O, gənc xanımı imtahana qolları üstündə gətirmişdi…
Təxminən 35 il əvvəlin söhbətidir…
İndiki AMEA-nın Fəlsəfə kafedrasında imtahan qəbul edirdik.
O zamanlar ölkənin demək olar ki, bütün təhsil ocaqlarının aspirant və dissertantları bizim kafedrada imtahan verirdi.
Gləcəyin elm adamları bəlli sıralar üzrə imtahan zalına daxil olur, biletlərini çəkir, kamali-ədəb və ehtiramla suallara cavab verirdilər… İmtahan verənlər zalı tərk edir, onları növbəti “həmkarları” əvəz edirdi…
Qapı açıldı. Ucaboy, qamətli bir oğlan daxil oldu. Amma o, tək deyildi, oğlanın qollarının üstündə gənc, yaraşıqlı bir … xanım vardı. Kafedra müdiri Məqsəd müəllim də çaşdı, mən də. Əyləşmək üçün yer göstərdik. Oğlan ehtiyat və ehtiramla xanımı kreslada əyləşdirtdi. Təbii ki, onlardan biri imtahan verməyə gəlmişdi. Və çox güman ki, oğlan bu gənc xanımı imtahana gətirmişdi. Görəsən oğlan bu xanımın nəyi idi? Ehtimal ki, qardaşı, qohumu, sürcüsü ola bilərdi…
Ehtiyatla ordan-burdan suallar verdik. Söhbət əsnasında belə məlum oldu ku ki, xanım imtahan verməyə gəlib… Oğlan onun həyat yoldaşı imiş. İndi dəqiq xatırlamıram, onun xanımı ya doğulandan, ya da sonralar iflic olub, ayaqları tutulub, yeriyə bilmir. Bu yaraşıqlı oğlan bu zərif qızı sevib, onunla ailə qurub… Hər ikisi incəsənət sahəsinin adamı idi. Elmə maraq göstərirdilər.
Oğlan əlini uzadıb bilet çəkdi və götürdüyü bileti qıza uzatdı. Qız sualları ucadan oxuyub cavab verməyə başladı. Onun sərrast nitqi, aydın diksiyası, yumşaq səs tembri vardı…
Biz qızın biliyini qiymətləndirdik…
…Kitabçasında yazılmış yüksək qiyməti görən qız və onun həyat yoldaşı qəhərləndi.
Oğlan təşəkkür edib xanımını ehtiramla qucağına götürdü…
P.S.
Bu əhvalat haradan yadıma düşdü? Dünən bir neçə incəsənət adamı belə bir xoşbəxt cütlüyün olduğunu danışanda sizə nəql etdiyim bu əhvalatı xatırladım. Sən demə, həmin oğlan, adını-soyadını çoxdan unutduğum Mehman Abdullayev uzun illər Mədəni-maarif texnikumunda müəllim işləyibmiş, indi rəhmətə gedib. Xanımı da pedaqoq imiş, sonacan ailə ocağının odunu birgə qoruyublar.
Mənbə: Firuz Mustafa
Müəllif: Firuz MUSTAFA
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru