Etiket arxivi: HAQQINDA

SƏMA MUĞANNA – BÜTÖV ÜRƏK

Səma MUĞANNA – gənc yazar

Bütöv ürək

             Bir gün geri dönəcəyəm… Səndən tək diləyim,bizim səninlə qoruduğumuz tarixləri unutma. Onlar bizə əmanətdir. Biz o tarixlərdə səninlə yenidən qovuşmadıq,düzdü,ancaq biz səninlə yenidən doğulduq…

  Son məktubunda yazdığı söz bu fikirlə bitmişdi. Yenə göz yaşları içində o qatarın gəlişini gözləyirdi.O qapı açılacaq və “mən gəldim” -deyib boynuna sarılacaqdı. İlk idimi bu? Yəni onun boynuna heç vaxt sarılmamışdımı? Yox… Heç vaxt.. Təəccüb doğuran isə tək bu deyildi, onların yaşadığı gizli sevgisi idi.

    Onlar bir-birlərini sözlərlə, baxışlarla sevməmişdi. Onlar qəlbən, ruhən yaxın idi. Uzun zaman öncə, hətta uşaqlıqdan belə. O ikisi dostluq iplərini göy üzünə atıb, sevgi bağına qaçmışdılar. Bu iki gəncin sevdası heç kəsin bilmədiyi, heç kəsin duymadığı və heç kəsin görə biıməyəcəyi bir sevgi idi. Onlar sevgi məbədlərinin çırağını bir gün işıqlandıracaqdılar. Artıq ona doğru addımlayırdılar… Bu çılğın duyğu ikisinin də damarlarına, qanına hopmuşdu. Baxın, bu iki dəli gənc bir-birinə bu cür bağlı idi. Əgər bir gün ayrılsalar, ömür səhifələrində gizlətdiyi fotoları yandıracaq, tarixləri isə siləcəkdilər. Bəs ikisi? İntihara addımlayan yolun uçurumda bir-birlərinə söz verib, ayrılacaqdılar. Əslində, onlar ayrılmaq deyil də, yaşaya bilmədikləri xəyallarını boğub öldürəcəkdilər. Bu iki gənc o gün, o tarixdə yanan çıraqları söndürüb, ürəklərini kül etmişdilər. Bəlkə o ürək aylarca kül olan nəfəsini, döyüntülərini kənara atıb artıq həyatıyla barışmışdı, lakin Tanrı bu sevdalıların parça-parça olmuş ürəklərinin yanğısını yaşaya bilmədiklərini, həsrətlə vüsalına çatmaq istədiklərini bilirdi.Ən qəribəsi isə bu iki sevdalını ürəkləri deyil, bütövləşmiş ruhun sevgi donunu geymiş ürək qoruyurdu. O gün isə bu ürək yenidən bütövləşdi,kül olmuş parçaları isə bir-birlərinə olan sevgisini daha da gücləndirdi. Onlar Tanrının dərgahında ucaya qalxdılar və necə? Sevgiləri uğrunda!

     Dekabr ayına təsadüf edirdi. Soyuq, qarlı qışın vahimə dolu səsi küçələri bürümüş, pəncərələrin bir küncünə sığınmış yavru pişikləri, itləri qovalayırdı. Sanki dil açmışdı rüzgar. Tufan qoparan üsyankar səsiylə ətrafı ovsunlamışdı. O gün bir hadisə baş verdi. Çox qəribə idi. Bu iki gənc soyuq küçələri qarış-qarış gəzərək, donurdular. Artıq ikisinin də gücü qalmamışdı, amma naməlum olan bir səbəb vardı. İkisi də bir-birini görmürdü. İkisi də bağırtı səsləriylə, göz yaşlarıyla bir-birini tapa bilmirdi, yoxsa həqiqətən də rüzgar bu sevgini ovsunlamışdı? Necə yəni, insanların belə öldürə bilmədikləri sevgini rüzgar yox etmişdi? Təbii ki, yox. Bu sadəcə onlar üçün bir sınaq idi.

    Qarlı, çovğunlu havada bir-birinə labirint kimi bağlanmış küçələr bu iki gənci bir-birindən ayrılığa sürgün etmişdi,ancaq onlar bilirdilər ki, bir-birlərini hansı yollarla tapa biləcəklər…

    Heç kəsin düşünmədiyi, ağlının ucundan belə keçirmədiyi yol ilə. Bir-birlərinin ayaq izlərini təqib edərək. Göz yaşları sel olub axan küçələrdə qanlı damlalar vardı. Bu yalnız iki gəncin göz yaşları ola bilərdi. Dediyim kimi onlar bir-birinə ruhən bağlı idi, sözlərlə deyil.

    Və sonunda bir-birlərini tapdıqda. İkisi də donub qaldı. Bir-birinin simalarını diqqətlə izləyib, göz yaşlarına boğuldular. İkisi də həm çox yaxın, həm də çox uzaq idilər, sanki doğma və yadlaşmış insan kimi. O an hər şey susdu. Çılğın, dəli rüzgar belə bu sevgiyə tamaşa etdi.

   Əllərini qəlbinə qoyub, ikisi də eyni anda söylədi: “Tarixlər unudulmur. Avqust, iyun, dekabr və yol. Başlanğıc nöqtəsindən başlayıb, sonsuzluğa addımlayan yol”.

    Bu sözü dedikdən sonra ikisi də qaçaraq, bir-birlərinə sarıldılar. Elə sarıldılar ki, Tanrı gözlərini qapadıb, gülümsəyərək rüzgara işarə etdi…

    Onlar ilk dəfə o zaman sarıldılar. Bir-birlərinə sarılmayan, günlərcə danışmayan bu iki gənc ikiyə bölünmüş ürəyi bütöv etdilər…

Müəllif: Səma MUĞANNA


SƏMA MUĞANNANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KAMAL CAMALOV – ZAUR USTAC UŞAQ RUHUNUN BİLİCİSİDİR

Kamal CAMALOV

ZAUR USTAC UŞAQ RUHUNUN BİLİCİSİDİR

Uşaqlar üçün şeir yazmaqdan ötrü gərək uşaq ruhunun bilicisi olasan. Şair, nasir Zaur Ustac da bax belə şairlərdəndir. Zaur Ustac bu dəfə də qəlbi təmiz, büllur təbiətli balaların görüşünə “Uşaq boğçası” adlı şeirlər kitabı ilə gəlmişdir.

“Ön söz əvəzi” ilə başlanan “Uşaq boğçası” şeirlər kitabı iki bölmədən ibarətdir. Gözəl şairimiz Zaur Ustac sələfləri sayılan Məhəmməd Füzulinin, Qasım Bəy Zakirin, Abbasqulu Ağa Bakıxanovun, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Firidun Bəy Köçərlinin, Rəşid Bəy Əfəndiyevin, Abbas Səhhətin, Süleyman Sani Axundovun, Abdulla Şaiqin, Mir Cəlal Paşayevin, Mikayıl Rzaquluzadənin, Mirmehdi Seyidzadənin, Mirvarid Dilbazinin və b. yolunu rəhbər tutaraq “Otaq”, “Əşyalar”, “İkinci evim”, “Küçədə”, “Məktəb”, “Ev”, “Mənzil”, “Ailə”, “Dostlarım”, “Anamın dostları”, “Günəş ipək” və s. kimi şeirləri ilə körpə balalara balaca yaşlarından yüksək əxlaqi keyfiyyətləri, vətənpərvərliyi, sədaqəti, dostluğu, doğruluğu, dürüstlüyü, əməksevərliyi, insanpərvərliyi və humanizmi uşaq dili ilə aşılayır və tərbiyə edir. Adlarını çəkdiyimiz şeirlər uşaq tərbiyəsinə xidmət edən bir şeirlərdir. Şeirlərdə uşaqlar nəyin yaxşı, nəyin pis olması haqqında təsəvvürlərə yiyələnirlər. Bu kimi şeirlər vasitəsilə uşaqlar tənbəlliyin, yalançılığın, pintiliyin pis olmasını, çalışqanlığın, doğruçul və təmizkar olmağın, böyüklərə və yoldaşlara hörmət etməyin, lovğalanmamağın yaxşı olmasını öyrənirlər.

Uşaq şeirlərində həyatın bütün sahələri əks olunmalıdır. Həyatda elə bir problem yoxdur ki, uşaq ədəbiyyatında ona toxunmaq mümkün olmasın. Yerin altını da, üstünü də bilən müasir uşaq həyatın elə bir problemi yoxdur ki, onunla maraqlanmasın. Uşaq maraqlarını səngitmək, onu lazımi məcraya yönləndirmək üçün uşaq ədəbiyyatının xidməti əvəzsizdir. Uşaqların maraq dolu suallarına cavabı Zaur Ustacın “Uşaq boğçası” vəsaitində tapmaq mümkündür.

“Mən kiməm!?” adlanan ikinci bölmədə Zaur Ustac tarixi şəxsiyyətlərin, o cümlədən Tomris ananın, Babəkin, Şah İsmayıl Xətainin, Nadir şahın, Məhəmməd Əmin Rəsulzadənin, Heydər Əliyevin keçdiyi zəfər yollarını uşaqlara aşılayır. Zaur Ustac bu kimi şeirləri ilə uşaqların, xüsusən də erkən yaşlı uşaqların əqli və əxlaqi, fiziki tərbiyəsinin vacib şərtlərini nəzərə almağı diqqətdən yayındırmamışdır.

Zaur Ustacın yaradıcılığındakı uşaq şeirlərinin əhəmiyyəti təkcə uşaqların təlim-tərbiyəsi işinə kömək etməsi ilə məhdudlaşmamışdır. Yazılmış uşaq şeirləri həm də uşaq psixologiyasına, uşaq marağına müvafiq yazılmış müvəffəqiyyətli uşaq əsərləri kimi, bir numunə rolunu oynayır.

Biz bir daha yazıçı və şair dostumuz Zaur Ustacı son dərəcə çox həssas olan uşaqlar üçün daha çox əsərlər yazmağa çağırır, ona bu yolda uğurlar arzulayır və böyük rus pedaqoqu V.Q.Belinskinin fikri ilə bitiririk: “Yazın, uşaqlar üçün yazın, ancaq elə yazın ki, onu yaşlılar da eyni zövq ilə oxuya bilsin və oxuyarkən xəfif bir xəyal içində öz gözəl uşaqlıq illərini yad etsinlər”.

Zaur Ustacın məktəbyaşlı uşaqlar üçün hazırladığı “Uşaq boğçası” adlı vəsaitindəki əxlaqi-mənəvi dəyərlər, didaktik görüşlər faydalı olub, təlim-tərbiyə kontekstində əhəmiyyət kəsb edir.

Müəllif:Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu,

Pedaqogika elmləri doktoru,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

KAMAL CAMALOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU – ANA

İldırım Əkbəroğlu – şair.

ANA
(Dünya işığına həsrət qalan anama…)

Bir ana gözünə işıq nədir ki,
Aldı görməmiş tək, tamarzı təki.
Bəlkə həyat verən istəmədi ki,
Görəsən dünyanın nəsini, ana!

Sən də həyat verən,sən də bir sirsən,
Əllərin göylərdə, hey baş əyirsən.
Yenə də gözünü qurban deyirsən,
Eşitsən övladın səsini, ana!

Nə var göy üzündə, yeddinci qatda,
Behişt də, cənnət də ayağın altda.
Tanrı imtahana çəkər həyatda,
Deyirlər sevdiyi kəsini , ana!

İldırım, o verdi həyatı sənə,
Günəş, Ay nurunu tökdü üzünə.
Nur verə bilməyib nursuz gözünə,
Şad edə bilmədim mən səni, ana!

Müəllif: İldırım ƏKBƏROĞLU

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞÜKRANLIQ

Zaur USTACşair-publisist.

“ƏLİŞ  VƏ  ANNA

(Poemadan bir parça)

      Poema görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin (21.04.1322, Şamaxı – 22.06.1371, Moskva) anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmışdır.

ŞÜKRANLIQ

Salam olsun Sənə, ey gözəl insan,

Min şükür Haqqa ki,  haqqa çatmısan.

Hələ görünməyib, olsun belə hal,

Bir kitab oxuyan görə qeylü-qal.

Bütün ürfan əhli bu rəydə yekdil,

Kitab sayəsində zənginləşir dil.

Şükür Yaradana qılıbdır imkan,

Belə bir görüşü edib ərmağan.

Hər yeni fürsəti mənə verəndə,

İlkin şükrü-səna bitir dilimdə.

Əlində tutduğun bir yığın kağız,

Kitab olacaqdır dindikcə ağız.

Qutlu yaranışın əşrəfi insan,

Ali olduğunu xatırla hər an.

And gəldi qələmə, qələm tutana,

Qafillər oyana, bəlkə, utana.

Oxumaq öyrətdi, yazmaq öyrətdi,

Quruca taxtadan bir dil ürətdi.

Kağızı müqəddəs bilmişik hər vaxt,

Üstündə canlı söz yaşayır həyat.

Şükür bu nemətə, şükür qismətə,

İstərəm bu paydan hamıya yetə.

Şükür Yaradana, neçəki sağam,

Onun sarayında Sizə qonağam.

Mən yazım, bulaqlar süzülsün gölə,

Mirvari kəlmələr düzülsün dilə.

Min şükür Haqqa ki, dil verib bizə,

Sizinlə görüşə yol verib bizə…

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Yaşar – “Üşüyən“ ocaq

Leyla YAŞAR

“ÜŞÜYƏN“ OCAQ
Qapı açılıb örtüldükcə küləyin özüylə bərabər gətirdiyi buz kimi soyuq hava evi soyutmuşdu. Sobanın içindəki közərən od sönmək üzrə idi. Alovlanmağa can atan köz, yorulur, kömürə dönürdü.
– Fevralın qarlı, şaxtalı günündə bu evin sahibləri hara yoxa çıxdı, görəsən?- Bu nədi belə, stolun üstündə mürəbbə, çörək, yağ, pendir, soyulmuş yumurta? Nələr oldu bu evdə?

– Hər səhər yuxudan durub ocağı alışdıran, o əli qabarlı ata, ona kömək edən məktəbli, qaraşın oğlan hardadılar görəsən?

– Anasına kömək edən, o uzun saçlı, nazlı qəmzəli qızcığaz hanı bəs?

– Xəmir yoğurub, üstünü bağlayıb isti sobanın yanına qoyan, hərdən gəlib, xəmirin gəlib-gəlməməsini yoxlayan o xanım haradadı bəs?
Bunlar hara getdi birdən-birə? Lap darıxdım.

– Çöldəki nə səsidi elə? Nə qəribə qoxu var havada?
Ocaq yavaş – yavaş sönürdü. Közərən ağacın içindən sanki göz yaşları süzülür, onu sönməsini tezləşdirirdi.
Üstündən bir neçə gün keçdi .
Deyəsən gələn var idi.
-Aha deyəsən qayıtdılar .
Yanılmışdı .
Həsrərlə qapıya boylandı. Burnuna tanış olmayan qoxu gəldi .
Budur evə yeni sakinlər gəldi .

– Ay aman, bunlar kimdi belə?
Nə səliqəsizdilər. Nə yaman bərkdən danışırlar. Deyəsən bayramlarıdı. İlahi, bu nədi belə?
Yaxınlaşıb sobanın içinə deyinə – deyinə baxan saqqallı gedib bir yaş odun gətirdi. Nə qədər etsədə ocağı yandıra bilmədi. Hirslə sobaya bir təpik vurub, öz dilində nəsə deyib, onu yerli dibli götürüb həyətə tulladı. Hikkəsi soyumadığından zirzəmini açıb, onu zibil kimi ora necə atdısa, dəmir soba bir neçə yerdən zədələndi .

– O günlər harda qaldı? Yayda səliqə ilə çıxarılıb zirzəmiyə qoyulan, qışda nadir tapıntı kimi əzizlənib ordan çıxarıldığı günlər?
Atayla oğul onu ordan ehtiyyatla götürüb, həyətin ortasında rəngləyərdilər, içinə quru odun yıgıb bir-iki gün oradaca yandırardılar . Sonra ananın köməyilə yerinə səliqə ilə yerləşdirər, ilk ocaqlarını çatardılar. Başına yığışıb istisinə qızınardılar. Çox doğma idilər ona. Harda qaldı o günlər?
Zirzəmidə illərlə qalmağa məcbur oldu. Hərdən sevmədiyi zəhirmar yağan sifətlər gəlib zərblə qapını açar, nələrsə yıgıb gedərdilər . Tər-təmiz zirzəmini də zibilliyə çevirmişdi bu yeni sakinlər. Zirzəmidə ona xoş olmayan qoxular bir – birinə qarışmışdı .
Həmişə yayda evin xanımı buradan gəlib bankaları çıxardıb, içərisini səliqə ilə doldurub gətirib yerinə yığardı.
Qışda onun başına yığışıb, o bankaları açıb elə ləzzətlə yeyərdilər ki…
İndi… Bu nədi, qıcqırmış şərab iyi, qapağı atılmış bankalardan az qala yerə töküləcək şorabaların iyi bir- birinə qarışıb zirzəmiyə xüsusi bir “iy” verirdi.
İllərdi bu acını “yaşayan” dəmir soba artıq dözə bilmirdi.
İçində ocaq çatılmayan soba darıxmağa başlamışdı. Köhnə sakinlərin bir gün dönəcəyi günü həsrətlə gözləyirdi. Zirzəmidə mürgü vura-vura illəri bir-birinə calayırdı. Bir neçə gündü çöldə eşidilən, yeri silkələyən səslər yavaş- yavaş azalırdı. Evin sakinlərinin səsi küyü kəsilmişdi. Yoxa çıxmışdılar deyəsən.
Axrıncı dəfə gəlib qıcqırmış şorabalarını, şərablarını elə acıgözlüklə çölə daşıyırdılar ki, zirzəmidə nə vardısa hamısını çölə yığmışdılar. Bir tək ona əl vurmadılar. Nə yaxşı ki, onu götürmədilər.
Və bir gün, həmın gün zirzəmin qapısı yavaşca açıldı. İçəri girən iki oğlan onu qucaqlarına götürüb, doğma yerinə aparıb qoydular.
Yox bunlar köhnə sakinlər deyildi. Amma danışıq səsləri ona o qədər doğma gəlirdi ki… Evin səliqəsi geri dönmüşdü.

– Aha, bu qaraşın oğlan. Ocağı alışdırmağa çalışan qaragöz oğlan. Həmən məktəbli, nə yaman dəyişib, əynindəki nədi belə? Bunlar hamısı eyni geyinib?
Ocağı sevgi ilə qalayıb, əvvəl sobanı, sonra otagı qızdıran əsgərlər yaman sevincli idilər. Hər şeyə sevgiylə, ehtiyyatla toxunurdular.
Əsgərlər ocağın ətrafına yığışıb əvvəl əllərini qızdırdılar, sonra qazan asdılar. Yeməyin gözəl ərti evi bürüdü. Evə qayıdan doğmalıq, ev sahiblərindən 30 ildi ayrı düşən “üşüyən” ocağı isitməyə başladı. Beləcə sönən ocaq illər sonra yenidən alovlanıb, bir evi, bir eli isitdi. Alovun rəqs edə-edə yanıb, şölə saçdığı o işıltı evə gözəl nəşə gətirdi.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BB

“Kulis.az”ın  “İlin hekayəsi”  müsabiqəsində (archive.vn) ən çox oxunan hekayə.

BB

(Zaur Ustacın “Cadulanmış ev” kitabına daxil edilmiş hekayə)

20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9:00, mən artıq işdəyəm. Düzü, telefondakı vaxt barədə nəticə məni qane etmədiyinə görə tələsik dəhlizə çıxıb divardakı saata da baxası oldum. Heç məndən çıxmaz iş, bəlkə də ömrümdə birinci dəfə işə vaxtında gəlmişəm. “Tez oyananla tez evlənən uduzmaz” məsəlini beynimdə çək-çevir edə-edə iş masamın arxasına əyləşdim. Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı. Ofisdə orta yaşlı xadimə xanımla məndən başqa heç kim yox idi. Dəstəyi xanım götürdü:

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

– Bəli. Buyurun. Bəli. Yaxşı, – telefona cavab verdikdən sonra, – Əli müəllim, zəhmət omasa 14 – ü qaldırın.

– Məni soruşurlar? – Bir az da heyrətlə soruşdum. Düzü məəttəl qalmışdım. Səhərin gözü açılmamış kim idi ,görəsən? Nə istəyirdi? “Adbaad elə məni soruşdular ay xanım?” – deyə bir də xanımdan soruşdum.

“KULİS.AZ”DA “İLİN HEKAYƏSİ” MÜSABİQƏSİ (2021)

– Xeyr. Soruşdular işçilərdən orada kim var?

– Oldu, – deyib dəstəyi götürməkdən başqa çarəm qalmadı, – Bəli. Buyurun. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim. Eşidirəm sizi, – Xəttin o başından incə, ancaq amiranə xanım səsi eşidildi:

– Olar, sizə elə kəsədən Əli müəllim deyim?

– Bəli. Olar. Buyurun. Eşidirəm sizi.

– Sizi “BB”-dən İlahə xanım narahat edir.

– Buyurun, İlahə xanım, – Məşhur “BB”-şirkətinin adını eşidən kimi gözlərimə işıq gəldi. Ani olaraq ataların ruhuna bir rəhmət göndərib, – Buyurun. Narahat etmirsiniz xoşdur. – davam etdim.

– Bilirsiniz, qarşıdan həm bizim bosun, həm də şirkətimizin yaranmasının yubileyi gəlir. Bu münasibətlə Bəy Bala müəllim jurnalistləri çağırıb müsahibə verir. Bu gün səhər saat 10:00 üçün gələ bilərsiniz, sizi görüşə yazım?

– Bəli. Yaza bilərsiniz. Yazın. Ancaq gəlin ünvanı dəqiqləşdirək. Mən sizin ofisin yerini təxmini bilirəm. Yenə də dəqiqləşdirsək yaxşı olar. Deyə bilərsinizmi?

– Bəli. Zəhmət olmasa, qeyd edin.

– Deməli, – Çingiz Mustafayev 104, həyətə girən kimi sağdakı boz qapı, üstündə iri hərflərlə “BB” yazılıb. Oldu. Düz vaxtında orada olacam. Xanım dedikcə qeyd edirmiş kimi, qələmi qeyd dəftərçəsinin üzərində gəzdirsəm də əslində heç nə yazmırdım. Çünki o dedikcə hara gedəcəyim gözlərimin önündə canlandığından buna ehtiyac duymadım. Söhbət bitəndə sadəcə bugünkü tarixə görüş vaxtını qeyd etdim. Sonra redaksiyanın çıxış kitabına çıxdığım vaxtı və gedəcəyim ünvanı yazdım. İçərisində müxtəlif vəziyyətlər üçün hazır suallarım və gündəlik iş üçün vacib digər sənədlər olan qovluğumu qoltuğuma vurub ofisdən çıxdım. “BB” – nin ofisi bizdən bir neçə küçə Qış Parkına tərəf aralı idi. Bizim ofis Həzi Aslanov küçəsində yerləşirdi. Vaxta 15 dəqiqə qaldığına görə “BB” – nin ofisi olan küçədən keçib Qış Parkına gəldim. 10:00-a 5 dəqiqə qalana qədər düz iki siqaret çəkdim. 5 dəqiqə qalanda ağzıma bir saqqız atıb, üstümə ətir vurub təyin olunmuş ünvana doğru yönəldim. “Çingiz Mustafayev 104” – ə çatan kimi bazubənd əvəzi qoluma keçirtdiyim maskamı çıxardaraq üzümə taxdım və üzərində böyük boz rəngli hərflərlə “BB” yazılmış boz qapını açıb içəri daxil oldum. İlahə xanımı soruşdum. Elə girişdəcə telefonların yanında oturmuş xanım gülərüzlə məni qarşıladı:

– Buyurun. Sizə necə kömək edə bilərəm? İlahə xanım mənəm.

– Mən Əli Mülayim. Saat 10 tamama görüş təyin etmişdik.

– Bəli. Buyurun keçin. Bəy Bala müəllim sizi gözləyir. Ancaq zəhmət olmasa, üst geyiminizi və telefonunuzu verin mən saxlayım. Bu qalstuklardan birini bağlasanız lap əla olar. Bax, bu sizin köynəyə lap uyğun gəlir. Buyurun, – deyə üzərində sarı ay-ulduz olan tünd göy rəngli qalstuku mənə uzatdı. Çar – naçar qalstuku alıb girişdəki böyük güzgünün qabağına keçdim. Qalstuku səliqə ilə bağladıqdan sonra, suallar və sənədlər olan qovluğumu da götürüb:

– Mən hazır, – dedim. Xanım əvvəlcə qovluğumu da əlimdən almaq istədi. Birtəhər göz-qaşla başa saldım ki, iş üçün lazım olacaq. Nəhayət:

– Buyurun. Keçin, – deyə-deyə qapını açıb məni otağa saldı. Bəy Bala müəllim sanki məni görmürmüş kimi öz işində idi. “T” şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan notbuk və sonsuz sayda kağız-kuğuz … Bu mənzərəni insan öz gözləri ilə görməsə, sözlə ifadə etmək çox çətindir. Bəy Bala müəllim başını qaldırmadan bir az yorğun səslə:

– Xoş gəlmisiniz. Əyləşin, – dedi və sağ tərəfdə olan yeganə boş kürsünü əli ilə mənə işarə etdi. 5-10 dəqiqə oturandan sonra mənə məlum oldu ki, o da açıq notbuklarda digər ofislərdəki işçilərinin davranışlarını müşahidə edir. Nəhayət, sanki bu məşğuliyyətdən bezərək, – üzr istəyirəm, sizin adınız necə oldu?- deyə düz gözlərimin içinə baxdı.

– Əli Mülayim.

– Çox gözəl, Əli müəllim. Vallah, indi elə zamanada yaşayırıq ki, mülayim olmayıb neynəyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun.

– Elədir.

– Əli müəllim. Deməli, vəziyyət belədir. Bu üzümüzə gələn dekabrın 25 – i həm mənim 55 yaşım tamam olur, həm də şirkətimin 20 illiyi olacaq. Düzdür, mənim buna ehtiyacım yoxdur, ancaq yenə istəyirəm ki, mətbuatda, televiziyada bu barədə məlumatlar getsin.

– Lap yaxşı. Aydındır, Bəy Bala müəllim.

– Bir də xahiş edirəm o maskanı çıxardasınız ki, sizin nə dediyinizi anlaya bilim. Yoxsa, heç nə başa düşə bilmirəm. Burada kim var ki? Bir də inanın səmimiyyətimə bunlar hamısı boş şeydir. Canı verən də, alan da bax o kişidir! – Dedi və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı.

– Doğrudur. Doğrudur. – deyə-deyə maskamı çıxardıb əziz matah bir aksesuar kimi köynəyimin döş cibinə qoydum.

– İndi deyin görüm, hazır gəlmisiniz yoxsa, hər işi mən görəcəm?

– Nə mənada?

– Yəni suallarınız, ya nə bilim bir proqramınız varmı belə hallar üçün?

– Əlbəttə.

– Onda başlayaq.

– Başlayaq. Özünüz, ailəniz və işiniz barədə ürəyinizdən keçənləri, bizim oxucularla bölüşmək istədiklərinizin hamısını anladın. Söhbət əsnasında yarana biləcək vəziyyətlərə uyğun köməkçi suallarla mən sizə kömək edəcəm. – deyib, qovluğumdan bu hal üçün nəzərdə tutulmuş suallar qeyd olunan vərəqi və qeydlər aparacağım ağ A4 kağızları çıxardıb masanın üstünə qoydum.

– Deməli belə. Mən Xanlar rayonunun Bəyoğlular kəndindənəm. Atamın adı Böyük Bəy, onun da atasının adı Bəy Bura, onun da atasının adı Böyük Bəy, onun da atasının adı Bəy Bala, onun da atasının adı Bala Bəy… Nə başını ağrıdım. Bax beləcə gedir. Adam var, atasın tanımır. MaşAllah olsun. Biz yeddi arxa dönənimizi tanıyırıq. Adətdəndi. Kişi gərək yeddi babasının adını bilə. Siz cavanlar da öyrənin və uşaqlarınıza öyrədin. Bu çox vacib məsələdir. Çox yerdə görürsən mənim adımı səhvən “Bəybala” kimi bitişik yazırlar. Bu səhvdir bizim adlarımız ayrı yazılır. Məsələn, Bəy Bala və ya Böyük Bəy. Bax, belə. Siz də düzgün yazın. Siz inanırsınız mən neçə dəfə belə səhvlərə görə bir qəzetin bütün nömrələrini köşklərdən toplatmışam. Nəsə sözüm onda deyil. Biz ailədə, Böyük Bəyin ocağında iki qardaş və iki bacı, dörd uşaq olmuşuq. Mən ailənin ilki, böyük uşaq olmuşam. Sonra bacılarım, Böyük Bəyim, Balaca Bəyim və sonbeşiyimiz, balaca qardaşım Bala Bəy. Deməli, ötən əsrin 90-cı illərində köhnə hökumət dağılanda mənim olardı 25 yaşım. Cavan, sütül oğlan idim. Atam məni oxutmaq istəsə də, düzü, mənim elə bir fikrim yox idi. Rusun əsgərliyinə də gedib gəlmişdim. Bizdə də ara yavaş-yavaş qarışırdı. Nəsə axır ki, kişi saqqızımı oğurladı. 1991-ci ildə nə az, nə çox düz 60.000 manat pul verib məni qoydu Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə. İndi hər yan universitetdir e. Onda bircə dənə universitet var idi. Kişi deyirdi oxu qurtar, səni raykom katibi qoyacam. Onu deyim ki, o vaxt elə oxumaq, filan da yox idi. İnanın bir torba alçaya qiymət yazan müəllimlər var idi. Onları da qınamalı deyil. O vaxtlar vəziyyət çox pis idi. Bu oxumağın mənə xeyri o oldu ki, o vaxtlar müharibəyə getmədim. Bir də günüm Bakının “talkuçka”larında, bazarlarında keçdi. Ticarətin bütün sirlərinə yiyələndim. Bir şənbə-bazarın alverinə bir semestri yola verirdim. Oxumaq, imtahan belə idi. Mən tarixi qurtarana qədər nə raykom qaldı, nə də katiblik. Ta kişinin də o vaxtları deyildi. Mənimlə oxuyan uşaqlardan bir-iki nəfər indi universitetlərdə müəllim işləyir. Çoxu mənim kimi biznesdədir.

– Biznesiniz konkret olaraq hansı sahəni əhatə edir? Zəhmət olmasa bu barədə danışın.

– Tələsməyin. İndi ora gəlirəm. Hamısını yerli-yataqlı danışacam. Deməli, mən Bakıda alverdə, ailəmiz də qalmışdı rayonda. Universiteti bitirdim. Müharibə bitdi. Amma ölkədə vəziyyət daha da çətinləşmişdi. Alverdən başqa heç bir işdə pul yox idi. Atam nə qədər dedi ki, gəl müəllim işlə. Lap səni məktəb direktoru qoyum. Maarifə işə düzəldim. Dedim ki, yox e, bunlar mənlik deyil, mənimki alverdi. Biznes. Onu da deyim ki, ta mənim satmadığım şey qalmayıb ha. Elə axtarışdayam. Nə olsun? Necə olsun? Nə yenilik edim? Nə iş qurum? Bax belə fikirləşirəm. Xarici biznesmenlərin həyatından filmlərə baxıram, kitablar, məqalələr oxuyuram. Bərk axtarışdayam. Allah deyir səndən hərəkət, məndən bərəkət. Bir dəfə bir xarici kinoya baxıram. Lap o qədim Amerika filmlərindəndir. Bəlkə, siz də baxmısınız. Bir əczaçı qadın əlində bir şüşə öz hazırladığı dərmanı kino boyu hərləyir- fırlayır, nə qədər edir bu dərmanı sata bilmir. Axırda necə olursa bir kişi ilə vuruşmalı olur. Kişini yaralayır və kişi infeksiya qorxusundan məcbur olub dərmanı qızıl pulla qadından alır. Üstəlik qadından xahiş də edir ki, bu məhlulla onun yarasını təmiz-təmiz yuyub sarısın. Filmdəki bu fraqment mənə ideya vermişdi, ancaq bu ideyanı harada necə tətbiq edəcəyimi heç cür dəqiqləşdirə bilmirdim. Artıq evlənmişdim. Üzr istəyirəm, arvad da pul istəməkdən başqa heç nə bacarmırdı. Xırda alver ta mənim ehtiyaclarımı ödəmirdi. Ata-anam da rəhmətə getdi. Dost-tanış da hərə bir yandan deyirdi ki, kənddə bacı-qardaşın vəziyyəti pisdir. Onları da yığ gətir Bakıya. Bu kimi hallar məni lap bezdirmişdi. Elə bu vaxtlar qızımın ad gününə hazırlaşırdıq. Böyük uşağım qızdır. Adını da Böyük Bacı qoymuşam. 1 yaşı tamam olurdu. Uşağı ilk dəfə aparmışam bərbərxanaya. Öz dəlləyimin yanına getmişik. Bakıya gələndən bəlkə necə ola, bir-iki dəfə başqa usta yanına gedəm, həmişə bu dəlləyin yanınına getmişəm. İndi də sağ olsun, gəlir elə bax burda, bu ofisdə bütün işini görüb gedir. Nəsə, orda işimiz bitəndən sonra dəllək yavaşca qulağıma deyəsən ki, bəs uşağın başında bit var. Düzü, bu sözü eşidəndə orda sakit qalsam da cin vurdu təpəmə. Gəldim evə arvadla yenə qırdıq bir-birimizi. Baldızım da biz də idi. O dedi ki, bəs yeznə narahat olma, Türkiyədə olanda bizim də saçımıza düşmüşdü. Orda apteklərdə yaxşı dərman satılır. Dərman deyəndə şampun kimi bir şeydir. Ballı indi oradadır. Ad gününə gələcək deyərəm alıb gətirər. Narahat olma ikisin alıb gətirsə, bəsdir. Ballı da mənim balaca baldızımdır. Üç bacıdırlar. Ballı ən kiçiyidir. Alverdə o da yaxşıdır. Dubaydan vurur, İslambuldan çıxır. Bax, mənim bütün həyatım bu Ballı baldızımın hesabına dəyişdi. Yəqin, şəhərdə görmüsünüz “Bala Baldız” gözəllik salonları, “Bal Baldız” kosmetika mağazaları hamısı onundur. Yəni mənimdir. O idarə edir. Nəsə, baldız gəldi, iki qab bit dərmanı da gətirdi. Dərman işə yaradı. Bu məsələ yüngülvari dalağımı sancsa da, hələ elə bir ciddi dönüş etməmişdim. Hələ qadın koftası mağazası işlədirdim. Arvadla da elə orda, ona kofta satanda tanış olmuşam. Nəsə, bu başqa söhbətin mövzusudur. Yadınızda olar yəqin ki, bir ara quş qripi yayılmışdı?

– Bəli. Bəli. Yaxşı yadımdadır.

– Bax, o vaxtlar söz gəzirdi ki, guya xaricdə bloklara girib qapı dəstəklərinə, avtobus və metroda tutacaqlara nəsə püskürdürlər camaat da xəstələnir. Əslində bu xəstəliyin göydə uçan quşlarla heç bir əlaqəsi yoxdur. Yerdəki bayquşların işidir. Bu məsələnin bizə heç bir aidiyyəti olmasa da ideyanı bir az yerindən tərpətmişdi. Və nəhayət, bir gün təsadüfən televizorda gördüm ki, bir kişi bizim Tərtər rayonun bir kəndində soxulcan yetişdirib, fermerlərə, balıq tutanlara satır. Bu xəbəri görən kimi, “Böyük Biznes” ideyası işə düşdü və avtomatik olaraq anındaca “Biq Boss”a çevrildim. İnan ki, o gecəni evdə yatmadım. O saat hava limanına, oradan da bir başa İslambula uçdum. Ora çatdım, heç otelə də getmədim. Elə hava limanında gözlədim səhər olan kimi apteklərə baş çəkməyə başladım. Gördüm, maşAllah olsun bit dərmanının çeşidləri lap çoxdur. Bir gün aradım-araşdırdım. Ən tanınmış firmaların üçü ilə danışıb, razılaşıb elə həmin gecə qayıtdım Bakıya. Və başladım burada da apteklərlə, kosmetika mağazaları ilə danışıb, razılaşmağa. Hər şey tam hazır olandan sonra kofta mağazasını mal qarışıq satdım. Başladım Türkiyədən mal vurmağa. Mallar gəldi payladım “toçka”lara. Gördüm, yox e mal getmir. İdeyanı saldım işə. Daha doğrusu öz – özündən düşdü işə. Birinci rayonda olan qardaşım Bala Bəy xəbər göndərdi ki, uşaqları bit basıb. O dərmandan bizə də göndər. Mən də ona xəbər elədim ki, bəs dərmanı neynirsən evi-eşiyi də sat, külfəti də götür gəl Bakıya. Sağ olsun, sözümü yerə salmadı. Heç bir həftə keçmədi gördüm yığışıb gəlib. Gələn kimi Sovetskidə hamam – tualetsiz evlərindən bir dənə 3 otaqlı ev kirayə tutdum onlara.

– Üzr istəyirəm, niyə məhz belə?

– Hövsələniz olsun. İndi deyəcəm. Deməli, qardaşımın maşAllah 7 uşağı var. 2 nəfər özləri, bir də qaynanası. Düz 10 nəfərdirlər.

– Mən onu soruşmurdum. Həqiqətən evin hamam-tualeti yox idi. Bəs necə yaşayırdılar orada?

– Əlbəttə. O evlərdə hamam-tualet olmur. Sadəcə həyətdə bir ümumi ayaqyolu olur vəssalam. Bizə də elə belə evlər lazım olur. Çünki onlar saçlarını yumurlar. Əksinə çirkli saxlayırlar ki, bitlər üçün münbit mühit olsun.

– Bəs onlar nə iş görürdülər?

– “Görürdülər” yox, “görürlər”? Onlar bu saat da elə orada yaşayır və işləyirlər.

– Bəs sökməyiblər oranı?

– Xeyr. Neçə illərdir deyirlər, hələ bir şey yoxdur. Bir də qardaşımın indi lap şəhərin mərkəzində yeni tikilən binalarada bir yox, bir neçə mənzili var. Ora sadəcə bizim iş yerimiz çörək ağacımızdır. Deməli, bunları ora yerləşdirib, tapşırdım ki, siz ancaq əlinizdə olanı yemək-içməyə bir də yol puluna xərcləycəksiniz hər ayın 5 – i həm xərcliyinizi həm də qazancınızı mən verəcəm. Sizin işiniz o olsun ki, yeyin-için, bitləri çoxaldın. Səhər –axşam şəhərin insanlar gur olan yerlərində, ticarət mərkəzlərində, avtobuslarda, metroda basabas vaxtı girin camaatın içinə, ürəyiniz istəyən qədər gəzin.

– Üzr istəyirəm, belə niyə?

– Eh, dostum. Bitlərin yayılması üçün. Bu bit təmiz başı, yəni xam yeri elə tanıyır, elə tanıyır… Bir bilsən. Bu barədə yazsam indi elmlər doktoru idim. Deməli, birinin saçında bit varsa, 25-30 nəfər sərnişin tutumu olan avtobusda bircə dövrə vuranda ən azı 100 adama bit salır. Gör indi maşAllah 50-60 nəfərlik avtobusda bu nə qədər olur ha… Öz də onlara tapşırmışam ki, avtobusa bir dəfə mindin sürücü tanıyıb zorla düşürənə qədər düşməsinlər. Belə həm də “rasxod” azalır. Onların özlərinə xeyirdir. Qazancları artır. Nə başını ağrıdım. Birinci ayın sonunda apteklərə mal çatdıra bilmədim. Allah bərəkət verdi. Mal vur, pul götür… Mal vur, pul götür… Bacılarımı da gətirdim Bakıya. İndi maşAllah olsun. Təkcə qardaş-bacılar deyil, qardaşuşaqları, bacıuşaqları, hələ canım sənə desin, sinifyoldaşlarımdan da bir neçəsinin çalışdığı belə ocaqlarımız var. Şəhərdə təxminən 100- ə yaxın obyektdə bit yetişdirib yayırıq. Daha doğrusu bitlərin çoxalıb, yayıla biləcəkləri münbit mühit formalaşdırırıq. Dünyanın müxtəlif təbiəti, canlı aləmi sevən təşkilatlarından bilirsiniz nə qədər mükafatlarımız var? – deyə mənə işarə edərək yana qanrılıb rəfdəki müxtəlif formada və dillərdə olan diplomları, prizləri göstərdi.

– Bu işlə yalnız Bakıda məşğulsunuz?

– Bəli. Hələlik ancaq Bakıda. Bilirsiniz bu biznes sırf inkişafla bağlı, inkişaf göstəricisi olan sahədir. Gərək yaşayış ola, insan ola ki, bit də olsun. Bakıdan başqa sıx yaşayış olan yer yoxdur. Gəncə və Sumqayıtda bir-iki dəfə eksperiment aparmışıq nəticə “0”. Hələlik ancaq Bakıda fəaliyyət göstəririk.

– Üzr istəyirəm, Bəy Bala müəllim, sizin qohumlar kimi həyat yoldaşınızın qohumları da belə canla-başla bu ailə şirkətində çalışırlarmı?

– Bayaq sizə dedim, şəhərdə gördüyünüz bütün “Bala Baldız”, “Bal Baldız” obyektlərin hamısı mənim balaca baldızım Ballı xanıma aiddir. Yəni o işlədir. Sağ olsun. Doğmaca arvadımdan görmədiyimin hamısını ondan gördüm. Həm mənəvi, həm maddi. Mən də onu yaşadıram. Hələ indiyə qədər bir sözünü iki eləməmişəm.

– Bəs Ballı xanımdan başqa?

– Başqa heç nə. Siz elə düşünürsünüz ki, onlar da bitli saçla metro, avtobus gəzib bit yayırlar. Yox, dostum. Nəinki, onlar heç doğmaca var yox bircə oğlum Bic Bala burax bit yaymağı, “toçka”lardan pul yığmağa getməyə belə ərinir. Bu işi sinifyoldaşlarımdan birinin oğluna tapşırmışam. Sağ olsun halal uşaqdır. Demişəm əgər qanunu yolla adını dəyişib, Bəy Bura qoysa qızım Böyük Bacını ona ərə verib, şirkəti də bağışlayacam onlara. Oğul, arvad tərəf zaydır. Oğlum olanda nə qədər elədim babalarımdan birinin adını qoya bilmədim ona. Arvadla qaynənəm birləşdilər. Mən də dirəşdim ki, necə olur olsun 2 “B” mütləq olmalıdır. Onlar da dedilər, “nə şiş yansın nə kabab” adını qoydular Bic Bala. Uşaq da odu cüvəllağı, avara. Oxumaq, zad nədi. 15 yaşı olan kimi də evlənib. Yəni arvad “padruqa”larından birinin qızı ilə baş-göz edib. 1 oğul nəvəm var adını da yenə arvad tərəf 2 “B” –ni gözləmək şərti ilə Biq Boss qoyublar. İndi onun da ad günü yaxınlaşır. 1 yaşı tamam olacaq. Bir sözlə qızm Böyük Bacı ilə baldızım Ballını çıxmaq şərti ilə arvad tərəf ancaq xərcləməklə, dağıtmaqla məşğuldur. Düzü, bu ötən müddət ərzində arvadın hələ zəng vurmamasına narahat olmağa başlamışam… – Bəy Bala müəllimin sözü ağzında qaldı. Şəhər telefonunun cingiltili səsi kabineti başına götürdü. Dəstəyini qaldıraraq qaş-gözlə mənə “görürsən?” – deyib davam etdi: – Bəli, buyur, başımın tacı, evimin yaraşığı, şirkətimin loqosu, buyur. Votsapla? Baş üstə. Görüntülü? Baş üstə. – deyib dəstəyi asdı. Və mobil telefondan görüntülü yığdı. Nə billah etsə də həyat yoldaşı öz görüntüsünü açmadı. Əksinə Bəy Bala müəllimi məcbur etdi ki, kabinetin bütün künc bucağını mən də daxil olmaqla ona göstərsin. Görüntü olmasa da arada xırç-nırç, şap-şup kimi səslər qarışıq kişi səsinin eşidilməsi mənim də diqqətimi çəkdi. Elə bu vaxt Bəy Bala müəllim bir az da əsəbi kimi: – Hardasan, bu nə səs-küydü? – deyə sual verdi. Cavab özünü çox gözlətmədi: – Qəssab Mehralının yanındayam, bilirsən də onda həmişə “üçbacılıq” yaxşı ət olur. Eşidirsən, Mehralı sənə salam deyir. Deyir, çox sağ olsun. Yaxşı kişidir. Bəy Bala müəllim bu dəfə yenə də mənə qaş-göz eləsə də mən bu işarələrə bir anlam verə bilmədim. Nəhayət: – Yaxşı canım, öpdüm. Sən də salam de. Di, hələlik. Əlimdə işim var. – dedi və cavab gözləmədən zəngi sonlandırdı. Dilxor halda mənə tərəf çevrilərək:

– Evlisiniz, subay?

– Subay.

– Kifayətdir. İndi bu yazının adını nə qoyacaqsınız?

– Fikrimdən“Bit Biznesi” keçsə də, “Böyük Biznes” dedim.

– Bəlkə, bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız? Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq. Siz də xahiş edirəm bunu götürüb, o məşhur tamaşada deyildiyi kimi… – deyərək əlində tutduğu şax “200”lüyü zorla maskanın yanına yerləşdirdi.

– Çox sağ olun. Heç yaxşı olmadı, Bəy Bala müəllim. Əgər fikriniz dəyişə, qoy İlahə xanım sadəcə mənə xəbər eləsin. Yazını hazırlayıb, hazır saxlayacam.

– Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil. Qalstuku da açma, sənə yaraşır. Bizdən hədiyyə olsun. Subay oğlansan get dincəl! Ye, iç, kef elə! Qarşıdan gələn Yeni İlin də mübarək!

– Çox sağ olun, – sağollaşıb ofisə qayıtdım. İndi oturub yeni zəng gözləyirəm. Ancaq bu dəfə tək deyiləm. Ac və qoca qurdlar hamısı buradadır.

Son
06.12.2021 – Bakı ş.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏN ÇOX OXUNAN HEKAYƏ

ZAUR USTACIN HEKAYƏSİ

ƏN ÇOX OXUNAN HEKAYƏ

Zaur Ustacın “Cadulanmış ev” kitabına daxil edilmiş 14 (on dörd) hekayədən biri olan bu HEKAYƏ ilin ən çox oxunan hekayəsi olub. Hekayə “İlin hekayəsi”  müsabiqəsində  (archive.vn)  209 hekayə arasında oxucuların daha çox diqqətini cəlb edib.

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

İlİLKİN MƏNBƏ:

“KULİS.AZ”DA “İLİN HEKAYƏSİ” MÜSABİQƏSİ (2021)

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏRİDƏ ABDULUN ŞEİRİ

Fəridə ABDUL – şair, yazar, filoloq

Uşaqlığımla söhbət…

Verələr uşaqlığımı
Tutam isti əlindən,
Apararam keçmişə
Anam layla deyənə,
Atam sığal çəkənə,
Nənəm isti çörəyə
Pendir,yağı çəkənə.
İsti yorğan altından
Saat 5də oyadıb
Məktəbə hazırlayan
Anamın qızıl səsi,
Qulağıma dəyənə.
Atamın ağır əli
Qəzəblənib arabir
Evə gec gəldim deyə
Sillə olub bir anlıq
Yanağıma dəyənə.
Əyiləm ona sarı,
Deyəm qorxma,çəkinmə
Güvəndəsən indicə
Anan,atan  sağdısa
Bu dünyadan,həyatdan

Amandı sən incimə.
Dərd çəkməyə vaxtın bol,
Hələ çat bir əlliyə,
Gör necə ağır həyat
İsti döşəkdən durmaq,
Ağır çanta daşımaq,
Dərd deyil, dərd əsasda
Həyat yükü daşımaq.
Oynamağa adam yox
Geyinməyə paltar yox
Dərd inan, bunlar deyil
Danışmağa adam yox
Güvənməyə insan yox
Bax bunlardı əzablı.
Sən mənə çatan kimi
Bu həyat yollarında
Mən kimi səhv döngələr
Dönmə saqın,ağır get.
Aldanma bir kimsəyə
Dost demə sən hər kəsə
Sıxma hər ötən əli
Baş qoyma yad çiyinə.
Mən istərəm sən olum,
Sən mən olmağa tələsmə.


Müəllif: Fəridə ABDUL

FƏRİDƏ ABDULUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


KAMAL CAMALOV – HESABAT (2021)

Kamal CAMALOV

ELMİ MƏQALƏLƏRİM

1. Repressiya qurbanlarının yaradıcılığında mənəvi-əxlaqi kamillik və insani davranışa çağırış. NMİ-nin XƏBƏRLƏRİ jurnalı, 2021, №1

2. Repressiya qurbanı olan ədiblərimizin ana dili tədrisinin zəruriliyi uğrunda mübarizəsi. “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı, 2021, №1, səh.79-94

3. Hikmətli, nəsihətamiz və məlahətli əsərləri ilə cahanda özünə ölməz, əbədi abidə ucaldan Seyid Əzim Şirvani. Bakı: “Yazarlar” jurnalı, 2021, №2, səh.44-52

4. Tarix salnaməsində öz xidmətləri ilə iz salıb köçən novator alim. Tarixçi alim Hacı Abutalıb Ağa Qasımov: Mənalı ömrün səhifələri. Naxçıvan: Əcəmi, 2021, səh.87-91

5. Nəriman Nərimanovun maarifçilik fəaliyyəti. NMİ-nin XƏBƏRLƏRİ jurnalı, 2021, №2

6. Üzeyir Hacıbəyov yaradıcılığında təlim və tərbiyə problemi. NMİ-nin XƏBƏRLƏRİ jurnalı, 2021, №3

7. Aşıq Ələsgər yaradıcılığında mənəvi tərbiyə məsələləri. AMEA Naxçıvan bölməsi, Elmi jurnal, 2021

8. Elmi süfrəsi daim açıq olan Fərrux Rüstəmov. “Canım Azərbaycanım” Ədəbi məcmuə. №5, 2021, səh.9-15

9. Pedaqogika elminin yorulmaz təbliğatçısı (Professor Akif Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyindən bəhs olunur). “Yazarlar” jurnalı (ədəbi-bədii, elmi jurnal), 2021 (08), səh.40-51

10. Akif Abbasov pedaqogika elminin yorulmaz təbliğatçısıdır. “Şərqin səsi” Ədəbi-bədii, elmi-publisistik məcmuə. 2021, №1, səh.47-54

11. Mirzə Əli Möcüzün pedaqoji ideyalarında iqtisadi-siyasi görüşlərin təsviri. NMİ-nin XƏBƏRLƏRİ jurnalı, 2021, №4 (Çapda)

12. Vətənimizin istiqbalı və tərəqqisi üçün daim yazıb yaradan alim (Pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Piralı Əliyevin 65 illiyi münasibətilə).

13. Uşaqlara elmin dəyərini sevdirək. “Pedaqogika nəzəriyyəsi: müntəxəbat”. Bakı: Mütərcim, 2021

14. Ümumtəhsil məktəblərində təlim-təhsil paradiqmalarının nəzəri və praktik problemləri. “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfrans. Naxçıvan şəhəri, 26-27 noyabr 2021-ci il PUBLİSİST YAZILARIM

15. Nizami Gəncəvi – bəşəri dəyərlərin dahi tərənnümçüsü. //525-ci qəzet, 07 yanvar 2021, №2

16. Xalqa sədaqətlə xidmət etməyin yolları Seyid Əzim Şirvani yaradıcılığında. //Yeni həyat qəzeti, 09 yanvar 2021, №1 (688).

17. Kitab nəsillərin bir-birinə vəsiyyətidir. //Nuh yurdu qəzeti, 9 yanvar 2021

18. Şeyx Nizami dünya poeziyasının dahi bayraqdarıdır. //Təzadlar qəzeti, 12 yanvar 2021

19. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərində kamil insan obrazı. //Nuh yurdu qəzeti, 02 fevral 202, №5

20. Naxçıvanlı maarifçi – ictimai xadim (Q.Şərifzadədən bəhs olunur). //Yeni həyat qəzeti, 20 fevral 2021, №7

21. Şagirdlərin mənəvi simasının formalaşdırılmasına xidmət edən dərs vəsaiti (Dos.Vüsalə İsmayılovanın dərs vəsaitindən bəhs olunur). //Təhsil dünyası qəzeti, 23 fevral 2021, №2

22. Maarif və mədəniyyət tariximizdə parlayan sima – Qurbanəli Şərifzadə. //525-ci qəzet, 23 fevral 2021

23. Gənclik insanlıq və xeyirxahlığa xidmət edir. //Təzadlar qəzeti, 02 mart 2021

24. Nizami Gəncəvinin oğlu Məhəmmədə hədiyyə etdiyi qiymətli miras. //İki sahil qəzeti, 13 mart 2021

25. Nizami Gəncəvinin oğlu Məhəmmədə nəsihətlərinin bəşər övladının tərbiyəsindəki rolu. //Yeni həyat qəzeti, 13 mart 2021, №10

26. Gender tərbiyəsi – tarixi, nəzəri və müasir problemdir (Pedaqogika elmləri doktoru Elza Mollayevanın “Gender tərbiyəsi: tarixi, nəzəriyyəsi və müasir problemləri” adlı monoqrafiyasından bəhs olunur). //İki sahil qəzeti, 31 mart 2021

27. “Sirlər xəzinəsi”ndə kainatın əşrəfi insanın təsviri //Azərbaycan müəllimi qəzeti, 02 aprel 2021

28. Zərifə xanım Əliyeva görkəmli oftalmoloq alim idi (Zərifə xanımı anım günü münasibətilə). //Təzadlar qəzeti, 15 aprel 2021

29. Bədii-estetik meyarlar carçısı Aşıq Ələsgər. //İki sahil qəzeti, 24 aprel 2021

30. Yüksək mənəvi-əxlaqi dəyərlərin ulu carçısı. //525-ci qəzet, 28 aprel 2021

31. Aşıq Ələsgər yaradıcılığında mənəvi tərbiyənin vasitə və yolları. //Yeni həyat qəzeti, 28 aprel 2021, №16

32. Mənalı ömrünü elmin və təhsilin tərəqqisinə həsr edən cəfakeş insan (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yaradıcılığından bəhs olunur). //İki sahil qəzeti, 24 may 2021

33. Bədii-estetik meyarlar carçısı Aşıq Ələsgər. //Şərqin səhəri, 5 iyun 2021, №20 (2985)

34. Yanuş Korçak: dövrün reallıqları fonunda. //525-ci qəzet, 13 iyul 2021, №122 (5688)

35. Əbədiyyətə qovuşan və ümumbəşər xəzinəsinə çevrilən əsər haqqında mülahizələrim (Professor Akif Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyindən bəhs olunur) //İki sahil qəzeti, 22 iyul 2021

36. Milli maarif mühitində əbədi “Əkinçi” işığı. //525-ci qəzet, 28 iyul 2021

37. Oxucuya milli mənlik şüuru aşılayan monoqrafiya (Professor Şahin Tağıyevin “Böyük maarifçi Mirzə Abbas Ələkbər oğlu Abbaszadənin pedaqoji görüşləri” adlı monoqrafiyasından bəhs olunur). //Təhsil və zaman qəzeti, 04 avqust 2021, №1

38. Ümumtəhsil məktəbləri şagirdlərdə elmin və təfəkkürün inkişafını yüksəltməyə xidmət edir. // Yeni həyat qəzeti, 09 sentyabr 2021, №33 (719)

39. Məhəmmədağa Şahtaxtlı – milli və bəşəri amallar carçısı. //525-ci qəzet, 10 sentyabr 2021

40. Əxlaq və mənəviyyat dərsi verən ustad müəllim. //Azərbaycan müəllimi qəzeti, 02 oktyabr 2021.

Müəllif:Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu,

Pedaqogika elmləri doktoru,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

KAMAL CAMALOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞARIN İLK KİTABI “25 YARPAQ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NƏŞR OLUNACAQ

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ bu gün 2021-ci il üzrə “25 YARPAQ” layihəsi çərçivəsində kitabı nəşr olunacaq yazarın adını elan edib. Seçilmiş müəllif il ərzində ən fəal əməkdaş olaraq Leyla YAŞAR seçilib. Yazırın hekayələrindən ibarət ilk kitabı 2022-ci ilin mart ayının 21-nə kimi çap olunub müəllifə təqdim olunacaq. Leyla Yaşarı bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru