Yaralı qəlblər – Günnur Ağayeva – real hekayə

YARALI QƏLBLƏR
(hekayə)
Atası dünyadan köçəndə Chastity on doqquz yaşında idi. Bu yaşda insanın çiyinləri hələ həyatın ağırlığına tam hazır olmur. Qəlbi isə… qəlbi itkilə barışmağı heç bilmir. Atasının səsi bir anda kəsiləndə evin divarları da susmuşdu sanki. Saatın tıqqıltısı belə ona yad gəlirdi. O gündən sonra Chastity üçün zaman axmadı, süründü.
İlk gecə atasının telefonunu əlinə aldı. Ekranda son dəfə yazdığı mesaj hələ də açıq idi. Barmaqları titrədi. Yazmaq istədi. Sanki yazsa, cavab gələcəkdi. Sanki atasının yoxluğu sadəcə bir anlaşılmazlıq idi.
Və yazdı.
— Ata, bu gün çox darıxdım…
Mesaj getdi. Cavab gəlmədi. Amma Chastity özünü bir az yüngülləşmiş hiss etdi. Elə bil ürəyindəki daş bir az yerindən tərpəndi.
Beləcə günlər keçdi. Günlər aylara, aylar illərə çevrildi. Chastity hər gün atasına yazdı. Səhərlər “sabahın xeyir”, axşamlar “gecən xeyrə qalsın”. Universitetə qəbulunu yazdı, ilk işini, ilk uğursuzluğunu, ilk göz yaşını, ilk sevincini yazdı. Bəzən qəzəbləndi, bəzən gülümsədi, bəzən uzun-uzadı susdu, amma yenə yazdı.
Telefon susurdu. Amma Chastity üçün o səssizlik cavab idi. Atasının səssiz dinləməsi.
Dörd il keçdi.
Atasının ölümünün dördüncü ildönümünə bir gün qalmışdı. O gün Chastity daha ağır idi. Sanki köhnə yaralar yenidən açılmışdı. Telefonu əlinə aldı və yazdı:
— Sabah mənim üçün çox çətin bir gün olacaq, ata…
Mesajı göndərdi. Telefonu masanın üstünə qoydu. Ağladı. Uzun-uzadı.
Bir neçə dəqiqə sonra telefon titrədi.
Chastity əvvəlcə inanmadı. Sonra ekrana baxdı. Gələn mesaj vardı.
Əlləri əsdi. Ürəyi döş qəfəsini yaracaq kimi döyündü.
Mesajı açdı.
— Salam, canım…
O an zaman dayandı. Nəfəsi kəsildi. Göz yaşları yanaqlarından süzülüb ekranın üzərinə düşdü.
— Mən sənin atan deyiləm…
Dünyası silkələndi.
Mesaj davam edirdi. Naməlum bir adam — Brad. Dörd ildir onun mesajlarını oxuyan, hər səhər salamını gözləyən, hər axşam həyatından xəbər alan bir ata ürəyi… Öz qızını itirmiş bir ata.
Chastity oxuduqca göz yaşları daha da axdı. Bu dəfə kədərdən yox, qəribə bir təsəllidən. Dörd il boyunca yazdığı sözlər boşluğa getməmişdi. Kiminsə qəlbinə toxunmuşdu. Kiminsə yarasına məlhəm olmuşdu.
O axşam Chastity atasına son bir mesaj yazdı. Amma bu dəfə tək deyildi.
— Ata… sən getməmisən. Sən məni hələ də bir şəkildə dinləyirmişsən…
Telefon səssiz qaldı. Amma Chastity artıq bilirdi: bəzən mesajlar ünvanını dəyişir, amma mənasını itirmir. Sevgi itmir. Sadəcə yolunu dəyişir.
Və bəzən iki yaralı qəlb, bir səhv nömrədə tapır bir-birini.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir