Kateqoriya arxivləri: FOTO FAKTLAR

ŞAİRİN PLAN DƏFTƏRİ

Zaur Ustac, 1989, Ağdam. Fotoqraf: Tahir.

Xüsusi Proqramlı Yusifcanlı İbtidai Məktəbinin planı (Yanvar – 1993, Ağdam rayonu, Yusifcanlı kəndi.) PLAN PDF:


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

UŞAQ ƏDƏBİYYATININ BİLİCİLƏRİ – FOTO

Füzuli Əsgərli, Ayətxan Ziyad (İsgəndərov), Zahid Xəlil.

Uşaq ədəbiyyatı biliciləri: Sağdan, ədəbiyyatşünas-tənqidçi Füzuli Əsgərli, yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad (İsgəndərov), uşaq yazıçısı, ədəbiyyatşünas, professor Zahid Xəlil.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – CAN AY ANA

Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…

CAN  AY  ANA…

(Polad Həşimovun Anasına)

Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular…
Bu baxışda min vaizin xütbəsi,
Al don geymiş qürub da var, dan da var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox… 
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti  dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda  susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
 “Ana” – deyə,  şirin-şirin gülən yox…

*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…

12.01.2021. – Bakı.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ZAUR USTAC – ANA ŞEİRLƏRİ

Zaur Ustac və anası Gülüzə xanım. 1997 – Xanabad.

ANA

Sönməz bir od kimi, adın qövr edər,
İçimdən atəşlə boylanar, ANA!
O, hansı duyğudur, hər şeydən uca,
Qəlbimin yağıyla qovrular, ANA?!

***

Nə qədər cismimdə dövr edər qanın,
Nə qədər yaşayar, bir para canın,
Özünün əmridir, Cənabi-haqqın,
Borcluyam, qarşında daima, ANA!

***

Ümidim, təsəllim sənin duandır,
Həmişə çin olan röyalarındır,
Ən yüksək mərtəbə analarındır,
De, səni unutmaq olarmı, ANA?!

13.04.1997. Bakı.

ANA

Beşiyim üstündə layla çalanım,
Gözümün işığı, dirəyim, ANA!
Dünyalar durduqca, yaşayasan sən,
Düşünən beyinim, ürəyim, ANA!

***

Dünya yaranışdan Həvva anamız,
Anadır, bacıdır qol-qanadımız,
Özün demişdin ki, deyil babımız,
Gör, nəyin dərdini çəkirsən , ANA!

***

Heç fikir eləmə oğul sarıdan,
Oğlunu bəxş etdi ulu Yaradan,
Mərdlərə təsəlli olmaz nigardan,
Vətənçün böyütdün oğlunu, ANA!

***

Vaxt olar; baharda, açanda güllər,
Yaxud da qocalar dadanda nübar,
Sənin də üzünə təbəssüm qonar,
Qayıdacaq oğlun, cəbhədən, ANA!

ANA

Sənsən xəyalların tuşlandığı yer,
Ümdə arzuların məkanı, ANA!
Nə qədər, möcüzəli, sirli bir dünya,
Kəşf olunmamış dünyamsan, ANA!

***

Nə deyim, nə yazım yaraşsın sənə,
Yüksələ biləydim kaş mənsəbinə,
Dünyalar sığınar mərhəmətinə,
Özün boyda böyük dünyamsan, ANA!

***

Bir, şirin kəlməni eşidəydim kaş,
Kipriyim islanıb, oldu yenə yaş,
Olaydım, ayağın altda qalan daş,
Biləydim, başımın üstəsən, ANA!

***

Elə, kövrəlmişəm, körpə uşaq tək,
Qəlbimi yandırır odlu bir, istək,
Ay Ana, saçıma yüngül sığal çək,
Ən böyük dövlətim, qayğındır, ANA!!!

ANA

Ey ilk sözüm, əzəl cümləm, dastanım, Ana!
İnsanların gözəli, mehribanım, Ana!
***
Ana, borcludur hər bir kəs önündə sənin
Səcdəyə layiqsən, ey səcdəgahım,Ana!
***
İlahi bəxş etmiş səni xoş günlər üçün
Ey azadə günüm, xoşbəxt dövranım, Ana!
***
Bil, ülviyyətin ilə sən geniş cahansan
Mənim həyat məktəbim, ilk cahanım, Ana!
***
Hamı istinad üçün öncə səni görür
Hər sözün mənbəyi, istinadgahım, Ana!
***
Dünyada sənin tək uca varlıq de hanı?
Ey müqəddəsliyin rəmzi, paklığım, Ana!
***
Zaurun bildiyi bu idi, bunu dedi
Bilmədiyim ucalıq, cənnəti-sultanım, Ana!

29.12.1991. Yusifcanlı.

ANA

Ana, ən ülvi insan
Çox əziz, çox mehriban.
Övladına qayğılı,
Övlad ananın balı.
Ana balasın sevər,
Hərdən tənbeh də edər.
Bu danlamaq deyildir,
Ana nəvazişidir….
Övlad üçün şalışır,
Hər zəhmətə qatlaşır.
Övladı gümrah olsun,
Paltarı təmiz olsun.
Hamıdan yaxşı geysin,
Ən ləziz yemək yesin.
Bala pis iş görəndə,
Ana bunu biləndə….
Çox da ki, kötəkləyir….
Ana məhəbbətidir.
O, övladın çox sevir.
Pis əməlin istəmir….
İstəyir yaxşı olsun,
Ləyaqətli böyüsün….
Fərsiz övlad olmasın,
Adın təmiz saxlasın.
Ana tənbeh edəndə,
Hərdən kötəkləyəndə….
O, balasın döyməyir,
Xətadan hifz eləyir.
Deyirəm, bir haləti,
Qədim bir rəvayəti;
Rəvayətdə deyilir,
Bir Ana vəfat edir….
Vəfat edərkən Ana
Deyir öz yoldaşına:
-“Sən kəs əlimi saxla,
Sonra yoldaşın olsa….
Bu əllə uşaqları,
Vursun, vuranda barı….
Mənim əlim ağtıtmaz,
Öz balamı sızlatmaz….
Axı, ananınkıdır,
Ana əli AĞRITMIR….

08.03.1990. Ağdam-Yusifcanlı.

* * *

Ay ana, adına vurğunam sənin,
Durduğun ucalıq xəyalə gəlməz…
Dünya xalqlarının lüğətlərində,
“ANA” sözünə tay söz ola bilməz!!!

08.01.1997. Bakı.

AY ANA

(Yazar Etibar Həsənzadənin anası Nailə xanıma )

Ay Ana, önündə səcdədəyəm mən,

Varlığın duyulan hər yer cənnətmiş.

Xatəmül-ənbiya (s) vermişdi xəbər,

Qədəmin toxunan  hər yer cənnətmiş.

* * *

Ən türlü kəlmələr, xitablar belə,

Sənin  tərifini daşımaz dilə,

Dünyanın mal-mülkü sığışmaz ələ,

Əməlin görünən hər yer cənnətmiş.

* * *

Ustacam, əzəldən həqqi bilmişəm,

“Ordan” gələn varmı ? – Çox eşitmişəm,

Deyəcəm, cənnəti görüb gəlmişəm,

Əsərin  oxunan  hər yer cənnətmiş.

16.07.2017.  Bakı.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TUNCAY ŞƏHRİLİ – ANA ŞEİRİ

Tuncay ŞƏHRİLİ – Texniki redaktor.

ANA

(Anamın ad günü münasibəti ilə)

Qayğımıza  qalan,  anadır,  ana.

Varmı bu dünyada, anadan əziz?!

Dünyanın bəzəyi, anadır, ana.

Ananın özüdür, anadan əziz…

 ***

Harda bir bala var, orda ana var,

Analar olmasa, bala da olmaz!

Dünyanı sözüylə bəzər analar,

Analar olmasa, dünya da olmaz!!!

27.10.2018.

ANA,  AD  GÜNÜN  MÜBARƏK !!!

Müəllif: Tuncay ŞƏHRİLİ – Mustafayev.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – HEYKƏLLƏŞƏN QADIN – BU GÜN ONUN GÜNÜ

Gültəkin Əsgərovanın heykəli – Ünvan:Atatürk, Bakı, Nərimanov, AZ1110.

QISA ARAYIŞ:

Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyun 1992-ci ildə qəhrəmancasına həlak olub. Gültəkin Əsgərova ailəl i idi və bir qız övladı qalıb. Azərbaycan Respublikası prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub.

GÜLTƏKİN ƏSGƏROVA HAQQINDA

Əsgərova Gültəkin Məlik qızı 20 noyabr 1960-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Gültəkin fizika, kimya, riyaziyyat fənləri üzrə məktəbdə keçirilən olimpiyadalarda daim iştirak edərək həmişə qalib adını qazanıb. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra isə Uroloji xəstəxanada…

Gültəkin həkim…


O, burada anestezioloq-reanimatoloq vəzifəsində işləyir, həkimlərin dərin hörmətini qazanır. Dağlıq Qarabağ hadisələri başlayanda qəlbi qəzəb alovuna bürünür. 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərir. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə aparır, onlara ilk tibbi yardım göstərir. Şuşa alındıqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edir.

Döyüşçü, bacı, qadın, həkim, şəhid, Qəhrəman Gültəkin…

Uzun döyüş yolu keçən Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdur.

Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub. Eyni zamanda Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə də büstü var. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Tibbi biologiya kafedrası onun adını daşıyır. Bundan əlavə, Xəzərdə üzən gəmilərdən biri də onun adını daşıyır və muzeyi təşkil edilib. 
20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan “Gültəkin” filminin təqdimat mərasimi keçirilib və ona həsr olunan “Gültəkin zirvəsi” kitabı təqdim olunub. 

Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.




Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Müşfiqə Baladdinqızı birinci yerə layiq görülmüşdür.

Müşfiqə Baladdinqızı – gənc yazar, qiraətçi.

Türk dünyasının tanınmış şairi Əlişir Nəvainin anadan olmasının 580- cı ildönümü münasibətilə Özbəkistanın İstanbul səfirliyi, “Avrasiya Türk Dərnəkləri Federasiyası”, “Türküstan elləri Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyi” və “Türküstanlılar Mədəniyyət və Sosial Yardım Dərnəyinin” təşkil etdiyi “Nəvainin Nevaları adlı qiraət yarışı” keçirilmişdir.

Türk dünyasının müxtəlif yerlərindən qatılan yarışmaçılar Nəvainin şeirlərini səsləndirib video formatda müsabiqəyə təqdim ediblər.

Azərbaycandan yarışa qatılan tanınmış, sevilən gənc yazar, qiraətçi Müşfiqə Baladdinqızı şairin “Heyf” rədifli qəzəli ilə birinci yerə layiq görülmüşdür.

Türk dünyasına aid  müsabiqədə Azərbaycanı layiqincə təmsil edən Müşfiqə Baladdinqızını təbrik edir,ona yaradıcılıq uğurları arzulayırıq.

Müəllif: Aysel Səfərli

İLKİN MƏNBƏ:


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC QADINLARI TƏBRİK ETDİ – YAZARLAR

“YAZARLAR.AZ” QADINLARI TƏBRİK EDİR:

“YAZARLAR.AZ” olaraq, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə bir qurup xanım pedaqoq və yazarlarımızı təltif edirik.

QISA ARAYIŞ:

8 Mart – Beynəlxalq Qadınlar Günüdür.

Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.

İLKİN MƏNBƏ: AZƏRTAC

===============================================

YAZARLAR.AZ olaraq, bütün qadınları təbrik edir, səadət, rifah və xoşbəxtlik arzu edirik! 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tərəfimizdən təltif olunmuş qadınların SİYAHISI:

“NATƏVAN” MÜKAFATI

2021 – Cİ İL.

  1. AFƏT MÜRŞÜDQIZI   N 003  07.03.2021. BAKI.

“VİNTSAS” MÜKAFATI

2021 – Cİ İL.

  1. HÜMMƏTOVA  VƏFA  N 021  07.03.2021. BAKI – ŞƏKİ.
  2. MUSAYEVA  İNARƏ  N 022  07.03.2021. BAKI – YEVLAX.
  3. RZAYEVA  ARZU  N 023  07.03.2021. BAKI – OSLO.
  4. XƏYALƏ ZƏRRABQIZI  N 024  07.03.2021. BAKI.

“NİZAMİ GƏNCƏVİ” MÜKAFATI

2021 – Cİ İL.

  1. TƏRANƏ MƏMMƏD N 005  07.03.2021. BAKI.
  2. AYGÜN SADİQ N 006  07.03.2021. BAKI.
  3. GÜNAY ƏLİYEVA N 007  07.03.2021. BAKI – OSLO.
  4. ŞAHNAZ ŞAHİN N 008  07.03.2021. BAKI.
  5. PƏRVANƏ BAYRAMQIZI N 009  07.03.2021. BAKI.
  6. İRADƏ AYTEL N 010  07.03.2021. BAKI.
  7. AYSEL SƏFƏRLİ N 011  07.03.2021. BAKI.
  8. ÜLKƏR NİCATLI N 012  07.03.2021. BAKI.
  9. AYSEL NAZİM N 013 07.03.2021. BAKI.
  10. NƏRGİZ MİRZƏYEVA N 014 07.03.2021. BAKI.

DOĞRULAMA LİNGİ: LAUREATLAR



Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – CİDDİ MƏSƏLƏ

Zaur Ustac – şair-publisist.”Yazarlar” jurnalının baş redaktoru.

Qarabağda torpaq islahatları vacibdir, çünki…

İndinin özündə də müxtəlif internet resurslarında rast gəlinən iki il əvvəl mətbuatda “Köçkün (qaçqın) olmaq nə deməkdir?!” başlıqlı yazım dərc olunmuşdu. Bundan əlavə, illər öncə ənənəvi kağızda yazılıb, poçtla göndərilən Ağdam rayon İcra Hakimiyyətinə, “Qaçqınkom”a, Təhsil Nazirliyinə və bir çox müəssisələrə böyük qayıdışla bağlı yazdığım məktublar var. Yəni bu yazı birdən-birə, nəyinsə xatirinə yazılmayıb.

Bu gün qazandığımız şanlı zəfərin memarı cənab Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev son çıxışlarının birində qeyd etdiyi kimi, bəzi məmurların işğaldan azad olunmuş torpaqları müxtəlif yollarla zəbt etməyə çalışdığı, eyni zamanda bugünkü həssas məqamlarda istər televiziya ekranlarından, istərsə də müxtəlif KİV-lərin, sosial şəbəkələrin imkanlarından istifadə etməklə hər gün bir avaz səsləndirən, yaxud da məqsədli şəkildə hansısa fikirləri artıq məcburi köçkün olmayan, vaxtilə ölkəmizin ərazisində keçirilmiş torpaq islahatlarından kənarda qalmış, torpaqsız Azərbaycan Respublikası vətəndaşlarına aşılamağa çalışırlar. Bütün yuxarıda sadaladıqlarımı nəzərə alaraq xatırlatmaq istəyirəm: BİZ İŞĞALDAN AZAD OLUNMUŞ TORPAQLARDA KEÇİRİLƏCƏK TORPAQ İSLAHATLARINI SƏBİRSİZLİKLƏ GÖZLƏYİRİK!

Mən bütün ümumi, pafoslu sözlərdən uzaq, Ağdam rayonunun Yusifcanlı kənd sakini olaraq şəxsən öz adımdan (Mustafayevlərin adından) bəzi məsələlər barədə özləri üçün xam xəyallar quranları qısa tarixi bir ekskursa dəvət edirəm. Onu da deyim ki, aşağıda yazacaqlarımı təsdiq edə biləcək çox sayda insanlar hələ həyatdadır.

Müsəmbər Şəhrili və Mahmud Ustaclı

Fotoda gördüyünüz şəxslər mənim ulu nənəm Müsəmbər (Şəhrili) və ulu babam Mahmuddur (Ustaclı). Elə də uzaq olmayan tarixdə – ötən əsrin 30-cu illərində kolxoz qurulanda bu kişinin torpaqlarını, bağlarını, mal-qarasını, demək olar ki, əlində nəyi var almışdılar. Özü də necə?
HAŞİYƏ: Bu məsələni uşaq ikən çox eşitsəm də, son vaxtlar Mahmud kişinin oğullarından biri, uzun illər kolxoz və sovxoz dönəmlərində həmişə idarə heyətində texnika məsələləri üzrə müvafiq vəzifələrdə işləmiş Mustafayev Şükürlə (Allah rəhmət eləsin!) dəqiqləşdirmişəm. Həmin vaxtlar Mahmud kişi artıq çox yaşlı imiş. Qoca olmasına baxmayaraq, ailənin idarəsi əlində olan ötkəm, zəhmli, həm də çox əsəbi kişi olub. O günə qədər artıq bir neçə dəfə evlərinə gəlib-gedən ağsaqqallar həmin axşam kişinin qarşısına konkret şərt qoyurlar. Ya əlində olan hər şeyi verib kolxoza girirsən, ya da bu gecə götürə biləcəyin vacib nəyin var götürüb kənddən çıxırsan, evin, torpaqların, bağların qalır hökümətə.

Şükür əminin sözlərinə görə, kişi heç düşünmədən deyib ki, – “durun yığışın”… Evindəki ailə üzvlərini (o vaxt artıq böyük qızları ərdə olub) və götürə bildiyi qədər nə lazımsa götürüb kənddən çıxan Mahmud kişi bir müddət kəndin indiki ərazisindən bir az yuxarı, Şelli (Şelli, Şıxbabalı, Saybalı, Bağbanlar və İsmayılbəyli) tərəflərdə yaşamalı olur. Ancaq orada da onu rahat buraxmırlar. Ağsaqqallar tez-tez yanına gəlib gedirlər. “A kişi, hökümətlə hökümətlik eləmiyəssən ha…” deyiminin də dəbdə olan vaxtları idi. Bir axşam yenə ağsaqqallar “qonaq” gəlirlər və bu dəfə söhbətin məzmunu təxminən belə olur ki, – “Qızın Gözəl qabaqcıl pambıqçı – Staxanovçudur, Moskvaya göndərirlər, Kalinin medal verəcək. Medalın alsın gəlsin, elə kolxozun sədri də o olar. Oğul-uşağı da gətirib tökmüsən çöllərə… Bunlar da bu gün-sabah böyüyüb hərəsi kolxozda bir iş, vəzifə sahibi olarlar… Gəl, bu daşı tök ətəyindən, qayıt kəndə, gir kolxoza, yaşlı adamsan, beş-on gün öz ev-eşiyində rahat yaşa, balaların da iş-güc sahibi olsunlar… Başqa yolu yoxdur. Bir də gördün bu gün olmasa da, sabah gəlib buradan da çıxaracaqlar səni. Onda hara gedəcəksən?”. Nəticədə, bu kimi söhbətlərlə kişini yola gətirirlər və o, kəndə qayıdır. Girir kolxoza. O vaxt verilən söz Sovet İttifaqı dağılana qədər tutuldu. Gözəl elə o vaxt və müharibə dövründə sədr olur və quruluş dağılana qədər (1993-cü ilin yayına qədər) bu ailə kolxozun və ya sovxozun idarə heyətində üstün mövqeyini qoruyub saxlayır.

Yaşlılar bir kənara, 90-cı illərdə 14-15 yaşı olan mənim yaşıdlarım da, “Mahmudun bağı”, “Mahmudun qozluğu”, “Mahmudun körpüsü” kimi ifadələri indinin özündə də yaxşı xatırlayırlar. Onu da qeyd edim ki, Mahmud Mustafa kişi ilə Sonanın tək övladı olub. Atası Mustafa gənc yaşlarında bağından dərdiyi Qızıl üzümü arabalarla Qalaya (Şuşaya) aparanda yolda – Şuşanın dolamalarında xain saldırı nəticəsində həlak olduğuna və anası sonra ailə qurmadığına görə bacısı-qardaşı olmayıb. Ancaq əmisi uşaqları olub. Bu bizə məlum olan ən uzaq keçmişdir. Ən yaxın tarixdə isə, Mahmudun indi də sağ olan oğlu Quluş uzun illər kolxozda, sovxozda sürücü, artıq rəhmətə getmiş Şükür texnika üzrə mütəxəssis işləsə də, mənim babam – Mahmudun böyük oğlu Müseyib öz atasının torpaqlarında hökumətə məxsus iş yeri kimi fəhləliyin edib, halal zəhmətlə çörək pulunu qazanıb. Yəni, adı hökumətin olsa da, bütün ömrü boyu, son gününə qədər (1992-ci ilin payızı, üzüm yığılanda dünyasını dəyişib) torpaqda çalışıb. Əkin-biçinlə məşğul olub. Onun oğlu – mənim atam Mustafa gənc yaşlarında Bakıda özünə normal həyat şəraiti qurub yaşasa da (ötən əsrin 70-ci illərində Maştağa qəsəbə sovetinin deputatı olub), yenidən kəndə qayıdıb və o da 1993-cü ilin yayına qədər kənd təsərrüfatı ilə məşğul olub.

Məlum yenidənqurma məsələləri ortaya çıxanda Moskvada xüsusi dörd illik kurs keçib, dövlətdən 40 hektar torpaq icarəyə götürmüşdü. İcarədar kimi 20 hektarda xüsusi tezyetişən süfrə sortu üzüm, qalan 20 hektarda isə taxıl becərirdi. O da özündən əvvəlki, ata-babası kimi bütün ailə üzvlərini bu işlərə cəlb etmişdi. Bu təsərrüfata görə mən orta məktəbi bitirib ali məktəbə sənəd verəndə qiyabi təhsil formasını seçmişdim. Ən son 1992-ci ilin payızında mənim tək suvardığım taxıl sahəsini 1993-cü ilin yayında atam mərmi yağışları altında tək (o vaxt artıq bir-neçə dəfə yandırılmış Yusifcanlı kəndi boşaldılmışdı. Bu haqda “93-ün yayı və ya bir qaşıq qatıq” əsərində ətraflı yazılıb) biçib anbarlara təhvil verərək kənddən çıxmışdı. Hərbi xidmətdə olduğum ilk vaxtlarda (hələ kənd boşaldılmamışdı) evdən yanıma gələnlərdən ən son əkdiyim tinglərin vəziyyətini soruşurdum…

Bütün bunları yazmaqda yalnız bir məqsədim var. Son günə qədər torpaqla əlləşdik, çalışdıq… Qoyub çıxmağa məcbur olanda isə bu günə qədər də bir saatlıq da olsa ölkə sərhədlərini tərk etmədik. Mustafanın üç oğlu olsa da (1975, 1976, 1979 təvəllüd), 90-cı illərdə təxminən iki ilə yaxın zaman kəsiyi ərzində onlardan heç biri atasının yanda olub ən çətin dövrlərdə ona dolanışıq üçün azacıq da olsa, yardım edə bilmədi. Çünki üçü də orduda idi. Əksinə, o, çətin vaxtlarda hər həftə birimizin yanına gəlirdi. Bu barədə maraqlı bir məqamı diqqətinizə çatdırım. 1994-cü ilin mart-aprel ayları idi. Düşmən cidd-cəhdlə Ağdamla Tərtər cəbhəsinin bitişdiyi yerdən – Təzəkənd, Qazyan-Qaynaq, Qırmızıkənd, Seyuslan, Qapanlı istiqamətindən Dördyola çıxmağa çalışırdı. Atəşkəsə az qalmış qızğın döyüşlərin getdiyi və yuxarıda qeyd etdiyim istiqamətdə ən çox gənc əsgərlərimizin şəhid olduğu vaxtlar idi. Təxminən 10-12 nəfərlə Qırmızıkəndlə Tərtər arası bir ərazidə (orada az müddətdə qaldığımız üçün hara olduğunu dəqiq bilmədim) düzənlik, açıqlıq ərazidə quru kanalın üstündə postda idik. Günəşin batan vaxt idi. Bir də gördük ki, qarşıdan – düşmən tərəfdən bizə doğru iki nəfər gəlir. Adamlar bizə yaxınlaşdıqca yanımdakı uşaqlara dedim ki, “ayə, onlardan biri bizim kəndçi Böyükkişi dayıya oxşayır” (Atam rəhmətə getsə də, Böyükkişi dayı sağdır, yəqin ki, o da bu hadisəni xatırlayar). Bir az da yaxınlaşanda isə dedim, “ayə, sənə o birisi də mənim atamdır…”. Bu, çox uzun söhbət olsa da, ancaq onu xatırlatmaq kifayətdir ki, torpağın, vətənin keşiyində dayanan əsgər oğulların yanına əraziyə nabələdlik üzündən düşmən tərəfdən gələn atalar çox olub. Hətta yolu səhv salıb düşmən tərəfə keçənlər də olub… İndi hərə durub bir nağıl, dastan danışır. Biz bu günə qədər bütün qayda-qanunlara sayğı ilə, baş verənlərə səbirlə yanaşıb, yüksək dərəcədə dözümlülük göstərərək o günü gözləmişik – torpaqlarımıza qayıdacağımız günü… Aydın məsələdir ki, heç kim indi durub ata-babasının torpağını tələb edə bilməz. Qanunvericilikdə də belə bir hal nəzərdə tutulmayıb. Ancaq Ucarda, Şamaxıda, Qəbələdə və digər rayonlarda torpaq islahatarı keçrildiyi kimi, Ağdamda, Füzulidə, Cəbrayılda və digər işğaldan azad olunmuş rayonlarımızda da müasir dövrün tələblərinə cavab verən, cənab prezident İlham Əliyevin məsləhət bildiyi formada tədbirlər həyata keçrilməli, insanlar uzun illərdir həsrətində olduqları doğma torpaqlarına qovuşmalıdır…

Sizlərlə növbəti yazıların altında “Ağdam rayonu, Yusifcanlı kəndi” qeydi ilə quruculuq işlərindən bəhs edən məqalələrimlə görüşmək ümidi ilə:

Zaur Ustac,
şair-publisist


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏLİM ABBASZADƏ “ZIYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

Səlim Abbaszadə – Norveç, Oslo.

Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin ən fəal dinləyicilərindən biri olan Səlim Abbaszadənin Norveçnorveç dilində “NAGORNO-KARABAKH” adlı Azərbaycanın şanlı Zəfərlə başa çatan 44 günlük müharibəsi haqqında yığcam şəkildə rəngli fotoların müşayəti ilə tam məlumatı özündə əks etdirən yeni kitabı işıq üzü görmüşdür. Kitabın norveç dilində olması yerli əhalinin və bu dildə oxuyub anlayan hər kəsin Azərbaycanın haqq işi barəsəndə məlumatlandırılmasını hədəfləyir. Səlim kimi yeniyetmə bir gəncin bu addımı gələcəyin etibarlı əllərdə olduğunu bir daha sübut edir və Vətənini (doğma Azərbaycanı) sevən hər bir vətəndaşın, milliyətindən, dinindən, dilindən, cinsindən, yaşından, harada yaşamasından asılı olmayaraq, həmişə qürurla “MƏN AZƏRBAYCANLIYAM” deyəcəyinin bariz nümunəsidir. Məncə, çoxları Səlimdən örnək götürməlidir. Biz də “Yazarlar” jurnalı olaraq, ənənəmizə sadiq qalır və Səlimi yeni kitabların nəşrinə görə verilən “Ziyadar” Mükafatı ilə təltif edirik. Uğurlarınız bol olsun, cənab Səlim Abbaszadə! Bir daha təbriklər və vətəndə yaşayan vətənsevər vətəndaşlar adından belə nəcib əməlinizə görə təşəkkürlər!!!

Zaur USTAC

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

Səlimin kitabı – Norveçdə belə də yaşamaq olar.
“NAGORNO-KARABAKH” Səlim Abbaszadənin kitabı.
“Ziyadar” diplom N: 060 – 06.02.2021. Bakı – Oslo.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QEYD:

MƏLUMAT DİGƏR MƏNBƏLƏRDƏ:

  1.  YAZARLAR.AZ Arxiv:archive.vn 
  2. 2.yazyarat.com Arxiv:archive.vn 
  3. 3. ilkxeber.orgArxiv:archive.vn 
  4. 4. 525.azArxiv:archive.vn 
  5. 5. MUSTAQİL.AZ Arxiv: archive.vn 
  6. 6.asasmedya.info Arxiv.archive.vn 
  7. 7.FEDAİ.AZArxiv: archive.vn 8. Arxiv: