Etiket arxivi: AZƏRBAYCAN YAZARLARI

NURANƏ RAFAİLQIZI

Nuranə Rafailqızı – şair.

Nuranə RAFAİLQIZI

   Fazilova (Rəhimova) Nuranə Rafail qızı 1981-ci ildə Göyçay rayonunda dünyaya göz acmışdır. Orta məktəbi burda bitirdikdən sonra , Odlar Yurdu Universitetinin “müalicə işi” fakültəsinə qəbul olmuşdur.2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır.

  Ədəbi fəaliyyətə hələ uşaq yaşlarından başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmişdir. Şeirləri mütəmadi olaraq Nuranə Rafailqızı təxəllüslüyə “Milliyyət” qəzeti, “Herba-flora” jurnallarında işıq üzü görmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır. 2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş “Beynəlxalq Nar Festivalında” nara həsr olunmuş şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021 -ci ildə çapa hazırlanmış ”Həkimlərin söz dünyası” kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır. 2021-ci ildə “Gəlirik Qarabağ” poeziya antologiyası kitabında 13 şeir və “Kimlərə qaldı dünya”, “Nizami Gəncəvi – 880” antologiyasında 15 şeiri dərc ovunmuşdur. 15.04.2021 tarixində Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatı laureatı olmuşdur.

“Yazarlar” jurnalının Göyçay üzrə bölgə təmsilçisi, “Ziyadar” Mükafatı laureatı, 2023-cü ildən AYB-nin üzvüdür.

“Həkimlər depressiya deyir” adlı şeirlər kitabı Bakıda (2022) və Təbrizdə (2023) çap olunub

NURANƏ RAFAİLQIZININ DİGƏR YAZILARI

NURANƏ RAFAİLQIZI DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ATALAR

ATALAR
Atalar Yer üzündə Allahın kölgəsidir,
Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir.
Həm arxa, həm dayaqdı övlada varlı ata,
Uşaq var ata istər, uşaq da varlı ata…
İstəyirəm gorəsən, mümkün deyil danışmaq,
Belə olur atanın ətəyindən yapışmaq…
Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq,
Balaca yumruqlarla, allahlarla vuruşmaq …
Həm arxa, həm dayaqdı övlada varlı ata,
Uşaq var ata istər, uşaq da varlı ata…
13.06.2021.- Bakı.


Müəllif: Zaur Ustac



Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif ABBASOV – RAYONA EZAMİYYƏTƏ

Akif ABBASOV

                        RAYONA EZAMİYYƏTƏ

                                (hekayə)

         Mirzə bir növ adətkardə idi. Düzələnə oxşamırdı. Amma öz aramızdı, onun hərəkətləri bir çoxlarının xoşuna gəlirdi, görüb eşidir, deyib-gülürdülər.

Mirzə adam dolamaqdan, zarafatı zarafata calamaqdan yorulub usanmırdı.

Rayona ezamiyyətə gedəcəkdilər. Biri Mirzənin özü, biri də Yavər müəllim idi. O biri iki şəxsin biri Əliş, digəri Əvəz idi.

Mirzə ilə Yavər bir yerə düşmüşdü, Əlişlə də  Əvəz. Mirzə ilə Yavər – Masallıya, Əlişlə Əvəz – Salyana gedəcəkdilər. Artıq ezamiyyə vərəqələri də hazırlanmışdı. Direktorun imzalamağı qalırdı.

Mirzə tez aşağı, kadrlar şöbəsinin müdiri Aidanın yanına düşdü.  Özü ilə yaxşı bir şokolad qutusu da götürmüşdü. Şokalad qutusunu Aidaya uzadaraq:

-Səndən bir xahişim var. Gərək məni peşman eləməyəsən.

Aida şokolad qutusunu alıb qutunun yan-yörəsinə baxdı. Moskva konfetləri idi, özü də təzə. Qutunu şkafa qoyub Mirzə müəllimə müraciətlə:

-Eşidirəm.

– Mənimlə Yavər – Masallıya, Əlişlə Əvəz – Salyana ezam olunuruq. Əslində eyni məsələ ilə bağlı yola düşməliyik. Xahişim belədir ki, Yavərin yerini dəyişib  Əlişlə bir salasan.  Mən ezamiyyəyə Əvəzlə gedərəm.

-Direktor əmri və ezamiyyə vərəqələrini hələ imzalamayıb. Amma kimin kiminlə gedəcəyini mənə deyib. Əmri də yazmışam.

Mirzə müəllim şirin dilini işə saldı. Aidanın adının qırağına “xanım” sözünü də qoşdu:

-Ay Aida xanım, nə qoyub, nə axtarırsan?! Başqa-başqa işdən ötrü getmirik ki… Mənimki Yavərlə tutmaz, Əvəzlə getməyim məsləhətdir.

-Yaxşı, nə deyirəm ki.

Bəli, Aida Mirzə müəllim deyənə əməl elədi. Şokolad qutusunun ağzını da açmış, nuş-canlıqla Moskva şokoladı ilə yaxşıca bir pürrəngi çay da içmişdi. Sağ olsun Mirzə müəllim.

Birdən-birə direktorun acıqlı səsi eşidildi. Aida ayağa sıçradı. Direktor onu çağırırdı. Tələsik çıxdı. Yavər müəllim direktorun yanında idi. Özü də əhvalı pozğun. Direktor əsəbi:

-Aida, sənə nə tapşırmışdım? – deyə soruşdu. –Ezamiyyəyə gedənlərin yerini niyə dəyişmisən?

Aida udqundu:

-Mirzə,..Mirzə müəllim gəlib xahiş etdi ki, onu…

Direktor qəzəbli:

-Mirzə müəllim…

Direktor sonrakı sözlərini dilinin ucundan geri qaytardı və belə dedi:

-Mirzə müəllim, nahaq sənə elə deyib. Özü də mənim başımın üstündən. İndi çağırıb aşını-suyunu verərəm. Sən get, mən deyənə əməl elə.

Aida çıxdı. Direktor Yavər müəllimə:

-Sən də get, hazırlaş. Salyana deyil, Masallıya gedirdən, Əliş müəllimlə yox, Mirzə müəllim özü ilə. Belə məsləhətdir.

Yavər müəllim:

-Çox sağ olun, -deyib çıxdı.

Direktor zəngi basdı, katibə içəri girdi:

-Mirzə müəllimi yanıma çağır.

Katibə “oldu” deyib çıxdı.

Nə hadisə baş vermişdi? Yavər müəllim niyə narahat olmuşdu. Mirzə müəllimlə münasibətləri pis deyildi. Bəs Mirzə müəllim niyə bu həngaməni düzəltmişdi? Niyə Yavər müəllimin, onunla deyil, Əliş müəllimlə birlikdə düşməsini istəmişdi. 

Hə, bunun səbəbini Mirzə müəllim daha yaxşı bilirdi. Bu işdə də bir zarafat, bir hoqqa vardı.

Deyim nə idi. Əliş müəllim iri gövdəli, uca boylu idi. Hündürlüyü az qala iki metrə çatırdı. Yavər müəllim isə həm çəlimsiz idi, həm də boyu güclə metr yarıma çatırdı. Mirzə müəllim məzə, gülüş xatirinə onların ikisinin bir rayona getməsini istəyirdi. Bunu başa düşən Yavər müəllim narahat olmuş, əl-ayağa düşmüşdü. Əliş müəllimin yanında o uşaq kimi görünəcəkdi. Yoxlamaya gələn bu cütlük rayonda gülüş doğura bilərdi.

Oyunun olsun, Mirzə müəllim!

                                    Bakı şəhəri, 25 fevral 2021-ci il

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAHİRƏ NAĞIQIZI – VƏTƏN

Mahirə Nağıqızı – professor, ADPU-in prorektoru.

Çağdaş qələm adamları içərisində yaradıcılığı özünəməxsus çalarları ilə seçilən yazarlarımızdan biri də Mahirə Nağıqızıdır. Onun xalq yaradıcılığına, folklora bağlılığı, vətənpərvərliyi, milli təəssübkeşliyi oxucuları və qələmdaşları tərəfindən ən çox sevilən, rəğbətlə qarşılanan xüsusiyyətlərindəndir.

QISA ARAYIŞ

Mahirə Nağıqızı (Hüseynova) 1960-cı il 4 noyabrda Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək rayonunun) Sust kəndində anadan olub.

Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçən Mahirə Nağıqızı 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbini bitirmiş, 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. 1984-cü ildə İnstitutu fərqlənmə diplomu ilə başa vurmuş, elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. İşlədiyi müddətdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafefedrasının müəllimidir.

Mahirə Nağıqızı 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2015-ci ilin may ayında Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə, həmin ilin dekabr ayında isə Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış Mahirə Nağıqızı 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

Tanınmış alim-şairə, pofessor Mahirə Nağıqızı (Hüseynova) hazırda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Mahirə Nağıqızı pedaqoji fəaliyyətlə yanaşı elmi, ədəbi yaradıcılığı ilə də müntəzəm olaraq elmi və dövri mətbuatda çıxış edir.  Mahirə Nağıqızının bir neçə şeirini sizlərə təqdim edirik:

VƏTƏN

Bitər sərhədlərin bu yer üzündə,

Qəlbimdə sərhədin nədən bitmədi?

Gəmisən, üzürsən eşq  dənizində,

Sənə məhəbbətim, Vətən, bitmədi.

* * *

Əlimin qabarı, alnımın təri,

Köksünə atdığım bircə dən olsun.

Canımı verərəm səndən ötəri,

Ruhum sağlığınnan xətircəm olsun.

* * *

Qan axan yarana gözüm yaşını

Dərman əvəziydi, səpələdim mən.

Bu da bir sınaqdı, əymə başını,

Sınıq əhvalına dözə bilmirəm.

* * *

Ana harayımı eşidir hamı,

Qadınlar, qızlar da bir ərə dönər.

Oğullar seçəcək dost-düşmanını,

Hər biri uğrunda səngərə donər.

* * *

Düşmən tapdağında qalmaz bir qarış,

Onlarsız yaşamaq olar dan bizə.

Danış, ötənlərdən bizə sən danış,

Əmrini verəcək Komandan bizə!

              DÜNYANIN

Mənzil istəyəni karvana qoşar,

Uzundur, qısadır yolu dünyanın.

Bilməzsən qaynayar, duymazsan daşar,

Görünməz qəhəti, bolu dünyanın.

* * *

Yazılıb uğruna hansı vaxt düşər

Kimə künc verilər, kimə taxt düşər.

Nə düşsə bilirəm, baxtabaxt düşər

Dolanar boynuna qolu dünyanın.

* * *

Nagahan anlamaz nə qeylü-qaldı,

Dərmanı zəhərdi, zəhəri baldı.

Bilən də özünnən apardı, qaldı,

Sinəsi sirr ilə dolu dünyanın.

* * *

Nəzər sal, göz gəzdir ha dönə-dönə,

Yol onun yoludur, yol seç min dənə.

Qisməti qolundan tutub gedənə

Fərq etməz nə sağı,solu dünyanın.

* * *

Açıqdır, gizlidir – yüz davası var,

Xəncər davası var, söz davası var.

Hərənin içində öz davası var,

Tərpənməz bir tükü ulu dünyanın.

* * *

Nə toyu boy vermir, nə yası olmur,

Hər cəfa çəkənin səfası olmur.

Mahirə, dünyanın ağası olmur,

Gələn də, gedən də qulu dünyanın.

           AY VƏTƏN

Ay vətən, bir səndən savayı, vallah,

Baş qoyub yatmağa bina görmədim.

Havasın udduğum ,ay qərib ellər,

Vətən havasını,qına, görmədim.

* * *

Ağaclar heyrətdi, nazlıdı kollar,

Deyərsən, Allahdı yaradıb nə var.

Möcüzə körpülər, möcüzə yollar,

Ürəyim harasa qona, görmədim.

* * *

Cənnətdə olsam da çəkdiyim sitəm,

Balaca kol olub bağrında bitəm.

Dərdimi kimlərə desəm də, Vətən,

Sənintək halıma yana, görmədim.

* * *

Dörd yanım zər-ziba, gövhər olsa da,

Sıxıldım düz-dünya ənbər olsa da.

Daddığım tikələr cövhər olsa da,

Hopa ürəyimə, cana görmədim.

* * *

Mahirə, dərdlərin yad eldə dinsə,

Onu bir də sayma, azar mindisə.

Dünya qu tükündən yastığa dönsə,

Sənin dizlərindən, ana, görmədim.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru