Etiket arxivi: BARƏDƏ

DƏSTƏGÜLDƏ GÖRDÜKLƏRİM – ZAUR USTAC YAZIR

DƏSTƏGÜLDƏ GÖRDÜKLƏRİM

(…əsgər gündəliyindən sətirlər…)

Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun böyük Allaha! Daha bir vəsilə ilə sizlərlə görüşmək qismət oldu. Ötən günlərdə  televiziya kanallarının birindən ötəri olaraq “Dəstəgül” kəlməsini eşitməyim və son günlər baş verən hadisələr bu yazının yaranmasına, sonucda görüşümüzə səbəb oldu.

“Dəstəgül”lə bağlı eşitdiyim cümlə tam olaraq belə idi:- “…onun son döyüş yeri Dəstəgül olub…”  Dəstəgül, Dəstəgül… Dəstəgül sözün əsl mənasında neçə-neçə igid -ər oğullarımızın son döyüş yeri, son mənzili, son ünvanı olub və uzun illərdir bu belə qalmaqdadır. . .  Məlumunuz olsun  ki, son günlər  hələ I Qarabağ müharibəsində itkin düşmüş və o vaxt  tanınmadığı üçün  “Naməlum” adı ilə dəfn olunmuş döyüşçülərimizin siyahısının bir daha dəqiqləşdirilməsi, “naməlum”ların tanınması yolunda mühüm işlər görülür. Mənim qulaq müsafiri olduğum söhbət də məhz bu məsələ ilə bağlı idi. 

Dəstəgül (40°19′14″ şm. e. 46°41′29″ ş. u.) istər 2016 –cı il Aprel döyüşləri, istərsə də II Qarbağ – Vətən müharibəsi zamanı adı daha çox hallanan Çaylı, Talış, Suqovuşan  istiqamətində, onlardan sonra Təpəkəndə  deyil, Gülüstan, Ballıqaya – Murova tərəf, yəni Suqovuşandan sonra çayqırağı getdikdə sağ (Goranboy) tərəfdə sıx meşə örtüklü dağlıq ərazidə yerləşmiş kiçik bir yaşayış məntəqəsidir. Daha çox yaylaq yerinə oxşayır. Buna baxmayaraq bir neçə qəbirdən ibarət olan qəbirstanlığı da var. Evlər əsasən “finski” dediyimiz taxta evlərdən ibarətdir. (Bəlkə də bu məlumatlar artıq keçmiş zamanda qəbul edilməlidir.) Tale elə gətirib ki, bu yerləri  həm yayda (iyul 1993), həm də qışın oğlan çağında (fevral 1994) ziyarət etmək mənə qismət olub. 1994-cü ilin fevral ayında bu kiçik yaşayış məntəqəsini (Dəstəgül və ya Dəstəgir) kəşfiyyatçılardan təhvil alıb, motoatıcı bölmələr gələnə qədər qoruyub  saxlamış bölmənin tərkibində qulluq etmişəm. Olduqca keşməkeşli həyatımın bu hissəsinin  müəyyən məqamları yaradıcılığımda həm nəsrdə, həm də nəzmdə özünü zaman-zaman göstərib və yəqin ki, hələ çox göstərəcək. Məsələn elə bu yazı…

Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimov haqqında olan (son günlərdə bədxahlar tərəfindən məqaləsi vikipediyadan silinmiş) “Oriyentir Ulduzu” kitabından bir hissəni sizlərə təqdim edib, sonra söhbətimizə davam etmək istəyirəm: – “Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq??? Düşünə- düşünə dərə boyu dağlara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü… Halbuki o, heç Çaylıda da olmamışdı, amma postdakı bütün əsgərlər kimi o, da bilirdi ki, dərədə, daşı daş üstə qalmayan, bu kənd Çaylıdı. Adından da göründüyü kimi vaxtında çox səfalı, axarlı-baxarlı kənd olub. Dərə boyunca dağlara – Talışa tətəf – qalxanda, Gülüstan, birinci görünən dağı aşdıqdan sonra Madagiz, sonra hər yerdə gölqırağı, çayqırağı üzü Günbatana sağ tayla, dağ cığırı ilə gedib çıxırsan yol ayrıcına, ayrıc dərədədi, köhnə ferma binası da var dərədə. Fermanın yanında dağ yolu ilə təxminən iki saat dolama yollarla sağ tərəfə qalxsan, Dəstəgüldü. Dəstəgüldə qışda qar dizdən olsa da dərədəki bulağın başında artıq Fevral ayının ortalarında qarın, buzun içində bənövşələr açır. O, bənövşələrin qurusu indi də postdakı köhnə dəftər- kitabların arasında durur, təzələrini dərməyincə uşaqlar atmaq istəmirlər.”

Sonra yenə Mübarizə həsr olunmuş “Şəhid haqqı” adlı bir şeirdə;

Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,

İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,

Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,

Bu qədər bivec ata, ya da ki, qardaş olmaz…

Vallah, atam-qardaşım bundan vacib iş olmaz…

* * *

Hər şeyi yükləmişik, Lazım bəyin belinə,

Zalım oğlu zalım da qüvvət verib dilinə,

Heç kimsə razı olmaz, bir quş səkə gülünə,

Bəs bu dağlarda yatan gül balalar kimindi?!

Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!

* * *

Dəstəklərə yazılı, neçə-neçə adımız,

Qundaqlara qazılı, sezilməyən ay-ulduz,

Nişan durub, gözləyir; birdən düşər yolumuz,

Gəlin, o nişanların gözün yolda qoymayaq…

Bu işi, bu gün görək, sabaha saxlamayaq…

* * *

Bu işin bir yolu var, göstəribdi Mübariz!

Torpaq bizim Vətənsə,  düşməlidi izimiz.

Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.

Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!

Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!

* * *

Dəli bilirlər bizi, doğruldaq adımızı,

Dost özün göstərəcək, tanıyaq yadımızı,

İllərdir su vermişik, püskürək odumuzu,

Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!

Mübariz gedən yolu, getməliyik hamımız!!!

03.08.2019. Bakı.

Daha sonra isə ümumilikdə bütün məzarsız şəhidlərimizə ithaf etdiyim “Müqəddəslər” şeirində;

MÜQƏDDƏSLƏR

(… bütün məzarsız Vətən övladlarına ithaf olunur…)

Səngəri məzarı olan qardaşım,

Hələ də bilinmir əhvalın sənin…

Dəfndən Məada Bərzəx deyirlər,

Məchuldur durumun, məqamın sənin…

* * *

Silahın pas tutub, daha heç atmaz,

Dəbilqən gəzsə də, çəkmən köç etməz,

Kəmər yox olsa da, toqqan heç itməz,

Qumquman olubdu kimliyin sənin…

* * *

Üç rəngli bayrağım süsləyən dağlar,

Hər zirvə minlərlə şəhidi ağlar,

Bənövşə çiçəyi qəlbimi dağlar,

Dağların ağ qarı kəfənin sənin…

* * *

Zaur buz bulaqdan içəmməz daha,

Bənövşə müqəddəs, dərəmməz daha,

Ağ qarı tapdayıb, gəzəmməz daha,

Bu yurdun nəyi var, ünvanın sənin…

09.05.2021. – Bakı.

Dəstəgüldə gördüklərim zaman-zaman özünü xatırlatmış, müxtəlif təzahürlər  şəklində biruzə verərək, kağız üzərinə köçmüşdür. Bütün bunlardan əlavə həmin dövrdə  baş verənlər “Bir parça taxta və ya ağ mələfə səfası” əsərində ətraflı öz əksini tapıb.

Yuxarıda təqdim etdiyim nümunələrin yaranmasında əsas bir epizodun rolu olub ki, o da bugünkü vəziyyətlə səsləşdiyinə görə bu yazını yazmağı özümə borc bildim. Deməli, necə deyərlər quşbaşı qar yağa-yağa gecədən xeyli keçmiş  təyin olunmuş yerə  çatıb mövqeyi kəşfiyyatçılardan təhvil aldıq. Komandir hamını düzüb postları, kimin harada duracağını, istirahət növbəsinin harada dincələcəyini, postda dayanma müddətini elan etdikdən sonra hamı təyin olunmuş yerlərə getdi. Mən istirahət edən heyətə düşmüşdüm. Tez istirahət edən növbə üçün təyin olunmuş evə (Kiçik girişdən və iki pəncərəli bir otaqdan ibarət olan taxta ev idi, pəncərələr Goranboy tərəfə, sıldırım dərəyə baxırdı.) daxil olduq. Pəncərələri özümüzlə  gətirdiyimiz odeyallarla tutduq. Bir odun sobası tapıb qurduq və turbanın başına  vedrə keçirdik ki, yananda qığılcımlar çıxmasın. Seçdiyimiz ev dağın düşmən tərəfindən görünməyən sıldırım yamacında yerləşməsinə rəğmən bildiyimiz bütün maskalanmak və gizlilik tələblərinə riayət etməyə çalışırdıq. Artıq zaman olaraq, gecədən xeyli  keçsə də hər yan dümağappaq qar olduğuna və qara buludluq olmadığına görə görünüş demək olar ki, gündüz kimi idi. İstirahət otağı  tam hazır idi. Hətta çaydan da qaynadıb, həm posta gedənlər, həm də postdan gələnlər üçün isti şirin su hazırlamışdıq. Biz elə posta çıxmağa hazırlaşırdıq ki, uşaqlardan (əsgər R.E.-ni) birini halı pisləşmiş vəziyyətdə içəri gətirdilər. Nə baş verdiyi ilə marqalandıqda məlum oldu ki,  əsgər  digər post -növbə yoldaşları ilə təyin olunduqları  səngəri qardan təmizləyən zaman lapatkası nəyəsə ilişir və bu da lapatkanı qaldıranda gördüyü mənzərədən sarsılır… Halı pisləşir… Səngəri  təmizləyən əsgərin lapatkası bizdən əvvəl o mövqedə olub, şəhid olmuş digər Azərbaycan əsgərinin kəmərinə ilişibmiş. Lapatkanı qaldıran zaman isə bədən ortadan bükülmüş vəziyyətdə yuxarı qalxmışdı. O vaxtlar, bizim əsgərlərə verilən yaşıl rəngli, ay ulduzlu aliminium toqqa və dəriəvəzedicidən olan qəhvəyi kəmər aydın bilinirdi. Bundan əlavə bayraqlı “bakinski” forma və çəkmələr də bizim əsgər olduğunu təsdiqləyirdi…

Biz əvəz olunana  qədər itkisiz-filansız  nizam-intizamla, bütün qayda-qanunlara əməl edərək (Hələ bu müddətdə xüsusi tapşırıqla bir-neçə dəfə kəşfiyyata ketmək, bundan əlavə bənövşələri dərdiyim – maraqlıdır ki, fevral ayında buzun içində bənövşələr açmışdı – bulağa suya getmək, ərzaq gətirməyə gedən uşaqların  (əsgərlərin) qarşısına çıxmaq üçün aşağı düşmək kimi tapşırıqları da yerinə yetirirdik) sağ-salamat demək olar ki, Dəstəgüldə əməllibaşlı dincəldik. Vaxtı çatanda gəlib bizi əvəz etdilər…

GÜNDƏLİKDƏN SƏTİRLƏR:

08.02.1994 – axşam saat 11-də(23:00) komandir məni postdan çağırtdırdı. 6 nəfərlə Təpəkəndə kəşfiyyata getdik. Tapşırığı yerinə yetirib,( 09.02. 1994) səhər saat 4 –də Dəstəgülə qayıtdıq.

Biz əvəz olunduqdan  3-4 gün sonra (bu hadisənin öz obyektiv və subyektiv səbəbləri olub) qəfil hücumla demək olar ki, bir-iki yaralı olaraq min-bir müsibətlə qurtulan və qaçanlardan başqa  bizi əvəz edən bölmənin bütün şəxsi heyətinin hamısını öldürmüşdülər…

Deməli, təkcə bu balaca (heç  yanda adı, xəritələrdə izi-tozu olmayan) Dəstəgüldə həm ikinci dəfə biz alana qədər  90-cı illərdə şəhid olmuş əsgərlərimizin, həm də 1994-cü ilin fevral ayında qısa bir müddət ərzində bizdə olan vaxt şəhid olanlarla birlikdə xeyli şəhidimizin nəşi qalmaqdadır…

Görün indi nə qədər belə Dəstəgüllər var…

Xidmət müddətimdə sözün əsl mənasında başıma gəlməyən iş qalmasa da Dəstəgül mənim də yaddaşıma xüsusi olaraq yazılıb.  Gözümün önündən getməyən altında  gizlətdikləri  məlum olan qarla dolu səngərlər  və  bir də istədiyim zaman baxıb, toxuna bildiyim, hətta yeri gələndə söhbət etdiyim gündəliklərin vərəqlərinə qopub itmək qorxusu ilə bərk-bərk yapışmış  1994 – cü ilin fevral ayında Dəstəgüldə Gülüstan, Ballıqaya istiqamətində dərədəki bulqdan  qarın- buzun içindən  yığdığım bənövşələrin qurusu  mənim üçün istənilən zaman astral səyahətlə reallıq arasında mövcud olan bir dünya qurur. Həmişə bir istək olub, qəlbimin dərinliyində. Bir gün mütləq qışın oğlan çağında dincəldiyim bu səfalı məkanı may ayının sonlarında görmək, əsrlərdir şəhidlərimizn qanını ilə qidalanıb, Babəkin azadlıq sancağı kimi zühur edən alqırmızı lalərdən dərib, igid-ər oğullarımızın məzarı olmuş səngərlərin üzərinə sərmək, dərədə hüzünlü bir səslə zümzümə edən “Bənövşəli bulağ”a baş çəkmək istəmişəm. İnanıram ki, bütün digər arzularım kimi bu istəyim də vaxtı gələndə gerçəkləşəcək!

Allah bütün məzarlı və məzarsız şəhidlərimizə rəhmət eləsin. Siz də sona qədər həmsöhbət olduğunuz üçün çox sağ olun.

Müəllif: Zaur Ustac,

“Yazarlar” jurnalının baş redaktoru,

Şair – publisist.

16.08.2021. – Bakı.

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC “ÜÇ QARDAŞ”

ÜÇ QARDAŞ

Bir qardaş sağında, biri solunda,

Təpəri dizində, gücü qolunda,

Qardaşlıq məşəli yanır yolunda,

Yeni çağ başladır xan Azərbaycan!

Türkiyə, Pakistan, can Azərbaycan!

* * *

Xətai amalı bu gün oyaqdır,

Nadirin əməli bu gün dayaqdır,

İlhamın təməli bu gün mayakdır!

Yeni çağ başladır xan Azərbaycan!

Türkiyə, Pakistan, can Azərbaycan!

* * *

Zamanla yaşadıq xeyli qeylü-qal,

Görməsin bir daha bu birlik zaval,

Dağlara biryolluq qayıdır Hilal,

Yeni çağ başladır xan Azərbaycan!

Türkiyə, Pakistan, can Azərbaycan!

05.10.2020. – Bakı.

Müəllif: Zaur Ustac


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI

Səma MUĞANNA – gənc yazar, qiraətçi.


SƏMA MUĞANNANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏFAİL TAĞIZADƏ İLƏ “SƏMİMİ SÖHBƏT” – TƏRANƏ MƏMMƏD

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Rəfail Tağızadə ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə “SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış ictimai-siyasi xadim, şair, publisist Rəfail Tağızadədir.

İnsanların ünsiyyətdən qaçdığı, bir növ tənhalığa qapandığı, bəlkə də biri-birinə etibar etmədiyi bir vaxtda az tanıdığın, bəlkə də heç tanımadığın bir insanla ünsiyyət qurub onunla səmimi söhbət etmək asan olmasa da, mümkündür. Söhbət etmək istədiyim insan yaradıçılığı, bənzərsiz şeirləri ilə diqqətimi çoxdan cəlb etmişdi. Onun özü ilə şeirlərindən daha sonra tanış oldum. Şeirlərindəki gizli kədərin, qeyri-adiliyin səbəbini öyrənmək arzusu var idi məndə. Dəfələrlə tədbirlərdə görüşdüyüm bu gülərüz, mehriban və nisbətən az danışan insanın iç dünyası mənim üçün çox maraqlı idi. ”Gündüzü oğurlanmış kimidir həyat”, – deyən bir insanın elə həyata baxışları da. Deyirlər, insanı yaxşı tanımaq üçün onunla yol yoldaşı olmaq lazımdır. Təəssüf ki, tanımaq istədiyim insanla yol getmək mənə nəsib olmayıb, amma səmimi söhbət etmək fürsətindən istifadə edib ona bir neçə sual verə bildim.
Həmsöhbətim Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı, Rəfail Tağızadədir. Rəfail müəllimlə söhbəti sizə təqdim etməkdə məqsədim FB səhifələrində dəfələrlə şeirlərini və yazılarını həvəslə oxuyub bəyəndiyiniz bu maraqlı insanı sizə daha yaxından tanıtmaqdır.
İlk sualım adi olsa da məncə, cavabı həmsöhbətimi düşündürdü.

– Rəfail müəllim, sizcə Rəfail Tağızadə kimdir?

– İlk növbədə Azərbaycan vətəndaşıdır. Vətənini, xalqını, azadlığı sevən; yurdsuz qalan vətəndaş. Azərbaycan türküdür.

– Özünüz haqqınızda qısa da olsa, məlumat verərdiniz.

-Qarabağda, Ağdamda doğulmuşam. Qarabağ mənim ata-baba yurdumdu. Çox təəssüf ki, indi “qarabağlıyam”, “ağdamlıyam” deyəndə, o yerlər işğal altında olduğundan bir vətəndaş olaraq itkilərin qismən günahkarı kimi utanıram. Uşaqlıqdan riyaziyyatı çox sevdiyimdən dəqiq elmlərə marağım olub. Orta məktəbi Ağdamda bitirib, 16 yaşımda Politexnik institutunun Avtomatika və hesablama texnikası fakultəsinə daxil olmuşam. Diplom işimi Rusiyada yazdım. Uzun müddət o vaxtlar “qapalı” hesab edilən müəssisədə müxtəlif vəzifələrdə çalışmışam. Elə ordan da müharibə bölgələrinə yollandım. Cəbhə həyatından çox danışılıb deyə, ondan danışmaq istəmirəm. İnşallah qələbədən sonra…

– Rəfail müəllim, neçə yaşınız var?

– 11 fevral 1958 ci ildə anadan olmuşam. Dolça bürçündənəm. (gülür)

– Nə bildiniz ki, bürcünüzü soruşacam?

– Nə bilim, hərdən fikirləri qabaqlamağı bacarıram. Bu bir qədər çətinlik yaratsa da, belədi.

– Onda deyin. Bürclər haqda yazılanlara inanırsınız?

– Yox. İnanmıram. Amma doğulduğun yer, şərait kimi, zamanın da xarakterə təsir edən məqamları var.

– Bəs qismət deyilən bir şeyin olduğuna necə? İnanırsınız?

– Düzü, əvvəllər inanmırdım, ancaq həyatda qarşılaşdığım bəzi hadisələrdən sonra inanmalı oldum.

– Allaha inanırsınız?

– Əlbəttə. Dini ritualları etməsəm də, inanıram. Tanrıya, yaradana mütləq inanıram.

– Sizinçün yaşamaq nədir?

– Yaşamaq səndən sonra yaşamaqdır.

– Bəs ölüm nədir?

– İlk növbədə həyatın sonudu. Dəfələrlə təkrar olunmuş ifadə osa da, “ölüm haqqdır”.

– Rəfail müəllim, şeirlərinizdə dəfələrlə ruha müraciət etdiyinizə rast gəlmişəm. Sizcə ruhlar nədir, varmı ruh?

– Əlbəttə, var. Ruh müxtəlif din və cərəyanlarda müxtəlif formada izah olunur. Ruh ilahidən gələndi.

– Ölümdən qorxursunuz?

– Yox. Ölümdən, qaranlıqdan, təklikdən qorxmuram. Hərdən gözübağlı daha yaxşı görürəm. Axtardığımı daha tez taparam. Qaranlıqda kəndimizin kol-kos basmış cığırları ilə gedib, evləri tapa bilərəm. Cəbhədə qaranlıqda o qədər dərəli-təpəli yol getmişəm ki…

– Dediniz ki, təklikdən qorxmursunuz. Bəs tənhalıqdan necə?

–Yaradıçılıqda tənhalıq adamın həmdəmi olur. Ancaq həyatın tənhalığını sevmirəm.

– Rəfail müəllim, hamı sizi barış, davanı sevməyən bir insan kimi tanıyır. Nəyə görə davaya qatılardınız?

– Heç düşünmədən Vətən uğrunda savaşaram. Bu birmənalıdır. Bir də insan sevdiyi qadın uğrunda savaşar.

– Gözəlliyi sevərsiniz hər halda.

– Şübhəsiz. Kiçik bir çiçəyi, qanad açan quşu, ağacları, … təbiətin yaratdığı bütün gözəllikləri. Gözəlliyi görüb sevməmək olarmı?

– Banal bir sual olsa da bilmək istəyərdim Rəfail Tağızadə qadınlarda daxili gözəlliyi sevir, yoxsa xarici?

– Gözəl qadın ilk görünüşdən adamın diqqətini tez çəkir, bu təbiidi. Mən ağıllı qadınları, onların düşüncələrini daha çox sevirəm. Qarşında ağıllı qadın olanda, daha çox məsuliyyət hiss edirsən. Ağıllı qadının qarşısında güclü olmaq çətin olsa da, maraqlıdır.

–Qarabağlısınız. Deyirlər, Qarabağda körpələr də muğam üstə ağlayır. Musiqi sizin üçün nədir?

– Musiqi insanın ruhunu oxşayır. Bir qarabağlı kimi mən də muğamı çox sevirəm. Eləcə də xalq və bəstəkar mahnılarını da.

– Bəs aşıq musiqisini sevirsiz?

– Əlbəttə. O bizim qanımızdadır.

– “Musiqiçi dostum,
bir nöktrün çal,
məni məndən qopar,
məni məndən al“.
Bu sözləri yazan məncə klassik musiqini də sevir?.

– Bəli. Klassik musiqidə sanki muğamın əksini duyuram.

– Bəlkə cazı da sevirsiniz?

–Konsertlərinə qatılıram. Dinləyirəm.

– Sizcə sevgi nədir?

– Sevgi insanı sən eləyən, daxilən təmizləyən, başqası üçün yaşamağın nə olduğunu anladan ülvi bir hissdir. Sevgi insanın özündən asılı olmayaraq gələn duyğudur. Sevgi gözəldir. Ağrısı, acısı, sevinci ilə yaşamaq həzzidir. Hec kim deyə bilməz ki, o nə vaxtsa sevməyib və ya nə vaxtsa sevməyəcək. İnsan hər zaman ona mübtəla ola bilər. Həqiqətən sevən insandan pislik gözləmə…

– Yaşından asılı olmayaraq?

– Bəli. Bəzən yaşlı insan 17 yaşlı cavandan daha etirasla, güclü sevə bilər. Sevginin yaşı olmur.

– Sevgi insana nə verir, sizcə?

– Yenidən doğulmuş kimi olursan. Lazım olduğunu bir daha anlayırsan. Yaşamaq və yaşatmağı dərk edirsən. Səndə daxili bir oyanış yaranır. Sevgi insanın üzünə, gözünə gizlədə bilməyəcək yeni xoş çalarlar gətirir. Ruhunu təzələyir…

– Siz dənizi sevirsiniz! Dənizə həsr etdiyiniz şeirlər insanın ürəyinə toxunur, dənizi həm sevir, həm də sevdirə bilirsiniz. Bu yaxınlarda Kamran Nəzirlinin müsahibəsini dinlədim. Kamran müəllim dedi ki, dənizə sevgim uşaqlıqdan var idi, çünki, Astarada, dəniz kənarında keçib uşaqlığım. Bəs siz? Axı, siz elə yerdə doğulmusunuz ki, dağları, meşəni daha çox sevməli idiniz, məncə.

– Mən dənizi çox sevirəm. Danışan canlı kimi. Dəniz safdır, təmizdir. Dəniz məni daha yaxşı anlayır. Mən dənizi qısqanıram. Bəlkə o üzdən onunla görüşə payızda, qışda gedirəm. Heç kəs olmayanda. Onunla pıçıltıyla danışıram. Boşalıram. Ruhən təmizlənirəm. Olsun ki, dəniz sevgisi məndə hələ dünyaya gəlməmişdən yaranıb. Bütün dənizləri sevirəm, Xəzərə isə, xüsusi sevgim var. Təbii ki, dağları da, meşələri də sevirəm. Onlarla da rahatlanıram, sakitləşirəm, ancaq dəniz mənimçün bambaşqadı…
– Rəfail müəllim, şeirlərinizdə həmişə qizli bir kədər var. Nədən? Hətta sizin şeirlərə “qanla yazılmış şeirlər” də deyən olub.

– İtki ağır şeydi. Bir var doğmaların, mütləq olacaq itkilərin ağrısı. Bu başa düşüləndi. Yarananın dünyadan köçməsi nə qədər ağrılı olsa da anlaşılandı. Amma yurd, vətən itkisi bambaşqadı. Bu itkinin ağrısını izah etmək olmur. Sənin olanın göz-görə əlindən alınır, sənin olmur. O itkiylə ilk addımların, uşaqlığın, gəncliyin də itir. Yox olur. Geridə böyük bir boşluq yaranır. Yurd həsrəti bütün sevincli xatirələrin üzünə qara bir pərdə çəkir. Ağırdır. Çox ağırdır. Hər dəfə nikbin, şən bir şeir yazanda, sanki, o dərd kürəyinə vurub “mən hələ varam…”, – deyir. O ağrını, kədəri nəinki üzdə, şeirdə də gizlətmək olmur.

– “Şair dostum, vətəndaş dostum, dərd, ələm dostum”, bu sözləri sizin haqqınızda məşhur alimimiz Rafiq Əliyev deyib. Bilirəm ki, bu yaxınlarda görkəmli alimimizin həyat və yaradıçılığından bəhs edən bir kitabınız işıq üzü görəcək. Xeyirli uğurlu olsun.

– Çox sağ olun. Bu kitabı böyük sevgiylə hazırlamışam. Maraqlı kitab olacağına inanıram. Əlbəttə, son söz yenə də oxucularındır.

– Oxucu demişkən. Mən də sizin oxucunuzam və şeirlərinizi çox bəyənirəm. Bəzən sizin şeirləri abstrakt rəsm əsərlərinə bənzədirəm. Orda görünən və görünməyənlər var. O görünməyənləri siz özünüz necə görürsünüz?

– Hamının görmədiyini mən də görmürəmsə, onda niyə yazıram, nəyi yazıram? Yazmaq, yaratmaq başqalarının görmədiklərini görüb çatdırmaqdır. Nə yaxşı ki, mənimlə bərabər onları görə bilən oxucular da var.

–Yazılarınızda belə bir ifadəyə rast gəldim “Söz deyilən, yazı oxunan, kitab isə qalandır”. Rəfail müəllim, sözünüzün, yazdıqlarınızın və kitablarınızın yaddaşlarda qalacağına əminliklə sizə yeni yaradıcılıq uğurları arzu edirəm. Əminəm ki, bir gün Qarabağ dərdi kürəyinizə astaca toxunub deyəcək: Yaz! Yarat! Sevin! Qarabağ azaddır!

– Çox sağ olun. Qarabağı azad görmək ən böyük arzumdur. Mən də sizə gizli ağrılardan uzaq, sevinc dolu əsərlər diləyirəm.

Bax beləcə söhbət edib ayrıldım Rəfail müəllimdən. Amma onun kitablarını oxuduqca, insan onun şeirlərindən, niskilindən, yaratdığı bəzən vahiməli, bəzən həzin, bəzən sevgi, bəzən ayrılıq, bəzən hicran, bəzən intizar dolu aləmdən ayrılmaq istəmir. Şairlərin sayının artdığı, ədəbiyyatda yeni adların çoxaldığı bir zamanda öz orijinallığı ilə diqqəti çəlb edən bir şairin olduqca təvəzökar şəkildə yazıb yaratması məncə, diqqəti çəlb etməyə bilməz.

Hamınıza bizimlə bərabər olduğunuz üçün təşəkkür edirəm və ümid edirəm ki, “SƏMİMİ SÖHBƏT” rubrikamız davam edəcək. Təki ömür möhlət versin.

Qeyd:

2019-cu ilin oktyabırında “Səmimi söhbət”in ilk qonağı Rəfail Tağızadə olmuşdu.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yazıçı Pərvanə Bayramqızının 3-cü kitabı çapdan çıxıb

Pərvanə BAYRAMQIZI – yazıçı, publisist.

Bu günlərdə yazıçı Pərvanə Bayramqızının “Karantin zədəsi” adlı 3-cü kitabı çapdan çıxıb.

         Müəllif Ana dilinin qorunması mövzusunda yazdığı məqalələri, tanınmış ziyalılardan götürdüyü müsahibələri və gündəmlə səsləşən: pandemiya, müharibə və ümumi mövzulu statuslar kimi qruplaşdırdığı yığcam fikirləri ilə özünəməxsus şəkildə oxucunu dialoqa cəlb edir. “Oxucu rəyləri” bölümündə pandemiya dövrünün izolyasiyasının insanlara göstərdiyi mənəvi-psixoloji təsir, karantin rejimində müəllifin fərdi yaşantıları əksini tapıb.

“Yeddi sual”, “Ağ divarda qara yazılar”, “Yoluxmayan xəstəlik”  və digər hekayələrdə virus təhlükəsiylə bir-birindən uzaqlaşan insanların faciəsindən, ömrünün son ayını karantinin bitəcəyini gözləyərək başa vuran qocanın həsrətindən, vaxtsız gələn sevgi və eləcə də sevənin üzüdönüklüyündən bəhs olunur.

Kitabın redaktoru yazıçı-publisist Vasif Sadıqlı, korrektoru isə şair Ramiz İsmayıldır.

Pərvanə Bayramqızını təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Pərvanə xanım!

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YADİGAR TƏVƏKGÜL ZİYADAR MÜKAFATINA LAYİQ GÖRÜLÜB

DİPLOMU DOĞRULAMA LİNGİ:>>> LAUREATLAR

Təqdimat SEDET ART  Bakuda olacaq  

Xanım Yadigar Təvəkgül “Bircə bəndlik darıxmaq” adlı kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Diplom sabah yəni 09. 08.2021-ci il tarixində kitabın təqdimatı zamanı laureata təqdim olunacaq. Tədbir 14:00 da “Sedet” art studiyada keçiriləcəkdir. Bu sətirləri oxuyan hər kəs dəvətlidir. Giriş sərbəst.

Təqdimat SEDET ART.  Bakuda olacaq.  


YADİGAR TƏVƏKGÜLÜN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏMZİ DÖNMƏZİN AD GÜNÜDÜR!

Rəmzi DÖNMƏZ (SƏFƏROV) – pedaqoq, şair.

Bu gün gözəl insan, əsl ziyalı, sevilən şair, dəyərli pedaqoq Rəmzi Dönməz in doğum günüdür! Ad günü münasibətilə Rəmzi müəllimi təbrik edir, uzun ömür, can sağlığı və bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Rəmzi müəllim!!!

RƏMZİ DÖNMƏZİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏRXAN PAŞAZADƏ TƏLTİF OLUNUB

Cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Yazarlar.az-ın məlumatına görə, Sərəncama əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə və dövlət–din münasibətlərinin tənzimlənməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşları təltif olunub. Onlardan biri də “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə mükafatlandırılan Paşazadə Tərxan Əlhəddin oğludur.

Tərxan Paşazadəni bu uğuru münasibəti ilə təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Tərxan müəllim!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİ BƏY AZƏRİNİN “QƏMLİBEL ƏFSANƏSİ” ADLI KİTABI İRANDA ƏSKİ ƏLİFBA İLƏ ÇAP OLUNUB

Əli bəy Azərinin kitabı.
Əli Bəy Azərinin “Qəmlibel əfsanəsi” (غملی بئل افسانعسی) adlı povestlər kitabı İran İslam Respublikasında əski əlifba ilə çap olunub. Kitaba “Qəmlibel əfsanəsi”, “Şəhərli qızın dəli sevgisi” və “Çay məcrasını dəyişmədi” povestləri daxil edilib.
Xatırladaq ki, “Çay məcrasını dəyişmədi” povesti dövlət mükafatına layiq görülüb.
Kitab az tirajla çap olunub, Cənubi Azərbaycan kitabxanalarına və kitab sərgilərinə paylanacaq. Az qismi də Azərbaycan Respublikasının mərkəzi kitabxanalarına veriləcək. Əli bəy Azəri kitabın xarici ölkədə nəşr olunması ilə bağlı öz təşəkkürlərini bildirib:
– “Arada vasitəçi olanlara, kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə, xüsusən də təbrizli qardaşımız şair Xosrov Barışana təşəkkürümü bildirirəm.”

Biz də YAZARLAR olaraq, bu xeyirli əmələ vəsilə olan şəxslərə öz adımızdan minnətdarlığımızı bildirir, müəllifi təbrik edirik. Uğurlarınız bol olsun, Əli bəy AZƏRİ !!!

ƏLİ BƏY AZƏRİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac

Zaur Ustac (22 iyul 2021-Bakı.)

Zaur USTAC

  Zaur Ustac (Mustafayev Zaur Mustafa oğlu)  8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin  üzvü  olan  Zaur Ustac  “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar”  jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”,  “Şehçiçəyim”,  “Məhdud həyatın məchul düşüncələri”,  “Mum kimi yumşalanda”,  “Bayatılar”,  “Balçiçəyim”,  “Bərzəxdə”,  “Gülünün şeirləri”,  “Sevin ki, seviləsiz…”,  “Qəlbimin açıqcası”,  “Ustadnamə”,  “Nişangah”,  “Çəhrayı kitab”,  “Zimistan” (1), “Ülyahəzrət” (2),  “45”,  “Qədimliyə bürünmüş yenilik”,   yaradıcılığının  30 illiyi  yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm”  kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin  anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının,  “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı  məqalə  toplularının, 2019-20 tədris ilindən  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə  daxil edilmiş “Güllünün şeirləri” tədris  vəsaitinin,  “Gülüzənin şeirləri”, “Uşaq boğçası” kimi məktəbəqədər uşaq müəssisələri üçün əlavə tədris vəsaitlərinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu”  (povest) kitabının müəllifidir. Zaur Ustac və onun əsərləri  haqqında aşağıdakı kitablar yazılıb:1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018. 2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018. 3.Kamal Camalov    “Əliş və Anna haqqında ”  Bakı – 2019.   4. Gülü “ZAUR  USTAC”        Bakı – 2020. 5.Qələndər Xaçınçaylı “TACLI  ŞAİR”   Bakı – 2020.
6. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021

Mənbələr:

a) zaurustac.tr.gg

b) ek.anl.az

ƏLAVƏ MƏLUMAT:


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir

 Zaur Ustac M. Hadi adına Şamaxı şəhər 9 saylı tam orta məktəbin ” I b” sinif şagirdləri ilə.

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayıb.

Elektron ərizələrin qəbulu 2021-ci il 8 iyul – 10 avqust tarixlərində internet vasitəsilə aparılır

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2021-ci il iyulun 8-dən avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə 8 – 23 iyul tarixlərində ərizələrini təsdiq etməlidirlər.

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra “sms” xəbərdarlıq göndəriləcək.

Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, subbakalavr “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir.

“SMS” xəbərdarlıq aldıqdan sonra subbaklavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları (ixtisaslar) üzrə müəyyən etdiyi minimal müsabiqə şərti balı ilə iştirak edəcəklər.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 8-23 iyul tarixlərində ərizələrini təsdiq etməlidirlər. Onlar daha sonra təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə də qeydiyyatdan keçəcəklər. Qabiliyyət imtahanlarına qeydiyyat tarixləri DİM tərəfindən elan olunacaq.

Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qabiliyyət imtahanları haqqında “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında məlumat verilib.

XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can Respub­likasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı ol­malıdır. Möhlət hüququnu və ya çağırışdan azad edilməsini təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Müsabiqənin keçirilməsi

1. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

  • Orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi;
  • Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası.

2. Cari ildə qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

Subbakalavrlar ali təhsil müəssisəsilərinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər.

Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər. Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər.

Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən “ADA” Universitetinin ixtisaslarına müsabiqə yolu ilə qəbulu aparılmır.

Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal ilə və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilərlər.

İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar ixtisas seçiminə qədər “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

İlkin mənbə: dim.gov.az


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru