Etiket arxivi: ƏLİ BƏY AZƏRİ

ƏLİ BƏY AZƏRİ – ŞƏHƏRLİ QIZIN DƏLİ SEVGİSİ

ƏLİ BƏY AZƏRİNİN DİGƏR YAZILARI

ŞƏHƏRLİ QIZIN DƏLİ SEVGİSİ

(povest)

Yazın gəlişi ilə təbiətin qoynuna sanki güllü-çiçəkli xalı salınmışdı, kənd özü də elə bil çiçəkləmişdi…

Qaşqa kolavatın bomboz simasından əsər-əlamət qalmamışdı. Köhnə kənd yerindən üzü Abuseyid dərəsi yuxarı Sarı Güney boyunca yeni məhəllələr salınmış, bir-birinə boy verməyən villalar tikilmişdi – hamısının da dam örtüyü rəngbərəng olduğundan kənardan baxana güllü-çiçəkli laləzarı xatırladırdı. Yeni məhəllələrin fonunda iyirmi beş evlik kənd yaylaqda obadan aralıda alaçıq quran yetimlərin çavıstanına oxşayırdı.

On beş ildən çoxdu ki, bu kənddə qulaq quqquldayırdı. Kəndin əsas olmasa da vacib dolanışıq yeri sayılan geoloji ekspedisiya idarəsi bağlandıqdan sonra kişilər çörəkpulu qazanmaq adıyla kimin gümanı hara gəldisə baş götürüb getdilər. Kimisi yaxın şəhərlərdə qərar tutdu, kimisi də rusetə gedib çıxdı. Bir müddət keçəndən sonra şəhərdə qərar tutanların iki təsərrüfatı saxlamağa gücləri çatmadı. Kənddə qalan ailə-uşaqlarını da yığıb birdəfəlik şəhərdə kirayələdikləri mənzilə köçdülər. Kənddə yalnız qocalar qaldı – onlar da gücləri çatan təsərrüfat saxlamaqla başlarını qatırdılar. Bir də hər evdə bir uşaq saxladılar ki, heç olmasa ibtidai siniflərdə oxuyan olsun, məktəb tamamilə bağlanmasın.

Beləcə, səsli-küylü kənd sanki bir anın içində boşaldı. 

Üç-dörd il bundan əvvəl necə oldusa “şəhərli” olanların yadına düşdü ki, füsunkar cənnətməkan təbiətin qoynunda gözəl bir kəndləri qalıb. Kəndə qayıdıb yeni-yeni malikanələr, villalar, bağ evləri tikməyə başladılar. Sanki bir-birinin qarşısında fors göstərir­miş­lər kimi onlarla bərabər şəhərli qonşularından, iş yoldaşlarından da gəlib kənddə tikili salanlar oldu. Qulaq quqquldayan dərələri traktorların səsi lərzəyə gətirdi, betonvuran maşınlar az qala dağları silkələyəcəkdi.

Qatırçı Hüsünün nəvəsi Fərrux da şəhərdə ali məktəbi bitirib əsgərliyini çəkəndən sonra kəndə qayıtdı. “Mən şəhərdə yaşaya bilmərəm. Kənddə də qazanc gətirəsi iş yerləri bağlanıb. Fərdi təsərrüfat yaratmaqdan başqa çıxış yolum yoxdur” dedi. Atası Dadaş Muradbəylinin tanınan, sayılıb seçilən insanlarından biriydi. Şəhərdə tikinti firması vardı, yaxşı da pul qazanırdı. Anası Nargilə xanım mühasibatlığı bitirmişdi, indi də firmanın hesabatlarını hazırlayırdı. Fərruğa nə qədər təklif verdilər ki, gəl, sənə də şəhərdə bir iş verək, razılaşmadı. Elə “kəndə qayıdıram” deyib dirəndi.

-Bəxtəvər xalxın başına. Cavan uşaqlarını kənddə zorla saxlamaq istəyirlər, ancaq qalmırlar. Mən bədbəxt, yalvarıram ki, kəndə qayıtma, şəhərdə ürəyin istəyən yüngül iş verim, başını girlə, eşitmir. – Atasının heyfslənərək belə deməsindən başqa çarəsi qalmadı. Gördü ki, oğlu dediyindən dönmür, razılaşdı, özü-özünə təskinlik verdi. – Yaxşı, oğlum, sən qayıt kəndə, Hüsü babanla, Laləzər nənənin yanına, onlara həyan ol. Hələlik təsərrüfat işlərində kömək elə. Kənddə təsərrüfatı babandan yaxşı bilən yoxdur, nə öyrənə bilsən, ondan öyrən. Mən də ananla birlikdə bacılarının cehizləri ilə məşğul olaram. Elə ki, onları gəlin köçürtdük, bir az yüküm azaldı, onda nə desən sənə kömək edəcəyəm. İstiyərsən kənddə fermer təsərrüfatı yaradarsan, istiyərsən şirkətin filialını açarıq, bölgədə tikinti ilə məşğul olarsan.

Beləcə, çox mübahisədən, götür-qoydan sonra axır ki, razılaşdılar. Ertəsi gün Fərrux kəndə, babası ilə nənəsinin yanına qayıtdı. O, istəsə də təkbaşına, atasının dəstəyi olmadan təsərrüfat yarada bilməzdi. Təsərrüfat yaratmaq üçün təkcə atasının verdiyi pul və babasından aldığı məsləhət bəs etmirdi. Qoyunları otarmağa, yununu qırxmağa çoban tutmalıydı, südünü sağıb pendir hazırlamağa adam tapmalıydı. Kənddə qalan qoca və qarılar bu işə yaramazdılar. Bu işə həm təcrübəli, həm də yaş etibarı ilə məhsuldar adamlar lazımdı. O adamlar isə yaxınlıqda yerləşən qonşu kənddə yox idi və olub-olmadıqlarını, bu işə gəlməyə razılıq verib-verməyəcəklərini nə Fərrux bilirdi, nə də babası. Odur ki, Fərrux günləri boş keçməsin deyə ulu babası Üçpapaq Nağıdan miras qalmış köhnə evi sökdürüb, yerində yeni məhəllələrdə tikilən evlərə oxşar ev tikdirmək istəyirdi. Bu da alınmazsa, heç olmasa mamır basmış dam örtüyünü dəyişdirmək ürəyindən keçirdi ki, kəndə gəlib-gedənlərin, ələlxüsus da onları tanıyanların gözündə evləri çox da pis görünməsin. Ona elə gəlirdi ki, kənardan baxanda təzə tikilən villaların yanında onların da evi tövləyə oxşayır. Di gəl ki, babası bir söz deməsə də, nənəsi Laləzar arvad dinə-imana gəlmirdi, elə iki ayağını bir başmağa dirəyib durmuşdu.

-Nə evi sökməyə, nə də şiferini dəyişməyə icazə vermərəm. Burada sənin ulu baban Üçpapaq Nağı doxsan il ömür sürüb, bir yeri də ağrımayıb. Mən də babanla neçə illərdir ki, bu evdə yaşayırıq. Şükür Allaha, çox ruzili-bərəkətli evdir. Leysan yağıb, alaçarpaz çovğunlar olub, başımıza bircə damcı yağış düşməyib. Xeyir ola onun damını, divarını sökməkdə? Olmaya qızıl axtarışına çıxmısan? Qızılımız olsaydı indiyədək biz özümüz götürmüşdük.

-Ay rəhmətliyin nəvəsi, qızıl nədir, gümüş nədir, mən sənə ağzımda söz deyirəm, sən də başqa yerə yozursan.

-Nə qədər ki, babanla mən bu evdə yaşayırıq, evlə işin olmasın. Adam gorgah dağıtmaz. Biz qalan ömrümüzü sakit yaşamaq istəyirik. Ev söküb tikməyin nə olduğunu da yaxşı bilirik. Ev çadır deyil ki, beş dəqiqəyə burda sökdükdən sonra qatıra yükləyib aparıb lap dağın başında qurasan. Ancaq biz öləndən sonra nə istəsəniz, necə istəsəniz eləcə də edərsiniz.

Ertəsi gün atası zəng edib hal-əhval tutanda Fərrux arzusunu ona da bildirdi. Amma ondan da istədiyi cavabı ala bilmədi.

-Laləzər nənən necə deyirsə eləcə də olmalıdır. Bu dəqiqə işimiz başımızdan aşıb-daşır. Ev söküb, ev tikməyə nə vaxtımız, nə də həvəsimiz var. Yaxşı olar ki, sən babandan hələlik təsərrüfatın qaydalarını, sirlərini öyrən. Ona kömək elə. 

-Danışmaqla öyrənmək mümkün deyil. Atan düz deyir, təsərrüfatı öyrənmək üçün gərək səhər-axşam onun içində olasan. – Hüsü babası da sevimli nəvəsinə belə öyüd verdi.

Odur ki, kəndçiləri ilə danışıb razılığa gəldilər, Fərrux kəndin heyvanını otarmağa başladı. Səhər obaşdan yuxudan durur, yavanlıq-çörək, termosda çay qoyulmuş heybəsini götürür, kəndin aralığına çıxaraq səslənir və ağıllardan açılıb buraxılmış heyvanları qabağına qatıb örüşə otarmağa aparırdı.  

***

Tibb Universitetində təhsil alan Yelena yay semestr imtahan­larını uğurla başa vurub beşinci kursa keçdi. Yayı şəhərdə qalıb dincələ bilərdi, atası Aftandilin tanıdığı vəzifəli şəxslərdən birinin özəl klinikasında təcrübə də keçmək olardı. İngilis dilini yaxşı bilirdi, xarici şirkətlərdən birində tərcüməçilik də etmək mümkündü. Ancaq nəyə görə? Tətil məgər işləmək üçündür?

Dolanışıqları çox yaxşıydı, atasının qazancı bəs edirdi, heç nəyə ehtiyacları qalmırdı. Həm də nişanlıydı, bu payız toyları olacaqdı. Düzdür, nişanlısı Fehruz bir o qədər də ürəyincə deyildi, özü də Yelenadan düz on yaş böyükdü, ailə planlanması böyüklərin razılığı üzrəydi. Amma nə etməli? Bəzən belə də olur. Həyatın qisməti ilə razılaşmışdı artıq. Çünki tibbdə oxuyan qızlarla evlənməyə hər oğlan can atmır – özü də metis qız ola.

Aftandil Marina ilə Qazanda əsgərlikdə tanış olmuşdu. Marina özü də metis idi – atası milliyyətcə tatar, anası isə sadə rus qadınıydı. Aftandillə Marinanın tanışlığı sonralar dərinləşmiş və aralarındakı münasibət sevgiyə çevrilmişdi. Qara kişi belə bir evliliyə qarşı çıxsa da arvadı Fatma onu yola gətirə bilmişdi.

-Qoy gəlsinlər. Tatar olanda nə olar? Lap urus olsun! Təki bir-birlərinə həyan olsunlar. İndi kimdir kənddə qalan – cavanların hamısı çıxıb şəhərə gedir. Yollaşarlar, yaşayarlar, yollaşmazlar da Qazan balası qayıdıb vətəninə gedər. Elə bilərik ki, oğlun evə qonaq gətirmişdi, qayıtdı, çıxdı getdi urusetə.  

Yayı şəhərdə qalıb vaxtını boşuna keçirməkdənsə, kəndə gedib, heç olmasa təbiətin qoynunda, təmiz havada bir-iki ay dincəlmək istəyirdi. Şəhərin zəhlətökən küləyindən, tozundan, torpağından bezmişdi. Həm də dost-tanışla, qohum-əqrəba ilə, rəfiqələrlə telefonda nə qədər laqqırtı vurmaq olardı? Elə bil şəhər camaatının işi-gücü yoxdu, asılıb qalmışdılar telefonun dəstəyindən, biri ilə danışıb qurtarmamış o birisindən zəng gəlirdi. “Ay qız, telefonla nə çox danışırsan? Səhərdən sizin xəttə düşə bilmirik. Avtomat elə hey “məşğuldur” deyir!” Hələ bir qabaqdangələnlik də edirdilər. Ya da evə gəlib-gedən qohumlarla boş-boşuna otur, onlara çay ver, yemək hazırla. Hə, nə olsun?!

Mağazaları gəzib-dolaşmaq da ürəyindən keçmirdi. Dünyanın hər tərəfindən o qədər baraxlo gətirib tökmüşdülər ticarət mərkəzlərinə ki, adam ora gedəndə nə axtardığını unudurdu. Ziyafətlər, məclislər də təşkil olunmurdu, hər kəsin başı işə necə qarışmışdısa, pul qazanmağa necə aludə olmuşdularsa, özləri yadlarından çıxmışdı. Anası Marina dillənməsə də, yaxşı ki, atası bunu boynuna alırdı.

Atasının rəhbərlik etdiyi turizm firmasından ayırdığı maşın Yelenanı isti iyul günlərindən birində kəndə gətirdi. Fatma nənəsi onun gəlişinə çox sevindi. Sürücünü yola salmadan öncə beçələrdən birini tutub kəsdirdi.

-Ay nənə, beçəni kəsdirib neynirsən? – Yelena istədi etiraz etsin. – Şəhərdə ət yeməkdən bezmişik.

-Bişirəcəm, yeyəcəyik, ağrın alım, buraların ətinin dadı şəhərdə yediklərinizlə bir deyil. – Fatma nənə asta-asta cavab verdi. – Baban rəhmətə gedəndən sonra çox əziyyət çəkirəm. Həm də kənddə, ümumiyyətlə, kişi cəhətdən çox kasadçılıqdır. Odur ki, quş kəsdirmək istəyəndə gərək əvvəlcə onu kəsəcək kişini axtarıb tapasan.

Kənddə birinci həftə çox maraqlı keçdi. Yelena qocaların əhatəsində sanki nağıllar aləminə düşmüşdü. Fatma nənəsi evdə elə bir şərait yaratmışdı ki, Yelenanın gəlişi az qala bayram kimi qeyd olunurdu. Bir o qədər də iş-gücə başı qarışmayan Zöhrə qarı, Ziyad qoca, Mirvari arvad, Qumru xala, bir sözlə, aşağı məhəllədəki qonşuların hamısı Fatma nənənin başına yığışır, nəvəylə nənənin söhbətlərinə qulaq asır, həm də yeri düşdükcə özləri şirin-şirin əhvalatlar danışırdılar. Yelena ən çox şəhər həyatından bəhs edər, hərdən də heç vaxt ağrımayan, nadir hallarda xəstələnən, o da ancaq zökəmə tutulan qocalara tibdən öyrəndiklərindən məsləhətlər verərdi. Onlar da ilk dəfə eşidirlərmiş kimi gələcəyin “doxtur qız”ına diqqətlə qulaq asırdılar. Qocaların söhbətləri Yelenaya maraqlı göründüyü kimi, bəzən onun danışdıqlarından da qocaların ağzı açıq qalırdı.

Növbəti günlərdə evdə darıxmasın deyə nənəsinin məsləhətilə Yelena kəndin ətrafını gəzməyə çıxdı. Gəzə-gəzə kənddən aralanıb gölün kənarına gəldi. Ona nənəsi göl barədə demişdi, ancaq Yelena görünüşün belə heyrətamiz olacağını təsəvvür etmirdi. Bura əsl möcüzəli bir guşə idi. Gölün kənarında dayanıb bir xeyli seyrangahı tamaşa etdi, əvvəl-əvvəl gölə, onun gömgöy, dumduru suyuna, içində üzən kiçik balıqlara, sonra ətrafa, gölü əhatələyən ağaclara, çox da sıx olmayan kolluqlara, yamyaşıl yamaclara diqqətlə baxdı. Abu Seyid dərəsi yuxarı, göldən çox da uzaqda olmayan, quzey boyunca salınan yeni məhəllədəki bərri-bəzəkli evlər ona böyük dibçəklərdəki allı-xallı gülləri xatırlatdı. Hava çox istiydi, çimmək könlündən keçdi. Əlini suya salıb yoxladı, yaxşıydı, ilıqdı, çimmək olardı. Ha boylandısa da ətrafda heç kim görünmürdü. Nazik üst paltarını çıxardıb bir yana qoydu. Dərinliyi öyrənmək üçün ehmalca suya girdi. Dərinə getməyib elə dayaz yerində bir xeyli çimdi. Göl ona o qədər xoş təsir bağışladı ki, vaxtın necə keçdiyindən xəbəri olmadı. Bir də baxdı ki, inəklər ağızlarını marçıldada-marçıldada örüşdən kəndə qayıdırlar. Yuxarıdan bir bölük qoyun-keçi də otlaya-otlaya gölə yaxınlaşmaqdaydı. Qız tez sudan çıxdı, sahildə bir daşın üstündə dayanıb mümkün qədər qurulandı. Sonra koftasını geyinmədən əynində yalnız ağ mayka, kəndə tərəf getdi. Kəndin girəcəyində iki ortayaşlı qadın bulaqdan səhənglərinə su doldururdular. Yelena onları kənddə olduğu bu on-on beş gündə bir dəfə də olsun görməmişdi, görünür yuxarı məhəllədən idilər. Salam verib keçmək istəsə də qadınlar üzlərini o tərəfə çevirdilər. Onlar Yelenanı maykada, çiyinləri açıq vəziyyətdə görüb astadan mızıldanmağa, deyinməyə başladılar.

-Şəhərdən gələn qızdır – Fatma qarının nəvəsi.

-Bunun geyiminə bir bax – özü də, deyirlər nişanlıdır.

-Nə utanmağı var, nə ar eləməyi. Adam da kənd yerində belə açıq-saçıq gəzər? Kişilər görsə nə deyər?

-Elə bizim kişilər şəhərdə belələrini görüb ki, ağızları əyilib qalıblar orda, qayıdıb gəlmək bilmirlər.

-Zamana yansın ki, bunları bu günə salıb.

-Zamana buna neyləsin? Biz də bu zamanada yaşayırıq. Bəs biz niyə əndəzadan çıxmırıq? – İkinci qadın bunu lap ucadan, özü də çox hirsli dedi.

Yelena nə qədər özünü eşitməməzliyə vurub ötüb keçmək istəsə də alınmadı. Eşitdiklərindən təngə gəldi, bir anın içində göldə çimərkən, təbiəti seyr edərkən aldığı xoş təəssürat əriyib yox oldu. “Bəlkə səhv etmişəm kəndə gəlməkdə?” – ilk öncə düşündüyü bu oldu. “Yox, qoy nə donquldanırlar, donquldansınlar. Kimdir onların sözünə fikir verən. Heç vecimə də deyil. Mən bura istirahətə gəlmişəm. Kefim necə istəyəcək, eləcə də dincələcəm. Bədbəxt insanlardır. Onlar bir ömür yaşadıqları həyatlarında nə görüblər? Bəlkə heç ərləri onların çılpaq bədənlərini bircə dəfə də olsun görməyiblər! Bircə tez ərə getməyi bilirlər. Sonra uşaq doğmaq, ev, məişət işləri, vəssalam. Qayğı o qədər çoxalıb ki, ərləri öhdəsindən gələmmir. Ərləri nə etməlidir, şəhərdə pul qazanıb göndərməsin, görüm siz burda nə tapıb yeyirsiniz? Qoy nə danışırlar, danışsınlar. Buranın gözəl havası, suyu, təbiəti var. Qalıb ürəyim istəyən kimi dincələcəyəm”. Başını aşağı salıb, daha heç kimlə üzləşməmək üçün evə qayıtdı. Fatma nənəsi evdə yox idi, yəqin tövləyə inəyi bağlamağa getmişdi. Tez evə keçib paltarını dəyişdi və yenidən həyətə çıxdı. Nənəsi ilə görüşüb rastlaşdığı mənzərə və qadınlar barədə söhbət etmək istəyirdi ki, gördü Fatma nənə tövlənin qabağında ucaboylu, enlikürək, yaraşıqlı bir oğlanla yır-yığış edirlər. Qonşu Zöhrə qarı da təndirin qabağındakı tut ağacının dibində çəliyinə sökənərək çöməlib oturub, müştüyə doldurduğu demisini çəkir.

-Zöhrə qoca o kimdir elə – Fatma nənəmin yanındakı? – Yaxınlaşıb astadan soruşdu.

-Dəli İsmayıldır – Mələy arvadın oğlu. Necə bəyəm?

-Qəribə görünüşü var. Mən onu heç vaxt görməmişəm. – Yelena nədənsə onu gördüyünə təəccübləndiyini bildirib dodaqlarını büzdü.

-Hərdən gəlib bizə kömək edir. Tövləni süpürür, mallara ot doğrayır, nə bilim, təsərrüfat işlərimizə əl atır. Mən də oturub onu gözləyirəm. Cöngə yenə qızıb, məni yaxınına buraxmır, tutub bağlaya bilmirəm. Gözləyirəm, Fatma nənənin işlərini görüb qurtarsın, aparım. Cöngənin dilini ancaq o bilir.

Yelena başa düşməsə də ki, cöngə niyə qızıb, soruşmağa da utandı. “Münasib bir vaxt Fatma nənəmdən soruşaram” deyə düşündü. “Cöngə niyə qızsın? Məgər cöngə də dəvə kimidir?”

Zöhrə qarının dediyinə görə Dəli İsmayıl Qaçaq Yedgarın nəticəsiydi – oğlu Pəhlivanın qızı Mələkdən olan üç uşaqdan biriydi. O biri uşaqlar çıxıb şəhərə getmişdilər, İsmayıl isə dəli olduğundan, kənddə anasının yanında qalıb babasının gorgahında çıraq yandırırdı. Deyirdilər ki, Qaçaq Yedgar çox mərd kişi olub. Onun qorxusundan nə İranın lotu-potuları, nə də bu tayın qaçaq-quldurları ətrafdakı kəndlərə toxuna bilmirmiş. Evi daima qonaqlı-qaralı olarmış. Kimin nə diləyi, istəyi varımış, gəlib bildirərmiş. Amma arvadı Şahlıx qarı cırtqozun biriymiş. Günlərin birində qapıya gələn qonaqlardan biri Yedgar evdə olmadığından onu gözləməli olur. Çaydanı götürüb ocağın üstünə qoyur ki, isinsin. Bunu görən Şahlıx arvad gəlib isti çaydanı ocağın üstündən götürüb qolu gəldikcə selbələyir. Həmin vaxt cinin balası ordan keçirmiş, isti çaydan onun ayağını yandırır və cinin balası şikəst olur. Cin də qəzəblənib dil açır və deyir ki, yaxşı, Şahlıx, sən qaynar suyu töküb mənim balamın qıçını yandırdın, ömürlük şikəst etdin. Vaxt gələr, mən də sənin nəslindən olan şahveçə bir iyidi yandırıb sizə göz dağı verərəm. Görənlər deyir ki, İsmayıl, elə bil Yedgarın özüdü.

Əlbəttə ki, Yelena belə xurafatlara inanmırdı, o, başqa ruhda tərbiyə olunmuşdu, dünyagörüşü genişdi. Ancaq qocaların heç birinin sözünü kəsməz, onlara diqqətlə qulaq asardı.

***

Zöhrə qarının bir qız nəvəsi onunla qalırdı – adı Yasəmən idi. Bu il on beş yaşı tamam olacaqdı. Anası Zərnigar qonşu kəndə gəlin köçmüşdü. Muradbəylidə uşaq çatışmadığından Yasəməni gətirmişdilər ki, həm nənəsinə həyan olsun, həm də burada oxusun. Öz kəndlərində də işsizlik yarandığından atası Fəxrəddin çıxıb Rusiyaya getmişdi. Fəxrəddin gedəndən sonra Zərnigar qalmışdı iki kənd arasında. İbtidaini bitirən kimi Yasəməni məktəbdən ayırdılar. “Qoy kənddə qalıb nənəsinə kömək etsin. Şəhərə gedib kimdə qalacaq, necə oxuyacaq? Oxuyanların hamısının ağzı bala batıb, qalıb Yasəmən!”

Yasəmən kənddə qaldığına baxmayaraq çoxbilmiş bir qızdı, bütün günü televizorun önündəydi, Türk seriallarından birini də buraxmazdı. Odur ki, ilk tanışlıqdan Yelenanın quşu qondu bu qıza, qocalardan gizlin nə sirləri vardı, bölüşürdülər.

Yelena Dəli İsmayılı görən kimi ondan xoşu gəldi, sanki çiçəyi çırtladı. Elə bil illərlə axtardığı adamı tapmışdı. Lap pəhləvana oxşayırdı, peyinlə dolu kisəni bir əli ilə götürüb çölə aparırdı. Hər əlində bir böyük ot bağlaması tayadan düşürdü və tövləyə aparırdı ki, axurlara dağıtsın. Yelena şəhərdə belə birini görməmişdi, heç vaxt təsəvvürünə də gətirə bilməzdi. Kinoda gördüklərinə isə nağıl, əfsanə kimi baxırdı. 

Gördüklərini yerli-yataqlı Yasəmənə danışan Yelena soruşdu:

-Yasəmən, həmin oğlan kimdir?

-Ay qız, sənin onunla nə işin var?

-Heç, elə-belə soruşuram.

-Dəli İsmayıldır. – Yasəmən bir az da qımışan təhər oldu. Yelenanın Dəli İsmayıla maraq göstərməsi Yasəmənə gülməli görünürdü. – Doqquz yaşında qoz ağacına çıxıbmış, cinlər itələyib yıxıblar. Doqquz gün huşda qalıb, ayılmayıb. Kəndin bütün soyuducuları ona buz hazırlayırmış. Başını ancaq buzla əhatələyirmişlər ki, ölməsin. Sonra qocalar birtəhər ayıldıblar.

-İndi nə işlə məşğuldur? Neçə yaşı var? – Yasəmənin danışdıqları Yelenanın heç vecinə də deyildi. O, öz istədiklərini öyrənmək üçün soruşurdu.

-Heç nə. Elə ona-buna kömək edir. Bir də beş-altı quzusu var, salıb yanına aparıb gölün qırağında otarır. Bir də gölün yuxarı başında vələs ağacının dibində özünə yer düzəldib. Hər gün gedib orda balıq tutur. Quzuları da elə öyrədib ki, yanından uzağa getmirlər. Bir az otlayan kimi qayıdıb yanına gəlirlər.

-Nişanlısı, istədiyi qız varmı?

-Sən nə danışırsan? – Yasəmən təəccüblə soruşdu. – Onun elə yekə olmağına baxma. Ağlı uşaq ağlı kimidir. Nə deyirsən, gülür. Hara buyurursan, qaça-qaça gedir, ağzında deyirsən dəli.

-Qızlara heç maraq göstərmir?

-Bir-iki dəfə söz-söhbət olub. Sənin kimi şəhərdən gələn qızlar özləri ona maraq göstəriblər. Görəndə ki ağlı yerində deyil, tez də uzaqlaşıblar.

Ertəsi gün Yelena həmin vaxtda gölün qırağına gəldi, bu dəfə hazırlıqlı idi, çimərlik paltarı əynindəydi. Özü ilə dəyişməyə alt paltarı və məhrəba da götürmüşdü. Günəş şüaları altında gölün suyu adamın üzünə bərq vururdu. Xəfif meh suyu asta-asta ləpələndirirdi, bəzən də su günün şüasını güzgü kimi əks etdirib adamın gözünü qamaşdırırdı.

“Kim nə deyir, desin, burada günlərim niyə xoş keçməsin ki? Gərək milyonlarla adamın içində dənizdə çiməm? Şəhərin səsli-küylü küçələrində qulağım tutulsun, bir yandan da ara vermədən çalınan maşın siqnalları başımı ağrıtsın? Təbiətin sakit bir guşəsində özüm üçün dincəlirəm də”. Üst paltarlarını soyunub çimərlik paltarında suya girdi. Bir az üşüyəntəhər oldu, tez də öyrəşdi. Bir xeyli çiməndən sonra baxdı ki, Dəli İsmayıl gölün yuxarı tərəfindəki ağacın dibində oturub. Amma ona tərəf baxmır. Bir neçə dəfə şappıltı ilə suya baş vurub çıxdı ki, görsün Dəli İsmayıl ona baxacaq, ya yox. Gördü ki, yox, İsmayıl öz işindədi, heç ona tərəf gözünün ucu ilə də baxmır. Bəlkə də oğrun-oğrun baxırdı, məsafə uzaq olduğundan bunu müəyyən etmək çətindi. Elə Yelenaya da belə gəldi. Yoxsa indi nə balıq tutacaqdı? Günəş şüalarında balıqlar suyun dibinə yatır, daşların arasında gizlənirlər. Bir də İsmayıl bunu hardan biləcəkdi. Ağzında deyirsən dəli.

Yelena gölün sahilinə çıxıb yavaş-yavaş yuxarıya doğru addımladı. Bəzi yerlərdə otlaq sahəsi ilə gedəsi olurdu. Qurumuş otların çubuqları nərmənəzik ayaqlarını ağrıtsa da vecinə deyildi – bir maraq, bir istək onu çəkib aparırdı. Gölün yuxarı hissəsində, çayın gölə tökülən yerində balaca körpü düzəltmişdilər ki, o tay-bu taya keçmək mümkün olsun. Xüsusən də yaz aylarında, çay daşır və üstündən keçmək mümkün olmur.

Körpünün tağına balaca bir qayıq bağlanmışdı. Bu qayıqla iki nəfər göldə rahatca gəzə bilərdi. Yelena bir anlıq xəyalına gətirdi ki, İsmayılla ikisi göldə gəzişir, necə də xoş anlar yaşayırlar. Tez də özünü qınadı. Niyə nişanlısı ilə deyil, Dəli İsmayılla, bu hardan onun ağlına gəldi, heç özü də bilmədi. Bir də Dəli İsmayılla gəzişsə nə olasıdır ki?

Körpünü keçib Dəli İsmayıl kölgəsində oturan iri gövdəli vələs ağacına tərəf addımladı. Qurşaqdan yuxarı çılpaq olan İsmayıl gölün içində üzü o tərəfə dik durmuşdu. Balaqları dizlərindən də yuxarı çımranmış kisə kimi enli şalvarı onu olduğundan bir az da qəribə, daha doğrusu gülməli göstərirdi.

Dəli İsmayıl arxasında eşidilən şıqqıltıya dönüb baxdı və tez də başını əvvəl baxdığı istiqamətə çevirdi. Sonra əlində bərk-bərk tutduğu tilovu çəkib arxa-arxaya bayaq oturduğu yerə yaxınlaşdı və üzü gölə tərəf oturdu. Yelena asta addımlarla ona yaxınlaşıb arxasında dizi üstə çökdü. Günəş şüaları İsmayılın kürəyini yandırıb əməlli başlı qaraltmışdı. Hətta elə yandırmışdı ki, çiyinlərinin qabığı soyulurdu.

İsmayılın arxasında dizi üstə çömələn Yelena əvvəlcə əlini onun kürəyinə toxundurdu. İsmayıl heç bir söz deməsə də, sanki onun əti Yelenanın soyuq əlinin toxunuşundan çimçəşdi. Tez çiyinlərini çəkdi və sakitləşdi. Sanki bir anlıq qıdığı gəlmişdi, yaxud kürəyinə ağacdan qarışqa düşmüşdü. Qız onun çiyinlərindəki soyulmaqda olan qabıqdan bir-iki dəfə götürüb yerə atdı. Sonra əli ilə incə, yumşaq tərzdə kürəyini, çiyinlərini sığalladı.

-Salam, İsmayıl. – Handan-hana dilləndi. – Gəl, tanış olaq. Mənim adım Yelenadır. Üzünü mənə tərəf çevir, mənə bax.

-Sən… niyə… nəyə… gəlldin? – İsmayıl başını çevirmədən çox həyəcanlı halda qırıq-qırıq soruşdu.

-Mən səni dünən axşam gördüm, Fatma nənəmə kömək edirdin. Gözlərinə baxdım və başa düşdüm ki, səndən xoşum gəlir. Sənin necə də gözəl gözlərin, məftunedici məsum baxışların var. Heç vaxt fikirləşməmişdim ki, belə ola bilər. Bircə, cəmisi bircə dəfə gördüyüm oğlan belə xoşuma gələr. Mənə bax, nə olar. – Yelena baxdı ki, sözləri İsmayıla təsir etmir. Bayaqdan necə oturubsa eləcə vəziyyətdə də qalır. Heç nə demədən qabağa, gölün içinə, bəlkə də məchul bir nöqtəyə baxır. Onun hərəkətlərindən belə görünürdü, çünki başını heç tərpətmirdi. Odur ki, tez suya tullanıb İsmayılın qabağına keçdi. – Mən sənə əlimi toxundurduğum kimi sən də mənə toxundur, qorxma. Mənim saçlarımı qoxula.

İsmayıl gözlərini yerə, suyun dibinə dikib qalmışdı. Özündən asılı olmayaraq tir-tir titrəyirdi. Başını yuxarı qaldırmağa qorxurdu. Fikirləşirdi ki, bu birdən yuxu ola bilər. O, da Yelenanı dünən görmüşdü. Şən, qıvraq, gözəl Yelena çox qəşəngdi, lap mələk kimi bir qızdı. İsmayıl heç vaxt belə qız görməmişdi. Kəndlərindəki qızlar çox balaca idilər və İsmayılın qorxusundan həmişə kənar gəzərdilər. Şəhərdən dincəlməyə gələnlər hərdənbir atmacalar atsalar da Yelena kimi gözəl deyildilər və mehriban davranmırdılar. O, inana bilmirdi ki, belə gözəl bir qız onun yanındadır, bütün ehtiraslı vücudu ilə qarşısında dayanıb.

Ax, axmaq kəndçilər! Onu heç adam yerinə də qoymurdular. Ancaq dəli deyib, danışdırıb gülüşürdülər. Bəs bu şəhərdən gələn qız? Dəli İsmayıl da bu qıza qarşı içində şirin bir nə isə hiss etməyə başlamışdı, özü də indi yox, lap elə dünəndən, Yelenanı gördüyü andan. Özünün də baş açmadığı, indiyədək onda olmayan bir istək baş qaldırmışdı onda…

-Əllərinlə… mənə toxun.., qorxma.

Yelena bir də təkrarladı. Dəli İsmayıl, sanki qurğuşun kimi ağır əlinin handan-hana yuxarı qaldırıb göydə saxladı. Ehmal-ehmal başını da yuxarı qaldırıb sevgi dolu məsum baxışlarla qızı süzdü. Qorxdu ki, toxunan kimi qarşısında dayanan bu məleykə yoxa çıxa bilər. Bir xeyli gözləyəndən sonra yavaş-yavaş hərəkətə gəldi, əlini qızın ona tərəf uzanmış əlinə toxundurdu. Sudan yenicə çıxmış əlində bir istilik əmələ gəldi, buxarlanma başladı. İsti bir cərəyan onun bütün bədənini bürüdü. Dodaqları səyridi, əsdi, çənəsi taqqıldamağa başladı, özünü güclə ələ ala bildi.

-Bu… bu… düzgündürmü..? – Dəli İsmayıl dodaqları əsə-əsə soruşdu.

-Nəəə..? – Hiss etdiyi qeyri-adilikdən Yelenanın da dodaqları səyridi.

-O… düzdür ki, sən… mənə vurulmusan? Sən… məni sevirsən? Mən sənin… xoşuna gəlmişəm?

-Əlbəttə! – Yelena sevincindən yüksək tonla dedi və onun əlindən tutub kürəyinə apardı. Sonra o biri əli ilə onun boynunu, boğazını sığalladı, diqqətlə qəhvəyi gözlərinə baxdı. Bu an onun gözlərində bir uşaq sevinci parlayırdı.

Yelena sevincdən özünü saxlaya bilmirdi. Əli ilə onun boynunun dalından sıxmaqla dodaq-dodağa toxunmaqları bir oldu. Dodaqlarını bərk-bərk onun dodaqlarına sıxdı. Elə sıxdı ki, aradan bir udumluq hava da keçə bilməsin.

***

Beləcə, günlər öz axarı ilə davam edirdi. Dəli İsmayıl Yelenaya elə öyrəşmişdi ki, istəyirdi səhər açılan kimi qaçıb gölün qırağına gəl­sin. Onun dili də açılmışdı – qaradinməz oğlan lap fitil-fitil ötür­dü.

-Sənin dodaqların bal kimidir.

-Bal kimidir, yoxsa baldır.

-Həm baldır, həm də bal kimidir. Adam istəyir dişləyib yesin.

Növbəti günlərin birində Aftandil kişi qızına zəng vurdu ki, hal-əhval tutsun. Təxminən Yelena da göldən yenicə qayıtmışdı. Dodaqları od tutub yanırdı. Paltarını dəyişib güzgüyə baxırdı ki, zəng gəldi.

-Hə, eşidirəm!

-Qızım, nə var, nə yox. Necəsən?

-Lap yaxşıyam, ata. Təmiz havada doyunca dincəlirəm.

-Darıxmırsan ki?

-İndi-indi başım şəhərin hay-küyündən rahatlıq tapıb.

-Qocalarla necə, dil tapırsanmı?

-Çox yaxşıdırlar. Mənimlə mehriban davranırlar. Söhbətlərindən doymaq olmur.

-Fehruz da istəyir gəlsin kəndə, bir həftəlik icazə istəyir. Həm toy barədə bəzi şeyləri müzakirə edərsiniz, həm də o, bir az dincələr.

-Yox, yox, heç kim gəlməsin. Mən Fehruzsuz da nənəmlə burada yaxşıca dincəlirəm. Artıq adam gəlsə əlavə iş-güc yaradacaq. Bir də toy barədə nə müzakirə edəcəyik? Sən özün necə müəyyənləşdirəcəksən, eləcə də olacaq. Fehruz, qoy yavaş-yavaş şəhərdəki işləri sahmana salsın. Məndən salam söylə, anama, bibimgilə, qohumlara. Nə vaxt ki, hazırlaşacam gəlməyə, özüm zəng vuracam, maşın göndərərsiniz. Hələlik, atacan, xudafiz!

-Hələlik!

Kənd yeri də kənd yeridir. Xəncəri xurcunda gizlətmək olmur. Onun Dəli İsmayılla görüşməyini kimsə uzaqdan görüb və kəndə hay salıb. İsmayılın özünü danışdırıblar, dəli hər şeyi açıb deyib. Ağzında deyirsən dəli. Dəliyə də etibar etmək olar?          

Odur ki, Yelena telefonla danışıb qurtaran kimi qapının arxasında gözləyən Fatma nənə ilə Zöhrə qarı qapını açıb içəri keçdilər.

-Yelena, mən axı sənə demişdim, Dəli İsmayılla işin olmasın, onu rahat burax. Sən axı nişanlı qızsan, bu gün-sabah ərə gedəcəksən.

-Mən axı neyləmişəm? – Yelena təəccübdən yerində donub qalmışdı.

-Bundan artıq neyləyəcəksən? Dəli İsmayılın başını yeyib, beyninə qurd salmısan.

-Niyə taleyi qırılmışın taleyini bir də sındırmısan? – Zöhrə qarı da Yelenanın üstünə yeridi. – O yazığın nədir günahı ki, o kökə salmısan?

Yelena belə dönüş gözləmirdi. Sakitcə, heç nə olmayıbmış kimi çiyinlərini çəkdi.

-Mən heç nə başa düşə bilmirəm. Taleyi qırılmış İsmayılın həyatını bir də mən necə sındıra bilərəm?

-Məgər görmürsən ki, İsmayıl dəlidir? O, hər üzünə gülənə sevinir. Elə yekə olmağına baxma, lap körpə uşaq kimidir. Sən də onun üzünə gülmüsən, başını sığallamısan. Demisən ki, ona ərə gedəcəksən. Özünlə şəhərə aparacaqsan. Tramvaya, troleybusa mindirib şəhəri gəzdirəcəksən. Aparıb zooparkdakı heyvanları göstərəcəksən.

-Bunları kim deyib sizə?

-İsmayıl özü danışıb. Bir bizə yox e.., bütün kəndə danışıb.

-Nə düşmüsünüz qızın üstünə? – Bu vaxt içəri girən Təranə xala qocalara çəmkirdi. – Sizin də işiniz-gücünüz qurtarıb. Kimdir İsmayılın sözünü ciddiliyə alan? Dəli İsmayıldır da.., ağlına gələni danışır.

-Yelena, qızım, odla oynamaq olmaz. Mən bunu sənə demişdim. – Fatma nənə çox mülayimliklə məsləhət verdi. – Dəlinin sevgisi, məhəbbəti də vəhşi olar. Özün oxumuş qızsan. Məcnun Leylinin dərdindən dəli olub çöllərə üz tutur. Sonra da Leyli İbn Səlamın əlindən qurtarıb qaçır Məcnunun yanına. Məcnun isə az qalır ki, qızı tutub boğsun. Get deyir, sən o Leyli deyilsən.

Qocalar qəhqəhə çəkib gülüşdülər. Təranə xala ilə Yelena da onlara qoşuldu.

Qısa yay gecələri quştək uçub getdi. Gündüzləri də Yelena Dəli İsmayılla xoş günlər keçirtdi, heç kimin dediyinə fikir vermədi. “Özləri deyir, dəlidir, uşaq kimidir, özləri də bunu mənə qısqanırlar. Kaş ki, İsmayılın bədəni Fehruzda, Ya da Fehruzun başı İsmayılda olardı! Mən də öz xoşbəxt həyatımı sürərdim. Bir gör necə öyrəşmişəm ona?!”

***

Axşam Fərrux sürünü örüşdən gətirəndə babası qatırçı Hüsü həyətdə qoyulmuş taxtın üstündə bardaş quraraq oturub armudu stəkanda kəklikotu çayı içirdi. Qapıdan içəri girən nəvəsini görcək qarısına səsləndi.

-Uşağa çay gətir.

Fərrux yaxınlaşıb babası ilə görüşdü.

-Axşamın xeyir, baba.

-Gəl, yanını yerə ver. – deyə babası ona taxtın küncünü göstərdi. – Yəqin çox yorulmusan? Bir kəklikotu çayı iç, bütün yorğunluğun keçib getsin.

Laləzər arvad böyük stəkanda bulanıq bir çay gətirdi, nəvəsinin böyründə taxtın üstünə qoydu.

-Çayınızı için, yemək də bir azdan hazır olar, – deyib getdi.

Hüsü kişi çayından bir qurtum içib stəkanı yenidən nəlbəkinin içinə qoydu.

-Hə, oğlum, necə deyərlər, çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu.

-Başa düşmədim, baba. Dəyirmanın bura nə dəxli var?

-Dəxli çoxdur, Fərrux. Deyirəm, görən Dadaşınan Nargilə nə fikirləşirlər?

-Nə barədə, baba?

-Sənin barəndə, Fərrux, sənin barəndə.

-Onlar mənim barəmdə nə fikirləşəsidirlər ki?

-Çox şey fikirləşməlidirlər. Sən artıq ərgən oğlansan. Təsərrüfatda da, maşallah, babana oxşamısan. Nənən də çox razıdır. Elə kəndçilər də razılıq eləyirlər. Deyirlər ki, Fərrux harda yaxşı yer var, heyvanı orda otarır. Axşam, səhər quzuları əmizdirəndən sonra yaxşıca süd sağırlar. Bu azmıdır? Heç mənəm-mənəm deyən çobanlar sənin yerişini yeriyə bilmirdi.

-Qoy bir az da öyrənim, baba. Həm də bir az öz pulum olsun. Mütləq fərdi təsərrüfat yaradacağam.

-Sənə halaldır, oğlum. Əsl babanın nəvəsisən. Böyüyüb, boya-başa çatmısan. Boş-boşuna nə qədər subay-sərgərdan gəzmək olar?

-Baba, qoy bir işlərimizi qaydasına qoyaq, sonra o barədə fikirləşərik.

-Elə mən də onu deyirəm, sən işlərini qaydasına sal, qoy, anan bu barədə fikirləşsin. Kənddə bir yaxşı qız olsaydı, Laləzər elə bu axşam başının üstünü almışdı, heç səhərə də saxlamamışdı.

-Qıza nə gəlib, indiki vaxtda qızdan çox qız. – Laləzər arvad, deyəsən baba ilə nəvənin şirin-şirin danışığına qulaq asırmış. – Fatmanın nəvəsi elə bil ay parçasıdır, özü də öz ayağı ilə gəlib çıxıb. Ancaq…

-Nə ancaq, Laləzər? Sən kişi işinə qarışma, get, yeməyini hazırla.

-Mən nə dedim ki? Gəldim, görəm, çayınızı içmisiniz, yenisini gətirəm. – Laləzər arvad boş stəkanları götürüb getdi, heç ikicə dəqiqə keçmədi ki, yenilərini gətirib baba ilə nəvənin qabağına qoyub işinə qayıtdı.

-Hə, Fərrux, sənin fikrin nədir?

-Pis qız deyil. Ancaq Yelena, gərək ki, medinstitutda oxuyur. Şəhər mühitində böyüyüb. Biz bir-birimizlə uyğunlaşa bilmərik.

-Sən onun şəhər mühitində böyüməsinə baxma, qanında, iliyində axan kəndli genidir. Onu elə bu yerlərə dartıb gətirən də odur.

-Bir də nə bilim, uşaqlar deyir ki, Dəli İsmayılın…

-Uşaqlar deyir, qələt eliyir. Dəli İsmayıl adamdır ki, sən gül kimi qızı ona qısqanasan? Qız gölə çimməyə gedir, yəqin İsmayıl da oralarda veyillənir. Qız da hamı kimi hərdənbir atmaca-zad atır, deyirlər bəs torbada pişik var. – Hüsü popirosundan bir qullab vurub sözünə davam etdi. – Şəhərdə sən onları görüb eləmisən?

-Yox, baba, şəhərdə mənim heç onların varlığından xəbərim yox idi.

-Yaxşı, sən işində ol. Laləzər nənən sabah o işlə maraqlanar.

Bu vaxt Laləzər arvad yeməyi qablara çəkib gətirdi.

-Nəyi deyirsən, ay kişi?

-Sənin qulağın yenə bizdədir?

-Mənim qulağım da, gözüm də, canım da, nəyim varsa hər şeyim sizdədir.

-Sabah onda o şəhərli qız var e.., Fatma arvadın nəvəsi, onnan bir maraqlan, gör adamı var, ya yox?

-A kişi, siz nə danışırsınız, Allah ona gözəllikdən verib, ağlını alıb. Ondan Dadaşa gəlin çıxmaz.

-Niyə, ay arvad? Maral kimi qızdır.

-Onun qız başına daş düşsün. Birincisi nişanlıdır. İkincisi də şəhərdə nə hoqqalardan çıxıbsa, atası, anası göndərib kəndə ki, toya qədər gəlib burda səsini batırsın. O da gedib meylini salıb dəliyə.

-Boş-boş danışma, arvad. Sənə yüz kərə demişəm, heç kimə şər demə, axırda özün şərə düşərsən, övladların, nəvələrin şərə düşər.

-A kişi, bir mən demirəm ki, bütün kənd danışır.

-Odur ki, köhnə kişilər yaxşı deyib… – Hüsü kişi sözünün gerisini gətirmədi.

***

Yay tətilinin son günləri yaxınlaşdıqca Yelena başa düşürdü ki, o, məhz burda, sakit, bir-birləri ilə pıçıltı ilə danışan, səssiz ağacların arasında, daşlı, çınqıllı gölün qırağında, ayaqlarını deşik-deşik etmiş quru ot çöplərinin üstündə xoşbəxt günlərini yaşaya bilir. Dəli İsmayılın hər bir hərəkəti, nəfəsi belə ona ən doğmalarının da nəfəsindən xoş gəlirdi. Ona həyatda çatmayan nə vardısa, bax, bu təbiətin qoynunda tapa bilirdi. O, İsmayılın yanında özünü ən xoşbəxt bir varlıq kimi hiss edirdi. Əvəzsiz, ürəkdən təbii gələn hiss və duyğularla əhatə olunmuşdu burada.

Bəs Dəli İsmayıl? O da özünü xoşbəxt sanırdımı? İndiyə qədər heç kim onu belə əzizləməmişdi. Başını sığallayıb dodaqlarından öpməmişdi. Əllərini onun kürəyinə, sinəsinə, heç əllərinə sürtməmişdi. Kəndçiləri onu heç vaxt, elə indinin özündə də adam yerinə qoymurlar.

-“İsmayıl, tövləni süpür!”

-“İsmayıl, peyini apar, tök çaya!”

-“İsmayıl, otu bağla!”

-“İsmayıl…”

-“İsmayıl…”

Kəndçilərindən eşitdikləri ancaq bunlar olmuşdu Dəli İsmayılın.

***

Avqustun son günlərindən biriydi. Yelena bilirdi ki, sabah onun arxasınca şəhərdən maşın gələcək. Odur ki, tətilin belə tez başa çatmasına heyfslənsə də kefini pozmamaq üçün son dəfə Dəli İsmayılla görüşə getdi. O, sevdiyi, öyrəşdiyi kənddən heç çıxıb getmək istəmirdi. Ancaq nə etməli, necə etməli? Hər şey insandan deyil, həyatdan asılıdır. Həyat insanı elə bir sistemə salır ki, onun qoyduğu şərtlərdən çox da qırağa çıxa bilmirsən. Yelenaya qalsaydı, İsmayılla baş-başa verib bu kənddən heç yerə çıxıb getməzdi. Həkimlik etməsə də təsərrüfat yaradardılar. Lap inək sağmağı da öyrənərdi.

Göldə bir neçə saat çimib sahilə çıxandan sonra Yelena baxdı ki, əvvəlki kefi yoxdur. Heç İsmayıl da əvvəlki şənliyində deyildi, qəmgin görünürdü. Əvvəl-axır aralarında bu söhbət olmalıydı. Odur ki, özünü cəmləşdirib dedi:

-İsmayıl, mən sabah şəhərə qayıdıram. Yay tətili qurtarır.

-Bəs mən? – İsmayıl hikkə ilə soruşdu.

-Sən isə burada, kənddə qalırsan.

-Bəs sən mənə söz verməmişdin? Demirdin ki, məni sevirsən? Özünlə məni də şəhərə aparacaqsan?

-Ürəyinə salma, İsmayıl. Mən, doğrudan da, səni sevirəm. – Yelena yaxınlaşıb İsmayılı qucaqladı. Başını onun sinəsinə sıxdı. – Ancaq şəhərə apara bilmərəm. Həm Mələk xala icazə verməz, həm də atamdan qorxuram.

-Bəs niyə məni aldadırdın? – İsmayıl isə onu heç qucaqlamadı da, hirslə özündən itələdi.

-İsmayıl, niyə inciyirsən? Məgər səninçün mənimlə pis olub ki? Elə bil şəhərə aparmaq məsələsini mən zarafat edirdim. Başa düşmürsən ki, mən hələ tələbəyəm, beşinci kursda oxuyuram? Hələ üç il oxumalıyam. Arxayın ol, bundan sonra hər yay kəndə gələcəyəm. Onda da görüşərik.

-Bəs Fatma nənə deyir ki, şəhərdə sənin nişanlın var? Payızda toyunuz olacaq.

-Yox, elə bir şey yoxdur.

-Zöhrə qoca da, Təranə xala da, hamısı belə deyirlər.

-Sən mənə inanmırsan?

-Hə…

-Onda bil ki, mənim heç bir nişanlım yoxdur. Mən hələ oxumaq istəyirəm, ərə getməyə də hazırlaşmıram.

-Onda… sabah gedirsən də..?

-Hə…

-Sabah bura gəlməyəcəksən?

-Yox. Tezdən atam məni aparmaq üçün arxamca maşın göndərəcək.

-Bir az da çimmək istəyirsən?

-Yox, daha bəsdir.

-Hələ axşama bir xeyli var. Gəl, bir az da çimək, kəndə sonra gedərik.

-Yox, mən artıq yorulmuşam, daha çimmək istəmirəm.

-Yorulmusan, onda gəl, qayığa minək. Mən bir az da səni qayıqda gəzdirim.

-İsmayıl, sən tək gəz, mən burda oturub səni gözləyərəm.

-Yox, yox. Gəl, birlikdə gəzək, nə olar, mənim xətrimə. – İsmayıl yalvarıcı tərzdə Yelenanı süzdü. Sonra qolundan tutub onu qayığa tərəf dartdı. – Gəl, gəl. Sən qayıqda otur dincəl, mən avarları çəkərəm.

Yelena dartınmaq istədisə də İsmayılın güclü biləkləri onu buraxmadı. O, həm də İsmayılın hirslənə biləcəyindən ehtiyat edib yarızarafat, yarıkönüllü qayığa tərəf getdi. Hər ikisi tullanıb qayığa mindilər və İsmayıl avarları çəkdi.

-Bax, sənin xətrinə gəldim ha… – Yelena gülümsədi ki, İsmayılın könlü xoş olsun, ancaq dəlinin sifətində sevinc nişanəsi görünmürdü.

İsmayıl var gücü ilə avarları çəkdiyindən qayıq bir göz qırpımında sürət götürüb gölün ortasına tərəf şütüdü. Yelena sadəcə müşahidə edirdi, fikirləşirdi ki, bəlkə İsmayılın hirsi soyuyar, incikliyi keçib gedər. Qayıq gölün ortasına çatanda İsmayıl avarın birini buraxdı. O birisini isə o qədər güclü təkanlarla çəkməyə başladı ki, qayıt yerində dövrələdi. Bu hadisə elə sürətlə baş verdi ki, Yelenanın başı gicəlləndi.

-Dur, İsmayıl, dur. Sən nə edirsən? – Yelena qayığın kənarlarından bərk-bərk yapışdı ki, suya yıxılmasın. Gördü ki, İsmayıl onu eşitmir, qışqırmağa başladı. – Kömək edin, biz yıxıla bilərik.

Ətrafda heç kim yox idi, olsa da Yelena onları görmürdü. İsmayıl isə sanki Yelenanın dediklərini eşitmirdi. Onun dəliliyi tutmuşdu.

-İsmayıl, dur, dəlilik eləmə. – Yelena qışqıra-qışqıra bu sözləri dedi. – Kimsə gəlib bizi görər, sonra nişanlıma xəbər çatdırar, ayıbdır.

-Nişanlına? – İsmayıl avarı buraxdı, amma qayıq öz xoduna fırlanırdı. – Bəs deyirdin yalandır, sənin heç bir nişanlın-zadın yoxdur. Ərə getmək barədə də düşünmürsən. Oxumaq istəyirsən.

-Yalan deyirdim. Mən səni aldadırdım. – Yelena belə dedi ki, bəlkə İsmayıl indi sakitləşə, ondan əl çəkə.

-Deməli, məni aldadırdın? Barmağına sarımışdın məni, qancıq? Mənim hisslərimlə oynayırdın? Mənə xoş sözlər deyib uşaq kimi başımı aldadırdın, hə..? Mənimlə vaxtını xoş keçirirdin, hə..? – İsmayıl bayaqdan qəhərlənib doluxsunmuşdu. İndi də hirslə bu sözləri deyə-deyə özünü saxlaya bilməyib zülüm-zülüm hönkürdü, Yelena hələ beləsini görməmişdi.

-İsmayıl, özünü ələ al. Sən axı kişisən, kişi ağlamaz. Avarları hərlə, tez elə, qayığı sahilə çıxart.

-Sən mənə kişi deyirsən, ləçər? Məni kişi hesab etsəydin, belə hərəkətlərə yol verməzdin.

Dəli İsmayıl bayaqdan bəri avarı çəkməmişdi. Odur ki, qayıq yavaşıdı və dayandı. İndi o, yavaş-yavaş başını yuxarı qaldırıb Yelenanın gözlərinə baxdı, necə ki, birinci görüşdə eləmişdi. Amma bu dəfə İsmayılın gözləri uşaq gözlərinə oxşamırdı, həminki sevinc işartılarından da əsər-əlamət yox idi. Gözlər qan çanağına dönmüşdü. O gözlərdən indi zəhrimar yağırdı dünyaya, ilan fışqırırdı adamın sifətinə, əjdaha zəhər püskürürdü.

-Daha mən sənə inanmıram, sən yalan danışırsan. Mən indi başa düşdüm ki, sənin aldığın nəfəs də yalandır. Ancaq sən belə deyildin. Gül kimi qız idin, adam səndən ayrılmaq istəmirdi. Birinci dəfə mənim yanıma gələndə sən çox səmimi idin. Mən axı səndən soruşdum ki, niyə… və nəyə… gəlmisən? Sən onda düzünü dedin, yalan danışa bilməzdin. Qoymadın oturum oturduğum yerdə. Məni dingildətdin yerimdən, hisslərimi oyatdın. Heysiyyatımla oynayıb əsəblərimə toxundun. Dedin ki, məni sevirsən və həmişəlik mənimlə olacaqsan…

-Bəs sən nə fikirləşdin? Səni necə sevmək olar? Axı sən dəlisən! Onda mən zarafat edirdim. Bəli, səninlə xoş vaxtlar keçirmişəm. Öpüşürdük, qucaqlaşırdıq, bu həm də səninçün xoş idi. – İsmayıl ayağa qalxıb Yelenaya tərəf əyildi. – Otur! Sənə deyirəm otur! – Yelena universitet dərsliklərində oxumuşdu ki, bu kateqoriya insanlarla necə rəftar etmək lazımdır. – Yoxsa bu dəqiqə suya tullanacağam.

İsmayıl heç nə eşitmirdi. Gözləri qıpqırmızı qızarmışdı. Aslan şikarının üstünə tullanan kimi Yelenanın üstünə atıldı. Əlləri ilə onun boynundan yapışıb özünə tərəf çəkdi. Yelena başa düşə bilmirdi ki, İsmayıl onu qucaqlayıb bağrına basır, yoxsa boğmağa çalışır. Müqavimət göstərmək istədi, ancaq qollarını İsmayılın güclü biləklərinin cəngindən xilas edə bilmədi. İsmayıl Yelenanı qucaqlayıb sıxdı.., sıxdı… və bir də baxdı ki, qız özündə deyil. Huşsuz bədən böyük bir şaqqa ət parçası kimi onun qucağından sallanır. İsmayıl müvazinətini itirdi, əlləri boşaldı və ikisi də birlikdə suya yıxıldılar. Qayıq çevrildi və arxası üstə suyun üzündə qaldı.

-Kömək edin! – İsmayıl son dəfə bağırdı və suyun altına batdı. Onun əlləri kilidlənmişdi. Meyid qucağında onu da aşağı çəkirdi. İsmayıl nə qədər çalışırdı ki, meyidi buraxıb özü suyun üzünə çıxsın, bacarmırdı. Hər dəfə ağzını açıb çığırmaq istəyəndə ağzına dolan su qışqırmağa imkan vermirdi.

***

Qoyun-keçini örüşdən kəndə qaytaran Fərrux qışqırtını eşidib gölə tərəf qaçdı. Arxası üstə suyun üzündə qalan qayıqdan başqa ətrafda heç kim gözə dəymirdi.

-İsmayıl! – deyə var gücü ilə qışqırdı. Ancaq hay verən olmadı.

Gölün aşağı hissəsində quzu otaran uşaqlar da Dəli İsmayılla şəhərli qızın suya necə qərq olduqlarını görmüşdülər. Əvvəl elə bilmişdilər ki, çimirlər. Çünki son bir ayda uşaqlar hər gün gölün qırağına gəlir, oğrun-oğrun Dəli İsmayılla şəhərli qızın göldəki macəralarını seyr edirdilər. Onlar səs-səmir çıxmadığını görüb qorxuya düşdülər və qaçaraq kəndə haray saldılar.

-Fatma nənəyə deyin ki, şəhərli nəvəsini… – Kəndin girəcəyin­dən qışqırmağa başladılar.

-Kim apardı?

-Hara apardı?

Qabaqlarına çıxan hər kəs uşaqları saxlayıb xəbəri dəqiqləşdirməyə can atırdı. Onlar ilk eşidəndə elə başa düşürdülər ki, şəhərdən gəlib villalarda dincələn oğlanlar Fatma qarının şəhərli nəvəsini oğurlayıblar, ya da qaçırdıblar.

-Yox e.., heç kim oğurlamayıb, heç kim qaçırtmayıb. – Uşaqlar tövşüyyə-tövşüyyə sözlərinin gerisini hıqqıldadılar. – Dəli… boğub… suya basdı.

Meyidləri göldən çıxardanda artıq qaş qaralmış, şəvinik düşmüşdü. Hamı gölün qırağına yığışmışdı, kənddə pəpə yeyəndən məmə deyənədək hər kəs burdaydı.

-Dedim axı, qızım, odla oynama! Sən nə etdin?! Sən mənim dünyamı dağıtdın. Mənə bala dərdi, nəvə dərdi yüklədin. Qoca vaxtı mən bu dərdi çəkə bilərəmmi? Dağlar he…eee…yyy…

Fatma qarı bircə bunu deyə bildi. Ağı çəkmək istədi, bacarmadı. Meyidləri görən kimi huşunu itirib tirtap yerə yıxıldı. Handan-hana üzünə su vurub birtəhər ayıltdılar.

Meyidləri Fərruxla villalarda dincələn iki cavan oğlan çıxartmışdı. Onlar Fərruxun qışqırtısına gəlib dərhal suya baş vurmuşdular. Xoşbəxtlikdən hər ikisi yaxşı üzə bilirdi. Meyidləri gölün qırağına çıxardıb üzüaşağı uzatdılar. Nə qədər masaj eləyib qarınlarına yığılan suyu boşaltsalar da onları ayılda bilmədilər. Artıq gec idi.

-Allah rəhmət eləsin! – Fərrux əlini Yelenanın sifətinə sürtüb göz qapaqlarını aşağı çəkdi. – Ay parçası kimi qız idi. Bircə, gör gəlib kimə uydu?

-Boş yerə deməyiblər, armudun yaxşısını həmişə ayı yeyər. – Şəhərli oğlanlardan biri dilləndi.

-Ayının boyun yerə soxum ki, özü getdi qara torpağın altına. – Şəhərli oğlanlardan ikincisi əlini Dəli İsmayılın meyidinə uzatdı. – Bu cür gözəl, ay parçası kimi qıza da adam qıyar?

Nə qədər qollarından tutsalar da Mələk xalanı ayaq üstə saxlaya bilmədilər.

-Vay, evim yıxıldı, – deyib yerə çökdü. Əl atdı üzünə. Yanağını al qana boyadı. – Qoymadılar tifilim başını aşağı salıb dəliliyini eləsin. Kiminlə nə işi vardı onun?

Fərəc kişi Zöhrə qarı ilə bir az aralıda, daşın üstündə oturub demilərini tüstülədirdilər. Hər ikisi baş vermiş faciədən üzülüb başlarını o qədər aşağı əymişdilər ki, kənardan baxsaydın, deyərdin bəs başsız bədənlərdir. Sanki heç nə görmür, heç nə eşitmirdilər.

Sahildə bayaqkı hay-küy öləzimiş, lal sükutla əvəzlənmişdi. Baş vermiş faciə haqqıhda hər kəs öz düşüncələrində idi.

Handan-hana özlərinə gəlib meyidləri kəndə götürdülər. Dərhal xəbər çatmışdı deyə Yelenanın doğmaları; atası Aftandil, anası Marina və nişanlısı Fehuz gecə yarısı özlərini kəndə yetirdilər.

-Kaş mənim qıçım sınaydı, qoymazdım gəlsin kəndə. – Qapıdan içəri girən kimi Marina haray-həşir saldı. – Vay, mamaaa…

Ertəsi gün qonşu kənddən molla Əsgəri çağırıb onları el adəti üzrə kənd qəbiristanlığında dəfn elədilər. Yelenanın atası Aftandil kişi qızının meyidini şəhər qəbiristanlığında dəfn etmək üçün aparmaq istəsə də Fatma qarı razılaşmadı.

-Mənim sevimli nəvəmi buraya torpaq çəkib gətirdi. Hamımızın son mənzilimiz buradır. – deyib kənd qəbiristanlığını göstərdi. – İşləməyə, yaşamağa hara gedirsiniz, gedin, öləndə kəndə qayıdacaqsınız. Burada hamınızın yeri var.

Rəhmətlikləri yanaşı basdırdılar.

-İnsanlar gənc yaşında çox hərdəmxəyal olurlar. Qəti qərar verməkdə çətinlik çəkirlər. Çünki nəyin düz, nəyin səhv olduğunu müəyyənləşdirə bilmirlər. Öyüd-nəsihət versək də çox vaxt biz böyüklər də köməklik göstərə bilmirik. Məsləhət verməkdən savayı əlimizdən nə gəlir ki? – Bu faciədə hər kəs özünü qınadı, özünü günahlandırdı. Axı bütün kənd əhlinin bundan xəbəri vardı.

-Allah hər ikisinə rəhmət eləsin! Günahlarını cavanlıqlarına bağışlasın. Siz onları qınamayın! Səhvmi iş tutublar, düzmü iş tutublar, bunu mühakimə etmək bizim işimiz deyil. Yaxşısını Allah özü bilər. – Bunu da molla Əsgər dedi.

Yasa toplaşanların yaxınlığına gələ bilməyən, onların nə danışdıqlarından xəbərsiz qalan Yasəmən kənardan baxıb zar-zar ağlayırdı. Yazıq qızcığaz bu az vaxtda Yelenaya necə də isinişmişdi. Hələ həyatın ağuşunda nə qazanmışdı ki, ona ən yaxın olan ürək sirdaşını itirməklə cəzalandırılırdı. 

-Sənin gözün kor imiş, gör necə də gedib dəliyə bənd olmusan! Bu da dəli sevginin aqibəti!

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“XƏZAN” JURNALININ 36 – CI SAYI İŞIQ ÜZÜ GÖRÜB

“Xəzan” jurnalı

“XƏZAN” – 36
Jurnalın növbəti – noyabr (oktyabr-noyabr, 2021) sayı… İlk dəfə oxuyacağınız bədii əsərlər, ədəbi şərhlər, publisistik təhlillər…
“XƏZAN” ədəbi-bədii jurnalının oktyabr-noyabr, 2021 sayı çapdan çıxıb. Sıra sayına görə 36-cı nömrəsi hesab olunan 130 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Jurnalın redaksiya heyəti şair Şahməmməd Dağlaroğlunun 65, yazıçı Mahir Qabiloğlunun 55 yaşının tamam olması münasibətilə onları təbrik edib. Bu münasibətlə Şahməmməd Dağlaroğlunun yaradıcılığına işıq salan Hacıməmməd Məmmədovun “Sənətkar ömrü, vətəndaş taleyi, qibləsini sevgisində tapan şair” və Mahir Qabiloğlunun yaradıcılığından bəhs olunan ədəbi tənqidçi Vaqif Osmanovun “Ədəbi mühitdə Mahir Qabiloğlu dəsti-xətti” yazıları jurnalda yer alıb. Eyni zamanda Şahməmməd Dağlaroğlunun 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Döyüşən sətirlər” kitabı haqqında Hacıməmməd Məmmədovun “Öz izi, öz yolu olan şair” yazısını da bu qəbildən hesab etmək olar.
Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Quyruqlu hərif” məqaləsində son dövrlər müasir Azərbaycan ədəbiyyatına ipucu verə biləcək şüuraltı mesajlar mövcuddur.
Rəna Mirzəliyeva “Möcüzəli Tanrı payı – Musa Yaqub” məqaləsində xalq şairinin ildönümündə təəssüratlarını bölüşüb, qismən də olsa xalq şairinin yaradıcılığına nəzər salıb. Nəcibə İlkinin “Tarixi qələbəmizin ədəbi irsi” məqaləsində Naibə Yusifin “Gülün yarpıza dönsün” romanı haqqında qeydləri yer alıb. Zaur Ustacın “Nuranə Rafailqızının sözünün nuru” və Vaqif Osmanovun “Soy-kökə söykənən poeziya, Gülnarə İsrafil yaradıcılığına bir baxış” məqalələrində hər iki şairin yaradıcılıqlarından bəhs olunur. Əli bəy Azərinin “Keşməkeşli taleli şair – Bəxtiyar Kavanlı” məqaləsində isə 29 ildir ki, doğma yurdundan didərgin düşmüş bir şair-müəllim-döyüşçünün keşməkeşli həyatından söhbət açılır.
2021-ci ilin Nizami Gəncəvi ili elan olunmasına rəğmən Əsmər Cəfərlinin “Nizami Gəncəvi məktəbi” məqaləsində dahi mütəfəkkirin yaradıcılığı və cəmiyyətin müsbət yönümdə inkişafına böyük töhfə olacaq məsələlər işıqlandırılıb. Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması istiqamətində jurnalda yer alan Şəlalə Nəsirlinin “Aşıq yaradıcılığında Aşıq Ələsgər zirvəsi” məqaləsində böyük sənətkarın keçdiyi yaradıcılıq yolundan və onun keşməkeşli həyatından bəzi məqamlar qeyd olunur.
Poeziya bölməsində şair Süleyman Abdulla, Şahməmməd Dağlaroğlu, Hafiz Əlimərdanlı, Xaliq Azadi, Ələsgər Talıboğlu, Vüsal Ağayev, Şərqiyyə Balacanlı, Mahir Cavadlı, Ramiz İsmayıl, Bəxtiyar Kavanlı, Əbülfəz Muxtaroğlu, Röyal Məmmədovun şeirləri və Budaq Təhməzlə Ələddin İncəlinin deyişmələri jurnalın bu sayına rəngarənglik qatıb. Ağdam Ədəbi Mühitinin təqdimatında Almaz Alıqızının, Nadir Ağdamlının, Nizami Kolanılının, Nazilə Nihanın və Mehri Ağdamlının şeirləri də jurnalda yer alıb.
Nəsr bölməsində çox güclü, hətta demək olar ki, müasir Azərbaycan ədəbiyyatının incilərindən hesab olunacaq əsərlər yer almışdır. Dostəli Nərimanoğlunun “Bir kişi ömrü” elegiyasında Dədə Qorqudsayağı haray çəkilir. Hələ də müəyyən bölgələrin düşmən əsarəti altında olduğu Vətənin qurtuluşuna diqqət çəkilir. Mahir Qabiloğlunun “Ərmən – Şuşanikin sevgisi” hekayəsində Azərbaycanlı oğluna ərə gələn erməni qızının dəhşətli fitnə-fəsadlarından bəhs olunur. Naibə Yusifin “Üşüyürəm, ana” hekayəsində bir şəhidin həyatına nur salınıb. Fərhad Əsgərovun (Ramizoğlunun) “Demokratik iclas” və “Vicdanlı baba”, Sülhiyyə Musa qızının “Yuva” və Əli bəy Azərinin “Quş südü” hekayələrində milli problemlərimizdən, insan-zaman-yaşam faktorunun incə məqamlarına toxunulub.
Jurnalda elmi araşdırma, tədqiqat materiallarının nəticəsi kimi elmi məqalələr də yer alıb. Buna Dilbər Rzayevanın ““Arı” jurnalının nəşri tarixi və ədəbi-ictimai mənzərə”, Orxan Əhlimanlının
“Atəşgah məbədi – keçmişdən bu günə”, Sevda Rüstəmlinin ““Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun inkişaf mərhələsi” və Abutalıb Turabovun “Müasir Azərbaycan təhsilinin tarixi Azərbaycan Xalq Cümhuriyyəti təhsili tarixinin davamıdır” məqalələri buna əyani sübutdur.
Hacıməmməd Məmmədovun Eldar Əliyevlə birgə hazırladığı “Həyata ürəyi ilə baxan adam” məqaləsində bir el ağsaqqalından danışılır.
Aida Qasımovanın “Şuşam mənim” və Natəvan Quliyevanın “Ömrə yazılan 44 gün” məqalələrində 44 günlük Vətən Müharibəsinin xatirələri qeyd olunur.
Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və rəngarəng yazıları ilə oxucularının görüşünə gəlib.
Xoş gəlib.

“XƏZAN” JURNALI PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİ BƏY AZƏRİ – ANAMA DEYİN, MƏNİ BAĞIŞLASIN – HEKAYƏ

Əli bəy AZƏRİ – yazıçı-publisist.

ANAMA DEYİN, MƏNİ BAĞIŞLASIN

(hekayə)

Həmin gecə Sərhəd Dəstəsi üzrə cavabdehlik qərargah rəisindəydi. Yaşı yenicə qırxı haqlamış mayor Həmidov gecənin gec saatlarınadək bütün xidmətləri yoxladı. Rabitəçiyə dövlət sərhəddi boyunca ermənilərlə üzbəüz döyüş növbəsində olan bütün sərhəd məntəqələri ilə əlaqə saxlamağı tapşırdı. Hər yerdə xidmətin normada olduğunu dəqiqləşdirdi. Hamısı tikan üstündə oturmuşdular. Yaxın ərazilərdə olan Milli Ordunun qüvvələri Dağlıq Qarabağda döyüşə cəlb olunmuşdu. Əgər ermənilər burda döyüşə girişsəydi sərhədçilər ancaq öz güclərinə qarşısını almalıydılar.

Otağına gəldi, bir şirin yuxu onu çylğalayırdı, neçə günün yorğunluğu canındaydı. Eləcə başını yazı masasının üstünə qoydu. Lap az da olsa, mürgüləmək, gözünün acısını çıxartmaq keçdi könlündən. Nə vaxt yuxuya getdiyindən xəbəri olmadı.

Qapının möhkəm döyülməsindən ayıldı. Hövlnak gözlərini açıb başını yuxarı qaldırdı. Qərargah növbətçisi qapının qabağında dayanıb ona baxır, ağzının açılıb-yumulmasından hiss olunurdu ki, nə isə deyir. Gic kimi olmuşdu, başı ağrıyır, qulaqları uğuldayırdı, heç nə eşitmirdi. Başını silkələyib ayılmağa çalışdı. Sifətinin bir tərəfini masaya söykəmişdi deyə həm qulağı tutulmuşdu, həm də boynu bərk ağrıyırdı. Sifətini ovuşdurdu.

-Başa düşmədim, nə deyirsən? – deyə soruşdu.

-“Kəmərli”də bərk atışmadır, nəsə baş verib, – qərargah növbətçisi kəkələdi.

-Ermənilər hücuma keçib?

-Bilmirəm.

-Komanda-Qərargah Məntəqəsinə get, radistə de, bir də əlaqəyə çıxsın, dəqiqləşdirin, görün nə məsələdir.

-Cənab mayor, əlaqə yoxdur.

-Necə əlaqə yoxdur?

-Bircə deyiblər ki, “Kəpirlik”də döyüş gedir.

-“Kəpirlik”də, yoxsa “Kəmərli”də?

-Mən də elə bildim “Kəmərli”də. Ancaq radist dedi ki, “Kəpirlik”də. Getdi dəqiqləşdirməyə, qayıtdı ki, əlaqə itib.

-Növbətçiyə de, təcili “həyəcan” siqnalı versin. “Ehtiyat qrup” silahlansın, çıxırıq.

-Oldu. – Qərargah növbətçisi qaçaraq getdi.

***

Bu dəfə də kiçik çavuş Mehdiyevin manqası gecə növbəsinə düşmüşdü. Zastavaya gəlişindən İsgəndərin xidmətinə beşinci dəfəydi gecə vətəni dövlət sərhədləri boyunca qoruyanlardan biri olmaq yazılırdı.

Aydın, aylı-ulduzlu bir gecəydi. Səma çox açıq idi, lap süd gecələrindəki kimiydi. Hiss olunurdu ki, səhər buralara xas açıq və qızmar hava olacaq.

İsgəndər mövqeni çavuş Həzrətquliyevdən qəbul etdi.

-Bax haa, buraları da, əsgərlərini də yaxşı qoru. Diqqətli ol, erməni snayperləri işləyir.

-Baxma ki, sən həzrətquluların nəvəsisən, babalarının cəddi səni qoruyur. – İsgəndər həmkarına dolayısı bir atmaca atdı. – Mən də kiminsə qanadı altındayam, nə olsun ki, Mehdi-Zaman babamız ailə qurmayıb, nəsil törətməyib, qeybə çəkilib. – Gözü qarşıdakı qəbiristanlığa sataşdı, indi görürmüş ki, diqqətlə baxdı və əli ilə işarə etdi. – Bir də özünə baxma, mən buraları elə qoruyacam ki, səsi Sərhəd Qoşunlarının hər yerinə yayılacaq.

-Onları qorumağa ehtiyac yoxdu, öz ruhları özlərini qoruyur. – Çavuş Həzrətquluyev eyhamı anladı. – Sən elə burda mövqedə möhkəm dayan, əsgərləri də nahaq snayper gülləsinə tuş gəlməyə qoyma. Bir ayda iki əsgərimiz şəhid olub. Biz çavuşlar qoruya bilməmişik onları…

İsgəndər narahat insan idi, bunu komandirləri də, əsgər və çavuş yoldaşları da tanışlığın ilk günündən hiss etmişdilər. Elə hey vurnuxur, bir yerdə qərar tutub rahatlıq tapa bilmirdi. Bunu hələ Qarayazı Sərhəd Dəstəsinə qədəm qoyduğu gün hərbi hissənin psixoloqu hiss etmiş, bir neçə dəfə onunla bu barədə söhbət aparmışdı. Yekunda onun adını nəzarət tələb edənlər siyahısına yazaraq qərargah rəisinə məlumat vermişdi. “Bir müddət nəzarətdə saxlanılmasını, silahla davranılacaq xidmət növlərinə yazmamağı” xahiş etmişdi. Qərargah rəisi isə onunla razılaşmamışdı.

-Uşaq baxçasında deyilik. Dünən forma geyinənləri posta yazmaq olar, beşinci ildir forma gəzdirən İsgəndəri, deyirsən olmaz? – Etirazını bildirmişdi. – Heç nə olmaz. Qoy, getsin Vətənə xidmət eləsin. Burda qulluq edənlərin heç birindən nə artıq deyil, nə əskik. Burda hamı bərabərdir, hamı da posta durmalıdır, İsgəndər də xüsusən, görmürsən necə boylu-buxunludur, güclüdür. Bu neçə ildə forma geyməyin özü onu formaya salıb.

İsgəndər intizamsızlıq nümayiş etdirdiyindən və zəif oxuduğundan Ali Hərbi məktəbdən çıxarılaraq Sərhəd Qoşunlarında xidmətə göndərilmişdi. Psixoloqla söhbətində o, bunu qəsdən etdiyini boynuna almışdı.

-Yeddinci sinifdə oxuyurdum. Məktəbdə, evdə hər kəs məndən böyüyəndə kim, nəçi olmaq istədiyimi soruşurdu. Bezmişdim əllərindən, bu barədə heç fikirləşmirdim də. Çünki həyatda seçim etməkdə yekun qərarım yox idi. Anamın istəyinə qarşı çıxmadım, Heydər Əliyev adına Naxçıvan Hərbi liseyinə getdim. Orada elə ilk gündən başa düşdüm ki, hərbi həyat mənlik deyil, adamın azadlığını boğur. İstədiyini edə bilmirsən, istədiyin yerə gedə bilmirsən. Bütün günü hasarın arasında, oxumaq da nəzarət altında, yemək də, yatmaq da, hətta istirahət də… Anamın xətrinə bir müddət dözdüm. 

Anası Nüşabə İsgəndəri təkbaşına böyütmüşdü. Gənc qız vaxtı Əhməd adlı bir oğlanla qarşılaşıb, ilk baxışdan bir-birlərinin xoşuna gəliblər. Onda Əhməd hərbi xidmətdə olub, Nüşabə isə texnikumda oxuyurmuş. Təsadüfdənmi, ya nədənsə rastlaşmışdılar. Nüşabə bunu Tanrının qisməti kimi qəbul etmişdi.

Əhməd aran rayonlarının birində böyüyüb boya-başa çatmış boylu-buxunlu bir gənc idi. Əsgər geyimi ona çox yaraşır, pəhləvan cüssəli göstərirdi. Odur ki, uzun illər Nüşabənin yaddaşında elə beləcə də qaldı.

Nüşabəgilin ailəsi erməni işğalı nəticəsində məcburi köçkün olaraq gəlib şəhərdə sığınacaq tapmışdı. Sığınacaqları çox darısqal olduğundan sıxılır, çarəsizlikdən dözürdülər. Odur ki, Nüşabə qarşısına bir gül ilə çıxan bu gənci taleyinin qisməti olaraq qəbul etdi və tezliklə ailə quracağı, öz evinin olacağı xəyallarında məst oldu. Çox gözləmədilər. Əhməd əsgərliyini bitirən kimi Nüşabə ona qoşulub qaçdı. Toy, cehiz üçün düşünməyə dəyməzdi, təki öz ailəsi olsun. Bir müddət kənddə – Əhmədin ata evində yaşamalı oldular. İşsizlikdən, bir də anası, ərgən bacıları ilə yola getmədiklərindən Əhməd Nüşabəni də götürüb şəhərə gəldi. Nüşabənin valideynlərinin dəstəyi ilə bir neçə il birtəhər yaşadılar. Əhmədin xasiyyətinin dəyişkənliyindən tez-tez iş və yaşayış yerini dəyişməli oldular. Bir oğlan övladları oldu – adını İsgəndər qoydular. İsgəndərin iki yaşı olar-olmaz həyatları alınmadı deyə ailə dağıldı. Boşandılar, Əhməd çıxıb Rusiyaya getdi, gözüyaşlı Nüşabə isə atasının evinə qayıtdı. Atasıgil daha sığınacaqda qalmırdılar, torpaq sahəsi alıb ev tikdirmişdilər. 

Nüşabə oğlunu təkbaşına böyütdü, onun hər istəyini, hər arzusunu yerinə yetirdi, ərkəsöyün etdi, azadlığı bol-bol daddırdı. Yarımçıq qalmış arzularını tamamlamaq fikrinə düşdü, oğlunu hərbçi görmək istədi. “Sən mənim general oğlumsan, sənə forma çox yaraşacaq”, deyib boyunu oxşadı. İsgəndər bundan xoşallandı, hər istəyi yerinə yetirildikcə istəkləri çoxaldı, artdı, azadlığı da bol-bol uddu. Nəhayət, yeddinci sinifi bitirən kimi anasının qayğısı ilə Hərbi liseyə düşdü.

Bütün bunları İsgəndər aram-aram psixoloqa danışdı, əməlinə – hərbi məktəbi yarımçıq tərk etdiyinə ürəyində bəraət qazandırdı, bir az rahatlandı.

-Amma mən hərbçi olmaq istəmirdim. Anama qarşı da çıxa bilmirdim. Onun məni necə əziyyətlə böyütdüyünə görə dözürdüm. Bilirdim ki, bir gün buna son qoyulacaq. Ancaq nə vaxt..? Bax, bunu müəyyənləşdirə bilmirdim, qərarsızlığım məni üzürdü. Sadəcə, günümü keçirirdim, nə olurdu, nə baş verirdi, laqeyd yanaşırdım, bir sözlə, yola verirdim. Beləliklə, üç il birtəhər gəlib keçdi. Hərbi liseyi başa vurub Sərhəd Qoşunları Akademiyasına düşdüm. Burada nizam-intizam,  oxumağa görə tələbkarlıq ağlagəlməz dərəcədə yüksək və sərt idi. Özümü itirmişdim, bilmirdim neyləyim. Dözə bilmirdim, sıxılırdım. Hər günü Allahın əzabı ilə birtəhər yola verirdim. İlahi, bura necə yerdi, robot olmaq lazım idi ki, bütün mərhumiyyətlərə dözsün, bütün deyilənləri eləsin. Başa düşdüm ki, bura mənlik deyil. Nəhayət, bir gün anamla sərt danışdım. Ona fikrimin qəti olduğunu, çıxmaq istədiyimi bildirdim. Razılaşmadı, elə telefondaca haray-həşir qopardı, məni general formasında görüb sonra ölmək istədiyini söylədi. Mən isə dərk edirdim ki, bu mümkün deyil. Qətiləşdirib söhbətə son qoymaq qərarına gəldim. “Mən öz həyatımı yaşamaq istəyirəm, ana. Sən mənim taleyimi idarə edə bilməzsən. Mən sənin üçün oyuncaq deyiləm…” dedim. “Nə deyirəm ki… Allah yolunu açıq eyləsin!” Anam bunları söyləyən kimi qəhər onu boğdu, göz yaşları içində hıçqırdı və daha heç nə deyə bilmədi. Biz beləcə ayrıldıq və o gün-bu gün əlaqə saxlamamışıq. Ərizə yazdım, generalın qəbuluna apardılar və Sərhəd Qoşunları akademiyası ilə vidalaşdım. Peşman da deyiləm.

Psixoloq İsgəndərin davranışlarında qeyri-adiliyi hiss edirdi, ancaq bu qeyri-adiliyin hansı mənbədən qaynaqlandığını, necəliyini ayırd etməkdə çətinlik çəkirdi, hansı məcrada inkişafını müəyyənləşdirə bilmirdi. Anormallıqmı, natamamlıqmı, əqli zəiflikmi, iradəsizlikmi, yoxsa nə? Bütün bu suallar psixoloqu da çıxılmaz vəziyyətə salmışdı. Odur ki, qərargah rəisinə bir az səbrli olmağı, hələlik İsgəndəri müstəqil xidmətə çıxarmamağı, nəzarət altında saxlayıb müşahidə etdirməyi məqsəd kimi göstərmişdi. İnsanın, xüsusən də hərbi xidmətdə, kollektiv içində olan insanın xarakterinin, niyyətinin tezliklə açılmayacağını, onu tam aşkar etmək üçün müşahidə və nəzarəti gücləndirməyin vacibliyini psixoloq beş barmağı kimi bilirdi.

İsgəndər ilk günlər döyüş mövqeyində daha çox rahatlıq tapırdı. Bölgü zamanı posta yazılmağı özü xahiş edirdi. Növbədən sonra da heç zastavaya qayıtmaq istəmirdi, əlində əlac olsaydı sıravi əsgər kimi o biri manqa ilə də mövqedə qalardı. Elə gecə-gündüz postda durmaq, durbinlə qarşı tərəfdəki təpənin başında səngərdə oturub silahlarını onlara tərəf tuşlayan erməniləri nəzarətdə saxlamaq keçirdi könlündən. Burada olanda yemək, hətta yatmaq da yadına düşmürdü.

Onların müdafiə mövqeyi kəpirlikdə yerləşirdi, adına “Kəmərəlik postu” deyirdilər. Ermənilər isə üzbəüz yamacda yerləşən kənd qəbiristanlığının yuxarısında “Çılpaq yal” adlanan təpənin başında mövqə tutmuşdular. Kəpirliyin bir hissəsi də qarşı tərəfdəydi, “Çılpaq yal”a çathaçatda yoxa çıxırdı. Burda əvvəllər Milli Ordunun əsgərləri xidmətdə dayanırdılar. Bir aydan bir az artıq olardı ki, sərhədçilər milli ordu əsgərlərini əvəzləmişdilər. Elə İsgəndərin yeni formalaşan sərhəd zastavasına gəlişi də həmin vaxta təsadüf etmişdi.

Aslan kəndi ərazisindən başlayaraq sərhədçilər mövqeləri qəbul etməyə başladılar. Təxminən on gün ərzində gəlib Kəmərli ilə Hacılar kəndləri arasındakı yerə çıxdılar və burda məlum oldu ki, milli ordunun əsgərləri Ermənistanla dövlət sərhəddində deyil, bir neçə yüz metr geridə keşik çəkir. Elə buna görə də mövqelərin təhvil-təslimi hələlik dayandırıldı. Bunları İsgəndər Qarayazı Sərhəd Dəstəsinin qərargahında olarkən eşitmişdi. Onun nəzərincə Milli Ordunun əsgərləri hücuma keçib erməniləri oradan çıxartmalı, dövlət sərhəddini bərpa etməli, sərhədçilərə təhvil verməli idilər. Qərargah rəisi onu manqa komandiri təyin edəndə İsgəndər bu fikirdə olduğunu gizlətməmiş, birbaşa söyləmişdi. Onu diqqətlə dinləyən qərargah rəisi özlüyündə İsgəndərdən razı qalmış, psixoloqun qarasına gileylənmişdi: “Gül kimi çavuşdur, əsl manqa komandiridir, lap böyüklər kimi düşünür. Psixoloq da deyir ki, anormaldır, nə bilim, əqli cəhətdən zəifliyi var, nəzarət tələb edir, müşahidə altında xidmət keçməlidir…”

***

Axırıncı dəfə anası ilə danışanda kursant paqonları ilə təzəcə vidalaşmışdı.

-Salam, ana! – dedi və qəhərləndi. – Məni “təbrik” edə bilərsən. Arzuma çatdım, boyunduruqdan xilas oldum, azadlığa çıxdım. Bir az olar ki, əmrimi oxuyublar. Taboru meydançada düzmüşdülər. Məni dörd yüz nəfərin düzləndiyi cərgənin qarşısına çıxartdılar. Paqonlarımı da cərgənin qabağında sökdülər. Mən indi əsgərəm, bir neçə günə hərbi xidmətə göndərəcəklər. Mənə “yaxşı yol, uğurlar” arzula.

-Üzün ağ olsun! Nə deyə bilərəm?! – Anası da doluxsundu. – Allah yolunu açıq eləsin. Ancaq mən səni belə görmək istəməzdim.

-Taleyin yazısından qaçmaq olmaz, ana. Görünür belə olmalıymış…

-Bizim qaçqın düşməyimizdəmi taleyin yazısıydı? – Anası özünü saxlaya bilməyib coşdu, sanki bütün bu baş verənlərdə günahkar oğlu imiş. – Ermənilərin üstümüzə hücum çəkməsi, dinc əhalini qırması, kəndləri yandırması, elləri dədə-baba torpağından didərgin salması da taleyin yazısıydımı? Atan dibilin işləməməyi, ailəsini dolandırmamağı, bu neçə illərdə sənə bir corab da almamasıdamı taleyin yazısıydı? Di cavab ver, kopoyoğlu, mən bununçünmü sənin yolunda min bir əzab-əziyyətə qatlaşmışam? Mənim zəhmətimi niyə yerə vurdun?

-Əsəbləşmə, ana! – İsgəndər baxdı ki, anası indiyə kimi başına gələnlərin hamısında onu günahkar çıxardacaq, nə hikkəsi var, tökəcək üstünə. – Mən heç nə edə bilmərəm, hamısı Allahın işidir.

-Sən etməliydin. Çox şey etməliydin. Ömrümü çürütdüm ki, sən normal böyüyəsən. Heç nədən korluq çəkməyəsən. Kişi olasan, ər, igid olasan. Mən səni komandir – döyüşçü görmək istəyirdim. General olacağın günün xəyalı ilə yaşayırdım. Sən isə heç birinci kursu da başa vurmadın. Zəhmətimi yerə vurdun.

-Ana, görmürsənmi müharibə aparmağa, torpaqlarımızı azad etməyə imkan vermirlər. Döyüş olmursa, mən necə döyüşçü ola bilərəm? Yoxsa heç nəyə baxmazdım, qabağıma çıxan erməniləri biçə-biçə gedərdim, taa torpaqlarımızı azad edənə kimi dayanmazdım.

-İndi bunların heç bir mənası yoxdur. – Anası dedi. – Get, əsgər kimi xidmətini elə. Əgər yaxşı-yaxşı fikirləşib yenidən oxumaq istəsən, yaxşı xasiyyətnamə ilə qayıdıb bərpa olunsan, onda məni axtararsan. Yalnız o zaman arxanda duracam.

***

İsgəndər saatına baxdı, dördün yarısına azalırdı. Təxmini götür-qoy elədi, hələ vaxta vardı, tələsmədən əməliyyatı keçirtmək olardı. O, nə tələsmək istəyirdi, nə gecikmək. Tələsib səs-küyə səbəb olacağından qorxurdu, geciksəydi, hava işıqlaşardı, bir iş görə bilməzdi. Bu işi ustalıqla başa gətirəcəyinə inanırdı.

Müdafiə mövqeyinin ən sağ qurtaracağı olan Dikburuna tərəf getdi. Yerişinə diqqət yetirdi ki, görsün səs-küy salmır. İndiki halda olduqca ehtiyatlı yeriməyə öyrəşməliydi. Gecənin bu vaxtı ən sakit zamandı, adicə bir kolun tərpənişi də şaqqıltı sala bilərdi. Bəzi yerlərdə bu vaxta “qulaq quqquldayır” deyirlər. Təbiət o qədər sakit olur ki, ətrafdan heç bir hənirti çəkməyən qulaq öz səsini eşidir, əks-səda verir, yəni quqquldayır.

Dikburun çıxıntısı ilə ətrafı nəzarətdə saxlayan bir yer idi, buradan çox ərazilər müşahidə olunurdu. Tutumu yaxşı olsun deyə elə ilk gündən rabitəni də burda quraşdırmışdılar. Burada Cabir adlı əsgər müşahidə aparırdı. O, bir ildən artıq idi ki, xidmət keçirdi, necə deyərlər, bərkə-boşa düşmüş, sınanmış sərhədçilərdəndi, ölərdi, mövqeyini düşmənə verməzdi. Hərbi xidmətdə əsgərlər əsasən soyadları ilə tanınır, çağrılırlar. Ancaq nədənsə İsgəndər bu qaydanı heç sevmədi, manqasında olanların hamısını adı ilə çağırırdı. Cabir İsgəndərin tezliklə ünsiyyət qurduğu, dostlaşdığı əsgərlərdən biriydi. 

Cabir İsgəndəri hələ aralıdan gələndə görmüşdü, gözü qaranlığa öyrəşdiyindən dərhal tanıdı.

-Cabir, diqqətli olsan, burdan erməniləri nə ilə vura bilərsən? – İsgəndər çatan kimi soruşdu.

Gecənin qaranlığında Cabir bu qəribə suala cavab vermədi, eləcə İsgəndəri süzdü, sözünün canını öyrənməyə çalışdı. “Yenə bu, nə sayıqlayır? Allah göstərməsin, yoxsa bir xatası var?” – deyə fikrindən keçirdi.

-Ara məsafə yeddi yüz metrdən artıq olar. Özün fikirləş, nə ilə dəqiq vurmaq olar. Biz silahları burda öyrənmişiksə, sən elə akademiyada təhsil almısan, bunu bizdən yaxşı bilməlisən.

-Akademiyada nə yatdım ki, nə də yuxu görüm. Dörd ildə öyrənəcəkdik hər şeyi, mən birinci ili başa vuran kimi gəlmişəm.

-Onda… – Cabir sözünün gerisini gətirmədi, İsgəndərin dəymədüşər olduğunu bilirdi, gecənin bu vaxtı manqa komandirinin xətrinə dəyəcəyindən ehtiyatlandı.  – Nə etmək istəyirsən?

-Cabir, biz gedirik qabağa, sən hələlik qalırsan burda. Pulemyot da səndədir, həm ağırdır, özümüzə yük etməyək, həm də sən onunla bizə dəstək olarsan.

-Ciddi sözündür? Zarafat etmirsən ki?

-Qərargah rəisi şəxsən əmr verib.

-Mən onu yaxşı tanıyıram, belə olsaydı, özü gəlib oturardı burda.

-Bu işi gizlin etmək lazımdır, səs-küy salmaq olmaz.

-Onda qoy özü ilə bir əlaqə saxlayım, bu gün Dəstə üzrə cavabdeh odur.

-Olmaz. Ermənilər efiri dinləyə bilərlər.

-Bir azdan məruzə vaxtıdı, üstüörtülü eşitdirərəm.

-Sakitcə deyərsən ki, hər şey öz qaydasındadır, başa düşəcək.

-Biz qəbiristanlığın içi ilə gedəcəyik. Ermənilərin postuna az qalmış qumbara atacam, sonra hücuma keçəcəyik. Gördün ki, atəş açırlar, sən o zaman pulemyotu işə sal. Bax ha, birdən karıxıb bizi vurarsan.

-Narahat olma, siz gedənə kimi hava işıqlaşacaq, görəcəm.

-Onda gəl vidalaşaq, bir şey olsa, haqqını halal elə… – İsgəndər Cabiri qucaqladı.

-Sən lap gerçəklədin e… nə olasıdır. – Cabir əli ilə onun kürəyinə vurub aralaşdı. – Halal olsun.

İsgəndər geriyə qayıtdı. Mövqedə bir-birindən müəyyən məsafədə aralı dayanmış əsgərləri Küptəpənin başına topladı. Hamısı çöməlib oturdular.

-Döyüş əmrini dinləyin, çox vacib bir işimiz var. – dedi.

-Nə döyüş əmri? – Birinci Ərəstun dilləndi. – Gecənin bu vaxtı döyüş əmri hardan çıxdı.

-Sakit ol, səs salma, məni dinlə. Qərargah rəisinin əmridir, mənə şəxsən çatdırıb. Səs-küy salmadan bu gecə yerinə yetirməliyik. Azərbaycanla Ermənistanın dövlət sərhəddi buradan deyil, bax o qarşı təpədəki kəmərəlikdən, “Çılpaq yal”dan keçir. O vaxt ara qarışanda ermənilər bizimkilərdən cəld tərpənib o kəmərəlikdə post qurublar. Bizimkilər də gəlib burada oturublar. Sərhəd Qoşunları buraları Milli Ordudan qəbul edəndə bu məsələ aşkar olunub. İndi biz bu səhvi düzəltməliyik.

-Bu, bizim səhvimiz deyil. – Yenə Ərəstun dilləndi, bu dəfə astadan, pıçıltı ilə dedi. – Niyə bunu milli ordunun əsgərləri eləmədilər? Onlar qarşıdakı təpəni alıb bizə təhvil verməliydilər.

-Bu məsələ bizlik deyil. Bilirsiniz, “Atəşkəs”dən sonra çox keçib, mövqelər dəyişməyib, kim harda idisə, orda da oturub. Beynəlxalq aləmdə səs-küyə səbəb olmaq istəməyiblər. Bunu da elə eləməliyik ki, guppultusu çıxmasın.

-Bəs bizə niyə bu barədə heç nə deməyiblər?

-Məktəbdə deyilik, ordudayıq. Əmr məxfidir, mənə deyilib, mən də indi sizə çatdırıram.

-Biz indi neyləməliyik?

-Sakitcə gedib qarşıdakı təpəni almalı, dövlət sərhəddini bərpa etməliyik.

-Ay-hay. Bu elə asan olsaydı, milli ordunun əsgərləri çoxdan almışdı. Kim gedir getsin, mən getmirəm. – Ərəstun yaxasını qırağa çəkdi.

-Daha kim getmək istəmir? – İsgəndər soruşdu.

Heç kimdən səs çıxmadı.

-Siz əmr nə olduğunu başa düşmürsünüz?

Yenə də dillənmədilər.

-Baxçada, məktəbdə deyilsiniz, ordudasınız. Burda öz gücünüzə arxalanmalısınız, valideynlərimiz belə köməyimizə yetməz. Əmr əmrdir, yerinə yetirilməlidir. İstəyirsən şalvarını batır, istəyirsən ağla, faydası yoxdur. Ölməlisən, ancaq əmri yerinə yetirməlisən.

Susdular, bir kəlmə belə demədilər.

-Başa düşün! Mən sabah qərargah rəisinə deyə bilmərəm ki, manqa mənim əmrimi yerinə yetirmədi. Ölərəm, ancaq əmri yerinə yetirərəm.

-Birinci dəfə deyil burda mövqedə dururuq. Bizə bölgüdə əmr olunub ki, burda duraq.

-Bölgüdə Azərbaycan Respublikasının dövlət sərhəddi deyildi, bura yox. – İsgəndər qəzəblənmişdi, dodaqları səyriyirdi.

-Bizə bura dövlət sərhəddi kimi göstərilib.

-Yaxşı, nə deyirəm ki… Vaxtı itirə bilmərəm. Əməliyyata mən tək gedirəm. Əmr yerinə yetirilməlidir. Burdan aşağı düşürəm, dərəni keçib qəbiristanlıq yolu ilə irəliləyəcəyəm. Qəbiristanlığın baş tərəfinə çatanda çox güman ki, hava bir az işıqlaşar, orda məni görərsiniz. Qumbaraları atıb səngərə girəcəyəm. Orda çox əsgər olmaz, onları qırmağa bir daraq bəs edər. Ancaq sonra deməyin ki, demədi. Gördünüz mən səngərə girdim, qaçaraq köməyə gəlin. Çünki ermənilər mütləq hücuma keçib oranı yenidən almağa çalışacaqlar. Mən tək bir daraq patronla duruş gətirə bilmərəm. Gəlməsəniz, qərargah rəisi bunu sizə bağışlamaz. Biləcək ki, mənə tabe olmamısınız. Odur ki, əməliyyata tək getmişəm. Hamınızı hərbi tribunala verəcək. Ya da özüm qayıdıb “uf” demədən hamınızı güllələyəcəm. Di, salamat qalın.

İsgəndər bunu deyib getdi.

***

Vaxtı itirmək olmazdı, bu iş baş tutacaqdı. İsgəndər beynində hər şeyi dəqiqliklə ölçüb biçmişdi. Burda nə vardı ki..? İndiyə kimi neçə-neçə filmə baxmışdı. Ermənilər çox güman ki, yatmış olacaqdılar. Ehmalca posta yaxınlaşacaqdı, bir qumbara ilə səngərdəkiləri o dünyaya vasil edəcəkdi. Sonra da səngərə girib o tərəfdən üstünə hücum çəkənlərlə vuruşacaqdı. Buna qədər əsgər yoldaşları mütləq köməyə gələrdi. Qoy hamı bilsin ki, “Çılpaq yal” postunu ermənilərdən kim alıb, Dövlət Sərhəddini kim azad edib. Mütləq mükafatı da olacaqdı, bəlkə “Milli Qəhrəman” da verdilər. Yaşayırsansa, ölümünə yaşa, kişi kimi yaşa… Yoxsa, hərbi məktəb oxu, zabit ol, başıaşağı xidmət elə, uzun illər gözlə ki, gəlib general olasan, ya olmayasan… Nə qədər ki, silah əldədir, iş görmək lazımdır. Kimdir bu ermənilər? Niyə hər yerdə at oynadırlar? Paşinyan gəlib Şuşada, Cıdır düzündə kef məclisi qurur, gözəlçələrlə qol-qola yallı gedir, əmlik quzu kababı yeyir, konyak içir. Biz də burda oturub sıyıq yeyirik, kompot-kisel içirik, əslində içimizdəki hikkəni yeyirik, zəhəri içirik.

İsgəndər beynində fikir-xəyal edə-edə gəlib dərəyə çatdı. Dərə sulu idi, bura çay demək olmazdı, ancaq otlaqları suvarmağa suyu çatardı, arx suyu qədərdi. O, çaya yaxınlaşanda iki göyərçin çaydan qalxıb üzü qəbiristanlığa tərəf uçdular.

-Deyəsən, gecikirəm. İşə bax e… səhərin açılmasına hələ çox var, vəhşi təbiət isə oyanıb.

Əyilib əlini suda islatdı. Ovuclarını doldurub üzünə vurdu, sərin su onu xeyli gümrahlaşdırdı. İki ovuc doldurub içdi. “Deyirlər, mələklər göyərçin cildində görünür adamın gözünə… Bu göyərçinlər uçub ermənilərə tərəf getdi. Ermənilər axı müsəlman deyil! Bəlkə qarşıdakı səngərdə oturan ermənilər bizimkilərin övladlarıdır? Nə vaxtsa anaları xəlvətdə… bizimkiləri yanlayıblar…” Qəribə bir gülmək keçdi könlündən.

Qəbiristanlıq ilə getmək çox da asan deyildi. Kortəbii yerləşmiş qəbirlərin arası ilə gediş-gəliş olmadığından cığır da itmişdi. Hər yeri ot basmışdı. Şıqqıltı salmamaq üçün çox asta gedirdi İsgəndər. Qarşısına təzə qəbir çıxmadığından düşündü ki, müharibə başlayandan Hacılar camaatı bura gəlmir, ölənlərini ziyarət etmir. “Bəs ölənlərini aparıb harda dəfn edirlər? Yəqin ki, yeni qəbiristanlıq salıblar. Bəs nə yaxşı ermənilər bu qəbiristanlığı dağıtmayıblar? Bizimkilərdən qorxublar, yoxsa onlar indiyə qəbir saxlamazdılar. Əllərində əlac olsa ayaq basdığımız torpaqda izimizi də kəsib atardılar…”

Qəbiristanlığın ortasına çatanda arxada şaqqıltı eşitdi, tez yerə çökdü. Ehmalca diqqət yetirdi, heç nə görmədi. “Görünür məni qara basır. Qəbiristanlıqda olur belə şeylər… Mənəm də, bayaq göyərçin görürəm, mələk bilirəm… indi də şaqqıltı eşidirəm, gözümə ruh görünür… Erməniləri tərgidib ruhlarla vuruşacam, deyəsən…”

***

Cabir gələndə hamını bir yerdə – Küptəpənin arxasında gördü.

-Burda niyə toplaşmışsınız? – soruşdu.

-İsgəndər yığmışdı.

-Bəs özü hanı?

İsgəndərin getdiyini dedilər, hara getdiyini, niyə getdiyini anlamadıqlarını bildirdilər.

-Necə yəni anlamadınız? Adam döyüş tapşırığını söyləyir.

-Sənə də deyib?

-Elə birinci mənə dedi.

-Vallah, onun başı xarab olub. – Ərəstun bildirdi.

-Başı xarab olubsa, niyə qoyurdun gedirdi?

-O, komandirdi, özü bilər. Tutub saxlamayacaqdıq ki…

-Burda – güllə qabağında hamımız birik. Tutub saxlamalıydınız. Saxlaya bilmirdinizsə, onunla getməliydiniz. Bəlkə, doğrudan qərargah rəisi tapşırıq verib. Özbaşına nağıl uydurası deyildi.

-İndi nə edək?

-Nə etmək fikrindəsiniz?

-Bilmirik.

-Hara getdiyini dedimi?

-Hə.

-Onda bizim vicdanımız necə qəbul edər ki, o, təkbaşına tapşırığı yerinə yetirməyə getsin. Biz isə əl-qolumuzu sallaya-sallaya oturub burda müşahidə edək.

-O, dedi ki, mən səngərə girən kimi köməyə gəlin. Onu gözləyirik.

-Biz burdan ora gedənə kimi ermənilər gəlib onu tikə-tikə doğrayarlar. Mən gedirəm, kim gedirsə, qalxsın.

Ərəstundan başqa hamısı bu sözə bənd imiş kimi ayağa qalxdı.

-Ərəstun, sən qal Dikburundan müşahidə elə. Elə ki, gördün atışma başladı, dərhal pulemyotla bizə atəş dəstəyi ver. Bax ha, birdən səhv salıb bizi vurarsan. Biz ora çatana kimi hava işıqlaşar, hər yeri aydın görərsən. Hələlik efirə çıxma. Biz səngərə girən kimi qərarghaha xəbər elə, qoy onlar da köməyə gəlsinlər.

Cabir qabaqda, digərləri onun arxasınca İsgəndərin dediyi və getdiyi istiqamətdə yol aldılar.

***

İsgəndər qəbiristanlığın sonuna çatanda hiss elədi ki, bərk yorulub. Hava işıqlaşmaq üzrəydi, yol, riz aydın görünürdü. Mişar daşından qoyulmuş başdaşının üstündə oturdu – bu, lap çoxdanın qəbiri idi, nə şəkli, nə yazısı vardı. Dəsmalını götürüb boynunun, sinəsinin tərini sildi. Qumqumasını çıxardıb bir neçə qurtum su içdi. “Mən indi onlara göstərəcəm. Qoy görsünlər ki, analar necə oğullar doğub, Mübariz bu dünyaya tək gəlməyib!” Əyilə-əyilə yoluna davam etdi. İyirmi-iyirmi beş addım atmışdı ki, bir də dayandı. Geriyə boylandı, öz mövqelərini nəzərdən keçirdi, xüsusən də Dikburuna baxdı, orda heç kim gözə dəymirdi. “Görəsən, başları qarışmayıb? Məni yaddan çıxartmayıblar? Köməyə gələcəklərmi?”

Ermənilərin səngəri görünürdü. Səngərin qabağındakı torpaq nəm idi, ya təmizlik işləri görüblər, ya da sərhədçilər gələndən sonra səngərlərini dərinləşdiriblər. “Köpəyuşağı, ehtiyatlanırlar, deməli bizi gözləyirlər. Mən indi sizə göstərərəm…” Diqqətlə baxdı, heç kim gözə dəymirdi. Dayana bilməzdi, irəliləməliydi, dayansaydı bədəni soyuyurdu, elə özü də…

Avtomatı əlinə aldı, birinci patron lülədəydi, yavaşca qoruyucunu açdı, hələlik tək-tək atan vəziyyətə qoydu, patrona qənaət etmək lazımdı. Bir az da irəlilədi. Qumbaranı cibindən çıxardıb əlində tutdu. Bığcıqlarını düzəltdi. Yox, hələ atmaq olmazdı, səngərə gedib çatmazdı. Birdən yadına düşdü ki, ərazidə mina ola bilər. Yerə diqqət yetirdi; heç bir qazıntı-çıxıntı yox idi. Yoluna davam etdi və bir az da sağa tərəf çəkildi, bu tərəf kəmərəliyin qurtaracaşı idi, mina basdırılması istisna hesab olunurdu.

Səngərin lap yaxınına gəldi; on beş, uzağı iyirmi addım qalardı. Ürəyi sürətlə döyünməyə başladı. Bir istədi sürətlə qaçıb səngərə girsin. “Yaxşı, deyək ki, qaçıb girdim səngərə, bəs sonra? Bəlkə elə hamısı bir yerə toplaşıb, siqaret çəkirlər…”

“Kaş, bircə erməni görünərdi… Alnını odlayaydım, o birilər köməyə gələrdi, vəziyyəti bilərdim… Heyf! Qayıdıb Cabiri özümlə götürmədim. Cabir o biriləri kimi etməzdi. Mütləq mənimlə gələrdi. İndi ikimiz rahatca səngəri tutar, ermənilərin anasın ağladardıq… Nə isə…”

“Ya Allah” deyib qumbaranı çəkdi. Bir neçə addım da qabağa getdi ki, dəqiq olsun. Atmağı ilə üzüqoylu yerə yıxılmağı bir oldu. Qoşa partlayışlar lap qulağının dibində oldu. Nə baş verdiyini anlamadı. Dalınca qarşıdakı səngərdən qışqırıq səsləri ucaldı. Aha, deyəsən, səngərə düşmüşdü. Silahlar gurladı; iki, ya üç yerdən atırdılar. Düz qabağında torpağı göyə sovururdu. “Yəqin Cabirdi, pulemyotla mənə dəstək olur…”

İndi hiss elədi ki, nə isə isti bir şey baldırı aşağı axır, dabanında da küt ağrı vardı. Əlini baldırına sürtdü, qan idi. Bu nədir belə? Olmaya Cabirin atdığı güllələrdən biri ona dəyib. Geriyə boylandı, dabanı dağılmışdı, qan axırdı. İndi anladı ki, minaya düşüb. İrəliyə doğru sürünməyə başladı. Beş-altı metri birnəfəsə süründü. Əlli-altmış metrlikdən güllə atırdılar. Qarşıdakı səngərdə sakitlikdi, ya heç kim yox idi, ya da olanlar atılan qumbaradan yaralanıb, ölüblər. Kömək gəlməmiş qaçıb səngərə girmək lazımdı.

İsgəndər qolundakı Fərdi Sarğı Paketini açdı, içindəki piromidol iynəsini çıxartdı, tez hazırlayıb baldırına vurdu. Yaxşı ki, hərbi məktəbdə bunu öyrənmişdi. Arxadan addım səsləri eşitdi. Geriyə boylananda əlli-altmış metrlikdən ona tərəf qaçan Cabiri və digər əsgər yoldaşlarını gördü. Ürəkləndi, var gücü ilə qışqırdı:

-Urrrrrrrraaaaaaaa!…… Biz qalib gəldik….

Ayağa qalxdı, axsaya-axsaya qarşıdakı səngərə tərəf irəlilədi. Səngərin bir addımlığında taqəti kəsildi, üzüqoylu təzə qazılmış torpağın üstünə düşdü. Gözlərini yumub-açdı, aşağıdan on – on beş erməni əsgəri onlara tərəf qaçırdı. Avtomatını onlara tuşlayıb işə saldı.

-Ta… ta…

Dəymədi, nişan ala bilmirdi, gözləri qaralır, başı dumanlanırdı. Avtomatın qoruyucusunu dəyişdi.

-Ta… ta… tatatata….

Ermənilər yerə sərildilər.

-Bax, belə, köpəyuşağı.

-İsgəndər! Gir səngərə… – Cabirin səsi lap yaxınlıqdan gəldi.

Onlar qaçaraq səngərə girdilər, hansısa biri İsgəndəri də çəkib səngərin içinə saldı.

Qarşıdan köməyə gələn ermənilərə qarşı qızğın atışma başladı.

Bu ara Cabir baxdı ki, sol cinahdan onlara güllə atırlar. Bir az diqqət yetirdi, bir əsgər idi, yetmiş-yüz metr məsafədə balaca daşın böyrünə dirsəklənib atırdı. Səngərin qurtaracağından üzüaşağı isə beş əsgər iki yaralını aparırdılar. Əsgər yoldaşlarından kimsə onlara güllə atdı. Güllə daha birini tutdu, üçü birdən yerə dəyib diyirləndilər.

-Onlara dəyməyin, qoyun yaralılarını aparsınlar. Bu birisini vurun.

Özü İsgəndərin yanına qayıtdı, şalvarının bir qıçı bütöv qan içində idi. Əlini onun alnına qoydu, od tutub yanırdı.

-Tez yarasını sarıyın.

-Cabir… anama deyərsiniz… komandir… general… ola…mmadım… şəhid… oldum…

-Yoooxxx! – Cabir qışqırdı. – İndi səni aparacağıq həkimə. Sağalacaqsan, qorxma…

-Lazım deyil. Şəhid… olmaq… hamısından üstündür. Anama deyin, məni… bağışlasın… ona… çox əziyyət vermişəm…    

 Araya sükut çökdü, heç kim bilmirdi neyləsin. Birdən ermənilər tərəfdən atəş səsləri gurladı.

-Bizimkilər gəlir. – Əsgərlərdən kimsə sevincək dilləndi. – Odey kəmərəliyin üstü ilə qaça-qaça gəlirlər. Qabaqdakı, deyəsən, qərargah rəisidi.

-İsgəndər, gözlərini aç, qərargah rəisi özü köməyə gəlir.

Cabir astadan onu silkələdi. Ayılmadığını görüb avtomatını götürdü. Sakitcə qalxıb səngərin üzü ermənilər tərəfinə dirsəkləndi. Ermənilərin yeni dəstəsi gəlirdi, onlara tərəf güllə yağdıra-yağdıra gəlirdilər. Əsgər yoldaşlarının gözü Cabirdə idi, o isə səbrlə gözləyirdi. Ermənilər lap yaxınlaşmışdılar.

-Atəş! – Güllə kimi səsləndi.

Cabir tətiyi çəkdi. Darağın sonuncu patronu atılanadək əlini tətikdən çıkmədi. Ermənilərdən yıxılan yıxıldı, yıxılmayanlar da səndirləyə-səndirləyə hərəsi bir tərəfə qaçıb gizləndi. 

-Bax belə, köpəyuşağı… – Cabirin səsi onlara köməyə gələnlərə tərəf gedib kəmərəlikdə əks-səda verdi. 

20 may 2021, Qazax – Ağstafa  

“Xəzan” ədəbi-bədii jurnalı, N3(34), iyun-iyul 2021, səh.15-21

Müəllif: Əli bəy AZƏRİ

ƏLİ BƏY AZƏRİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Xəzan” jurnalının növbəti sayı (Avqust-sentyabr 2021/4/35) ışıq üzü görüb

“Xəzan” jurnalı

“Xəzan” jurnalının növbəti sayı (Avqust-sentyabr 2021/4/35) ışıq üzü görüb! Bu sayda dərc olunan yazarları təbrik edir və bütün yaradıcı heyətə yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun!!!

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİ BƏY AZƏRİNİN “QƏMLİBEL ƏFSANƏSİ” ADLI KİTABI İRANDA ƏSKİ ƏLİFBA İLƏ ÇAP OLUNUB

Əli bəy Azərinin kitabı.
Əli Bəy Azərinin “Qəmlibel əfsanəsi” (غملی بئل افسانعسی) adlı povestlər kitabı İran İslam Respublikasında əski əlifba ilə çap olunub. Kitaba “Qəmlibel əfsanəsi”, “Şəhərli qızın dəli sevgisi” və “Çay məcrasını dəyişmədi” povestləri daxil edilib.
Xatırladaq ki, “Çay məcrasını dəyişmədi” povesti dövlət mükafatına layiq görülüb.
Kitab az tirajla çap olunub, Cənubi Azərbaycan kitabxanalarına və kitab sərgilərinə paylanacaq. Az qismi də Azərbaycan Respublikasının mərkəzi kitabxanalarına veriləcək. Əli bəy Azəri kitabın xarici ölkədə nəşr olunması ilə bağlı öz təşəkkürlərini bildirib:
– “Arada vasitəçi olanlara, kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə, xüsusən də təbrizli qardaşımız şair Xosrov Barışana təşəkkürümü bildirirəm.”

Biz də YAZARLAR olaraq, bu xeyirli əmələ vəsilə olan şəxslərə öz adımızdan minnətdarlığımızı bildirir, müəllifi təbrik edirik. Uğurlarınız bol olsun, Əli bəy AZƏRİ !!!

ƏLİ BƏY AZƏRİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şair Nəcibə İlkinin “Gədəbəy Qartalı” və “Yarımçıq toy” adlı kitablarının təqdimatı keçirildi

“Azərkitab” kitab təbliğatı mərkəzində tanınmış yazıçı-şair, AYB-nin üzvü, “Azad Qələm” qəzetinin və jurnalının təsisçisi Nəcibə İlkinin sayca 12-ci – “Gədəbəy Qartalı”, “Yarımçıq toy” adlı kitablarının təqdimatı və 60 illik yubileyi keçirilib .

YAZARLAR.AZ  xəbər verir ki, tədbirdə şairin qələm dostları, müxtəlif sənət və peşə sahibləri, o cümlədən çox sayda ədəbiyyatsevər qonaqlar iştirak edib .
Tədbiri tanınmış şair Yusif Nəğməkar açaraq gələn qonaqları salamladı və müasir ədəbi yaradıcılıqda xüsusi rolu olan Nəcibə İlkini təbrik etdi. Öncə monitorda Nəcibə İlkin yaradıcılığından bəhs edən rolik nümayiş olundu. Daha sonra tədbir iştirakçılarına söz verildi. Tanınmış şair Musa Ələkbərli Nəcibə İlkinin yaradıcılığından geniş bəhs etdi. Sonra Rəfiqə Qasımqızı, Əli bəy Azəri, Məlahət Hümmətqızı, Zaur Ustac və başqaları  Nəcibə İlkinin özünə məxsus yaradıcılıq dəsti-xəttindən geniş bəhs edərək şairə yaradıcılığında uğurlar arzuladılar. Tədbirin gedişində tanınmış şair-publisist  “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac Nəcibə İlkinə “Ziyadar” Mükafatını təqdim etdi. Sonda Nəcibə İlkin hər kəsə öz təşəkkürünü bildirərək, qonaqlara öz imzası ilə kitablarını təqdim etdi. Xatirə fotoları çəkildi.


Müəllif: Yasəmən ATƏŞ

YASƏMƏN ATƏŞİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XƏZAN JURNALININ NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

“Xəzan” jurnalınının bütün əvvəlki sayları

“XƏZAN” – 34

Jurnalın bü sayında kimlər var? Heç yerdə oxumadığınız poeziya, nəsr əsərləri, publisistik təhlillər… “XƏZAN” ədəbi-bədii jurnalının iyun-iyul, 2021 sayı çapdan çıxıb. Sayca 34-cü nömrəsi sayılan 128 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.Jurnalın redaksiya heyəti şairlərdən Əjdər Yunis Rza və Vahid Çəmənlinin 65, yazıçı Əli bəy Azərinin isə 55 yaşının tamam olması münasibətilə hər üçünü təbrik edib.Jurnal Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Şuşa Bəyannaməsi – bölgədə sülhə çağırışın salnaməsi” məqaləsi ilə başlayır. Eyni zamanda bölgə üçün Sülh və Barış çağırışı hesab olunan tarixi sənəd “Şuşa Bəyannaməsi” də bütövlükdə redaktor guşəsində yerləşdirilib. Qeyd etmək lazımdır ki, jurnalın beş yaşı tamam olub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Mətbuat tarixi və publisistika” şöbəsi, elmi işçisi Dilbər Rzayeva “Xəzanın beş yaşına” məqaləsi ilə bu təqvimi qeyd edib.Şair-filoloq Elvin İntiqamoğlu “Əlli beş illik romanın on beş illik hekayələri” məqaləsi ilə Əli bəy Azərinin, şair-publisist Ələsgər Talıboğlu “Özünü sözündən asan şair” məqaləsi ilə Əjdər Yunis Rzanın, şair Zaur Ustac “Mən eşq atəşiyəm” məqaləsi ilə Vahid Çəmənlinin yaradıcılıqlarına səyahət etmişlər. Azərbaycan ədəbiyyatı divançılıq tarixində ilkə imza atan- bütün qəzəlləri yalnız azərbaycan sözlərindən istifadə etməklə yazılan Hafiz Əlimərdanlının “Divan”ı AMEA-nın müxbir üzvü professor Nizami Cəfərovun və Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli bəy Azərinin məqalələrində qismən təhlil olunmuşdur.AMEA N.Gəncəvi adına Ədəbiyyat institutunun kiçik elm işçisi, Bakı Dövlət Universitetinin doktorantı Təhminə Vəliyevanın təqdimatında Seyid Hüseynin “Ağvalideyn, yaxud, zavallı Məşədi Zaman” hekayəsi və onun təhlili yer almışdır.Özbək ədəbiyyatından Əzizbəy Abduməlikin “Qatarı dayandıran “Leyla”nın ifaçısı Türküstan bülbülü Dədəxan Həsən” məqaləsi şair Şahməmməd Dağlaroğlunun tərcüməsi əsasında çap olunub. Dilbər Rzayevanın “Vüqar Əhməd yaradıcılığında Qarabağ mövzusu”, şair Əliyar Yusiflinin yaradıcılığından bəhs olunan Ələsgər Talıboğlunun “Əzəl gündən könül verib vətənə” və Ələsgər Talıboğlunun Qəhrəman Qasımovla birgə hazırladığı “Qvami Məhəbbətoğlunun Alpan etüdləri” məqalələri ədəbi təhlillər sırasındandır. Natəvan Quıiyevanən “Kəndə onlarsız qayıtmalı olacağam” məqaləsi bir vaxtlar uşaqlıq illərini keçirdiyi, otuz ilə yaxın erməni işğalında inləyən doğma yurd yerlərinin ab-havasına həsr olunub. Tərlan Əliyevanın “Qızıllı Salman adı ilə tanınan zirək, qoçaq, mərd babam” məqaləsində isə bölgədə yaşanan qaydalardan, ağsaqqallıq missiyasından, böyüyə hörmət, ehtiram kimi ülvi milli dəyərlər fonunda əlbəttə ki, tarixi hadisələrə çevrilmiş həqiqətlərdən söhbət açılır. Rəna Mirzəliyevanın “Görüşə bilmədik bu il, bənövşəm”, Anar Əhmədovun ““Qarabağ” ordenli cəsur baş leytenant”, Sadıq Rəfiyevin “Torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq qürurludur” məqalələrində 2020-ci ilin patızında baş vermiş 44 günlük döyüş iştirakçılarından və şəhidlərdən, Günay Rzayevanın “Türk şəhidi Xəlil Məmməd oğlu” araşdırma-məqaləsində isə adından göründüyü kimi XX əsrin əvvəlində Osmanlı qoşunu tərkibində Azərbaycana köməyə gəlmiş döyüşçünün taleyindən bəhs olunur.Poeziya bölməsində şair Budaq Təhməzin “Cəsarətdən doğan qeyrət” poeması çap olunub. Şairlərdən: Xaliq Azadi, Zeynalabdin Novruzoğlu, Hafiz Əlimərdanlı, Məhəmməd Əli, Cəlil Xeyirbəy, Qərib Hüseynov, Əbülfəz Əhməd, Ədalət Nəcəfoğlu, Şərqiyyə Balacanlı, Kirman Rüstəmli, Xaliq Laçınlı, Ələsgər Talıboğlu, İlqar Boranoğlu, Bəxtiyar Abbas İntizar, Gülşən Aydınqızı və Xəyal Zeynalın şeirləri jurnalın bu sayını daha da rəngarəng edib.Nəsr bölməsində Eyvaz Zeynalovun “Qiyaslı gilası”, Əli bəy Azərinin “Anama deyin, məni bağışlasın”, Rəşid Bərgüşadlının “Hacı Novruzəli” hekayələri, Ramiz İsmayılın “Əbədiyyata məktublar” elegiyasının son hissəsi yer alıb.Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və dəyərli yazıları ilə oxucularının görüşünə gəlib.



Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ORDU GÜNÜ MÜNASİBƏTİ İLƏ – Əli bəy AZƏRİ

Əli bəy AZƏRİ

Yaxın TARİXimizdə 9 OKTYABR (1991) ORDU YARANMA günü kimiydi. Hətta bir neçə il tarixin həmin günündə PARAD da keçirildi. Sonra RƏSMƏN QƏRARA ALINDI Kİ, 26 İYUN SİLAHLI QÜVVƏLƏR GÜNÜ kimi qeyd olunsun!
Odur ki, 26 İYUN – SİLAHLI QÜVVƏLƏR GÜNÜ münasibətilə hərbi mundir əynində olan hər kəsi TƏBRİK EDİRƏM! Bu münasibətlə bir hekayə (çoxdan yazmışam) ərməğan edirəm. Ümidvaram ki, TÜRKİYƏ – AZƏRBAYCAN hərbi əməkdaşlıq motivi üzərində köklənmiş hekayə oxumayanlar üçün maraqlı olacaq. Oxuyanlar oxuyub nə vaxtsa…


ALIŞ-VERİŞ YARDIMÇISI
(hekayə)
Hərbiyyə nazirinin qərarı ilə Bədheybət poliqonunda təlim-tədris mərkəzi yaradılmışdı. Cəbhə bölgəsindən çağrılan zabitlər mərkəzdə təkmilləşdirmə kursu keçəcəkdi, daha doğrusu türk subayları onlara NATO taktiki təlim üsullarını öyrədəcəkdilər. Guya ki, Rusiyada ali hərbi təhsil almış zabitlərin biliyi erməni dığaları ilə döyüş aparmaq üçün yetərli deyildi. Başbilənlər belə məsləhət görmüşdülər. Bu münasibətlə Türkiyədən mütəxəssislər dəvət olunmuşdu. Onlar yeni sistemin öyrənilməsində yaxından köməklik göstərəcəkdilər.
Mərkəzin rəhbəri polkovnik Axundov idi. Ehtiyac ucbatından yetmiş yaşlı kişini yenidən hərbi xidmətə çağırmışdılar, daha etibarlısını tapa bilməmişdilər. Onun əsil adını əhatəsində olanlardan, bəlkə də, heç kim bilmirdi. Çox gənc yaşlarından “baba” ləqəbini qazanmışdı. Aram-aram, bir az da eyhamla danışırdı, bəziləri bunu astagəllik, bəziləri isə müdriklik əlaməti hesab edirdi. Elə zabit yoldaşları, tabeçiliyində olanlar da xəlvətdə “baba”, üzdə “baba dayı” deyə müraciət edirdilər. Zabit təkmilləşdirmə kursuna gələnlər elə bilirdilər ki, mərkəz rəhbərinin adı elə Babadır. Baba adı Türkiyədən gələnlərin də xoşuna gəlmişdi.
Türkiyədən beş nəfər gəlmişdi. Yarbay Mətin Çətin qərargah işlərinə rəhbərlik edəcəkdi. O, tabeçiliyində olan iki uzman çavuşu ilə mərkəzin bütün hərəkətlərini nəzarətdə saxlayacaqdı. Uzman çavuşu Fikri Ocaqçı bilgisayarda zabitlərin dərsə davamiyyətini, məşğələlərdə qazandıqları puanlarını (ballarını, xallarını) toplayacaqdı ki, xüsusi şifrə altında saxlanılan məlumatlara heç kim müdaxilə edib dəyişdirə bilməsin. Digər uzman çavuşu onbaşı İsmayıl Yorğançı isə maliyyə, ərzaq, sursat məsrəfləri; bir sözlə lojistik hesablamalarını aparacaqdı. Beləliklə, mərkəzdə ağızdan içəri ötürüləndən kanalizasiya borusuna axıdılanadək hər şey nəzarətdə saxlanılacaqdı.
Tədris taborunun şərti komandiri minbaşı Fəhmin bəyin tabeçiliyində cəmi bir nəfər vardı, yüzbaşı Yıldırım Haqsız ki, o, kursa gələn zabitlərin bölüyünə rəhbərlik edəcək, onların sıra hazırlığını, NATO ordu nizamnaməsinin öyrənişini, günün rejiminə necə əməl olunmasını öyrədəcək və nəzarətdə saxlayacaqdı.
-Zabitlər qüvvətli və kalorili qidalanmalıdırlar. – deyə ilk görüşdə Fəhmin bəy mərkəz rəhbərinə təklif verdi. – Bəzi ərzaqları bazardan almalıyıq. Onları aslan kimi, qaplan kimi bəsləməliyik ki, Qarabağa, ermənilərin üstünə, quzu kimi mələyə-mələyə getməsinlər. Elə getsinlər ki, onların hayqırtısından ermənilər Zəngəzuru da, Göyçəni də buraxıb İrəvanadək qaçıb getsinlər.
Heç bir problem yox idi, əlavə ərzaq məhsulları almaq üçün pul da ayrılmışdı.
Polkovnik Axundov dünyagörmüş adamdı, pulla, ərzaq məhsulları ilə davranmağın necə məlhəm, həm də çətin olduğunu yaxşı bilirdi. Minbaşı Fəhmin bəyə alış-veriş yardımçısı təyin etməyə seçimdə çətinlik çəkmədi, çünki bir nəfərdən başqa adamı da yox idi. Bu iş çox incə işdi, kimə tapşırsaydı, yarıtmayacaqdı, yəni becərəmməyəcəkdi. Burda təkcə intizamlı olmaq azdı, həm də riyazi hesablamaları barmaq üsulu ilə öyrənmək gecdi, bunları, yəni bazarı beş barmağın kimi bilməliydin. Odur ki, qəbuluna çağırdığı gizir Dibirovu bir də başdan ayağadək müştəri gözü ilə süzüb son tapşırıqlarını verdi:
-Bax ha, Dibirov, bu iş sənə asand gəlməsin.
-Ağlım kəsəndən evin bazarlığını eləmişəm, bazar alverçilərini yaxşı tanıyıram. – Dibirov imkan vermədi ki, polkovnik sözünü bitirsin.
-Ola bilər ki, bazar dəllallarının dilini biləsən, amma türklərlə çətin bacarasan. Onlar tutduqlarına Nuh deyər, peyğəmbər deməzlər.
-Heç bir problem yoxdur, yoldaş polkovnik. Ölkədə qarmaqarışıqlıq düşən kimi qaçıb getdim İstanbula. Üç il Laləlidə alver elədim. Abiləri, ablaları pis tanımıram. Onlarla lap tez dil tapacam.
-Bir də onlar sənə toplan, alabaş, erkək-filan desələr, incimə. Bu söyüş deyil, onların danışıq tərzi belədir.
-Mən bunlara öyrəncəliyəm. Bir də qazandığımız çörəyin xətrinə toplan, alabaş yox, lap it oğlu it də desələr, gərək dözək.
-Ay maşallah, di onda nə durmusan? Tez qoş-qoş Fəhmin bəyin hüzuruna. De ki, alış-veriş yardımçısı təyin olunmusan.
Gizir Dibirov “baş üstə” deyəcəyindən sevincəyə düşüb “əmr et, komutanım” dedi. Tələsdiyindən sol əvəzinə sağ çiyni üstə geri döndü, amma dönməyi ilə də tez özünü düzəltdi, sol ayağı ilə hərəkətə başlayıb otaqdan çıxdı. Əvvəlcə dəhlizdə dayanıb bir siqaret yandırdı. Həyəcandan lap ciyəri yanırdı, dalbadal beş-altı qüllab vurub tüstünü qarnına sümürdü. Sonra burnundan tüstünü parovoz kimi buraxaraq əlindəki siqaret kötüyünü zibil qabına tulladı və dəhlizin baş tərəfindəki otağın qapısına yaxınlaşdı. Qapını döydü və heç bir icazə gözləmədən otağa daxil oldu. Olduqca gur səslə:
-Komutanım! – dedi və əlini gicgahına aparıb məruzə etməyə başladı. – Assubay Dibirov sizə alış-veriş yardımçısı təyin olunub. Əmr et, komutanım!
Minbaşı Fəhmin bəy dərhal hiss etdi ki, gizir Dibirov elə onun arzuladığı adamdır.
-Gəl, qoçum, gəl! – Oturmaq üçün ona yer göstərdi. – Mən bir kərə söyləyəcəm, sən alıb sırğatək qulağından asacaqsan. Bu işdə yalan yox, tamam?
-Anladım, tamam.
-Yarın tezdən parayı məndən alacaqsan, mənim arabamla bazara yollanacaqsan. Alış-veriş yapıb dərhal geri qayıdacaqsan. Gözünün ucu ilə də sağa-sola baxmaq yox, anladınmı?
-Tamam, tamam, anladım.
Ertəsi gün gizir Dibirov minbaşı Fəhmin bəydən pulu götürüb onun üçün ayrılmış xidməti maşında bazara yollandı. Siyahıda göstərilən ərzaqların ən yaxşılarından alıb yeşiklərə doldurdu və maşının yük yerinə qoydu.
-Sən maşından düşmə. – Sürücüyə qəti tapşırdı. – Maşını sahibsiz görüb evakuatorla apara bilərlər. Sonra da gəl, düş Bakının cərimə meydançalarını axtarmağa.
Təlim mərkəzinə qayıdan kimi ərzağı yeməkxanaya boşaltdırdı, baş aşbaza təhvil verib minbaşı Fəhmin bəyin yanına yollandı. Fəhmin bəy diqqətlə qiymətlər yazılmış siyahıya baxdı, qeyd dəftərçəsinə nə isə yazdı və bundan sonra ərzaq alınmış siyahının üstünə imza atdı.
-Apar karargaha, ver İsmayıl Yorğançıya. Qoy, onbaşı kaytları bilgisayara işlasın.
-Oldu, komutanım!
-Haydı get, aslanım. – Minbaşı Fəhmin bəy arxadan onun boyunu oxşadı.
Növbəti gün gizir Dibirov bazardan aldığı ərzağın siyahısını minbaşı Fəhmin bəyə təqdim edəndə onun qaşları çatıldı.
-Ya bu nə? Gecə infilyasiyamı baş vermiş? Dünən apelsin yetmiş qruş olmuş, bu gün bir manat yetmiş qruş. Olurmu ya?
-Olur, komutanım, olur. Lap üç manata da olur. Burası bazar, dəllallar nə istəyər, neçəyə istəyər, o qiymətə də satarlar. “Alırsan al, almırsan, onda xoş getdin”, deyərlər.
Fəhmin bəy başını bulaya-bulaya qeydlərini apardı.
Beləliklə, günlər gəlib keçdi, həftələr ötdü və ay tamam oldu. Gizir Dibirov sonuncu siyahısını uzman çavuşu onbaşı İsmayıl Yorğançıya verib minbaşı Fəhmin bəyin yanına qayıtdı.
-Bir istəyin varmı? – Minbaşı sordu.
-Minbaşım, alın, qoyun cibinizə. Bu, sizə çatasıdır. Halal xoşunuz olsun. – Gizir Dibirov cibindən bir topa pul çıxardıb ona uzatdı.
-Bu nə ya? – Pulları görcək minbaşının gözləri bərəldi. – Qoçum, sən qurd ürəyimi yemisən, mənə rüşvət təklif edirsən? Heç qorxmuyorsanmı ki, səni savçıya verərəm?
-Komutanım, nə iş yapırıq ki, buna rüşvət deyirsiniz? Bir də burada savçıya nə gərək? Buranın savçısı da, ədaləti də Baba dayıdır.
-Olsun! Baba dayın bilsə ikimizi də cəzalandırar. Məni hörmətsiz edər, sənin də rütbəni söküb ordudan qovar.
-Qovmaz. Baba dayı ağıllı adamdır. O, çörəyinin düşməni deyil.
-Onda onun da payını böl.
-Heç narahat olmayın. Ona da Baba deyərlər. O, adamı vəzifəyə təyin edəndə parasını konvertin içində alır.
-Deməli, sən onu görmüsən?
-Elə ona görə də arxayın hərəkət edirəm. – Gizir Dibirov qımışdı. – Alın, utanmayın, bu sizin halal qazancınızdır.
-Aslanım, nasıl olur bu halal qazanc? – Minbaşı ürəyində bir az rahatlansa da özünü o yerə qoymadı, əriyini azdırmağa başladı.
-Mən hər gün bazara gedirəm. Dəllallarla çənə döyüb sizin siyahıda yazdırdığınız ərzaq məhsullarını alıram.
-Təbi, subaylar toplanlar kimi bəslənməlidir, sonda qaplanlar kimi Qarabağa yollanmalıdır.
-Siz bazarı tanımırsınız. Bazarda qiymətlər hər gün dəyişir, təbii ki, qalxır. Mən də nə qiymətə desələr, almağa məcburam. Soruşuram, neçəyə satırsan? Deyir, bu qiymətə. Deyirəm, ucuz elə, alım. Dil tapıb, bir az ucuz qiymətə alıram. Ortada dəllalın dediyindən endirdiyim qiyməti qoyuram qırağa. Elə bilin, dəllalın dediyi qiymətə almışam. Hərgah, dəllallarla danışıb, çənə döyüb qiymət endirməyə də bilərəm. Onlar dediyi qiyməti ödəyib gələrəm. Ancaq bunun nə sizə, nə mənə bir qara quruş qədər faydası olmaz. Mən özümdən çox sizi düşünürəm. Axı siz ailənizi uzaqlarda qoyub bizə yardım etməyə gəlmisiniz. Biz də hər hansı formada sizə təşəkkür etməliyik, ya yox? Alın, alın, utanmayın, bu sizin halalınızdır, lap alın təri ilə qazanılmış halal pul kimi.
-Gəl bir öpüyüm səni, aslanım. – Minbaşı pulu alıb cibinə dürtüşdürdü və ayağa qalxdı. – Sən əsl mənim arzuladığım yardımçısan. Bundan sonra səni əsla buraxmam. Kıprıza, Güney Doğuya, Orta Asiyaya, lap Madaqasqara; məni hara göndərsələr səni də özümlə aparacam. Sən dünyanın ən iyi, qosqoca “alış-veriş yardımçısı”san. Səni doğan ananın əllərindən öpürəm.

Müəllif: Əli bəy AZƏRİ

ƏLİ BƏY AZƏRİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“ÖN SÖZ”ÜN QİYMƏTİ – ƏLİ BƏY AZƏRİ YAZIR

Əli bəy Azəri – yazıçı, publisist.

“ÖN SÖZ”ÜN QİYMƏTİ

(Esse)

Söz…

Ön söz…

Söz – ön söz…

Ön söz – söz…

Bəlkə söz önü?

Bizdə söz önü varmı, ingilislərdə, ruslarda olduğu kimi? Bu haqda fikirləşən olubmu?

Deyirlər ki, birinci SÖZ olub. Hətta buna Allahın adından and da içirlər. Əslində, qələm əhli üçün and içmək yalançılığın bir əlamətidir, inanmaq real görünmür.

Məncə, sözdən əvvəl səs olub. Çünki yaranışdan bəri bütün canlılar bir-birini bircə səslə anlayır. Bir bu qədər sözü olduğu halda insanlar bir-birlərini başa düşə, anlaya bilmirlər və bunu istəmirlər də…

İnsan sonuncu yaranışdır. O da təkmilləşənə, formaya düşənə kimi uşaq kimi müxtəlif səslər çıxarıb.

Sözün birinci olması şübhəlidir. Müzakirəsi sonsuzdur, lap fəlsəfənin “ağıl, yoxsa şüur?” sualı kimi…

Sözümüzün canı var, xülasəsi var deyə iki əlli yapışmışıq sözün ətəyindən…

Sözü ən çox yazanlar işlədirlər, onlar danışmayanda daha artıq söz istifadə edirlər…

Klassiklər əsərlərinə müqəddimə yazardılar…

Müasirlər “ön söz” yazırlar, imkan düşəndə yazdırırlar…

Bu, artıq dəb halını alıb…

Hətta birinci kitabına “ön söz” yazdırmaq üçün adlı-sanlı, rütbəli, titullu adam axtarışları aylarla vaxt aparır.

Bəzən “ön söz” kitabın, əsərin çəkisindən ağır gəlir…

Heç bunun fərqinə varmamışdım. İlk dəfə kimin kitabına “ön söz” yazdığım da yadımda deyil. Ancaq o yadımdadır ki, çox məsuliyyətlə yanaşmışdım, orta məktəbdə sərbəst mövzuda inşa yazdığımdan da məsuliyyətli…

Son günlərin söhbətidir. Yetmiş yaşı bir aydan sonra tamam olacaq rayondan gəlmiş bir şairlə onun kitabını çap etdirmək üçün metro stansiyasından çıxıb mətbəəyə tərəf gedirdik ki, təzəcə yetmiş yaşı tamam olmuş başqa bir şairlə qarşılaşdıq. Görüşüb hal-əhval tutduq. Onları bir-birinə təqdim edib araya tanışlıq saldım. Mətbəəyə getdiyimizi, bir aydan sonra yetmiş yaşının tamam olması münasibətilə rayondan gəlmiş şairin yeni şeirlər kitabını çapa verməyə getdiyimizi söylədim. Yetmiş yaşı təzəcə tamam olmuş şair müəmmalı-müəmmalı baxıb astadan, az qala pıçıltı ilə bir şey dedi:

-Yəqin ki, kitabın “ön söz”ünü sən yazıbsan!

Mən cavab vermədən mənimlə gedən şair dilləndi:

-Yox, o, yazmayıb. “Ön söz”ü də, “son söz”ü də özüm yazmışam.

Sanki o, bu sözü ilə təzəcə tanış olduğu şairin qarşısında imtahandan qiymət alıb təskinlik tapdı, ağıllı, kamallı, savadlı, istedadlı olduğunu göstərdi, yetmiş yaşının hesabatını verib rahatlandı.

Pah atonnan! Nə çətinmiş bu “ön söz” məsələsi! Bunu mən belə bilməzdim!

Yetmiş yaşı təzəcə tamam olmuş şair qırmızı-qırmızı qımışdı, dodaqaltı mızıldandı:

– Həə? Onda əlli manatı özünə qalıb… – Yoluna davam etdi.

Mənə elə gəldi ki, bunu yetmiş yaşını qeyd eləmək üçün kitabını çıxartmaqdan ötrü rayondan durub Bakıya gəlmiş şair eşitmədi. Heç mən də eşitdirmək istəmədim. Amma sən demə, eşidibmiş, həm də arif adamdı, sözü göydə tutubmuş.

– Nə deyirdi o? – Biz də yolumuza davam etdiyimiz yerdə qəfildən soruşdu.

– Heeç! – Dilucu cavab verdim.

– Necə heç? Deyəsən əlli manat söhbəti eşitdirdi axı?

– Həə, köhnə söhbətdir.

– Nə söhbətdir elə? – Tərsliyinə salıb dirəşdi, məsələni mənim dilimdən eşitməyincə əl çəkməyəcəkdi.

– Çoxdanın söhbətidir, hələ də unuda bilmir. Bir nəfərin kitabına “ön söz” yazmaq istəyirdi, mənim ucbatımdan alınmadı.

– Yazardı da. Qabağına keçməmişdin ki…

– Yazammadı da… Əlli manatı bəri başdan gözləyə-gözləyə günləri, həftələri küləyə sovurdu. Həmin adam da məndən xahiş elədi, bir gecəyə yazıb göndərdim.

– Həmin adam sənə əlli manat verdimi?

– Mən yazdığıma təmənna ummuram. Yazanda öz imzamın, bir də yazdığımın əsərlərinin dəyərinə münasib yazıram. Pulun, qonorarın miqdarı vacib şərt deyil.

– Heç yaxşı iş görməmisən! Böyük günah işlətmisən.

– Nə? Günah?

– Əlbəttə! Kişinin çörəyinə bais olmusan! Bağışlanması mümkün olmayan günahdır. Heç kişi də kişinin çörəyinə bais olar?


Müəllif:
 Əli bəy AZƏRİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“XƏZAN” JURNALININ APREL – MAY (33) 2021 SAYI İŞIQ ÜZÜ GÖRÜB

“XƏZAN” JURNALININ APREL – MAY (33) 2021 SAYI

“Xəzan” jurnalının növbəti buraxılışı işıq üzü görüb.

“XƏZAN” – 33
Jurnalın cüt nömrəsində kimlər var? Qəbələli şairlərin şeirləri… Heç yerdə oxumadığınız poeziya, nəsr əsərləri, publisistik təhlillər…
“XƏZAN” ətrafında xeyli sayda oxucu toplamış bir ədəbiyyat dərgisidir, sorağı internet üzərindən Türkiyəyə, Almaniyaya, Amerikaya, Özbəkistana, Rusiyanın bölgələrinə qədər gedib çatıb. Jurnalda çap olunan müəlliflərin dərginin geniş yayılmasında xidmətləri təqdirəlayiqdir.
Sayca 33-cü nömrəsi çapdan çıxıb. 120 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Redaksiya heyəti Qorxmaz Abdullanın 80, TƏRANƏ MƏMMƏDİN 65 yaşının tamam olması münasibətilə təbrik edir. Rəssam NAZİM HÜSEYNOVUN 65 yaşının tamam olması münasibətilə jurnalda öz fırçasından yaranan Qələbə etüdləri ilə əhatələnmiş səbəbkarın şəkili jurnalın arxa tərəfdən içəridə rəngli səhifədə yerləşdirilib.
Jurnal redaktor guşəsində yerləşən “Bizim Bakı” məqaləsi ilə başlayır. Müəllif Azərbaycan və Bakı haqqında dünya meridianında yeganə olan faktlardan söhbət açır.
Fərhad Ramizoğlunun “Sinifin iki qrupa bölünməsi məqsədəuyğundurmu?” məqaləsində Azərbaycan təhsil sistemində olan çox ciddi problem qabardılıb və mütəxəssis rəyi verilir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Mətbuat tarixi və publisistika” şöbəsi, elmi işçisi Dilbər Rzayevanın ““Bəhlul” satirik jurnalında “Molla Nəsrəddin” ənənələri” məqaləsi ciddi araşdırmanın məhsuludur və təqdirəlayiq haldır. Bu sahədə aparılan araşdırmalar müasir ədəbi proseslərə bir nümunədir.
Emin Pirinin Vətən müharibəsinin iştirakçısı şair Elvin İntiqamoğlu ilə maraqlı müsahibəsi “Özümü yeni doğulan uşaq kimi aparırdım” başlıqlı yazıda verilmişdir.
Göyərçin Kəriminin “Ümidi söz olan şair” məqaləsi Fikrət Sadıq yaradıcılığına həsr olunub. Zaur Ustacın “Hərb mövzulu yazılar” sərlövhəli yazıda müharibə mövzusunda yazılmış əsərlərdə müəlliflərin yol verdiyi nöqsanlardan söhbət açılır.
Elvin İntiqamoğlunun “Xatirələr elmlər doktoru” və Ələsgər Talıboğlunun “İrəvanda xal qalmadı” məqalələrində insan faktorundan söhbət aparılır.
Ələsgər Talıboğlunun “Qisas qiyamətə qalmadı” məqaləsində Qorxmaz Abdullanın, Zaur Ustacın “Azərbaycan ədəbiyyatının “Hərb və sülh”ü” məqaləsində isə Əli bəy Azərinin kitablarından bəhs olunur.
Poeziya bölməsində şair Hafiz Əlimərdanlının “Azadlığa gedən yol” poeması çap olunub. Şairlərdən: Məhəmməd Əli, Zeynalabdin Novruzoğlu, Səadət Qərib, Rəhman Bayram, Teyfur Çələbi, Budaq Təhməz, Əbülfəz Ülvi, Bəxtiyar Abbas İntizar, Zəki Bayram Yurdçu, Kirman Rüstəmli, Xəyal Zeynal və Xəlil Tahirovun şeirləri jurnalın bu sayını daha da rəngarəng edib.
Bir iyun Beynəlxalq Uşaqlar günü də şairlərin yadından çıxmayıb. Jurnalın bu nömrəsində baba şairlər; İbrahim Yusifoğlu və Ələsgər Talıboğlu öz şeirləri ilə uşaqlara sevinc gətirməyə çalışıblar.
Qəbələdə yaşayıb-yaradan şairlər jurnalın bu nömrəsinin qonağıdır. Azərbaycan Yazıçılar və “Xəzan” jurnalı redaksiya heyətinin üzvü, şair Məhəmməd Əlinin təqdimatında oxucular bu nömrədə qəbələli şairlərdən: Kamil Məmmədov, Səməd Səmədov, Fərman Əzizli, Cəlil Xeyirbəy, Mirhəsən Ağayev, Qərib Hüseynov, Əhməd Məmmədli, Sədiyar Səfərəliyev, Şəhla Xəlilqızı, Ənvər Durucalı, Fəxrəddin Babayev, Mərziyyə Qəbələli və Niyazi Zöhrabovun şeirləri oxucuların ixtiyarına çıxarılmışdır.
Nəsr bölməsində Rusiya Yazıçılar Birliyinin üzvü Xaliq Azadinin “Xoşbəxtliyin son həftəsi” povesti çap olunub. Təranə Məmmədin, Zarema Əliyevanın, Rəşid Bərgüşadlının, Zəhra Səfəralıqızının və Əli bəy Azərinin hekayələri, Ramiz İsmayılın elegiyası da nəsr bölməsində yer alıb.


“Xəzan” jurnalının baş redaktoru:
 Əli bəy AZƏRİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru