Azər Nəsiboğlunun və onun timsalında bütün yanvar şəhidlərinin əziz xatirəsinə.
Bakı, Parlament prospekti. Bu prospektin başlanğıcındakı yeraltı piyada keçidi və yol ayrıcı. M. Müşfiq küçəsi ilə Parlament prospektinin kəsişməsi. 20 nömrəli məktəblə üzbə- üz, Respublika İncəsənət Gimnaziyasını qarşısı. H. Cavid prospektinin sonu. Burada bir büst var. Heykəltaraş məğrurluqla məsumluğun vəhdətini daş cizgilərdə məharətlə verməyə nail olmuşdur. Abidə 20 yanar şəhidi Azər Nəsiboğluna məxsusdur. Onun iyirmi iki illik həyat yolu 20 yanvar 1990-cı il tarixdə, o məşum gecədə qatil düşmən gülləsindən sona çatmışdı. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsinin lll kurs tələbəsi idi. Kim bilir, şəhidin arzusunda olduğu, xəyallarında dolaşdırdığı çəkəcəyi, ya quruluş verəcəyi əsər nədən bəhs edəcəkdi. Çox güman ki, onun həyat verəcəyi ilk əsər azadlığa gedən yol, ya da vətənin müstəqil olmaq arzusundan doğan motivlərə bağlı olacaqdı. Fəqət, düşmən məkri qanlı qayçısı ilə onun həyatını digər şəhid soydaşları kimi həmin gecə kəsdi. Yarımçıq ömür, gözdə qalan arzular… Təkcə bir təsəllimiz var. Şəhidin arzularının çin olduğunu bütövlükdə xalq olaraq görmək, yaşamaq nəsibinin xoşbəxtliyini daddıq. Azər Nəsiboğlu istedadlı gənc idi. Vətənpərvərlik hisslərilə alışıb, yanırdı. O, həm də ruhən ədəbiyyata bağlı olub. Onun “Bahar Sevinci” və “Yol Ayrıcı” hekayələri ədəbi kəhkəşanda kiçicik, lap iynə ucu böyüklükdə olsa da öz əbədi işığı ilə daim yanar olacağı şəksizdir. Həyat təcürbəsi zəngin olan, çox oxuyan, çox gəzib-dolaşan, zəkası üstün olan insanlar belə nabələd olduqları məkanda qarşılarına çıxan yol ayrıcında duruxar, gedəcəyi səmti seçməkdə fəhmin diktəsində bəxtə-bəxt amilinə üz tutar. Seçdikləri yolun isə yanlış və ya doğru olması məhz yolun sonunda bəlli olar. Azər Nəsiboğlu gənc yaşında ”yol ayrıcında” nagümanlıq yaşamadı. Azadlığımıza gedən yolu tutdu. Çığırdaşlıq edib, arxasınca müstəqil olmağımıza gedən milyonlarımıza bələdçi oldu. O soyuq və qanlı qış gecəsinin “bahar sevincinə” aparan cığırına öz mübarək ləpirlərindən iz salmağı bacardı. Azər Nəsiboğlunun abidəsi yol ayrıcındadır. Müşfiq kücəsi ilə aşağı düşüb Xəzərin öz sevgili sahili ilə görüşdüyü yerə, ya Cavid prospektinə üz tutub elm məbədlərinə sarı getmək olar. Lap elə küçəni düzünə keçib qayğısız uşaqlıq illərini yaşayan şən qəhqəhəli məktəbli uşaqların hər gün məktəbə tələsdiyi səkilərdə addımlamaq da olar. Azərsə Yol ayrıcında tunc köksünün sol tərəfindəki yolu tutdu. Bu yol Parlament prospektinin sonundakı müqəddəs məkanla, Şəhidlər Xiyabanı ilə sonunclanır. O son ki, əbədiyyətimizin başlanğıcı, and yerimizdir.
Sonra günəş doğacaq gülüşlərinin rəngində pəncərənə qonub gözlərini qıdıqlayanda Yatağının içində pişik kimi gərnəşəcəksən Amma mən səni görməyəcəm Sonra birtəhər oyanıb bir siqaretin dumanında işə tələsəcəksən. Sonra… Nahar fasiləsində Yeməyini yeyə- yeyə Baxışların pəncərədən Səmadakı boşluğa tolazlanacaq… Ötən günlər payız yarpaqları kimi uçuşacaq könlündə Bəlkə qarşındakı çayın hənirtisindən Əllərimin istisini xatırlayıb bədənin ürpənəndə Özün öz əllərini Ovuşduracaqsan Amma mən səni görməyəcəm. Sonra… Axşamın soyuğunda Sənə yenə isti olacaq qarlı qış axşamında bircə qara köynəyinlə yorğanı qucaqlayanda Ağappaq çiyinlərin Gecənin gözünü dələn Ay işığı kimi üzümə düşəcək… Otağının bir küncündən Sakitcə sənə baxacam Amma bu dəfə sən məni görməyəcəksən… Beləcə ömrün günəşi qüruba enəcək. Bir zamanlar çiyinlərini öpən dodaqlarım soyuq zülmətə qarışacaq… Olsun… torpağı da sevirəm Çünki o da gözlərinin rəngində…
“Yazarlar” doğum günü münasibətilə mübariz qələm adamı kimi tanınan şair, publisist, Eyvaz Zeynalovu təbrik edir, sağlıqlı ömür və bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır! Uğurlarınız bol olsun, Eyvaz müəllim!
Bu gün Azərbaycan ədəbi mühitində sözlə insanları, oxucuları heyrətləndirmək o qədər də asan deyil. Azərbaycan oxucusu bu gün artıq dünyanın böyük yazıçılarının, şairlərinin yaradıcılığını dərindən izləmək imkanına malikdir. Ona görə də, ədəbiyyata gələn hər bir gənc şair, yazıçı bu sənət imtahanından necə çıxacağını yaxşı-yaxşı düşünməlidir. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Naxçıvan ədəbi mühitinin Azərbaycanda çox gözəl tanınan nümayəndəsi şair Hüseyn Razi şeirlərinin birində yazırdı:
Şeir bal şəhdinə bənzəyir əslən,
Ətri gül çiçəkdən alınmalıdır.
Gücü fırtınadan, odu Günəşdən,
Sürəti şimşəkdən alınmalıdır.
Ayxan Hüseynli yeni kitabına daxil edilən şeirlərində tamamı ilə yeni bir düşüncə tərzi ortaya qoymaq istəyir. Həm şeirlərinin dil və üslubunda, həm də şeirlərinin bədii cəhətdən obrazlılığında o, yeni, təzə bir nəfəslə ədəbiyyata gəldiyini sərgiləmək istəyir. Şairin yeni kitabı “Zəfər marşı” şeiri ilə başlayır. Bu “Zəfər marşı”nın yazılması üçün xalqımız 30 illik bir əzab-əziyyətli yolu şərəflə, hünərlə başa vurdu. 44 günlük savaş Azərbaycan əsgərinin gücünü, hünərini bütün dünyaya göstərə bildi.
Şəhidlərin qanı ilə
Sulanıbdır torpağım.
Ancaq Vətən eşqi ilə
Boyanıbdır bayrağım.
Kitabda şəhidlərə, Vətənə, torpağa həsr olunan hər bir şeir sadəliyi, obrazlılığı, poetikliyi ilə nəzər-diqqəti cəlb edir.”Hərf-hərf, heca-heca oxu məni… Sən bir sətir, mən bir şeir, ürəyinə toxu məni…” – deyən şairin şeirlərini oxuduqca hiss edirsən ki, Ayxan artıq şeir yazmağın, söz deməyin məsuliyyətini öz ağırlığı ilə çiyinlərində hiss edir.
Ayxan Hüseynlinin “Sevginin dili”, “Sevgidir dünyanın seyrin dəyişən”, “Mən uzaqdan sevməyə alışmamışam”, “Özümə təsəlli”,”Könülsüz dünya” və sair şeirlərində sevgi əzabı, gileyi, sevinci var. Ayxan Hüseynli “Sevgi – sən bilən deyil” şeirində yazır:
Sevgi sətir,
Sevgi şeir,
Sevgi nəğmə kimi deyil.
Sevgi Aydır,
Sevgi paydır,
Hər gün batan Günəş deyil.
Hər gün batan Günəş səhər yenə də gülə-gülə dünyaya gəlir, öz nurunu bir daha yer üzünə səpə bilir. Amma ölən sevgi günəşə bənzəmir… ölür və bir daha əbədiyyətə qovuşur, yanıq kimi izi ürəklərdə qalır…
Şairin “Tozlu pəncərədə ümid” şeirində maraqlı fikirlər yer alıb:
Soyuq arzuların gözü önündə,
Saxta duyğuların rəngi saralıb.
Kitabda şairin maraqlı bənzətmələri, düşüncələri, fikirləri var. Ayxan bu kitabında daha çox özünü poetik düşüncələr, obrazlı fikirlər aləminə baş vuran bir şair kimi göstərə bilib. “Alın yazım” şeiri bir şair kimi Ayxanın ömür yolunu işıqlandıra bilir:
Sətir-sətir, cümlə-cümlə oxu məni,
Nəğmə kimi ürəyinə toxu məni.
Mən səninəm, bir ömürlük sirrin olub,
Xəyal kimi, arzu kimi qoru məni.
Ayxan Hüseynlinin şeirləri oxucunu düşündürə bilir, heyrətləndirə bilir. O, rənglərin qarışığında səadət, sevinc axtarır. İşıqla qaranlığın, şər ilə xeyirin savaşında nur axtarır. “Kölgəsinə sığındığım, sevdanın rəngi başqadır… Qaranlıq içində nura bürünür, Aydınlıq içində gözə görünmür…”
Kitabdakı şeirlər müxtəlif bölmələrdə toplansa da, şairin məqsəd və qayəsi aydındır: Oxucuya təzə, poetik söz demək! Kitabın “Xatirəli sətirlər” bölməsində şairin könül dünyası ilə yaxından tanış oluruq. Bu dünyada hər şey var. “Bir əlində dünyanı tut, bir əlində həyatı: Dünyaya bax, həyatı yaşa, Həyata bax, dünyanı anla” – deyən şairin “Mən qaranlığımdan qorxuram… Çünki, qorxularım qaranlığımda gizlənib” fikri də həyata, dünyaya, insana bağlılığın yeni poetik ifadəsidir.
Ayxan sabaha xoş ümidlərlə baxan gənc şairlərimizdəndir. “Biz xatirələr sarayında yaşasaq da, arzular cəngəlliyində yol axtarırıq” – deyən qələm dostuma, istedadlı şairə yolun uğurlu, işıqlı olsun deyirəm. Sənət yolunda qaranlıqlar səni qorxutmasın. İlham atını həmişə Günəğə doğru, işığa doğru çap.