Deyir… gedirəm… salamat qalın.
– Necə yəni “gedirəm, salamat qalın”?!
Birdən qulağıma Yahya müəllimin gümrah səsi gəldi:
– Qardaş, yazın-yaradın, beş ildən sonra sizin hekayələriniz əl-əl gəzəcək.
– Bu nə gedişdi, Yahya müəllim?
– Qara ciyərimdən indi xəbər tutmuşam. Deyir, başına çarə qıl, sənə yoldaşlıq eləyə bilməyəcəm!
– Vallah, bir qohumum ümidsiz vəziyyətdə idi. Qaraciyərini dəyişdilər, indi əhvalı da yaxşılığa dəyişib.
– Müəllim babayam, nəyim var ki, mənim?! Bir evdi, bir həyətdi, on-onbeş də bar ağacı. Sata bilmərəm.
– Niyə satasınız ki?!
– Biz Şəkililər nəyi bilməsək də, haqq-hesabımızı yaxşı bilirik. Qara ciyəri dəyişmək Şəki halvasıdı bəyəm, çənə vurub, bir-iki manat da qiymətini salasan?!
– Həəə… Bizim qohumu iki ay süründürdülər burada – ora pul, bura pul… Ölüm ayağında çatdırdılar İstanbula. Orada da azı yüz mini getdi. Yaxşı ki, atasının ona bağışladığı evi varmış.
– Ürəyinə salma, qardaş. Mənimki də buracan imiş. Onsuz da şair dostum, rəhmətlik Qoca Xaliddən ötrü burnumun ucu göynəyirdi. Dünən gecə yuxuma da girmişdi. Yəqin ki, tezliklə görü-şəcəyimiz əyan olubmuş ona.
– Yahya müəllim, Bakıya gəlin, gedək bir yaxşı həkimə…
– Bakıda qara ciyər üzrə ən məşhur həkim H…-dı.
– Olmusunuz yanında?!
– Onsuz da üzüm o yanadı…
– Ay Yahya müəllim, səsiniz gümrah, əhvalınız xoş… Vallah, bu sözlərinizin mənası çatmır mənə.
– Salamat qalın…
Yahya müəllimlə söhbətim günlərlə ürəyimdə dolandı.
Elbrus Mikayıl düz beş gün sonra, dar axşamçağı yığdı məni:
– Yahya müəllimi də dəfn elədik!
– Nə danışırsınız?!
– Heç özünə fikir verən deyildi rəhmətlik. Bəlkə də ömründə ilk dəfəydi həkimə getmişdi. “Ciyərinizə su gəlib, müəllim”, deyiblər…
– Heyf Yahya müəllimdən! Heyf!
– Həyətində iki çarpayı vardı, birində illər xəstəsi olan həyat yoldaşı yatırdı, o birində özü.
Son dəfə sizinlə danışdığım günüydü, yoldaşımla dəyməyə getmişdim. Elə sevindi gəlişimizə. Hətta evimizə qayıdanda yerindən durub, darvazaya qədər bizi ötürdü:
– Ay dost, xəbərin olsun… 3-4 günə gedirəm! – dedi.
– Hara gedirsən, qardaş?!
– Adına dünya deyirlər ey, qabağında bir “O”su da var?!
– İrağ olsun, Yahya müəllim, irağ olsun!
– “İraq”dan keçib…
26.08-29.09.2026
Müəllif: Qəşəm İsabəyli,
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında