Mən Əlyar Ağayev Şirəli oğlu 1958- ci ildə Masallı rayonun Qızılavar kədində dünyaya gəlmişəm. Qızılavar kənd orta məktəbində ilk təhsilimi almışam.Məktəb illərində teatra, mədəniyyətə, ədəbiyyata böyük marağım olub.Tez-tez konsertlərdə həvəskar aktyor kimi çıxış etmişəm. 1975 – ci ildə Bakı kitabxanaçılıq texnikumun aktyorluq və rejissorluq fakultəsini bitirmişəm. 1977- 79 – cu illərdə əskərlik xidmətində olmuşam.1980 ildən Masallı rayon mədəniyyət evində xalq teatrında çalışmışam 1986- cı ildən 1993 ilə kimi rayonun Bədəlan kənd mədəniyyət evinin drektoru vəzifəsində çalışmışam.Bu illər ərzində mədəniyyət evində çoxlu sayda konsert və tamaşalar təşkil etmişəm. Respublika mərkəzi tv də çıxış etmişəm. Rayon və respublika mətbuatlarında yazılarım olub. Tez- tez səhnəciklər, bir pərdəli tamaşalar yazmışam. İlk dəfə talış dilində “Honi” ( Bulaq) ədəbi jurnal çap elətdirmişəm. “Mərəkə” ədəbi məclis təşkil etmişəm . 90 -cı illərin ağır iqtisadi çətinliklərinə görə ( 1995 -2010 illər,) müvəqqəti olaraq Rusiyada yaşamışam. Hal – hazırda Abşeron rayon Saray qəsəbəsində yaşayıram, inşaat işləri ilə məşğul olmaqla ailəmi dolandırıram. Asudə vaxtlarımda Ədəbiyyat və mədəniyyət işləri ilə məşğul oluram. 4 övladım, 6 nəvəm var.
2. Öhdəsindən gələ bilmisiniz? Sizcə Ədəbiyyat teatr kitabxanaçılıq və məktəb direktoru vəzifəsi.
Məktəb drektoru yox, mədəniyyət evinin drektoru. Bəli demək olar öhdəsindən yaxşı gəlmirdim. Hər ay mədəniyyət evində keçirilən tədbirlərdən rayon və respublika mətbuatlarında materiallar dərc olunurdu. Bizim mədəniyyət evində 8 dərnək fəaliyət göstərirdi. Biz rayonun bütün kəndlərində, məktəblərində konsertlər, mədəni tədbirlər təəşkil edirdik. Məndə o illərin çoxlu şəkilkər, qəzet materialları hələdə qalmaqdadır.
3. Çap etdirdiyiniz o jurnalda kimlər çap olundu nüsxəsi qalıb sizdə davamı oldu jurnalın neçə nömrəsi işıq üzü gördü?
Jurnal 1989 ildə, Talış dilində çap olunurdu. 4 nömrə çapdan çıxdı. Orada Talış xalq bayatıları, nağıllar, tapmacalar, yanlltmacalar və Talış dilində yazan şair və yazıçıların yazıları dərc olunurdu. Məndə o jurnalın elektron variantı qalıb, amma eşitmişəm bir çoxlarında bu jurnalın nüsxələri var. Mən Rusiyada olanda, mənim arxivimin çox hissəsi baxımsızlıqdan sıradan çıxmışdı. Amma o vaxtları çəkilən şəkillər qalıb.
4. Mən səifənizi izləyirəm talış dilində yazmaq sizcə oxucular bu dili başa düşür? Səf eləmirəmsə kitabınızda talış dilində işıq üzü görüb hansı nəşiryyat ?
Bəli mənim “Bızanq” ( Arı) adlı ilk hekayər kitabım 1920- ci ildə çapdan çıxdı və çox gözəl qarşılandı. Mən onu təkrar çap elətdirdim. İndi hal- hazırda ikinci kitabım çapdan çıxmalıdır. Və gələn ilin birinci yarısında üçüncü kitabım Azəri türkcə çap olunacaq. Hal -hazırda üçüncü kitabım redaktə olunur. Son zamanlar talış dilində yazılan kitablar çoxalmaqdadır. Mən həm talış və həm də Azərbaycan dilində yazıram. Əlbəttə Azərbayacan dilində oxuyanlar çoxluq təşkil edir. Mənim hekayələrim həm talış dilində çap olunur qəzetlərdə və həm də Azərbaycan dilində çap olunur “Yurd ” jurnalında çap olunur. Mən adətən satira yazmağı xoşlayıram və özümə yazıçı da demirəm. Necə deyərlər yazmağa həvəs göstərənlərdənəm.
5. Teatra marağınız olduğunu dediniz oynadığınız rollar olub? Olub istədiyiniz bir rol olsun indisində də arzu olaraq qalsın?
Belə, mən çox istəmişəm aktyor olum, mənim Əli Zeynalov, Mikayıl Mirzə kimi müəllimlərim olub. Mən Cəlil Məmmədquluzadənin bütün yazdığı dram əsərlərində oynamaq istəmişəm. Amma bəzi əsərlərində, cavan vaxtlarımda oynadığım rollar olub. Bəzi əsərləri parçalar hazırlamışam, monoloqlar ifa etmişəm.
6. Gənc yazarlardan kimləri oxuyursunuz bir ədəbiyyat adamı kimi sizi qane edir yoxsa heç gənc yazarları oxumursunuz?
Sözün düzü rastıma çıxanı oxuyuram. Ən çox dostluğumda olan şair və yazıçıları oxuyuram. Lerikdən Mahir Dinaye , Teyyub Ağazadə, Bəhrəm Şəhs .. Afiq Umman..və başqaları, yaxş yazanlar var .. Amma mən şeirdə, nəsrdə yenilik, yeni söz, yeni fikir, təzadlar, axtarıram. Mənalı satiranı sevirəm. Yazar gərək bu günü ilə yaşasın, lap eşqdən də yazsa, gərək bu gün ki həyatın abu-havasını təsvir etsin…
7. İkinci üçüncü kitablarınıza hansı əsərlər daxil edilib yoxsa elə əvvəl yazdıqlarınızdır kitablarınızı hansı nəşiryyata həvalə etmisiniz razısınız nəşiryyatlardan?
Mən hekayələrimi təkrar nəşr etmirəm. İkinci kitabımda yeni hekayələr, felyetonlar, təmsillər çap olunur. Üçüncü kitabım məhrum şair, qəzəlxan, meyxanəçi Rəhim Saraylıya ithaf etmişəm. Bu kitab dediyim kimi Azərbaycan dilində çap olunacaq. Kitabda Məhrum şairin həyatı haqqında, Saray kəndində baş verən məzəli hekayələr əsas yer tutacaq. Bu kitabda da təmsil və felyetonlar olacaq. Və kitabın müəyyən bir fəsili Rəhim Saraylinin bir neçə satirik şeirləri və qəzəlləri çap ediləcək.
8. “Mərəkə” ədəbi məclisin yaradıcılarından olduğunuzu dediniz məclis fəaliyyətini davam etdirir yoxsa?
“Mərəkə” sözü meydan, məclis mənası verir. O məclis iki il fəaliyət göstərdi və o məclisin iştirakçılarının çoxu indi ədəbi fəaliyyətin davam etdirirlər. Onlardan Xanəli Tolış, Allahverdi Bayrami, Camal Lələzoə, Şərafətdin İlkin, Cabbar Əliyev və başqaları Talış zonasında çox tanınmış şair və yazıçılardan hesab olunur. Hal hazırda RTMM ( Respublika Talış Mədəniyyət Mərkəzi ) nəznində “Amburi soğnədə” ( Dəmirağacı kölgəsində) talış ədəbi məclis fəaliyət göstərir və mən o məclisin sədriyəm. Biz tez- tez görüşlər, ədəbi məcliskər, kitab təqdimatı keçiririk.
9. Son olaraq sizi incitmədik ki oxucularınıza son sözünüz?
Oxucularıma oxumaq arzu edərdim. Demirəm mənim yazdıqlarımı oxuyun, deyirəm dahiləri oxuyun. Bilirəm indi hamı vaxtdan gileylənir, amma kitab oxumağa öyrəşən həmişə vaxt tapa bilər. Heç bir kino kitabı əvəz edə bilməz. Bir var hadisələrə baxasan, bir də var hadisənin içində olasan. Kitab oxumaq, yaxşı şeir oxumaq yaşamaqdır. Hamıya sağlıq və mənalı ömür arzulayıram.
1. Leyla Yaşar əslində kimdir? Leyla Yaşar dünyanı öz daxili dünyası ilə rəngarəng görməyə çalışan kitabxanaçı. Həmçinin hisslərini vərəqlərə həkk edən həvəskar yazar. 2. Neçə ildir kitabxanaçısınız? 8 ildi, ancaq 5 ilə az qalıb analıqdayam. 3. Oxucular razıdırmı sizdən? Bəzi iradları çıxsaq, fərqlilik gördüklərini deyirlər. 4. İnsanlarla münasibətiniz necədir? Dostlarınız sizi necə biri olaraq tanıyırlar? İnsanlarla yola getməyə çalışıram. Çox dostum yoxdu. Səmimi, sözün düzünü deyən, etibarlı biri kimi. 5. Bir kitabxanaçı kimi oxuduğunuz kitablar nələrdir? Hal – hazırda mütaliəyə o qədər vaxtım olmur. Amma işlədiyim dövrdə kitabxanaya gələn yeni kitabları oxuyurdum. Ən çox dedektiv janra üstünlük verirdim. Əslində janrın heç bir fərqi yoxdu. Əsas maraqlı və oxunaqlı olsun. 6. Dedektif janrda nəsə yazmaq fikriniz olub ürəyinizdən keçib maraqlıdır? Bəli fikrim var. Hal hazırda yazdıgım yazılarım var ki, orda cinayətdən, cinayətkardan bəhs etmişəm. 7. Yazdıqlarınız haradasa çap olunub yoxsa elə yazmısınız evdə kiməsə oxumusunuzmu? Yazdıqlarım saytlarda gedir. Qanunla.az, Hüquq.az, Karvan.news, Kulis.az, BİTİK.AZ, USTAC.AZ, YAZARLAR.AZ saytlarında və “Yazarlar” jurnalında müntəzəm çap olunuram. 8. Övladlarınız necə kitablara marağı var yoxsa hələ körpədir? Balacadılar.( 4 yaş yarım, 2 yaş yarım ) Ancaq maraqları olduğunu hiss edirəm. 9. Allah min budaq eləsin analıq necə bir hissdir söznən ifadə etsəydiniz necə ifadə edərdiniz? Çox sağ olun Gözəl bir hisdir. Özünü problemlər qarşısında sipər kimi hiss edirsən. Hər şey onlar üçün devizi ilə yaşayırsan. 10. Həyat problemləriylə baş edə bilmisinizmi olub problemlərə qarşı gücünüz tükənsin? İnanın səmimiliyimə çalışdığım qədər problemlərin üzərinə qılınc çəkmişəm. Gücüm deməzdim tükənib ruhum yorulub sadəcə o da dincin alıb gücləlndirib məni. 11. Son olaraq sizi incitmədik ki oxucularınıza nə demək istərdiz? Xeyr çox xoş oldu. Mən yazmağa onlar oxumağa davam etsinlər. İnşallah çıxardacağım kitabımla onları sevindirərəm. Dəyərli vaxtlarını ayırıb məni yazıları oxuduqları üçün hər birinə ayrı – ayrılıqda təşəkkür edirəm! Daha doğrusu kitablarımla.
“MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI Mən Kərimova (Əhmədova) Nəzakət Emin qızı Xudat şəhərində ziyalı ailəsində anadan olmuşam. ADU-nun tarix fakultəsində sonra isə hüquq fakultəsində (ikinci ixtisas) təhsil alan atam müxtəlif dövlət vəzifələrində çalışmış, sonda uzun müddət Xudat şəhər 1 nömrəli məktəbin direktoru olmuşdur. 1941-45-ci il BVM-də yaralanaraq mühüribə əlili olmuşdur. (52 yaşında vəfat edib.) Onun pedaqoji fəaliyyəti, fəal çalışması məndə də pedaqoq olmaq həvəsi yaratdı və mən də müəllim olmağa qərar verdim. APU- nin pedaqoji fakultəsini bitirməmişdən elmi – metodiki məqalələrim mətbuatda dərc olunmaga başladı… Odur ki, mənim dövri dövlət qəzet və jurnallarındaki yazılarıma görə elmi araşdırmalar aparmaq üçün o vaxtkı Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitunun (ETPEİ) dissertanturasına qəbul olunmaq təklifinə razı oldum. Jurnalistikaya olan həvəsimə görə Jurnalist Sənətkarlıgı İnstitunda da təhsil aldım. İstər respublika, istərsə də ETPEİ -nin elmi-praktik konfranslarında,elmi müsabiqələrdə fəal iştirakıma, məruzə-çıxışlarım maraq kəsb etdiyinə və qalib olduguma görə müxtəlif diplom, Fəxri Fərman və pul mükafatlarına layiq görülmüşəm. Pespublika üzrə keçirilən “Pedaqoji Mühazirələr”də l-ll və Ill yerlərin diplomlarını almışam… Dövri mətbuatda-qəzet və jurnallarda kitablarda yüzlərlə yazım dərc olunmuş, tele -radioda (AzTV də əsasən) silsilə verilişlərdə maraqlı mövzularda çıxışlarım olmuşdur… Pedaqoji sahədə çalışan müəllimlərə kömək məqsədilə redaksiyaların sifarişı ilə dərs nümunələri, sinifdənxaric və məktəbdən kənar tədbirlərin ssenarilərim qəzet və jurnallarda dərc olunmuşdur. Pedaqoji fəaliyyətimlə baglı uzun müddət məktəbli – gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində işin məqsədyönlü təşkili üçün işlədiyim Xudat şəhər N.Nərimanov adına 2 nömrəli məktəbdə “N.Nərimanovun Bakıdakı ev muzeyi “nəzdində Xatirə muzeyini yaratmış və 40 ilə yaxın muzeyimə rəhbərlik etmişəm. İctimai əsaslarla işlədiyim muzeyə Bakı muzeyi 450 eksponat bagışlamışdır. Müxtəlif respublikarın Mədəniyyət Nazirliklərinə yazaraq Nərimanovla baglı sənədlər, vidio -lentlər, kitab və bukletlər, foto şəkillər toplayaraq eksponatların sayını beş minə çatdırdım. Muzeyə on minə yaxın müxtəlif peşə adamları, nərımanovçu akademik və alimlər, məktəblilər, hərbiçilər, deputatlar, aktyorlar ,idmançılar, tələbələr və b. ziyarət etmişlər. Muzey xətti ilə üzvlərin Bakıdakı ev muzeyində, tarixi yerlərdə, AzTV-nın müxtəlif redaksiyalarında olmuş, AMEA-nın, APU-nun tanınmış alımləri ilə maraqlı görüşlərini təşkil etmiş, Fəxri Xiyabana,Ş əhidlər Xiyabanına və onların arzularına uygun yerlərə səyahətini keçirmişəm. Təsadüfi deyil ki, vaxtilə muzey üzvü olmuş gənclərimin bir çoxu hazırda hərbiçi olaraq Vətənimizin keşiyindədirlər. 44 günlük Müharibədə bir neçə məzunumuz da Şəhidlik zirvəsinə ucalmışlar… Ölkə başçımızın sərəncamı ilə “İlin Müəllimi” müsabiqəsində iştirak edərək qalib olmuş, pul mükafatına sahib olmuşam. 2014 – cü ildə Prezidentimizin sərancamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. Hazırda ictimai -siyasi fəaliyyətimi davam etdirir, Dünya Azərbaycanlılarınin Mədəniyyət Mərkəzi İB (DAMM İB) Sabitlik və İnkişaf Mərkəzi İB (SİM İB) və İctimai Nəzarət Koalisiyasının Fəxri üzvü, Abşeron rayonu üzrə sədri olmaqla -Şəhid Milli Qəhrəman ailələri və Qazilərlə iş aparır, bu təşkilatın sədri tanınmış ictimai xadum Rasim Məmmədov və təşkilatın üzvləri ilə şəhidlərin anım mərasimlərində iştirak edərək onlara mənəvi dəstək olur, problemlərinin həllində köməklik göstəririk. Burada da fəaliyyətimiz barədə mütəmadi olaraq saytlarda, mətbuatda yazılar verirəm. “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceriyəm.
1.Şeirlərinizdən birində yazırsınız ki, gördüm yaman darıxıram, dedim bir azca dərd çəkim, darıxmaqla dərdin kəsişdiyi yolda özünüzü harada görürsünüz?
Mən ömrüm boyu darıxıram. Mənim darıxmağım İlahi darıxmaqdı, xəyali darıxmaqdı – səbəbsiz. Kimin üçün?, nədən ötrü? – darıxdığımı bilmədən. Bir şeyi davamlı təkrarlayanda həmin şeyə vərdiş etməli olursan, zamanla. Mən darıxmağa vərdiş etmişəm, deyəsən. Darıxmasam, yaza bilmirəm.
2. Şeirləriniz sanki bir nikbinlik notu üstündə köklənib dediyiniz o dərd sizə unutdura bilibmi darıxmağınızı.
Bütün şeirlərim ruh halımla bağlıdı. Həmin an necə hiss edirəmsə, o cür yazıram. Amma maraqlı hal odur ki, həmin hissin müddəti şeiri yazıb bitirincədi. Yəni, şeiri bitirəndən sonra həmin duyğulardan azad oluram. Məsələn: darıxıb şeir yazıramsa, yazıb bitirəndən sonra təskinlik tapıram, hətta darıxmıram.
3. Sizi belə nədir darıxdıran məsafələrdən aslılıqmı yoxsa elə bu bir xəyali darıxmaqdır…
Suallardan üçü darıxmaq mövzusundadı. Demək ki, şeirlərimdən daha çox bu hiss duyulur.
4. Yaratdığınız hər hansı bir obrazda özünüzü görmüsnüz və ya belə deyək özünüzü hər hansısa bir obrazda görmək istəmisiniz…
Mən heç yaşamadığım duyğunun şeirini yazmamışam. Şeirlərimdəki obraz özüməm. Ancaq şeirlərdən kənara çıxsaq, mən çox xəyal quran biriyəm və qurduğum xəyalların nə vaxtsa gerçəkləşəcəyinə mütləq inanıram, gözləyirəm. Hərdən darıxmağımın səbəbini də məhz həmin gözləməklə bağlayıram.
5. Nəsr sizi düşündürüb şeirlə ifadə etmək istədiyinizi nəsrlə ifadə edəsiniz?
Bir neçə hekayə yazmışam, çap olunub. Tamamlamadığım povestim var. Mən nəsri sevirəm, amma sırf təhkiyə üsulunu yox, bədii nəsri sevirəm. Ona görə də nəsrə məsuliyyətlə yanaşıram.
6. Yazdıqlarınız sizi qane edir??
İnanın səmimiyyətimə ki, şeirlərim haqqında heç bir dəfə də mənfi rəylə rastlaşmamışam. Sözü tanıyan adamlardan təqdir görmüşəm. Bu təbii, xoş haldır. Ancaq mən kiminləsə hesablaşan biri də deyiləm. Hamı şeirimi tərifləsə də, qəbul etməsə də mənim fikrim dəyişməyəcək. Mən öz sərhəddimi bilirəm. Belə deyək, öz qədərimi bilirəm. Heç vaxt da özümü sübüt etməyə çalışmamışam.
7. Ən çox mütailə etdiyiniz əsərlər hansılardır maraqlıdır.
Son zamanlar oxuduqlarımı deyim: “Ceyn Eyr”, “Qaranlıqda şərqi deyənlər”. Əslində təsadüflərə inanmıram, amma nə hikmətdirsə, hər iki əsərdə aralarında xeyli yaş fərqi olan insanların böyük məhəbbəti əsas mövzu kimi qeyd olunub. Qəribədir ki, son zamanlar ardıcıl oxuduğum kitablar bunlardır və mövzu üst-üstə düşür.
8. Gözəllik sizin üçün nə ifadə edir ədəbiyyat və gözəllik siz ədəbiyyatın xəyaləsisiniz yoxsa ədəbiyyatın xəyaləsi sizsiniz.
Estetik zövqümü həmişə nəzarətdə saxlayıram. Bu, deyəsən, anamın sayəsində qazandığım vərdişdir ki, olduğum hər yerdə səliqə və gözəllik yaratmağı sevirəm. Getdiyim yerlərdə də gözəllik axtarıram. Belə deyək, gözəl təqdimatı sevirəm. Ancaq daxilən iddialı biri olsam da, iddiami dilimə gətirməyi sevmirəm. Məncə bəzi şeylər dilə gəlməməlidi, öz böyük yerində – ürəkdə qalmalıdı. Ədəbiyyat üçün hansı anlamı ifadə etdiyimi deməyəcəyəm, amma ədəbiyyat mənim həyat tərzimdi, öz-özümlə söhbətimdi. Hansısa gün gündəlik qayğılarla məşğul olub öz düşüncələrimə vaxt ayıra bilmirəmsə, həmin günü boş, yaşanmamış hesab edirəm.
9. (Sevili) özünüzə təxəllüs götürmüsünüz Cəfər Cabbarlının qəhramlarından birinin adı da sevildir bu sevilin o sevillə bir əlaqəsi var…
Sevil adını əvvəla feil kimi sevirəm. “Xəyalə, Sevil” – deyirəm özümə. Sevil həm də qızımın adıdı, ancaq qızımın adı olmamışdan əvvəl dünyasını dəyişmiş, üzünü görmədiyim qaynanamın adı idi. Yoldaşıma olan hörmət və qızımın olacağına, adını Sevil qoyacağıma şəksiz inam sayəsində təxəllüs götürmüşəm.
10. Son günlər nələr yazmısınız hansı mövzular sizi düşündürür bizimlə paylaşa bilərsiniz.
Son zamanlar duyğuların ağlılla idarə edilməsi, reallıq, daxilən olmasa da, real həyatda zəmanəylə ayaqlaşmaq düşündürür məni. Ona görə də son şeirlərim çılğın deyil, daha sakit, oturuşmuş, təcrübəli və məncə, ağıllıdı.
11. Son olaraq bir sözlə özünüzü necə ifadə edərdiniz??
ANA! Bu ad mənim həm məsuliyyətimdi, həm xoşbəxtliyim. Bütün yaşanmışlıqlar bir yana, əgər dünyadan gedəndə övladlarımı istədiyim kimi görəcəyəmsə, demək, xoşbəxt ana ömrü yaşamışam.
“TACLI ŞAİR” – bu ifadəni ilk dəfə şair-publisiist Qələndər Xaçınçaylı Zaur Ustac haqqında işlədib. Qələndər Xaçınçaylı Zaur Ustacın həyat və yaradıcılığından bəhs edən kitabını da məhz belə adlandırıb, “Taclı Şair”.
Zaur Ustac özü bu barədə belə deyir: – “…Qələndər müəllim (Allah rəhmət eləsin…) demək olar ki, bütün adi söhbətlərimizdə və məndən götürdüyü müsahibələrdə “Ustac” təxəllüsü barədə mütləq sual verirdi. Mən də mümkün qədər hər dəfə daha zəngin məlumat verməyə çalışırdım. Bu ifadə ona nəsə ləzət eləmişdi. Hərə dəfə də dinləyib, qeydlərini götürdükdən sonra özünəməxsus məzəli ifadələrlə reaksiya verərdi… Bu ifadələr onu yaxından tanıyanlara yaxşı məlumdur. 2019-2020 – ci ildə haqqımda olan kitabı hazırlayanda da ilk dəfədən elə bu adı seçmişdi. Hətta mən deyərdim ki, onda ilk olaraq bu “Taclı Şair” ifadəsi ideya kimi yaranmış sonra bunu kitaba çevirmək qərarına gəlmişdi. Allah rəhmət eləsin. Ruhu şad olsun.”
Sual: Nəriman müəllim,yapon yazıçısı Kobo Abe deyir ki, özünü tapmaq boş pulqabında pul axtarmaq kimi bir şeydir. Sizcə, siz kimsiniz? Cavab: Kobe Abe-ni vaxtilə ruscada mütaliə etmişəm. Ona ehtiramım öz yerində, amma, sözün açığı, itkin olduğumu heç zaman hiss etməmişəm və bu üzdən də ehtiyac duymamışam özümü axtarıb tapım. Yarı-zarafat, yarı-ciddi deyim ki, hamı kimi mən də özüməm. Sual: Qasımoğlu olmaq həm fərəh, qürur, həm də məsuliyyətdir məncə. Sizcə? Cavab: Əvvəllər “Qasımoğlu” olmaq məndən ötrü bu sadaladıqlarınızın hamısı idisə, indi heç biri deyil. Bu, indi cəmiyyət qarşısında deyil, yalnız Qasım Qasımzadənin ruhu qarşısında sadəcə bir borc hissini yaradan sözdür, ona saysız borclarımı qaytarmaq istəyimin üzərinə vurduğum möhür, üzərində olan imzadır. Bu şeirimdə ifadə etdiyim kimi: Baxıram dünyaya sənin gözünlə, harda işıq varsa iz səninkidir. Baxışlarım dan yerinə od saçır – zülmətə köz salan göz səninkidir. * * * Oldum sərnişini nur gəmisinin, bu da meracıdır eşq dəlisinin, Rəbbimin ən gözəl təcəllisini görürəm qarşımda üz səninkidir. * * * Ruhun ucalarda şad olsun deyə oxu, nələr vermiş Tanrı bəndəyə, mən yerdən göylərə yüksələn ayə – üstündən qalxdığım miz səninkidir. * * * Dar eylərəm qaranlığın yerini, zülmət dələn taleyim bir mərmimi, sən özün cəm eylə qəlpələrimi, göyə ulduz-ulduz düz, səninkidir. * * * Mən hicran qənimi, vüsal dəmiyəm, içirəm ruhundan, dəmlər dəmiyəm, tənimlə badəyəm, ruhumla meyəm, içəlim bu meyi, süz, səninkidir. * * * Yerişim, duruşum, qaçışım səndə, həvəsim, ilhamım, uçuşum səndə, göylərin, yerlərin Rəbbi önündə səcdəyə gedirəm, diz səninkidir. * * * Canın canımdadır, qanın qanımda, ayrılmaz ruhlarıq Tanrı yanında, qiyamət günündə, məhşər anında sənsən şəfaətçi, söz səninkidir. Sual: Nəriman müəllim, siz deyirsiniz ki, Harvardda təhsil ilinin açılışında Rektor Bibliyadan sitatlar gətirir. Deyirsiniz ki, amerikalılar avropalılara baxanda ilahi hikmətlərə daha çox bağlıdırlar. Bəs biz? Cavab: Təsəvvür edin, dünyanın elm, sənaye, texnologiya baxımdan ən inkişaf etmiş dövləti olasan, əhalinin də doxsan faizdən artığı inanclı, altmış faizə qədəri isə fəal inanc sahibi ola, yəni hər bazar günü əksəriyyətin kilsə mərasimlərində iştirak edə. Bu, Amerika nümunəsidir, elm və din bir arada ola bilməz dünyagörüşünü etibarsız edən nümunə. Bunun dərin tarixi-siyasi səbəblərindən əlavə, həm də din adına yayğın səbəbi var. Yeri gəlmişkən, Qərbdə tarixən sürətli inkişafın bir səbəbini bəzi Qərb sosioloqları xristian reformasiyasına təkan vermis protestantlığın belə bir təlimi ilə izah edirlər ki, yaradıcı əməyə, zəhmətə qatlaşmaq xristian inancının vacib şərtlərindən biridir. Bizimkilərdə isə əksəriyyətin dini təsəvvürləri təxminən elə orta əsrlər səviyyəsində qalmaqdadır. Əlbəttə, Azərbaycan müsəlmanlarının dini görüşlərini yaxşı mənada fərqləndirən cəhətlər də var və bunların içində ilk növbədə başqa inanclara tolerant yanaşma şüurudur. Amma ümumilikdə götürüldükdə, elmlənmənin, təhsillənmənin, zəhmətə qatlaşmanın dini inanc mövcibincə də bir borc olduğu qənaəti dindarlarımızın əksəriyyətinin şüurunda yoxdur. Gərək olsun. Ən adi və sadə səbəbə görə: Quran bunu tələb və təlqin edir… Sual: Dindarsınız? Cavab: “Dindar” sözü o qədər mövhumatla assosiasiya olunur ki, az qala mənfi çalarlı bir sözə çevrilib. Özümə dindar yox, inanclı deyə bilərəm. Sual: Siz Quran kitabını dilimizə tərcümə etdiniz və adını “Oxu” qoydunuz. Nədən bu ağır və çətin işə qərar verdiniz? Cavab: Bu qərarımın tarixi var. Xatırlayırsınızsa, 3-cü kursda oxuyanda bir ara ərəb dili müəllimimiz Malik Qarayevi Fidan xanım – yazıçı Anarın bacısı – əvəz etmişdi. Bizə məsləhət görmüşdü ki, ilkin mənbədən olan mətnlərin tərcüməsi ilə məşğul olaq. Akademkitabda Qurandan bəzi ayələrin, ərəb hekayələrinin də olduğu bir kitabın satışda olduğunu dedi. Kitabı alıb vərəqlədim. Qərara gəldim həmin kitabda getmiş qısa surələri tərcümə edim. O dəftəri indi də saxlayıram, tərcümədə diyircəkli qələmdən yox, mürəkkəblə yazan şiş uclu dəmir qələmdən istifadə etmişəm, vərəqlər arasında suçəkən hələ də qalır. Sadəlövhcəsinə elə düşünmüşəm ki, müqəddəs mətndirsə, tərcüməsini yazanda xəttin olduqca gözəl olmalıdır. Uzun müddət o yazıya yaxınlaşmadım, dəftərlərimin arasında öz ömrünü yaşadı. Bir dəfə Liviyada tərcüməçi işləyəndə kitab dükanından Quran aldım, ürəyimdən keçdi, görəsən, nə vaxtsa bunu tərcümə edə biləcəyəmmi? Dostum Vaqif Bayatlının təkidi olmasaydı, bəlkə elə arzu olaraq da qalardı. “Xəzər” jurnalının baş redaktoru olanda dedi, gərək boynuna götürəsən, ərəbcəni yaxşı bilirsən, səndə əla alınacaq. Yəni, bu işə Vaqif Bayatlı bir növ vəsilə oldu. 2018-ci ildə tamamilə yeni bir tərcümə variantını ərsəyə gətirdim. Adını OXU yazdım. Tərcümədirsə, adı da tərcümədə səslənməlidir. Çünki adın da insalanrımıza ismarışı var, Azərbaycanlılar bilmirlər ki, Quran onlara ilk enən ayəsindəcə “Oxu!” deyə müraciət edir. Bu OXU-da aşkarladığım teoloji tapıntılar Quran tərcüməsi tarixində ilklərdir və unikal məzmunda olaraq Quran məntiqinə, orijinaldakı sözlərin izahlı lüğətlərdə anlaşılan mənalarına tam uyğundur. Bunların əksəriyyəti dünyanın heç bir dilində olan tərcümələrdə ifadə edilməyib və inanclı insanların şüurlarında dəyişiklik yaradacaq mahiyyətdədir. Sual: “Oxu” zamanı önləyir. Müsəlman şüuru isə zamandan geri qalır”. Bu da sizin sözlərinizdir. Şüurun inkişafı üçün nə lazımdır, sizcə? Cavab: Öyrənmək, öyrənmək, yenə də öyrənmək… Yəni oxumaq, oxumaq, yenə də oxumaq. Nəyi? Dünyanı, insanları, elmləri, təbiəti, kainatı, müqəddəs mətnləri, yaradıcılıq məhsulu olan hər şeyi… Müsəlman şüuruna gəlincə, yalnız OXU ilə, onun məntiqi və təlqinləri ilə ahəngdə olsa, zamanı önləyə bilər. Hədislər, dini əfsanə və nağıllar müsəlman şüurunu mövhumat buxovlarında saxlayır. Sual: Müqəddəs məkanlara ziyarətə münasibətiniz. FB-da belə bir təklif oxudum ki, ziyarətimizi düşmən tərəfindən darmadağın edilmiş və 5 mindən çox şəhid vermiş Ağdama edək bəlkə? Siz nə deyərdiniz? Cavab: Müqəddəs məkanlara ziyarət ya sadəcə günahlardan tövbə etmək məqsədilə, ya istəkləri hasilə gətirmək, ya da sadəcə bir din borçunu yerinə yetirməkdir. Müsəlmanlar üçün ən müqəddəs yer Kəbə Evidir. Bəziləri Kəbəni ziyarətdən sadəcə “hacı” titulu qazanmaqla bunun cəmiyyətdə onlara hansısa üstünlüklər qazandırdığını düşünürlər. Belə bir titula müqəddəs Kitabımızda ümumiyyətlə yer yoxdur. Tanrı qatında ən möhtərəm sayılan kimsələr imanı, taqva duyğusu daha çox olanlardır, bu barədə uyğun Oxu ayəsi də var. Həcc ziyarətinin mahiyyəti ondan ibarətdir ki, müqəddəs yerin ziyarəti bir toplantı yerinin ziyarəti olaraq dəyərləndirilsin. Kəbə evini nəzərdə tutan ayədə deyilir: “Biz evi insanlar üçün eylədik bir toplantı yeri…” Bu toplantı əslində o anlamdadır ki, ayrı-ayrı ölkələrin nüfuzlu şəxsləri oraya gəlib öz xalqlarının dərdlərini başqaları ilə paylaşsınlar, söhbətlər aparsınlar, ünsiyyət yaratsınlar və s. Misal üçün, vaxtilə müsahibələrimdə vurğulayırdım ki, Azərbaycandan gedən zəvvarlar bunu anlasalar, Qarabağ problemi ətrafında həqiqətləri oraya daşıya bilərlər. İndi problem həll edilib deyə buna ehtiyac qalmayıb. Yəni demək istədiyim odur ki, müqəddəs yerləri ziyarətlərin ruhiyyəsini belə şeylər müəyyənləşdirir. Əlbəttə, indiki halda bütün ziyarətlər ilk növbədə şəhid qanı axıdılmış və buna görə qüdsallaşmış yerlərə olmalıdır. Azad edilmiş hər şəhəri, kəndi müqəddəs bilib, obrazlı ifadə ilə desəm, onların başına Kəbə Evinin başına dolandığımız kimi dolanmalıyıq. Oralar olsun qaçqınların məskunlaşma, qaçqın olmayanların isə bir növ vətənin qorunmasına and yerləri kimi “toplantı yerləri”… Həcc ziyarəti isə – bunu bütün müsəlmanlar da dərk etsinlər – OXU-ya uyğun öz mahiyyətinə qayıtmalıdır. O ziyarətə bizimkilər içində nüfuzlu ziyalıların, yaxud təlim keçmiş sıravi inanclılarımız getməlidirlər ki, ölkəmizin problemlərini, yaxud uğurlarının təbliğatını dindaşları ilə müzakirə etsinlər, məscidlərimizdə donuz saxlamışlara dəstək verən “müsəlman” ölkələrinin vətəndaşlarına həqiqətləri çatdırsınlar. Sual: Məhərrəm ayında toy etmək olar? Cavab: Hər şəxs etiqadı gərəyincə özü nəyin olarına, olmazına qərar verir. Bizdə tarixən şiə əksəriyyətinin Məhərrəm ayını yas ovqatında keçirmək ənənəsi var. Etiqad azadlığına hörmətlə yanaşmalıyıq. Bu ayda toy etməyənə də, edənə də normal baxmağa borcluyuq. “Dində məcburiyyət yoxdur” – bir OXU ayəsi belə də deyir. Sual: Sizin bir yaralı yeriniz var. Oxuculara da açıqlayaqmı alimimizin ana dilinə münasibətini? Dilimizin başına gətirilən oyunlar sizi sarsıtmır ki? Cavab: Ədəbi dilimizin ləhcələşməsi prosesinin səbəblərinə, Azərbaycan dilçilərinin bu prosesə məşum töhfəsindən silsilə yazılarım, çıxışlarım olub. Təəssüf ki, səylərimiz bəhrəsini vermir. Əksinə, Nazirlər Kabineti səviyyəsində iyun ayında Azərbaycan dilinin orfoepiyasına dair bir qərar qəbul edildi. Və bununla da ölkədə yazı dilimiz vasitəsilə yüz illər ərzində püxtələşmiş, elitarlaşmış və siyasi-mədəni dəyərə çevrilmiş Azərbaycan ədəbi dilində nitq, ədəbi dil orfoepiyasını məişət dili ilə, dialektoloq (ləhcəşünas) – dilçilərin savadsızcasına əsasını qoyduğu qaydalarla qarışıq salanlar, ədəbi dilimizin gözəl avazını, musiqisini zədələyənlər ləhcələşmə prosesini rəsmiləşdirməyə nail oldular. Ancaq problem şəxsən mənim deyil ki, sizin təbirinizcə, yaralı yerim olsun. Bizdən sadəcə bildiklərimizi car çəkməkdir, çatdırışdır. İnanıram ki, ağıllı adamlarımız bu prosesin qarşısını indi olmasa da, nə zamansa alacaqlar. Sual: Siz bir neçə xarici dili mükəmməl bilirsiniz. Və bu imkandan istifadə edib həmişə Azərbaycanın həqiqətlərini dünyaya çatdırmısınız. Vətənpərvərlik nədir? Cavab: Qərbdə gəzərgi bir ifadə var: “vətənpərvərlik əclafların son sığınacaq yeridir”. Bunu ilk dəfə 18-ci əsrin məşhur ingilis yazıçısı Samuel Conson deyib. Deyəndə də nəzərdə tutubmuş ki, öz ölkəsini sevdiyini daim pafosla car çəkən şəxs cinayətlərə, biabırçılıqlara yol verirsə, onun əməllərinə dözümlü yanaşırmışlar. Üstəlik, dövləti, hökuməti sorğulayan nəcib şəxsləri də satqın, xain elan edirmişlər. Yəni vətənpərvərlik sözü inkişaf etmiş ölkələrdə bir növ hörmətdən düşüb. Millətçiliyi hər fürsətdə elan edənlərdən, sözün açığı, mən də həqiqi mənada vətənpərvərlik gözləmirəm. Həyatımda “millət, vətən” bağıranlara aid elə çoxsaylı nümunələrlə qarşılaşmışam ki, belələri tək şöhrət yox, ciddi sərvət yiyələrinə də çevriliblər. Yəni vətənpərvərliyin də bazarı, biznesi olur, təəssüf. Sovetlərin hələ güclü olduğu dövrdə bir dəfə Qasım müəllimdən Gülhüseyn Hüseynoğlu barədə soruşmuşdum. Gülhüseyn müəllim vaxtilə Azərbaycanın müstəqilliyini məqsəd seçmiş məşhur “İldırım” təşkilatının üzvü olub. Soruşanda ki, necə olur, milli amallar uğrunda mücadilə vermiş bir şəxsi indi millətçi kimi heç yada salan yoxdur, gənclər arasında yazıçılardan daha çox başqalarının adları çəkilir, onun yox, deyirdi, hazırda millətçi karyerası ilə məşhurlaşanlardan Gülhüseyn özünü kənar tutur, onlara “keqebe”nin potensial agentləri kimi baxır. Gülhüseyn Qasım müəllimlə məhrəm söhbətlərində ad da çəkirmiş ki, bəs filankəsin millətçiliyinə qəti inanmır, əsil millət davasını aparanları həbsə salırlar, bunu isə hökumət tez-tez təltifləyib şöhrətləndirir. Qasım müəllim bir yazısında hər azərbaycanlıdan bu sullarına cavablar istəyirdi: “de görək ağlın kəsəndən, əlin bir işin qulpundan yapışan gündən xidmətin bu mənsub olduğun millətə nədən ibarət olub? Ana torpağın, ata-baba yurdunun son illərdəki narahat çağlarında övladlıq borcunu necə yerinə yetirmisən?”. Və, əslində, mənə görə, vətən milli müstəqilliyini yaşayırsa, yetər ki, vətənpərvər yox, yaxşı mənada vətəndaş olasan. Sual: Hər ikimiz 30 ildən çox babalarımızın vətəninə, Qarabağa həsrət qaldıq. Sizinçün o həsrət nə idi? Cavab: Biz bu otuz ildə elə bir boşluğa düşmüşdük. Yenə Qasım müəllimdən sitat çəkim. 1992-ci ildə yazırdı: “Əgər biz inansaq ki, Şuşa biryolluq əlimizdən çıxıb, Xocalı həqarəti, Laçın bədnamlığı ilə birdəfəlik barışası olacağıq, elə bilirəm, Azərbaycan qeyrətli hər bir vətəndaşın fikrini ifadə edib deyərdim ki, onda daha yaşamağın mənası qalmamışdır. Bir adı Qala, bir adı da Pənahabad olan Şuşa, Laçın təkcə bu günümüz yox, tariximizdir, sərkərdələr, sənətkarlar yetirən əcdadımızın yadigarıdır, Pənah xanı, İbrahim xanı, Vaqifi, Natəvanı, Adıgözəl bəyi, Mehmandarovu, Xosrov bəyi, Sultan bəyi, Üzeyir bəyi, Seyidi, Xanı, Bülbülü yetirən diyardır. Şuşa bizim qartal qıylı, bülbül cəhcəhli yuvamızdır. Buna görə də indi Şuşasız günlərimdə mən özümü yuvasız quş sayıram…” Mənin üçün arxada qalan Qarabağ itkisi sadəcə həsrət deyilən şeydən betər bir discomfort yaratmışdı ötən illərdə. Çoxumuz özümüzü aşağılanmış, ədalətsizliyə uğramış, təklənmiş bir durumda hiss etmişik. Bir yandan da ötən otuz ildə, təsəvvür edin, Qarabağ itkisi ilə bağlı duyğuların, fikrin-zikrin hər fürsətdə səni haqlaya, rahat buraxmaya, bu, elmi-bədii yaradıcılıqla məşğul şəxs üçün bilirsiniz nə deməkdir? Bu barədə istəməzdim təfərrüatlara varım, ancaq onu qeyd edim ki, ilk gənclik illərində nəzərdə tutduğum yaradıcılıq planlarımda, işlərimdə müəyyən itkilər yaratdı… Sual: Səmimi deyin, 44 günlük müharibədən sonra əldə edilən zəfər sevinci gözlərinizi yaşartdımı? Cavab: Elə əvvəlki cavablarımı da səmimi demişəm t. Ümumiyyətlə, məhrəm bildiyim məsələləri açıqlamağı xoşlamıram. Amma təkid edirsiniz deyə bildirim: iki dəfə olub. Füzulinin azad olunan ilk kəndlərinin müjdəsini eşidəndə Mərdəkanda təsərrüfat malları dükanının qarşısında idim. Xəbəri televiziya car çəkirdi. Sevindiyimdən qəhərlənərək avtomobilimə əyləşib sükan arxasında donub qaldım, yanaqlarımda da sevinc yaşları… Yaxınlarıma zəng etdim. Başqa heç nə yox, elə bunu deyə bildim: “Eşitdiniz?” Telefonun o başından da boğuq bir “hə” sözü. Onlar da mənim kimi… Bir də “Əziz Şuşa, sən azadsan!” nidasını mənzilimdə televiziyadan eşidəndə. Sual: Siz çox pozitiv insansınız. Gənclərlə işləyirsiniz. ADA kimi mötəbər bir tədris ocağında çalışırsınız. Sizinçün ADA nədir? Cavab:ADA vaxtilə çalışdığım Amerika universitetlərinin gözəl bir modelidir. Gənclərimiz burada yüksək təhsil standartlarına uyğun dərslər keçirlər. ADA-nı bitirənlər aldıqları biliklərlə yanaşı, özlərində fərqli bir düşüncə tərzini də tərbiyə edə bilirlər ki, bu hər mənada millətimizin gələcəyi üçün olduqca vacibdir. İstərdim ADA təhsil mühitimizdə bir ada olaraq qalmasın, bütün təhsil müəssisələrimiz onun kimi olsun. Sual: Nəriman müəllim, siz şeirlər yazırsınız, rus ədəbiyyatından mükəmməl tərcümələr edirsiniz. Mənə elə gəlir ki, sizin poeziyanız bir qədər səmavidir. Şeirləriniz sanki göylərdə yazılır. Cavab: Bir qismi göy şeirləri, bir qismi yer şeirləri… Sual: Bir şeirinizi mən daha çox sevirəm. Kədərli də olsa, o şeir sanki oğulun ana həsrətiylə ürəkdən çəkdiyi ahdır. Cavab: “Ana haqqı Tanrı haqqı” deyimi var Kitab-i Dədə Qorqudda. Heç zaman haqqı ilə ödəyə bilməyəcəyimiz ana haqqı. Yer şeirlərimə daxil olan sətirlərdir: Sıcaq-sıcaq xatirələr oyanır, ruhun qonaq gəlir bizə qəfilcən. Canım, tənim sənli-sənsiz hey yanır – dodağın alnımda hərarətölçən. * * * “Sənə maman qurban” nəvazişlərin qopur dodağından bir dua kimi, göylərdən içimə dolub səslənir cənnətdən ucalan bir səda kimi. * * * Azarım, dərdlərim yox olur bir an, gözümə nur gəlir, dizimə taqət, üzülür ayagım yerdən nagahan, ruhummu bu yüngül qanadlı xilqət. * * * Bu addım səsləri mənə bəllidi, işdənmi qayıdıb gəlirdin yenə, doğma bir həsrətlə qulaq kəsildim qapıya saldığın açar səsinə. * * * Qoyduğun nə varsa qalıbdır bizdə, səliqə-sahmanın, qabın-qacağın. Plovun dəmdədir ocağın ustə, sən özün süfrə aç bu axşam çağı. * * * Evin hər küncündə bir mələk bitir, gəlib əyləşirlər süfrə başında, açdığın süfrənin bərəkətidir – göylər bu məclisin tamaşasında. * * * Şənlik sona yetir məclisimizdə, hər ruh öz səmtilə uçub qeyb olur. Bura sənin evin, qalsana bizdə – tutmuşam əlindən, gözlərim dolur. * * * Çıxırsan qapıdan, əlim yellənir – Allah amanında, yaxşı yol sənə! Enirsən ehmalca pilləkənləri, su səpir arxanca gözlərim yenə. Sual: Nəriman müəllim, səhv etmirəmsə siz vaxtilə Azərbaycanı Səudiyyə Ərəbistanında səfir kimi təmsil etmisiniz, bir çox xarici universitetlərdə mühazirələr oxumusunuz. Siz Azərbaycanın gələcəyini necə görürsünüz? Cavab: Səfir təyin olunsam da bu statusda çalışa bilmədim. Amma səfir təyinatından öncə Səudiyyə Ərəbistanının mərhum kralı Fəhdlə rəsmi danışıqlarda iştirak etmişdim, onunla çox ümidverici, maraqlı söhbətlərimiz olmuşdu… Azərbaycanın gələcəyinə böyük ümidlə baxıram. Bu, təkcə Qarabağ zəfərimizlə bağlı deyil. Dünyada dəyişən geosiyasi reallıqların ölkəmizə hansı yaxşı perspektivlər bəxş etdiyinin də fərqindəyəm. Sual: Söhbətimiz tam səmimidir. İkimiz də qarabağlıyıq. Deyirlər qarabağlıların yaxşı musiqi duyumu olur. Bax indi desəydim ki, gəlin bir yerdə bir mahnı oxuyaq, hansı mahnı düşərdi yadınıza? Cavab: Xalq mahnısı “Laçın”. Sual: Ailənizdə musiqiçi var. Hətta bir neçə mötəbər müsabiqələrin iştirakçısı və laureatı olan var. Sizin musiqiyə münasibətiniz. Hansı musiqini daha çox sevirsiniz? Cavab: İki musiqiçi, ikisi də beynəlxalq səviyyələrdə özlərini təsdiq ediblər. Biri bəstəkar Türkər, o biri pianoçu Humay. Türkərin bu il yeni əsərləri Amerikada, Avropada, Rusiyada dəfələrlə ifa olundu. Humayın da beynəlxalq səviyyədə xeyli ifaları. Onu da qeyd edim, indi musiqi zövqümün inkişafında bu iki peşəkar musiqiçinin də rolu var. Hansı musiqini daha çox sevirəm? Sözün açığı, ha fikirləşirəm, amma nəyinsə üstündə ayrıca dayana bilmirəm. Muğam da, aşıq musiqimiz də, caz musiqisi də, akademik musiqi də beynimi və emosiyalarımı qidalandırır. Yeri gəlmişkən, tar təhsilim var, muğamlarımızı özüm üçün, yaxınlarım üçün ara-bir tarda ifa edirəm. Sual: Gülləri sevirsiniz? Siz güllərə baxanda ilk baxışdan gülün özünü görürsünüz yoxsa tikanlarını? Cavab: Çiçəkləri sevirəm. Çəmənliklərdə otlara qarışan tikansız, zərif çiçəkləri: Nə qədər göz zillənərmiş göyünə səhər çağı çiçəklərdən, yarım hey! Nurundan, ətrindən bihuşam yenə ayılt məni, al yanına, Tanrım hey! Sual: Sevgini necə təsvir edərdiniz? Cavab: Sevgi bir xəstəlikdir, dəlilikdir, mübtəla olmayan bilməz nədir. İcazə verin cavabıma bir az da zarafat qatıb bunu belə təsvir edim: mən ona baxdım, o mənə baxdı, yaman baxa-bax düşdü. Sual: Siz Şuşa səfərindən yeni qayıtmısınız. Mümkünsə bu barədə də təəssüratınızı bölüşərdiniz. Cavab: Qarabağ üçün simvollaşan Şuşa ilə vüsal, əlbəttə, unudulmaz, möhtəşəm hadisə kimi, Oxu ayəsi kimi taleyimizə yazıldı. Dağlar, qayalar, ağaclar bizləri öz həsrətliləri, öz doğmaları sayaq qarşılayıb “xoş gəldiniz” şərqisini oxudular! Cıdır düzü bizi ovcuna alıb gəzdirdi… Bundan gözəl nə ola bilər? Şuşadan canlı bağlantı ilə Asan-radio dinləyicilərinə bu xoş ovqatı çatdırdım. “Şuşadan canlı bağlantı” – bu ifadənin özü nəyə desən dəyər. Bir şeirimdə Şuşanı xitabət kürsüsünə bənzətmiş, ayəti-kürsüyə qarışıb oraya xəyali enişimdən yazmışdım. İndi fiziki ziyarətimiz xəyalımı gerçəkləşdirmiş oldu. Özü də poeziyanın qanadlarında baş tutmuş bir səfərdə: Vaqif məqbərəsinin əvvəlki hala gətirilməsinin açılışı münasibətilə ənənəvi Vaqif poeziya günlərinin bərpası tədbirində. Qarabağın “Zümrüd tacı” (Q.Qasımzadə) əvvəlki hüsnü ilə bərq vururdu… Sual: Bilirəm ki, arzularınız çoxdur, tükənməzdir. Sizə bütün arzularınızın, diləklərinizin yerinə yetməsini arzu edirəm və mənimlə söhbətə qatıldığınız üçün çox təşəkkür edirəm. Cavab: Çox sağ olun, əzizimiz Təranə xanım. Arzularınız çin olsun. Sual: Bəs siz “Səmimi söhbət”ə nəsə demək istəyərsiniz? Cavab: Sizə onu da arzu edim ki, həm bu formatda, həm şəxsi həyatınızda maraqlı müsahiblər sarıdan korluq çəkməyəsiniz. Həmsöhbətim o qədər maraqlı insan idi ki, söhbətin bitməsini istəmirdim. Nə yaxşı ki, belə maraqlı insanlar var! Hər birinizə təşəkkür edib yeni görüş ümidilə ayrılıram. Təki ömür möhlət versin…
Şəhla əvvəlcə elə dünyaya gəldiyi özəl günlə fərqləndi. 31 dekabr… Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni ilin astanasında hələ heç nəyinə bələd olmadığı dünyaya gəlişi ailəyə üçüncü bayramı da yaşatdı. Sabirabad rayonunda doğulan bu qızın uşaqlığı güvənli, qayğı ilə əhatə olunmuş keçdi, orta məktəbi bitirib 2 nömrəli Bakı Tibb Texnikumunun əczaçılıq fakültəsinə qəbul olundu. Ailədən mənimsədiyi işgüzarlığı, öz imicini yaratmaq meyli, daima axtarışlarda olması nəticəsiz qalmadı. Hələ birinci kursda ikən əmək fəaliyyətinə apteklər şəbəkəsindən başladı…
Musahibimiz bir ildən artıq Türkiyənin İstanbul şəhərində yaşayan Azərbaycanda Əl işləri və gəlin aksesuarlarından ibarət “Nefertiti” brendinin qurucusu Şəhla Babayevadır.
-Şəhla xanım, necə oldu ki, bu işə başlamağa qərar verdiniz? İlk hazırladığınız nə oldu və bundan nə qədər gəlir əldə etdiniz? Ümumiyyətlə, sizi bu işin ən çox maddi, yoxsa mənəvi tərəfi maraqlandırır?
-Orta məktəb illərindən özümün xüsusi bacarığım olduğunu kəşf etmişəm. Mənim çoxlu gəlinciklərim vardı. Hamısına da ad qoymuşdum. lk dəfə onlar üçün paltar tikmişəm. Ən çox da gəlin paltarı tikir, ona uyğun fata düzəldirdim. Sonra mənimlə bərabər arzularım, ideyalarım da böyüdü. Evdə köhnə hesab edilən bəzək əşyası və suvenirləri götürüb görkəmini dəyişirdim. Bir dəfə sosial şəbəkələrin birində bir gəlin şəkli gördüm, saçına vurduğu aksesuar marağma səbəb oldu. Beləcə indiki işimin bünövrəsi qoyuldu… İlk əl işim gəlin üçün bel kəməri olub, qazancım isə 8 manat oldu… İş insanı məmnun etməlidi, işləyərkən daxili rahatlıq hiss etməlisən. Mən bu işimlə xoşbəxtəm, həm də bir növ qazanc yerimdi.
-Bildiyimiz kimi, belə işlərlə məşğul olanlar çoxdur, amma hamı uğur qazana bilmir. Sizcə bunun səbəbi nədir?
–Təşəkkür edirəm, insanda özgüvən aşağıdırsa heç bir işdə uğur qazana bilməz. Ruh yüksəkliyi, inam, yeni ideyalar, zamanın nəbzini tutmaq vacibdir. Hər sahədə olduğu kimi burada da peşəkarlar da var, həvəskarlar da. Hər birinə uğur arzulayıram.
-Bu iş həm də səbir tələb edən bir işdir, bir aksesuar üstündə günlərlə işləmək lazım olur bəzən. Bəs sizin səbriniz böyükdürmü?
-Doğrudur. Dediyim kimi sevdiyim iş olduğundandı ki, səbirlə işləyirəm. Bəzən vaxtı unuduram, eyni vəziyyətdə oturduğumun, gözümü saatlarla xırda muncuqlara zillədiyimin fərqində olmuram. İşi bitirəndə bütün ağrılarım bitir, yorğunluğumu unuduram. Bir də əl işlərimi xanımların xoş gününün şahidi olduğu üçün sevirəm…
-Siz ən çox hansı aksesuarlarla işləməyi xoşlayırsınız və yaşadığınız şəhərdə rəqiblərinizmı deyim, ya həmkarlarınız, çoxdurmu? Hazır işlərə orada tələbat necədir?
-Bütün işlərim mənə əzizdir, amma sifarişçinin istəyini nəzərə alıram, zövqlər çox müxtəlifdir, dəbdəbəli taclardan tutmuş ta zərif baş bəzəklərinə qədər sifarişlər olur. Türkiyədə daha çox həmkarlarım var, orada paxıllıq edənlər demək olar ki, yox dərəcəsindədi. Hamı uğurunu paylaşır, bir-birinə bildiyini öyrədir. Təlabata gəlincə əsasən sadə aksesuarlara üstünlük verirlər, çox diqqət çəkən bəzək əşyalarını sevmirlər…
-Son zamanlar gəlinlik paltarlarının təqdim olunmasında model kimi də görünürsüz. Üstəlik qardaş ölkədə film çəkilişlərinə də qatılırsız, hansı daha maraqlıdır sizin üçün və bu üç işi necə çatdırırsınız?
-Hələ az dediniz, (gülür), işim çoxdur əslində, qadınsansa məşğuliyyətin bitməz… Ev işləri, oğlumun dərsləri vaxt tələb edir. Məni modellik, modelyerlik həmişə maraqlandırıb. Tibb sənətini valideynlərimin istəyilə seçmişəm. Bəli, zəhmətim, göstərdiyim çaba nəticəsini verir, çox şükür. Film çəkilişlərinə istəyim Türkiyədə reallaşdı, burada istəsəm də bəzi əngəllərlə üzləşdim. Modelliyə gəlincə isə, əslində dediyiniz kimi də deyil, Bakıya gəldiyim zaman bir qadın gözəllik salonunda olarkən gəlin obrazı üçün üz cizgilərim diqqət çəkdi və mən də gələn təklifi dəyərləndirdim…
-İndiki pandemiya dövrü həm də toylarımızdan da yan keçməyib. Artıq iki nəfərlə evlənmək adi hal sayılır. Bu sizin işlərinizə də təsir edirmi?
-Bəli, özü də çox. Əvvəllər insanlar ümidlə pandemyanın tezliklə bitəcəyini gözləyirdi, görəndə vaxt uzanır, onlar da əlacsız qalıb belə evlənməyi qəbul etdilər. Təki sağlıq olsun, atalar deyib ellə gələn dərd toy-bayramdı…
-Bilirik ki, uşaqları da unutmursuz, xüsusən qız uşaqları üçün saç üçün maraqlı bəzək əşyaları düzəldirsiniz. Nə zamansa əl işlərinizin satışı üçün xüsusi bir məkan açmağı düşünmüsünüzmü?
– Qızlar özü elə gözəldilər ki, onlara hər şey yaraşır. Əsasən qolbağ və saç aksesuarları düzəldirəm onlar üçün… Məkan məsələsinə gəlincə, bəli, düşünürdüm, amma indiki vəziyyətdə bir sıra çətinliklər var ki, onlar aradan qaldırılmalıdı.
– Deyirlər uzaqdan baxana döyüş asan gələr, buna inanırsınızmı? Tezliklə İstanbula geri dönəcəksiniz, bu zaman işə hardan, nədən başlamaq fikrindəsiniz?
-Atalar nə deyibsə, düz deyib. Qardaş ölkə olsa da doğmalarından uzaqda olmaq üzür adamı. Amma başladığım işləri yarım buraxmaq olmaz, inşallah qoyub gəldiyim yerdən davam edəcəyəm işimə:
-Sizə YAZARLAR adından uğurlar arzulayır, səsiniz daha ucalardan gəlsin deyirik. Həyat sevginiz bol, əlləriniz var olsun, fantazlyalarınız isə tükənməsin. Etiraz etməsəniz bu fotoların birindən jurnalımızın növbəti sayında üzqabığı üçün istifadə edərdik.
-Buyurun. Seçim sizindir. Ancaq məsləhət olsa üçüncü fotodan istifadə edərsiniz. Hə. Məhz üçüncüdən.
-“Atalar üçdən deyib” – ona görə (ciddi)?
-Bəli ‘”atalar üçdən deyib” (gülür).
-Oldu! (gülürəm) Ən dəyərli nemət olan zamanınızı bizim üçün ayırdığınıza görə minnətdarıq. Çox sağ olun!Uğurlarınız bol olsun!!!