MƏN YOL ADAMIYAM… Şairəm söyləyən ürək səsiyəm, Oxumaq istədim mən də quş kimi. Sən demə buludun kövrək səsiyəm, Göyə toxuyurdu sətirlərimi. * * * Mənasız görünər hər səs, hər avaz Sevinci kədərlə qoşalaşmasa. Bahar məhəbbətə yaxa tanıtmaz, Belə qaynamasa, belə coşmasa. * * * Görürük, duyuruq hansı həvəsdə Qayanın əbədi ağlamağını. Hər səhər günəşin qolları üstə, Bir yeni sevginin doğulmağını… * * * Bu dünya min duyğu, min yeni ahəng, Həyatla, ölümün can otağıdır. Gözəllik möhtəşəm, sözlər rəngbərəng Yerləri bəzəyən göy qurşağıdır. * * * Hər yolun sonunda işıq görünür, Mən yol adamıyam fikirləri dəm. Ömür yaşamışam soyuq bir ömür, Baharın əlindən tutub gəlirəm…
DÜŞÜNCƏLƏRİM… Hissiz,duyğusuzdur gülümsəməyən, Allah qar yağdırır baxıb dağına. Sədəğə istəmə ömürdən, gündən Yıxılıb zamanın ayaqlarına. * * * Qartal qanadından bir lələk düşdü, Çapırdı dördnala bir qoca atlı. Sevinc qapılarda kirayənişdi, Dərdin mənzilidi köksümün altı… * * * Zülmət sevinməsin batsada günəş, Gedişin təzədən dönüş vaxtı var. Dünya qaydasını dəyişə bilməz, Bir gün yoxuşun da eniş vaxtı var. * * * İnsan yaşamayan sehirli yurddu, Keçilməz yolu var zirvələrin də. Zirvədən daş qopdu, dərələr uddu Acgöz tamahı var dərələrin də… * * * Dənizdə doğulur dəli küləklər, İstinin,soyuğun döz havasına. Dalğalar sahili niyə döyəclər, Ömür tək sıgmayır öz məcrasına. * * * Ruhumun bir ovuc buluduyam mən, O hansı qüvvədir özünə dartır. Tutsada göylərin ətəklərindən, Torpağa qayıdır,yerə qayıdır. * * * Çalınan fələyin kəməncəsidir, Duymaz bu mənanı biganə adam. Hər axşam, hər səhər zumzuməsidir, Çayın bəstəsidir dağlar oxuyan. * * * Əlində çırpınıb xəyallarımın, Sözün qucağında fikir uyuyur. Bir səs qulağıma gəldi ayıldım, Gördüm pəncərəmdə bir quş oxuyur…
SALAM ALLAH SALAMIDIR Biri şərqə, biri qərbə Gedir güman səpə-səpə. Həyat yolu çox qəribə, Hərə bir yol adamıdır. * * * Astarı nə, üzü nədi Dilimdə sözü göynədi. Söz daşlaşan bir əbədi, Qədim Misir ehramıdır. * * * Salam şeirin dilidir, Salam haqdan qopub gəlir. Salamsız fikir ölüdür, Salam Allah salamıdır. * * * Sevgi bahar, sevgi payız Qoy dolaşsın ağız-ağız. Deyəcəklər bir sevdasız Günlər ömrün haramıdır. * * * Ocaq çatıb, od qalayıb, Dərmədiyim gülə hayıf. Faniliyə baş bulayıb, Gedən ölüm karvanıdır.
MƏNİ TUFAN DOĞUB… Yağıb sətir-sətir varaqlar üstə, Kükrə, çaylar kimi yenidən kükrə. Döyüb pəncərəmi əsən dan yeli, Çəksin xəyalımı dərinliklərə… * * * Möhtəşəm olursan qovuşmağınla, Ruhumun göyləri sonsuz və dərin. Ana laylası tək özünə çəkir, Əlindən yapışıb şeirlərimin. * * * Məni tufan doğub min ildən bəri, Ulayan boz qurdun uzaq səsiyəm. Yatıb,dincəlməyən dənizlər kimi, Bəlkə də taleyin uzaq səsiyəm. * * * Sonum belədirsə, əvvəlim belə Ağacam,torpağam,suyam,buludam. Könlümün harayı mələr bir quzu, Gözünün yaşını qurutmalıyam. * * * Məni də qapından keçir qoy gedim, Hər kəsin gözündə ikili dünya. Gördüm mürgüləyir səssiz duyğumun, Sığınıb köksünə mürgülü dünya. * * * İnsanlıq diz çökür azadlığına, Bəs niyə dünyanın evi dar imiş. Bir möhnət görürəm hər addım başı, Ürək viran imiş, tarimar imiş. * * * Kukrəyim, çağlayım dalğalar kimi, Ayağa qaldırım tufan ordumu. Yox-yox quş avazlım, əfv elə məni, Gərim yer üzünə qanadlarımı…
DOĞULDUM… Mələk gəldi quş təki, Dodağında təbriki. Əlimi tanış təki Sıxan vaxtı doğuldum. * * * Həyat,ölüm savaşı, Ömür bir sapand daşı. Ayrılığın göz yaşı Yağan vaxtı doğuldum… * * * Dünya eşqin gözəli, Ətəyində bir əli. Bir əlində yaz seli Axan vaxtı doğuldum. * * * Yollar küsgün, can talan Sevgisidi azalan. Haqqımızı şər, yalan Boğan vaxtı doğuldum. * * * Ana doğan mərddimi, Kim eşidib əhdini. İpə,sapa dərdini Yığan vaxtı doğuldum. * * * Vətən ayrılıq yurdu, Kədər mərəkə qurdu. Ovundurub buludu Şağan vaxtı doğuldum. * * * Qış qovurdu baharı, Kimsə yorub yolları. Kəsib qoca çinarı Yıxan vaxtı doğuldum. * * * Səhərəcən quş oyaq, Oxuyurdu cosaraq. Günəş dağdan aşaraq Çıxan vaxtı doğuldum….
Azərin son gülü Ağstafada heç vaxt olmamışam. Amma Qazax, Ağsatafa camaatının mərd, qorxmaz və etibarlı olduğunu çox eşitmişəm. Ürəyimdə gedib o dilbər guşəni görmək arzusu həmişə olsa da oralara qiyabi səfər edəcəyim haqda heç düşünməmişdim. Ancaq Ağstafaya məhz qiyabi səyahət etməli oldum, çünki haqqında yazacağım qəhrəman Ağstafada anadan olub. O, Ağstafanın Böyük Kəsik kəndində ziyalı ailəsində dünyaya gəlib. Anası Məmmədova Yeganə xanımın dərs dediyi orta məktəbi bitirib. Yeganə xanım oğlunu həm evdə, həm məktəbdə əsl azərbaycanlı oğul , vətənpərvər bir şəxsiyyət kimi böyütmüşdü. İndi onun adını daşıyan Böyük Kəsik kənd məktəbinin şagirdləri 44 günlük Vətən müharibəsi qəhrəmanının adına layiq böyüməyə çalışır və onun kimi vətənpərvər olmağa söz verirlər. O, adında Azərbaycanın bir hissəsini daşıyırdı. Valideynləri Azər adı vermişdilər ona. Vətən sevgisi ilə, vətən məhəbbəti ilə bir yerdə yaşadırdı bu adı Azər. Ailədə iki qardaş idilirər. Azər fərqli idi . Elə uşaqlıqdan fərqli idi. O, həmişə, hər yerdə öndə olmağı sevərdi. Hər kəsin dərdinə ilk o yarayardı. Hamının sevincini də ilk bölüşənlərdən olmaq istəyərdi. Hər yerdə fərqləndiyi kimi 44 günlük Vətən müharibəsində də fərqləndi və 9 dekabr 2020 – ci ildə Ali baş komandan İlham Əliyevin əmri ilə Vətən müharibəsi qəhrəmanı kimi yüksək ada layiq görüldü Azər. Görünür, qəhrəmanlar elə anadan qəhrəmanlıq üçün doğulurlar. Azər hələ uşaq vaxtlarından hərbçi olmaq arzusuyla böyüyürdü. 2012- ci ilin aprel ayında hərbi xidmətə yollanmış, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 – ci bölüyündə kiçik çavuş rütbəsində xidmət etmişdir. Xidmətini bitirdikdən sonra hərbiçi olmaq arzusu onu Sərhəd qoşunlarına, daha dəqiq desək, Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin 2003 №li hərbi hissəsinə gətirib çıxarır. Burada xüsusi bacarığı və idman hazırlığı ilə fərqləndiyinə görə Azər Xüsusi Təinatlı dəstəyə göndərilir və Tovuz döyüşlərində artıq kəşfiyatçi kimi fəaliyyətə başlayır. Hələ orta məktəbdə oxuyarkən torpaqlarmızın işğal altında olması Azəri çox narahat edirdi. Elə bu narahatlığın nəticəsi olaraq Vətən müharibəsinin ilk günlərindən bir çox gərgin döyüşlərdə iştirak edib qəhrəmanımız. Azər Yusifli Füzulu , Cəbrayıl, Qubadlı, Hadrut, Zəngilanın azad edilməsində şücaət göstərib. Cəbrayıl rayonu azad edilərkən Xudafərin körpüsünə və Zəngilan şəhər prokurorluğunun binasına Azərbaycan bayrağını məhz Azər Yusifli sancıb. – Yolumuz Şüşaya, Xankəndinədir! – deyirdi Azər onun halını soruşanlara. İndi atası Nazim müəllim Azərdən danışanda ürəyində oğul itkisi gövr edir, əbədi sağalmayan yarası sızıldayır. “Cəbrayılda bir neçə gün vuruşub oğlum. Düşmən irəliləməyə qoymurmuş bizim əsgərləri. Yüksək rübəli komandirin dediyinə görə Azər o döyüşdə böyük şücaət göstərib və düşmən səddinin yarılmasında fədakarlıq nümayiş etdirib. Təkcə bir döyüşdə düşmənin 30-a yaxın canlı qüvvəsini və 4 zirehli texnikasını sıradan çıxarıb”,- deyə Nazim müəllim kövrələ-kövrələ, lakin qürurla oğlundan danışır. Azərin dayısı Fərman müəllim deyir ki, Azər bir neçə yaralı əsgəri ölümdən qurtarıb. Döyüş meydanında bir nəfər də olsun yaralı qoymayıb. Hamısını od-alov içərisindən təkbaşına çıxarıb, ölümdən xilas edib. Həqiqi xidmətini başa vurduqdan sonra Azər qayıdıb doğma kəndində 12 il əhdinə vəfalı olduğu nişanlısı Songül adlı qızla ailə qurub yaşaya bilərdi. Lakin o, sevdiyi qıza bir qızıl gül bağışlayıb “Getməliyəm!” deyir və ordudan ayrılmamağı qərara alaraq Vətən müharibəsində iştirak edib qəhrəmancasına vuruşur. Bu gülün Azərin Songülə bağışladığı son gül olacağını heç kim güman etmirdi. Hamı elə bilirdi ki, Azər o qədər cəsur, o qədər güclüdür ki, ölüm ona qalib gələ bilməz. Azər əsl Azərbaycan kişisi idi, Azərbaycan qəhrəmanı idi. – Bu müharibədə geriyə dönüş yoxdur. Biz ancaq irəli gedəcəyik!- deyirdi Azər. O, dediyi kimi də oldu. Ordumuz düz Şüşüya qədər dönmədən , yorulmadan irəlilədi və sonda qələbə çaldı. Lakin… Azər o qələbəni görmədi. Zəngilan döyüşlərinin birində ağır yaralanan Azər qəhrəmancasına həlak oldu. Şəhidlik zirvəsinə ucaldı o gün Azər. Göstərdiyi şücaətə və qəhramanlığa görə Azər Nazim oğlu Yusifli “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra), “Vətən uğrunda medalı”(ölümündən sonra),”Cəbrayılın azad olunmasına görə”(ölümündən sonra) medalla təltif olunub . Martın 28-i Azərin anadan olduğu gündür. Yaşasaydı həmin gün 28 yaşını qeyd edəcəkdi… Bu gün mənim qiyabi səfər etdiyim Ağstafa şəhərinin küçələrinin biri Azər Yusiflinin adını daşıyır. Söz verirəm ki, bir gün mən də Azərin məzarını ziyarət edib ona yaşadığım üçün, qoğma Qarabağımı mənə qaytararkən canindan keçdiyi üçün ona mütləq təşəkkür edib bir ömür ona və onun kimi minlərcə şəhidlərimizə borclu olduğumu bildirəcəm. İndi isə bilirəm ki, bu bahar günündə məzarının üstündə pərvaz vuran quşlar, minlərlə insanın ona gətirdiyi güllər, çiçəklər onun ölməz ruhunu oxşayır. Bu məzarı ziyarət edən hər kəs “ Allah rəhmət eləsin sənə, igid! Ruhun şad olsun!”- deyir.
«Yazmaq ləzzəti digər ləzzətlərin əvəzedicisidi» Rza Bərahəni ilə söhbət
(25.03.2022-ci ildə Kanada-Torontoda vəfat edib. Allah rəhmət eləsin.) – Bir neçə günə Rza Bərahəni gələcək – dedi. Telefonu qaldıranda şərqşünas Məsihağa Məhəmmədinin çoxlu şeylər deyə biləcəyini təxmin eləsəm də, bunu gözləmirdim. Bir-iki ay əvvəl, elə vərdiş elədiyimiz görüşlərimizin, söhbətlərimizin bir neçəsində müxtəlif ədəbiyyat layihələri haqqında danışmışdıq, biri də bu idi ki, məşhur dünya yazıçılarının Bakıya səfərlərini və mühazirələrini təşkil edək, Nobel mükafatçıları vardı düşüncəmizdə xəyali siyahımızda, məşhur yazıçı, həmvətənimiz Rza Bərahəni də vardı. – Sən onun bir neçə şeirini tərcümə edə bilərsən, türkcə olan kitabından. Gəlişi münasibətilə Sabir müəllim bir kitab nəşr etmək istəyir. Şeirləri, məqalələri, müsahibəsindən ibarət bir kitab olacaq. – Sabir Rüstəmxanlı?! – Hə, Sabir müəllimin dəvətiylə gəlirlər. Rza Bərahənini tanımağımda təsadüfi qəzet xəbərlərini kənara qoysaq, səbəbkar elə Məsihağa Məhəmmədi idi. Onun «Misdə qızıl» adlı kitabından bir essesini tərcümə eləmişdi və biz o esseni 2004-cü ildə «Dünya ədəbiyyatı» dərgisində çap eləmişdik. Bir az sonra isə Nizami adına Ədəbiyyat Muzeyində Londonda yaşayan həmvətənimiz şairə Nigar Həsənzadənin kitabının təqdimatında gərək ki, kitabın girişindəki yazılardan birinin müəllifi kimi rastlaşmışdım Rza Bərahəninin adına. Sonra ABŞ-da, Kaliforniyada yaşayan həmvətənimiz İsmayıl Cəmili, Məsihağa müəllimlə üçlükdə olan söhbətlərimiz za¬manı xeyli danışmışdıq onun haqqında… Bir günə çevirdim Rza Bərahəninin 10 şeirini. «525-ci qəzet»in 8 oktyabr, 2009-cu il sayında nəşr olundu. 5-6 gün sonra kitab da çıxdı, ümid edirəm, müəllifin özünə gedənədək təqdim olundu. Çətinliklə görüşdük Rza Bərahəniylə. Proqramları, iş və görüş qrafikləri, türkiyəlilər demiş, çox yoğundu. Əsasən də protokol, rəsmi xarakterli görüşlərdi. Onunla birgə gələn İsmayıl Cəmili də ələ düşmürdü. Nəsə, birtəhər, İsmayıl bəylə dəqiqləşdirib «Ambassador» otelinə gəldik: mən, Sabutay, Rəbiqə Nazimqızı, Qismət. Rza Bərahəni, İsmayıl bəy foyedə oturub çay içirdilər. Başqaları da vardı, yaxınlaşdıq, salamlaşdıq. Oturduq. Rza bəy qəzetdə şeirlərinin çıxmasından xəbərsizdi, düzü, niyə xəbər vermədikləri mənə təəccüblü gəldi. Rəsmi görüşlərin yazıçı üçün nə demək olduğunu bilirdim, qonaq qəbul edəndə də hiss eləmişdim bunu, xarici səfərlərdə də. Rza bəy ümumi söhbətlərdən keçid aldı peşəkar fikirlərə…. – Fars hecaları ilə türk hecalarının fərqi var. Türkcədə bütövlükdə uzun hecamız yoxdu. Biz özümüz danışanda uzun heca yoxdu. Farscada üç-dörd cür heca var. Məsələn, bir deyirik «gə», bir dənə «ə» deyirik. Ya da «gəlirəm». Bir də deyirik «gəərmaa», bu, uzun hecadı… Türkiynən farsın fərqi üçüncü bir məsələni qabağa çəkir. O vaxt ki, biz başqa dilləri bilirik… Götürək, ingiliscədəki vəznləri. Məsələn, «To be, or not to be: that is the question:/ Whether ’tis nobler in the mind to suffer/ The slings and arrows of outrageous fortune… «(«Olum, ya ölüm! Budur məsələ, hansı şərəflidir? Dözməkmi taleyin zərbələrinə, yaxud üsyan etmək, qarşı qoymaq bəlalar selinə, qanlı vuruşda ölmək və dəf etmək bu bəlaları… «V.Şekspir, «Hamlet», 1-ci səhnə, 3-cü akt, Hamletin monoloqu, Mehdi Məmmədovun tərcüməsində). Bu Şekspirdəndi. Siz to be deyəndə, «to» ilə «be» birdi, vurğu baxımından. Onda siz gərək belə oxuyasız: to be (pauza verir), or not (pauza verir) to be. Birinci hecanın vurğusu yoxdu, ikincisinin isə vurğusu var. Əgər siz istəyəsiz, şeiri bu cür oxuyasız, to be or not to be (asta səslə vurğusuz oxuyur), bunun vəzni yoxdu. – Vurğu yoxdu. – Bir də var belə oxuyasız: To be (qırıq və kəskin şəkildə oxuyur pauza verir), or not (yenə qısa və kəskin şəkildə), to be (yenə də qısa və kəskin): that is the… yenə görürsüz kiçilir və question. «Question» özü görürsüz neçə dənə alət tapır… – Bəli. – İngiliscədə vəzn dilin özünün münasibətlərindən çıxır, ayrı bir zad ona kənardan qəbul etdirilmir. İngiliscədə hər şey pənc metrlə düzəlir. – Yəni, pentametr. – Hə, elədi. Bizdə, türkcədə hecalarımız hamısı təqribən müsabehdi. – Müsabeh? – Bir cür. – Bir rəng yəni? – Hə. – Məsələn, «Heydər baba, ildırımlar şaxanda»nı hamımız bilirik. İndi bunu verəsiz bir fars oxuya, o belə oxuyacaq, vəznsiz oxuyacaq: «Hey-dər-baa-baa-iil-dı-rım-laar –şaa-xaan-daa…» kimi oxuyacaq, «şaa-xaan-daa», bütün hecaları uzadacaq. Biz bunların hamısını qısa tələffüz edirik. Bizim şeirimiz kvantitativ olur. Kəmmi (kəmiyyət) olur. Kvalitativ də olar. Ona görə biz şeirimizi iki cür təqti edirik. Biri əruzla, biri kəmmiylə. Əruzla keyfi təqti edəndə şeirin vəzni çıxır eşiyə. – Keyfi? – Keyfiyyət. «Quality». Biz gərək vəzni özümüz düzəldək, əruzun dalıyca getməyək. Bu yerdə Sabir Rüstəmxanlı gəlir. Hal-əhval tuturuq, bir xeyli danışırıq, sonra da bizə deyir ki, Rza bəyi çox yormayaq, görüşlər, işlər çoxdu. Söhbət qırılır deyə, araya sükut çökür. Bura qədər səsyazısında problemlər var. Foyenin səs-küyü, Rza bəyin fars kəlmələri ilə dolu nitqi daha da anlaşılmazdı. Artıq adamlar seyrəlir. İkibir-üçbir asta səslə danışırlar, öz mövzularına da yetərincə aludədirlər. Burdan sonra söhbətimizin daha əsaslı yeri başlayacaq. Həm ona görə, həm də araya çökmüş sükuta görə Rza Bərahəni haqqında bəzi bilgiləri verim. Rza Bərahəni 1935-ci ildə Təbrizdə kasıb, farsca bilməyən bir ailədə doğulub. Təbriz Universiteti ingilis dili fakültəsini bitirib. Türkiyədə ingilis ədəbiyyat üzrə doktorluq müdafiə etdikdən sonra İrana qayıdıb. Hərbi xidmətdən sonra Tehran Universitetində ingilis ədəbiyyatı və müqayisəli ədəbiy-yatşünaslıqdan dərs deyib. Tehranda yalnız professor kö¬məkçisi işləyib, ondan yuxarı qalxmasına imkan verməyiblər. İnqilabdan öncə ABŞ-ın və İngiltərənin nüfuzlu universi¬tetlərində (Nyu York, Texas, İndiana, Yuta, Oksford) dərs deyib. İrana qayıdandan sonra, 1973-cü ildə, ümumən ədəbi-ictimai fəaliyyətinə görə, yazdığı «Hakim və məhkum mədəniyyət» məqaləsinə görə şah rejimi tərəfindən tutulub. İşgəncələrə məruz qalıb. 1976-cı ildə ABŞ Konqresində İranda milli haqlar və insan hüquqları ilə bağlı çıxış edib. İslam inqilabından sonra yenidən həbs edilib və Tehran univer¬sitetindən çıxardılıb. Hələ şah dövründə yazar həmkarları – Qulamhüseyn Saidi, Cəlal Ali-Əhməd, Əhməd Şamlu və başqaları ilə İran Yazıçılar Birliyini təsis edib. 1997-ci ildən Kanadada yaşayır. Toronto Universitetinin professorudur. 2000-2002-ci illərdə Kanada Pen təşkilatının sədri olub. Rza Bərahəni İranda Avropa tipli ədəbi tənqidin banisidir və buna görə «İran ədəbi tənqidinin atası» kimi tanınır. Eyni zamanda o, İranda modern və postmodern ədəbiyyatın öncüllərindəndir. İndiyədək 20-dən çox romanı, bir o qədər də şeir toplusu çıxıb. Əsərləri ingilis, fransız, alman, rus, ərəb, türk, ispan, isveç və b. dillərə tərcümə edilib. İngiliscə orijinal əsərləri var. Bir çox əsərləri Markes, Nabokov, Oktavio Paz, Nazim Hikmət, Borxes, Şimborska kimi böyük dünya yazarları ilə eyni antologiyalarda yer alıb. «Nyu York tayms», «Vaşinqton Post», «Fiqaro», «Mond», «Taym» kimi nüfuzlu beynəlxalq nəşrlərdə haqqında yazılar dərc olunub. Ədəbi fəaliyyəti və insan haqları uğrunda mübarizəsinə görə bir çox beynəlxalq mükafatlar alıb. Dəfələrlə ədəbiyyat üzrə Nobel mükafatına təqdim olunub. Rza bəyin portretini tamamlamaq üçün onun başqa bir müsahibəsindən fraqmenti təqdim edirəm: … Məktəbdə oxuduğum ilk illərdə dava-dalaşdakı danışıqların hamısı türk dilində olurdu. Dərsdə hamı türkcə danışırdı. O zaman mən məktəbin divar qəzetini türk dilində çıxarırdım. Ancaq Milli Hökumət süquta uğrayandan sonra türk dili yasaq olundu. Əmr etdilər ki, qəzet fars dilində çıxmalıdır. Əlbəttə, bunu bizə türk dilində söylədilər. Həmin dövrdə mən fars dilində yaza bilmirdim. Bu səbəbdən də qəzetin çıxarılmasını başqa bir şagirdə tapşırdılar. Cümə günü mən evdə narahat oturmuşdum. Anam soruşdu: «Niyə tutqunsan?». Mən hadisəni ona danışdım. Anamın mənə dediyi «Oğul, türkcə yaz!» – sözlərini heç vaxt unuda bilmərəm. Mən yenə köhnə kağızları bir-birinə yapışdırıb, mövzu tapıb yazdım. Səhəri gün onu fars dilində çıxan qəzetin yanından yapışdırdım. Sonra sinfə getdim. Məktəbin müdir müavini gəlib onu qopardı. Sonra zəngi çaldı. Hamını – şagird və müəllimləri məktəbin həyətinə çağırıb sıraya düzdü. O, bizdən türk dilində soruşdu: «Türk dilində olan bu qəzeti kim yazıb yapışdırıb?». 11 – 12 yaşım var idi. Mən qabağa çıxdım. Müavin mənə türkcə dedi: «Məgər deməmişdim ki, türkcə yazmayın?». Dedim: «Bəli, deyibsiniz». Yenə türkcə soruşdu: «Bəs niyə yazıbsan?» Cavab verdim: «Mən farsca bilmirəm». O, qəzeti yerə atdı. Sonra boynumun kökündən tutub başımı aşağı əydi. Türkcəmizdə mənə dedi: «Yala buraxdığın bu qəzeti». Mən o qəzetin hamısını əvvəldən axıra qədər boyalarınadək yaladım…» – Rza bəy, mən gənc həmkarlarımı sizə təqdim elədim. Onlar sizi qiyabi də olsa, yaxşı tanıyırlar. İsmayıl Cəmilini də mən dostlarıma təqdim eləmişəm. Onu da tanıyırlar həmkarlarımız… Rza Bərahəniylə görüş həmişə mümkün olan iş deyil. Ona görə icazə verin, biz birinci növbədə bizi maraqlandıran sualları verək. Siz də yeri gəldikcə lazım bildiyiniz, bizim bilməli olduğumuz şeyləri də elə bir az əvvəlki kimi əlavə edə-edə danışın. Sizinlə görüşəndən bir gün əvvəl Nobel komitəsi bu il üçün öz laureatının adını açıqladı. Bu rumın yazıçısı, sonradan Çauşesku rejiminə qarşı çıxaraq Almaniyaya mühacirət etmiş Herta Miller oldu. Onunla başlayaq söhbətimizə. Herta Millerin yaradıcılığıyla tanışsız? – Dünən açıqladılar? – Hə. – Bir şeylər oxumuşam. Amma bir elə diqqətimi çəkməyib. – Rza bəy, siz əsasən farsca, sonra da ingiliscə də orijinal əsərlər yazmış görkəmli yazıçı, şair və ədəbiyyatşünas olmaqla yanaşı, həm də bir müddət Kanada «Pen»inə rəhbərlik eləmisiz. Bu isə o deməkdir ki, qismən ədəbi təşkilatçılıq işiylə də məşğul olmusuz, cari ədəbi prosesləri və hadisələri bir başqa cür öyrənmisiz, izləmisiz. Azərbaycan müstəqilliyini yeni qazanmış bir ölkədir. Bizim yazmaqda da olmasa, elə bəlkə bir az onda da, yazılmışları dünyaya təqdim eləmək məsələsində sizin tövsiyyələrə, fikirlərinizə ehtiyacımız var… Biz dünyadan nəyi əxz eləməliyik? – Mənim oxuduğum qədər bizim şeirdə forma baxımından iki müşkülümüz var. Biri budu ki, biz şeirlərdə hələ də vəzni özümüz düzəltmirik. Vəzn normalardan, qaydalardan oturuşur, onlara tabe olur, yoxsa adamın özündən, o normaları sındırmaqdan yaranır; əsas odur ki, bir adam dillə özü bir dənə kontrakt bağlaya, müqavilə bağlaya. Bu, çox-çox mühümdür. İkincisi budur ki, türk şeiri, həm İranda, həm burda, Türkiyəni demirəm a, hər şey tanış bir ehsasla deyilir. Bircə zərrə o yan-bu yan olmur, belədə bu, şeir deyil, sayılmır. «Convention», qərardad pozulmur. Biz, siz qərardaddan istifadə edərik. Ən əvvəl ehsas, sonra da ritmlər, vəznlər. Şübhəsiz ki, qafiyə də var. Bəzi adamlar, şairlər ki, içəriləri çox-çox möhkəmdi, məsələn, Şəhriyar təkin, hissi çox güclüdür, zatında bir ironiya vardır, bu gün bir zadlar eləyə bilir. Məsələn, Şəhriyarın türkcə şeirlərinə baxasız: «İtimiz qurd olalı biz də qayıtdıq qoyun olduq / İt ilə qol-boyun olduq…»…Xub, bu elə həmin «failatün failatün failatün»dü. Dibində bir düzənə bağlıdı. Amma biz buna baxanda, onun mənası bizim yanımızdadı. Cahani bir mənası yoxdu, universal mənası yoxdu. – Bəşəri deyil demək istəyirsiz. – Bəşəri? – Yəni, ümumbəşəri. – Xub. Bu, bir müşküldü. Bu elə bir zaddı ki, mən bununla bağlı Şəhriyarın özüylə danışmışam. Bu, əlbəttə, gözəl bir şeirdir, amma… Ya qəzəlləri: «Mənsurvar mikeşədəm sər fəraze dar / Ey sağərane sərkeşe qəm sər fəraz kon»… Xub, gözəl düzəldibdi, yazıbdı, amma bu şeir də sənətə yaxındı. O şeir şeirdi ki, sənətdən çıxa, gedə onun o tərəfində dura. Şeir özü müstəqil şəkildə oluşa. Bizim şeirimizdə bunu əvvəlcə Nima yazıb. Hətta Nima da bunu tamamən eləyə bilməyibdi, vəzni dəyişə bilməyib, Mövləvidə olanları bir az istifadə eləyibdi. Mövləvidə də bu bir qədər mexanikidi. Baxsaz, görərsiz ki, ilk beyt orqanikdi, amma sonrakı mexanikidi. Orqanik dediyim budu ki, bir şey özünü düzəltmiş ola. Fenomen ola, hadisə ola. Bu fenomendən, hadisədən istifadə eləməlisiz, o fenomenoloji mahiyyətdən yararlanmalısız və hər sətir o biri sətirdən fərqli olmalıdır… Əgər olsaydı, Mövləvi 3000 sətir yox, 250 sətir yazacaqdı. Onda da bir sətir o biri sətrin vəzninə möhtacdı. Sonrakı da digərinə. Vəzn ehtiyacı şeiri şeirlikdən salır. – Bizim tanınmış şərqşünasımız Məsihağa Məhəmmə¬dinin tərcüməsində mən sizin «Misdə qızıl» kitabından essenizi oxudum, daha doğrusu, onu «Dünya ədəbiyyatı» dərgisində 2004-cü ildə çap elədik. Yeri gəlmişkən, «525-ci qəzet»in şeirləriniz çap olunan sizə təqdim elədiyim sayındakı haqqınızda olan giriş yazısını da, kiçik müsahibənizi də elə Məsihağa tərcümə eləmişdi, təqdim eləmişdi. Siz o yazınızda üç fenomenə toxunursuz: sufizm, sürrealizm və freydizm. Onları tutuşdurursuz, hətta birinci iksinin arasındakı oxşarlıqları müəyyən edirsiz. Sufilik, təsəvvüf ədəbi fakt kimi fiksə olunmaq baxımından sürrealizmdən çox-çox öncəki hadisədi. Bəs, nədən kökü, özünəməxsus kodları daha dərində olan Şərq poeziyası Qərb şeiri kimi bu gün pərvəriş tapa bilmir. – Biri budu ki, təsəvvüfün dildə yaratdığı normativ, şərti tərkiblərdən çıxmaq olmur, çətin olur. Halbuki təsəvvüf fəza açır beyində və onu eləmək olar ardınca. Mən sizə bir şey deyim. Məsələn, Həllac… – Mənsur Həllac. – Hə, Mənsur Həllacın barəsində mən bir dənə roman yazmışam. Onun birinci hissəsini mən 1965-ci ildə başladım yazmağa. 69-da qurtardım. İranda çap olundu. Lakin yayılmağa qoymadılar. Sonra da hamısını xəmir elədilər, məhv elədilər. Amma o sonradan bir nəfərin doktorluq işinin mövzusu oldu. Sonra mən ikinci cildini də yazmalıydım. İkinci cildini mən 30 ildən sonra qurtarmışam. Və təzəcə qurtarmışam. İkinci cildin adı «Mənsur»du. Birincinin adı «Ayaz»dı ki, o özü danışır. Ayazın Mənsurla heç bir fərqi yoxdur. – Gəlin bir qədər dəqiqləşdirmə aparaq. Mənsur deyəndə Mənsur Həllac nəzərdə tutulur, düzdü? – Bəli. – Bəs, Ayaz kimdi? Yaxud nədi? – Mahmud və Ayaz yadınızdadı? – Yox, Ayaz, yox. Tarixi personaj kimi yox. Mahmud, yəni Sultan Mahmud? – Bəli, Ayaz Mahmudun quluydu. Gözəl qulamıydı. Məşuquydu. O zaman məşuqi-cismaniydi. Bir cür ki, fars ədəbiyyatı hərəkət edir, o Mövləvidə gəlir olur məşuqi-mənəvi. – Şəmslə Mövlananı nəzərdə tutursuz. – Bəli. Mən gəlmişəm, üç adamı qoymuşam bir-birinin yanına. Biri Sultan Mahmuddu. Biri Ayazdı. Biri də Mənsurdu. Bunlar tarixdə həmzaman deyildilər. Mənim romanımda həmzaman olurlar. Mən bunları müxtəlif yerlərdən götürmüşəm, ayrı bir məkanlarda, ayrı bir halətlərdə şəxsiyyət vermişəm. Düzdü ki, Mahmudla Ayaz bir zamanın adamlarıdır. Amma Mənsur başqa zamandadı, ayrı bir şəhərdədi. Bununla bərabər, Sultan Mahmudun dövründə Həsəni dara çəkiblər, tikə-tikə ediblər. Mənsurla ondan da 100 il əvvəl eyni işi görüblər Bağdadda. Ondan da 100 il qabaq Babəki Samirədə eyni cürə ediblər. Babək bu baxımdan, demək olar, simvoldu. İlk adamdı ki, o cür asıblar, tikə-tikə ediblər. Bu mühüm bir hadisədi. Mənim işim budu ki, müxtəlif zamanlarda baş verən bu hadisələri düşünəm. Sonra ayrı əsləhələr qabağa gəlibdir. Əvvəl qılıncla boyun vurmaq olub. Sonra… – Gilyotin… – Müasir dövrdə gülləylə adam vurmaq. Dara çəkmək. Bunların üzərində çox diqqət eləmişəm ki, bunları biz nə cür yaza bilərik. Biz bu dövrdə yaşamışıq. Biz irfan oxumuşuq. İrfan bir dənə açılışdı islamda. Yəni, siz ayrı bir yer açırsız, o yerdə təxəyyüllər-zadlar başlayırlar əməl eləməyə. Xub, təxəyyül bir ayrı yerdə də əməl eləyibdir bir ayrı cür. Məsələn, biri budu ki, biri bir xanımla toy edir, xub, məlumdu ki, toy edəndə nə baş verir. Biri də budu ki, toy eləmir, amma yenə də həmin şey baş verir. Mahmud sarayda elə eləyə bilir ki, Ayaz təqribən xalqın qabağında eşqini ona göstərir. Bu eşq özü də nəmənədi? Homoseksual bir eşqdi. Amma hər adam bu işi görə bilməz. O, şah ola-ola bu işi görür. Yəni, haramla məhrə¬miyyətin ikisinin arasında bu işi görür. Fəza açılmaq üçün ədəbiyyatda biz bu tabuları gərək qayçılayaq. Biz bu tabuları qayçılamasaq, əcayib bir vəziyyətə düşəcəyik. Məsələn, əgər bir nəfər adam Ayaz vəziyyətində olmuş olsa, onu kim yazacaqdır?! Bu, Azərbaycanın həqiqi faciəsini açır, bunu təəssüf ki, heç kim yazmayıb. Mənim qəhrəmanım Ayazın 2000-dən çoxdur yaşı. Bu, roman içində üç romandı həm də. Xaricdə, Fransada çap olundu. Yazdılar ki, bu, bəşəriyyətin vəziyyəti ilə bağlı bəyanatdır. Senzuralar tarixində nadir, heç olmamış hadisəydi ki, roman 35 il əvvəl yazılır, çap olunmur, 35 il sonra isə özgə dildə çap olunur. Özü də bu romanı yazıldığı dilin daçıyıcısı yox, başqası yazır. – Burda həm də senzuranın həqiqi üzü açılır. Sən demə, məsələ millətdə, xalqda yox, mətləbdə imiş. – Xub. – Kim bilir bəlkə bundan sonra çıxdı. – İranda? Yox, ola bilməz belə şey. Burda ola bilər. Amma mən istərdim ki, burda «Mənim ölkəmin sirləri»ni çap eləsinlər. Tabular orda çoxdu. Qafamızda da çoxdu. Qabaqda da danışdıq… Biz bu tabuları sındırmalıyıq ki, hər kəs özünü yaza bilə. Elə deyil? Biz bunu heç vaxt yazmayacağıq, adam özü yazmasa. Bu özü yazmağın özündədi mətləb. Bəzi kəlmələr vardır ki, biz işlətmirik. İndi biz bu kəlmələri dildə varsa işlədək, ya işlətməyək? Biz əxlaqa görə kəlmələri iki hissəyə bölmüşük. İşlədə bildiklərimizə və bilmədiklərimizə. Yaxşı, əgər bu işlədə bilmədiyimiz kəlmələr dilimizdə varsa və biz onları törədən əməlləri eləməmişiksə, o kəlmələr hardan gəlib? Və hardadılar? Biz o kəlmələrdən ləzzət alırıq, ya almırıq? Mənim etiqadım budur ki, biz o kəlmələrdən ləzzət aparırıq. Amma biz məhrəm adamların yanında o kəlmələri işlədirik. Məhrəm olmayanların yanında onları işlətmirik. Amma minə min o kəlmələri heç vaxt kənara qoya bilmərik. Mən kəlmələri deyirəm a… Nəticədə bir baxış meydana gəlibdir ki, o da liberalizmdi, təsvir azadlığıdı. Mən yalnız bir az şişirdilimiş, mübaliğəli şəkildə dedim ki, biz məhrəmanə sayılan kəlmələrdən istifadə eləmirik, hərçənd eşqbazlıq edən iki nəfər o məhrəmanə kəlmələrdən istifadə edir. Yəni, əslində biz bir məhrəmiyyət xaini olmuşuq. – Çoxlu maraqlı şeylər dediz. Yəqin ki, söhbət həmin kəlmələrin yazılı ədəbiyyatda istifadəsindən gedir, elə həyatdakı kimi, həyatda olduğu kimi ədəbiyyatda da uyğun, adekvat yerindəki istifadəsindən. Düz başa düşürəm də sizi? Çünki əks təqdirdə, həm həyatda, həm də elə ədəbiyyatda həmin məhrəmanə dediyiniz kəlmələrin başqa vaxtlarda, deyək ki, eşq zamanı yox, istifadəsi yalnız söyüş demək olacaq. – Xub… Düzdü…Amma biz heç söyüş kimi də yazmırıq onları. İstifadə eləsək belə. Halbuki onlar bədənin bir üzvləridirlər… Bir ayrı hadisələr də vardır ki, bizim başımıza gəlir və biz onları yazmırıq, amma bizim içimizdədir; xiyabanda yol gedəndə görürük ki, kiməsə pis şey deyəndə qədəmlərimiz yeyin gedir, ya yavaş gedir, bir yerdə dururuq, baxırıq, görürük ki, həmin kəsə pis dedilər, biz bunları yazmamışıq. Bu fəzalar özlərinin yazılmasını, açılmasını gözlər. Bu yazmadığımız şeylər keçirlər bizim şüuraltımıza. Biz həmişə təmayüllərimizin başına vurmuşuq. – Ədəbi təmayülləri nəzərdə tutursuz, ya…? – Yox, şəxsi təmayülləri nəzərdə tuturam. Və nəticədə biz xəstəyik, absurdçuyuq, narahatıq… Bir gün qəribə şəkildə qəmginik, amma bilmirik niyə. Səbəbi o içəridəki məsələlərdi. Və bizim də həyatımızda nə Marks olub, nə Hegel olub, özü də ondan qabaq, nə Freyd olub, nə Yunq gəlibdi, nə Derrida gəlibdi, heç kəs gəlməyibdi bizə desin ki, o içərini nə cürə yaza bilək. Mən romanımda o içərinin yazıçısıyam. İndi o ikinci hissədən, ikinci romandan sonra üçüncünü də yazmağı düşünürəm. – Kimdi sizin sevdiyiniz Avropa yazıçıları? – Avropa yazıçılarından 4-5 nəfər var, hər kəs düz-əməlli yazıçı olmaq istəyirsə, onları mütləq oxumalıdı. Mənim nəzərimcə, Prust, Coys, Folkner, Virciniya Vulf, Nabokov, Borxes. Bunlar bir xəzinədi. Məsələn, Borxesdə çox-çox qabarıq bir məsələ xanımlardı. Biz qadınları anlatmamışıq, qadınlar da özlərini anlatmayıblar. Necə anlatmamışıq? O vaxt ki, homoseksual cərəyanlar gəlibdi qabağa, oğlanı arvad təkin tanıtmışıq, arvada oxşayan təkin, kişi deyil demişik. Anlatmanın özü belə gündəmdə deyil, biz onun içərisinə girməmişik. Niyə? Özümüzdən qorxuruq. Siz özünüzdən qorxursuz ki, hər zadı bəyan eləyəsiz. Mən özümdən, özümü olduğum kimi bəyan eləməkdən qorxuram. Bir senzura var ki, bunu dövlət düzəltmir, icma, camaat, ictimaiyyət düzəldib, tarix düzəldib, dövlətə, bizə, hamıya zorla qəbul elətdirib. Biz azadlıqda eşqbazlıq edirik, olsun xanımımızla, məşuqumuzla. Amma bir yerdə fizioloji məsələləri qorxuyla bəyan edirik. Yəni, senzuradan keçirib bəyan edirik. – Demək istəyirsiz ki, ədəbi riyakarlıq yaranır, konflikt yaranır. – Burda riyakarlıq yaranır, xub, biz burda dili riyakarlığa aludə və alət edirik. Biz bir suala qəti cavab verməliyik, yazaq, ya yazmayaq? O şey ki, xəlvətdə insanların beynini deşir, o yazılmalıdı. Biz indi sizinlə adi qaydada söhbət edirik. Xəlvət deyil. Amma ayrı situasiyalar var. Məsələn, bir adam gedir düşür zindana. Giriftarlıq tapır. Aylarla, yox, illərlə qadın görmür, qız görmür, onun zehnindən nələr keçir? Hər kəs bunu yazmasa xaindir. Bu nə gerçəklikdir? Onun barəsində hər kəs təhlil yazmaz. Çünki bizi bağlayıblar öz içimizə, biz də öz içimizə vəfadar qalmışıq. Və bir şəkildə ki, elə bil o bizim şəxsiyyətimizdir. Bizim şəxsiyyətimiz o şey deyil ki, biz müdam onların narahatlıqlarını çəkirik. – Maraqlı məsələlərə toxunduz, icazə verin… – Mən heç vaxt bu məsələlərlə bağlı belə bəhs açmamışam, ona görə fikrimi yaddan çıxmamış tamamlamaq istəyirəm. – Buyurun, buyurun, davam edin, bizə də maraqlıdı. – Ona görə biz bunu ya gərək bir yerdə sındıraq, cürətimiz ola sındıraq. İçərimizi yaza bilmirik. Deməli, məsuliyyəti çiynimizdən atırıq, bunu uşaqlarımızın çiyninə qoyuruq ki, gəlsin, yazsın hisslərimizi. Yəni, bizi əcayib bir təqdirə bağlayıblar. Ona görə bizə bundan boyun qaçırmaq lazımdı. Odur ki, bizi sürürlər, at görmüsüz də, o cürə. Bu həm şeirdə, həm romanda da belədi. Özü də vacib deyil ki, hər romanda məhz cinsi məsələlər olmalıdı. Yox. Bu məsələ ümumiyyətlə orqanik şəkildə olmalıdı. Məsələn, Henri Millerdə bu mexaniki şəkildə baş veribdi. – Hansı əsərini nəzərdə tutursuz? – Məsələn, «Əqrəb»… Bunlar mexaniki olub. Amma böyüklüyü budu ki, o məsələləri yazmağa cürət edibdi. – Yəni, siz bu mənada Prustun tərəfindəsiz, o, bu məsələləri orqanik yazıb. – Amma Prust da bu məsələləri mülayimcəsinə yazıbdı. Məsələn, heç vaxt bir dənə pərdə arxasını yazmayıbdı. Prust sadəcə heteroseksuallığa qarşılıq başqa şeyin olduğunu qoyubdu, ola bilsin daha orqanik yazıbdı. Amma başqaları vardı. Məsələn, Elen Siksu. – Kim? – Elen Siksu. Fransalı qadın yazardı, mənim də dostumdu. Fövqəladə bir yazardı. O insanın içini yazıbdı. O dili insanın içindəki dəyirmanda əzə-əzə fərz edin ki, ortaya çıxardır, dilin cinsiyyətini müəyyən edir. Yox, onda dil cinsiyyəti bəyan eləmir. Dil özü cinsiyyətdi. Kəlmənin özü həm aşiqdi, həm məşuqdu, həm eşqdi…Vacibdi ki, onu oxuyasız… Yaxud Virciniya Vulf… Düzdü, o zadın, kimin təsiri altında yazıbdı…o…? – Coysun. – Hə, Coysun. Amma o, qadın səsiylə yazıbdı. Biz gərək o fəzaları tapaq. Təbiidi ki, bu məmləkət, bizim məmləkət də kommunist düşüncələrinin təsiri altında qalıbdı. Kommunizm isə heç vaxt bu fəzalara varid olmayıbdı. Bunlar nə Lenində, nə Trotskidə yoxdu, prinsip olaraq. Məsələn, zindanda olan adam öz qadınını da, uşağını da tez-tez arzulayır. Mən iki-üç dəfə zindanda olmuşam… – Biz bilirik bunu. – Və bir dəfə zindanda bir cavan oğlan vardı, onu edama məhkum eləmişdilər. O adam hətta bir dəfə gecə hazırlaşmışdı tövbə eləməyə, tövbəsini qəbul eləməmişdilər. Bir gün gecə gördüm ki, masturbasiya edir. Yəni bir cürə səy edir ki, özünü razı sala. Bir adam ki, iki saatdan sonra edam olacaq. Bu, maraqlıdı. Və bütün bunları yazmaq lazımdır, gizlətmədən. Yazmaq ləzzəti digər ləzzətlərin əvəzedicisidi, əvəzedicisi olmalıdı. – Siz daha çox nəsrdən danışdız, hərçənd bizim sizin «Misdə qızıl» yazınızla bağlı sualımız açıq qaldı. Amma yanlış xatırlamıramsa, sizin o yazınızda Remboya simpatiyanız hiss olunurdu. Elə şeirlərinizdən də bunu hiss elədim, yaxınlığınızı da. Eləysə, gəlin sizin poeziyada sevdiklərinizdən danışaq… Konkretləşdirim. XX əsr ingilisdilli poeziyada kimlər sizin üçün önəmlidi? Yaxud fransızlardan, almanlardan, italyanlardan, bir sözlə Avropa poeziyasından. – Mənim fikrimcə, Rembo çox mühümdü. Rembodan da mühüm Hölderlindi. – Alman şairi. – Bir qadın vardı, çoxlu ədəbiyyatçıların müəllimi olmuşdu… – Hertruda Stayn? – Bəli. – Hə, çoxlarına, hətta məncə daha çox nasirlərə ciddi təsir eləmişdi. Yanılmıramsa, Heminquey ondan üslub dərsləri almışdı, ilk eksperimental hekayələrini oxumuşam onun, o dərslərin təsiriylə yazılmışdı, olduqca maraqlı və öyrədiciydi… Buyurun, davam edin, zəhmət olmasa. – Bir şair də vardı, biz onun siyasi görüşlərinə müxalifik… – Ezra Paund? – Hə, Ezra Paund. – Eliotun ustad dediyi adam. – Bəli. Ezra Paund mənim nəzərimcə, o şairdi ki, ondan çoxlu şeylər öyrənmək olar. Hertruda Staynla Paund fərqli ədəbiyyatlardır. Mən bir romanımda «Azadə xanım» deyə, Hertruda Stayndan bəhs etmişəm. – Hansı romanınızda? – «Azadə xanım və yazıçısı»nda. Mən Eliotdan tərcümə də eləmişəm. Düzdü, «Waste Land»i mən tərcümə eləməmişəm. Amma bu əsər qəribə bir modern əsərdir. – «Çılpaq torpağ»ı nəzərdə tutursuz? – Hə, «Çılpaq torpaq». Bu şeirdə bir neçə cərəyan birləşib. Biri başqasını doğurub. – Sintetiklik var, belə demək istəyirsiz? – Bəli, sintetiklik var, amma tədayi üstündə. O şeir tədayilər məcmuəsidi. İntəhası, bir var siz tədayini subyektiv şəkildə edəsiniz, bir də var obyektiv surətdə edəsiniz. Tədayi gözəldi. Bizim qafiyə-filanla işimiz olmaz, bizim ədəbiyyat tədayi ilə yazılar. – Tədayi, yəni xatırlama, assosiativlikmi? – Bəli. Məsələn, Hafizdə bu, bir az vardır: «Mehre to əksi bər ma nəyəfkənd / Ayineruya, ah əz delət, ah…» «Mehr» sözünün altı-yeddi mənası var… «Əks»in də…Elə bil şeir bu günləri deyilibdi… «Mehr bizə səni əks eləmədi». Biri budu ki, biz bu mənaları nəzərə alaq. İkinci səslərdi. «Ah» öz yerində, amma «a»lar gözəldi. – Alliterasiya. – Hə. Və o səs sırasına bir dənə «u» qoysaydınız, şeir xarab olacaqdı. Hafiz bunu edə bilirsə, Sədi edə bilmir. – Odenə münasibətiniz necədi? – O böyük şairlərdən bircə zərrə aşağıdadı. – Hansı nöqteyi-nəzərdən? – Biri budu ki, Odenin uzun şeiri çox aşağıdı. Odendən danışanda seçmək haqqında düşünürsən, amma Eliotda, Paundda bunu düşünmürsən. Paundun qısa şeirləri də, kantonları da gözəldi. Eliotun «Çılpaq torpağ»ı da, «Dörd kvartet»i də bir-birindən gözəldi. – Bəs, Miloş? – … – Polonya şairi? – Tanıyıram, bilirəm. – Onu da xoşlamırsız? – Çəkmir. – Brodski? – O da çəkmir. – Bir az bu yana gələk, son otuz ildə ingilisdilli hansı poeziya diqqətinizi çəkib? Derek Uolkott…Şeymas Hini… – Oxumuşam…Uolkotu, Şeymas Hinini…Sonuncu haqqında məqaləm də vardır. Onun şeirlərində səy eləmişəm postmodernizmi görəm. Bəzi şeylər vardır ki, onlar yaxşıdır. Mən öyrəşmişəm ki, bir şairin 10 şeiri yaxşı ola, onda deyəm o yaxşı şairdi… Məsələn, mən əvvəl hesab edirdim ki, Şamlu daha yaxşı şairdi, indi hesab edirəm ki, Nima daha yaxşı, mühüm bir şairdi. – Bizim şairlərdən kimi oxumusuz? – Bəxtiyar Vahabzadəni… – Hiss edirəm danışmaq istəmirsiz… Bizdə son illər Orxan Pamuku çox oxuyurlar, oxumaqdan daha tez-tez misal göstərirlər. Yəqin ki, oxumusuz əsərlərini. Fikrinizi bilmək istərdim. – Bəli, bir şeylər oxumuşam. Yaxşı yazardı. Siyasi tərəflərini qırağa qoysaq, yaxşı yazardı. – Qayıdaq şairlərə, bəs Sepehri? – Mənim Sepehri barəsində məqaləm var. Onun bir şeiri vardı, ona şərh vermişəm. O şeirin üzərində bir texnika var, adı «mizənəbim»di (mise en abime), ona izahat vermişəm. «Mizənəbim» o çini kasalardı. Bir kasadı, onun altında bir kasadı, onun da altında başqa bir kasadı. – Rus matryoşkaları kimi. – Yeddi dənə alt-alta… Ümumiyyətlə, «Məsnəvi» və «Min bir gecə» təfəkkürü maraqlıdı, bir şey bitməmiş o biri başlayır… «Xaneye dust kocast?»… Sepehridi də… «Dər fələq bud ke porsid səvar, aseman məksi kərd»… Gedərsən ondan soruşarsan, sonra ondan soruşarsan və dibdə ondan soruşarsan: «Xaneye dust kocast?»… «Dostun evi hardadı?»… Beləcə şeir fırlanır əvvələ, əvvəldən də dibə. O biri şeirləri ehsasatdı ki, orda müəyyən obrazlar yerbəyer olublar. Yerbəyer olan isə təxəyyül deyil. Təxəyyül o şeydi ki, bir şey sanki təsadüfən deyilib. – Gözlənilməzlik, qırıqlıq yəni. – Hər gözəl söz şeir deyil. Şamluda gözəl sözlər çoxdu. Amma təxəyyül daha gözəldi və ədəbiyyat üçün daha vacibdi. Bir dəfə İranda, qadınım, iki oğlum maşında, bir yerlərdən gəlirik. Mən alkoqol qəbul eləmişdim. Saxladılar məni. Gecəydi. Başını maşından içəri saldı, iyi hiss elədi. Dedi, ailəni taksi ilə yola sal, gecə 12-də Tehranda taksi olmaz ki, maşını da özün çək qırağa. Nəsə, maşını qırağa çəkdim. Düşdüm. Mənim nəfəsimi qoxuladı, dedi ki, pah, pah, əcəbdi. Dedim ki, içməmişəm, yolda gələndə darvazanın yanında bir yoldaş saxladı, görüşdü, gördüm bir cür birtəhərdi, onun qoxusudu qalıb məndə. Dedi ki, sən şairsən? Dedim, bəli. Dedi ki, elə mən də şairəm və beləcə qurtulduq. – Rza bəy, bir azdan Sabir Rüstəmxanlı bizi Həllac Mənsur kimi asacaq, tapşırıb ki, sizi yormayaq. Odur ki, bir şeir oxuyun farsca, öz şeirinizi. – Gərək otel odasından kitab götürəm. – Səhərdən xeyli xub əzbər şeirlər oxuyurduz, ingiliscə, farsca. Bir qısa əzbər bildiyiniz şeirinizi oxuyun, lütfən. – Ruye bərgi to neveşti: bağ. Ruye yek qətreye barane doroşt mən neveştəm: dərya dərya dərya dərya. Və dər an ləhze zəni çeşmhayəşra be kəbutərha bəxşid. Bir yarpağın üstünə sən yazdın: bağ. Bir iri yağış damlasının üstünə mən yazdım: dəniz dəniz dəniz dəniz. Və o an bir qadın gözlərini göyərçinlərə bağışladı (Tərcümə: Məsihağa Məhəmmədi) – Təşəkkür edirik sizə maraqlı söhbət üçün.
Qeyd:
Bu söhbət 2009-cu ilin 9 oktyabrında Bakıda baş tutub. 2011-ci ildə “525-ci qəzet”də qismən ixtisarla çap olunub. Sonradan “Ədəbi söhbətlər” kitabında da yer alıb.
GƏLİRƏM Duyğuların zirvəsinə baş vurub, Uca sözün ucasından gəlirəm. Gör nələr var üçcə hərfin canında, “Söz”ün bircə hecasından gəlirəm. * * * Ömür üzən, gün qocaldan, yaş yoran, Dincəlməyə aman verə, kaş, yoran. Sualların saç ağardan, baş yoran, “Neyçün”ündən, “necə”sindən gəlirəm. * * * Danışdırdım hər pərdəni, hər simi, Dərk eylədim avandımı, tərsimi. Məktəb açdı, Tanrı verdi dərsimi, Ustadından, xocasından gəlirəm. * * * Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün, Hünərin var qapısından gir ömrün. Yuxusuna haram qatmış bir ömrün, Min yuxusuz gecəsindən gəlirəm. * * * Süzülmüşəm tarixlərin ruhundan, Od almışam yananların ahından. İnsanların Adəmindən, Nuhundan, Cavanından, qocasından gəlirəm. * * * Qorxusu yox nə amanın, nə ahın, Günəşi var hər açılan sabahın. Qapısında xidmətçiyəm Allahın, Qapısından, bacasından gəlirəm.
(“Məsləhətli don gen olar”-“Bilməmək ayıb deyil…”)
Salam olsun, dəyərli qələm adamları və çox dəyərli oxucular! Min şükür Uca Yardana! Söhbətimizin mövzusu yenə təkrarən olduqca qısa və xatırlatma məqsədi ilə hərb mövzulu yazılar barədə olacaq. Bu mövzuda hələ 44 günlük İkinci Qarabağ (Vətən) Müharibəsindən əvvəl yazdığım ənənəvi və elektron mətbuatda kifayət qədər geniş şəkildə işıqlandırılmış yazım
olduğuna görə bu yazıda sadəcə qısa xatırlatma edəcəm.
Yuxarıda qeyd etdiyim yazını yazmağa Birinci Qarabağ Müharibəsindən sonra yaranan əsərlər vadar etmişdi. Tam səmimi etiraf edim ki, o məlumat və mətnlərdə 44 günlük İkinci Qarabağ (Vətən) Müharibəsindən sonra yaranan əsərlərdə olduğu qədər kobud, yolverilməz səhvlər yox idi. Ən acınacaqlısı odur ki, 44 günlük İkinci Qarabağ (Vətən) Müharibəsindən sonra məşhur televiziya kanalları (xüsusən onların xəbərlər proqramları), internet televiziyaları, saysız-hesabsız “Youtube” kanalları da bu sıraya qoşuldular. Əvvəllər belə səhvlər nisbətən kiçik auditoriyanı əhatə edən bir qəzet məqaləsində (saytda) və ya məhdud tirajlı bir kitabda rast gəlinirdisə, indi axşam saatlarının xəbərlər proqramı başlayanda böyük şövqlə “…ən baxımlı kanalda xəbərlər proqramına baxırsınız…” deyimindən sonra “…C.Naxçıvanski adına hərbi akademiyanı bitirmiş…” ifadəsi eşidilirsə deməli problem ciddidir. İnanın ki, haqqında danışılan şəxsin heç C. Naxçıvanski adına Hərbi Liseyin harada yerləşdiyindən xəbəri olmayıb. Ucqar bir dağ kəndində orta məktəbi bitirib, gedib hərbi xidmətə. Birinci Qarabağ Müharibəsindən sonra daxil olub H. Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə, məktəbi bitirdikdən sonra zabit kimi yenə yollanıb döyüş bölgəsinə. Bütün xidməti boyu dağda-dərədə ön xətdə xidmət edib. 44 günlük İkinci Qarabağ (Vətən) Müharibəsində şəhid olub. İndi siz deyin onu – belə qəhrəman oğulu ağzından süd iyi gələn bir “y….”nun bu şəkildə təqdim etməyə ixtiyarı varmı? Əlbəttə, yoxdur! Bu “d….”in ağlı kəsmir ki, adi bir təhsil müəssisəsinin adını dəqiqləşdirmək üçün heç yana getməyə ehtiyac yoxdur. Sadəcə 5-6 saniyə vaxt sərf edib ən azı “Google” dostumuzun xidmətindən istifadə etmək olardı… Necə ki, ömrü boyu bircə dəfə də olsun “Google”da “Uşaq şeirləri” yazıb axtarış verməmiş alim oturub son dövrlərin uşaq şeirləri haqqında hesabat hazırlayır (məlumatlar da ən yaxşı halda ötən əsrin 80-90-cı illərini əhatə edir), eyni qayda da adi orta məktəb səviyyəsində dünya görüşü olmayan, ölkəsinin təhsil sistemindən xəbərsiz bir jurnalist heç bir məsuliyyət hiss etmədən on milyonluq əhalinin qarşısına çıxır və ağzına gələni danışır… Və şübhəsiz ki, izləyici də kanalı çevirir… Bilirsiniz bu təxminən nəyə bənzəyir? Hesab edin ki, belə bir xəbər anons edilir, – “Kimya Biologiya Təmayüllü Respublika Liseyi”nin şagirdi və ya məzunu həkim filankəs uğurlu açıq ürək əməliyyatı həyata keçirib… Əlbəttə, bu ilkin təsəvvür yaratmaq üçün ən primitiv misaldır. Düşünün, “ən baxımlı kanal” adı ilə bizlərə sırınan televiziya bu gündədirsə, bir belə nəzarətsiz internet kanalları, mətbu orqanlar (saytlar), kitablar hansı vəziyyətdədir…
Və ya oxuyuruq zabitlər oradan gəldi, buradan getdi… Elə etdilər, belə etdilər… Sonda baxırsan ki, ümumiyyətlə, haqqında söhbət gedən şəxs heç çavuş da deyil…
Yenə orta məktəbin son siniflərində verilən elementar ibtidai hərbi biliklərdən xəbəri olmayan, “əsgər heyəti”, “çavuş heyəti”, “zabit heyəti” anlayışlarının varlığından xəbərsiz, adi rütbələri belə ayırd etməyi bacarmayan birisi ağız dolusu qəhrəmanlıqdan danışır və ya yazır…
Xahiş edirəm belə yazıları yazanda və ya oxumadan dərc edəndə bir düşünün birdən bu kağıza pomidor və ya xiyar bükdülər, bu da getdi çıxdı bir hərbçinin evinə, o da bekarçılıqdan bu cəfəngiyatı oxudu… Və belə hallar tez-tez baş verir… Oxuyurlar… Kimiləri gülür… Mənim kimiləri isə ağlayır… İstər-istəməz dodaqaltı da olsa öz-özünə deməyə məcbur olursan: – “heyif səndən a, gilənar”…
Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edirəm. Daha dərinə getməyə ehtiyac duymadım. adalet.azda dərc olunmuş “Hərb mövzulu yazılar…” (on yeddinci yazı)mda bu barədə ətraflı yazmışam. Hələlik bu qədər. Çox sağ olun!
23.03.2022. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı, “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında QIRX SƏKKİZİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
Sona Abbasəliqızı xoşbəxt qələm adamıdır. Bəli, mən onu tam əminliklə məhz belə adlandırardım. Və söhbətimə də salamsız, kalamsız bax elə belə, xoşbəxtlik haqqında, daha doğrusu qələm damının xoşbəxtliyi barədə böyük Allahın adı ilə birbaşa mətləbdən başlamaq istəyirəm. Adətən bu qəbildən olan yazıları yazmağa başlayanda ilk olaraq adam fikirləşir ki, İlahi, mən bu adamı haradan tanıyıram? İlk dəfə biz harada görüşmüşük və ya birinci dəfə bu adamın hansı yazısını oxumuşam? Mən axı, haradan tanıyıram bu adamı, kimdir bu şəxs? Əslinə qalanda haqlı suallardı…
Elə ilk cavabla qələm adamının xoşbəxtliyi haqqında birinci tezis öz-özündən ortaya çıxır: – Mən bu adamı min illərdir tanıyıram.
MİN İLLƏRİN DOSTU
Nə qədər dərin düşünsəm də Sona xanımla ilk tanışlığımızı istər sözü ilə, istər özü ilə bir türlü xatırlaya bilmədim. Yəni bu tanışlığı hansısa şeirin bir bəndi və ya hansısa tədbirdə ilk dəfə utana-utana salamlaşmaqla bağlamaq düzgün olmazdı. Çünki, ruhmun ruhu ilə, sözümün sözü ilə min illərdir dost olan silahdaşımı hansısa bir zaman və ya məkan çərçivəsinə salmaq ədalətsizlik olardı. Bu barədə sadəcə onu qeyd edə bilərəm ki, nə vaxtsa, hardasa oxuduğum elə ilk misrasındaca ruhuma yaxınlıq, bir iç-içəlik hiss etmişdim. Necə deyərlər, bir söz var, sanki bir çeşmədən su içiblər, bizim halımız mənim aləmimdə bax bu misala uyğun gəlir. Və inanıram ki, əsl söz adamları, qələmdaşlar da onu bax belə, ruh simsarı kimi qəbul edirlər. Məncə qələm adamının birinci xoşbəxtliyi bax elə budur. Və bütün bunların üzərinə təbəssümü üzündən əskik olmayan səmimi həmsöhbət, qayğıkeş yol yoldaşı, sadiq dost kimi zəmanəmizdə qıtlığı açıq-aşkar hiss olunan ali insani keyfiyyətləri gəldikdə bu nemət tamamlanır.
GÖYÇƏ GÖLÜNÜN SONASI
İkinci məsələ bu gözəl insan harada dünyaya gəlib? Bu adamın beşiyi, yurdu haradır? Dünyaya göz açdığı məkan haradır? Ruhunun qıdası hardan, kimlərdəndir? Bütün bu suallırın tək bircə cavabı var: – Bu söz adamı elə sözün beşiyində doğulub, böyüyüb boya-başa çatıb. – Bu da söz, qələm adamının xoşbəxtliyi haqqında ikinci tezis olsun.
Sona Abbasəliqızı Aşıq Ələsgəri kimi dühanı dünyaya bəxş edən söz-sənət ocağı Göyçə mahalındandır. “Göyçə mahalındandır” kəlməsindən sonra nə yazsam, yamaq və artıq olacaq düşüncəsi ilə bu barədə fikrimi burada tamamlamaq istəyirəm.
PEŞƏKAR QƏLƏM ADAMI
Atalar üçdən dediyənə görə xoşbəxtliyin üçüncü tezisini də sizlərə çatdırmağı özümə borc bilirəm. Məncə Sona xanım üçün bir qələm adamı olaraq aldığı təhsil də onun həyatında önəmli rol oynamışdır. O ADU (indiki BDU)-nun Jurnalistika fakültəsinin məzunudur. Necə deyərlər, “çörəyi ver çörəkçiyə, birini də üstəlik” : – O sözün içində yetişib, püxtələşib.
Bütün bu yuxarıda sadaladıqlarım keyfiyyətlərdən sonra sən gəl Sona olma. Mənim düşüncəmə görə bu sadəcə mümkün deyil. Sona xanımın qələmi nəzmə müraciət etdikdə incə ruhundan, nəsrə üz tutduqda isə həssas qəlbindən qidalanır.
O bir qələm adamı olmaqla yanaşı, eyni zamanda işinə sonsuz dərəcədə məsuliyyətlə yanaşan, gördüyü işə canını qoyan təşkilatçıdır.
Sona xanım sadiq dost, incə ruhlu qələm adamı, vətənpərvər ziyalı, əsl Azərbaycan xanımıdır! Sonda dəyərli qələm dostuma uzun və sağlıqlı ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayıram! İnşəaAllah tezliklə Göyçəni ziyarət etmək, yurd həsrətinə son qoymaq nəsib olar. Biz buna inanırıq, bizi yaşadan bu ümiddir. Söz mülkünün piri, ocağı – Dədə Ələsgərin yurdu bir gün yenə əbədi olmaq üzrə öz ziyarətçilərinin üzünə açılacaq! O gün elə də uzaqda deyil!
Uşağın şəxsiyyət kimi formalaşmasında valideynlərin, ailənin üzərinə böyük bir yük düşür. Ailə ilk məktəbdir, ailə xalqımıza xas bütün milli-mənəvi dəyərləri, vətənpərvərliyi, ədəb-ərkanla davranmağı, böyüyə böyük, kiçiyə kiçik kimi münasibət göstərməyi öyrədən mənəvi məktəbdir. Müxtəlif ailələr var. Bu ailələrdən yığışan bütün uşaqların yuxarıda sadaladığımız keyfiyyətləri daha sonra məktəbdə davam etdirilir, ortaq doğru bir şəklə salınır. Bu günkü müasir müəllimin öhdəsinə təkcə şagirdlərə təhsil vermək düşmür. Həmçinin müasir müəllimin vəzifəsi şagirdlərə milli təəssübkeşliyi, dosta vəfalılığı, düşmənə yenilməzliyi, vətənin hər qarış torpağı uğrunda canlarından keçməyi aşılamaqdı. Bunlarla yanaşı, müasir müəllim onları muzeylərə, tamaşalara aparmaq, tədbirlər hazırlamaqla şagirdlərdə dünyagörüş formalaşdırır.
Bu sadalananları layiqincə yerinə yetirən müəllimlərdən biri də, Bakı şəhəri 100 nömrəli məktəbin ibtidai sinif müəllimi Aynurə Qəhrəmanovadır. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2022-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” tədbirlər planına uyğun olaraq 17.03.2022-ci il tarixində sinif rəhbəri Aynurə Qəhrəmanovanın təşkilatçılığı sayəsində 2d sinif şagirdləri Novruz bayramı münasibətilə tədbir qeyd etdilər.
Tədbir milli adət-ənənələrimiz çərçivəsində təşkil olunmuşdu. Sinfi milli əşyaların dekoruyla bəzəyən şagirdlərin sevinci birə-min olmuşdu. Tədbirdə Bahar qızı obrazını canlandıran Xədicə Xanlarzadə tədbirin aparıcılığı ilə yanaşı “Novruz gəlir” mahnısını öz gözəl səsi ilə ifa etməklə bayrama xüsusi rəng qatdı. Şagirdlər kosa, keçəl obrazını yaratmaqla, haxıştalar, yanıltmaclar, tapmacalar söyləməklə, milli musiqi sədaları altında rəqs etməklə xüsusi ovqat yarada bildilər.
Hind folklor nümunəsi “Kəlilə və Dimnə”də belə bir maraqlı məqam var: Döyüşçünün qüdrəti sərkərdəsinə görə, şagirdin biliyi müəlliminə görə bilinir”. Bu günün ikinci sinif şagirdlərinin tədbirdəki yüksək səviyyədə çıxışları sinif rəhbəri Aynurə Qəhrəmanovanın 2d sinif şagirdlərini yüksək səviyyədə hazırlamasını göstərir və onların gələcəkdə uğurlar qazanmasından işarə verir.