BALACA RƏSSAM Türkay şəkillər çəkir, Rəngdən alır ilhamın. Qələmi əldən düşmür, İki yaşlı rəssamın. * * * Bir iş var ki, biləsiz, Rəsmi çəkir divarda. Nənəsi gülüb deyir, Usta lazım ağarda. * * * Atasıyla bağçaya, Getdi balaca rəssam. Daha şəkli vərəqdə, Çəkdi asanca rəssam.
GÜNAYIN SƏHVİ Bir payız səhərində, Günay durdu yuxudan. Şimşəyin bərk səsindən Gözün qırpdı qorxudan. * * * Baxdı pəncərəsindən, Gördü küləkdir yaman. Dedi dərsə getməyə, Soyuq verərmi aman? * * * Anası qulaq asıb, Bəhanəni anladı. Qucaqlayıb qızını, Bir balaca danladı. * * * Söylədi qızcığaza Boran-çovğun olsa da, Məktəbi heçə sayıb, Dərsi verməzlər bada. * * * Günay səhvin anladı, Keçdi əsas mətləbə. Çantasını götürüb, Yola düşdü məktəbə.
ASLANIN DƏRDİ Xəlil ilk dəfə, Zooparka getdi. Gördü aslanı, Arzuya yetdi. * * * Söylədi ana, Kaş çıxa geri. Burda aslanın, Çətindir yeri. * * * Anası dedi, Əzizim Xəlil. Onların yurdu, Meşələrdir, bil. * * * Əlbəttə, qəfəs, Çətindir ona. Bunu uşaqlar, Gərəkdir, qana. * * * Xəlil düşündü, Azadlıq qədrin. İndi anladı, Heyvanın dərdin.
DƏMİRAĞAC Müəllim uşaqlara, Təbiətdən danışdı. Bildirdi bir ağac var, Hamınıza tanışdı. * * * Suya atsan batacaq, Oduncağı möhkəmdir. Sanki, dəmir kimidir Çox qəribə görkəmdir. * * * Uşaqlar çaşbaş qaldı, Çoxu dedi vələsdi. Düşünmədi heç biri, Yəqin hamı tələsdi. * * * Gözlərini döyərək, Baxdılar müəllimə. Arxa sıradan qalxdı, Hazırcavab Həlimə. * * * Dedi:-dəmirağacdır Oxumuşam jurnaldan. Məlumatım var mənim, Verilən bu sualdan.
ZƏHMƏTKEŞ BABAM Babam hər il bostanda, Çoxlu tərəvəz əkir. Görürəm asan deyil, Xeyli əziyyət çəkir. * * * Məhsul vaxtı sahədə, Kələm, xiyar bol olur. Biz tərəvəz yığanda, Yeşiklər barla dolur. * * * Babamın zəhmətini. Heç vaxt unutmaram mən. Ona kömək etməmiş, Kənddən qayıtmaram mən.
“QORXAQ BACIM” Evimizə həkim gəlib, Mənim bacım qızmalıdır. Tez yoxlayıb bildirdi ki, Ona resept yazmalıdır. * * * Ağ xalatdan qorxan bacım, Heç bu dəfə ağlamadı. Səbəbini soruşanda, Güldü, sirrin saxlamadı. * * * Həkim baba sağ olsun ki, Heç iynə vurmadı mənə. Dedi: -gözəl, şirin balam, Dərman verəcəyəm sənə.
YAZ SEVDASI VAR Bu payız bir başqa gəlir ömrümə, Güzün gümanında yaz sevdası var. Xəzana bürünüb bütün bağ, bağça Güzün gümanında yaz sevdası var. * * * Bu xəzan yelimi, ya bahar mehi? Bivaxt tumurcuqda, tər zəfər zehi, Qızılı yarpaqda zər qəhər şehi, Güzün gümanında yaz sevdası var. * * * Ustac, tac almısan Haqqın özündən, Gözəllər xoşhaldır şirin sözündən, Görməz, qəm süzülür qəmgin gözündən, Güzün gümanında yaz sevdası var. 29.08.2021. Bakı.
MƏN BABƏKƏM (“Uşaq boğçası”ndan bir şeir) Babəkdir mənim adım, Sırğa et qulağında! Bir ömür xərcləmişəm, Hürriyyət sorağında. *** Bu yurd sənə əmanət, Bəzz yanan ocağımdır. Mayası qan lalələr, İstiqlal sancağımdır!
AZƏRBAYCAN (“Uşaq boğçası”ndan bir şeir) Odlar yurdu deyir hamı, Azərbaycan mənim adım! Sağım, solum, dörd bir yanım, Öz canımdan, qol-qanadım! *** Nazlı Araz kəmərimdir, Xudafərin onun qaşı! Birləşdirir ayrı düşmüş, Dost-tanış, bacı-qardaşı!
HÜSNÜ PÜNHANA (birinci şeir) İsmipünhan deyib, yazıb şairlər, Mənim müsahibim hüsnü pünhandı. Səmimi, mehriban, həm zarafatcıl, Mənim müsahibim hüsnü pünhandı. * * * Ürəyi yuxadı, xasiyyəti xoş, Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”! Camalın gizlədib, deyir:- “Nəğmə qoş”! Mənim müsahibim hüsnü pünhandı. * * * İsmin bağışlayıb; “Nurlu ləçəkdi”, Cənnət bağçasında şehli çiçəkdi, Ustacam, bu iş də bir görəcəkdi, Mənim müsahibim hüsnü pünhandı. 07.10.2021. Bakı.
BAYRAQ BİZİM BAYRAĞIMIZ!!! Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!! 11.10.2021.Bakı.
ŞAHİ-CAHAN Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz… * * * Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz! * * * Taclı şair şeir yazdı dodaqsız, Canın xanı yaranışdan qonaqsız, Şahi-cahan, yaşar səssiz, soraqsız, Hərgah coşsa, o çağını yaza yaz!
YARADAN YARATDI (Dodaqdəyməz) Tala tala, meşə meşə, dağı dağ, Yaradan yaratdı yer naxış-naxış. Sısqa sısqa, dərya dərya, arxı arx, Yaradan yaratdı yer naxış-naxış. * * * Aqil alar dərsi iki alandan, Haqq ayrılar, çıxar yağtək yalandan, Həyat keçər, əyri-əyri dalandan, Yaradan yaratdı yer naxış-naxış. * * * Taclı Şair, taxtın, tacın sirdi sirr, Sənə çatan baxtın, bacın sirdi sirr, Qarşı yatan ağrın, acın sirdi sirr, Yaradan yaratdı yer naxış-naxış. 07.11.2021. Bakı.
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustdan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
YEL Kim üçünsə mələkdi, Kim üçünsə fələkdi, Nə mələkdi, nə fələk… Küləkdi bu, küləkdi! * * * Arada küsər belə, Hirs ilə əsər belə, Ümidi kəsər belə, Ələkdi bu, ələkdi! * * * Yenə əsdi, ələdi, Acı fikrə bələdi, Toxu dilək dilədi, Diləkdi, bu diləkdi! 11.11.2021. Bakı.
NAZLI BALA Alagözdür, verib Xuda, Gözəl, göyçək Nazlı bala! Maşallah olsun, namxuda, Gözəl, göyçək Nazlı bala! * * * Gözü Göyçədən su içib, Kökdən gəlib, çox yol keçib, “Donun” Xaliq özü biçib, Gözəl, göyçək Nazlı bala! * * * Ustac bağlı soya, kökə, Nazlı balam bəyim, bikə, Züryət hardan hara çəkə!? Gözəl, Göyçək, Nazlı bala! 11.01.2022. Bakı.
USTACLIYAM Gözlərimin alalığı, Ulu Göycəmdən ərmağan. Ərdəbilin naləsidir, Ruhum həp eylədi fəğan. * * * Yarı Qarqar, yarı Əfkər, Şəhriliyəm; şaham, tacam! Şah İsmayıl silahdaşı, Ustaclı oğlu, Ustacam!
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
YARPAQ VƏ TORPAQ Can verəni candan alı qoyarıq, Unudur yarpağa möhtacdır yarpaq… Torpağa su deyil, zəhər veririk, Marağa məəttəl qalıbdır torpaq… * * * Xəzələ aman yox torpağa çata, Qurumuş canıyla cana can qata, Əbədi qanunla rahatca yata, Süprülüb çöplüyə atılır yarpaq… * * * Torpağa ting deyil, sütun əkirlər, Arx, kanal yerinə hasar çəkirlər, Dəmirdən, betondan kəfən biçirlər, Gözü baxa-baxa gömülür torpaq… * * * Bizə can verənin canın almayaq, Bu iki aşiqin yolun burmayaq, Yarpağı torpağa həsrət qoymayaq, Yarpaq elə torpaq, torpaqdır yarpaq… * * * Ay Ustac, haqq deyən Nəsımı öldü, Haqq bir damladır, batilsə göldü, Qardaşlar tək gəlmiş Adəmi böldü, Bizlər unutsaq da, unutmur torpaq… 31.01.2021. Bakı.
A SİMSAR Salam olsun, sənə şanlı ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! Şükür, əlindədir külli-ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! * * * Nə deyim, a simsar, elə sim sarı, Simsar sinsidərmi, belə simsarı, Hələlik dönüş var, hələ sim sarı, Mizrab tutan əlin, qolun var olsun! * * * Rəvamıdır, bu edilən Ustaca!? Diqqət istər sim sarıyan ustaca… Al dil ilə deyər halın ustaca, Mizrab tutan əlin, qolun var olsun! 05.02.2021. Bakı.
BƏRK YAPIŞ Ay Zaur, deyirlər ən yaxşı vaxtdır, Bir az daha qeyrət, güləş, bərk yapış! “İgid odur, atdan düşə, atlana.” Bu işdə dönüş yox, dirəş, bərk yapış! * * * “Kor qızın baxtı”ndan yeyindi baxtın, İlikdən tacın var, sümükdən taxtın, Olmasa da adan, ya da ki, “yaxt”ın, Olanları qoru, çalış bərk yapış! * * * Ay Ustac, bilirsən, yastığın üç gül, Göydə ulduz sayır basdığın müşkül, Bir türlü dolmayır asdığın kəşkül, Haqqın ətəyindən sallaş, bərk yapış!
SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR Xoşbəxtlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! Ölməzlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! * * * Bu gün doğum günü, yaşar əbədi, Eliynən bir ünü, yaşar əbədi, Sonsuzluğa yönü, yaşar əbədi, Təqvimin bu günü İlqar günüdür! * * * Zaur tək yüzləri bir çətən oldu, Çoxu arzuladı, o yetən oldu, Vətən torpağında o, bitən oldu, Təqvimin bu günü İlqar günüdür! 08.05.2021. Bakı.
4 fevral 2022-ci il tarixində Ankarada TürkSOY Genel Mərkəzində Türk Ədəbiyyatı Vəqfinin 2022-ci il üzrə təsis etdiyi “Yaşayan Dədə Qorqud” və “Türk Dünyasına Üstün Xidmət Ödülləri”nin təqdimatı mərasimi keçirildi. Bu münasibətlə Türk Ədəbiyyatı Vəqfi başqanı Sərhat Kabaklı, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar, Türk ədəbiyyatı Vəqfinin başqan vəkili Esat Kabaklı, Ömer Balıbey, Vəqfin yönəticilərindən Mehmet Ali Talayhan, “Türk ədəbiyyatı” dərgisinin əməkdaşı Səadət xanım Örməci və Yüksəl xanım Kabaklıdan ibarət heyət İstanbuldan Ankaraya rəsmi səfər etmişlər. TürkSOY genel mərkəzində gerçəkləşən ödül törənini giriş sözü ilə açan Türk Ədəbiyyatı Vəqfi başqanı Sərhat Kabaklı Türk dünyasına könüllü xidmət edən aydınlarımızı bu ödüllərlə təltif etməkdən qürur duyduğunu dilə gətirdi. Başqanın açılış nitqindən sonra “Türk ədəbiyyatı” dərgisinin əməkdaşı Səadət xanım Örməci Türk Ədəbiyyatı Vəqfinin və “Türk ədəbiyyatı” dərgisinin Türk İnsanının mənəvi təşəkkülündə və milli düşüncəsinin formalaşmasında önəmli yerindən bəhs edən maraqlı nitq söyləyərək çıxışının sonunda Vəqfin təsis etdiyi ödülləri və sahiblərinin adlarını açıqladı: Mərhum şeyxülmühərririn Ahmet Kabaklı və dostları tərəfindən 1972-ci ildə qurulan Türk Ədəbiyyatı Cəmiyyəti 1978-ci ildə Türk Ədəbiyyatı Vəqfi olaraq fəaliyyətini davam etdirmişdir. Türk mədəniyyətinin ən sağlam və sarsılmaz sütunlarından olan Türk ədəbiyyatı Vəqfi bu günə qədər gerçəkləşdirmiş olduğu fəaliyyətlərlə milli köklərimizə bağlı qalaraq “kökü keçmişə söykənən gələcəyi” inşa etməyə çalışan bir qurumdur. Türk ədəbiyyatı Cəmiyyətinin mətbu orqanı olaraq 1972-ci ilin Yanvar ayında ilk sayı ilə oxucuları salamlayan Türk ədəbiyyatı dərgisi bu ay yayın həyatındakı 580 sayını geridə qoymuşdur. Ədəbiyyat tariximizin ulu çinarlarından olan dərgimiz Türk ədəbiyyatında ən çox yol gələn dərgilərdən biridir. Türk Ədəbiyyatı Vəqfi və “Türk ədəbiyyatı” dərgisi yarım əsrdir ki, elm, mədəniyyət və sənət adamlarını dəstəkləyən, onların əsərlərini yayımlayan qutlu bir ocaq olaraq varlığını davam etdirməkdədir. 50 ildir davam edən “Çərşənbə söhbətləri” Türk Ədəbiyyatı kürsüsünü elm, mədəniyyət, sənət məsələlərinin dilə gətirildiyi, gündəmə daşındığı və müzakirə olunduğu bir platformaya çevirmişdir. Calal Bayar, Alparslan Türkeş, Rauf Denktaş, Deniz Baykal kimi siyasətçilər, Mehmet Kaplan, Erol Güngör, Faruk Kadri Timurtaş, Osman Yüksəl Serdengeçti, Samiha Ayverdi, Alaəddin Yavaşca, Nəcib Fazil, Orxan Şaik Gökyay kimi neçə elm, mədəniyyət və adamları, şair və yazarlar bu kürsüdən konfrans vermiş, nitq söyləmişlər. Bu konfranslara aid 50 illik zəngin bir arxivimiz də vardır. Vəqfimizin “Türk ədəbiyyatı Vəqfi yayınları”, “TEDEV uşaq nəşrləri”, Türk dünyası ədəbiyyatlarına aid əsərlərin yayımlandığı “Turay yayınları” olmaqla üç müxtəlif yayın evləri vardır ki, bu günə qədər 375 müxtəlif kitabın nəşrini gerçəkləşdirmişdir. Türk Ədəbiyyatı Vəqfi Türk mədəniyyətinə önəmli xidmətləri olan elm və sənət adamlarını hər il mükafatlarla təltif etməkdədir. Bu il mükafat komissiyamızın irəli sürdüyü təklifə əsaslanaraq Vəqfin idarə heyətinin 8 yanvar 2022-ci il 2022/01 saylı qərarı ilə: Dilçilik elmimizə verdiyi böyük töhfələrinə görə Türk dünyasında dilimizin piri kimi qəbul edilən Professor Ahmet Bican Ercilasun, Türk kimliyinin inşası üçün əsərləri və mücadiləsi ilə bu yolda həmişə ön sırada dayanan, eyni zamanda Vəqfimizin qurucularından olan Professor İsgəndər Öksüz, şeirləriylə Türk dünyasının hər bölgəsində boy göstərən, “Arala ağı”, “Göygöl”, “Türkülər” kimi şeirləri ilə Türkcənin bayraqdarlığını edən şair Ali Akbaş “Yaşayan Dədə Qorqud” ödülünə layiq görülmüşdür. Türk Dünyasının ortaq qurumu olan və qurulduğu gündən bu yana Türk mədəniyyətini və sənətini beynəlxalq müstəvidə təbliğ edən, tanıdan, TÜRKSOYa rəhbərlik etdiyi gündən bəri Türk dünyasının mədəni zəmində birləşib bütünləşməsi üçün çox böyük işlər görən TÜRSOY Genel Sekreteri Düsen Kaseinov; ömrünü türklük davasına həsr etmiş, bugünə qədər qurulan bütün milli təşkilatlarda qurucu və ya üzv olaraq çalışan Türk milliyyətçilərinin böyüyü, ağsaqqalı Sadi Somuncuoğlu, ədəbiyyatdan musiqiyə, dildən sənətə çox fərqli müstəvilərdə milli mədəniyyətimizi yaşatmağa çalışan, hər qurumda, dərgidə yazılarıyla yer alan, intellektual kimliyi ilə istedadlı gənclərə daima yol göstərən şair, yazar, tənqidçi, publisist A.Yağmur Tunalı, qurduğu İLESAM VƏ TÜRKSAV kimi qurumlarda yürütdüyü çalışmalarla Türk dünyasının hafizəsində xüsusi yeri olan, şeirləriylə könüllərdə taxt quran Yahya Akengin, Türk ocaqları təşkilatından başlayaraq Türk dünyasına yönəlik fəaliyyətləri ilə daim öndə olan, Avrasiya Yazarlar Birliyinin və Türk dünyasının ortaq dərgisi olan “Qardaş qələmlər”in qurucusu doç.dr. Yaqub Öməroğlu “Türk Dünyasına Üstün Xidmət Ödülü”nə layiq görülmüşlər.
Daha sonra təqdim etmə mərasimi keçilirilmiş və mükafatlar sahiblərinə təqdim edilmişdir. “Yaşayan Dədə Qorqud”, “Türk Dünyasına üstün xidmət ödülləri” ilə yanaşı xüsusi olaraq bir mükafatın da təsis olunduğu diqqətə çatdırılmışdır.
“Türk ədəbiyyatı” dərgisinin 50 illik yubileyinə özəl olaraq Dərginin ən qiymətli və vəfalı oxucusu Zəki Birdoğan “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar tərəfindən xüsusi təltiflə mükafatlandırılmışdır. Xatırladaq ki, Vəqfin təsis etdiyi digər ödüllər 8 fevral 2022-ci il tarixdə İstanbulda Türk Ədəbiyyatı Vəqfində düzənləcək törəndə sahiblərinə təqdim ediləcəkdir.
Bu günlərdə Vilnüsdə “Rus və Azərbaycan frazeologiyalarının müqayisəli təhlili” kitabı nəşr olunub. Kitab tanınmış Azərbaycan filoloqu Aslan Məmmədlinin doktorluq dissertasiyasıdır və onun əziz xatirəsinə həsr olunub. Aslan Məmmədli görkəmli Azərbaycan dilçisi professor Məmməd Tağıyevin yaratdığı Bakı Frazeologiya Məktəbinin nümayəndəsi idi.
Dissertasiya 1996-cı ildə Bakıda müdafiə olunub və müqayisəli frazeologiya sahəsində fundamental əsərdir. Burada ilk dəfə olaraq Azərbaycan və rus frazeoloji sistemləri bütövlükdə müqayisəli təhlilə məruz qalmışdır. Frazeoloji sistemlərin onomasioloji təsnifatı aparılmışdır. Azərbaycan və rus dillərində frazeoloji ifadə tapan semantik sahələr müəyyən edilmişdir. Hər iki dilin frazeoloji sistemlərinin xalqın keçdiyi tarixi yolu əks etdirdiyi iddia edilirdi, yəni frazeoloji vahidlər dildə təkcə milli dünyagörüşünün xüsusiyyətlərini deyil, həm də xalqın tarixini yüksək dərəcədə əks etdirən bir təbəqə təşkil edir. O da səciyyəvidir ki, əksər hallarda fövqəl-etnik xarakter daşıyan müxtəlif mədəni təsirlərə baxmayaraq (yəni, islam və xristianlıq, Azərbaycan frazeologiyasında müvafiq olaraq ərəb, fars, rus dilində isə ivrit və yunan dillərinin təsiri), əsas frazeoloji fond və əsas konnotasiyalar sistemi xalqın canlı danışıq dilindən qaynaqlanır. Bu mənada frazeologiya yad mədəniyyətlərin ən az təsirini yaşamış sistemdir.
Fəsillərin birində təqdim olunan bibliya frazeoloji vahidlərinin təhlili də xüsusi maraq doğurur.
Əsər böyük nəzəri əhəmiyyətə malikdir. Kitabdan frazeologiya kurslarında, tərcümə praktikasında, leksikoqrafik təcrübədə, rus və Azərbaycan dillərinin tədrisində istifadə oluna bilər və təbii ki, o təkcə filologiya fakültəsinin tələbələri və dilçilər üçün deyil, həm də bütün filologiya ilə maraqlananlar üçün çox faydalı olacaq.
“Dergi hür tefekkürün kalesidir” – deyirdi Cemil Meriç. Gerçəkdən də hürr təfəkkürün qalası ola bilmək böyük cəsarət işidir. 50 il boyunca, sözün həqiqi mənasında, türk milli düşüncəsinə söykənərək hürr təfəkkürün binasını qoyan “Türk ədəbiyyatı” dərgisinin bu gün ən yüksək səviyyədə işıq üzü görməsi istiqamətində dəyərli böyüyüm, əziz Ustadım İmdat Avşar yorulmaz xidmətlərdə bulunmaqdadır.
Kabaklı Hocanın başladığı qutlu yolun mənəvi varisləri kimi bu gün İmdat bəy başda olmaqla dərginin bütün yaradıcı heyəti böyük məsuliyyət və vicdanla çalışmaqdadır. Bu günlərdə “Türk ədəbiyyatı”nın Şubat (fevral) sayı oxucuların görüşünə gəlib. Hər bir sayda olduğu kimi fevral sayında da ədəbi, fəlsəfi, akademik araşdırmaların məzmun orijinallığı, ehtiva etdiyi dərin məna və elmi mündəricəsi, oxucunun hər ovqatda bədii zövqünü oxşayan hekayə və şeirləri, ədəbi proseslə birgə addımlayan, zamanla səsləşən maraqla müsahibələri oxuduqca çağdaş türk ədəbi, mədəni, elmi mühitinin mənzərəsi, eyni zamanda, işinə yüksək peşəkarlıq, həvəslə yanaşan baş redaktorla bərabər yaradıcı heyətin yorulmaz əməyi təsəvvürümüzdə işıqlanır. “Türk ədəbiyyatı” oxucularını sevgiylə salamlayan İmdat bəy “Həsbi-Hal”da fevral ayında Haqqa qovuşan Kabaklı Hocanın əziz xatirəsini rəhmətlə anır: “8 fevral dərgimizin qurucusu, şeyxülmühərririn Ahmet Kabaklının Haqq dünyasına qovuşmasından 21 il ötür. Əlli illik bir mədəniyyət qalasının təməlini qoyan və bu qutlu ocağın məşəlini yandıran ustadımızı rəhmət və minnətlə yad edirəm!” 2022-ci il dərginin 50 illik yürüdüyü yola, tarixə şahidlik edənlərin xatirələrini, dəyərləndirmələrini yayınlamaq təşəbbüsündə bulunan baş redaktorun Fevral sayının ilk səhifələrində Ahmet Kabaklının yetirməsi M.Mehdi Ergüzelin yazısına yer verilməsi olduqca təqdirəlayiqdir. “Milli ədəbiyyatımızın qalası Türk ədəbiyyatı 50 yaşında” yazısıyla M.Mehdi Ergüzel bu müqəddəs ocaqdakı xatirələrin işığında milli ədəbiyyatımızın qalası olaraq dəyərləndiyi dərginin şahid olduğu illəri, o illərin hadisələrini vərəqləyir. “Ahmet Kabaklının ilk şeirləri” adlı məqaləsində Təhsin Yıldırım “Kabaklı Hocanın “Bizim Türkiyə” dərgisində 3 mart – 21 iyun 1948-ci il tarixlər aralığında yayımlanan siyasi həcvlərə bənzəyən ilk qələm təcrübələrini təhlil müstəvisində işıqlandırır. Bir oxucu olaraq hər sayını böyük sevgiylə gözlədiyim, hər bir yazısını maraqla oxuduğum “Türk ədəbiyyatı”nda təqdir etdiyim özünəməxsus bir cəhəti qeyd etmək istəyirəm. May ayında Haqqa yürüyən Əminə İşınsunun, oktyabrda İnci Çayırlının, yanvarda Sezai Karakoçun, bu sayda isə Günay Karaağacın gözəl yazılarla anılması, yad edilməsi bir vəfa borcu olmaqla yanaşı həm də ömrünü ləyaqətlə yaşamış insanların ardından kövrək bir xatirə kimi yadda qalır. Günay Karaağac Türk dünyasının dil bilginlərindəndir. “Azərbaycan bayatıları” kitabını ərsəyə gətirən bu böyük alimin xidmətləri Türkiyə ilə bərabər həm də Azərbaycanı əhatə edir. “Türkcənin dünya dillərinə təsiri”, “Dil, tarix və insan”, “Türkcənin söz düzümü”, “Türkcənin səs bilgisi” kitabları ilə türkoloji elmimizə böyük töhfələr verən Günay Karaağac 8 dekabr 2021-ci il tarixdə 72 yaşında Haqqa qovuşub. Vahid Türk “Günay Karaağacın Türkcə Verintilər sözlüyü”, Özkan Öztekten “Torpağın tərbiyə etdiyi gözəl insan: Günay Karaağac” məqalələrində mərhumun əziz xatirəsini rəhmətlə anır. Bu məqalələr həm də Prof.dr. Günay Karaağacın elm aləmindəki hizmətlərini işıqlandırır. Prof.dr. Mustafa İsen və qızı, türk dünyasının gənc elm adamlarından olan prof.dr. Tuba İşınsu Durmuşun imzası bizlərə “Sultanların şeirləri… Şeirlərin sultanları” kitablarından doğmadır. “Türk ədəbiyyatı”nın fevral sayında Bilal Gözəl “Qılıncın və qələmin sultanları” kitabı üzərinə dəyərli Tuba xanım və Mustafa bəylə maraqlı söhbətini oxuculara təqdim edir. “Nurəddin Topçu: məsuliyyətli bir müəllim, elm və fikir adamı, filosof, yazar” yazısıyla Şaban Kumcu həyatı, yaradıcılığı və əsərlərinin təhlil müstəvisində Nurəddin Topçunun maarifçilik görüşlərini, İslami əxlaq və mənəvi baxış açısını işıqlandırır. Orxan Arasın ötən saylarda yayımlanan Bozkırın böyük oğlu Çingiz Aytmatov haqqında yazısı çox sayda oxucuların rəğbətinə səbəb olmuşdu. Fevral sayının “Almaniyadan məktublar” bölümündə Orxan Aras “Sürgündə bir məzar: Mustafa Çokay” məqaləsində Türküstanın birliyi uğrunda fədakar mübarizlərdən olan, Qazaxıstanın ictimai-siyasi xadimi Mustafa Çokaydan söhbət açır. Ötən yazısında Qonçarovun “Oblomov” romanına və qəhrəmanın adı ilə eyni səsləşən “oblomovçuluq” ideologiyasına orijinal baxış sərgiləyən Aqşin Yenisey bu sayda “Kafka ilə Soljenitsində totalitarizm: Şato və Gulag” adlı araşdırmasında hər iki ədibin yaradıcılığında totalizm görüşlərini təhlil edərək bunun ədəbiyyata və bədii əsərlərə təsirindən danışır. Zəkai Özdəmirin qələmində isə “Dostoyevskinin “Cinayət və cəza” romanının şərhi”ni oxuyuruq. Professor Cemal Kurnazın “Şair sözü yalandır”, Kazım Yetişin “Şeir və düşüncə”, Sultan Poladın “İtmiş miras” dənəmələri elmi-publisitik yönləri ilə diqqətimizi çəkməkdədir. Nəsr bölümündə həyat həqiqətlərini bədii sənət materialına çevirərək bənzərsiz detalları ilə orijinal süjetlər yaradan Zübeyde Andıç “Şəkil”, “Yıldırım Türk “Pərdə”, Hüzeyme Yeşim Koçak “Dik durma”, Özşan Koban “Ben Bilal Hadi” əsərləri ilə hekayəsevərlərin görüşünə gəlir. Azərbaycan ədəbi mühitinin istedadlı gənclərindən Aysel Xanlarqızının “Sən gəldin” şeiri Azərbaycandan şeir payı kimi türk oxucularına ərməğan olunur. Mahmud Bahar “Qu quşları geri döndü” , Şadi Oğuzxan “Göy üzü qədər”, Ahmettahsin Erdoğan “Son gün”, Səlim Tuncbilək “Mərhəba”, Məhmət Baş “Hörgüç”, Cəlaləddin Kurt “Ezgilər çərçisi”, Rıdvan Yıldız “Karstik tənha” şeirləri ilə poeziya sevərlərin zövqünü oxşayır. Çağdaş türk ədəbi mühitini, mədəni ortamı və ictimai prosesləri izləmək baxımından “Türk ədəbiyyatı” dərgisinin Şubat (fevral) sayı oxucu qarşısında geniş imkanlar yaradır. Dərginin hər sayının yolunu həvəslə gözləyir, oxuduğumuz bir-birindən dəyərli bu gözəl yazıların işıq üzü görməsində əməyi keçən hər kəsə uğurlar arzulayıram! “Türk ədəbiyyatı”nın fevral sayını vərəqləyə-vərəqləyə təəssüratlarımı qələmə alarkən, Dərginin yayın kurulunda önəmli xidmətləri olan, Milli düşüncəli yazıları ilə Azərbaycanda da böyük sevgiylə oxunan, Elçibəy, Turan Yazgan, Ahmet Kabaklı… kimi böyük türk aydınlarının yolunu şərəflə yürüyən, “Oğlun oldum ey Anneler Annesi” yazısıyla duyğularımın, “Devler keçdi bu yollardan” kitabıyla düşüncələrimizin tərcümanına çevrilən istedadlı yazar-şair A.Yağmur Tunalının Kabaklı hocanın anım günü ərəfəsində “Türk Dünyasına Üstün Hizmət Ödülü” ilə təltif edilməsi sevincinə şərik olur, Yağmur ağabəyimizi bu münasibətlə ürəkdən təbrik edir, gələcək işlərində və yaradıcılığında başarılar diləyirəm!
Bu gün “Yazarlar” jurnalı redaksiya heyətinin üzvü və eyni zamanda yaradıcılıq məsələlri üzrə meneceri, gənc yazar Şəlalə Camalın ad günüdür. Bu xoş gün münasibəti ilə qələmdaşımızı təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Şəlalə xanım!
VAR MIDIR? Sorsam ki dertlere düşersem eğer, Dermana gidecek bir yol var mıdır? Dostlarım yaranım bakıp boş ver der, Uzanıp tutacak bir kol var mıdır? * * * İnsan ki hayatta garip başına, Dökülür soğuk su pişen aşına, Yüzünü sürse de mezar taşına, Sükuna ermeye bir hal var mıdır? * * * Kader kimisine baştan garezli, Öyle bir hayat ki sürgit marazlı, İçimde cehennem harlı, alazlı, İtiraz edecek bir dil var mıdır? * * * Adamın bahçesi tarumar olsa, Yüreği kederle gâm ile dolsa, Yüzünün güneşi kararıp solsa, Kaçıp kurtulacak bir il var mıdır? * * * Doğarken yalnızım ölürken yalnız, Apansız sönecek gökte her yıldız, Gülüp de geçerim olsaydım arsız, Kalbimden tutacak bir el var mıdır?