Azərbaycan dünya ədəbiyyatına bir sıra sənət ustaları veribdir. Bu sənətkarlardan hər birinin özünəməxsus ədəbi məktəbi, orijinal yaradıcılıq yolu olmuşdur. Eyni sözləri, siyasi dedektiv janrında gözəl romanlar bəxş edən xalq yazıçısı Çingiz Abdullayev haqqında da deməliyik. O, öz yazı üslubu ilə müasir həmkarlarından fərqlənərək, adı çəkilən janrla Azərbaycan ədəbiyyatına yeni ruh, yeni rövnəq gətirdi.
Çingiz Abdullayevin müasirləri arasında qazandığı böyük nüfuz ədəbi mühitlə məhdudlaşmamış, ölkımizin ictimai-siyasi həyatında göstərdiyi fəaliyyət, ictimai proseslərdə fəal və intensiv iştirakı geniş əks-səda doğurubdur. Böyük idealların təsdiqində fəallıq göstərmək, müasir ictimai-siyasi proseslərin hadisə və meyllərin dərin təhlilini vermək, xalqın, xüsusən də, dəstək verdiyi cavan yaradıcı insanların rifahı naminə mücadilə etmək onun ictimai fəaliyyətinin mərkəzində dayanıbdır. Mirzə Fətəli Axundzadə demişdir ki, “Mənim xalqımın fitri istedadı Avropa xalqlarının fitri istedadından qat-qat artıqdır”. Buna bariz nümunə Çingiz Abdullayevin parlaq yaradıcılığıdır. O, öz yaradıcılığı ilə sübut edir ki, bizim əsərlər milliyyətindən asılı olmayaraq, Avropada və digər qitələrdə yaşayan intellektual səviyyəli oxucuların diqqət mərkəzində ola bilər.
Ədəbiyyatda belə yazılmamış qanun var – hər bir yazıçı yaratdığı əsərlərin kəmiyyətindən və istedad dərəcəsindən asılı olmayaraq çox vaxt bir əsəri ilə tarixə düşür, yalnız bir əsəri onun sənətkar adının tam dəyərli ekvivalentinə çevrilir. XX əsrin sonlarına qədər Çingiz Abdullayevin adı çəkiləndə də yada ilk növbədə məşhur “Mavi mələklər” əsəri düşür.
İnsanlarda xoş ünsiyyət yaratmaq, zamanın ruhunu duymaq, öz alovlu, təsiredici nitqi ilə on minlərlə, yüz minlərlə insanın məhəbbətini qazanmaq, əxlaqi, etik, mədəni keyfiyyətlərlə ətrafda cərəyan edən içtimai proseslərin nəbzini tutmaq Çingiz Abdullayevi geniş miqyasda kamil insan səviyyəsinə gətirib çıxarıbdır. Kamil insanın daxili aləminə girib onun ürəyindəki duyğuları və təfəkküründəki fikirləri qələmə alıb yazmaq, çox mürəkkəb proses sayılır. Lakin mən Çingiz müəllimi şəxsən tanıdığım üçün, onun daxilində cərəyan edən, bəzi xarakterik sirrlərə bələdəm və məhz buna görə də sözün əsl mənasında, təfəkkürümdə, bu böyük insan barəsində gəzdirdiyim bir çox fikirləri paylaşmaq məcburiyyətindəyəm. Çingiz Abdullayevin əhatə dairəsi və fəaliyyət məkanı o qədər genişdir ki, onun haqqında nəinki qəzetdə məqalə, hətta böyük bir kitab yazsan da azdır. Onunla bağlı mən özümdə bir çox şeyləri kəşf etdim. Həyatın ağrılı-acılı çağlarına sinə gərməyi bacaran, bir çoxları kimi ruh düşkünlüyünə qapanmayan, hansı maneə ilə üzləşirsə-üzləşsin, həyata nikbinliklə baxan nasir tezliklə öz aləmini yaradır. Çingiz Abdullayev getdikcə həyatla daha sıx əlaqəyə girir, onun sirrlərini öyrənməyə, ziddiyyətlərinə açar tapmağa can atır. Onda olan bədii istedad Azərbaycan ədəbiyyatı üçün yeni sayılan yeni romanların yaranmasına gətirib çıxarır və Çingiz Abdullayev peşəkar nasir kimi cürbəcür baxışlı oxucular arasında təşəkkül tapır və əlbəttə ki, onların maraq obyektinə çevrilərək, onun yeni yazılarını izləməyə başlayırlar.
Hamıya bəllidir ki, Çingiz Abdullayev nəinki Azərbaycanda, hətta postsovet və Avropa məkanında yazıb-yaradan ən məhsuldar yazıçılardan biridir və demək olar ki, hər ay onun əsərləri yeni-yeni ölkələrin sərhədlərini aşaraq, geniş oxucu kütləsinin qəlbinə yol tapır. Belə bir nəticə ilə yaradıcı insanlarla yanaşı, bütün xalqımız fəxr etməlidir.
Çingiz Abdullayev öz nəslinə mənsub olan ən gözəl xüsusiyyətlərdən birini öz xarakterində cəmləşdirərək, insanlar arasında yaranan dialoq nəticəsində liberal prinsiplərə üstünlük verir. Əlbəttə, ünsiyyət insanların bir-birini qavramasından başlanır. Çingiz Abdullayev insanlarla söhbət edərkən, ilk növbədə həmsöhbətini səmimi olmağa çağırır və hər hansı bir mövzunun aktual olmasını xoşlayır. Adəti üzrə o, inandığı, etibar etdiyi adamdan heç nə gizlətmir, özündə olan düşündürücü fikirləri, xüsusən də, ona açıqlayır. Səmimiyyət ürəkaçıqlığın, xeyirxahlığın açarıdır. Lakin bir çox insanlar çox vaxt, bu məqamda bir-birini düzgün qavramır, özlərinin davranış motivlərini birtərəfli anlayır, əsaslı bir səbəb olmadan yadlaşır, bir-birindən ayrı düşür, incik gəzir, aylarla-illərlə küsürlər və s. Çingiz Abdullayev isə insan xarakterində olan bütün bu təzadlara baxmayaraq, liberal insan olduğundan hamı ilə kompromissə gedir və humanistliyi ilə hamını sakitliyə, loyal yola dəvət edir. Hətta ətrafında olan dost-tanışlarından kimsə küsəndə, o, həmin adamları barışdırmağa çalışır. O, adamların bir-birilərini qavrayanda ən çox hansı xüsusiyyətlərə daha çox diqqət yetirdiyini aydınca sezir.
Vaqif Yusifli-filologiya elmləri doktoru, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri.
ÜZÜ DAN YERİNƏ, SEVİNDİK!
Deyirlər ki, Aleksandr Sergeyeviç Puşkin yeddi-səkkiz yaşlarında şeir yazmağa başlayıb. Liseydə oxuyanda müəllimləri qarşısında şeir söyləyib.
Deyirlər ki, Mirzə Ələkbər Sabir də Seyid Əzimin şagirdi olanda şeir oxuyub ona: “Tutdum orucu irəmazanda”…
Deyirlər ki, Cəfər Cabbarlı yaradıcılığa 11-12 yaşlarından həvəs göstərib və çox keçmədən mətbuatda şeirləri dərc olunub.
Ancaq biz Sevindik Nəsiboğlunu nə Puşkinlə, nə Cabbarlı ilə, nə də Sabirlə müqayisə edirik. Və qətiyyən bu fikirdə deyilik, 15 yaşı hələ tamam olmamış, amma 7-8 yaşlarından mətbuatda şeirləri ilə çıxış edən və 15 yaşında artıq 5 kitabın müəllifi olan Sevindik Nəsiboğlu Azərbaycanın böyük şairi olacaq. Yox! Qarşıda aylar, illər var və Sevindiyin özünü əsl şair kimi təsdiq edəcəyi tarix hələ qabaqdadır. Ancaq bu 5 kitab və o kitablarda toplanan şeirlər, publisistik məqalələr mənə haqq verir deyəm ki, Sevindik Nəsiboğlu istedaddır.
15 yaşı hələ tamam olmayana bizdə uşaq deyirlər, ya da ilk gənclik dövrünü yaşayan… Amma ona nə uşaq deyirəm, nə də yeniyetmə.
Sevindik Nəsiboğlu tanrının ona bəxş elədiyi bu mənəvi qüvvənin hələ başlanğıc mərhələsini yaşayır. Amma şəxsən məndə böyük bir inam hissi var ki, onun istedadı daha da parlayacaq.
Onun ilk şeirlər kitabının adı “Dünyamsan Azərbaycan” adlanır (2018). 10 yaşı vardı o zaman. Bu kitabda toplanan şeirlər vətənpərvərlik ruhunda qələmə alınıb. 10 yaşlı uşağın – məktəblinin Vətən sevdalısı olması sizə heç də qəribə görünməsin. Vətənpərvərlik – Vətən sevdası təkcə ailədən, məktəbdən gəlmir, həm də süddən, qandan gəlir. Bu şeirləri yazanda Azərbaycanın cənnət guşələri – Qarabağ hələ işğal altında idi. Bir çox şairlərimizin şeirlərində bədbinlik, ümidsizlik motivləri ilə qarşılaşırdıq. Və bunun da səbəbi vardı. Bizə elə gəlirdi ki, daha Qarabağı – Şuşanı itirmişik. Amma 2020-ci ilin 44 günlük Vətən müharibəsi bütün bu bədbinliyə son qoydu. Sevindik Nəsiboğlu heç də bədbinliyə qapılmırdı. Heç bir şeirində mənə rast gəlmədi ki, o, tam kədərli olsun, ağlasın-sıtqasın, qəm-qüssəyə batsın.
Bura Natəvanın yurdu,
O, sinəndə yuva qurdu.
Yaşasın qəhrəman ordu,
Narahat olma, Qarabağ.
“Könüllərə yol gəzirəm” (2020) və “Möhtəşəm zəfərin nişanəsi” şeirlər kitablarında isə Sevindik Nəsiboğlunun addımları daha inamlıdır. Hiss edirsən ki, o, şeiriyyət aləmi deyilən bu böyük mənəvi Vətəndə özünü təsdiq etməyə can atır, bir gənc şair kimi axtarışlar aparır. Çalışır ki, hər hansı bir şeirində öz ürəyindən keçən hisslərini, duyğularını poeziya dili ilə oxucularına çatdırsın.
O şeirləri oxuyuruq və görürük ki, Sevindik başdan ayağa, misradan misraya Azərbaycançıdır.
2020-ci ilə qədər yazdığı şeirlərdə mövzu müxtəlifliyi diqqəti cəlb edir. Vətənpərvərlik mövzu deyil, içdən qandan gələn şahanə duyğudur və Sevindik ordumuza, Şəhidlər xiyabanına, Azərbaycan əsgərlərinə, ayrı-ayrı qəhrəman oğullarımıza həsr etdiyi şeirlərində Vətənləşir. Təfsilata varıb şeirlərdən parçalar nümunə gətirə bilərik, yalnız “Vətən bayatıları”na üz tutaq:
Arar Şuşanı gözüm,
Qalmayıb canda dözüm.
Şuşasız üzüm gülməz,
Ağlayır kəlməm, sözüm.
Könüllərə yol gəzən Sevindik Şuşadan – Qarabağdan, Kəlbəcərdən, Xocalıdan keçir, yolu Naxçıvana, ana torpağımızın bir çox guşələrinə bağlanır.
Mən bilmirəm o, Nizaminin, Nəsiminin, Füzulinin, Sabirin əsərlərinə necə bələddir, amma onlara sevgisini əsirgəmir: “Dünya var olduqca yaşayacaqlar Nizami, Nəsimi, Füzuli, Sabir”. Ümumən, Sevindiyin öz doğma Azərbaycanının böyük sənətkarlarını vəsf etməsini alqışlayıram. Bakıxanov, Sabir, Müşfiq, Cabbarlı, Cabir Novruz, Vaqif Səmədoğlu… Hiss edirəm ki, onun mütaliə dairəsi də genişdir – amma bu mütaliə həm də sevgiylə yoğrulur. Vaqif Səmədoğlunun əziz xatirəsinə həsr etdiyi bir şeiri daha çox xoşladıq:
Gözlərdə bir sükut var,
Hər gün təzələnir.
Qaranlıqlar arasında,
Hər gün pislik gəlir, gedir.
Sanki mən baltalanmışam,
Yerdə qıvrılır yazıq bədənim.
Gecə keçir, gecə keçir,
Pərdələr açır səhəri.
Sanki mən bahalanmışam
Yaşamağa qoymurlar məni
Səhərə bir inamla,
Açıram pərdələri.
Pislik məni gözləyir
Yola verirəm sevincləri.
Poemalarına gəldikdə bu janrda qələm çalma çox məsuliyyətli işdir. Cavid haqqında poema yazmaq o deməkdir ki, sənin içində, ruhunda və duyğularında bir Cavid var.
Mən Sevindik Nəsiboğluya şeirlə bağlı bir-iki tövsiyəmi bildirmək istəyirəm.
1. Onun əsl, mükəmməl şair olacağına inanıram. Amma o mükəmməlliyə yetişmək üçün şeirlərində obrazlı fikir söyləmək səviyyəsi də lazımdır. Bir az məzmunçuluqdan, nəqilçilikdən uzaqlaşmaq gərək.
2. Bizim şairlərdən Bəxtiyar Vahabzadə, Məmməd Arazı, Musa Yaqub, Əli Kərimi, Sərdar Əsədi, Ramiz Rövşəni, Vaqif Bayatlını diqqətlə oxu. Onları təqlid etmə, amma şairlərdən öyrən – sözə necə obrazlı yanaşıblar.
3. Səməd Vurğunu da, Rəsul Rzanı da, Hüseyn Arif, Nəbi Xəzrini də Süleyman Rüstəmi də oxu. Ümumiyyətlə, əvvəlki sənətkarları tanı, quruluşa – onların hansı dövrdə yaşadıqlarına əhəmiyyət vermə. Şeir şeirdir. Onları ona görə dönə-dönə oxu ki, şeiriyyətləri gözəldir.
4. “Azərbaycan” və “Ulduz” jurnallarını – onların hər sayını al, oxu. Ədəbi mənzərə ilə tanış ol.
5. Təkcə “Kredo”da yox, başqa qəzet və jurnallarda da dərc olun, qoy səni yaxşı tanısınlar. Sağ olsun Əli Rza Xələfli, səni tanıtdı, amma dairəni genişləndirmək lazımdır. Ədəbiyyat əyləncə deyil, sən bunu yaxşı başa düşürsən.
Sevindik Nəsiboğlu “Ulu Naxçıvanım” və “Möhtəşəm zəfərin nişanəsi” publisistik kitablarının da müəllifidir. “Ulu Naxçıvanım” məqalələr toplusunu, elə “Naxçıvannamə” də adlandırmaq olardı. Əgər mən onun şairliyinə mükəmməllik arzulayıramsa, publisistikası haqqında daha yaxşı fikirdəyəm. O, artıq əsl publisistdir! Özü də onun publisistik yazılarını bədii publisistika adlandırıram. Bu publisistikanın qəhrəmanları da bizə tanışdır – 44 günlük zəfər müharibəmizin qəhrəmanlarıdır…
Mən Sevindik Nəsiboğluya – bu 15 yaşlı gənc istedada inanıram. Yoluna davam et, Sevindik! Gələcək səni gözləyir! Üzü dan yerinə!
Kürçaylının doğum və ölüm tarixləri fevral ayına təsadüf edir.
52 il yaşasa da, yaradıcılıq bioqrafiyası zəngin olan nadir şairlərdəndir.
Dantenin “İlahi komediya”sını dilimizə çevirib. Yesenindən tərcümələrini “Yesenin səltənətinin Azərbaycandakı açarı” adlandırıblar. “Fillər də ağlayır” şeirinə cavab olaraq, Təbrizdə Bulud Qaraçorlu Səhənd “Əliağa Kürçaylıya məktub” poemasını yazıb. Əliağanın “Durnalar cənuba uçur” poeması Cənub mövzusunda yazılmış ən yaxşı əsərlərdəndir. Sevgi şeirlərində səsi, nəfəsi, ifadə tərzi, üslubu, obrazlar aləmi qeyri-adidir. “Gedək üzü küləyə”, “Təki sən səslə məni”… kimi sevgi şeirləri nəğməyə çevrilib, yaxud “Bir sən, bir mən olum, bir uçuq kaha – / Heç nə istəmirəm taledən daha” misraları heç nəğməyə çevrilmədən belə Azərbaycanda dillər əzbəri olub. “Dənizdə ay çimirdi” şeiri Yahya Kamalın “Nəzər” şeiri ilə müqayisəli təhlilə imkan verən şeirdir. Kürçaylı Muğanı tərənnüm edib. Onun Muğandan ilham alan təbiət lirikasında əhval başqadır: “Torağay torpağı ayaqlarıyla / Çörək üzü kimi naxışlayıbdır”. O, Muğan torpağına qədim Muğ kahinləri kimi ilahi dəyər verib. Ağır və ləngərli təhkiyəsi olan “İnsan həsrəti” poemasında Muğanlı insanların mifoloji geneologiyasını yaratmağa cəhd edib. Onun şair ilhamı Muğan torpağının üstündə gəzmir, əksinə, Muğanı başı üzərinə qaldırıb, bayraq kimi dalğalandırır. Nə sirdirsə, eyni torpağın övladları – XX yüzilin ilk illərində Əli bəy Hüseynzadə Ər Manas haqqında ilk elmi fikri dövriyyəyə buraxıb, Manas barədə Azərbaycanda ilk şeiri (həm də ən gözəl şeiri) XX yüzilin 70-ci illərində Ə.Hüseynzadənin eloğlusu Kürçaylı yazıb. Azərbaycan siyasi lirikasının bənzərsiz örnəklərindən olan “Yedək gəmisi” şeiri də onundur. Dramlar, komediyalar qələmə alıb. O, “Daşlar Qobustanda şöhrətə dönüb, / Daşlar yetim qalıb Xudafərində…” deyəcək qədər Azərbaycanı bütöv görə bilən iti fəhmli şairlərdən idi. Mikayıl Abdullayevin çəkdiyi və Azərbaycanlıların təsəvvüründə Nəsiminin obrazı olaraq sabitləşmiş portretdəki gözlər, qaşlar, üz cizgiləri Əliağaya məxsusdur.
Neftçalada, İmamverdi Əbilovun arxivində Kürçaylının məktubları, şairin evimizdə olarkən xatirə dəftərinə yazdığı unikal qeydlər, birgə çəkdirdikləri şəkillər var. Amma səmimiyyətinin aşırılığı ilə məni hər zaman iki sənəd daha çox heyrətləndirib. Biri Əliağa Kürçaylının 1961-dən 62-yə keçən gecə, yəni yeni il gecəsi axşamı xatirə dəftərinə yazdığı qeyd, digəri də elə həmin il, yəni 1962-ci il oktyabrın 9-da yazdığı məktubdur.
Nə gözəl günlər var imiş. Dekabrın 31-də ailə üzvləri ilə bir yerdə yeni il gecəsini keçirmək üçün bir-birinə qonaq gedirmişlər. Göy üzlü xatirə dəftərini vərəqləyirəm. Əliağa Kürçaylının yazdığı ürək sözləri: “Adam unudulmaz dəqiqələri həmişə yaşamır. Ona görə də belə dəqiqələrin qiyməti ölçülməz olur. 1962-ci ilə keçən bu gecədə mən belə unudulmaz gecələrdən birini yaşadım. Ürək arzulayan dostun məclisindən daha gözəl nə ola bilər, İmamverdi müəllim? Belə bir dəqiqəni mən sizdə yaşadım. (Daha doğrusu, öz evimizdə. Elə deyilmi, qardaş?) Əliağa Kürçaylı. 31.XII.1961 – 01.01.1962“.
Və bir də 1962-ci ildə yazdığı məktub:
“9 / X – 62
Əziz qardaşım İmamverdi!
Vəfasız qardaşından salamlar! Ümumiyyətcə, öz günahına səbəb axtaran, üzr üçün bəhanə gətirən adamlardan mənim əsla xoşum gəlmir. Desəm ki, sənə zəng etməməyimə və ya məktub yazmamağıma səbəb, tutaq ki, işimin çoxluğu, başımın qarışıqlığı olubdur – sən bu üzrü qəbul etmə.
Necə yəni işim olub? Qardaşı, ürək dostunu yada salmaqdan da böyük iş ola bilərmi? Beləliklə, mən öz hərəkətimi səmimi olaraq məsuliyyətsizlik və ya başısoyuqluq adlandırıram ki, bunu da adama bağışlamazlar.
Ancaq bir məsələni yəqin ki, sən mətbuatdan oxumusan – Mən Tacikistana getmişdim. (Öz aramızdır, qeyri-iradi olsa da, deyəsən, günahım üçün səbəb tapdım). Oktyabrın 3-də Bakıya qayıtdıq. Bəxtiyar da getmişdi. O, gələn günün səhəri Moskvaya getdi. Görürsən, ömür təkərlər üzərində keçir. Sənin xəstələnməyin məni daha çox dilxor elədi. Axı sən niyə hər şeyi ürəyinə salırsan? Qardaş, müasir zamanda əksikləri düzəltmək üçün bir insan ürəyi heç nəyə yaramır. Ona görə də bəzən, rus demişkən “maxni rukoy!” Yusif Səmədoğlu iki aya yaxındır ki, bu lənətə gəlmiş ürəyin vəfasızlığı üzündən xəstəxanada yatır. 25-26 yaşlı bir gəncin ürəyindən şikayəti, mənə elə gəlir ki, bir ibrət ola bilər. Qaldı məktubundakı bədbin əhval-ruhiyyə, məni heç açmadı, xüsusən, sənə yaraşmır. Hələ qabaqda görüləsi o qədər iş, böyüdüləsi uşaq, yazılası əsərlər var ki! Müdafiəni qurtar, sonra bir 5-6 il elmi işlə (akademizm mənasında) məşğul olma. Yalnız dövri mətbuat üçün məqalələr yazarsan. Yay aylarında isə çıxarıq səyahətə.
Bu belə.
Rəsul haqqında məqaləni qurtar gətir. İslam məsələsinə gəlincə, onu sabah soruşaram. Amma açığını deyim ki, heç inanmıram. O öz redaksiya işini elə bir qarınağrısı ilə görür ki… Belədir də, qabiliyyətsiz adam oxlov kimi düm-düz olur. Qabiliyyətli adam isə tənək kolu kimi!
İndi isə özümdən:
Poemanı qurtarmışam. Bir parçası keçən ay “Azərbaycan gəncləri”ndə çıxdı (reklam xatirinə). Bütövlükdə (qlavlitdən keçsə) jurnalın 10-cu nömrəsində çıxır. Kitab məsələsinə gəlincə Azərnəşr gələn ilin planına mənim şeirlər kitabımı salıb, əgər fövqaladə bir hadisə olmasa çıxar.
Bu da belə.
Qardaş, mən də yaman darıxıram. Tacikistanda da o qədər o yan-bu yana qovdular ki… Görüş və yemək!
Rayona özüm də çox gəlmək istəyirəm. Hələlik gözləyirəm. Görək bu pambıq cəlladımızla haqq-hesab necə olacaq!.. Çünki gəlib vəziyyəti elə görəndə adam dünyadan əlini üzmək istəyir. Bakıya gəlməyin məni sevindirdi. Gəl, oturaq, dərdləşək.
Bu qədər.
Bacıma, balalara çoxlu-çoxlu salam de. Özün də gələndə ağıllı-başlı ürək gətir. Xəstəlik söhbətini təmiz unut!
Sizin Əliağa”.
Kürçaylı bizə çox gəlmişdi.
1963-cü il oktyabr ayında Süleyman Rüstəm, Vladimir Qafarov, Qılman İlkin, SSRİ dövlət himninin müəllifi, şair Qarold Registanla birgə. 1964-cü ildə bəstəkar Rauf Hacıyevlə bir yerdə…
Sonuncu gəlişinin tarixini dəqiqləşdirmək üçün atamın gündəliklərinə baxıram. 31 may 1978-ci il imiş. Kürçaylının ölümünə 19 ay qalıbmış. Neftçalada Sabir günləri çərçivəsində tədbir keçiriblər. İkisi də çıxış edib. Şəkilləri də var. İclasda yanaşı oturublar. Kürçaylının elə şəkli başqa yerdə yoxdu. Kim bilir, bəlkə də son şəklidir. Və Kürçaylı artıq “Dözmür dalğalara ömür gəmisi, / Sonuncu sahilə çatıram demək” misraları ilə başlayan “Mən olmayanda” şeirini yazıb. Həmin görüş barədə İmamverdi Əbilovun gündəliyindən: “Yanaqları qürub şəfəqini xatırladırdı. “On dörd il əvvəl, məhz bu ayda sizə gəlmişdim. Onda elə bilərdim ki, məni təbiət deyilən bu ulu ananın qoynundan qorxunc fil xortumları da qopara bilməz. Amma indi…” Biganə təbəssümlə susdu”.
Son görüşləri isə bu söhbətdən bir il yeddi ay sonra, Kürçaylının son günlərində – Kürçaylının evində olub… “Qupquru dodaqları zorla bir-birinə yaxınlaşdı, elə bil qeybdən gələn qırıq-qırıq kəlmələr eşidildi: “El-oğ-lu… Mən-dən sə-nə əma-nət…” Sözünün ardını deyə bilmədi, buna taqəti çatmadı, zorla açılan gözlər yavaş-yavaş qapandı…”
Bu gün Tanınmış yazıçı-publisist, araşdırmaçı alim Azər Turanın ölməz Hüseyn Cavidin ağrılı həyat hekayəsinə həsr etdiyi “Atam, anam, qardaşım, mən və Stalin”adlı əsəri üzrə səhnələşdirilmiş tamaşanın Aktyor Evində düzənlənən premyerası baş tutub. Fotolar:
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Kübarlıq zadəganlıq əlamətidir, nəsildən-nəslə ötürülür. Gözünü açıb kitabların əhatəsində böyüyən insanlar bir başqa aləm olurlar. Yüksək mədəniyyət, xeyirxahlıq onların alın yazısıdır…
Bir vaxtlar işğal altında olan torpaqlarımız uğrunda döyüşən fədakar qadınlar haqqında onun ərsəyə gətirdiyi “Qarabağ müharibəsi: zərif talelər” kitabı bəlkə də bu mövzuda qələmə alınan ən gözəl publisist yazılar toplusudur. İndiyədək on beşə yaxın kitabı işıq üzü görüb. Onların əksəriyyətində məhz Qarabağdan söhbət açılır. Bu xanıma hakim kəsilən vətən qeyrəti, düşmənə nifrət yazdığı əsərlərdə də öz əksini tapıb. Bu da onun böyük vətənpərvər olduğunun təzahürüdür…
Haqqında söhbət açdığım Zemfira Məhərrəmli Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini 187 saylı orta məktəbdə başa vurub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. “Bakı” və “Баку” şəhər qəzetlərində əmək fəaliyyətinə başlayaraq, 2003-cü ilədək müxbir, elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışıb. İnsan hüquqlarına, o cümlədən mənəvi problemlərə dair çoxsaylı publisistik yazıların müəllifidir. Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvüdür.
1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edib. Dəfələrlə “qaynar” nöqtələrdə olaraq Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları yazaraq dərc etdirib.
2010-cu ildə “Tərəqqi” medalına, 2018-ci ildə AYB-nin Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. 2018-2019-cu illərdə IX və X “The first” ödülləri ilə mükafatlandırılıb. Prezident mükafatçısıdır.
Ömür-gün yoldaşı, daha doğrusu həyatının mənası, sədaqətli dostu, professor Qulu Məhərrəmlini ölkəmizdə tanımayan insan çətin tapılar. Mətbuatımızın inkişafında, ədəbiyyat aləmində böyük işlər görüb və görməkdədir.
Zemfira xanım iki övladın anası və bir neçə nəvənin nənəsidir…
2003-cü ildə elmi iş müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Müəllifi olduğu bir sıra publisistik və bədii əsərləri ana dili ilə yanaşı rus, ingilis və türk dillərində çap olunub…
Sadə, təvazökar, zəhmətsevər, işgüzar xanımdır. Məhsuldar işləməyi bacarır. Ərsəyə gətirdiyi əsərlərin hər biri mühüm hadisədir- insanlığa, mənəviyyata xidmət edir. Məhz elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayır. Ünsiyyətdə çox mehribandır. Bir sözlə, yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur…
Dekabrın 11-i Azərbaycan xanımına xas olan ən gözəl xüsusiyyətləri özündə birləşdirən Zemfira xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.
Naibə Həsənağa qızı Yusubova 03 dekabr 1958-ci ildə Səlyan rayonu, Qaraçala qəsəbəsində anadan olub. Hazırda Şirvan şəhərində yaşayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
MƏKTUB
Başını aşağı salmışdı. Qulaqlarındakı uğultudan danışanın nə dediyini anlamırdı. Gözlərinin qarşısında köpüklənən ağız, hədəqədən çıxmış göyümtül gözlər, ölçüsüz-biçimsiz əl-qol hərəkətləri canlanırdı. Nə olduğunu anlamağa çalışsa da, heç nəyi yadına sala bilmirdi. “Bu kişi kimdir? Nə üçün qəzəblidir? Nə üçün onun qarşısında günahkar kimi başımı aşağı salmışam? Axı günahım nədir? Niyə içəri girən kimi mənim adımı çəkdi? Nə sinifdəki müəllimə, nə də tələbələrə etina etmədi? Niyə heç nə xatırlamıram?” Niyələr çox yordu Talehi. “Allahım, kömək ol!” – deyərək imdad istədi.
Nə qədər vaxt keçdiyindən xəbəri olmadı. Amma getdikcə özündə bir yüngüllük duydu. Hafizəsi aydınlaşmağa başladı. İcazə almadan təkəbbürlə içəri girən bu şəxsin özünü təqdim etmədən:
-Taleh Qədirov kimdir? – sualına maraq dolu baxışlar altında ayağa durduğunu da xatırladı. Boz kostyumlu ucaboy kişinin baxışlarından sıxıldı. Bu baxışlardan gizlənməyə çalışdı. Amma birdən özündə cəsarət duydu, adamın gözlərinin içinə baxdı. Bu gözlər kimi xatırladırdı? Nə üçün bu qədər tanış idi? Ayırd etməyə vaxtı olmadı.
-Demək, Taleh sənsən, – kişi rişxənd dolu baxışlarını Talehin nimdaş üst-başından çəkib düz gözlərinin içinə zillədi. – Demək, mənim qızıma məktub yazan da sənsən.
Taleh bir anlıq nə edəcəyini bilmədi. Özünə bəraət qazandırmaq ağlından belə keçmədi.
-Üst-başına bax, sonra mənim qızıma məktub yazmaq fikrinə düş! – sözləri qulaqlarında şillə kimi partladı. Başı hərləndi, gözləri qaraldı. Müvazinətini itirməmək üçün stoldan yapışdı. Anasını itirdiyi günü xatırladı. Dərindən köks ötürdü…
Bir ildən sonra evlərinə təşrif buyuran ögey anaya da isinişə bilmədi Taleh. Elə həmin gündən evdən soyudu. Dərs oxumaq bəhanəsilə süfrəyə hamıdan gec gəldi, yeməyini tək yedi. Bu, atasının da diqqətini cəlb etdi, amma ona heç nə deyə bilmədi.
Darıxanda anasının yanına qaçdı, heç kimə deyə bilmədiklərini onun soyuq məzarı ilə bölüşdü…
Ali məktəbə daxil olanda başqa uşaqlar kimi anası boynunu qucaqlamadı. Əlini kürəyinə vuran atasının:
-Afərin oğluma! – sevincinə də susmaqla qarşılıq verdi.
Universitetə gəldiyi ilk gün onunla yanaşı oturan Faziləni görəndə özünü itirdi, dili topuq vurdu. Fazilə ala gözlərini onun üzünə dikəndə diksindi də. İlahi, bu gözlər necə də anasının gözlərinə bənzəyirdi. Gülərkən batan yanaqları, girdə sifəti, sarışın siması, qızılı saçları ona nə qədər doğma idi. Bəzən özündən asılı olmadan gözlərini bu tanış simadan çəkmədi. Fazilə bir gün dərsdə olmayanda özünə yer tapmadı, ondan xəbər tutmağa çalışdı…
-Axı nə pis iş tutmuşam ki? – sualına cavab axtardı, tapmadı. – Sadəcə, darıxdığımı yazmışam. Axı mən onu görəndə anamı xatırlayıram. Ananı xatırlamaq qəbahətmi? Bunu Fazilə də yaxşı bilir.
Taleh bütün cəsarətini topladı, dillənmək istədi, lakin qulağına dəyən həlim səsdən diksindi:
-Xahiş edirəm, bir qədər nəzakətlə danışın. Unutmayın ki, onlar gəncdirlər.
Taleh müəlliminin nə üçün dilləndiyini anlamağa macal tapmadı. Fazilənin atası əlini cibinə saldı. Dörd qatlanmış bir vərəqi Talehə uzatdı:
-Mənim də sənin anana məktubum var. Apar ver, oxusun.
Otağa dərin bir sükut çökdü. Heç kim eşitdiyinə inanmaq istəmədi. Talehin qırğı baxışları boz kostyumlu kişinin ağaran dişlərinə sataşanda qeyri-ixtiyari gözündə iki damla yaş parladı, dəli bir hayqırtı pəncərələri titrətdi. Boz kostyumlu kişi bu səsdən diksindi. Bir addım geri çəkildi. Elə zənn etdi ki, Taleh üzərinə şığıyacaq, qəzəbdən düyünlənən yumruğunu onun başına endirəcək. Amma gördüyü mənzərə hamı kimi onu da səksəndirdi. Taleh kökündən kəsilmiş ağac kimi yerə sərildi. Səs-küy bir-birinə qarışdı. “Təcili yardım” gələnə qədər Taleh ayılmadı. Həkimlərin ilk yardımı da bir nəticə vermədi. Hərtərəfli müayinə üçün onu xəstəxanaya apardılar. Hamı sarsılmışdı. Boz kostyumlu kişi də susdu. O, tələbələrin qınaq dolu baxışları altında əzildi. Müəllimin üzündəki donuq ifadə sıxılan qəlbini daha da göynətdi.
-Məni bağışlayın! – deyib ağır addımlarla qapıya tərəf yönəldi.
Yol boyu gəncin siması gözlərinin qarşısında canlandı. Öz-özünə pıçıldadı:
-Bu da sənin yeni əsərin, Qürbət!
Pıçıltı qulaqlarında əks-səda verdi. Səsi özünə də yad gəldi. Hara getdiyini bilməyən adamlar kimi yol boyu ayaqlarını sürüdü. Xəstəxananın həyətinə nə zaman çatdığından xəbəri olmadı.
***
Talehi ikiadamlıq palataya yerləşdirmişdilər. Otaqda ondan başqa kimsə yox idi. Bənizi ağarmış gəncin alnında narın tər damcıları vardı. Adyaldan çöldə qalan qoluna sistem qoşulmuşdu. Xəstə qımıldanmırdı. Aramla damcılayan dərman olmasaydı, Talehin yaşamasına inanmaq çətin idi…
Şüşənin içindəki maye qurtarınca tibb bacısı özünü yetirdi, iynəni xəstənin damarından çıxardı. Üzünü ayaq üstündə gözləyən boz kostyumlu kişiyə tutub soruşdu:
-Sizin oğlunuzdur?
Çətinliklə də olsa dilindən qıfıl götürüldü:
-Xeyr.
Sözünün ardını gətirə bilmədi. Növbəti sualı eşitməmək üçün otaqdan çıxdı. Özünü danlaya-danlaya dənizkənarı bulvara tərəf yol aldı. Yeri boş idi. Yaxınlıqda da kimsə görünmürdü.
Hava sakit olsa da, narın-narın əsən mart küləyi həmişəyaşıl ağaclara sığal çəkirdi. Mavi dəniz asta-asta ləpələnir, ağ köpüklü dalğalar sahil qumlarını yalayırdı. Bu guşə Qürbətin sıxıntılı günlərinin həmdəmi idi. Çətinə düşəndə, dərdini dağıtmağa çalışanda həmişə buraya gələr, düşüncələri ilə baş-başa qalar, çözüm axtarardı. Bəzən saatlarla yerindən tərpənməz, gəlib-gedənlərə əhəmiyyət verməzdi…
Qürbət ata-anasını çox erkən itirmişdi. Atasını heç xatırlamırdı. Anasının solğun siması isə birdəfəlik yaddaşına hopdu. Özündən üç yaş kiçik bacısı ilə yetim qalanda onlara həyan olacaq bir qohum-qardaş da tapılmadı. Qonşular yas mərasimini birtəhər yola verdikdən sonra uşaqları yetimxanaya aparmağı son mənəvi borc bildilər. Onda Qürbətin dörd yaşı vardı. Bacısından elə o vaxtdan ayrı düşdü. Qonşuluqda yaşayan Məsmə arvad arabir ona baş çəksə də, sonralar ondan da bir xəbər çıxmadı. Nə qədər qayğı göstərilsə də, ana nəvazişini, ata sığalını heç nə əvəz etmədi Qürbət üçün. Arabir bacısını yadına salmağa çalışsa da, yanağındakı xaldan başqa heç nəyi xatırlaya bilmədi. Bu xalı xatırlamasının səbəbi də vardı. Onu yatırtmağa çalışan anasının yanağındakı xal ən sevimli əyləncəsi idi. Balaca barmaqları ilə xaldan tutar, qoparmağa çalışardı. Anası dünyasını dəyişəndə bu əyləncədən də məhrum oldu. Amma qonşuların söhbətindən yadında qaldı ki, bacısı anasına çox oxşayır.
***
Həyat Qürbəti çox sıxdı. İstədiyinə heç vaxt asanlıqla nail ola bilmədi. Bəzən təhqir olundu, alçaldıldı. İmkanlı ailələrin uşaqlarına həsədlə baxdı. Yelkənsiz qayıq kimi həyatın amansız dalğalarında üzməyi bacarmadı Qürbət. Yolu həbsxanalardan da keçdi. Müxtəlif adamlarla oturub-durdu. Bir şey anladı: yaşamaq üçün heç kimə heç nədə güzəşt etməyəcəksən. Səni əziblərsə, sən də əzəcəksən…
Qürbət şərlənib həbsxanaya düşdükdən sonra bu qənaətə gəldi. Müttəhimlər kürsüsündə əyləşdiyi günü heç unuda bilmədi. Düzdür, o vaxta qədər çox sınmışdı, amma heç kimin qarşısında əyilməmişdi. Həmin gün isə sındırmaqla kifayətlənmədilər, həm də əydilər Qürbəti. Adicə bir yükdaşıyanı topdansatış dükanını talamaqda günahlandırdılar. Yoxlama zamanı üzə çıxan bütün yeyintilər ayağına yazıldı. Özü kimi yükdaşıyanları üzünə durğuzanda qəh-qəhə ilə güldü Qürbət. Son sözü bu oldu:
-Görəsən, mənim arxamca həbsxana küncünə sizin hansınız göndəriləcək?
Qürbətə beş il cəhənnəm əzabı yaşatdılar. Ən çirkli işlərdə çalışdırdılar. Bəzən gecəni sübhə qədər ayaq üstə qalmaq da qismətinə düşdü…
Dustaqxanadan çıxdığı gün nə edəcəyini bilmədi. Gedəcək bir evi, döyəcək bir qapısı yox idi. Köhnə paltarlarla dolu çamadan əlində küçələri veyl-veyl dolaşarkən gözünə sataşan elan ona yeni həyatın başlanğıcı kimi göründü. Elanı bir də oxudu, ürəkləndi.
Emalatxananın müdiri onun üst-başına baxdı, sınayıcı nəzərlərlə soruşdu:
-Taxta-tuxta işindən başın çıxır?
-Hə. Peşə məktəbində öyrənmişəm.
İllər yazıqlaşdırmışdı Qürbəti. Onun yazıq görkəmi ustanın gözündən yayınmadı. Artıq heç nə soruşmadı. Həmin gündən emalatxana onun yalnız iş yeri yox, həm də evi oldu. Bütün günü işlədi. İş saatı bitəndən sonra da mişar, çəkic əlindən düşmədi. Bir amalı vardı: özünə gün ağlamaq. Hamı kimi o da uduş lotereyası aldı. Bəxti gətirdi. Elə həmin gün emalatxanadan ayrıldı. Üst-başını təzələdi. Ölkədəki ab-hava da karına gəldi. Xırda alverdən böyük biznesə doğru irəlilədi. Qabağına qaçanların, yol verənlərin sayı çoxaldı. Bəzən verilən salamları “eşit”mədi. Biznesi böyüdükcə özü də “böyüdü”. Onu kürəkəni kimi görmək istəyənlərin sayı artdıqca Qürbətin təkəbbürü yerə-göyə sığmadı.. İlk məhəbbətinin “hədiyyəsi” beşillik cəza olmuşdu. Axı acından ölən birisinə hansı imkanlı qız verərdi ki? Keçmiş taleyi ilə barışmayan Qürbət arabir geriyə rişxəndlə baxmağı da unutmadı. Ağrılı günlərin qisasını alırmış kimi çox qəlblər qırdı. Rişxəndinin qarşısında göz yaşı axıdanlara istehzası lap dözülməz oldu…
Qürbət ailə qurdu. Doğulan ilk körpəsinə bacısının – Fazilənin adını verdi. Böyüdükcə daha çox anasına bənzəyən Fazilədən təkcə anasının yox, itkin düşən bir yaşlı bacısının da ətrini aldı. Yalnız o ətri duyanda Qürbət tamamilə dəyişdi. Həlimləşdi, təkəbbüründən əsər qalmadı və həmin anda həmsöhbəti onu yenidən kəşf etdi…
Qürbət bacısını çox axtardı, amma tapa bilmədi. Hansı uşaq evinə getdisə, Fazilə adlı qızın həmin ildə qeydə alınmadığını söylədilər. Bacısını tapmadığı üçün özünü günahkar saydı Qürbət. Yeganə təsəllisi qızı Fazilə oldu. Ona yalnız ata deyil, bir həyan, dost, qardaş sandı özünü. Bacısı kimi qızı Faziləni də itirəcəyindən ehtiyat etdi. Ona dikilən hər gözdə saxtakarlıq axtardı, açılan hər ürəkdə varına, dövlətinə hərislik gördü. Çoxlarını incitdi, hətta arxa qapıdan içəri ötürtdükləri də oldu. Hər qələbəsini təntənə ilə qeyd etdi Qürbət. İncitdiyi adamların heç birinə, azacıq da olsa, mərhəmət duymadı. Çox zaman qarşısındakının mütiliyi onu hövsələdən çıxardı. İyrəndi belə adamlardan: “Əzilmək üçün doğulub belələri”, dedi.
Talehin məktubunu da qutudan özü götürdü. Qızına məktub yazmağa cəsarət edən gəncin “dərsini vermək” fikri yuxusuna haram qatdı. Lakin ilk görüşdəcə “qələbə”yə bu qədər yaxınkən özünü məğlub sandı Qürbət. Həyatında ilk dəfə etdiyi hərəkətin ağrısını yaşadı, “niyə?” sualına cavab verməkdə çətinlik çəkdi. O, rastlaşdığı adamları bir-bir xəyal süzgəcindən keçirtdi. Ən güclü rəqiblərini yolunun üstündən asanlıqla götürdüyü günləri xatırladı. “Sənin də havanı çalan tapılar, Qürbət!”- deyən Hafizi yadına saldı. Onda bu sözlərə qəh-qəhə ilə gülmüş: “Artıq sən görən Qürbət çoxdan ölüb, yoxdur”, – demişdi. Qürrələnib sinəsinə döymüşdü və onu məhbəs küncündə yatırdan müdirindən ilk intiqamını belə almışdı.
Ancaq Qürbət üçün bu da kifayət etmədi. Zəminə kabinetinə gəldiyi gün özünü göyün yeddinci qatında zənn etdi. İntiqam hissi gözlərini elə örtdü ki… Ad-sanını yetim yükdaşıyandan “qoruyan” keçmiş müdirin xahiş üçün qızını şirkət sahibi Qürbətin yanına göndərməsi qələbənin ən yüksək nöqtəsi idi…
Zəminə müflisləşən ərinin günah sahibi olmadığını söyləyəndə məhkəmə zalı Qürbətin gözlərinin qarşısında canlandı. “Mənim də heç bir günahım yox idi”, – deyib bağırmaq istədi, lakin Zəminənin gözlərindəki ifadə onu danışmağa qoymadı.
“Yalvarıram, Hafizlə işin olmasın, o, pis adam deyil”, – deyərək hıçqıran Zəminəyə çox yazığı gəldi. “Axı səni niyə göndəriblər?”- deyə bağırdı. Səsindən diksinən qadına: “Get!”- əmrini necə verdiyindən də xəbəri olmadı. Zəminə ağır-ağır qapıya tərəf yönələndə: “Arxayın ol!” – kəlməsini dilinə gətirə bilmədi.
Zəminə getdi. Qürbət nə qədər sıxıntılı olsa da, yarımçıq qalan işlərini sahmana salmaq istədi, amma bacarmadı. Beş illik məhrumiyyətləri, acıları, təhqirləri sanki yenidən yaşadı. Kini bir az da artdı. Amma növbəti zərbəni vurmağa imkanı olmadı. Arvadının minnətə getdiyini öyrənən Hafiz bağ evində özünü asmışdı.
Bu xəbərdən daxili sarsıntı keçirsə də, heç nə olmamış kimi davrandı Qürbət. Hətta dəfnə də getdi. Cılızlaşan keçmiş müdirinə uzaqdan qalib kimi baxdı. Dəfndən qayıdanda isə əda ilə: “Allah səbir versin”, – dedi. Dişi bağırsağını kəsən müdir heç nə deyə bilmədi, bu təsəllidən bir az da balacalaşdı. Onun büzüşməyi Qürbətin nəzərindən qaçmadı. “Bu dünyanın işlərini bilmək olmur, Səttar dayı” – sözləri ilə ötən günləri müdirinin yadına salmağı da unutmadı.
Səttar dodaqaltı nə isə mızıldandı (Əslində onun nə deyəcəyinin Qürbət üçün heç bir əhəmiyyəti yox idi), sonra başını qaldırıb Qürbətin üzünə baxdı. Bu göyümtül gözlərdəki istehzanı ilk dəfə məhkəmə zalında gördüyünü xatırladı…
Qürbətin qızına vurulduğunu eşidəndə tamam hövsələdən çıxmış: “Bir “dərənin iti”nin mənim süfrəmin başında nə işi var? Onu elə gedər-gəlməzə göndərəcəyəm ki, qızımın adını tutmağına peşman olacaq”, – deyə and içmişdi. “İtirdiyi açar” Qürbətin cibindən çıxanda ucaboylu gəncin balacalaşmasını ləzzətlə seyr etmiş, istehza ilə: “Nə qədər mal çırpışdırmısan?”- soruşmuşdu. Gəncin and-aman etməsinə əhəmiyyət verməmiş, anbarda yoxlama başlatmışdı. Bir gecənin içində yoxa çıxan malların hesabını ondan istəmişdilər. Səttar arxasız bir gənc üzərində qələbəni belə qazanmışdı. Lakin Qürbətin məhkəmə zalındakı qəh-qəhəsi uzun zaman qulaqlarında cingildəmiş, bəzən onu yuxudan oyatmışdı. Oyanan zaman gördüyünün yuxu olduğuna çox sevinmişdi. Qürbət cəza evindən gələnə qədər qızını gəlin köçürmüş, tanınmış bir ailə ilə qohumluğun binasını qoymuşdu. Kürəkəni Hafizlə çox yerdə qürur duymuşdu. Yeni tikdirdiyi evə qapı-pəncərə sifarişi verəndə Qürbətin işlədiyi emalatxanaya gəlmiş, onun nimdaş geyiminə, fağır görkəminə rişxənd edərək: “Ay müdir, bir abırlı adam tapa bilmirdinmi ki, yoldan ötəni işə götürmüsən? Bunun gördüyü iş nə olacaq?” – söyləmişdi. Müdir onun dediklərinə əhəmiyyət vermədən: “Əlləri qızıldır. Əgər bəyənməsən, başqa emalatxanaya gedərsən”, – cavabını vermişdi. Sifarişini alanda isə heyrətini gizlədə bilməmişdi Səttar. O zaman bugünkü Qürbətlə rastlaşacağını ağlına belə gətirməmişdi.
Qürbət yas yerindən ayrılanda kürəyinə zillənən bir cüt göz maşına minənə qədər onu təqib etdi. Adi vaxtlarda arxasınca dikilən baxışlara qətiyyən əhəmiyyət verməyən Qürbət bu gün daxili bir narahatlıq keçirdi. Üsyankar gəncin qəzəbli baxışları, hayqırtısı ruhuna elə hakim kəsildi ki, kim olduğunu belə unutdu. Asta-asta yerindən qalxdı. Ətrafda gəzənləri görmürmüş kimi yoluna davam etdi. Amma hansısa bir hiss onu xəstəxanaya tərəf çəkdi. İndiyə qədər etdiklərindən ötrü heç kimə hesabat verməyən Qürbət vicdan məhkəməsi ilə üz-üzə qalmışdı. O, ağır addımlarla pilləkənləri qalxdı. Artıq onun üçün xəstəxanada kiminlə qarşılaşacağının əhəmiyyəti yox idi. Təki gənc oğlan ayılsın.
***
Cingiltili gülüş səsi qulaqlarında əks-səda verəndə Qürbət duruxdu. Bu, kimin gülüşü idi? Nə üçün ona bu qədər doğma, məhrəm gəldi? Addımlarını yavaşıtdı. Palataya yaxınlaşanda gülüş yenidən təkrar olundu. Qürbətin heç nəyə şübhəsi qalmadı. O, bu gülüşü yüz gülüşün içindən ayırd edə bilərdi. Qızının ondan icazəsiz xəstəxanaya gələcəyini ağlına gətirmək istəmədi. Ağırlaşan ayaqlarına ağrı çökdü, addım atmağa taqəti qalmadı. İçəridə isə gülüş səsləri bir-birinə qarışmışdı.
-Qızım, Fazilə, Allah səni həmişə güldürsün. Çoxdan belə ürəkdən gülməmişdim, – deyən səsi eşitdikdə heç nəyə şübhəsi qalmadı. Bəli, bu onun hamıdan qoruduğu, əsən küləyə, doğan Aya, parlayan ulduza belə qısqandığı qızı Fazilə idi.
Qürbət bir anlıq nə edəcəyini bilmədi. Dəlicəsinə bağırmaq, içəri cummaq istəsə də, bacarmadı. Ciyərparasına qıymadı. Divara söykənib dərindən nəfəs aldı, irəliyə gedən yolların üzünə qapandığını zənn etdi. Geri döndü. Pillələri sanki sürünə-sürünə endi. Sərin axşam küləyi üzünə dəyəndə bütün əzalarından üşütmə keçdi. Bir azdan üşütmə sızıltıya çevrildi. Hiss etdi ki, yeriyə bilmir. Vücudunu saran ağrılar ixtiyarını əlindən alır.
Yaxınlıqdan keçən bir taksiyə əl elədi. Evləri ilə xəstəxananın arası xeyli vardı. Yol boyu bir-birini əvəz edən mahnılarda o, keşməkeşli bir ömrün cizgilərini hiss etdi. Qürbət yolun bitməsini arzulamadı. Mahnı qanadlarında mürgüləmək, bu gün törətdiyi hadisəni unutmaq istədi, bacarmadı. Taksi evlərinin qarşısında dayananda zorla maşından düşdü. Evin qapısını da özü açdı. Şıltaqlıqla boynuna sarılan qızını gözləmək fikri indi ondan tamam uzaq idi. Ona elə gəldi ki, ev də əvvəlki hərarətini itirib. Diqqətlə üzünə baxan qadınına, qolları havadan asılan qızına baxmadan yataq otağına keçmək istədi.
-Ata! – sədası yaddaşını silkələdi. Qızını yalnız indi gördü. Dili topuq vurdu:
-Səən nə vaxt gəldin?
-Sənə nə olub, ata? – deyib köksünə sığınan qızının saçlarını tumarladı. Hələ də hərarəti enmədiyi üçün istidən pörtən yanaqlarına, parıltı əvəzinə yaşla dolan ala gözlərinə baxıb alnından öpdü, yavaş-yavaş eyni açıldı.
-Heç, bir az fikirli idim, – dedi.
-Özünü çox yorursan, bir az istirahət elə, – deyən qadınının sözlərini də eşitmədi. Daxili bir narahatlıq bütün gecəni Qürbəti üzdü. Xəstəxanada eşitdiyi səslər, gülüşlər bir tilsim kimi onu özünə çəkdi. Səbirsizliklə səhərin açılmasını gözlədi. Günəşin ilkin şüaları dənizdən boylananda göz qapaqları ağır-ağır endi.
***
Qürbət oyananda günortaya az qalırdı. Cəld yerindən qalxdı. Vanna otağına getmək istəyəndə qızı yenə də uşaq şıltaqlığı ilə boynuna sarıldı. Qürbət bir anlıq hər şeyi unutdu. Hərarəti enməsə də, qızının şən əhvali-ruhiyyəsi ona da sirayət etdi. Süfrə başına keçdi. İştaha ilə yeməyini yedi. Evdən çıxanda dünənki halından əsər yox idi. Sürücü həyətdə onu gözləyirdi. Maşına əyləşən kimi:
-Sür, – dedi.
İncitdiyi gəncin ailəsi ilə tanış olmaq, üzr istəmək, qızını xatırladan gülüş sahibini – Faziləni görmək marağı onu xəstəxanaya çəkdi. İndi ona qarşı tərəfin necə münasibət bəsləyəcəyinin heç bir əhəmiyyəti yox idi. Xəstəxanaya çatanda:
-Məni gözləmə, – deyib sürücünü yola saldı.
Pillələri yüngül addımlarla qalxıb koridora daxil oldu. Koridorun geniş foyesində tibb bacısından nə isə soruşan uca boylu bir kişi diqqətini cəlb tdi. Gözlərinə inanmadı. Bu, Qədir idi. Dustaqxanada tanış olub dostlaşdığı Qədir. Özündən ixtiyarsız qollarını açaraq ona tərəf addımladı:
-Qədir! – deyib səsləndi.
Qədir də iyirmi ildən bəri görmədiyi Qürbəti görəndə gözlərinə inanmadı, amma bu, yuxu deyildi. Qarşısındakı dost yolunda canından keçməyi bacaran Qürbət idi. Bir-birini qucaqlamadılar. Qucaqlaşan əllər və çiyinlər oldu.
-Səni buralara hansı ruzgar atıb, ay Qədir? – deyərək maraq dolu göyümtül gözlərini dostunun üzünə dikdi.
-Oğlum burada yatır. Ona dəyməyə gəlmişəm.
-Xəstəliyi nədir?
-Eh, elə bir xəstəliyi yoxdur. Əsəbi gərginlikdən huşunu itirib. Ayılmağı uzun çəkir.
-Nə vaxtdan xəstəxanada yatır?
-Dünəndən. İlk dəfə anasını itirəndə bu vəziyyətə düşdü. Uzun sürən müalicədən sonra güclə özünə gəldi. Amma indi nə olduğunu bilmirəm. Özü də heç nə demir. Anasının itkisi ilə heç barışmaq istəmir. Nə qədər könlünü açmaq istəsək də, bir kəlmə dinib-danışmır.
Qədir doluxsundu. Gözündəki yaşı dostunun görməməsi üçün üzünü kənara çevirdi.
-Ata, Taleh səni çağırır, – deyən qızın səsi axşamkı gülüşü Qürbətin yadına saldı.
-Gəldim, qızım!
Qədir ağır bədəninə uyuşmayan bir cəldliklə ayağa qalxdı, palataya tərəf yönəldi, işarə ilə Qürbəti də içəri çağırdı. Səsin sehrindən çıxmayan Qürbət özündən asılı olmadan onun arxasınca düşdü. Bir neçə addımlıq məsafə sanki qurtarmaq bilmədi. Qapıda Fazilə ilə qarşılaşanda duruxdu. Özünü ayrı bir dünyada zənn etdi. Anasının çöhrəsi gözünün qarşısında canlandı. Bu, həmin ala gözlər idi. Sol yanağındakı qəhvəyi xal da yerində idi.
Qürbətin dili tutuldu, bir kabus qovurmuş kimi əllərini tərpətdi. Yıxılmamaq üçün divara söykəndi. Fikrini aydınlaşdırmağa çalışdı: Bu nə idi: yuxumu, təsadüfmü, ya illərdən bəri axtardıqlarına qovuşmaq üçün etdiklərinin əvəzində Allahın cəza kimi göndərdiyi hədiyyəmi idi?
Qürbət ayılanda özünü yataqda gördü. Qədir başının üstünü kəsdirmişdi. Taleh çarpayının ayaq tərəfində dayanmışdı. Qürbət hönkürdü. Onun hönkürtüsündəki acı fəryada dözə bilməyən Fazilə də ağladı. Ürəyi boşalana kimi ağladı Qürbət. Heç kim onu sakitləşdirməyə cəhd eləmədi. Sakitləşəndə də heç nə soruşmadılar. Qürbət qırıq-qırıq cümlələrlə özü danışdı hər şeyi. Fazilə adı ilə tanıdığı bacısı Nazilənin şəklini istədi. Qədir həmişə cibində gəzdirdiyi şəkli göstərəndə Qürbət yenidən hönkürdü. Şəkildən boylanan solğun çöhrəli qadın anasının eyni idi…