Etiket arxivi: Dost sözü

VAQİF İSAQOĞLU QAN ELİYİR – DOST SÖZÜ

DOXSAN DÖRDÜNCÜ YAZI

Müharibə xoşbəxtliyi və insan ağrısı
(Vaqif İsaqoğlunun “Qırmızı yağış” hekayəsi)
    Salam olsun, çox dəyərli oxucum! Budəfəki söhbətimizi  yenicə əldə etdiyim, tanınmış söz adamı, hər iki cəbhədə silahdaşım, rütbədə və təcrübədə məndən böyük olan Vaqif İsaqoğlunun “Qırmızı yağış” kitabından seçdiyim eyni adlı hekayə əsasında qurmağa çalışacağam. Kitab adı ilə diqqətimi cəlb etdi. Bu ifadə anında “Qırmızı yarpaqlı ağac” hekayəmi xatırlatdı. Nəzərinizə çatdırım ki, Vaqif İsaqoğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli döyüş yolu keçmiş zabitlərindən biridir. Ordunun, eyni zamanda Azərbaycanın ən ağır günlərində qələmin süngüyə çevirib cəbhədən cəbhəyə qaçan, əsgərlərlə bir qazandan yeyib, eyni kazarmada yatan döyüş zabitidir. Şübhəsiz ki, onun şərəfli döyüş yolu yazdıqlarına yansıyır.
    Azərbaycan ədəbiyyatında müasir dövrün ictimai-siyasi ağrılarını, müharibə travmasını və insanın daxili sarsıntılarını psixoloji dərinliklə təqdim edən müəlliflərin çoxundan fərqli olaraq,  onun yazdıqları yazıçı fantaziysından daha çox, bədii don geyinmiş real həyat həqiqətləridir. Maraqlıdır ki, yaradıcılığının məhz bu cəhəti Vaqif İsaqoğlunu həm sevdirir, həm də müəyyən dairələrdə açıq publisist mövqeyinə görə həzm olunmasını çətinləşdirir. Hərbçi həyatının bütün xırdalıqlarına bələd olan, Azərbaycan əsgərinin şücaətini öz gözləri ilə görən Vaqif İsaqoğlu ən yaxın tariximizin ən dəqiq salnaməçilərindən biridir desək, yanılmarıq. Onun “Qırmızı yağış” hekayəsi yalnız bir fərdin faciəsi deyil, bütöv bir nəslin taleyini, müharibənin insan ruhunda açdığı sağalmaz yaraları əks etdirən təsirli bədii nümunədir.
     Hekayənin mərkəzində Nadir obrazı dayanır. O, müharibədə ayağını itirmiş, fiziki şikəstliklə yanaşı, mənəvi sarsıntı da yaşamış bir qazidir. Müəllif qəhrəmanın daxili aləmini incə psixoloji detallarla açır. Papirus tüstüsünün tavana doğru yayılması, güzgüdə özünə baxarkən yaşadığı sarsıntı, kəsilmiş ayağına zillənən baxışlar – bütün bunlar zahiri təsvir deyil, ruhun içində qopmuş fırtınanın əlamətləridir.
    “Qırmızı yağış” ifadəsi rəmzi məna daşıyır. Bu, sadəcə qanı xatırladan bir obraz deyil; bu, müharibənin göydən yağan bəlasıdır – insan talelərinə çökən faciədir. Qırmızı rəng burada həm qanı, həm də qəzəbi, həm də utancı simvolizə edir.
     Hekayənin ən ağrılı məqamlarından biri Nadirin cəbhədən qayıtdıqdan sonra qarşılaşdığı münasibətdir. Müharibədə sağlamlığını itirən bir insanın dinc həyatda işsiz qalması, zavod direktorunun laqeyd və kinayəli münasibəti cəmiyyətin mənəvi deformasiyasını göstərir. “Sənə veriləcək işimiz yoxdur” – cümləsi təkcə bir fərdin deyil, bütöv bir sistemin qəddarlığını ifadə edir.
     Daha ağır olan isə “Qarabağ? İndi hanı o Qarabağ? Onu niyə qoruya bilmədiniz?” kimi ironiya dolu sualdır. Bu sual bir qazinin yarasına duz səpməkdən başqa bir şey deyil. Müəllif burada müharibənin yükünü daşıyanlarla kabinetlərdə qərar verənlər arasındakı uçurumu ustalıqla göstərir.
    Vaqif İsaqoğlu hekayədə psixoloji realizm üslubundan istifadə edir. Nadirin öz-özü ilə mübarizəsi, ağlaya bilməməsi, səsini içinə gömməsi, qəzəbini yumruqla sinəsinə çırpması – bunlar travmanın təbii təzahürləridir. Müəllif hadisələri pafosla deyil, sakit, lakin sarsıdıcı dillə təqdim edir. Bu da əsərin təsir gücünü artırır.
       Güzgü motivi xüsusi diqqətə layiqdir. Qəhrəmanın güzgüyə baxaraq özünü tanımaması, saç-saqqalının ağardığını, alnında qırışların dərinləşdiyini görməsi zamanın və yaşananların insanı necə dəyişdirdiyini simvolizə edir. Güzgünün sındırılması isə daxili parçalanmanın vizual ifadəsidir.
      “Qırmızı yağış” hekayəsi yalnız Qarabağ savaşının kontekstində deyil, ümumilikdə müharibə və insanlıq dilemması fonunda oxunmalıdır. Müəllif göstərir ki, müharibə təkcə səngərdə olmur; o, insanın evinə, yataqxanasına, iş yerinə, hətta güzgüsünə qədər gedib çıxır. Fiziki savaş bitə bilər, lakin psixoloji savaş davam edir.
     Nadir obrazı bir fərd olmaqla yanaşı, simvolik xarakter daşıyır. O, itirilmiş sağlamlığın, sındırılmış arzuların, dəyərsizləşdirilmiş qəhrəmanlığın təcəssümüdür. Onun timsalında müəllif cəmiyyətə sual verir: Vətən uğrunda canından keçməyə hazır olan insanı sülh dövründə necə qarşılayırıq?
     Vaqif İsaqoğlunun dili sadə, lakin obrazlıdır. Təbiət təsvirləri, məkanın qaranlıq atmosferi, tüstü, güzgü, qırmızı rəng kimi detallar mətnin emosional fonunu gücləndirir. Dialoqlar qısa, lakin kəsərlidir. Hər cümlə arxasında böyük bir ağrı dayanır.
    Müəllif publisist ruhunu da qoruyur; hekayədə ictimai mesaj açıq şəkildə duyulur. Lakin bu mesaj bədii çərçivəni aşmır, didaktikliyə yuvarlanmır. Əksinə, oxucunu düşünməyə, vicdanı ilə üz-üzə qalmağa məcbur edir.
    “Qırmızı yağış” müharibə mövzusunda yazılmış adi bir hekayə deyil. Bu əsər insan ləyaqəti, sosial ədalət, vicdan və məsuliyyət haqqında dərin düşüncələr doğuran bədii manifestdir. Bir gəncin deyil,  bütöv bir nəslin manifesti, harayı, fəryadıdır: “Yazığın ayağını itirdiyi vətəndə heç qəbri də olmadı”…  Vaqif İsaqoğlu bu hekayə ilə sübut edir ki, ədəbiyyat təkcə estetik zövq üçün deyil, həm də yaddaş üçündür – unutmamaq, unutdurmamaq üçün.
   Kitabda “Qırmızı yağış”ın  həmən ardınca “Yuxu” hekayəsi gəlir. Bu düzülüşn təsadüf olmadığına inanıram. Bu peşəkar qələm adamının hər bir kəlməyə, detala, sonuncu güllə həssaslığı ilə əsl döyüşcü yanaşmasıdır. Vaqif İsaqoğlu bu hekayəsi və ümumilikdə kitabda yer almış eyni ruhlu digər mətnləri ilə oxucunu oyatmağa çalışır. Düşündürür. Oxucuya bir həqiqəti xatırladır: qırmızı yağış dayansa belə, onun izi torpaqdan və insan qəlbindən uzun müddət silinmir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Vaqif İsaqoğlunun “Qırmızı yağış” kitabını mütləq oxuyun! Hələlik.

19.02.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

MƏHƏMMƏD ƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hökumə: – “HƏR ŞEY YAXŞI OLACAQ!”

DOXSAN BİRİNCİ YAZI

“HƏR ŞEY YAXŞI OLACAQ!”
(Cavadlının “Hökümə” poeması haqqında)
    Salam olsun, çox dəyərli oxucum! Bu gün söhbətimizi tanınmış şair, publisist, Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli döyüş yolu keçmiş zabiti Mahir Cavadlnın “Hökümə” poeması əsasında qurmağa çalışacağam.
     Azərbaycan ədəbiyyatında faciə mövzusu həmişə xüsusi bir yer tutub. Tariximizin ağrılı səhifələri, xalqımızın üzləşdiyi sarsıntılar və qəhrəmanlıq nümunələri poeziyada öz bədii əksini taparaq həm yaddaşa çevrilib, həm də gələcək nəsillərə mənəvi dərs olub. Tanınmış şair və jurnalist, Qarabağ müharibəsi veteranı Mahir Cavadlının 2025-ci ildə “Füyuzat” nəşriyyatında çap olunan “Hökümə” poeması da məhz belə əsərlərdən biridir.
    Redaktoru şair-publisist, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli olan, ön sözü yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin qələmindən çıxan bu 86 səhifəlik poema təkcə bir ədəbi nümunə deyil – o, həm də milli yaddaşın poetik ifadəsidir.
    Zemfira Məhərrəmlinin ön sözündə qeyd olunduğu kimi, “Hökümə” poeması ötən ilin dekabrında Bakı–Qroznı reysi ilə uçan, Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması və çoxsaylı insan itkisi ilə nəticələnən faciəvi hadisəyə həsr olunub. Rusiyanın hava məkanında silahlı müdaxiləyə məruz qaldığı bildirilən və Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan bu təyyarədə həyatını itirən ekipaj üzvlərinin və sərnişinlərin əziz xatirəsinə ithaf edilən poema, ağrının poetik memorialıdır.
    Faciə yalnız azərbaycanlılara deyil, müxtəlif millətlərdən olan insanlara da toxunmuşdu. Hər kəs öz arzusu, istəyi, ailəsi, doğması üçün səfərə çıxmışdı. Lakin taleyin acı hökmü bu arzuları yarımçıq qoydu. Məhz bu məqamda şairin qələmi tarixin və taleyin sərt hökmünü sənət hökmünə çevirir.
    Poemanın adı – “Hökümə” – çoxqatlı məna daşıyır. Bu söz həm hüquqi qərarı, həm taleyin qaçılmaz yazısını, həm də zamanın sərt hökmünü xatırladır. Mahir Cavadlı bu adı seçməklə sanki oxucunu düşünməyə vadar edir: bu hökmü kim verdi? Müharibələr, siyasi ambisiyalar, məsuliyyətsizlik, yoxsa taleyin özü?
      Şair hadisəyə yalnız informativ yanaşmır; o, faciəni insan taleləri prizmasından təqdim edir. Zemfira Məhərrəmlinin vurğuladığı kimi, əsərin bədii siqləti, təsir gücünü artıran təsvirlər, ağrılı gerçəyin emosional təqdimatı oxucunu hadisənin içinə aparır. Oxucu yalnız məlumat almır – o, yaşayır, hiss edir, sarsılır.
    Mahir Cavadlı Qarabağ müharibəsi veteranıdır. Onun yaradıcılığında vətənpərvərlik, ədalət, şəhidlik, milli ləyaqət mövzuları daim ön planda olub. “Hökümə” poemasında da bu xətt davam edir. Lakin burada pafoslu çağırışdan çox, dərin hüzn, sükut içində qopan fəryad var.
     Bu poema bir tərəfdən konkret bir hadisəyə reaksiya olsa da, digər tərəfdən müasir dünyanın təhlükəli reallıqlarına işarədir. İnsan həyatının siyasi oyunlar qarşısında necə kövrək və müdafiəsiz qalması, günahsız insanların faciə qurbanına çevrilməsi əsərin alt qatında açıq şəkildə hiss olunur.
      Şair bu hadisəni yalnız yas mətni kimi qələmə almır. O, qəhrəmanlıq məqamını da önə çəkir. Təyyarə heyətinin son ana qədər məsuliyyət və peşəkarlıq nümayiş etdirməsi, insanların həyatını xilas etmək üçün göstərilən fədakarlıq poetik dillə ucaldılır. Beləliklə, faciə yalnız itki deyil, həm də insanlıq dərsi kimi təqdim olunur.
     “Hökümə” poeması bir daha sübut edir ki, ədəbiyyat yalnız estetik zövq üçün deyil, həm də tarixi yaddaşın qorunması üçündür. Şair hadisəni sənədləşdirmir – onu mənalandırır. O, statistik rəqəmləri insan talelərinə çevirir, xəbəri duyğuya, faktı fəlsəfəyə yüksəldir.
    Zemfira Məhərrəmlinin ön sözü əsərin dəyərini və aktuallığını vurğulayaraq oxucunu mətni daha diqqətlə oxumağa istiqamətləndirir. Onun təqdimatında “Hökümə” yalnız bir poema deyil, zamanın sarsıdıcı çağırışına ədəbi cavabdır.
    Tanınmış şair və jurnalist Mahir Cavadlının “Hökümə” poeması təkcə bir taleyin poetik salnaməsi deyil, həm də mərdliyin, fədakarlığın və milli-mənəvi dəyərlərin bədii manifestidir (səh. 46):
“İyirmi sərnişin gəlsin qabağa!” –
Deyəndə bilirdin ölüm var öndə.

Bu misralar artıq ilk baxışdan oxucunu dramatik situasiyanın içinə salır. Burada adi bir çağırış yox, ölümün gözünə dik baxan iradə var. Şair qəhrəmanını tərəddüdsüz qərar verən, taleyin hökmünü öz üzərinə götürən bir obraz kimi təqdim edir. “Özün öndə olub hökmü verəndə” ifadəsi həm də əsərin adına – “Hökümə”yə semantik bağ yaradır. Höküm burada həm taleyin hökmü, həm də vicdanın, məsuliyyətin verdiyi qərardır.
     Poemada təsvir edilən situasiya – düşən təyyarə, alov, su, ölüm təhlükəsi – real hadisə fonunda qəhrəmanlıq aktını daha da ucaldır. “O iyirmi nəfərdən sədd, divar qurmaq, / Özünü alova… oda atmaqdır” misraları qəhrəmanın özünü başqalarına sipər etməsini simvolizə edir. Bu, fiziki fədakarlıqdan daha artıq – mənəvi böyüklüyün təcəssümüdür.
    Poemanın diqqətçəkən cəhətlərindən biri də vicdan amilinin ön plana çəkilməsidir (səh. 46):
“Kimin qınamağa haqqı var indi,
Bu vicdan yükünü çəkə bilməzdin.”

Burada müəllif oxucuya sual ünvanlayır, amma cavabı da misraların özündə gizlidir. Qəhrəmanın seçimi elə bir mənəvi ucalıqdır ki, onu qınamaq yox, anlamaq və dəyərləndirmək lazımdır. Mahir Cavadlı qəhrəmanını mifləşdirmir, onu real, hiss edən, anlayan bir insan kimi təqdim edir. Lakin bu insan öz daxili əxlaq kodeksinə sadiq qalaraq ölümün üzərinə gedir.
    Əgər “qabaqda sıralar alınmasaydı”, “bütün sərnişinlər məhv olacaqdı” – deyə (səh. 46) müəllif qeyd edir. Bu isə qəhrəmanlığın təsadüfi deyil, zəruri və xilasedici xarakter daşıdığını göstərir. Deməli, “Hökümə” poeması fərdi şücaətin kollektiv xilasa çevrilməsinin bədii salnaməsidir.
     Parçanın davamında – “Son səs… Son nəfəs …” sərlövhəli bölümün sonunda (səh. 47) müəllif ümumiləşdirici bir mövqeyə keçir:
“Bax, buna deyərlər mərdlik, dəyanət,
Hər zaman beləmi düşün bir anlıq.”

Bu misralar artıq konkret hadisədən çıxaraq ümumbəşəri və milli dəyər səviyyəsinə yüksəlir. Qəhrəmanlıq yalnız bir epizod deyil, millətin yaddaşında yaşamalı olan örnəkdir. “Var olsun qəhrəman yetirən millət” ifadəsi (səh. 47) ilə müəllif fərdi igidliyi xalqın mənəvi gücü ilə əlaqələndirir.
     Bu kontekstdə “Hökümə” poeması təkcə bir insanın taleyi deyil, həm də Azərbaycan insanının xarakter portretidir. Mərdlik, dözüm, iradə – bunlar müəllifin qəhrəmanında cəmlənmiş milli keyfiyyətlərdir.
     Poemanın “Yolumuz Turanadı” (səh. 47) başlıqlı hissəsi isə əsərin ideya coğrafiyasını genişləndirir. Burada artıq fərdi qəhrəmanlıqdan Türk dünyası miqyasına keçid edilir (səh. 47):
“Qazaxstan, Turan yurdu,
Ulu yurd, qədim diyar…”

Bu misralar göstərir ki, müəllif üçün qəhrəmanlıq anlayışı yalnız bir hadisə ilə məhdudlaşmır. O, bu ruhu Turan ideyası, qardaşlıq, ortaq tarix və mədəniyyət kontekstində təqdim edir. “İki dost, iki can bir” ifadəsi (səh. 47) Azərbaycan–Qazaxıstan qardaşlığının poetik rəmzinə çevrilir.
    Beləliklə, “Hökümə” poeması həm fərdi qəhrəmanlıq dastanı, həm də Türk birliyi ideyasının poetik tərənnümüdür. Bu ideoloji xətt əsərə publisistik çalar verir, onu sırf lirik mətn olmaqdan çıxarıb ictimai-mənəvi manifest səviyyəsinə qaldırır.
    Mahir Cavadlı jurnalist təfəkkürünə malik şairdir (ixtisaslı mütəxəssis – peşəkar jurnalist – BDU). Bu xüsusiyyət poemada aydın hiss olunur. Mətn həm emosional, həm də faktoloji dinamika daşıyır. Hadisə konkret, təsvirlər yığcam, mesaj isə aydındır. Şair pafosa qapılmadan yüksək emosional ton yarada bilir.
     Poemanın dili sadə, lakin təsirlidir (Bu keyfiyyət də məhz onun təhsili ilə bağlıdır – təəssüf ki, hazırda BDU jurnalistika fakültəsində Azərbaycan dili bir fənn kimi tədris olunmur. Bu hal gənc məzun-mütəxəsislərin bütün fəaliyyətndə hiss olunur). Bədii ifadə vasitələri şişirdilmədən, təbii axarda təqdim olunur. Bu isə oxucunun hadisəni göz önündə canlandırmasına, qəhrəmanın daxili aləmini hiss etməsinə imkan yaradır.
    Bu poema oxucunu düşündürür: insanı ucaldan nədir? Həyatın özü, yoxsa başqaları üçün fəda edilən həyat? Mahir Cavadlı bu suala misralarla cavab verir – insanlıq dünyanı yaşadan hissdir. Və o hissin adı mərdlikdir, dəyanətdir, vicdandır.
     “Hökümə” – son səsin, son nəfəsin içindən doğulan əbədi bir söz abidəsidir.
     Tanınmış şair və jurnalist Mahir Cavadlının “Hökümə” poeması təqdim olunan parça əsasında həm lirik, həm də ictimai-ruhi yükü ilə seçilən, kədər və qürurun vəhdətində yazılmış təsirli bir elegiyadır. Bu əsər yalnız bir insanın itkisinə həsr olunmuş mərsiyə deyil, həm də milli xarakterin, qadın mərdliyinin və mənəvi ucalığın poetik salnaməsidir.
      Poemanın “Axan göz yaşları…” (səh. 68) başlığı ilə başlayan hissəsi oxucunu dərhal nisgil və sarsıntı mühitinə aparır. Şair “Dərd-sərdən aram-aram / Qəm hopur əklillərə” misraları (səh. 68) ilə ağrının tədricən bütün varlığı bürüdüyünü göstərir. Burada kədər bir anlıq emosional partlayış deyil, için-için yanan, şəkillərə baxdıqca yenidən alovlanan bir yanğıdır.
      “Gülüş donub gözlərdə” ifadəsi (səh. 68) isə itkinin miqyasını daha da dərinləşdirir – həyatın təbii axarını dayandıran, sevincin donduğu bir məqam təsvir olunur. Şairin dili sadədir, lakin bu sadəlik içində böyük psixoloji ağırlıq var. Bu, publisistik düşüncə ilə lirik duyğunun qovuşduğu nöqtədir.
     Poemada Hökümə yalnız fərdi taleyi ilə deyil, mənəvi keyfiyyətləri ilə təqdim olunur. “Qəhrəman Şaşa, İqor, / Od ürəkli Hökümə” misraları (səh. 69) onun ailə və toplum kontekstində mövqeyini göstərir. Burada qadın obrazı zəiflik simvolu kimi deyil, “od ürəkli”, mərd, dayanıqlı bir şəxsiyyət kimi təqdim edilir.
    Digər hissədə isə şair onu“millətimin mərd qızı” (səh. 69) adlandırır. Bu ifadə artıq fərdi çərçivəni aşaraq obrazı ümumxalq səviyyəsinə yüksəldir. Hökümə konkret bir insan olmaqla yanaşı, Azərbaycan qadınının rəmzinə çevrilir – sədaqətli, vətənpərvər, saf niyyətli.
     Poemada ilahi ədalət və tale qarşısında acizlik duyğusu da diqqət çəkir.“Tanrım, nolar cavab sor / Fələk verdiyi hökmə” misraları (səh. 68) bir növ metafizik etirazdır. Burada şair qəzəblənmir, lakin sual verir. Bu sual həm şəxsi, həm də ümumbəşəri xarakter daşıyır: niyə yaxşılar tez köçür? niyə saf ürəklər sınağa çəkilir?
      Eyni zamanda“cin-şeytanın kələyi”, “iblislər can alacaq” kimi (səh. 69) ifadələr ictimai eyham daşıyır. Şair yalnız bioloji ölüm faktını deyil, zamanın mənəvi aşınmasını, dəyərlərin sarsılmasını da qabardır. Bu isə poemanın publisistik qatını gücləndirir.
     Əsərin ən diqqətəlayiq cəhətlərindən biri onun ümidsizliklə bitməməsidir. Şair Hökümənin səsini “bizə əmanət” adlandırır və bu əmanətin məğzi bir cümlədə ifadə olunur(səh. 69):“Hər şey yaxşı olacaq!”
     Bu fikir poemaya fəlsəfi bütövlük verir. Ölüm fiziki sonluq olsa da, mənəvi davamlılıq qalır. “O mərdlik, o dəyanət / Ürəklərdə qalacaq” misraları göstərir ki, insanın əsl ömrü onun qoyduğu izlə ölçülür.
      Mahir Cavadlının jurnalist təcrübəsi bu poemada aydın hiss olunur. O, emosiyanı pafosa çevirmir, kədəri süni bəzəmir. Dil aydındır, səmimidir, birbaşa oxucunun qəlbinə yönəlir. Publisistik məqamlar – millət, hikmət, həqiqət, yurdsevərlik kimi anlayışlar – lirik axını pozmur, əksinə, onu dərinləşdirir.
      Poema həm fərdi ağrının ifadəsidir, həm də milli-mənəvi dəyərlərin manifestidir. Burada qadın obrazı müqəddəsliklə deyil, real həyatın içində – ailəsi, övladları, mübarizəsi ilə birlikdə ucaldılır.
     Mahir Cavadlının “Hökümə” poeması müasir Azərbaycan ədəbiyyatında faciə mövzusunun yeni və təsirli bədii ifadəsidir. Bu əsər həm ağrının poetik təcəssümü, həm də insanlıq, məsuliyyət və yaddaş haqqında dərin düşüncədir.
      “Hökümə” poeması Mahir Cavadlının yaradıcılığında və ümumən müasir Azərbaycan ədəbiyyatında qəhrəmanlıq mövzusunun uğurlu poetik nümunələrindən biri kimi dəyərləndirilə bilər. Əsər ölümün astanasında verilən qərarın mənəvi böyüklüyünü, vicdanın hökmünü və millətin yetirdiyi qəhrəmanların ölməzliyini tərənnüm edir.
     “Hökümə” poeması Mahir Cavadlının yaradıcılığında həm emosional, həm də ideya baxımından sanballı bir nümunədir. Bu əsər oxucunu təkcə kədərləndirmir, həm də düşündürür; həm ağladır, həm də ümid verir.
      Bu poema göstərir ki, insanın böyüklüyü ömrünün uzunluğu ilə deyil, mənəvi işığı ilə ölçülür. Hökümə obrazı da məhz belə bir işıqdır – sönsə də, izi qalan, adı yaşadıqca nur saçan bir işıq.
      Faciələr unudulduqda təkrarlanır. Ədəbiyyat isə unutmağa imkan vermir. “Hökümə” də məhz bu missiyanı daşıyır – zamanın hökmünü sənətin hökmü ilə əbədiləşdirmək.
      Bu poema həm şəhidlərin əziz xatirəsinə hörmət, həm də gələcək nəsillərə ünvanlanan mənəvi bir çağırışdır: insan həyatının dəyərini unutmaq olmaz.
      Ədəbiyyat yaşatdığı müddətcə, onların xatirəsi də yaşayacaq.
      Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.
11.02.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN DİGƏR YAZILARI

MAHİR CAVADLININ ÖZ YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əbülfəz Əhməd sözünün ışığında

SƏKSƏN SƏKKİZİNCİ YAZI

Haqdan gəlib, haqqa gedən səyyah
(Əbülfəz Əhməd sözünün ışığında)
   Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış şair; daha çox konkret ünvanlı tənqidi şeirlər müəllifi kimi tanınan Əbülfəz Əhməd barədə olacaq.
   Azərbaycan ədəbi-mənəvi düşüncə tarixində elə qələm sahibləri var ki, onların yaradıcılığı yalnız poetik zövq deyil, həm də mənəvi istiqamət, əxlaqi yol xəritəsi rolunu oynayır. Belə söz adamlarından biri də şair, Əbülfəz Əhməddir. Onun adı oxucular üçün təkcə poeziya ilə deyil, haqq, ədalət, ilahi sevgi və peyğəmbər əxlaqı ilə yoğrulmuş fikir dünyası ilə assosiasiya olunur.
     Əbülfəz Əhməd (Əbülfəz Əli oğlu Əhmədov) 1950-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində dünyaya göz açmışdır. Uşaqlıqdan zəhmətə, dürüstlüyə və halal əməyə bağlı mühitdə böyüyüb, formalaşan bu şəxsiyyət sonralar həm peşəkar fəaliyyəti, həm də mənəvi yaradıcılığı ilə seçilmişdir. İxtisasca inşaat üzrə iqtisad mühəndisi olan Əbülfəz Əhməd uzun illər Sumqayıtdakı 2 №-li Tikinti Trestində iqtisad üzrə şöbə rəisi vəzifəsində çalışmış, məsuliyyətli və prinsipial bir mütəxəssis kimi tanınmışdır.
    Lakin onun həyatının əsas məğzi yalnız peşə fəaliyyəti ilə məhdudlaşmır. Əbülfəz Əhməd üçün söz – vicdanın, imanının və daxili kamilliyinin ifadə vasitəsidir. Onun poeziyası dünyəvi uğurlardan çox, mənəvi saflaşmaya, Haqqa aparan yolun aydınlaşdırılmasına xidmət edir. Bu baxımdan şairin yaradıcılığı oxucunu düşünməyə, öz daxilinə boylanmağa sövq edir.
   Əbülfəz Əhməd bir neçə sanballı kitabın müəllifidir. Onun “Ən gözəl adlar (Əsmaül-hüsna)” kitabı ilahi adların poetik və mənəvi izahını təqdim edərək oxucunu Allahın sifətləri üzərində düşünməyə çağırır. “Hz. Məhəmmədin (s.ə.v) kəlamları” adlı əsəri Peyğəmbərimizin hikmət dolu sözlərini bədii və publisistik ruhda oxucuya çatdırır. “Məhəmməd (s.ə.v) Peyğəmbərin vəsiyyəti – Ya Əli” kitabı isə İslam tarixinin və mənəvi irsinin mühüm məqamlarını sevgi və ehtiramla qələmə alır. Bu əsərlərin hər biri “Adiloğlu” nəşriyyatında (Bakı, 2011–2013) işıq üzü görmüşdür.
    Şairin poeziyasında səmimiyyət əsas xəttdir. Onun misralarında süni pafos yoxdur, əksinə, insanın özünü islah etməsi, xətadan dönməsi, haqq yola üz tutması açıq və aydın şəkildə ifadə olunur:
Adəmdən Xatəmə süzüldüm, gəldim,
Mən başdan – binadan düz oldum, gəldim.
Dinləyib Mustafa* kəlamlarını,
Haqq yola, düz yola düzəldim gəldim.

Bu misralar Əbülfəz Əhməd poeziyasının ideya mahiyyətini aydın göstərir: tövbə, islah, mənəvi dirçəliş və Haqqa dönüş. Onun şeirləri oxucuya hökm etmir, nəsihət vermir; sadəcə yol göstərir, işıq tutur.
    Əbülfəz Əhməd yaradıcılığı ilə sübut edir ki, şair olmaq üçün yalnız qələm deyil, təmiz niyyət, saf qəlb və doğru yol gərəkdir. O, həm həyatda, həm də sözdə düz olmağın mümkünlüyünü öz nümunəsi ilə ortaya qoyur. Bu baxımdan onun yaradıcılığı çağdaş oxucu üçün həm ədəbi, həm də mənəvi məktəbdir.
    Bu gün Əbülfəz Əhməd Azərbaycan mənəvi poeziyasının səssiz, lakin dərin iz buraxan simalarından biri kimi dəyərləndirilir. Onun sözü səs-küy yaratmaq üçün deyil, könüllərdə yer tapmaq üçündür. Əbülfəz Əhmədi öz tənqid üslubu olan satirik şair kimi də təqdim etmək olar, ancaq bu tamamilə başqa bir söhbətin mövzusudur. Əslində onun istənilən neqativ hadisəyə tənqidi münasibətinin əsasında vətənpərvərlik, yurdsevərlik, soydaşına, dindaşına, dildarına sonsuz hörmət və ehtiramı dayanır. Şair bütün yaradıcılığı boyu “böyük Allah bu xalqa, millətə bəxş etdiyi bu qədər gözəl nemətlər müqabilində xoşbəxtlik, firavan həyat, dostluq niyə yoxdur?” sualına cavab axtarır. Və məhz buna görə,  bu ilahi  missiya uğrunda dediyi hər söz, hər kəlmə yaşayır, yol göstərir, işıq saçır. Yolun da daim sözün kimi açıq-aydın və işıqlı-nurlu olsun, ustad sənətkar – Əbülfəz Əhməd! Adaşın Məhəmməd Mustafaya (s.) qonşu olarsan İnşəAllah!
    Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Növbəti yazılarımızda şairin “Ziyadar” mükafatına layiq görülmüş “Gəldim” kitabından seçdiyim nümunələr əsasında onun nə qədər vətənpərvər, yurdsevər bir ziyalı olması barədə ətraflı söhbət açmaq ümidilə sizdən ayrılıram. Hələlik.

*- “Mustafa” – müəllif burada seçilmişlər seçilmişi Məhəmməd peyğəmbəri (s.) nəzərdə tutur.
08.02.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN YAZILARI

ƏBÜLFƏZ ƏHMƏDİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bahar Bəxtiyarqızının ədəbi portreti

Bahar Bəxtiyarqızının ədəbi portreti
Müasir Azərbaycan ədəbiyyatında yeni adların meydana çıxması təsadüfi deyil; bu, zamanın, düşüncənin və daxili ehtiyacın diktə etdiyi bir prosesdir. Bu prosesin diqqətçəkən simalarından biri də yazıçı, esseist Bahar Bəxtiyarqızıdır. Onun yaradıcılığı insanın daxili aləmini, düşüncə qatlarını və varlıq suallarını səssiz, lakin dərin bir dillə ifadə etməsi ilə seçilir.
Bahar Bəxtiyarqızı 13 mart 1992-ci ildə Bakı şəhərində anadan olub. Əslən Sabirabad rayonundan olan müəllif hazırda Bakı şəhərində yaşayır və yaradıcılıq fəaliyyətini də burada davam etdirir. Onun həyat yolu paytaxtın mədəni mühiti ilə kənd köklərinin mənəvi saflığını birləşdirən maraqlı bir sintez yaradır.
Orta təhsilini Bakı şəhəri 49 nömrəli İntellekt liseyində alan Bahar Bəxtiyarqızı uşaq yaşlarından ədəbiyyata xüsusi maraq göstərib. Sözə, düşüncəyə, insanın daxili dünyasına qarşı formalaşan bu həssas münasibət onun yaradıcılıq taleyinin əsas bünövrəsini təşkil edir. Hələ erkən yaşlardan müşahidə qabiliyyəti, hissləri incəliklə dərk etmək bacarığı və düşüncəni yazıya köçürmək ehtiyacı onun fərdi yaradıcılıq yolunu müəyyənləşdirib.
Müəllif 13 yaşından etibarən bədii ədəbiyyat oxumağa başlamış, paralel olaraq yazı ilə məşğul olmuşdur. Bu mərhələdə o, klassik və müasir ədəbiyyat nümunələrindən bəhrələnərək öz daxili dünyasını kəşf etməyə çalışıb. Uzun illər yazarlıq fəaliyyəti Bahar Bəxtiyarqızı üçün daha çox şəxsi yaradıcılıq mərhələsi kimi davam edib. O, bu dövrdə yazını bir ünsiyyət vasitəsindən çox, özünə hesabat, daxili sükutun dili, ruhun gündəliyi kimi qəbul edib.
Gündəlik qeydlər, bədii parçalar və esselər müəllifin daxili müşahidələrinin, psixoloji axtarışlarının və həyatla dialoqunun yazılı ifadəsinə çevrilib. Bu yazılar Bahar Bəxtiyarqızının ədəbi dünyasını formalaşdırmaqla yanaşı, onun yaradıcılığında səmimiyyət və təbiiliyin əsas xətt olmasına səbəb olub.
Oxucu ilə ilk rəsmi görüş isə 2024-cü ildə baş tutub. Həmin ildə müəllifin ilk kitabı — “Əlvida deməyə tələsmə” işıq üzü görüb. Bu kitab, adından da göründüyü kimi, ayrılıq, zaman, itki və insanın içində qalan sözlər mövzusuna toxunur. Əsər oxucunu tələsik qərarlardan, ani vida anlarından çəkindirən bir düşüncə çağırışı kimi dəyərləndirilə bilər. Kitab müəllifin daxili səsinin artıq oxucu ilə paylaşılmağa hazır olduğunu göstərən mühüm mərhələdir.
Bahar Bəxtiyarqızının ikinci kitabı isə “Əslində mən kiməm?” adlanır. Bu əsər müəllifin yaradıcılığında yeni bir mərhələni, daha dərin fəlsəfi və psixoloji axtarışları ifadə edir. Kitab insanın özünüdərk prosesi, daxili parçalanma, cəmiyyətlə fərd arasındakı ziddiyyətlər və şəxsiyyət sualı üzərində qurulub. Müəllif bu əsərdə oxucunu yalnız oxumağa deyil, düşünməyə, sual verməyə və öz daxili aləmi ilə üzləşməyə dəvət edir.
Bahar Bəxtiyarqızının yaradıcılığı publisistik və bədii düşüncənin qovşağında dayanır. Onun yazıları pafosdan uzaq, lakin emosional dərinliyi ilə seçilir. Müəllif oxucuya hazır cavablar təqdim etmir; əksinə, suallar yaradır, düşüncə üçün boşluqlar saxlayır və insanı öz daxili dialoquna qaytarır:


-“Əlvida deməyə tələsmə” insan münasibətlərində ən kövrək, amma ən təhlükəli nöqtəyə — yalanla qorunan sevgiyə toxunan psixoloji-emosional bir əsərdir. Kitabda gənc bir qızla gənc bir oğlanın münasibəti üzərində qurulan hadisələr əslində təkcə iki insanın hekayəsi deyil, itirmək qorxusu ilə susan minlərlə insanın daxili dramıdır.
Onlar bir-birini sevirlər, amma bu sevgi dürüstlük üzərində yox, gizlədilən həqiqətlər üzərində formalaşır. Əvvəl oğlan yalan danışır, sonra qız. Hər iki yalanın kökündə eyni qorxu dayanır: sevgini itirmək qorxusu. Amma yazar incə bir mesaj verir — insan bəzən sevdiyini itirməmək üçün yalan danışdığını düşünür, əslində isə yalanın özü itkinin başlanğıcı olur.
Bu kitabda oxucuya aşılansa romantik sevgi deyil, sevginin məsuliyyətidir. İnsanlar burada bir-birinə yox, daha çox öz qorxularına aşiq olurlar. Həqiqəti deməyə cəsarət etməyən qəhrəmanlar zamanla yalanın içində boğulur və sonda ən asan yolu seçirlər — əlvida deməyə tələsməyi.
Müəllif oxucuya açıq sual ünvanlayır:
Sevgi həqiqətsiz yaşaya bilərmi?
və cavabı da sətiraltı verir: Sevgi yalanla qorunmur, yalanla məhv olur.
“Əlvida deməyə tələsmə” ayrılıq hekayəsi olmaqdan çox, danışılmamış həqiqətlərin romanıdır. Bu kitab oxucunu yalnız oxutmur, düşündürür, öz münasibətlərinə güzgü tutur və pıçıldayır:
Bəzən insan əlvida deməyə tələsmir, sadəcə həqiqəti deməyə cəsarət etmir.


-Bahar Bəxtiyarqızının “Əslində, Mən Kiməm?” adlı kitabı oxucunu sadəcə bir hekayələr toplusu ilə deyil, insanın daxili dünyasına yönəlmiş psixoloji və mənəvi bir yolçuluqla qarşılayır. Bu əsər özünü axtaran, keçmişi ilə mübarizə aparan və qorxularının kölgəsində yaşayan insanların səsini əks etdirən güclü bir çağırışdır.
Kitabın əsas mövzusu müxtəlif talelərə sahib insanların psixoloq yanına gəlişi üzərindən qurulub. Hər bir obraz fərqli həyat hekayəsi, fərqli ağrılar və qorxularla oxucunun qarşısına çıxır. Onları birləşdirən isə eyni sualdır: “Əslində, mən kiməm?” Psixoloqla aparılan söhbətlər sadəcə terapiya seansları deyil, eyni zamanda insanın özü ilə üz-üzə qalmasının, keçmişin dərin qatlarına enməsinin simvoludur.
Əsərdə qəhrəmanlar keçmişlərindən qaçmırlar, əksinə onunla üzləşirlər. Uşaqlıq travmaları, yarımçıq qalan hisslər, bastırılmış qorxular bir-bir üzə çıxır. Müəllif bu prosesləri incə psixoloji detallarla təsvir edərək oxucuya göstərir ki, insanı azad edən məhz həqiqətlə üzləşməkdir. Keçmişlə barışmadan gələcəyə sağlam addım atmaq mümkün deyil.
“Əslində, Mən Kiməm?” kitabının əsas mesajı aydındır: insan keçmişi ilə yaşamamalıdır, amma ondan qaçmaq da çıxış yolu deyil. Keçmiş insanın bir parçasıdır və onu qəbul etmək, ondan dərs çıxarmaq insanın daxili gücünü üzə çıxarır. Qorxuların üzərinə getmək, onlara meydan oxumaq isə insanı özünün ən güclü versiyasına çevirir.
Bu kitab oxucuya psixoloji rahatlıqla yanaşı, dərin bir özünüdərk mesajı ötürür. Bahar Bəxtiyarqızı əsəri ilə göstərir ki, “mən kiməm?” sualının cavabı kənarda deyil, insanın öz içində gizlidir. Onu tapmaq üçün isə cəsarət, səmimiyyət və özünlə üzləşmək lazımdır.
“Əslində, Mən Kiməm?” — özünü tanımaq istəyən hər kəs üçün güzgü rolunu oynayan, düşündürən və dəyişməyə təşviq edən bir əsərdir.
Bu gün Bahar Bəxtiyarqızı müasir Azərbaycan ədəbiyyatında sözə səmimi münasibəti, daxili müşahidələrə əsaslanan yazı tərzi və düşüncə yönümlü əsərləri ilə seçilən gənc qələm sahiblərindən biridir. Onun yaradıcılıq yolu hələ davam edir və görünən odur ki, bu yol oxucu ilə dərin mənəvi təmaslara aparan uzun, mənalı bir ədəbi səfər olacaq.

05.02.2026. Bakı.

Müəllif: Hacıxanım Aida

kitabşünas-biblioqraf

HACIXANIM AİDANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

PƏRVANƏ BAYRAMQIZI – VAQİF OSMANLI NİYƏ SEVİLİR?

VAQİF OSMANLI NİYƏ SEVİLİR?

(dost sözü)

Əminəm ki, cavab vermək istəyən çoxdur. Üstəlik “niyə də sevilməsin?” deyə sual da verəcəksiniz. Elə isə çoxunun əvəzindən özüm cavab verim: saflığı geniş ürəyi olan, təmənnasız adam sevilməzmi? Bir dəfə təklif etmişdim ki, ona “Gənclərin dostu” titulu verilsin. Sonra düşündüm ki, bu çox az olar Vaqif müəllim bütövlükdə insanların dostudur. Onun ədəbiyyat bilgisinə, bədii təxəyyülünə, geniş mütaliəsinə bələd olanlar onu məni kimi filoloq zənn edirlər, əslində isə coğrafiya elminin adamıdır. Elm sahələrinin adamlarını təsnifləşdirəsi olsaq, mübahisəmiz incikliklə yekunlaşar.
Coğrafiyaşünaslar onu ədəbiyyata verməzlər, ədəbiyyatçılar da Vaqif Osmanlını hər vəchlə öz sahələrinə çəkərlər. Vaqif müəllim ona görə sevilir ki, ədəbiyyata “qazancım nə olacaq?” fikri ilə xidmət etmir. Onun insanlara yaxşılıq etmək kimi missiyası var. Mətnin dəyərini hər şeydən vacib sayır. Yazılanı oxuyacaq, yaxşıdırsa, mütləq fikirlərini qələmə alacaq. Çoxu istəyir ki, yazdıqlarını Vaqif Osmanlı təhlil etsin. Çünki sözbəsöz, cümləbəcümlə oxuyur, hər bir ifadəyə münasibət bildirir. Mətnə yazıçının özündən də çox bələd olur. O, həm yazıçının ötürmək istədiklərini olduğu kimi duyur, həm də maraqlı interpretasiyalarla çıxış edir. Adam öz yazdıqlarını Vaqif Osmanlı qələmində təzədən sevir. O qədər gözəl təhlil edir ki, az qalırsan təzədən onun təhlil etdiyi kimi yazasan.

Vaqif Osmanlı nəzərə almır müəllifin vəzifəsi var ya yox, onunçün müəllifin tanınmış olub-olmaması da maraqlı deyil. Yaxşı mətni təbliğ edir, gözləmir kimsə ona yaltaqlansın, o da əvəzində onun yazdığını oxuyub təhlil etsin. Vaqif müəllim paxıl da deyil ki, kiminsə yaxşı yazısını görməzdən gələ. Şöhrətpərəstlikdən uzaq olduğu üçün yalnız məmur yazıçıların yazdıqları haqqında yazmır. Fikrimcə, bu dövrdə ədəbiyyata təmənnasız xidmət edən ən saf adam Vaqif Osmanlıdır.

Ədəbi paxıllıqdan, xəsislikdən uzaq, sözə dəyər verən Vaqif Osmanlı tənqidçi deyil ee, yaxşı mətnlərin ədəbi mühafizəçisidir. Onun yaradıcılıq fondunda xeyli müəllifin əsərləri var ki, öz yazıları qədər onların da “üstündə əsir” Bu kiçik yazı onun nə qədər dəyərli insan olduğunu ifadə edə bilməz. Vaqif Osmanlının kim olduğunu yazdıqları aydınca göstərir. Bütün gənc yazarlar (gənc olmayanlar da) bilirlər ki, o hər tənqidçi ilə müqayisə edilə bilməz. Vaqif Osmanlı Vaqif Osmanlıdır… “o biri “V”lardan deyil”. (Salam Qədirzadənin təbirincə).

Müəllif: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə

VAQİF OSMANLININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elxas Comərd yazır

SÖZÜN TALEYİNİ DAŞIYAN ŞAİR — ADİL CƏFAKEŞİN ƏDƏBİ PORTRETİ

Hər sözün xüsusi bir ölçüsü var,
Ölçüsüz söylənən söz qulaq yırtar.
Bir söz ki, qaşlara düyün vuracaq,
Gözəl söz olsa da, söyləmə, burax!
Nizami Gəncəvi.

Söz hər kəs üçün danışıq vasitəsi ola bilər, amma şair üçün söz — tale məsuliyyətidir. Hər kəs söz deyər, lakin hər deyilən söz yaşaya bilməz. Sözün ölçüsünü bilmək, onun çəkisini daşımaq isə yalnız seçilmiş qələm sahiblərinə nəsib olur. Məhz bu baxımdan çağdaş Azərbaycan poeziyasında Adil Cəfakeş imzası ilə tanınan şairimiz sözə məsuliyyətlə yanaşan, sözü taleyin yükünə çevirən şair obrazı kimi seçilir…
Lap çoxdan istəyirdim ki, sözün dəyərini bilən, sözə və sözünün məsuliyyətinə daim uca yerdən baxan ustad şairlərimizdən olan — “Sarı Aşıq” Ədəbi Məclisinin rəhbəri Adil Cəfakeşin yaradıcılığına münasibətimi qələmə alım. Zaman-zaman onun şeirlərindən seçmələr də etmişəm. Amma nədənsə bu yazı həmişə “sonra”ya qalıb.
Bəlkə də insan taleyində yazılmış qismət kimi, edəcəyimizin, deyəcəyimizin və yazacağımızın da öz zamanı, “qismət vaxtı” var. Hər şeyin bizə etdirənin məsləhəti, buyruğu və vaxtı olduğuna inanaraq, bu gecikməni taleyin İlahinin bir səssiz razılığı kimi qəbul etdim.
Adil Cəfakeş mənim üçün poeziyanı ilahi səviyyədə dərk edən, sözlə düşünən, sözlə taleyini danışan bir şair obrazıdır.
Adil Cəfakeş poeziyada “deyən” yox, “düşünən” şairlərdəndir. Onun şeirləri oxunmur — yaşanır. O, sözü bəzək kimi yox, yük kimi daşıyır.
Sosial şəbəkələrdə dostluğumda olan çoxsaylı yaradıcı insan arasında onun poeziyası bir çox dostların yaradıcılıqı kimi xüsusi çəkisi ilə seçilir. Mükayıl Müşfiqin dediyi kimi: “Şairə ilhamdan maya gərəkdi” — bu həqiqəti Adil Cəfakeşin və digər bir çox şair dostlarımın hər misrasında aydın görmək mümkündür.
Bu gün Adil Cəfakeş yaradıcılığına müraciət edəcəm deyə onun şeirlərindən danışacam. Şairin, “SƏNIN GÜNAHLARIN SU GÜNAHLARI” şeiri bütün təşbehləri özündə cəmləyən, qısa, lakin son dərəcə dolğun bədii təsvirləri ilə seçilən, güclü fəlsəfi sevgi şeiridir. Viktor Hüqonun qənaəti ilə desək: “Gözəl ifadə gözəl fikri qoruyur” — bu şeir həmin fikrin canlı təsdiqidir.

Yenə sillələyir qar sifətimi,
Yenə kaman çalır külək saçımda.
Yazır ayaqlarım altımda səkkiz,
Yorulub əlimdə əl ağacım da.

Burada bədii simvolların dəqiq və yerində seçimi şeirin emosional yükünü artırır. Qar, külək, ayaqların “səkkiz” yazması, hətta əl ağacının yorulması — hamısı daxili gərginliyin, ruhi sarsıntının göstəricisidir.
Şairin yolu yalnız fiziki məsafə deyil, ruhi əzab yoludur.

Arxamca boylanıb qımışır həsrət,
Kür taleyim havalanıb qabaqda.
Çöllərə salmısan yetim eşqimi,
Edam hökmün saxlamısan nə vaxta?

Şair arxada qalan həsrətlə vidalaşıb, qarşıda onu gözləyən qaçılmaz “Kür taleyi”nə doğru gedir. Sevgisinin edam hökmünün nə vaxta saxlanıldığını bilmədən, yetim eşqinin onu çöllərə salmasını obrazlı şəkildə ifadə edir.

Batıb boğulmuşam dərinliyində,
Sənin günahların su günahları.
Heç bir zaman yuya bilməz suyu su,
Nəynən yuyacaqsan bu günahları?

Burada sevginin yaratdığı boğulma halı, günahın yuyulmazlığı və bağışlama ilə unudulma arasındakı fərq ustalıqla təqdim olunur. “Su” həm təmizlik rəmzi, həm də batma və boğulma bənzətməsidir. Günahın özü sudursa, onu yumağa artıq vasitə qalmır. Şairin “sən”i həm günahkar, həm də sevgi obyektidir. Burada ittiham yox, sual və təslimçilik var.

Şairin digər bir şeiri, “BİR YOLÇU SƏNDƏDİ, BİR YOLÇU MƏNDƏ” şeiri struktur, ideya və fəlsəfi bütövlüyü baxımından xüsusi yer tutur.

Qanadı dibindən kəsilən eşqin,
Bir suçu səndədi, bir suçu məndə.
Ortası dolaşıq kələfdi bu suç,
Bir ucu səndədi, bir ucu məndə.

Bu şeir ortaq günah və ortaq tale manifestidir. “Bir suçu – bir suçu”, “bir ucu – bir ucu” təkrarı ilə sevginin bölünmüş məsuliyyət modeli yaradılır.

Adəmin, Həvvanın nəvəsiyik biz,
Bu yolun kiridi, həvəsiyik biz.
Minilmiş bir ömrün dəvəsiyik biz,
Bir yolçu səndədi, bir yolçu məndə.

Adəm–Həvvaya istinad günahın ilkinliyini və insanın təbiətən səhv edən varlıq olduğunu xatırladır. Sevgi burada qurban axtarmır, məsuliyyəti bölür.

Ögey bir məhəbbət doğma kimidi,
Hər söz ağzımızda loxma kimdi.
Dünyamız darısqal daxma kimidi,
Bir küncü səndədi, bir küncü məndə.

Cəfakeş, etginən meyil, özün bax,
Çöküb diz üstünə, əyil, özün bax.
Məzarımız eyni deyil, özün bax,
Bir ölçü səndədi, bir ölçü məndə.

Final isə acı, amma real poetik həqiqəti ortaya qoyur: sevgi həyatda bölünür, ölümdə isə tam birləşmir.

Şairin, YAZIQ ÜRƏYİM”-şeiri, emosional və daxili monoloq, baxımından ən səmimi şeirdir.
Burada şairin “sən” müraciəti – insanın öz ürəyidir, şair özü özünə hökm oxuyur. Çünki, insan ürəyini ən çox öz sahibi incidər. Şair doğru olsraq, ürəyi – əsir, vəzir, sədaqətli qulluqçu kimi, özünü isə, istənilən insan, “mən” – şah, amma zalım şah obrazında verir.
Həmdə bu misrada, – “Mən hər gün bir kəsə vermişəm səni” – deməklə ürəyə nə qədər zülüm etdiyin göstərir. Yəni, hissləri satmaq, ürəyi dəyərsizləşdirmək, sevginin ucuzlaşması, yolun sonu, fani dünya,
özündən bezmə – bütün bunlar yorğun müdrikliyin səsidir.

Həmişə mən sənə əzab vermişəm,
Sənsən ki, dözürsən, yazıq ürəyim.
Sinəmin ən dərin quyusunda sən,
Əsirsən, yesirsən, yazıq ürəyim.

Hərdən bəhsəbəhsə vermişəm səni,
Gah zilə, gah pəsə vermirsən səni.
Mən hər gün bir kəsə vermişəm səni,
Nə ucuz “nəzirsən”, yazıq ürəyim.

Mən səni çox uzuz satmışam, baham
Mən səni göynədən, yandıran aham.
Mən sənin rəyinlə hökm edən
şaham,
Sən ali vəzirsən, yazıq ürəyim.

Mənzil başındayam, yol çatır sona,
Dünya da, həyat da fənadlr, fəna.
Adil Cəfakeşdən ta doyub cana,
Görürəm bezirsən, yazıq ürəyim.

Bu üç şeiri birləşdirən poetik silsilə günah – məsuliyyət – bölünmüş tale, sevgi ilə cəza arasındakı gərginlik, “mən”lə “sən”in qarşıdurması yox, ortaq günahı götürülməsi üzərində qurulmuşdur.
Şair heç yerdə özünü tam haqlı çıxarmır, bu isə poeziyada ən çətin, amma ən qiymətli mövqedir.
Bu misra sevginin ucuzlaşmasını, hisslərin bazara çıxarılmasını sərt, amma dürüst şəkildə ifadə edir. Ürək əsirdir, şair isə hökm edən, lakin vicdan əzabı çəkən şahdır.
Final misralarında isə yolun sonu, fanilik və daxili yorğunluq var. Bu, üsyan deyil — qəbulun səsidir.
Adil Cəfakeş poeziyası texnikadan çox həyat təcrübəsinin məhsuludur.
Bunlar şairin yetkin poeziya düşüncəsinin, daxili məsuliyyətin və taleylə dialoqun məhsuludur.
O, özünü heç yerdə tam haqlı çıxarmır. Bu isə poeziyada ən çətin, amma ən qiymətli mövqedir.
Adil Cəfakeş sözün ölçüsünü bilən, sözün taleyini daşıyan şairlərdəndir. Onun poeziyası oxucuya cavab vermir — sual verir. Və bəlkə də həqiqi poeziyanın əsas missiyası elə budur.

P. S. Bu kiçik yazımla dəyərli ustad şairmiz Adil Cəfakeşə yaradıcılıqında uğurlar diləməklə bərabər, ona, uca Yaradandan sağlam can sağlığı, uzun ömür, sevincli günlər arzulayıram.

Müəllif: Elxas Comərd
AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Təkəbbür və təbəssüm

YETMİŞ BİRİNCİ YAZI

Təkəbbür və təbəssüm

(Valeh Heydərin təmsilləri)

Salam olsun çox dəyərli oxucum. Bu dəfə söhbətimizin mövzusu təmsil – təmsillər barədə olacaq.

Müasir Azərbaycan ədəbiyyatında təmsil janrına yeni nəfəs, yeni üslub gətirən qələm sahiblərindən biri də Valeh Heydərdir. Onun təmsilləri klassik ibrət ənənəsini yaşatmaqla yanaşı, müasir insanın qarşılaşdığı mənəvi, sosial və ekoloji problemləri obrazlar dili ilə çatdırır. Bu təmsillər həm sadə oxucuya, həm gənclərə, həm də cəmiyyətin düşünən təbəqəsinə yönəlmiş bir “Oyanın!” çağırışıdır.

Valeh Heydərin “Aləm savaş içində” adlı təmsili ilk baxışdan təbiət elementlərinin söhbəti kimi görünsə də, əslində insanın yaratdığı fəlakətlərə təbiətin etirazı kimi səslənir. Ağac, Külək və Su – bir-birini tamamlayan üç ünsür – sanki dünyanın müxtəlif bölgələrində baş verən yanğınlara, ekoloji çirklənməyə, su hövzələrinin korlanmasına, iqlim dəyişikliklərinə şahidlik edən canlı təbiət nümayəndələri kimi danışır.

Küləyin “Əsməyə də qorxuram” deməsi, Suyun “Çirkab adlı dərd”dən xəstələnməsi, Ağacın meyvəsinin çürüməsi – bunların hər biri müasir ekoloji böhranın bədii şəkildə ifadəsidir. Təmsil insanı düşünməyə vadar edir: biz təbiəti məhv etdikcə, əslində özümüzü təhlükəyə atırıq. Təbiətin canı ağrıyırsa, insanın da gələcəyi ağrıyır.

“Çox gözəldir təbiət” təmsili isə müasir dövrün əsas problemini – insanların ekranlara əsir düşməsini gündəmə gətirir. Burada Ağ Dovşan bahalı telefonun cazibəsinə qapılıb real dünyadan, ətraf təbiətdən, dostlarından uzaq düşür. Qəfəsdəki Boz Bülbülün ondan narahatlığı təkcə şəxsi qayğı deyil; bu, bütün cəmiyyətə ünvanlanmış xəbərdarlıqdır.

Müəllif obrazlı şəkildə göstərir ki, bəzən biz öz əlimizlə özümüzün “ekran qəfəsini” yaradırıq. Ətraf aləmin, təbiətin gözəlliklərini, həyatın sevinclərini virtual dünyanın kölgəsində itiririk. Təmsilin nəticə mesajı bir çağırışdır: insanlar, ekrandan baş qaldırın, dünyaya baxın – həyat gözəldir, təbiət əvəzolunmazdır.

“Gözəl Qu quşunun səhvi” təmsili isə əxlaqi-didaktik ruhu ilə seçilir. Burada müəllif təkəbbürün insanı hansı vəziyyətə salacağını yumşaq, lakin təsirli şəkildə göstərir. Gözəlliyinə güvənən, lovğalanan Qu quşu qazlara lağ edir, onları kiçik görür. Amma həyatın sərt anında məhz həmin qazlar onun köməyinə gəlir.

Bu təmsil aşağıdakı dəyərləri ön plana çıxarır:

Hər kəsə hörmət

Dostluğun qiyməti

Mərhəmətin gücü

Lovğalığın sonu etirafdır

Hekayətin sonunda Qu quşunun səhvini başa düşməsi vacib bir dərsdir: insan nə qədər istedadlı, gözəl, bacarıqlı olsa belə, təvazö həmişə yüksək keyfiyyətdir.

Valeh Heydərin təmsillərinin:

dili sadə, anlaşıqlı,

məzmunu dərin,

mesajı aydın,

obrazları isə həm realist, həm də simvolikdir.

O, Ezopdan üzü bəri; Nizamini, Füzulini, Krılovu, Seyyid Əzim Şirvanini, Qasım bəy Zakiri, Mirzə Ələkbər Sabiri, Hikmət Ziyanı, Mikayıl Məxfini yada salan bir ibrət ənənəsini bu günün gerçəkliklərinə tətbiq edir. Məsələn, ekologiya, texnologiya asılılığı, insan münasibətləri və mənəvi aşınma kimi müasir mövzular onun təmsillərində həm poetik, həm də publisistik çalarlarla təqdim olunur.

Bu baxımdan Valeh Heydərin yaradıcılığı təkcə ədəbiyyatın yox, həm də cəmiyyətin ehtiyacı olan bir ədəbi məktəbdir – öyüd-nəsihət məktəbi, düşüncə məktəbi, insanlıq dərsi.

Valeh Heydərin təmsilləri günümüzün problemlərinə bədii güzgü tutur. O, insanı təbiəti qorumağa, texnologiyadan ağılla istifadə etməyə, lovğalıqdan uzaq olmağa, dostluğu qiymətləndirməyə çağırır. Bu əsərlər həm uşaqlar, həm gənclər, həm də böyüklər üçün eyni dərəcədə ibrətamiz, düşündürücü və maarifləndirici xarakter daşıyır.

Belə təmsillər cəmiyyətin mənəvi toxumasını möhkəmləndirən nadir ədəbi nümunələrdir — necə ki təbiət safdır, necə ki dostluq müqəddəsdir, necə ki insanlıq ən böyük dəyərdir.

HAŞİYƏ:

Çox dəyərli oxucum, bu yazımı yazarkən çox qəribə bir hadisənin şahidi oldum. Yazı prosesində qeyri-iradi əvvəlki dövrlərdə yazıb yaratmış müəllifləri sıra ilə yazarkən Hikmət Ziya ilə Mikayıl Məxfi arasında qaldım. Hansının əvvəl anadan olduğunu xatırlaya bilmədim. Əlimin altında belə bir ensiklopedik kitab olmadığına görə hamımızın məlumatlar əldə etmək üçün istifadə etdiyi axtarış sistemlərinin köməyi ilə internet üzərindən məlumat əldə etməyə çalışdım. Hikmət Ziya haqqında müəyyən qədər məlumatlar olsa da, Mikayıl Məxfi barədə ümumiyyətlə heç bir məlumat tapa bilmədim. Təsəvvür edirsiniz, bu adımın adı belə yoxdur indiki dövrdə, sərhədsiz internet məkanında… Ani olaraq özüm də tərəddüd içərisinə düşdüm. Bəlkə heç belə müəllif olmayıb. Adları nəsə qarışdırmışam. Bir az fikirləşəndən sonra Ağdam rayonun Yusifcanlı kəndində həyətimizlə bir səpilmiş kitabxanamda olmuş tünd çəhrayı üzlü məzəli həriflərlə yazılmış – Mikayıl Məxfi “Belələri də var” – kitabın cildini dəqiq xatırlaya bildimm. Xeyli düşünəndən sonra təmsil kitablarımın içərisində dəqiq Mikayıl Məxfi və Hikmət Ziya adlı iki müəllif olduğunu özüm üçün yəqinləşdirdim. Və Azərbaycan Milli Kitabxanasının elektron kataloqunda axtarış etdikdən sonra axır ki, heç olmasa bir mənbədən Mikayıl Məxfinin adını tapa bildim. Ancaq təvəllüd məsələsinə yenə aydınlıq gətirə bilmədim. Yazı prosesində avtomatik xatırladığım ardıcıllıqla birinci Hikmət Ziya, sonra isə Mikayıl Məxfi yazdım. Ertəsi gün kitabxanaya getdim və orada olan Mikayıl Məxfinin dörd kitabını götürüb birdə vərəqlədim (o kitablardan ikisi mənim kitabxanamda olub – “Belələri də var”ı düzgün xatırlamışdım), ancaq yenə nəinki təvəllüd barədə, ümumiyyətlə ad, (təxəllüs) soyad və ata adından başqa heç bir məlumat əldə edə bilmədim. Çox ibrətamiz hadisədir və məsələ hələ də açıq olaraq qalır (məhz bu baxımdan müasir müəlliflərin əksəriyyətinin kitabların üzqapağının arxasında özləri haqqında mühüm məlumatları qeyd etməsi təqdirə layiq haldır – məlum hadisədən sonra mən də növbəti kitablarımda mütləq bu variantdan istifadə edəcəm ).

Bu hadisədən sonra kitablarda olan Mikayıl Məxfinin fotolarının şəklini və hər kitabdan seçdiyim müxtəlif şeirləri köçürüb internetə yerləşdirdim. İndi müxtəlif axtarış sistemlərində “Mikayıl Məxfi” yazanda heç olmasa müəllifin adı, fotosu və bir-iki təmsili çıxır.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm.

21.11.2025. Bakı .

Müəllif: ZAUR USTAC

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana