Etiket arxivi: Qarabağ yazarları

Murad Eloğlunun “39” adlı şeirlər kitabı haqqında

YÜZ ON BİRİNCİ YAZI

“39” – Həyat, tale və insan ruhunun poetikası
(Murad Eloğlunun “39” adlı şeirlər kitabı haqqında)
      Salam olsun çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu şeir olacaq. Şeir! Müasir Azərbaycan poeziyasında həyatın içindən gələn səmimi söz həmişə öz oxucusunu tapır. Bəzən bədii ifadənin mürəkkəbliyi deyil, duyğuların təbiiliyi, həyat həqiqətlərinin olduğu kimi qələmə alınması daha böyük təsir gücünə malik olur. Məhz bu baxımdan tanınmış şair Murad Eloğlunun “USTAC.AZ” nəşrləri tərəfindən yüksək poliqrafik səviyyədə çap olunmuş “39” adlı şeirlər kitabı son illərin diqqətəlayiq poeziya nümunələrindən biri kimi qiymətləndirilə bilər.
     Kitab “Yazarlar” jurnalının Yaradıcılıq Komissiyasının qərarı ilə nəşr olunmuş, “Qarabağ yazarları” seriyasının növbəti dəyərli nümunəsi kimi oxuculara təqdim edilmişdir. Nəşrin ön sözünün müəllifi Zaur Ustac (bəndəniz), redaktoru Həcər Atakişiyeva, naşiri isə Tuncay Şəhrilidir. Kitabın xeyriyyə məqsədilə, kommersiya marağı güdülmədən çap olunması da onun mənəvi missiyasını daha da artırır. “39” adı ilk baxışdan sadə görünür. Lakin kitabın səhifələrini vərəqlədikcə bu rəqəmin müəllif ömrünün poetik hesabatı olduğu aydınlaşır. Burada otuz doqquz şeir vasitəsilə bir insanın uşaqlıqdan yetkinliyə, sevincdən kədərə, ümiddən məyusluğa, ayrılıqdan mənəvi kamilliyə qədər keçdiyi həyat yolu bədii dillə ifadə edilir. Kitab müəllifin daxili aləminin poetik portretidir.
       Murad Eloğlu mürəkkəb metaforalardan daha çox həyatın öz dilində danışan şairdir. Onun şeirlərində səmimiyyət əsas estetik meyardır. Oxucu müəllifin hər misrasında yaşanmış ömrün izlərini hiss edir. Şair öz hisslərini süni bəzəklərlə gizlətmir, onları olduğu kimi oxucuya təqdim edir. Bu isə poeziyanın ən qiymətli xüsusiyyətlərindən biridir.
      Kitabın əsas ideya xəttini ailə dəyərləri təşkil edir. Xüsusilə ata mövzusu müəllif yaradıcılığında dərin emosional çalarlarla təqdim olunur. “Atamdan ötəri darıxıram mən”, “Ata”, “Biz səni saxlaya bilmirik Ata”, “Çox görmə atamı dünya”, “Atalar yatağa düşməsin Allah” kimi şeirlər yalnız şəxsi kədərin ifadəsi deyil, Azərbaycan ailəsinin mənəvi dayaqlarına ucaldılmış poetik abidə təsiri bağışlayır. Ataya duyulan sevgi burada təkcə övlad hissi deyil, bütöv bir milli mənəviyyat anlayışına çevrilir. Anaya həsr olunan şeirlər də kitabın ən təsirli nümunələrindəndir. “Həqiqət anamın sözündə imiş”, “Tək səni vəsf edə bilmədim ana”, “Qadın” kimi şeirlərdə müəllif ananı müqəddəslik zirvəsinə yüksəldir. O, ananı təkcə ailənin dayağı kimi deyil, insanın mənəvi dünyasının başlanğıcı, vicdanın və mərhəmətin ünvanı kimi təqdim edir.Kitabın mühüm istiqamətlərindən biri də Vətən mövzusudur. “Paradına qurban olum ey əsgər”, “Ürəyimi göynədər”, “Getmişdim Şəhidlər xiyabanına”, “Bayram qabağı” kimi şeirlərdə müəllif Azərbaycanın qəhrəman oğullarına ehtiramını, şəhidlərin müqəddəs xatirəsinə sonsuz hörmətini poetik dillə ifadə edir. Burada pafosdan daha çox səmimi vətəndaş duyğusu hiss olunur. Şair üçün Vətən yalnız coğrafi məkan deyil, mənəvi kimlikdir, şəhid qanı ilə müqəddəsləşən torpaqdır. Murad Eloğlu sevgi lirikasında da özünəməxsus üslub nümayiş etdirir. Onun sevgi şeirlərində romantik hisslər həyatın acı təcrübəsi ilə vəhdət təşkil edir. “Tək sənin xətrinə”, “Gözəllər gözümə baxanda sən gəl”, “Peşman olarsan”, “Sənin öz yolun var, mənim öz yolum”, “Özümü odlara sala bilmərəm” kimi nümunələrdə sevgi təkcə xoşbəxtlik deyil, həm də insanı kamilləşdirən mənəvi sınaq kimi təqdim edilir. Kitabın sosial məzmunlu şeirləri də xüsusi diqqət çəkir. “Ey pul”, “Məndə sənin günündəyəm”, “Çətin”, “Mən sənə nə nağıl danışım bala?” kimi əsərlərdə müəllif müasir cəmiyyətin sosial problemlərini, yoxsulluğu, insan münasibətlərindəki dəyişiklikləri, maddi çətinliklərin yaratdığı mənəvi aşınmaları böyük səmimiyyətlə qələmə alır. Burada müəllif oxucunu ittiham etmir, düşündürür. O, həyatın acı həqiqətlərini poetik dillə ifadə edərək insanı vicdanı ilə üz-üzə qoyur. Ana dili mövzusu kitabda xüsusi yer tutur. “Öz dilim” və “Ana dilim qəribsəmə” şeirləri milli kimliyin qorunmasına çağırışdır. Müəllif xarici dillərin öyrənilməsinin vacibliyini qəbul etsə də, ana dilinin unudulmasını milli faciə hesab edir. Bu mövqedə vətəndaş məsuliyyəti ilə şair duyğusu birləşir. Murad Eloğlunun poetik dili sadə, axıcı və xalq danışıq üslubuna yaxındır. O, klassik qoşma və gəraylı ənənələrini müasir düşüncə ilə sintez etməyi bacarır. Şeirlərdə ahəng, qafiyə və ritm təbii şəkildə qorunur. Xalq deyimləri, atalar sözləri, gündəlik danışıq elementləri müəllif üslubunu daha da canlı edir.
        Kitab boyunca müəllif tez-tez “Muradam” müraciəti ilə özünə üz tutur. Bu bədii üsul daxili monoloqu gücləndirir, müəlliflə oxucu arasında səmimi ünsiyyət yaradır. Oxucu sanki şairin düşüncələrinin canlı şahidinə çevrilir.
       “39” kitabının diqqətəlayiq cəhətlərindən biri də müəllifin yaşadığı hər hadisəni ümumiləşdirərək ictimai məna qazanmasıdır. Şəxsi ağrı ümummilli ağrıya, ailə sevgisi mənəvi dəyərə, fərdi həsrət isə insan taleyinin ümumi fəlsəfəsinə çevrilir. Bu xüsusiyyət kitabı yalnız avtobioqrafik toplu deyil, bütöv bir həyat salnaməsi səviyyəsinə yüksəldir.
      Nəşrin yüksək tərtibatı da xüsusi qeyd olunmalıdır. Kitabın nəfis dizaynı, səliqəli poliqrafiyası, üz qabığının estetik həlli və peşəkar redaktəsi “USTAC.AZ” nəşrlərinin Azərbaycan kitab mədəniyyətinə verdiyi töhfənin növbəti uğurlu nümunəsidir.
       Murad Eloğlu artıq müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən qələm sahiblərindəndir. Onun ədəbiyyat sahəsində qazandığı mükafatlar, “Yazarlar Akademiyası”nda formalaşması, “İlin şairi” və “Ziyadar” mükafatlarına layiq görülməsi bu yaradıcılıq yolunun təsadüfi olmadığını göstərir.
       Nəticə etibarilə, “39” təkcə şeirlər toplusu deyil. Bu kitab insan ömrünün poetik tərcümeyi-halı, ata-ana sevgisinin dastanı, Vətənə sədaqətin etirafı, sevginin, həsrətin, ümidin və həyat mübarizəsinin səmimi salnaməsidir. Oxucu bu kitabı vərəqlədikcə yalnız Murad Eloğlunun taleyi ilə deyil, öz duyğuları, öz xatirələri və öz həyat həqiqətləri ilə də qarşılaşır.
       Məhz buna görə də “39” müasir Azərbaycan poeziyasında oxunmağa, haqqında danışılmağa və gələcək nəsillərə çatdırılmağa layiq olan dəyərli poetik nəşrlərdən biri kimi qiymətləndirilməlidir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

02.07.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əli Rza xələfli “Üzü Qarabağa”

ƏCƏLDƏN DİLƏYİMİZ
(Tofiq Hacıyevin ölümünə)

Dədə Qorqud Oğuz boyu öldü, gəl,
Dilimizin kökü, soyu öldü gəl.
Dədə Tofiq axır toyu… öldü gəl,
Külək olub saçlarını yol, yeri.

Əcəldən diləyimiz… möhlət də yandı getdi,
Qazıla can evimiz… əhlət də yandı getdi.

Cəhənnəmin yanmağı… cəhənnəmə yanaydı;
Cənnəti-Rizvan ölüb, cənnət də yandı getdi.

Göyçə kösöv… qaralıb, Qarabağ çoxdan yanıb,
Bakı ağlar yanğıda, Ələt də yandı getdi.

Dilimiz ağrıyanda dilə şəfa diləyi,
Neçə sözün loğmanı… şəfqət də yandı getdi.

Etibar əldən gedir, ehtiram yoxa çıxır,
Hörməti qov elədik, izzət də yandı getdi.

İllər açıb ağzını yaş yeyir, ömür udur,
Dadlar, tamlar dəyişir, ləzzət də yandı getdi.

Eşqinin mərəzində Füzuli girov oldu,
Ustad da canı verdi, səhhət də yandı getdi.

Diri qara bağladı, Xudafərin inlədi:
Sözə Tanrı körpüsü nemət də yandı getdi.

Soltanlı kəhrizində su dayandı, axmadı,
Cəbrayıl çinarında qamət də yandı getdi.

İsmayıl oğlu Tofiq söz dağları Bisutun
Məntiqi külüng idi alət də yandı getdi.

Bir saray ucalmışdı dilin məna mülkündə,
Mənalar hökmdarı dövlət də yandı getdi.

Cilalanmış bir almaz, ürəyi “Kuhi-nur”du,
Can qəfəsi bir səbət səbət də yandı getdi.

“Qalx, ey dövran yerişli, fələk gövdəli dəvə”
Füzuliyə təzim də, beyət də yandı getdi.

“Hər nə deyir, düz deyir – söyləyərdi Nizami,
İnam elə qırıldı ,əlbət də yandı getdi.

Fikirlər çəmənində bir çiçək də qalmadı,
İlimiz quraq gəldi, qəhət də yandı getdi.

Yaltaqlığın, yalanın qənimi küsdü bizdən
İsimlər yoxa çıxdı, sifət də yandı getdi.

Bircə sözü qalanın adı yaşayar, ölməz
Mərəzlər qiyamında ölət də yandı getdi.

Dörd yana çapar getsin əvəzi tapılarmı?
Tərəflər boyun bükər, cəhət də yandı getdi.

Özü vicdan damarı, millətin haqq səsiydi,
Böyük Türkün hünəri qeyrət də yandı getdi.

Dilə sevgidən gələn neçə gəncə, cavana,
Sonuncu imkan idi, fürsət də yandı getdi.

Yaxşıların yaxşısı, müdriklərin müdriki,
Gözəllərin gözəli, afət də yandı getdi.

Dədə Qorqud timsalı, Kaşğarlı Mahmud özü,
Ululara tay olan nisbət də yandı getdi.

Düşüncə sarayından parlayan günəş söndü,
Səksənən qafillər də, qəflət də yandı getdi.

İsmayıl oğlu Tofiq gözəl nitqin ustadı;
Bəlağət oda düşdü, söhbət də yandı getdi.

Kimlərin gəlməyi var, kimlərin getməyi var;
Tanrının kəraməti minnət də yandı getdi.

Aləmində nur vardı, könlü işıq saçırdı,
Mövlanədən yadigar hikmət də yandı getdi..

Nəsimidən od almış istəyi, cəsarəti,
Gözlərində parlayan himmət də yandı getdi.

İnsana, insanlığa əvəzsiz bəxş etdiyi
Sevgi də, məhəbbət də, rəğbət də yandı getdi.

Haqsıza qarşı duran acıq, qəzəb ütüldü,
Qəlbində küdurət də, nifrət də yandı getdi.

Elmin günəşi söndü, yer yerində dayandı
Vaxt öldü, zaman durdu, sürət də yandı getdi.

Əcəl hökmünü verdi, zəkanın dili susdu,
Açıq söz dərdə batdı, cürət də yandı getdi.

Tanrı görkəm vermişdi idrakına bərabər,
Torpaq aldı qoynuna, surət də yandı getdi.

Füzulini yandıran şəbi-hicran gecəsi
Ayrılıq ağlar qaldı, həsrət də yandı getdi.

Fələk çəkdi kamına, əcəl oxu sevindi;
Təpər düşdü atından, taqət də yandı getdi.

Adım beli büküldü, sanın dili tutuldu,
Nüfuz göz yaşı tökdü, şöhrət də yandı getdi,

Bir zəkanın ölümü min dünyaya əvəzdi,
Xəzinələr talandı… sərvət də yandı getdi.

Tofiq sözü güe demək, əyilməz, qürur demək,
Əcəl şimşəyi çaxdı, qüvvət də yandı getdi.

Düz sözün hakimiydi, səhvi göydə tutardı,
Doğru közə tutuldu, qələt də yandı getdi.

Qaralmadı ağ kağız, xəcalət basdı sözü,
Qələm qaldı intizar, xiffət də yandı getdi.

Tozu tutiya bildi, külək aldı torpaqdan,
Vətən çəksin gözünə… qismət də yandı getdi.

Əllər yurda uzalı, üzlər qaldı sozalı,
Qəribləri ağladan qürbət də yandı getdi.

Müdriklərsiz dünyanın nə dəyəri deyirəm?..
Müdrik tərk etdi bizi – hörmət də yandı getdi.

Uşağa uşaq idi, böyüyə böyük Tofiq,
İpək kimi xasiyyət, xislət də yandı getdi.

Bilqamıs… Şumer dili… xəzinələr açarı
Mənaların özəyi, siqlət də yandı getdi.

Tənələr yas bağladı bədxahların dilindeə
İndi hara üz tutsun?..
Töhmət də yandı getdi.

iblisin beli sındı, kimə böhtan söyləsin?
Baxıb idbar üzünə, lənət də yandı getdi.

Qor düşdü açılmayan məramların kürkünə,
Məqsəd də yandı getdi, niyyət də yandı getdi.

Dillərdə abır, ismət sözün qızıl tirməsi,
Abır da yandı getdi, ismət də yandı getdi.

«Şeirimiz, nəsrimiz, ədəbi dilimizədə
Gözəlliyin görkəmi – zinət də yandı getdi.

Misralar sıra-sıra, yeridikcə, gəldikcə,
Dilə gəldi sənətkar: «sənət də yandı getdi».

<<Dədə Qorqud: dilimiz, düşüncəmiz» yolunda,
Yaranmış ənənələr, adət də yandı getdi.

Bilinən, bilinməyən sirlərin xiridarı,
Dedi açıq-aşikar; xəlvət də yandı getdi.

Ağlar güləyən «Sabir: qaynaqlar və sələflər»
Yer-yerdən səda gəldi; millət də yandı getdi.

Dilin zaman qatına süründü dizin-dizin,
Sona çatdı əzablar, zillət də yandı getdi.

İstedadı əzəldən Tanrının bəxşişiydi,
Alın təri, qazancı, zəhmət də yandı getdi.

Böyük «Qıpçaq çölünün yovşanı çağırardı,
Qoxusuna, ətrinə dəvət də yandı getdi.

Türküstan yasa batdı, Murad Adcı ağladı,
Türk Arslanı bir azman – heybət də yandı getdi.

Kurqanda məzarından qalxar «Qızıl Döyüşçü>>
Hay salar, haray salar: qüdrət də yandı getdi.

Bir yanda Şah İsmayıl, bir yanda Sultan Səlim Xəcalətli qılınclar… qarət də yandı getdi.

Ürəyim oldu büryan – Füzulidən betərəm,
Qafiyə də, şeir də, sonet də yandı getdi…

Can quşu uçub getdi, Tanrı qucaq açmışdı,
Ölümün qabağında rəhmət də yandı getdi.

Min acını yeyərlər, bir sirinin xətrinə,
Fərhad öldü Şirindən, şərbət də yandı getdi,

Qazılan yaş torpağın buğ qalxır ciyərindən,
Torpaq, ana qucağı türbət də yandı getdi.

Meyarlar dəyişməsə, ölçülər əyişməsə,
Tərəzi yenə deyər: qiymət də yandı getdi.

Mən elə Məcnunam ki, Xələflidən betərəm, Məni gəzməz bir kimsə, ülfət də yandı getdi.

İki aləm şahının özü pişvaz eylədi,
Canındakı yarası, illət də yandı getdi.

Qürbətdə Nigarinin məzarına köz düşdü,
Elmin şahi-mərdanı – Həzrət də yandı getdi.

Bu dünyadan aldığı baratların yanında
Əli rzanın söz donu, xələt də yandı getdi.

Bir Zaloğlu var idi, canını əvəz bildi,
Tanrı qəbul etmədi, rüşvət də yandı getdi.

<<<Heyrət, ey büt» – söylədi, memarımız əzəldən
Heyrətin heyrətinə heyrət də yandı getdi.

Səbuhidən bu yana Qoca Qafqaz gülünü,
Xələfli dəstə tutdu, dəmət də yandı getdi.

Yaxşıların axırı pislərin əzəlidi
Şəhriyar deyən gəldi, ibrət də yandı getdi.

Təzə Günəş doğula, səhər nəğmə oxuya;
Bir deyək gecəmizə, zülmət də yandı getdi.

Azad çölün üstündən azad nəğmə səslənə
Turanımız sevinə… möhnət də yandı getdi.

Ey aşiqlər aşiqi, yaxın gəl Xələfliyə,
Fəryada bir halı yox, halət də yandı getdi.

Əli Rza xələfli “Üzü Qarabağa” (səh134-142)
28.11.2015 – ci il

Mənbə:Elirza Xelefli

MÜƏLLİF: ƏLİ RZA XƏLƏFLİ

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ozanlar yurdunun sirr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I