
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

G Ö Y Ə R Ç İ N
(Hekayə)
Çıxdığı yol yormuşdu onu. Onsuz da, bu həyat yolları öz enişi və yoxuşu ilə Arazı dərindən yaralamışdı. Bu yol yorğunluğu onun yanında nə idi ki? İllərlə bir yastığa baş qoyduğu ömür-gün yoldaşı iki uşağını da götürüb düz məhkəməyə üz tutmuş, bununla da yolları ayırmışdı. Evində son dörd il idi ki, tək yaşayırdı. Çox mübarizə aparırdı bu yolların birləşməyi üçün. Təkcə uşaqlarına görə deyil, onun sakit təbiətinin sanki yalnız o qadının çılğın xarakteri ilə bütövləşdiyini düşündüyü üçün mübarizə aparırdı. Amma heç bir nəticə alınmırdı. Araz çox sakit, qapalı insan idi. Hisslərini üzə vurmazdı. Onun təbiəti belə idi. Həyata olduğu kimi yanaşardı. Bir qadın səliqəsi var idi Arazda. Evinin də, özünün də təmizliyinə qarşı çox diqqətcil idi.
İşdən yorğun çıxıb dayanacağa qədər getdiyi yol tozlu idi. Amma yenə də çox ehtiyatla addımlayırdı ki, şalvarı bu toz-torpaqdan çirklənməsin. Elə ehtiyatla addımlar attıqca düşünürdü: “Bəlkə də taleyin hökmü belədir. Tale ilə mübarizə aparmaqdansa, bəlkə dayanmaq, hər şeyi öz axarına buraxıb nəticəni izləmək lazımdır?.. Mən taleyimdə olan problemlərlə əlbəyaxa döyüşə çıxıram elə bil. O da mənə qarşı müqavimət göstərir. Dayanmalıyam. Vəssalam. Barışmalıyam taleyimlə. Bəlkə uşaqlar bir az böyüyə, analarını yola gətirə. Bilmirəm”. O, ilk dəfə idi ki, belə qərara gəlirdi. Yolda iri bir pişiyin göyərçini tutduğunun və onu parçalamaq üçün çabaladığının şahidi olan Araz cəld tərpənib göyərçini xilas etmək üçün bacardığı hər şeyə əl atdı. Əvvəlcə pişiyə – “pişt, pişt” , – deyə qışqırdı. Ardınca qovmağa başladı. Pişiyin ovunu buraxmaq istəmədiyini görüb sonunda yol kənarında üst-üstə yığılmış taxtalardan birinə əl atdı. Yalnız bundan sonra pişik ovunu ağzından buraxıb qaçdı. Heyvanları çox sevən Araz əyilib tərpənməyən göyərçinə baxdı. Gördü ki, göyərçin sağ-salamatdır. Çox sevindi. Ehtiyatla onu götürüb yoluna davam etdi. Yorğunluq bir tərəfdən, göyərçinə görə keçirdiyi narahatlıq da bir tərəfdən onu əldən salmışdı. Evə çatıb göyərçini bir qutuya yerləşdirməzdən əvvəl quşun hər tərəfinə diqqətlə baxdı ki, birdən quş yaralanmış olar. Ürəyi quş ürəyi kimi titrəyirdi Arazın. Göyərçinin heç bir yerində qan izi görmədi. Amma bir narahatlıq vardı; göyərçin qanadını qaldıra bilmirdi. “Yaxşı qulluq etsəm, qanadlanar”, – düşündü. O, göyərçinin qabağına bir az çörək qırıntısı tökdü. Banka qapağının içini su ilə doldurub qoydu göyərçinin dimdiyinin altına. Göyərçin başını əyib sudan dimdiyinə aldı, sonra başını göyə qaldırdı. Arazın ürəyinə rahatlıq gəldi. Göyərçinə sığal çəkdi. Əlinin altında quşun titrədiyini hiss etdi. Qutunu evin içində saxlamaq qərarına gəldi. Evinin kiçik həyəti də vardı. Amma həyətdə saxlamağa ürək eləmədi. Sonra əynini dəyişib özünə şam süfrəsi hazırladı. O nə qədər yorğun olmağından asılı olmayaraq, süfrənin hazırlanmasına da, qidalanmasına da xüsusi diqqət yetirərdi. Bu ona anasından keçmişdi. Yeməyini yedi, süfrəni yığdı. Saata baxdı; 10-a yaxınlaşırdı. Evdən çıxdı. Yaşadığı küçənin başında ərzaq mağazası vardı. Mağazadan bir az buğda aldı. Cəld özünü evə salıb buğdadan kiçik bir qaba töküb göyərçinin qabağına qoydu. Göyərçin buğdanı dimdiklədikcə Araz özünü xoşbəxt hiss etməyə başladı. Gecə yuxuya gedənə qədər diqqəti göyərçinin üzərində oldu. Səhər yuxudan oyanar-oyanmaz yenə göyərçinə diqqət yetirdi. Sığalladı, suyunu təzələdi. Əlinə götürüb həyətə çıxardı ki, təmiz hava alsın. Yerə qoydu. Göyərçin tərpənirdi. Qanadını qaldırmağa cəhd də etdi, amma alınmadı. Araz göyərçinə təkan vermək üçün qanadını əli ilə qaldırdı, yenə də heç bir nəticə olmadı. On dəqiqəyə yaxın həyətdə saxladıqdan sonra evə gətirib yenidən qutuya yerləşdirdi. Yenə sığalladı, hələ arada gözəl sözlərlə əzizlədi də. Səhər çayını içib işə yollandı. Bu gün həftənin şənbə günü olduğundan iş saatı günün yarısına qədər idi. Günorta işdən çıxıb həvəslə evinə yollandı. Evə daxil olan kimi ayaqqabısını çıxarıb göyərçinin qutusuna doğru yönəldi. Onunla söhbət etməyə başladı. Halını soruşdu. Əzizlədi, suyunu dəyişdi və dedi:
-Səni qanadlandıracam. Uçacaqsan. Bərabər mübarizə aparaq. Qanadlanıb digər göyərçinlərə qoşulacaqsan. Sən də digər göyərçinlər kimi xoşbəxt olacaqsan. Mən xoşbəxt olmadım, sənin xoşbəxtliyin üçün isə mübarizə aparacağam.
Nahar üçün süfrə hazırladı. Yeməyini yedi. Süfrəni yığışdırdı. Yenidən göyərçinə baxmağa başladı. Əlinə götürdü, sığalladı, kiçik həyətinə çıxardı və yerə qoydu. Göyərçin, sanki ona minnətdarlıq hissi ilə başını qaldırıb ani baxdı. Göyərçinlərin baş hərəkəti çox sürətli olur. Sonra yenə ətrafa boylanmağa başladı. Araz özünə kiçik həmdəm tapmışdı elə bil:
-Mən də qanadlana bilmirəm. Qanadımı qırıb həyat. Mənim səndən nə fərqim var? Məni həyat incidib, səni isə pişik. Mənim bəxtimin qanadı qırılıb, sənin də cisminin. Mən də uça bilmirəm. Özüm üçün mübarizə aparmağı dayandırmışam. Taleyin hökmünə buraxmışam. Amma sənin üçün mübarizəyə davam…- deyib gözlərini göyərçinə dikərək sükuta daldı. Uşaqlarının həyətdə oynadığını xəyalına gətirdi. “Kaş burda olub göyərçini görəydilər. Necə sevinərdilər”,- deyərək köks ötürdü. Ailəsi ilə birlikdə keçirdiyi xoş günləri xatırladı. Araz sanki yuxuda idi. Xəyallar onu uzaqlara, lap uzaqlara aparmışdı. Birdən göyərçinin tükürpədici səsinə ayıldı. Göyərçin qonşu məhlədən gələn qara pişiyin ağzında idi. Pişik göyərçini ağzında aparırdı. Araz cəld yerindən qaldı, pişik götürüldü. Elə sürətlə götürüldü ki, qaçıb məhlənin başındakı yarımçıq tikilinin bayır tərəfindəki əl boyda oyuğa girdi. Araz da qaçıb tikiliyə çatdı. Göyərçini o oyuqdan çıxarmaq üçün yollar düşünərkən bir neçə saniyə içində oyuqda əks-səda verən tükürpədici səs kəsildi.
17.08.2024.
Müəllif: Cəvahir TANRIVERDİ
CƏVAHİR TANRIVERDİNİN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

(Rəşad Məcid – 60)
Rəşad Məcidi çoxdan tanıyıram, səksəninci illərdən. Deməli, aramızdakı münasibətin tarixi 40 ilə çatır. Onda tələbə Rəşad “Elm və həyat” jurnalında əməkdaşlıq edirdi, cavan, suyuşirin bir oğlan idi. Üz-gözündən, baxışlarından şair olduğunu zənn edirdim. Və səhv etməmişdim, 1981-ci ildə “Azərbaycan gəncləri” qəzetində ustad şairimiz Hüseyn Arif onun şeirlərinə “Uğurlu yol” yazmışdı. Onda Rəşadın 17 yaşı vardı. Hüseyn Arif çox nadir hallarda hansı cavan şairinsə şeirlərinə xeyir-dua verib, o, şeirdə, şairin xislətində təbiilik axtarırdı və Rəşadın şeirlərində də təbii hisslər, duyğular qol-qanad açırdı. Mən Rəşadı “dünyaya təzə söz verən” (Yesenin), hər şeirində də təzə söz deyə bilən və buna can atan bir şair kimi tanıyıram. 1993-cü ildə çapdan çıxan “Hələ ki vaxt var” şeirlər kitabında belə bir şeir vardı:
Babalar yaşıdı ağacım,
Çiçəyin, gülün yadıma gəlməz.
Sən ki, əsrlər görmüsən,
Torpaq yaşıdı dağım.
Dünya yaşıdı Gün işığım,
Bir silkələyin yaddaşınızı,
Mən sizi tanıdım,
Siz məni tanımadınızmı?
Əlbəttə, Rəşadın ayaq basdığı torpaq öz suyuynan, havasıynan, çiçəyiynən onu tanıdı, amma şairi gərək o torpaq üstündəki el tanısın, onun mühiti – şeir aləmi, adi oxucular və söz xiridarları tanısın və bu mənada, Rəşadın bir şair kimi etiraf olunması təbiidir – bunu ustadlar – Bəxtiyar Vahabzadə, Məmməd Araz, Anar, Elçin, Ramiz Rövşən də vaxtında təsdiq ediblər. Amma istəyirəm onun bir şair kimi özünəməxsusluğundan söz açım.
“Həyat haradadırsa, poeziya da oradadır” (Belinski) – Rəşad Məcid həyat adamıdır və əgər belə demək mümkünsə, yaşadığı həyatın sevinclərini, ağrılarını, gözəlliklərini, sevgi dolu anlarını şeirə gətirir; obrazlaşdırır. Şair üçün romantik, ya realist olmağın fərqi nədir? Sən ay işığına baxıb ürəyini o ay işığına kökləyərsən, təbiətin gözəlliklərini öz içindəki təbiətlə qovuşdurarsan, “Arazlaşan, Kürləşən Vətəni” köksünə sıxasan, ya bir cənublu yaşıdının azadlıq çağırışına səs verəsən… Mən Rəşadın şeirlərində onun bol-bol sevinclərinin, təbiətin gözəlliklərindən ilhamlanmağının, “onu həm öldürüb, həm yaşadanın” gəlişindən “göylərə ucalıb, səmaya qalxdığının” poetik yaşantıları ilə rastlaşdım. Ona indi dəbdə olan “ovqat şairi” demək istəmirəm. Yaşadığın ovqat (kədərdən, ya sevincdən) keçici də ola bilər, məsələ onu həyatının unudulmayan anına çevirməkdədir. Deyəndə ki: “heç nə istəmirəm…heç yana baxmaq. Heç kimi görmək istəmirəm…gözlərimi yumub səni düşünmək istəyirəm” – bu səni tərpədən, qayğılandıran gözəl bir duyğudur.

Rəşad Məcidin şeirləri haqqında yazdığım bir yazıda qeyd etmişdim ki, onun şeirlərinin əksəriyyəti sanki ay işığına tamaşa edərkən yazılıb.
Bu dağlarda ay işığı –
Çəməni bürüyən şehdir,
Bir ahıl saçında zehdir.
Bu dağlar ay işığında
Nəsildən-nəsilə saflıq aparan
Yelkənli gəmidir.
Bu dağlar ay işığında
Üz-gözü südə bulaşmış
Körpə kimidir.
Ay işığının poeziyasını şeirimizə Ramiz Rövşən gətirdi, bu ay işığı Rəşadın şeirlərində “Ürəyim yol gedir ay işığında” örnək misraya çevrildi. Ay işığını sadəcə, bir təbiət hadisəsi hesab etmirəm, o, həm də tarixdir, insanın, onun əcdadının keçib gəldiyi yolu özündə əks etdirən bir güzgüdür. Bu ay işığında “cahana od ələyən, pillə-pillə qanadlanıb şimşək kimi çaxan” “Yanıq Kərəmi”nin, tarixin möcüzə sərgisi Cıdır düzünün, tənha iydə ağacının, soyulmuş dərisinin arxasından doğan cəsarət günəşinin – Nəsiminin, sahili olmayan ümman – Vazehin şeirlərinin, suları dumduru, sahilləri səssiz-səmirsiz Araz çayının əksini gördüm.
Böyük şairimiz Məmməd Arazın bir misrasını xatırlayıram: “Təbiəti şeirə gətir!” Rəşad Məcidi mən heç də təbiət şairi adlandırmıram. Onun təsvir etdiyi ay işığı da, dağlar da, dəniz də, tənha iydə ağacı da, yağış da, qar da özü ilə təbiət arasında bir harmoniya axtarmağa yönəlir. “Səni anlamağa çalışdım, gördüm ki, səhər açılır”. “Qupquru quruyan quyu öz suyunu arzuladığı qədər təşnəyəm sənə”. “Hələ ki, qar kimisən – Təzə, bol, rahat, yumşaq, geniş… Əridikcə çıxacaq üzə gizlətdiyin hər nə var”.
Azərbaycan şeiri bütün Şərq şeiri orbitində bədii təsvir vasitələrinin, şeirə naxış vuran məcazların heyrətamizliyi ilə diqqəti cəlb edib. Bircə Füzuli kifayətdir ki, şeirimizin məcaz qüdrətinin nəyə qadir olduğunu göz önünə gətirək. Və XX=XXI əsrin şairi Rəşad Məcidin şeirlərində də “Füzulidən bir dad, bir duz” olduğunu görürsən. Çoxlu misallar gətirə bilərəm, amma Rəşadın yalnız bircə şeirini misal gətirəcəyəm ki, o şeir başdan-ayağa məcazlar üstündə qurulub –
“Əllərimin qabarı, ürəyimin qabarı”
Bir pöhrə ağacdı – tumurcuqlayıb,
Bir parça çəməndi – güllü, çiçəkli.
Bardı, bərəkətdi
Əllərimin qabarı.
Gözümdə çaxan şimşəkdi,
Alnıma söykənən əlim.
Qəlbimi yandıran qəmim, kədərim,
Sonrakı ağlım, Araz dərdim.
Ağ varaqlarda çırpınan duyğularım –
Ürəyimin qabarı.
Deyə bilmədiyim sözdü – boğulub qalıb,
İki damla yaşdı,
Gözlərimdə sıxılıb qalıb
Ürəyimin qabarı,
Əllərimin qabarı.
Yaşıl-yaşıl gözəlliyini,
Budaq-budaq barını gördüm,
Sən neylədin, ürəyimin qabarı?!
Rəşadın “Çiyələk qadın” kitabındakı şeirlərin hamısı sevgidəndir. Təbiət gözəlliklərini şeirlərində özünəməxsus orijinal bədii təsvir vasitələri ilə əks etdirən Rəşad sevgi şeirlərində də bənzərsizdir. O mənada ki, yaşanılmış hisslərini qələmə alır. Biz bu hisslərin “ərazisində” vüsal-hicran dolaylarında yol gedən, bəzən uğursuzluğa düçar olub göz yaşları içində qıvrılan, bəzən də sevdiyini mələk sanan məcnunvari bir sitayişin şahidi oluruq. Bir sözlə, onun sevgi qəhrəmanını bu müqəddəs, bu ali hissin sözün yaxşı mənasında əsiri olduğunu görürük. Sevgi varsa, yaşamağa dəyər! Sev-ucalarsan! Sev-mənən zəngin olarsan! Sev-gözəllik duyğusuyla yaşayar, yaradarsan! Sevdiyin qadına pərəstişdə, heyranlıqda bulun, onu ürəyinin taxtı-tacı bil, həyat sənin üçün gözəlləşər, ülviləşər…
Budur, sevən aşiq dahi aşiq Füzulinin heykəli qarşısında öz məhəbbətini etiraf edir:
Surquclayıb yüz ağrını, əzabı,
Dərd içində səadətdən gülmüşəm.
Xoş anların yapışmışam yalından,
Göz yaşımı gülüşümlə silmişəm.
Ustadımın heykəlinin önünə,
Aşıb-daşan məhəbbətlə gəlmişəm.
Mən nə deyim bu halətə, bu hala?
Demək, hələ çalxalanır dənizim,
Sevgimizdən qımıldanır.
Bir neçə gün bundan əvvəl “Azərbaycan” jurnalının 7-8-ci qoşa sayında Rəşad Məcidin “Şuşa dəftəri” silsiləsindən təqdim etdiyi şeirlərini oxudum. Bu silsilə Vaqif Bəhmənlinin çox dəqiq qeyd etdiyi kimi: “Şuşa dəftəri”nin poetik yaddaşı həm tarixidir, həm çağdaşdır, həm də ruhani. Bu şeirlər çoxsaylı oxucu üçün ürəyin başında, sol cibdə gəzdirilməyə layiq Qarabağ himnləridir!”. Bu silsilədə hər şeir otuz illik həsrətdən sonra Şuşanın ehya olunan təzə, bir şairin sözlə hördüyü poetik rənglərdir, naxışlardır. Mən Rəşad Məcidi – illər boyu şeirlərini oxuduğum bu şairi heç vaxt “Şuşa dəftəri” silsiləsində olduğu kimi nikbin görməmişdim. “Şuşa dəftəri” müasir poeziyamızda təzə bir sözdürdür.
Süzülür dan yerindən tarixlərin işığı –
Dahilər şəhərinin işıqlı yaraşığı!
Şəninə dastan yazır,
söz qoşur haqq aşığı,
Əcdaddan paydı deyir,
qoca Şuşa sevgisi!
Azərbaycan əsgəri…
borc ödəyib canıyla,
Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!
İslanıb hər qarışı şəhidlərin qanıyla,
Dönüb yalçın qayaya,
tunca Şuşa sevgisi!
Rəşad Şuşa havasının sirrini, Şuşada bitən kəkotunun, Şuşanın loğman şaxtasının və s. Şuşaya məxsus görüntülərin sözlə çəkilən rəsmlərini Rəşadın şeirlərində gördüm.
İlkin mənbə: Edebiyyatqazeti.Az
Müəllif: Vaqif YUSİFLİ
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

DAĞLAR QOYNUNDA QƏDİM DİYAR – KƏLBƏCƏR
“Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinə
Yazı bütövlükdə müsabiqənin tələblərini əhatə etməyə bilər. Bu, Zülfüqar Hüseynzadənin döyüşkən ruhu xatirinə Kəlbəcərin o dövrünə qısa səyahətdir. Qoy, mübariz jurnalistimiz kimi o dövrün hadisələri də heç vaxt unudulmasın. Necə deyərlər, unutsaq, unudularıq.
Rayonun misilsiz təbiəti, yeraltı və yerüstü sərvətləri
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Burda ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Həmin dövrdən keçən müddət 4 milyon ildən artıq bir tarixdir. Kəlbəcərdəki mağara düşərgələrində müxtəlif vaxtlarda aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Qobustan qayaları üzərindəki rəsmlərin oxşarı, mixi yazılar son tədqiqatlar zamanı aşkarlamışdır.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri vardır. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Füsunkar təbiəti olan Kəlbəcər sıldırım qayaları, sıx meşələri ilə seçilir. Təbii sərvətlərlə zəngindir. Ölkənin ən böyük qızıl yatağı Kəlbəcərdədir.
Son olaraq inzibati ərazi vahidi kimi Kəlbəcər rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. 2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuş, 25 noyabr 2020-ci ildə müzəffər ordumuz tərəfindən azad edilmişdir.
Münaqişə illərində
Ermənistanla Azərbaycan arasında milli münaqişə dövründə Kəlbəcər camaatı daha çox əziyyət çəkdi və sarsıntılar keçirdi. Kəndlərin bir-birindən aralıda yerləşməsi könüllü dəstələrin vəhdətinə, birləşməsinə mane olurdu. Kəlbəcərin və sərhədyanı kəndlərin hündürlükdə yerləşməsi əhalidə ermənilərin hücum etməyəcəyi təskinliyi yaradırdı. Qonşu Laçın və Dağlıq Qarabağın Ağdərə rayonlarında, eləcə də Ermənistanın Göyçə mahalında azərbaycanlılar yaşayırdı, ermənilərlə arada bufer rolunu oynayırdı. Göycə mahalının əhalisi köçürüldükdən sonra bölgəyə rusdili Sovet qoşunu yeridilərək sərhəddi mühafizə altına aldı.
Mərkəzlə əlaqə
Kəlbəcər rayonuna dəmir yolu xətti çəkilməmişdi. Yeganə şassi yol olan Tərtər – Ağdərə (Dağlıq Qarabağ) – Kəlbəcər yolundan istifadə edərək mərkəzlə əlaqə saxlayırdılar. Rəhbərlikdə oturanlar gözəl başa düşürdülər ki, ermənilər istədikləri vaxt tunel yolu (Ağdərə yolunu) bağlayıb Kəlbəcərin mərkəzlə əlaqəsini kəsə bilərlər. Odur ki, alternativ yollar haqqında düşünməyə başladılar.
1988-ci ilin aprel ayında iki istiqamətdə yol çəkilişinə başlandı. Bunlardan biri Kəlbəcərin tunel bölgəsini Laçın rayonu, digəri Yanşaq – Meydançay bölgəsini Murovdağdan keçməklə Gəncə şəhəri ilə birləşdirəcəkdi. Kiçik Qafqaz sıra dağlarında dəniz səviyyəsindən üç min metr və daha yüksək hündürlükdə olan Murovdağdan yol çəkilişi məsələsi ağlabatan olmasa da başqa çıxış yolu da qalmırdı. SSRİ tarixində ilk dəfəydi smeta-layihə sənədləri tərtib edilmədən çəkilişi başlanan yollar yalnız bələdçilərin göstərişi əsasında aparılırdı. Həmin ilin yazında ölkə rəhbərliyinə gətirilən Vəzirov bu yolların həmmüəlliflərindən olmasa da çəkilişə əngəl də törətmədi.
İyulda Laçın istiqamətində çəkilən yol başa çatdırıldı və Qorçu kəndində ümumi şösse yola birləşdirildi. Sentyabrın ortalarında isə Gəncə istiqamətində çəkilən yol Murovdağ aşırımını keçərək Xanlar rayonunun Toğanalı kəndindəki yola birləşdirildi.
Yol çəkilişi Kəlbəcərin mərkəz ilə əlaqəsini yaxşılaşdırsa da gərginliyi aradan qaldırmadı. Belə ki, Tərtər – Ağdərə – Kəlbəcər marşrutu ilə hərəkət edən maşın karvanı yaxınlıqda yerləşən erməni kəndlərinin əhalisinin hücumuna məruz qalırdısa, yeni marşrutda olan Çaykənd, Azad və Kamo kəndlərində tam olaraq yaşayan ermənilərin təxribatlarından da yan keçmək mümkünsüz idi.
Son olaraq Ağdərə yolundan nə vaxt istifadə olunduğu xatırlanmasa da Murovdağ yolu hazır olandan sonra bu yoldan istifadəyə üstünlük verildi. Yoldan istifadənin xüsusi əhəmiyyəti vardı. Bu yolda tək hərəkət təlimata uyğun deyildi. Toğanalı kəndinin girəcəyində, Aşırımın ətəyində və Meydançay deyilən ərazidə “Yol evi” deyilən daldalanacaqlar tikilmişdi ki, burada sürücülər bir-birlərini gözləyib karvan şəklində yollarına davam etməliydilər.
İlk müdafiə tədbirləri
Kəlbəcərdə ermənilərin təxribatları ilə üzləşdikdən sonra özünümüdafiə məsələsi ortaya çıxdı. Ağdərə yolundan keçən maşınlara basqınla kifayətlənməyən erməni dığaları kiçik qruplarla kəndlərin “kəşfiyyat”ına çıxmağa başlayırlar. 1989-cu ilin iyun ayında, artıq xeyli vaxtdır Kəlbəcər maşınlarının Ağdərə yolu ilə keçmədiyini görən ermənilər on bir nəfərlik qrupla Ağdaban kəndi ərazisinə gəlirlər. Fəal tərpənən kənd camaatı onları zərərsizləşdirərək rayon mərkəzinə gətirir və milisə təhvil verirlər. Çox keçmir ki, rus hərbçilərinin müşayiəti ilə iki vertolyot gəlir və tutulanları istintaqa cəlb etmək üçün Xankəndinə aparmalı olur. Nəzərdə tutulmuş vertolyot meydançasına deyil, stadiona enən vertolyotlardan biri qalxma zamanı qəza törədərək meydançada futbol oynayan səkkiz azyaşlını qanına qəltan eyləyir və Kəlbəcər camaatını matəmə qərq edir. Bununla da özünümüdafiəyə qalxan camaat könüllü qruplar yaratmağa başlayır. Bu vaxt Daxili İşlər Şöbəsinin tərkibində milis bölüyü yaradılır və Ermənistanla sərhəddə olan Söyüdlü, Qara qaya, Dikyurd, Yellicə, Zəylik, Taxtadüz, Xanım dərəsi, Dağlıq Qarabağ ilə həmsərhəd olan Ağdaban, Narışdar, Çərəktar və təxribat xarakterli hücumlar gözləniləsi ehtimal olunan digər ərazilərdə postlar qurulur. Həmin postlarda iki yüz nəfərlik milis bölüyünün nəfərləri ilə bərabər könüllü dəstələrin üzvləri də dayanmalı olurlar.
Könüllü müdafiəçilərin əzmi rəhbərliyin atdığı iki addım nəticəsində qırılır. Birincisi, 1990-cı ilin iyirmi yanvar qırğınından sonra əhalidən ov tüfənglərinin yığılması və rusdilli Sovet qoşun dəstələrinin bölgəyə yerləşdirilməsi könüllü müdafiə dəstələrinin nizamını pozur və onlar fəaliyyətlərini dayandırırlar.
Təxribatlar münaqişəni dərinləşdirir
Mart ayından Dağlıq Qarabağda rəhbərliyi üzərinə götürən rus hərbçiləri ilə aparılan danışıqlar nəticəsində maşın karvanının Kəlbəcər – Ağdərə – Tərtər marşrutu ilə köhnə qayda üzrə hərəkətinə icazə verildi. Bir müddət yük maşınları, sərnişin avtobusları hərbçilərin müşayiəti ilə bu yolla işlədilər. Vahimə içərisində hər an hücuma məruz qalacaqlarından dörd göz olub bu bir neçə saatlıq yolu cəhənnəm əzabı ilə qət edirdilər. Nəhayət, qorxduqları başlarına gəldi. Iyunun 11-də ermənilərin vəhşiliyi kəlbəcərliləri ikinci dəfə sarsıtdı və düşmənçiliyi bir az da dərinləşdirdi. Həmin gün Tərtərdən gələn maşın karvanı Otaq qaya adlanan yerdə pusquya düşdü, gülləbaran olundu. Onlarla kəlbəcərli və İstisu sanatoriyasına gələn qonaq yaralandı, şikəst oldu. Xidməti vəzifə borcunu yerinə yetirən (hərbçilərlə bərabər həm də milis işçiləri karvanı müşayiət edirdi) milis mayoru həlak oldu. Onunla bərabər rus hərbçilərindən əsgər Sergey Mezentsev aldığı güllə yarasından dünyasını dəyişdi.
Rus hərbçiləri yeganə xilaskar rolunda
Kəlbəcər rayonu ərazisində xidmət keçən rus hərbçiləri əhalinin rəğbətini qazana bilmişdi. Onlardan elələri var idi ki, əvvəllər Ermənistanda xidmət keçib dığaların riyakarlığının şəxsən şahidi olmuşdu.
Həm də bir neçə dəfə erməni yaraqlılarına qarşı əməliyyatlar keçirmişdilər. Əməliyyat zamanı Dağlıq Qarabağın həmsərhəd olan Getavan, Çapar, Vaqauz, Zərdəxaç kəndlərindən 24 nəfər erməni yaraqlısını həbs edərək Tərtər rayon Daxili İşlər Şöbəsinə təhvil vermiş, Haterk kəndi yaxınlığında 40 nəfərlik silahlı dəstə ilə döyüşə girərək onlardan çoxunu məhv etmiş və yerdə qalanını həbs edərək təhvil vermişlər. Beləliklə, bir neçə əməliyyatda ədalətlilik prinspindən çıxış edən rusdilli Sovet qoşunu kəlbəcərlilərin əsil xilaskarına çevrilmişdi.
Milli Ordu yaradılmağa başladıqdan üç ay sonra Sovet qoşunlarının bölmələri Bakıya çağırıldı. Bu proses bütün sərhədyanı rayonlarda, o cümlədən Kəlbəcərdə 1992-ci ilin mart ayında həyata keçirildi.
Müdafiə naziri Kəlbəcərə gəlir
Aprel ayının yeddisindən səkkizinə keçən gecə ermənilər Ağdaban yaşayış məntəqəsini işğal edir. Bu xəbəri eşitcək Gəncə Daxili İşlər İdarəsinin rəisi Eldar Həsənov 75 nəfərlik milis bölüyünü Kəlbəcərə köməyə göndərir.
Müdafiə naziri Rəhim Qazıyev dərhal Kəlbəcərə gəlir. Ölkənin müdafiəsinə cavabdeh şəxs vəziyyəti analiz edib əmr verir. Onun əmri ilə 701 saylı hərbi hissə Kəlbəcər rayonunun müdafiəsinə göndərilir. Həmin hərbi hissə Bakının Şıxov massivində Sovet ordusundan miras qalan normal şəraitli hərbi şəhərcikdə yaradılan və Ali Baş Komandanın son ehtiyatı idi.
***
Düzdür, Kəlbəcərdən sonra ard-arda digər rayonlar da işğal olundu. Kəlbəcərin işğalını isə həmin rayonların işğalı ilə eyniləşdirmək olmaz.
Müəllif: Fəzail RZAQULİYEV
Hərbi psixoloq
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ AVQUST – 2024 № 08 (44)-CÜ SAYI İŞIQ ÜZÜ GÖRÜB (PDF): yazarlar-44

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Avropa çempionatına hazılıq
Alpaqut Türk Döyüş növü üzrə Ağdam filialında növbəti məşq günüdü. İdmançılar isinmə hərəkətləri edəndən sonra fiziki hazırlıqlarını məşq edirlər.İdmançılarda fiziki hazırlıq çox önəmlidi.
Məşqçi Kənan müəllim idmançılara qarçı çox tələbkardı. Düzgün olmayan hərəkət elementini dəfələrlə təkrar elətdirir. Çünki bu idmançılardan bir neçəsi Rumuniya respublikasında keçiriləcək Avropa Çempionatına hazırlaşırlar.
İdmançıların içində diqqətimi kiçik yaşlı bir qız cəlb edir. Bu Ümrəxatundu. Atası, anası da onun məşqlərinə baxırlar.
Ümrəxatun 04.10.2019-cu ildə Quzanlı qəsəbəsində doğulub. Atası Qurban Qəhrəmanovdan soruşuram:
-Qurban bəy, necə oldu qızınızı bu yaşda bura gətirdiniz?
-Bir gün qızım, həyat yoldaşım Leyla müəllimə ilə Quzanlı İdman Kompleksinin yanından keçəndə məşq edən uşaqları görən kimi Ümrəxatun dedi ki, mən də onlar kimi idman etmək istəyirəm. Mən, yaxşı, deyib bunu ötəri bir həvəs kimi qəbul etdim. Lakin o, israrla bizə onun bura gətirməyimizi məcbur etdi. Biz də Kənan müəllimə müraciət etdik. O, da sağ olsun Ümrəxatunu qəbul etməyə razılıq verdi.
-Qızınızın Alpaqutla məşğul olmağında bir marağınız, məqsədiniz varmı?
-Bir ata kimi mənim marağım onun sağlam olmasıdı, məqsədim gələcəkdə o, da məşqç kimi bu idman növünü uşaqlara sevdirməyidi (bu mənim fikrikdi, böyüyəndən sonra seçim özünündü).
Anası Leyla Həmidova Quzanlı kəndində Uşaq musuqi məktəbində Səs müəllimi işləyir.Onun da qızı haqqında fikrini bilmək mənim üçün maraqlı oldu.
-Leyla müəllimə, qızınız haqqında nə deyə bilərsiniz?
-Qızımız Ümrəxatun hələ dil açandan vətənpərvərdi.Ordumuz Qarabağda qələbə çalandan sonra bizə dedi ki, məni Qarabağa aparın! Aradan bir az keçmiş, zəfərdən bir il keçmiş olardı, yenə dirəndi ki, məni Qarabağa aparın!Biz onu maşına mindirib Əfətliyə tərəf yol aldıq. Quzanlı kəndini çıxan kimi Şəhidlər xiyabanın görüb dedi ki, hə, buranı deyirəm. Mən onda anladım ki, o, Şəhidlər xiyabanın nəzərdə tuturmuş. Döndük ora. Şəhidlər xiyabanının qarşısında satılan güllərdən alıb ona verdik.Ümrəxatun o gülləri bir-bir şəhidlərin məzarları üstə düzdü.
-Bu idman növün siz seçdiniz, özü?
-Biz. Bir musiqi müəllimi olmaqla mən milliliyi çox sevirəm. Milli musiqimizi, milli idman növlərimizi, milli adət-ənənələrimizi, milli mətbəximizi qoruyub saxlamağın tərəfdarıyam. Türk Döyüş növü olan Alpaqutda milliliyimiz var. Mən istəyirəm ki, qızımız Ümrəxatun bu idman növündə uğurlar əldə edib bayrağımızı Avropada, dünyada yüksəklərə qaldırsın. Sonra da həyat yoldaşım Qurban demişkən, Kənan müəllim kimi məşqçi olsun.
Kənan müəllimdən soruşuram:
-Gəldiyi gündən Ümrəxatunda bir irəliləyiş varmı?
-Bəli, çox həvəslə işləyır. Deyiləni canla-başla yerinə yetirməyə çalışır. O, yaşda hamıdan kiçik olmağına baxmayaraq özündən böyüklərdən geri qalmaq istəmir. Çox çalışqan qızdı…




Məşq davam edir. Sizə uğurlar olsun!
Müəllif: Məmməd MƏRZİLİ
Şair-publisist, AJB-nin üzvü.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

***
Dik tut başını Azər(i)baycan, şəhidin var,
Can verdi bu torpaqda neçə can, şəhidin var.
İçdi o şəhadət meyini, qarşıla ya Rəb,
Oldu sənə çün şövq ilə mehman, şəhidin var.
Bax, qaməti, gül çöhrəsi etmiş bizi əfsun,
Bülbül ona olmaqdadı heyran, şəhidin var.
Düşmənlərə meydan oxuyur bir-bir igidlər,
Azadlıq üçün hey tökülür qan, şəhidin var.
Şah İsmayılın, Babəkin övladlarıyıq biz,
Hər addımımız dillərə dastan, şəhidin var.
Ey mərd anası, yolma saçın, fəxr elə ancaq,
Qəmdən ağaran saçlara qurban, şəhidin var.
Al ovcuna, öp torpağı, bu çünki vətəndir,
Hər bir qarışında neçə mərdan şəhidin var.
Mehri, qələmin tə’rifi misralara sığmaz,
Bu şeirivi ver xalqıva ehsan, şəhidin var.
***
(Şəhid Anar Nağıyev Sahib oğlunun xatirəsinə)
Görün necə…
Bu vətənin sağlığına can verənlər yaşayarmış,
Yaşadıqca vətən adın zirvələrə daşıyarmış,
Görün necə, vətən üçün əlləriylə daş oyarmış,
Şəhidlərim…
Görün necə…
Pak torpağa paklığını qanlarıyla bəxş edərlər,
Yaddaşlara igidliyi, mərdliyini nəqş edərlər,
Görün necə, azadlığı bizə verib, tez gedərlər,
Şəhidlərim…
Görün necə…
Yaramızı sarmaq üçün gəncliyinə vəda edib,
Həqiqi eşq ilə canı vətəninə fəda edib,
Anar kimi şəhadəti könlümüzə nida edib,
Şəhidlərim…
***
TORPAĞI DOYDURAN ŞƏHİD
(Şəhid Zeynallı Rəşad Qiyas oğlunun xatirəsinə)
Vətən doydu qanın ilə,
Torpağı doyduran şəhid.
Elə cavan şəhid oldun,
Ürəyi oyduran şəhid.
Arzulara baxmadın sən,
Həyat yolu axmadın sən,
Bəyliyini taxmadın sən,
Bayrağı qaldıran şəhid!
Tarixə həkk oldu adın,
Var idi bircə muradın,
Muradı yetdi Rəşadın,
Torpağı doyduran şəhid.
Gözü yaşlı qaldı anan,
Bütün ömrü oldu talan.
Halına olmadı yanan.
Bağrını yandıran şəhid.
***
ANAMA HƏDİYYƏM ŞƏHİDLİYİMDİR!
(Şəhid Cəbrayıl Dövlətzadəyə həsr)
Anacan, ad günün mübarək olsun!
Başını uca tut, göz yaşı tökmə.
Fəxr elə, şəhidlik zirvəsindəyəm,
Ağlama, heç zaman dərd-qəmi çəkmə.
Haqqını halal et, gələ bilmədim,
Bu il yanağından öpə bilmədim.
Öpmüşəm vətənin torpağını mən,
Vətəni tək qoyub, dönə bilmədim.
Fəxr elə, anacan, qürur duy hər vaxt,
Düşmənə bircə an boyun əymədim.
Halal torpağımda döyüşdüm, ancaq
Özgə torpağına zərrə dəymədim.
Anacan, andımız var idi bizim,
Vətənçün yaşayıb, ölməyi seçdim.
Uşaqlıq arzumu gerçək etmişəm,
Mən şəhid olmuşam,
Əbədi həyatın şərbətin içdim.
Anacan, ad günün mübarək olsun,
Qoyma gözlərində kədər-qəm olsun.
Vətənin bayrağın ucaltmışam mən,
Şəhidlik məzarım hədiyyəm olsun.
***
VƏTƏN UĞRUNDA İKİ GÖZÜNÜ DƏ İTİRMİŞ QAZİ İSMAYIL HÜSEYNZADƏYƏ
Vətən adlı günəş doğdu bir igidin gözlərində,
Gözlərinə qəlpə dəyən zaman, günəş utandımı?
Görən varmı əvvəlkitək o taqəti dizlərində?
Bu zülmətin ağuşunda çarə tapıb, tutundumu?
O pak eşqin beşiyində, vətəninin keşiyində,
Tutunmağa bircə yeri onun qəlbindəki yerdir.
İnsanlığa örnək verən məhəbbəti var igidin,
Vətən ilə anasına sığındığı qucaq birdir.
Gözlərini bu vətənə qurban verən qazilərin,
Sevincini itirdiyi gözlərinə qurban olum.
Haq döyüşdə səngərlərdə gecə-gündüz yorulmadan,
Zərəf ilə addımlayan dizlərinə qurban olum.
İtirdiyi günəşini, hər işıqlı sabahını,
Mərd oğullar yerdə qoymaz igidimin bu ahını.
Qürur duyub, fəxr elədi vətən torpağı sizlərlə,
Uca Allah, əksik etmə igidlərdən pənahını!
Uca Allah, əksik etmə igidlərdən pənahını!
***
(Şəhid Əşrəf Məmmədliyə həsr)
Rahat uyu, igid əsgər,
Vətəninin torpağında.
Adın daim ucalacaq,
Büküldüyün bayrağında.
Rahat uyu, igid əsgər,
Qanın yerdə qalmadı, bil.
Sənin şücaətin varkən,
Bu vətən əzilən deyil!
Rahat uyu, igid əsgər,
Şəhidliyin məqamında.
Alnımızı ağ etdin sən!
Hər addım, intizamında.
Rahat uyu, igid əsgər,
Doğma vətən, bil, azaddır!
Düşmənlərdən pak etdiyin,
Hər qarışı bil, abaddır!
Rahat uyu, igid əsgər,
Bu xalq səni unutmazdır.
Öpüb sənin ayağından,
Təşəkkür etsək də azdır!
Rahat uyu, igid Əşrəf!…
***
MƏN ŞƏHİDƏM!
(Şəhid Baş Leytenant Ramil Bayramovun xatirəsinə)
Mən Şəhidəm!
Çünki, mənim damarımda vətən axır qan yerinə!
Qeyrətimdə, namusumda, bədənimdə can yerinə!
Son nəfəsi vətənimçün vermişəm qurban yerinə!
Siz yaşadın bu vətəni!
Mən şəhidəm,
Vətənimin torpağında, ağacında, suyundayam,
Yüz illərdir azadlığın yazılmayan sayındayam,
Artıq varam, ruhum azad! Bu vətənin hayındayam,
Siz yaşadın bu vətəni!
Mən Şəhidəm!
Məhəbbətim, sədaqətim vətənimçün müqəddəsdir!
Həqiqi eşqi var olan şəhadəti dadan kəsdir.
Vətən gülü yüz illərdir qan ağladı, daha bəsdir,
Siz yaşadın bu vətəni!
Mən şəhidəm!..
Mən cənnəti vətənimin azadlığında istərəm!
Bayrağı yüksələn yeri uçub səmada göstərəm.
Vətən üçün gərək isə ruhum ilə səfərbərəm,
Siz yaşadın bu vətəni!
***
(Şəhid Əkbər Hüseynlinin xatirəsinə)
Ömrünü yarıda qoydu şəhidim,
Çiçəklər tökəntək şux ləçəyini.
Solmayan əbədi cənnət gülütək,
Yaşatdı vətənin gül-çiçəyini.
Atalar fəxr edər oğul gücünə,
Mərdliyi, qeyrəti tarix yazıbdır.
Gənc yaşda başdaşı qoyulan şəhid,
Ana ürəyində məzar qazıbdır.
Vətənin səngərdə doğan günəşi,
Yüksələn bayrağı, şərəfi oldun.
Sənin yüksəlişin dəldi göyləri,
Cənnət məqamına qədəmin qoydun.
Sən idin vətəni qoruyan mələk,
Vətənə sinəni sipər edərək.
Xain ayaqlardan azad etdiyin,
Torpağa sarıldı anan, öpərək.
Ömrünü yarıda qoyan Əkbərim,
Yaşatdın gələcək nəsilləri sən.
Vətənim sağ olsun! -dedin və getdin,
Qoxladın əbədi o gülləri sən.
***
(Şəhid Mayor İlkin Rzayevin xatirəsinə)
Vətən, məni bağışla…
Şəhidlik zirvəsinə daha erkən ucaldım.
Məni Tanrı apardı, özüm vətəndə qaldım.
Qanımı qurban verib, düşmənlərdən öc aldım,
Zəfərlə addımladım, azadlığa yol aldım,
Məni Murov dağına sancın bayraq yerinə.
Oğul, məni bağışla…
Yanında olmasam da tarixdə yaşayacam,
İgidliyin, mərdliyin adını daşıyacam.
Murovda aslan kimi, əzmlə vuruşmuşam,
Vətənin qucaqında şəhadətə çatmışam.
Bağışla məni Əli, yarım qalan ömrümə…
Qızım, məni bağışla…
Fələyin çevirdiyi saat sükuta doldu,
Səni xoşbəxt etməyim ürəyimdə köz oldu,
Sən gözümün Nurusan, nurun mənə göz oldu.
Baxma ki gözlərimdə həyat çiçəyi soldu,
Kaş kədər toxunmasın o gülən gözlərinə.
Ana, məni bağışla…
Ağarmış saçlarına toxuna bilməyəcəm,
Sənlə keçən ömrümü səndən əsirgəyəcəm.
Bağışla məni ana, daha mən gəlməyəcəm,
Ahh, o xumar telinə sarılıb öpməyəcəm,
Vətənin torpağını öpmüşəm qanım ilə…
***
(Şəhid Elçin İsmayılov İlqar oğlunun xatirəsinə)
Fəxr edirəm, vətən oğlu,
Min igid var, biri sənsən.
Hər igidin min hünəri,
Min hünərdən nəri sənsən.
Nə gözəldir bu torpağın,
Duz-çörəyi, naz-neməti.
Həm qüvvəti, güc-qüdrəti,
Səndə olan şux qeyrəti.
Mərd əlində qalxar bayraq,
Yüksəkliyə ucaldıqca.
İgid əsgər vətəninin
Düşmənindən öc aldıqca.
Sən cənnətin beşiyində
Bir gül idin, qoxladıq biz.
Ulu torpaq keşiyində,
Elçin, adın saxladıq biz.
***
(Şəhid Şəhriyar Əsgərovun xatirəsinə)
Bu gün göyərçinin qanadlarında,
Yüksələn ruhuma baxır vətənim.
Üç rəngli bayrağın ayparasında,
Şəhidlik rəmzini taxır vətənim.
Anam nalə çəkib diz çökən anda,
Tutun qollarından, qaldırın onu.
Mənsiz bükülməyə izn verməyin,
Şəhriyar oğlutək qoruyun onu.
Vətənə qanımı halal etmişəm,
Bu haq belə asan verilməz ələ.
Qalmasın düşməndə bu pak torpağım,
Yoxsa yaralarım ağrayar hələ.
Allaha əmanət qoyub sizləri,
Əbədi cənnətə yol alıram mən.
Azadlıq uğrunda savaşan varsa,
“Şəhidlər ruhutək” yaşayar vətən.
***
(Şəhid İlqar Bürcəliyevin xatirəsinə)
Bu gün doğum günün imiş,
Ey qəhrəman şəhid, İlqar.
Gəncliyinə vəda etdi,
Torpağa döndü arzular.
Vətən qucaq açdı sənə,
Sən vətənə qucaq açdın.
Şəhidliyin zirvəsindən,
Torpağa nurunu saçdın.
Gözlərində işıldayan,
Günəş sönən deyil, oğul.
Bizi daim yaşadacaq,
Həyat eşqindi bil, oğul.
Səmalara ucaltmısan,
Sən bu vətən bayrağını.
Qanın ilə tarix yazıb,
Öpdün vətən torpağını.
***
XOCALIM
Susun, sakit durun!
Dünyanın dərinliyindən bir səs gəlir, körpə səsi,
Boğur insanlığı, qopur göylərdəki ah-naləsi.
Duyun, ölmüş vicdanların qətl etdiyi məzlum kəsi,
Vermiş həyat bətnindəki doğulmamış son nəfəsi.
Susun, sakit durun!
Günəştək qalxsa da erkən, bu erkən yatma dünyası,
Mənafe uğruna neyçün tükənməz qanlı dəryası?
Ürəklər ürpədən fəryadı duymaq gec, nə faydası?
Bəşər dönmüş müqəvvaya? Nədəndir yoxdur ehsası?
Susun, sakit durun!
Bədənlər sağ ikən yandı, Xocalım yandığı gündən,
Nə eybi gördülər əfsus, fəqətdir güldülər gendən,
Susun! Əlbət bu səssizlik çıxardar sizləri dindən!
Həqiqət olduğu yerdə susan varsa, odur düşmən.
Susun, yox, susmayın bir də!
Dönüb dəryatək axdıqca bilin ki, qan tutar aləm,
Duyunca körpə fəryadın İlahi dillənər hər dəm,
Daha susma, daha susma, insan oğlu deyil əbsəm,
Mən insanlıq mayasından zühur etmiş həmin sidqəm!
***
ƏSGƏR QARDAŞIMA
Qardaş, əsgərliyin mübarək olsun!
Bu vətən torpağı sənə əmanət.
Biz, ana-bacını qorumaq üçün,
Düşmənlə üz-üzə gələrsən əlbət!
Qardaş, əsgərliyin mübarək olsun!
Qolumu göndərim, yenə güc olum,
Dizimi göndərim taqətin üçün,
Özümü göndərim, sənə güc olum.
Qardaş, əsgərliyin mübarək olsun!
Darıxma, özümtək yaxınam sənə.
Bu il yuxusuzsan, bilirəm necə,
Çünki öz gözümtək yaxınam sənə.
Qardaş, əsgərliyin mübarək olsun!
Təki sağ-salamat qayıt evinə!
Sənin bir Allahın, bir də vətənin,
Bir də ana-bacın sənə pərvanə.
Qardaş, əsgərliyin mübarək olsun!
Səninlə fəxr edir yerlə göy inan!
Bu yolda müqəddəs xidmətin üçün,
Baş əyir vətəni sevənlər hər an.
Qardaş, əsgərliyin mübarək olsun!
Qoru sən özünü, anana xatir.
Gözü həsrət çəkən bacına xatir,
Anatək ürəyi yanana xatir!
Qardaş, əsgərliyin mübarək olsun!
Allah pənahında saxlasın səni.
Yolunu gözlərik, sağ-salamat gəl,
Anan doya-doya qoxlasın səni!
***
Uca bayraq, dalğalan,
Vətənin hər yerində.
Hər qarış torpağında,
Hər yazı, şeirində!
Qoy yazılsın tarixə,
Səndə olan qeyrətim.
Sən mərdliyin zirvəsi,
Ən ali məhəbbətim.
Dalğalan, çünki səni,
İgidlərim ucaltdı.
Düşməndən azad edib,
Canımıza can qatdı.
Ucal göylərə qədər,
Yüksəl, vətən bayrağım.
Düşməndə qalmayacaq
Bircə qarış torpağım.
Sən vətənin gözüsən,
Şərəfimsən, şanımsan!
Fəda olsun bu canım,
Damarımda qanımsan!
Dalğalan, hər fəsildə,
Keçsə də milyon il də.
Azərbaycan desinlər,
İz qoy hər bir nəsildə!
***
Könlümün sevgisidir, vurğunuyam tək vətənin,
Aşiqəm hüsnünə ancaq bu mübarək vətənin.
Bu fəna yerdə ölümsüzlüyə çatmaq diləsən,
Eşq ilə tut adını daima yüksək vətənin.
Qoyma bir dəm qoya düşmən qədəmin torpağına,
Nə qədər var nəfəsin, qeyrətini çək vətənin.
Vətən azadlığının naminə can ver, necə ki,
Etdi uğrunda fəda canını Babək vətənin.
Qəhrəmanlar yetirən ölkə yetirmiş səni də,
Yaşamaqdır, ey oğul, uğruna ölmək vətənin.
Çox müsibət gətirilmiş başına yurdumuzun,
Eləmiş dərdi, qəmi qəlbimi kövrək vətənin.
Sənə şəfqətlə, hərarətlə açıbdır qucağın,
Bəsləmiş, Mehri, səni doğma anantək vətənin.
***
“Torpağın da səsi var”
Duy, ey vətən övladı,
Vətən çəkən fəryadı,
Səndən umur imdadı,
Məgər özgə kəsi var?
Torpağın da səsi var…
Vətən görən gözümdür,
Ən duyğulu sözümdür,
Anamtək əzizimdir,
Can verən nəfəsi var.
Torpağın da səsi var.
Göz yaşları tökülən,
Bayrağına bükülən,
Adı şəhid çəkilən,
O daşın yiyəsi var.
Torpağın da səsi var…
Səni kim ana bilib,
Səmalara yüksəlib,
Sənin yolunda ölüb,
Yaşamaq həvəsi var…
Torpağın da səsi var!
Müəllif: Vüsalə Vətənxan (Mehri)
Vüsalə Vətənxan (Mehri)nin yazıları
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ AVQUST – 2024 № 08 (44)-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB (PDF): yazarlar-44
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru