Kateqoriya arxivləri: YAZARLAR JURNALI

“Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan olunur

“Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan olunur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan edir

* Müsabiqəyə göndərilən pyeslər indiyə qədər heç bir teatrda səhnələşdirilməməlidir;

* Müxtəlif janrlı əsərlərin yazılması arzuolunandır;

* Bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;

* Müsabiqəyə qatılmaq üçün yaş məhdudiyyəti yoxdur;

* Əsərlər sentyabrın 1-nə qədər qəbul edilir, son tarixdən gec göndərilən əsərlər müsabiqəyə qəbul olunmayacaq;

* Qalib pyes müəllifi 2000 azn məbləğində pul mükafatı ilə təltif olunacaq və dövlət sifarişi əsasında tamaşaya qoyulacaq;

* İştirakçılar pyes ilə birlikdə özləri haqqında məlumatı, şəxsiyyət vəsiqəsinin surətini, əlaqə nömrələrini em.aliyev@culture.gov.az ünvanına göndərməlidirlər.

Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 84

Telefon: (012) 493-06-03

mct.gov.az

İlkin mənbə: edebiyyatqazeti.az


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ HÜMMƏTİN DOĞUM GÜNÜDÜ!

RAFİQ HÜMMƏT

Bu gün “Yazarlar” jurnalının redaksiya heyəti üzvü, dəyərli ziyalı, sevimli şair, Rafiq Hümmətin anadan olduğu gündür! Doğum gününüz mübarək olsun, Rafiq müəllim! Allah can sağlığı versin! Uğurlarınız bol olsun!!!

RAFİQ HÜMMƏTİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Dəli”nin doğru xəbəri –   Sərvaz  Hüseynoğlu yazır

MEYXOŞ ABDULLA H – 60

“Dəli”nin doğru xəbəri

              (Yazıçı Meyxoş Abdullahın 60 illiyinə)

            «Yalnız bir xeyir var – bu da sevgidir» duyğusallığı, inancı ilə yaşayanlardandır qələm dostumuz Meyxoş Abdullah… Sevgini ruhun şəkli kimi qəbul edənlərdəndir. «Allahı insana, insanı Allaha çevirə bilən» bir sevgi yolçusudur.

            Bu bəşəri duyğunu ilahi Sözlə cilalayır, onu ilahi Sözün qüdrətilə təzələyir, Sözü sevgiyə, sevgini Sözə büta verir, dünyanın nuru, işığı kimi qəbul edir. Onun üçün Söz, ilk növbədə, insanlığa, yaranışa və inkişafa xidmət vasitəsidir. Əbədi ünsiyyətə, yeni dünyaya aparan yol bilir bu aləmi. Bilir ki, «Söz inqilabi” gücə malikdir, insana narkoz kimi təsir edir,  o, insanı həqiqətə qovuşdurur, bütün sirləri onun üzünə açır, keçici olanı əbədiləşdirir».

            Ən əsası, Meyxoş Abdullah böyük həyat müstəvisində özünü tanıya, yerini-yurdunu, məqamını bilən bir qələm adamıdır. İç dünyasında hifz etdiyi ilkinliyə, gənclik romantikasına heç vaxt xəyanət etməyib. Sözü bəlli hər bir qələm adamı kimi o da bütün həyatı boyunca özünü yalqız hiss edir. Tərkidünyalığı  sevir. «Şamanam, ruh adamıyam» qənaətincə yaşayır, ruhların varlığına inanır. Bir müsahibəsində qeyd etdiyi kimi, inanclıdır ki, dünyaya yazıçı kimi gəlib. İstəyir ki, hər bir soydaşı öz ədəbi qəhrəmanları kimi cəsur olsun. Bunu dönə-dönə arzulamışdı, müsahibələri boyunca izhar etmişdi və bu xüsusda istədiklərinə 44 günlük şanlı zəfər günlərimizdə şahidlik etdi. Qələbənin sevincini bir ömür boyunca yaşayacağının şükranlığına tapındı.

            Meyxoş Abdullah bənzərsiz yaradıcılığı ilə, belə demək mümkünsə, şəhər ədəbi mühitini bölgə, bölgə ədəbi mühitini şəhərə yaxınlaşdıran, «bir qazanda qaynada» bilən söz adamları sırasındadır. O adamlar sırasında ki, bu silsilənin özülündə Musa Yaqub, ədəbiyyatşünas alim İmamverdi Əbilov ənənəsi dayanır. Mən hələ rəhmətlik Altay Məmmədovu, Bahadur Fərmanlı, ustad Qərib Mehdini demirəm. Ona görə ki, gəncəli həmkarlarımız haqlı olaraq bu ədəbi mühiti Bakı ədəbi həyatının bərabərhüquqlu camisi hesab edirlər. Gəncə həqiqətən bizim mənəviyyat paytaxtlarımızdan biridir. Ancaq nisbi şəkildə demək xoşdur ki, bu gün bölgə həyatımızın ədəbi-bədii odqoruyanları Asim Yadigar, Xanəli Kərimli, Barat Vüsal, İsmayıl İmanzadə, Şöhrət Qaraoğlu, Nüşabə Məmmədli Əsəd, Xəzangül, İnqilab İsaq, Aləmzar Əlizadə, Sahib İbrahimli, Ələsgər Əlioğlu, Şahnaz Şahin, Nübar Eldarqızı, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Zabil Pərviz, Bilal Alarlı, Faiq Hüseynbəyli silsiləsini şəkilləndirən imzalardan biri də Meyxoş Abdullahdır.             Meyxoş Abdullah təkcə yaradıcılığı, təkcə ədəbi imkanları ilə yox, həm də şəxsiyyət bütövlüyü, ünsiyyət mükəmməlliyi ilə də yaşadığı bölgəyə xüsusi hörmət gətirən bir qələm sahibidi. Dost üzünə açıq olan bir şəxsiyyətdir. Yerə, görə, Tanrıya etiqadlı insandır. Dənizi xəyallarının gerçəyi hesab edir.

            Təbii ki, bu qısa dost yazısında Meyxoş Abdullahnın geniş oxucu auditoriyası qazanan «Alagöz», «Qapısı gecə döyülən qadın», «Anakonda ovu», «Əsir qadın», «Didərgin ruhlar», «Şeytan gülüşü» və s. kitablarına daxil edilən əsərlər barəsində geniş şəkildə söz açmaq fikrindən uzağam. Bu kitabların bir çoxu haqqında özümün yazdığım və mətbuat səhifələrində dərc etdirdiyim məqalələr var. O məqalələri Meyxoş Abdullahnın yaradıcılığına, şəxsiyyətinə, şəxsi məziyyətlərinə dərin sayğı və maraq duyğuları ilə qələmə almışam. Haqqı çatan təqdiri etmişəm. Uzun müddət bölgədə yaşayıb-yaradan bir insan kimi, həmişə Meyxoş Abdullahı özümə bir köynək yaxın bilmişəm. İncik yerini özümünkü bilmişəm. Anlamışam. Eyni zamanda hədsiz sevinc yerim də olub ki, Meyxoş imzalar bolluğu içində itib-batanlardan olmadı. Əsərləri dünyanın bir çox dillərinə tərcümə edildi. «Alagöz» hekayəsi 2002-ci ildə AYB-nin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun milli-mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi «Yaddaş» mükafatına layiq görüldü. Qusar Dövlət Dram Teatrında onun eyniadlı romanı əsasında Laləzar Hüseynova tərəfindən səhnələşdirilmiş «Əsir qadın» tamaşası səhnəyə qoyuldu. Bu əsər az keçməmiş Azərbaycan Kinematoqrafçılar İttifaqının da diqqətini çəkdi, Xocalı faciəsini əks etdirən film üçün maraqlı mətn olduğu gündəmə gəldi. Roman «Səsli kitab» seriyasından yenidən nəşr olundu. Eyni zamanda, yazıçının Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsər kimi mükafata layiq görülən «Alagöz» hekayəsi əsasında da film çəkiləcəyi, kinofestival üçün ekranlaşdırılan filmə rejissor Mariya İbrahimovanın quruluş verəcəyi söz konusu oldu. Təbii ki, bütün bunlar dost sevinc üçün çox böyük önəm daşıyır. Əyalət mühiti (artıq, bu, şərti mənada işlənən bir istiladı) nəfəsini Meyxoş Abdullahcasına dar çərçivədən böyük ədəbiyyat yoluna çıxarmaq, əlbəttə, təqdirəlayiq bir nəticədir.

            Meyxoş Abdullah yaradıcılığı mənim üçün çox maraqlı, sirayətedici istinad mənbəyi, zəngin mövzudur. Müşahidə etdiyi hər bir predmetin zəngin iç dünyasına ustalıqla nüfuz edə bilməsi onun yaradıcılığının başlıca keyfiyyətlərindəndir. Müşahidə etdiyi aləmin gerçək obrazı və metoforası (eyni zamanda, inikası) M. Abdullahın mükəmməl xarakteri, həyata baxışı, bədii düşüncə gücü ilə cilalanır. Əsərləri ilə ilk tanışlıq anındaca əlbəəl hiss edirsən ki, müəllif, bütün həmkarları kimi, öz qüvvəsini insanın darıxmaq şissinə qarşı çevirib. Onun əsərləri oxucuya təskinlik, hüzur gətirir. Elə ilk frazadan anlayırsan ki, gələcəyini ədəbiyyatda görən bir söz adamının əsərini oxuyursan.      Meyxoşun bir yazıçı kimi istinad etdiyi, ağlın və həyatın hərəkətverici qüvvəsi olan skeptisizm ilk növbədə həqiqətə xidmət edir, sənətə aparan yola yönəldir, nəhayət, qurtuluşa xidmət edir. Böyük rus şairi A.Blokun yaradıcı insan üçün başlıca şərt hesab etdiyi istedad və şəxsiyyət bütövlüyü M.Abdullahın yaşamında sözün həqiqi mənasında bir araya gəlib. Əsərlərinin başlıca motivi, qayəsi ümiddir. Və mən hər dəfə qələm dostumun ümidə, inama hesablanmış yeni yazılarını həvəslə oxuyub başa vuranda, yadıma dünyaşöhrətli ispan şairi Xuan Ramon Ximenesin aşağıdakı misraları düşür:  

İşıqlı daş-qaşlar kimi

çıxarıram qəlbimin

qutusundan ümidimi.

Qızım kimi,

sevdiyim bir qadın kimi,

bacım kimi

sevə-sevə

qızılgüllər arasında gəzdirirəm.

Süzürəm onu uzun-uzun,

Sonra yenə gizlədirəm…

            «Ümid nə yaxşıdır, ümidlə bitən məhəbbət qayıdır, sevgi qayıdır» (M.Araz) çoxbilmişliyi, müdrikliyi də var söz mülkümüzün. Bütün halı ilə Meyxoş Abdullahın yaradıcılığı oxucunu o gözəl, mutlu ümidin təskinedici şəfasına təslim edir. Yönəldir. Təlqin edir ki, hər şeydən öncə öz qəlbinin səsini dinlə, ümidli və inamlı ol, iç dünyadan gələn istək və arzulara qulaq as, «unutma ki, gözləyə bilənlər üçün hər şey öz vaxtında gəlir». Bir yazıçı, qələm adamı kimi, M.Abdullahın özü də bu düşüncənin, ümidlə yaşamağın, gələcəyə inamın barını dərənlərdəndir. Ədəbiyyat bilginləri İ.Buninin yaradıcılığını bütünlüklə öz zəmanəsi, habelə, xalqının taleyi, keçmişi və gələcəyi  ilə canlı surətdə bağlı olmasına görə dəyərləndirirlər. Təbii ki, bu meyar qələm, söz adına iddialı olan hər bir yazıçı üçün qızıl qaydadır. Və M.Abdullahın yaradıcılığı da, mənim fikrimcə, ilk növbədə sözügedən dəyərlərə etinalı olması baxımından incələnməlidir.

            Bu yazının lap əvvəlində qeyd etmişdim ki, təbii, qısa dost qutlamasında M.Abdullahın geniş oxucu auditoriyası qazanmış əsərləri barədə ətraflı bəhs etmək fikrində deyiləm. Ancaq «Dəli gülüş» və «Dəli Bəybala» adlı hekayələri var ki, bir oxucu olaraq şəxsən mən özümü o hekayələrin iç dünyasında hiss etmişəm. Elə bilmişəm bu hekayələr birbaşa mənim özümün həyat hekayələrimdir. O yerdə ki, «Dəli gülüş»ün Qəməri birdən-birə sazda ifa etdiyi «Ruhani»dən «Aran gözəlləməsi»nə keçir, bu məqamda anasıyla kiçik qızının qapı ağzında dayanıb, matı-mutu qurumuş halda ona baxdıqlarını görür, yuxudan qəfil ayılmış adam kimi diksinir və sazı çarpayının üstünə atıb dəli adamlar kimi qəhqəhə çəkib gülməyə başalyır – bax həmin məqam hər bir oxucunun həyatı boyu öz pünhan dünyasında hifz etdiyi daxili savaşı kimi gəlir gözləri önünə. Qəmərin bu dəli gülüşünü şəxsən özlərinin könüllərincə yaşaya bilmədikləri həyatın üzünə vurduqları tərs şillə kimi qəbul edir hər kəs.

            Eləcə də, hər bir oxucu həyatın gözlənilməz bir anında Dəli Bəybalanın yerində olub, səkidən götürdüyü çaylaq daşını, qəzəb tuluğu Balaxanın arvadın şeytansifət qızını lağ yerinə çevirən məhlə uşaqlarının başına çırpa. Ya elə o biçarə, havalı oğlanın əvəzindən Balaxanım arvadın gözəlçəsi Qəmzənin yanına gələn kişilərin maşınlarının təkərləri altına  nəsə bir şey qoyub partlada… Bütün halıyla hər bir oxucunun doğması, köhnə tanışı, içinin içidi Dəli Bəybala. Ona əzab verən nə varsa hər bir oxucu üçündür. Elə bil o boyda şəhər camaatının ağrısını təkcə Dəli Bəybəla yox, hər bir oxucu çəkir. Elə bil adamların hərcayiliyi təkcə Dəli Bəybalanın yox, hər bir oxucunun ürəyini partlama halına çatdırıb… Günlər ötdükcə şahidi olduğu hadisələrə tab gətirə biləmyən, bu səbəbdən az qala başına hava gələn Dəli Bəybalada hər oxucudan nəsə bir əlamət var.         Meyxoş Abdullahın əsərləri, sözə, sözün gücünə dərin etinası ilə oxucuyla obraz arasında bu vacib doğmalığı, içbirliyini yaradan azsaylı yazıçılarımızdandır. Hər bir «dəli»nin doğru xəbəri Meyxoş üçün maraqlı süjetdi. Onun obrazları həyatın paradoksal yaşamından gəlir. Sevə bildiyi üçün sevilir. Sevdirə bilməksə yazıçının başlıca uğurudur.

Müəllif: Sərvaz HÜSEYNOĞLU

SƏRVAZ HÜSEYNOĞLUNUN YAZILARI

MEYXOŞ ABDULLAHIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

                                                                                         

                                                                                                 

“Azərbaycan Ordusu” qəzetinin yaranmasının 30 illiyinə həsr olunan tədbir keçirilib – VİDEO

Müdafiə Nazirliyinin orqanı “Azərbaycan Ordusu” qəzetinin 30 illiyinə həsr olunan tədbir keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər qəzetin yaranma ideyası və tarixi, fəaliyyətinin əsas istiqamətləri, mövzu dairəsi haqqında ətraflı məlumat verərək, qəzetin yaranma günü münasibətilə bütün əməkdaşları təbrik ediblər.
Qeyd edilib ki, 30 illiyi qeyd edilən, Azərbaycanın mətbuat məkanında hər zaman özünə layiqli yer tutan “Azərbaycan Ordusu” qəzeti, Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi “Xalq Ordusu” adıyla 1992-ci ilin fevral ayının 11-də çap olunmağa başlayıb. Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılmasında, müharibə reallıqlarının operativ qaydada ictimaiyyətə çatdırılmasında qəzetin rolu barədə ətraflı məlumat verilib.
Bildirilib ki, “Azərbaycan Ordusu” qəzeti yarandığı gündən cəbhədə baş verən hadisələr barədə operativ məlumatlar yayıb. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi “Azərbaycan Ordusu” qəzetinin də tarixində mühüm bir mərhələ olub. Qəzetin əməkdaşları döyüşlərin getdiyi bütün istiqamətlərdə gündəlik səyyar qəzetlərin – “Sən qalib gələcəksən”, “Qalibiyyət döyüşü” və “Qələbə uğrunda” adları altında hazırlanmasına və çap olunmasına cəlb ediliblər.
Vətən müharibəsində qazanılan Zəfərdən sonra “Azərbaycan Ordusu” qəzetinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalına və Müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda redaksiyanın xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən əməkdaşları təltif olunublar.

İlkin mənbə: mod.gov.az


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏFAİL TAĞIZADƏ – DOĞUM GÜNÜM

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

DOĞUM GÜNÜM
Nеçə ildi аd günümüzdə
аnаsız doğuluruq biz
bu hаmilə dünyаdа.
Bu səhər yеnidən dоğuldum
аğrılаr, sеvinclər sаvаşındа.
Fеvrаl sоyuq,
həyаt sоyuq…
Arzulаr оyuq-оyuq.
Nə vахtdı
dоğum günümü özüm kеçirirəm,
yаdınа düşənlər, düşməyənlər vаr.
Atаm kеçirəndə
аd günümə hаmı gələrdi,
sеvinərdi, gülərdi…
Bu gün məni ilk təbrik еdən
əsgər оğlum оldu
səhər səkkizin yаrısındа.
Mən isti еvdə,
оğlumun üzünü sаzаq kəsir sərhəddə…
Məni təzədən dünyаyа gətirərdinmi аnа,
sоyuq fеvrаl аyındа?
11.02.2006.

Müəllif: Rəfail TAĞIZADƏ.

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ÜLKƏR NİCATLI – MƏKTUB

ÜLKƏR NİCATLININ YAZILARI

BİR MİSRA DƏNİZ
Bir misra dənizdir mənim ürəyim,
Ömrüm bu dənizdə tənha bir qayıq.
Oxu ləpirləri sahil boyunca,
Bir mənəm,bir sənsən,bir də ayrılıq.
* * *
Bir misra dənizdir mənim ürəyim,
Suları isladıb alın yazımı.
Allah,yarıtmadı bu ümid məni,
İndi qoy ayrılıq çəksin nazımı.
* * *
Bir misra dənizdir mənim ürəyim,
Bəxtim,bu sahildə bir şəklini çək.
Qağayı səsinə səp öz səsini,
Bütün ayrılıqlar uçub gedəcək.
* * *
Bir misra dənizdir mənim ürəyim,
Allah,bu dənizdə xoşdur bogulmaq.
Ayrı bir ləzzətdir,ayrı bir daddır,
Hər gün ölüb getmək,hər gün doğulmaq.

MƏKTUB
Allah,sənə yazdığım bu məktubu,
Hansı mələk yolda salıb görəsən?
Özün söylə indi harda durum ki,
Bircə dəfə əhvalımı görəsən?
* * *
Üz gözündə son ümidin ahı var,
Yanağımda yarpaqlayan payızın.
Bir mələyin dodağından yıxılan,
O təbəssüm könlün açmaz bu qızın.
* * *
Bu unutqan adamların içində,
Mən ki,səni unutmadım,ilahi.
Bəxt yazdığın o dəftərin içindən,
İtkin düşüb mənim adım,ilahi.
* * *
Bəyaz-bəyaz varaqlarla bu axşam,
Qurban olum,yenə səndən danışdım.
Şair qəlbi ərköyündür,bilirsən
Bağışla ki,işlərinə qarışdım.

SEVDALI ÜRƏK
Ulduzlar sönən kimi,
Sözlər həmən sayrışır.
Arzudan,həm şeirdən,
Həm sevgidən danışır.
* * *
Çağırır,aparır yol,
Yarır zülmət gecəni.
Tənhalıq bürüyübdü,
O yaşayan küçəni.
* * *
Sanki tanış deyilik,
Dünən ayrılsaq da biz.
İlk görüşdə olan tək,
Titrəyir hey səsimiz.
* * *
Sozalıbdı həniri,
Sevirəm sözünün də.
Buz nəfəsli ayrılıq
Dayanıb söz önündə.
* * *
Qızıl günəş eşq ilə,
Yer üzünü öpən tək.
Bax beləcə öpüşür,
İki sevdalı ürək.

KƏLBƏCƏR
Yolları bürüyüb vüsal qoxusu,
Gəldim görüşünə,salam,Kəlbəcər.
Sinəmdə misralar coşub çağlayır,
Bəs niyə bu qədər lalam,Kəlbəcər?!
* * *
Ötən xatirələr necə də sərin,
Arzumu,şövqümü yollara sərin.
Zəfər ətirlidir gələn səhərin,
Bu payız yenilməz qalam,Kəlbəcər.
* * *
Dağlara baxıram alışır könül,
Torpaqla,ağacla danışır könül.
Neçə dərə keçib,dağ aşır könül,
Bulaqların şirin laylam,Kəlbəcər.
* * *
Əhsən, ər oğluna, ərən oğluna
Basdın qədəmini zəfər yoluna.
Bu payız qoy bir az girim qoluna,
Sirdaşım, qardaşım,balam,Kəlbəcər!

HƏR GECƏ
Sənsiz çətin ömrüm sevgi qoxuya,
Könlüm əsir düşüb bu lal qorxuya.
Həsrətin bir misra verib yuxuya,
Hər gecə gələrəm yuxularına.
* * *
Qurudub gözümün yağışlarını,
Ovudub alnımın qırışlarını.
Söküb ayrılığın naxışlarını,
Hər gecə gələrəm yuxularına.
* * *
Bir ovuc ümidi səpib ağrıma,
Könlümə deyrəm:-daha ağrıma.
Sənli arzuları basıb bağrıma,
Hər gecə gələrəm yuxularına.
* * *
Ovcunda saxlayıb göy ahlarımı,
Bir gün qurudacaq gün ahlarımı.
Yollara döşəyib günahlarımı,
Hər gecə gələrəm yuxularına.

GÜNAH NAĞILI
Gözlərinin gözlərimə yazdığı,
O məktubun gözlərindən gen düşək.
Duyğuların əlifbası gizlidir,
Gəl bu gizli əlifbada görüşək.
* * *
Al ovcuna əllərimi şeirtək,
Xatirələr heca-heca oxunsun.
Sevgi-sevgi çiçəkləyən dodaqlar,
Bir meh kimi yanağıma toxunsun.
* * *
Əl eyləyək ötüb gedən anlara,
Çıxarmasın bu sevgini yadından.
Bircə misra məktub yazaq Allaha,
Bu bir anlıq xoşbəxtliyin adından.
* * *
Günahına qurban olum ay Allah,
Bu günahım oğurlayıb ağılı.
Bələnibdir taleyimin ətrinə,
Sevgi dolu bu günahın nağılı.

Müəllif: Ülkər NİCATLI

ÜLKƏR NİCATLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadənin ad günüdür!

Rəfail Tağızadə


AD  GÜNÜNÜZ   MÜBARƏK!!!

Bu gün gözəl insan, sevimli şair, tanınmış ictimai-siyasi xadim Rəfail Tağızadənin doğum günüdür. Ad gününüz mübarək, Rəfail müəllim! Uca Yaradandan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

QISA  ARAYIŞ

Rəfail Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb.

Rəfail Tağızadə əmək fəaliyyətinə Bakı Elektron Hesablayıcı Maşınları zavodunda  başlayıb. 1979-2000-ci illər ərzində həmin zavodda tənzimləyici, mühəndis, büro rəisi, aparıcı mühəndis, sex rəisi, konstruktor texnoloji büronun rəisi vəzifələrində çalışıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində 1994-1996-cı illərdə zabit kimi qulluq edib. Ümid Partiyası Ali Məclisinin və Mədəniyyətlərin Dialoqu Mərkəzinin sədridir.

Rəfail Tağızadə bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. “Palitra”, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Ədalət” qəzetlərində lirik şeirləri, publisistik yazıları vaxtaşırı dərc olunub. Dünyanın çağdaş avanqard şairlərinin, xüsusən çağdaş polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. “Qəfil görüş”,  Çağdaş polyak şeir antologiyası” kitabının həmmüəllifidir. Çağdaş polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” adlı şeir antologiyası kitabını hazırlayıb. “Qapı” (2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013) şeir kitablarının müəllifidir. Şeirləri ingilis, rus, polyak və ukrayna dillərinə tərcümə olunub.

Rəfail Tağızadə ordu komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri Fərmanlarla təltif olunub. Həmçinin 2000-ci ildə Beynəlxalq “Rəsul Rza” mükafatı ilə təltif olunub.


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dünya alimlərinin Rafiq Əliyev haqqında fikirləri

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Dünya alimlərinin Rafiq Əliyev haqqında fikirləri
1. Professor L. Zadə (ABŞ):
Rafiq Əliyev öz sahəsində aparıcı alimlərdən biridir və bununla beynəlxalq nüfuz qazanmışdır. Bizim birgə elmi diskusiyalarımızda və müzakirələrimizdə mən onun elmi nailiyyətlərini, xüsusən də hesablama intellekti və Soft Computing sahəsində dərin biliyini, problemləri duymaq qabiliyyətini daim görürəm, hiss edirəm. Onun hərtərəfliliyi qeyri-adidir. Doktor R.Əliyevin elmi fəaliyyəti onu dünya səviyyəli alimlər ilə bir sıraya qoyur. Onun elmi əsərləri tam mənası ilə görkəmli əsərlərdir. O, fundamental nəzəriyyələr yaratmaq və onları tətbiq etmək baxımından nadir qabiliyyətə malikdir.
2. Professor Ronald Yager (ABŞ):
“Rafiq Əliyev Amerikadan 7 min mil uzaqlıqda yerləşən Azərbaycanda yaşasa da o, Amerikadan çox əzəmətli görünür”.
3. Professor V. Pedriç (Kanada):
Rafiq Əliyev idarəetmə nəzəriyyəsi, qeyri-səlis məntiq sahəsində məşhur alimdir, onun fundamental kitabları əldən-ələ gəzir. R.Əliyevin elmi əsərlərinin təkcə sayı deyil, həmçinin bütün dünyanın tədqiqat laboratoriyalarında əldə edilmiş fundamental elmi nəticələri böyük təəssürat yaradır. O, eyni zamanda beynəlxalq arenada yüksək nüfuza malik konfransların proqram komitələrində iştirakı ilə də dünya elmi ictimaiyyətinə yaxşı tanışdır.
4. Professor R. Elrod və professor B. Fazlollahi (ABŞ):
Doktor R.Əliyev ABŞ-da öz həmkarları ilə birlikdə qeyri-səlis paylanmış intellektual sistemlər üzrə faydalı işlər görüb. Onun tədqiqatları robototexnika, optimallaşdırma, diaqnostika və s. sahələrdə geniş tətbiq olunub. Elmi nəticələri İran, Almaniya, ABŞ və başqa ölkələrdə mütəxəssislər tərəfindən geniş istifadə olunur. Biz hesab edirik ki, doktor R.Əliyev ən yüksək qiymətə layiqdir. Onun çoxsaylı əsərləri onun elmə verdiyi töhfələrin əyani sübutüdür.
5. Professor S. Klaçko (Almaniya):
Əfsuslar olsun ki, mən Azərbaycan elminin bugünkü səviyyəsi ilə tanış deyiləm. Çünki nə azərbaycan, nə də rus dilini bilirəm. Lakin deyə bilərəm ki, əgər Azərbaycanda texniki elmlərin elmi səviyyəsi professor R.Əliyevin işlərinin elmi səviyyəsinə uyğundursa, onda Azərbaycan özünü istənilən inkişaf etmiş sənaye ölkəsi ilə müqayisə edə bilər. Mən R.Əliyevin işləri ilə 90-cı ildə beynəlxalq çoxcildliyin baş redaktoru olarkən tanış olmuşam. 98-ci cildin müəllifi R.Əliyev idi. Mən fəxr edirəm ki, bu kitabın nəşrində iştirak etmişəm və bu kitab sistem texnikası üzrə qərbdə ingilis dilində yazılmış Azərbaycan aliminin ilk kitabı idi. Bu kitabın çox yüksək elmi səviyyəsi ilk dəfə olaraq Azərbaycan elminin bütün Qərb dünyası üçün vizit kartı oldu. O vaxta qədər Şərqdən Yaponiya, Hindistan və Çin alimləri qərbdə tanınırdı. Bu nəşrdən sonra professor R.Əliyev Amerikanın, Avropanın müxtəlif nüfuzlu universitetləri tərəfindən bərabər səviyyəli professor kimi müxtəlif dünya ölkələrinə dəvət olundu.
6. Professor D. Dyuba (Fransa):
Biz professor R.Əliyevlə müxtəlif konfranslarda görüşmüşük. O, informatika, sistem təhlili elmlərində müasir yanaşmaların formalaşmasında çox fəal bir alimdir. O, beynəlxalq elmi ictimaiyyətlə öz elmi laboratoriyasının əlaqələrinin genişləndirilməsinə xeyli əmək sərf edir.
Rafiq Əliyevin elmi nəticələri, elmi kadrlar hazırlamağı və beynəlxalq konfranslar təşkil etməyi heyrətamizdir.
7. Professor D. Antoni (İtaliya):
Doktor R.Əliyevin tədqiqatları qeyri-səlis məntiqdən tutmuş süni intellektin müxtəlif aspektlərinə kimi geniş problemlər spektrini əhatə edir. O, müxtəlif Beynəlxalq konfransların sədri kimi və müxtəlif beynəlxalq jurnalların redaksiya heyətinin üzvü kimi Beynəlxalq elmi ictimaiyyətə yaxşı tanışdır. İdarəetmə sahəsində çoxölçülü adaptiv sistemlərin qurulma üsullarını təklif etmişdir.
Doktor Rafiq Əliyev idarəetmədə yeni nəzəriyyələrin yaradıcısıdır.
8. Professor İ.Kuravaki (Yaponiya):
Doktor R.Ə.Əliyev mənə məlum olan və ABŞ, SSRİ, İran, Almaniya və s. ölkələrdə çap olunmuş 35 kitabın müəllifidir. O, xeyli sayda elmi işçilər hazırlamışdır. Onun elmi nəticələri praktikada geniş tətbiq olunur. Doktor Raifq Əliyev yeni nəzəriyyələr müəllifidir və intellektual robotlar sahəsində yeni elmi istqamət yaratmışdır.
9. Professor İ. Mamdani (İngiltərə):
Professor R.Əliyev bütün fəaliyyəti dövründə kompüter intellekti sahəsində öz tədqiqatlarını cəmləşdirən fəal və məşhur alimdir.
Bütün çoxillik tədqiqatı dövründə bu sahənin əsas problemlərinin həllində görkəmli nəticələr almışdır. Mən onu elmə sadiq, xüsusən də qeyri-səlis sistemlər və Soft Computing sahəsində fədakar alim kimi tanıyıram. Bu sahədə o, geniş ümumdünya elmi cəmiyyətinə yaxşı məlumdur və böyük sayda orijinal nəticələr almışdır. Raifq Əliyev öz görkəmli elmi fəaliyyəti nəticəsində öz elmi sahəsinin liderlərindən biri statusuna yüksəlmişdir.
10. NASA-nın idarəetmə üzrə mərkəzinin direktoru, professor M. Cəmşidi (ABŞ):
Mən böyük məmnuniyyətlə dostum Rafiq Əliyev haqqında aşağıdakı sözləri demək istərdim: R. Əliyev gözəl alim, maarifçi və tədqiqatçıdır. O, gənc nəslin inkişafı üçün, yüksək ixtisaslı kadr hazırlamaq üçün əlindən gələni edir. Çoxlu sayda aspirantlar və doktorantlar yetişdirmişdir. O, elə bir insandır ki, onun beyni daim axtarışlar və yeni perspektivlər əldə etməklə məşğuldur.
Professor R.Əliyev geniş mənada dövrümüzün ən görkəmli şəxsiyyətlərindən biridir. O, elmə, xüsusən qeyri-səlis məntiq, ekspert sistemlər və qeyri-xətti idarəetmə elm sahələrinə fundamental töhfələr vermişdir. Onun elmi nəticələri sayəsində Azərbaycan idarəetmə və Soft Computing sahəsində beynəlxalq elmi-texniki cəmiyyətin fəal üzvü olmuşdur.
Mən R.Əliyevi zəmanəmizin ən görkəmli bir alimi kimi tanıyıram. R.Əliyev bir çox elm və texnologiyalar sahəsində öz ölkəsini beynəlxalq hörmət və diqqət xəritəsinə çıxarmışdır.
11. Professor B.Qarça (ABŞ):
Mən, professor Rafiq Əliyevlə və onun elmi fəaliyyəti ilə ABŞ-da Corciya Dövlət Universitetində tanış olmuşam, onun seminarlarında iştirak etmişəm. Onun qeyri-səlis məntiq haqqındakı elmi məruzələri dərin, hərtərəfli və mənalı idi. Onunla uzun müddətli təmasda olma-ğım onun informatikanın nəzəri və praktiki problemlərini çox dərindən bildiyini və görkəmli elmi nəticələr aldığını göstərdi. Biz indi də onun elmə verdiyi töhfələrin təəssüratı altındayıq. Onu deyim ki, R. Əliyev nəinki görkəmli alimdir, həm də centlmen və intelegentdir.
12. IFSA (Beynəlxalq Qeyri-Səlis Sistemlər Cəmiyyəti) Prezidenti, professor I.Türkşen (Kanada, Türkiyə):
Professor Rafiq Əliyev Soft Computing elm sahəsinin yaranmasına böyük töhfələr vermişdir. Bunların içərisində intellektual robotlar üzrə elmi istiqamətin, yeni qeyri-səlis məntiqlərin, paylanmış intellektual sistemlərin yaradılmasını və b. göstərmək istərdim. R.Əliyevin elmi nəticələri robototexnika, optimallaşdırma, idarəetmə sahəsində geniş tətbiq olunmuşdur.
13. Zigen Universitetinin informasiya institutunun direktoru professor K.V.Bonfiq (Almaniya):
Uzun illərdir ki, biz prof. Rafiq Əliyevlə birlikdə müxtəlif elmi layihələr üzərində işləyirik. Onun tərəfindən alınan elmi nəticələr ümumdünya səviyyəsində olmuşdur və bu barədə dünyanın aparıcı alimləri öz müsbət rəylərini vermişlər. Biz Almaniyada birgə bir neçə fundamental kitablar çap etdirmişik, dünyanın müxtəlif ölkələrində müasir texnologiyalar üzrə 5 beynəlxalq elmi konfrans keçirmişik. Prof. R.Əliyev bütün dünyada böyük elmi avtoritet kimi tanınır.
14. Beynəlxalq İnformasiya Akademiyasının direktoru, doktor, professor Q.Rizzotto (İtaliya):
Rafiq Əliyevin elmi marağı müasir idarəetmə nəzəriyyəsi, qeyri-səlis məntiq, neyron şəbə-kələri, genetik alqoritmlər kimi sahələri əhatə edir. O, paylanmış intellektual sistemlər konsepsi-yasını təklif etmiş və belə sistemlərin işləmə üsullarını vermişdir.
Qeyri-səlis məntiq üzrə elmi nəticələri geniş tətbiq edilmışdır.
Professor R.Əliyev yeni elmi istiqamətin – qeyri-səlis-neyron şəbəkəsi əsasında intellektual robotların yaradıcısıdır. O, paylanmış intellektual sistemlər üzrə yeni konsepsiyanın və istiqaməin müəllifidir. Onun elmi nəticələri geniş tətbiq tapmışdır.
15. Rusiya EA İnformasiya İnstitutunun direktoru, akademik N.A.Kuznetsov:
Rafiq Əliyev informatika və idarəetmə sahəsində böyük alimdir. O, Rusiya, ABŞ, Almaniya, İngiltərə, Fransa, Yaponiya və dünyanın başqa ölkələrində öz elmi nəticələri ilə yaxşı tanınır. İdarəetmə və informasiya sistemləri sahəsindəki elmi nəticələrinə görə o, SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
R.Əliyev hibrid intellektual sistemlər nəzəriyyəsinin yaradılması və inkişafının əsasını qoyanlardan biridir.
R.Əliyev informatika və idarəetmə nəzəriyyəsi sahəsində elmlər namizədləri və doktorlarının hazırlanmasına çoxlu əmək və enerji sərf etmişdir.
16. Rusiya EA-nın Akademiki N.N.Şeremetevskiy:
Prof. Rafiq Əliyev inteqral sistemlərdə koordinasiya nəzəriyyəsinin, qeyri-səlis intellektual sistemlərin nəzəri əsaslarının və qurulma üsullarının yaradıcısıdır. R.Əliyev tərəfindən informatika və idarəetmə sahəsində nüfuzlu elmi məktəb yaradılmışdır. Rusiyada, ABŞ-da, Almaniyada, İranda, Azərbaycanda və başqa ölkələrdə çap etdirdiyi 43 kitab ona ümumdünya şöhrəti gətirmişdir.
17. Professor O. Kaynaq (Türkiyə):
Professor Rafiq Əliyev idarəetmə sistemləri, süni intellekt, qeyri-səlis çoxluqlar, neyron şəbəkələri və genetik alqoritmlər sahəsində gördüyü işlərlə dünyada ad qazanmış bir alimdir. O, bu elm sahələrinin dünya miqyasında yayılmasında əhəmiyyətli rol oynamışdır.
Raifq Əliyevin rəhbərliyi ilə 1994-cü ildə Təbrizdə, 1996, 1998, 2000-ci illərdə Almaniyada, 2001-ci ildə Antaliyada və Daşkənddə beynəlxalq konfranslar keçirilmişdir. Bu konfranslarla o, elmin dünya miqyasında yayılmasında əhəmiyyətli xidmətlər göstərmişdir.
Nəhayət, qeyd etmək istərdim ki, R.Əliyev dünya elmində ləyaqətli yer tutur.
18. Təbriz Universitetinin rektoru doktor, professor M.A.Hüsseyinpur Faizi, (İran):
Böyük məmuniyyətlə və əminliklə qeyd edirəm ki, professor Rafiq Əliyev müasir elmdə ən görkəmli alimlərdən və beynəlxalq fiqurlardan biridir. R.Əliyev Təbriz Universiteti ilə yaxından əməkdaşlıq etmiş, yeni fənlər tədris etmiş, İİR-də 2 kitab çap etdirmiş, Beynəlxalq konfrans keçirmişdir. Təbriz Universitetində elmin və tədrisin təşkilində onun böyük xidmətləri əvəzedilməzdir.
19. Ukrayna EA Kibernetika institutunun direktoru, akademik İ.V.Serqeyenko (Ukrayna):
Professor Rafiq Əliyev informatika və idarəetmə nəzəriyyəsi sahəsində məşhur alimdir. O, süni intellekt, Soft Computing və intellektual robotlar sahəsindəki elmi nəticələrinə görə ümumdünya alimləri tərəfindən tanınmışdır.
Onun təklif etdiyi ALI-1, ALI-2, ALI-3 qeyri-səlis məntiqləri öz nəzəri və eksperimental təsdiqini tapmış və praktikada geniş tətbiq olunur. R.Əliyev intellektual sistemlər nəzəriyyəsini xeyli inkişaf etdirmişdir. R.Əliyev informatika və idarəetmə sahəsində nüfuzlu elmi məktəbin yaradıcısıdır
20. Özbəkistan EA Akademikləri V.A.Kabulov, N.R.Yusubbekov:
Özbəkistanın elmi ictimaiyyəti prof. R.Əliyevi qeyri-səlis məntiq, idarəetmə nəzəriyyəsi, intellektual sistemlərin yaradılması sahəsində dünya alimlərinin müsbət rəyini almış, prinsipial yeni nəticlər vermiş görkəmli alim kimi tanıyır.
R.Əliyevin müxtəlif dillərdə nəşr olunmuş monoqrafiyaları dünyanın çoxsaylı ölkələrində yaxşı tanınır və istifadə olunur. Onun Özbəkistan alimləri ilə də sıx elmi əlaqələri və elmi kadrların hazırlanmasında əvəzsiz xidmətləri var.
21. İdarəetmə sistemləri institutunun direktoru, Akademik M.E.Salukvadze (Gürcüstan):
Professor Rafiq Əliyev informatika, hesablama texnikası və süni intellekt sahəsində geniş tanınmış, dünyada öz adı və yeri olan alimdir. Dünya elmində belə hesab edirlər ki, R.Əliyevin yaratdığı metodlar elmi idrakı əhəmiyyətli dərəcədə zənginləşdirmişdir.
Uzun illərdir ki, R.Əliyev Gürcüstan Akademiyasının alimləri ilə əməkdaşlıq edir və bu elm sahələrinin inkişafına yaxından kömək edir.
R.Əliyevi bir alim kimi səciyyələndirən xüsusiyyətlərdən biri də onun novatorluğu, daim yeni elmi-təşkilati problemlərin qoyulması və həll edilməsidir.
“Su kimi sakit və güclü” kitabından, Rəfail TAĞIZADƏ.

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


AYTAC İBRAHİM – ANAM

AYTAC İBRAHİMİN YAZILARI

ANAM
(Kifayət xanımın əziz ruhuna ithafən)
Elə bilirdim, insan əbədidir.
Əbədi ayrılıq qapımı çaldı…
Götürdü saçları günəş anamı,
Birdəfəlik torpağın qoynuna saldı.
* * *
Əlim çatmır, ünüm yetmir, qınama
Yuxularıma az-az gəlir nazənin anam.
Adam anadan yetim qalar da, a fələk
Çağırsam bir günlük gələrmi anam?
* * *
Bax olsam da dünyanın lap xoşbəxti,
Boynumu bükübdür ana həsrəti.
Nigaran körpəsi qalıb bu tayda,
Mən özüm burdayam, gör özü harda.
* * *
Yıxıbdır çiynimi bu ağır dərdim,
“Ana” deyib döyünüb yaralı qəlbim.
İndi yaman naçar, naxoş qalmışam
Barışmır, ay ana, ruhum, bədənim.
* * *
Sən özün hamıya həyan olmusan,
Kiçiklə, böyüyü bilən olmusan.
Axı, bu həyatdan nə tez doymusan,
Sınanır dost-tanış sənsiz, ay ana.
* * *
Bir gülüşün min ömrə də bədəl idi,
Bir sığalın saçlarıma çiçək idi.
Əllərin də isti idi, sanki yuva idi,
Getdin, üşüyürəm o yuvasız, ay ana.
* * *
Şad günlərim keçir eləcə sənsiz,
Gizli-gizli ağlayıram mən bəxtsiz.
Kaş olaydı bircə quru tək nəfəsin,
Ciyərlərim qoxun duyardı, ay ana…
19.09.2021.

YERİM
Düşdü ömrümün sarayından bir kərpic,
Qəlib salıb, qurutduğum dirənc yerim.
Belə dünyada olmur birdən diriliş,
Elə o gündən sınıb, bitib dirənc yerim.
* * *
Özümə söz keçirəmmirəm, qaldı ki ürək,
Acizanə, fağır, yetim bir az da ürkək.
Heç şikayət etmirəm, ömürdür sürək,
Çarəsiz bəndəyə tək Allahdır dirək…
* * *
Bilirəm yalnız o eşidir, əlbət, səsimi,
Ağlayıb incəltdiyim xəlvət səsimi.
Gündüzlər deyib, gülüb, danışdığım,
Gecələr sıxıb örtdüyüm kövrək səsimi.
* * *
Belədir əzəldən də bu dünyanın işi,
Atıb, tutub, saxlayacaq sona səni.
Bir də gördün qocalmısan yük çiyində
Aparıb qoyacaq öz əli ilə məzarə səni.
* * *
Düşünmə çox, olan olub keçəcək,
Unudacaqlar cəmi bir ayda səni.
Yeyəcəklər ehsanından doya-doya,
Verəcəklər düz bir qarış torpağə səni.
* * *
Umma belə dövrandan vəfa, ay şair,
Əhdə vəfa bu dövranə qalmayıb.
Yıxılmaz viranə qalan yerdə qəm evin,
Onsuz bu dünyada daha səfa qalmayıb.

TƏNHAYAM
Özümü bir anda tənha görürəm,
Deyəsən, ətrafım buza dönübdür.
Mən onlarçün rəngarəng çiçək açarkən,
Çiçəklər bir anda ləçək tökübdür.
* * *
İstəmirəm heç kəsin varın-dövlətin,
Mənim öz varlığım özümə bəsdir.
Göydə Allah durub, arxamda dağlar
Çəkilməz sədd kimi ətrafa dərsdir.
* * *
Demirəm ay kimi ucayam uca,
Allahdan ucası varmı ki, zalım?!
Sən indi məni də görmürsən demək,
Allahdır görənim, bilənim, zalım.
* * *
Yazıram şeirimi, qələmim möhkəm,
Onlardır ruhuma dar anda məlhəm.
A dünya, dayan bir az, doludur sinəm
Könlümün quru sözü, sənə də bəsdir.
03.02.2022.

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ ƏLİYEVİN AD GÜNÜDÜR!

Rafiq ƏLİYEV

Bu gün dünya şöhrətli Azərbaycan alimi Rafiq Əliyevin ad günüdür! Bu xoş gün münasibəti ilə Rafiq müəllimi təbrik edir, uzun ömür, can sağlığı bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik!

Əliyev Rafiq Əziz oğlu (10 fevral 1942, Novruzlu, Ağdam, Azərbaycan SSR, SSRİ) — texnika elmləri doktoru (1975), professor (1976), AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının sabiq müdiri, MBA proqram direktoru, ADNA, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti.

HƏYATI
Rafiq Əliyev 10 fevral 1942-ci ildə Azərbaycanın Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. 1948-1958-ci ildə Ağdamda orta məktəbdə təhsil almış, məktəbi medalla bitirmişdir. 1958-1963-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda oxumuşdur. İnstitut təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1964-1967-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspirantı olmuşdur. 1967-ci ildə texnika elmləri namizədi, 1975-ci il texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1967-1969-cu illərdə Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutunda (ETLİ) elmi-tədqiqat laboratoriyasının müdiri olmuşdur. 1976-cı ildən professordur. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 1989-cu ildən 2011-ci ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri olub. 1998-ci ildən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001-dən indiyə kimi isə bu universitetlərin BBA proqram direktorudur.

Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olmuşdur. Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlamışdır. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət göstərirlər.

Bilavasitə rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir Avropanın bir sıra ölkələrində ″Qeyri-səlis sistemlərin tətbiqi″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Özbəkstan Respublikasının Daşkənt şəhərində ″Qeyri-səlis sistemlərin tətbiqi və Soft Kompyutinq″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Türkiyənin Antalya şəhərində ″Sistem təhlilində, qərarqəbuletmə və idarəetmədə sözlə işləyən kompüter və Soft Kompyutinq″ üzrə beynəlxalq elmi konfranslar keçirilir.

İnformatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompyutingə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.

MÜKAFATLARI
1971 — Elm sahəsində Azərbaycan Lenin komsomolu mükafatı
1983 — Elm və Texnika üzrə SSRİ Dövlət mükafatı
1992 — Təbriz Universitetinin (İran) professoru
1999 — Corciya Dövlət Universitetinin (ABŞ) professoru
2000 — Zigen Universitetinin (Almaniya) professoru
2003 — Yakın Doğu Üniversitesinin (ŞKTR) professoru

ƏSAS ELMİ NAİLİYYƏTLƏRİ
Çoxölçülü və kombinə olunmuş determiristik, stoxastik (1967), qeyri-səlis (1981) idarəetmə sistemlərinin invariantlıq şərtlərinin formalaşdırılması;
İntellektual sənaye sistemlərində qərar qəbuletmə və idarəetmə proseslərinin inteqrasiya prinsiplərinin formalaşdırılması (1969);
Stoxastik dəyişən strukturlu sistemlərin sintez metodlarının işlənməsi (1976);
Çoxsəviyyəli paylanmış istehsalat sistemləri üçün koordinasiya nəzəriyyəsinin işlənməsi (1980);
AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması (1984-1986);
Qeyri-səlis modellərin adekvatlığ şərtlərinin formalaşdırılması (1984);
Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi (1986);
ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi (1987);
Qeyri-səlis paylanmış intellektual sistemlər konsepsiyasının formalaşdırılması (1988), onların yaradılma metodlarının işlənməsi (1993);
Agentləri arasında rəqabət və kooperasiya olan Soft Kompütinq əsaslı çoxagentli intellektual sistemlərin yaradılması (1997);
Qeyri-səlis neyron şəbəkələrinin genetik alqoritmlərə əsaslanan öyrənmə metodunun işlənməsi (1997);
Genetik alqoritmlər əsasında qeyri-səlis reqressiya təhlilinin yeni konsepsiyasının işlənməsi (1998);
Qeyri-səlis-xaos sinerci əsasında adaptiv idarəetmə sistemlərinin təklif olunması (2001);
Qeyri-səlis zaman sırıları əsasında yeni proqnozlaşdırma üsullarının yaradılması, 2002;
Ümumiləşmiş dayanıqlıq nəzəriyyəsinin yaradılması. Dinamik sistemlərin dayanıqlığının Zadə — Əliyev tərifi və meyarının təklif olunması, 2003-2007.

SEÇİLMİŞ ƏSƏRLƏRİ
Əliyev R.Ə. Avtomatik idarəetmə. Bakı: Maarif, 1993, 622 səh.(Azərbaycan dilində).
Алиев Р.А. Методы интеграции в системах управления производством. Moskva: Energoatomizdat, 1989, 271 s.
Aliev R.A., Aliev F.T., and Babaev M.D., Fuzzy Process Control and Knowledge Engineering. Koln: Verlag TUV Rheinland, 1991, p. 148. (İngilis dilində).
Aliev R.A., Bonfig K.W., and Aliev F.T., Soft Computing, Technik Verlag, Berlin, Germany, 2000, p. 448. (Alman dilində).
Aliev R.A., and Aliev R.R., Soft Computing and its Application, World Scientific, New Jersey, London, Singapure, Hong Kong, 2001. (İngilis dilində).

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru