Alabalıq (forel) — qızılbalıqlar fəsiləsinə aid olan balıq cinsidir. Alabalıq bulaq mənşəli dağ çaylarının və göllərinin daimi sakinləridir. Onlara şəffaf suyu və dibi daşlı olan bütün dağətəyi çaylarda da rast gəlmək olur. Azərbaycan ərazisində forellər Böyük və Kiçik Qafqaz sıra dağlarından, eləcə də Talış dağlarından süzülən bulaq mənşəli çaylarda yayılmışdır. Hər bir çayda yaşayan balıq öz rənginə, biololi və həmçinin bəzi morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin bütün çaylarda yaşayan alabalıqlar üçün bədəndə əlvan xalların olması xarakterikdir. Çayların dibinin vəziyyətindən asılı olaraq balıqların rəngi də dəyişə bilir. Əgər çayın dibi açıq rəngli daşlardan təşkil olunmuşdursa, onda balığın da rəngi açıq olur, əgər daşlar tutqun rəngdədirsə balığın rəngi də tünd rəngdə olur. Bütün alabalıqlar üçün ən xarakter xüsusiyyət onların soyuq suya və oksigenə hədsiz tələbkar olmalarıdır. Belə ki, suda istilik 15-18°C, oksigenin miqdarı isə 1 litr suda 7-8 sm3 olduqda alabalıqlar özlərini yaxşı hiss edir, yaxşı qidalanır və böyüyürlər. Suda temperatur yüksəldikdə (25° C-dən artıq) və oksigenin miqdarı azaldıqda (1 litrdə 4 sm3-ə endikdə) alabalıqlar özünü pis hiss edir, böyümədən qalırlar. Cinsi yetginliyə 2 (erkəklər)-3 (dişilər) yaşında çatırlar. Bu zaman balıqlar çayların yuxarı hissələrinə qalxaraq, onların qollarına daxil olur, orada öz kürülərini tökürlər. Hər bir balıq orta hesabla bir minə qədər kürü verir. Lakin balığın böyüklüyündən asılı olaraq kürünün miqdarı 2,5 minə qədər ola bilir. 1966-1969-cu illər ərzində Azərbaycanın müxtəlif dağ çaylarından, o cümlədən Daşkəsənin yaxınlığından axan Qoşqarçaydan və eləcə də Göy-göldən xeyli balıq tutulub tədqiq edilmişdir. Həmin balıqların çayda yaşayanlarının ən böyüyünün uzunluğu 37 sm, çəkisi isə 760 q. Əksər balıqların isə uzunluğu 15-25 sm arasında olmuşdur. Göy-göldə tutulan balıqların isə ən böyüyünün uzunluğu 40 sm, çəkisi 950 q olmuşdur, əksəriyyəti isə 25-35 sm uzunluğunda olmuşlar.
Yusifov Qoşqar Aslan oğlu 22 mart 1942-ci ildə Tovuz rayonunun Səfərli kəndində anadan olub. Orta təhsilini Böyük Qışlaq kənd məktəbində aldıqdan sonra Bakı şəhərində Rabitə texnikumunu (indiki Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecini) bitirib. Təhsilini başa vurduqdan sonra uzun illər Tovuz rayonunun Böyük Qışlaq kəndində rabitə qovşağının rəhbəri vəzifəsində çalışıb.
Qoşqar Aslanoğlu gənc yaşlarından şeir yazmağa başlayıb. Onun şeirləri el arasında sevilərək dillər əzbərinə çevrilib.
Yusifov Qoşqar Aslan oğlu 20 iyun 2017-ci ildə vəfat edib.
Səsimə çox zaman hay verən yoxdu, Xəyala dalıram əlim üzümdə. Sanmayın tənhayam, ətrafım çoxdu, Nə olsun uzaqdı, yaddı gözümdə.
Arxaya baxıram, qaralan yoldu, Nə bir qaraltı var, nə səs-səmir var. Bu qədər yol gəldim, görən nə oldu, Axı ad, soyad var, keçən ömür var.
Bircə şey bəllidi mənə həyatda, Sağlamsan, sağsansa qədrin bilinir. Beyində, şüurda, dərin alt qatda, Köçən sıfırlanır, tezcə silinir.
Yaşa, qədrini bil, var olan canın, Geridə qalanı Yaradan bilir. Çıxar ləzzətini bu günkü anın, Çünki sabah gəlir, ayrı gün gəlir.
Demə ki mələyəm, yoxdu günahım, Təqsirim hər şeyə qarışmağımdı. Dünyaya gəldim ki, sizlərə baxım Gedişim uduzub barışmağımdı.
OIMASIN İstəmərəm gözüm dolsun, Məni görən kəs olmasın. Tanrım işdən halı olsun, Bəndə filankəs olmasın.
Zaman cəllad, vaxtımız dar, Yıxılanı həmən udar. İçinizdə bir qərib var, Qıymayın, o, pis olmasın.
Oxu, bülbül, borcun durur, Hər gün könlüm səni sorur. Məni səsin bəmi yorur, Qoy zil olsun, pəs olmasın.
Bəzən yatıb gec qalıram, Dolaşmaqdan həzz alıram. Cəhətləri səhv salıram, Qatı duman, sis olmasın.
Səhv böyüksə, yadda qalar, Yaddaş hər an yada salar. Astarı üz bilsən olar, Ağlın dəlintərs olmasın.
1lə 3ün cəmi dörddü, Nə bir bərkdi, nə üç sərtdi. On üç sözü kimə dərddi?! 13 sayda nəhs olmasın.
Murad, bəlli yaşın çatıb, Baş ağrıtma ara qatıb. Mən biləni hamı yatıb, Biz də yataq, səs olmasın.
DEMƏSƏ DƏ Səhər durub şükür eylə, canda təpər deməsə də, Keçmə ədəb sərhəddini, baxma, çəpər deməsə də.
Başın, beynin tədavüsü hərdən azca dincəlməkdi, Can da ətdən, sümükdəndi, ağrı kəsər, deməsə də.
Sazın, sözün aşiqi ol, gözün bundan zərər görməz, Ürək coşar, sağ ol deyər, qara ciyər deməsə də.
Hərdən tək ol, zümzümə et, köklə səsi lazım olar, Kimsə duyar xoşu gələr, buna əsər deməsə də.
Puldu şəxsi var eləyən, boş-boşuna gedib gəlməz, Bezər pulsuz ticarətdən, yoxdu səmər deməsə də.
Hamı səni sevə bilməz, Yaradana asi olma, Zəlil edər həyatını, səsin kəsər, deməsə də.
Yüz ölç, bir biç, ağıllı ol, hər yetənə qulaq asma, Ağlın səni lağa qoyar, səndən küsər deməsə də.
Kimlər gəldi, kimlər getdi, bu həyatdan bil, ay Murad Dünya sənə biganədi, xeyrinə şər deməsə də.
NECƏ GƏLDİM, NECƏ ÇATDIM BU YAŞA Necə gəldim, necə çatdım bu yaşa, Heç bilmədim necə keçdi bu ömür. Ürək istər yalan ola, dil çaşa, Niyyətimi dümağ olan saç demir.
Nə dünəndi, nə bu gündü olanlar, Belə olub, belə olur, olacaq. Növbəlidi boşalanlar, dolanlar, Dolu başı yandıranmaz olacaq.
Zaman gedir, tutanmırıq ipini, Alışırsan, qaynayırsan, daşırsan. Hərdən şeytan göz ağardır, təpinir, Birdən birə əlifini çaşırsan.
Şükr edirəm məndən sonra qalana, Təki Allah sıxıntıya salmaya. Vay o gündən dirənəsən dalana, Tərpənməyə çıxış yolun olmaya.
Vaxtım çoxdu olanları çözməyə, Səbir istər yada salım birbəbir. Qorxuram ki, ürək buna dözməyə, Bu yaşımda bəs eləmir tək səbir.
Necə gəldim, necə çatdım bu yaşa, Yaradana bir ömürlük borcum var. Yol gedirəm son mənzilə birbaşa, Bu enerjim nəyə çatar, qurtarar.
DÜŞÜNƏK Bu dünya xali deyil, Geridə qalanı var. İnsanı yığvalı deyil, Pis günə salanı var.
Yaşadığın silinmir, Yaddaş var ortalıqda. Yaxşılığın bilinmir, Nə xaliqdə, balıqda.
Həyat nehrənin tayı, Doldurur çalxalayır. Yaxşıya yaxşı payı, Pisi pisə calayır.
Bir nahaq söz deyilir, Susursan, can çəkilir. Hərdən haqqın yeyilir, Təpəndə turp əkilir.
Dəlidən dolu olmur, Hər kəs tayını tapır. Oğrunun yolu olmur, Girir, talayır, çapır.
Uzaq ol, yanan oddan, Bir addım çəkil dala. Görmüsənmi heç yaddan, Adama yanan ola.
Oxu məni, ay insan, Qəribliyə salma gəl. Nəsihəti heç zaman, Vermək olmur əlbəəl.
Sözlə adam sağalır, Çalış ürək sındırma. Əməlin yadda qalır, Unut, heç vaxt andırma.
Bu dünya xali deyil, Hər sifətdə adam var. Hamı ziyalı deyil, Cahil olan aldanar.
EVİMƏ Gəl qulaq as ürəyimə, bir qonaq ol can evimə, Pişvazın ruh gətirər, şöhrət ilə şan evimə.
Sənin yerin bir ayrıdır, bilirsən ki, ürəyimdə, İstəmərəm yad toxuna, güllü-gülüstan evimə.
Ay üzündən, gözəlim, ruhlanaram, zövq alaram, Həll edərəm qəliz olan müşkülü asan evimə.
Bir arzum var ürəyimdə, gəlsən demək istəyərəm, Qibləsi məlum olan Kəbəyə baxan evimə.
Ay Murad, tövbə elə, zamanın var, gəl yoluna, Yaradana ağır gedər, salsan əgər qan evimə.
QOŞMA Səbirli ol, bu dünyada düz yaşa, Düzsənsə, qəti qorxma sorğudan. Ağız açma nadürüstə, əyyaşa, Pənah umma fırıldaqdan, oğrudan.
Çaylar çıxıb yatağından, düz axmır, Qismətdi, neyləyək, sözünə baxmır, Kor dünyadı tutduğunu buraxmır, Nədi səni dinc qoymayan, ağrıdan?!
Murad dinməz, dünya gözəl dolansa, Sevinc, fərəh üst-üstündən qalansa. Üzdə gülüş, gözdə nifrət yalansa, Nə gözləyim ağıllıdan, doğrudan.
Bu gün Azərbaycan foto və media məkanında özünəməxsus izi olan tanınmış fotojurnalist Rasim Sadıqovun 70 illik yubileyi qeyd olunur.
Rasim Sadıqov uzun illərdir ki, Azərbaycan mətbuatında fotoqraf və jurnalist kimi fəaliyyət göstərərək, ölkəmizin ictimai, mədəni və tarixi anlarını obyektiv vasitəsilə yaddaşa köçürən sənətkarlardandır. Onun çəkdiyi fotolar yalnız informativ sənəd deyil, həm də dövrün ruhunu və insan talelərini danışan vizual salnamədir.
Fotoaparatı ilə həyatın ən müxtəlif məqamlarını sənətə çevirən Rasim Sadıqov Azərbaycan fotoqrafiya məktəbinin inkişafına öz töhfəsini verən dəyərli sənətkarlar sırasında xüsusi yer tutur.
Azərbaycan Fotoqrafları Birliyi adından Rasim Sadıqovu 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq!
Sənət yolunuz daim işıqlı, obyektiviniz isə həmişə həyatın ən gözəl anlarını görən olsun.
Azərbaycanın ən uzunömürlü aktyoru, Nəriman Nərimanovun toxunulmazlıq hüququ verdiyi, elçiliyini özü edən Ağasadıq Gəraybəylinin doğum günüdür. Aktyorun qızı Zemfira Bədəlovanın sözlərinə görə, Ağasadıq Gəraybəylinin doğum tarixi 1897-ci il yox, 1883-cü ildir: “Atam 105 yaşında vəfat edib. Ancaq hər yerdə yanlış olaraq onun 95 yaşında vəfat etdiyini yazırlar. Atam bizə ermənilərin dinc azərbaycanlıları necə qırdıqlarını, evlərindən çıxardıqlarını danışırdı. E*rmənilər Şamaxıda neçə-neçə ailəni öldürüblər. Atamın ailəsi möcüzə sayəsində sağ qalıb. Atam həm aktyor, həm də insan kimi Əbdürrəhimbəy Haqverdiyevin xoşuna gəlmişdi. Buna görə də tez-tez görüşürdülər. Üzeyir Hacıbəyov atam üçün dahi idi. Üzeyir bəyin musiqisi səsləndiriləndə atam əlindəki işini atıb, ona qulaq asardı. Üzeyir bəy atamın ev almasında kömək etmişdi. Atamın teatr kursuna yazılmasına səbəbkar da Üzeyir bəy olub. Atamla anam evlənəndən sonra belə, anam Üzeyir bəydən tarda çalmağı öyərnirdi. Nəriman Nərimanov atama xüsusi kağız vermişdi ki, bu şəxsə toxunmaq olmaz”. Ağasadıq Gəraybəylinin sevdiyi qız – gələcək həyat yoldaşı üçün elçiliyini Hüseyn Ərəblinski etsə də, qızın atası, Bakının keçmiş bəyi elçilərə yox cavabını verir. Belə olduqda kasıb aktyor dostunun pencəyini geyinib qızın evinə gedir. Qızın atasına deyir ki, heç nəyim yoxdur, pencəyimi də borc almışam, mənim sizin qızınızdan xoşum gəlir. Ağasadıq Gəraybəylinin səmimi danışığı kişinin xoşuna gəlir və qızını aktyora ərə verməyə razı olur.
“Sözün xaqanı” romanı universitetdə ədəbi görüşlə təqdim olundu
Bakı Azərbaycan Texniki Universitetində görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə “Sözün xaqanı” tarixi romanı ətrafında yaddaqalan ədəbi görüş keçirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xaqani yubileyinin ölkə səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncamın ruhuna uyğun təşkil olunmuşdu. Müəllif və əsərin təqdimatı Görüşdə romanın müəllifi Sona Abbasəliqızı İsmayılova əsərin yazılma prosesi, Xaqani Şirvaninin zəngin ədəbi irsi və əsərin Azərbaycan və dünya ədəbiyyatındakı rolu haqqında geniş məlumat verdi. Bildirildi ki, “Sözün xaqanı” təkcə tarixi şəxsiyyətin həyatını deyil, həm də dövrün ictimai-mədəni mühitini, sözün və düşüncənin qüdrətini oxuculara çatdıran dəyərli bir əsərdir. Qeyd olundu ki, kitabın ön sözü tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Nadir Məmmədli tərəfindən yazılmış və əsərin elmi-ədəbi dəyərini daha da artırmışdır. Elmi-tədris mühitində əhəmiyyəti Roman artıq universitet dərsliyinə daxil edilmişdir. Dərslikdə təqdim olunan tanınmış yazıçıların nümunələri arasında Sona Abbasəliqızı İsmayılovanın “Sözün xaqanı” romanından beş cümləlik bədii parça də yer almışdır. Bu, əsərin həm bədii, həm də elmi-tədris baxımdan yüksək qiymətini göstərir və gənc nəslin ədəbiyyata, dil mədəniyyətinə marağının formalaşmasına töhfə verir. Təşkilatçılar və iştirakçılar Görüşün təşəbbüskarı universitetin Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev olmuşdur. Tədbirdə universitet müəllim və tələbələri ilə yanaşı, bir sıra tanınmış ziyalılar və qonaqlar da iştirak edirdilər: Filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı Xızı rayon Mikayıl Müşfiq adına tam orta məktəbin direktoru, “Tərəqqi” medalı mükafatçısı Svetlana Rüstəmova Filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, ASKEF Azərbaycan başqanı və Orta Asiya təmsilçisi, Prezident mükafatçısı, əməkdar jurnalist Sona Abbasəliqızı İsmayılova Araşdırmaçı-yazar Əli Vəliyev Yazıçı Samir Arifoğlu Abdullayev Şair Xəzər Bəy Hikmətoğlu Yazıçı Tarverdi Abbasov Şair Sevda Muradəliyeva və digər ziyalılar, müəllimlər və tələbələr görüşdə fəal iştirak etdilər. Gənc nəsilə təsir Çıxış edənlər əsərin gənc nəslin milli ədəbiyyatımıza və tariximizə marağının artmasında mühüm rol oynadığını qeyd etdilər. Tələbələrin fəal iştirakı, verdikləri suallar və ədəbiyyata olan maraqları görüşə xüsusi canlılıq qatdı. Qeyd olundu ki, Prezident sərəncamından sonra ölkənin müxtəlif məktəblərində, institutlarında və elm ocaqlarında Xaqani irsinin təbliği ilə bağlı silsilə tədbirlər planlaşdırılır. Bu baxımdan “Sözün xaqanı” romanının müəllifi ilə görüşlərə maraq günü-gündən artır.
Səmimi və ədəbi ruhda keçən görüş xatirə şəkilləri və müəllifin kitabları imzalaması ilə yadda qaldı. Tədbirin sonunda iştirakçılar böyük söz ustadı Xaqani Şirvaninin irsinin gənc nəslə daha geniş şəkildə tanıdılması üçün belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğuladılar.
Yazarlar.az olaraq, biz də öz növbəmizdə Sona İsmayılovanı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!