RUHUN TƏSLİMİYYƏTİ Sən gedəli yuxu bilmir gözlərim, Kirpiyimdə mürgüləyir gecələr. Səhər vaxtı, ağaranda dan yeri Xatırladır səni bomboş küçələr. * * * Gecə-gündüz adın düşmür dilimdən, İçin-için dodağımda titrəyir. Səndən uzaq, sənsiz keçən ömür-gün Dizlərimin taqətində büdrəyir. * * * Çayı soyuq, içkini tünd içirəm, Sevişməyi sərt sevirəm, bilirsən. Nəfəsinlə oxşadığın ruhumdan Qalaqlanmış toz qatını silirsən. * * * Qulağımda nalələrin yenə də Cingildəyir gecənin bir yarısı. Bir nəfəslik toxunanda köz olur Dodağımda dodağının yarası. * * * Qayıt gəl ki, günəş doğsun ömrümə, Qaranlıqlar qaçırmasın yuxumu. Qayıt gəl ki, tənhalıqdan qurtulum, Qollarına təslim edim ruhumu…
YENİ SƏHİFƏ Sənsiz halım pərişan, Ürəyim qan ağlayır. Səssizliyin içimdə Tufan kimi çağlayır. * * * Sən axı görməmisən Yoxluğunun sərt üzün. Üstümdə ətrin qalıb, Pərdələrdə əl izin. * * * Gecəyə kölgən düşür, Ağrılar sancı çəkir, Nəmli divarlar boyu Xatirələr yaş tökür. * * * Dodağın qanlı bıçaq, Gözlərin dar ağacı. Tərsliyimə bağışla, Bir az halıma acı. * * * Sənsizliyin dibində Bu dərdin əlacı yox, Bircə dəfə zəng eylə, Bu dəli inadı yıx. * * * Hörümçəklər tor salıb Pəncərəmə, qayıt, gəl. Qollarında qucaq aç, Olanları unut, gəl…
GETMƏ, QAL Yağış altda islananda saçların Baxışların ürəyimdə köz olur. Dodaqların sinəm üstə nəm çəkir, Nəfəsin eşq, gülüşlərin söz olur. * * * Gözlərinin sehri nədir, baxanda? Dil quruyur, səsi əsir adamın. Səndən uzaq qan ağlayan könlümü Ovutmağa yetir adi salamın. * * * Gecələrin boynu bükük, hüznlü, Yoxluğuna danışıram yuxumu. Qayıt gəl ki, yox edəsən ömürdən Bu sənsizlik adlı qara qorxumu. * * * Dodağımda çata dönən həsrətə, Ürəyimdə yanan oda nəzər sal. Ömrüm-günüm, qucaqlayım, yaxın gəl, Saçlarına pıçıldayım: “Getmə, qal…”
SƏNSİZ OLMAZ Gəncliyimin üstünü Duman alanda gəldin. Könlüm yarpaq tökəndə, Ömrüm solanda gəldin. * * * Təqvimlərdə susayan Bir eşq dil açdı səndə. Susdu bütün ağrılar Öpüb sığal çəkəndə. * * * Qaranlıq təkliyimə Gözündən nur ələdin. Bu toz basmış ruhuma Bir azca su çilədin. * * * Dodağımda çırpınan Duatək sevdim səni. Varsa bir şübhə yerin, Al, çarmıxa çək məni. * * * Bir gün getmək istəsən, Gözlərimin qarası, Sənsiz olmaz, biləsən, Yoxdur səndən sonrası!
SOYUQLARIN ŞEİRİ Taleyindən yorğun düşən axşamın Sabahında gəldin könül evimə. Duaların yeddi göyü titrədən Savabında gəldin könül evimə. * * * Elə gəldin, üşütmüşdün, ruhumdan Bir nəfəslik qucaq açdım ovcuna. Otur bir az, isti şeir dəmləyim, Pıçıldayım saçlarının ucuna. * * * Xəzəl vaxtı yarpaq üstə mən sənin, Tanıyaram, gəlsən, ayaq səsini. Qurban olum, inciyəndə, küsəndə Bir də çıxma saçlarından hirsini. * * * Bir dənizdir, dalğalanır baxışın Qumral saçlar bəzəyəndə çiynini. Günəş solğun, buludludur havalar, Soyuq düşür, qalın geyin əynini. * * * Üşüsən, gəl payız vaxtı bir səhər, Dərdlərini alım yorğun canından. Gedirsənsə, birnəfərlik yer saxla Yaşamağa bir ömürlük yanında…
İTİRMƏK QORXUSU Yorğun baxışlarımdan Gülüşlərin asılar. Ovuclarımda səni İtirmək qorxusu var. * * * Bir də baxışların var, Bir ömrün gün işığı, Saçların şeir kimi, Ruhumun yaraşığı. * * * Tənhalıqda başlayır Nəfəsinin sükutu. Havalar da soyuyur, Gün parçalı, buludlu… * * * Bir sığal çək ruhuma, Gözlərində ovunum, Həyatın dərd yükündən Dizlərində ovunum…
SƏNƏ QAYIDAN YOLLAR Bir yol başın götürüb çıxıb getməyə nə var? Səndən də çıxıb gedən yollar sənə qayıdır. Zəngini gözləyirəm nə vaxtdır gecə-gündüz, Ruhumu səsin deyil, daha hicran ovudur. * * * Yandırır gecələrin gözlərini yoxluğun, Parçalanır ümidlər, doğranır ömür payı. Yollar uzaq, qayıt gəl, yuxularım yarımçıq, Sönür daha bu eşqin yanan günəşi, ayı. * * * Saçlarına hördüyüm bir arzuya, istəyə, Gülüşünə bağışla məni, getmə, nə olar? Hər şeyi unut, bircə məni unutma, gülüm, Xatirələr od olar, ovcumda közü qalar… Müəllif: Azər AĞAYEV
Biz bu gün 44 günün qəhrəmanlarından danışarkən unutmamalıyıq ki, hələ 90-cı illərdən Qarabağ uğrunda canından keçən igidlərimiz heç də az olmayıb. Onlardan biri də qəhrəman şəhidimiz Rzayev Faiq Hüseynağa oğludur. Faiq Rzayev 1975-ci il mayın 13-ü Bakı şəhərində anadan olub. Orta təhsili 150 saylı tam orta məktəbdə alıb. Orta təhsili başa vurduqdan sonra hərbi xidmətə yola düşüb. 1993-cü il mayın 14-də hərbi xidmətə başlayan igidimiz, 1994-cü ildə Qarabağ uğrunda gedən savaşlarda iştirak edib. Horadizin, Qazaxlar, Arayatlı və bəzi digər kəndlərin düşməndən azad olunmasında şücaət göstərib. 1994-cü ilin martın 20-si döyüş bölgəsində yaralanıb. Martın 21-i Bakıya xəstəxanaya gətirilən Faiq gecə 1-ə işləmiş doğulduğu saatda da şəhadətə ucalıb. Məzarı Bakı şəhəri ll Şəhidlər Xiyabanında olan qəhrəmanımız şəhadətindən sonra ölkə başçısı tərəfindən igidliyə görə medalı ilə təltif olunub. Qeyd edirəm ki, şəhidimizin təhsil aldığı məktəb hal-hazırda qəhrəmanımızın adını daşıyır və məktəbin qarşısında şəhid Faiq Rzayevin büstü ilə yanaşı bulaq abidəsi də var.
RAMİZ İSMAYIL Ramiz Məmməd oğlu İsmayılov 1 fevral 1948-ci ildə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Hazırda Xırdalan şəhərində yaşayır.
VİCDAN SANCISI
Ön hissəsi vitrin şüşələrindən yığılmış üç mərtəbəli binanın qabağında maşını saxlatdırıb şüşəsinə qara plyonka çəkilmiş qapını açıb yerə düşdü. Maraqla bu yaraşıqlı binaya baxıb heyrətini gizlədə bilmədi. “Əclaf düz deyirmiş, çox gözəl binadır. Proyektini kim veribsə fantaziyası çox güclüdür. Yaxşı da maya qoymuş olar”. Eynəyini çıxardıb yavaş addımlarla binaya tərəf gəldi. İri hərflərlə “V. İ. M Medikal Senter” yazılmış lövhəyə baxdı. Lövhə “qacan hərflərlə” işıqlandırılmışdı. Qapıya yaxınlaşanda qapı özü açıldı. İçəri girməmiş sürücüyə işarə elədi: yəni maşını bir sakit yerdə saxla, axtardığımız yer buradır. Foyedə adam çox idi, növbəyə yazılırdılar. Maskasını taxıb şüşəli arakəsmə arxasında oturmuş cavan qızlardan birinin pəncərəsinə yaxınlaşdı: -Xanım, dünəndən “onlayn” vasitəsilə növbə tutmuşam. Həm də məni Loğman Təbib göndərib. Qız Loğman Təbibin adını eşidən kimi ayağa qalxdı: -Xoş gəlmisiniz. Nə qulluğunuz? -Saat 11 tamamda həkimin qəbulunda olmalıyam. Əlavə nəsə bit şey lazım olacaq, yoxsa… gedim doxdurun yanına. -Siz düz saat 11 tamamda həkimin otağında olacaqsınız. Bir dəqiqə o yan-bu yan ola bilməz. Xatırladıram ki, hər pasiyent üçün səkkiz dəqiqə vaxt ayrılıb. Düz vaxtında otağa daxil olun. -Çox sağ olun, xanım. -Siz sağ olun. Onun qəbula düşməyinə düz on iki dəqiqə qalırdı. Maşına qayıtmağa ehtiyac yox idi. İkinci mərtəbəyə qalxıb onu qəbul edəcək həkimin qapısına yaxınlaşdı. Səliqəli hərflərlə yazılmışdı: uzman doktor, vicdanoloq İnsaf Mürvətli. Qəbul saatları: 9:00-dan 18:00-a qədər. İstirahət günləri və fasilə barədə məlumat yox idi. Dəhlizə göz gəzdirdi. Hər oturacaqdan sonrakına “oturmaq olmaz” yazılmışdı. Bu xəbərdarlığa baxmayaraq oturanlar var idi. Divarda iri hərflərlə “məsafə saxla” yazılmış və pandemini əks etdirən plakatlar asılmışdı. O, əlində növbəni bildirən qəbzə baxaraq “on beşinci kimdir” deyə soruşdu. -Mənəm, – həkimin qapısının lap yanında oturmuş bir nəfər orta yaşlı, başı dazlaşmış, şişman bir kişi dilləndi. – Siz yəqin məndən sonrasınız. – Ayağa qalxıb yerini ona göstərdi. – Buyurun, əyləşin. Tələsirsinizsə, növbəmizi dəyişə bilərik. Səhv etmirəmsə… O, yer göstərən adama təşəkkür edib sözünü tamamlamağa qoymadı. Guya təvazökarlıq edirdi. “Oturmaq olmaz” yazılan stolda oturub qarşısındakı şişmana diqqətlə baxdı. Sakit səslə soruşdu: -Ağlın nə kəsir bu doxdurdan? Məni bura bir mötəbər adam göndərib. Deyir bura analoqu olmayan tibb mərkəzidir. Şişman adam sanki söhbət üçün darıxırmış, maskasını çənəsinə salıb azacıq ona tərəf əyildi. -Mən sizi tanıyıram, – deyib yaltaqcasına gülümsədi. – ona görə də açıq deyirəm, tam əminliklə həkimə inana bilərsiniz. Şişman yenə nəsə demək istəyirdi. Bu vaxt həkimin otağının qapısı açıldı. Eynəyi başının ortasında, sinəsi yarıya qədər açıq, boğazında qəribə “tatu” olan, şalvarının dizləri bir neçə yerdən it parçalamış kimi cırıq görünən cavan qız nəzakətlə: -On beşinci buyursun! – dedi. Şişman tez ikiqat əyilərək: – müəllim, buyurun, keçin, – dedi. *** …Həkimin yaxşıdan-yaxşı “abstanovkası” olan otağına göz gəzdirdi. Onun əvvəlki xəstəyə nisbətən özünü lovğa və təkəbbürlü aparması həkimin nəzərindən yayınmadı. “Xəstə” dilucu özünü təqdim etdi: mən Vəkil Daimiyəm. Həmkarım Loğman Təbibin tövsiyyəsi ilə gəlmişəm. -Xoş gəlmisiniz. – Həkim təkəbbürün mənasını anladı. – Loğman bəy bir nəfəri göndərəcəyini demişdi. Adınız nəsə məni çaşdırdı. Bu, sizin əsl ad-familiyanızdır, yoxsa … -Xeyir, bu mənim təxəllüsümdür. -Siz şairsiniz? -Həm də şairəm, nasirəm, dramaturqam. Loğmanla danışmışıq, sizinlə bərabər qəbulda iştirak edib bu xeyirxah işinizdən material toplayıb geniş məqalə yazacağam. -Həm də… -Bəli, həm də otuz ildi millət vəkiliyəm. Ona görə də deputat dostlarım hörmət əlaməti olaraq “Vəkil Daimi” təxəllüsü veriblər. Şairliyim yerində. Lazım gəlsə, kosmik tədqiqatlardan danışa bilərəm. Lazım gəlsə, atom nəzəriyyəsindən mühazirə oxuyaram, ailə-məişət məsələlərindən samballı mülahizələrimlə hamını mat qoyaram, sonsuzluqla mübarizə yollarını dünyanın ən məşhur ginekoloqlarına izah edə bilərəm. Pandemiya ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatına tövsiyyələr verərəm. Tak şto, doxdur, mən otuz ildə elə-belə, qara qaşıma, gözümə görə millət vəkili olmamışam. Boş yerə mənə “Vəkil Daimi” demirlər. Televiziya kanallarında gündə ən azı eyni vaxtda dörd-beş verilişdə məni göstərirlər. Özü də canlı, həm də müxtəlif mövzularda. -Yəni millət qarşısında xidmətləriniz böyükdür. -Böyükdür yox, lap çox böyükdür! Sayım? -Zəhmət olmasa… -Bakının dörd ən yaxşı yerində səkkiz dənə iki mərtəbəli şadlıq sarayı tikdirmişəm. Hər nəvəmin adına birini. Üç rayona avtobus marşrutu açmışam. Böyük bir taksi şirkətim var. Bunların hamısı xalqın xidmətindədir. -Bütün bu xidmətlər yəqin ödənişsizdir. Vəkil Daimi əlini-əlinə vurub şaqqanaq çəkdi: -Kefin olsun, ay həkim! A kişi indiki zəmanədə adamın halal arvadı ərinə pulsuz… – Vəkil Daimi kənardan ona diqqətlə qulaq asan gənc xanıma görə deyəcəyi sözü dəyişdi. – xidmət eləmir. Elə sizin xidmət. Bütün özəl klinikalarda olmuşam. Sizdəki xidmət haqqı heç yerdə yoxdur. Sizdə qəbul, ödəniş iki üç-qat yüksəkdir. Səbəb nədir? -Səbəb odur ki, bizdə xidmət superdi. Maşın parklama, yumşaq stullar, ayaqyolu, koridorda nəfəs almaq, hamısı xidmət haqqına daxildir. Yaxşı, heç demirsiniz sizin şikayətiniz nədəndir. -Mənim vicdanım ağrıyır. -Bu məlumdur, ayrı xəstəliyiniz olsa başqa yerə gedərdiniz. Vicdanınızı ağrıdan nədir? -Qısa deyəcəm. Otuz ildə nəvələrimin hamısının nəvəsinə də gün-güzəran üçün şərait yaratmışam. Xeyli fasilədən sonra Avstraliyada yaşıyan qızımın nəvəsi dünyaya gəlib. İndi mənim vicdanım qəbul eləməz ki, məndən ona bir miras qalmasın. Çox fikirləşdim, axırda belə qərara gəldim ki, ona heç olmasa on-on beş hektar torpaq sahəsi alım. İçində bir arxitekturalı məscid tikdirim. Sonra fikirləşdim: baş molla başı buna imkan verməz. Yəni, ona bata bilmərəm. Belə qərara gəldim ki, torpaq alım, içində mürdəşirxana tikdirim, qəbir daşları üçün sex açım. Özün bilirsən də qəbir daşları get-gedə bahalanır. Bütün bunları təzə nəvəmin adına sənədləşdirim. Həm xalqa xidmət olar, həm də dolanışıq. -Bütün bunların vicdana nə dəxli var? -Ay doxdur, bunları eləməsəm, mənim vicdanım sakit ola bilərmi? Gəlişimin də səbəbi odur ki, vicdanım sakitləşdirmək üçün mənə dərman yazasınız, yerin deşiyindən də olsa taparam. -Yerin deşiyi lazım deyıl. Düşün birinci mərtəbəyə, bizim aptekdə “Vicdanavin” adlı dərman var. Öz istehsalımızdır. Cəmisi iki yüz manatdır. Bir ay hər gün qəbul edin. Sonra yenə gələrsiniz. -Nə bahadı, doxdur, bu qiymətə dərman olar? -Vicdan ağrısı elə belə dərmanla müalicə olunmur, hörmətli millət vəkili. Bu dərman şəxsən Loğman Təbibin kəşf elədiyi dərmandır. – Həkim saatına baxdı. Vəkil Daimi onun fikrini başa düşdü. Növbəti xəstə gəlməli idi. Bu şışman olmalıydı. *** Şişman içəri girib əyilə-əyilə həkimə salam verdi. Həkimin göstərdiyi stulda əyləşəndə də elə görünürdü ki, stula da qıymır: stul əziyyət çəkər. Həkim diqqətlə ona baxdı: -Siz elə bil mənim yanımda olmusunuz. -Olmuşam, doxdur, ikinci dəfədir gəlirəm. -Nə oldu, müalicənin xeyri dəymədi? -Mən atama görə gəlmişəm. -Necə yəni atama görə, başa düşmədim. -Doxdur, mənim atam sovet dövründə “abaxeyis” işləyirdi. O vaxtlar bilirsiz də-ə, zambağlar yaxşı pul qazanırdılar. Amma ilişəndə də qazandıqları burunlarından gəlirdi. Üç qəpikdən ötrü tutub ya “qoduxluğa” salırdılar, ya da gönünə qədər soyurdular. Atam məni həmişə ayrı-ayrı mağazalara alver eləməyə göndərirdi. Mağazada məni uşaq bilib beş-üç qəpik aldadırdılar. Atam mağazanın çölündə məni gözləyirdi. Mən qapıdan çıxmamış saxlayırdı və… qalanı məlum məsələ idi. Zambaq… Həkim onun sözünü kəsdi: -Zavmaq. -Hə, zavmaq da işini bilirdi. Ya əlli-ayaqlı getməli idi, ya da atam deyən məbləği verməli idi. Beləliklə… qazanırdıq. Dəfələrlə qulağım eşidə-eşidə atamın dalınca deyirdilər: vicdanın itin olsun. -Bu söhbətin sənin xəstəliyinə nə dəxli var? Sənin vaxtın gedir. Dərdini de. – Həkim səbirsizliklə dilləndi. -Həkim, elə dərdim budur. Atam rəhmətə gedib. Hər gecə yuxuma girir. Deyir, a bala, məni bu gorda da rahat yatmağa qoymurlar. Hey deyirlər oğlun sənə rəhmət oxutdurur. O qədər vicdanını itirmisən ki, mənim kimi “vicdanı itin olmuş” adama indi rəhmət oxutdurursan? -Dayan görüm, sən nə işlə məşğulsan? -İş verən adam kimi tanıyırlar məni. -Pis iş görmürsən ki, adamları işlə təmin edirsən, çörək qazanırlar. Bunun nəyi pisdir ki?! -Bu iş siz düşünən iş deyil, doxdur. Elə iş görürəm ki, mənim də arxamca “vicdansız köpəkoğlu vicdansız” deyirlər. İndi soruşmaq istəyirəm: bu vicdan nə olan şeydir? Siz onu necə müalicə edirsiniz? Vapşe onun müalicəsi varmı? Həkim saatına baxdı. -Sizin vaxtınız qurtardı. Ayrı vaxt gələrsiniz. Növbəti xəstənin haqqına girməyin. Şişman ayağa qalxar-qalxmaz həkim xanım qapını açıb məlahətli səslə: -Növbəti xəstə zəhmət olmasa, buyursun, – dedi. *** Vicdanoluqun növbəti xəstəsi özünü millət vəkili kimi yekəxana aparmasa da sadəlik də hiss olunmurdu. O, otağa girib əyləşən kimi İnsaf Mürvətli onun üzünə baxdı: yəni eşidirəm. -Mən super marketlər şirkətinin prezidentiyəm. Bura vicdanımın səsinə qulaq asıb gəlmişəm. -Əcəb eləmisiniz. Bura gələnin heç biri bağırsaqlarının səsinə qulaq asıb gəlmir, – həkim özü də hiss etmədən kobud şəkildə dedi, – eşidirəm sizi, buyurun! -İşçilərimdən biri mənə dedi ki, şef, yaxşı ucuz ət yeri eləmişəm. Dedim murdar olmuş heyvan ətidir? Dedi, yox əşi, at ətidi, eşşək ətidi. Rayonda kəsib itə, pişiyə yedizdirirlər. Vicdanım sancdı. Atın, eşşəyin dalında böyümüş adamam. Atdan düşüb eşşəyə, eşşəkdən düşüb ata, ayıb olmasın elə də minmişik, belə də, Tem bolye, at-eşşək də deputat seçildiyim, doğulduğum rayonun ərazisindən idi. At, eşşək mənim üçün əziz heyvanlardır. Elə Özbək, Qazax qazrdaşlarımız da bu heyvanlara hörmətlə yanaşırlar. Atın, eşşəyin kəsilib itə, pişiyə yedizdirilməsi vicdanımı göynətdi. O cür nəcib, illərlə insanlara xidmət eləyən məxluqların belə urvatsız olmasına vicdanım dözmədi. Beş tona yaxın ət idi, gətizdirib verdim qəssablarımıza. Mal əti əvəzinə camaata ucuz qiymətə satdılar. Hər dəfə atın, eşşəyin qabırğasına balta dəydikcə elə bilirdim mənim cəmdəyimə dəyir. Bir təsəllim o oldu ət itə, pişiyə yem olmadı. Həyəcanım son həddə çatmışdı. Ət satılıb qurtarandan sonra vicdanım bir az sakitləşdi. İndi hər ehtimala qarşı profilaktik tədbir üçün yanınıza gəlmişəm. -Bax buna deyərəm vicdan. Vicdanoloq bir az kövrəlmiş, bir az da məmnun halda dedi: -Gedin birinci mərtəbəyə, aptekçiyə mənim adımdan deyin sizə “Vicdanavın” versin. Duyğulu insan belə olar. Həkim ayağa qalxıb rəğbətlə xəstəni qucaqladı, əl tutuşub ayrıldılar. Xəstələrin qəbulu davam edirdi. Növbəti xəstə vəkil idi. Hüquqşunas vəkil. Qırx il vəkillik etdiyini, lakin bir dənə də məhkəmə işini uda bilmədiyini etiraf etdi. Əzrayılla əlləşdiyini, o dünyada qır qazanında yandırılacağını qorxa-qorxa vicdanoloqa danışıb kövrəldi: bilirəm ki, günahımı heç nə ilə yuya bilməyəcəm. Ona görə gəlmişəm ki, vicdanımın, qismən də olsa, təmizlənməsinə köməyiniz dəyə bilərmi? Həkim onu da “Vicdanavin” almağa göndərdi. Növbəti xəstə nə təhər həyacanlanmışdısa vəzifəsini, iş yerini, adını da düz-əməlli deyə bilmədi. Dili dolaşa-dolaşa “mən pensionnu fonddan gəlmişəm” dedi. O, həkimin sualını gözləmədən ləhliyə-ləhliyə dərdini danışmağa başladı: -Doxdur, bütün umidim sizədir. Səkkiz-doqquz milyon əhalinin ahı-nifi məni tutmamış bir əlac eyləyin. -Ay kişi, bir de görüm nə olub? Dərhal ağlaşma qurursan. -Doxdur, mən pensiya idarəsində işləyirəm. Göstəriş aldım ki, pensiyaları artırmaq üçün sənədləri hazırlayım. Necə sevindiyimi özün təsəvvür elə. İşin gedişatında məlum oldu ki, bir milyon üç yüz min pensiyaçının pensiyasını orta hesabla iyirmi-iyirmi beş faiz artırmaq olar. Şöbənin müdirinə hesabatı göstərdim. Dedi lap yaxşı. Yaxın üç-dörd ay ərzində tam dəqiqləşdirib xalqımızı sevindirərik. Başağrısı olmasın, doxdur, televiziyadan xəbər tutdular. Təsəvvür elə də camaatın sevincini. Sən demə, qardaş, bu xəbərə qara camaatdan çox işbazlar sevinirmiş. Dərhal qiymətlər qalxmağa başladı. Köhnə malları da, təzə malları da gündən-günə artırılmış qiymətə satdılar. Altı aydan sonra pensiyalar vur-tut heç dörd faiz də artırılmadı. Bir milyon qara camaatın pensiyasının bu artımı səkkiz-doqquz milyonun “civinə vurdu”. Bu milyonun ahı-nifi məni tutacaq-tutmuyacaq, bilmirəm, amma vicdan əzabı məni öldürəcək. Bu az imiş kimi min manatdan yuxarı pensiya alanlara pensiyanın on faizi qədər yardım təyin elədilər. Bu az qala qara camaatın aldığı pensiyanın ümümi məbləği qədərdir. İndi doxdur, vicdan ağrısı öldürür məni. Bir əlac elə, yalvarıram. Vicdanoloq müşkül vəziyyətə düşdüyünü anladı. Xeyli fikirləşəndən sonra çarəsiz halda dedi: -Səninki, Allaha qalıb. “Xəstə” iki əliylə başını tutmağı ilə stuldan tirtap yerə yıxılmağı bir oldu. Mühafizə işçilərini çağırıb onu ayıltmaq üçün başqa otağa apardılar. Növbəti “xəstə” elə bil saatı-dəqiqəni gözləyirmiş, “nemes” dəqiqliyi ilə səkkizinci dəqiqənin tamamında vicdanoloqun otağına girdi. Salam verib əyləşdi. Həkim bayaqki xəstənin halından nigaran qalsa da özünü ələ alıb sakitləşdi. Hər halda həkim idi, soyuqqanlı, təmkinli olmaq vacib şərtdir. -Buyurun, eşidirəm sizi, – deyib xəstənin üzünə baxdı. -Həkim, mən “Abşeron” tikinti şirkətinin rəhbəriyəm. Bütün Abşeron ərazisində müasir “novostroyka”ları bizim şirkət inşa edir. Saysız-hesabsız binalarımız, saysız-hesabsız da müştərilərimiz var. “İpoteka” krediti ilə evlər tikib, Beynəxalq Bank vasitəsi ilə mənzillər satırıq. İyirmi il müddətinə ödənişlə. Nə gizlədim, elə mənzil vardı dörd-beş dəfə satmışıq. Krediti ödəyə bilməyənləri iki ay gözləyirik. Ödüyə bilməsələr sorğusuz-sualsız evdən çıxardırıq. Səksən-doxsan min ödəyən sakinlərin də elə olub evlərini əllərindən almışıq. Qısası, həm ev tikirik, həm ev yıxırıq. Ən mötəbər instansiyalara da şikayət etsələr, xeyri yoxdur. Üzümüzə itin sözünü deyirlər, peysərə veririk. Abrımızı (olmayan) ətəyimizə bükürlər, qarğış eləyirlər, qızara-qızara gözümüzü döyürük. O qədər qarğış elədilər ki, xəstəlik tapmışam. Bəla burasıdır ki, əlacını tapa bilmirəm. Ürək həkimi mədə-bağırsaq həkiminə göndərir. Mədə-bağırsaq həkimi pulunu alır, böyrək həkiminə göndərir. Böyrək həkimi qara ciyərimi yoxlatdırmağı məsləhət görür. Hamısı da özün bilirsən də, elə-belə başa gələn şey deyil. (Xəstə barmaqlarını bir-birinə sürtdü). Dərdimə əlac yox idi ki, yox idi. Bu yaxınlarda təsadüfən dərdimi tapdım. Səksən min manatdan cox kredit ödəmiş bir nəfər axırıncı iki ayı ödüyə bilmədi. Göz açmağa qoymadıq, evdən çıxartdıq. Onlar ev əşyalarını maşına yığanda ordan keçirdim, iki yeddi-səkkiz yaşlı qız uşağı məni görəndə yaxınlaşıb bir az üzümə baxdılar. İkisi də birdən dedilər: “Heç vicdanınız ağrıdımı?” Qəfil elə bil yuxudan ayıldım. Aha, bəlkə mənim vicdanım ağrıyır? İndi sizdən soruşuram; ola bilərmi mənim vicdanım ağrısın? Həkim diqqətlə qulaq asırdı. Bir qədər fikirləşib “xəstə”nin üzünə baxdı: -Narahat olmayın. Sizin vicdanınız ağrımır. İnsanın orqanizmində olmayan şey ağrımaz. – dedi: “Xəstə” narazı halda dilləndi: -Sizin sözünüzdən belə çıxır ki, mənim vicdanım yoxdur. -Mən demədim, özünüz dediniz. Növbəti vicdanı ağrıyan xəstə otağa girəndə şirkət rəhbəri otaqdan çıxmağa məcbur oldu. Hələ növbədə “vicdan xəstəsi” cox idi. Keçmiş icra başçıları, bələdiyyə sədrləri, ikinci (hətta birinci) Qarabağ müharibəsi dövründə rüşvət olan hərbi komissarlar, ölmüş xəstələrin yaxın adamlarını aldadıb pul alan həkimlər, keçmiş polis rəisləri, “uçaskovu “lar məktəb direktorları, işiq, qaz, su təsərrüfatı işçiləri kimlər… kimlər. *** …Vəkil Daimi vicdanoloqun yanından çıxıb bu yaraşıqlı binaya bir də qibtə hissi ilə baxıb fikirləşdi: -Nə təhər olub mənim ağlıma düşməyib belə bir tibb mərkəzi açmaq. Loğman Təbib məndən beş il sonra millət vəkili seçilib, amma gör necə ağıllı işlər görüb. O, birbaşa Loğman Təbibin yanına getməyi qərara aldı. “Gedim həm təşəkkür edim, həm də bir az söhbətləşək”. *** …Loğman Təbiblə şəstlə salamlaşıb həmişə çay içdikləri “cay evi” nə getdilər. Bu obyekt də Loğman Təbibin idi. Sakit, xudmani bir otaqda oturdular. -Hə-ə, qardaş, sağlığına qismət, çox gözəl tibbi mərkəz yaratmısan. Zövqünə heyran oldum. Əcaib də ad qoymusan: “V. İ. M. Medikal senter”. Bu nə deməkdir? Loğman Təbib gülümsədi: -Elə bilirsən təkcə sən şairsən? V – Vicdan, İ – İnsaf, M – Mürvət deməkdir. -A-a, başa düşdüm, doxdurun adına “aformut” eləmisən. -Yox əşşi. Doxdurun adı deyil. Heç doxdurum da doxdur deyil. Bilmirəm baytarlıq kursunumu, zootexnik kursunumu qurtarıb. -Dayan görüm, bəs məni o mal doxdurunun yanına niyə göndərmisən? -Reklam üçün, desinlər filankəs də orada müalicə olunur. -Sənin reklamın xatirinə beş yüz manatım getdi. -Qaytaracam, qorxma -Nə əcəb belə bir mərkəz ağlına düşüb? -Bilirsən, kolleqa, bizim camaatın bir xüsusiyyəti var. Nə olur, olsun, xarici olsun. Burda öz həkimlərimizi qoyub üz tuturlar İrana, Turana. Görməzə-bilməzə əllərinə keçən həkimlərə pul paylayırlar. Əziyyətləri də daha demə. Vicdanım qəbul eləmədi. Dedim bu pullar niyə əcnəbililərə qismət olsun. Elə də elədim: gördüyün o tibb mərkəzi vicdanımın məhsuludu. -Halaldı. Biz bu millətə hələ çox vəkillik eləməliyik. Amma bilmirəm bu millət qədrimizi biləcəkmi? Vəkil Daimi mürəbbəli çay içməyə başladı. Loğman Təbib də armudu stəkana çay süzüb bir qurtum içdi. -Kolleqa, heç demədin “vicdanoloq”un yanından nə təəssüratla qayıtdın? -Qardaş, mən çox şeyi açıb ona demədim. Sözün düzü Qarabağda işğaldan azad olunmuş ərazidən torpaq sahəsi almaq istəyirəm. Gələcəkdə turizm mərkəzi yaratmaq fikrim var idi. Özün bilirsən da bilmək olmaz, bir də gördün ruslar erməniləri qaytardı basdı oralara. Yaxşısı budur Abşeronda torpaq alım. Nə qədər ki, sağam, bir mərasim evi tikdirim, qəbir daşı düzəldən usta tapım, ömürlük çörək var. -Qarabağda torpaq sahəsi almaq ağıllı fikirdi. Amma bir məsələ var: 44 günlük müharibədə bizim bu ölkəyə qırx dörd qəpiklik xeyrimiz dəymədi. Uşaqlarımızın hamısı xaricdə yaşayırlar. Arvad da gah oğlunun, gah qızlarının yanında olur. Bir ay Türkiyədə, üç ay Niderlandda, iki ay Almanyada, heç üzünü də görmürəm. -Zato “göyərçin”lə romantik həyat yaşayırsan. Təbib Loğman güldü -O da qudurub. Deyir “turac” yüz əlli minlik maşında gəzir, mənim haram ondan əskikdi ki, yetmiş minlik maşında gəzim. Dedim sən öl evi də əlindən alaram, maşını da, qalarsan mələyə-mələyə. Dedi səni şantaj eləyərəm, üzünə duraram, nə bilim nə… -Yaxşı deyiblər: zəhərdə şəfa olmaz, qəhbədə vəfa. -Hə, dedim səni küllü-küf edərəm, izin-tozun bilinməz. İndi köpü alınıb, yalvarır. Amma qələt eləyir o, iç üzünü göstərdi. Qardaş, o cəhənnəm olsun. Sözümün canına qulaq as. Qarabağda qohum-əqrabandan vuruşan var, yox! Heç mənim də yoxdur. Nə üzlə indi Qarabağda torpaq almaq istəyirik? Bircə əlacı var. Qarabağda vuruşan bir yetim, kasıb uşaq tapıb onun adına almaq. Bəlkə o da bəlkə belə mümkün olar. Biz Qarabağdan torpaq umuruq. Buna vicdan yol verərmi? Vəkil Daimi yenə “bu məndən ağıllı yol tapıb” deyə fikirləşdi. -Cəhd elə də, qardaş, Allahın işidir, bəlkə alındı. -Allah bu sovet hökümətini dağıdanların atasına rəhmət eləsin. Sovet dövründə biz belə cəh-cəlal qura bilərdik. – Loğman Təbib söhbəti dəyişdi. – Amma bir şey pis oldu: Bu Rusiya-Ukraniya müharibəsi başımıza oyun açmasa yaxşıdır. -Vaxtında tədbir görməmisən? -Görmüşəm, xarici banklardakı pullarımın böyük bir hissəsinə bir neçə mülk almışam. Qalan hissəsi də uşaqlarla arvadın adındadır. Bir az arxayınam. Mənim də sərvətim uşaqların və nəvələrin adınadır. Həm də Avstraliya bir az etibarlı yerdir. -Allaha pənah, – deyib ayağa qalxdılar. Loğman Təbib Səhiyyə Nazirliyinə, Vəkil Daimi isə telekanallara gedəcəyini deyib ayrılanda Vəkil Daimi dedi: -Sən vicdanın, mənim beş yüzümü qaytar ha! -Vicdanım haqqı, qaytaracam!
Valideyin nümunəsinin ailə tərbiyəsinin səmərəliliyinə təsiri.
Ailə uşaq üçün ən yaxşı qarşılıqlı münasibət və ünsiyyət ocağıdır. Ailə çox mühüm sosiallaşma amili, tərbiyənin subyekti, uşağın özünüinkişafı, özünütəsdiqidir. Uşaq məhz ailədə ilk dəfə olaraq sosial qarşılıqlı əlaqədə olur, özü üçün insani münasibətlər aləmi açır, özünütərbiyə subyektinə çevrilir. Bu zaman ailə həmçinin uşağın şəxsiyyət kimi inkişafı prosesində neqativ, mənfi təsirlər də göstərə bilir ki, buna səbəb ailədaxili konfliktlər, ailənin maddi vəziyyəti, güc və zorakılığın tətbiqi, uşağın inkişafına psixitravmaların təsiri, nəhayətdə uşağın tərbiyəsinə valideynlərin mənfi münasibətləridir.
Normal ailə atmosferinin yaradılması o deməkdir ki, valideynlər uşaqları tərbiyəsi üzrə öz borc və məsuliyyət hissini dərk etsin, ata və ana arasında münasibətlər qarşılıqlı hörmətə əsaslansın, uşaqlar ailə təsərrüfatının həlli məsələlərinə cəlb edilsin, istirahət, idman, turizm, birgə gəzintilər ağıllı, əlverişli və münasib şəkildə təşkil olunsun. Ailə birlikdə musiqi dinləmə, kitab mütaliəsi ilə məşğul olsun, incəsənət və mədəniyyət tədbirlərinə, teatr və kinoya getsin və s. Bütün bunların həyata keçirilməsi, müsbət həlli isə valideyinlərin, ailənin yaşlı üzvlərinin biliyi, bacarığı və rəhbərlik üslubunun səviyyəsindən asılıdır.
Valideyn uşağın həyatında, ictimai aləmə, cəmiyyətə qoşulmasında mühüm rol oynayır. Onun şəxsi keyfiyyətləri ailədə uşağın həyatına çox güclü təsir göstərən bir vasitədir. Təsadüfi deyil ki, biz həyatımızın çətin anlarında valideynlərimizi anır, onları düşünür, onlara müraciət edirik. Ətrafdakı insanlara, hadisələrə münasibətlərimiz, hiss və duyğularımız elə bir hisslər, duyğular və münasibətlərdir ki, onu digər emosional vəziyyətlərlə müqayisə etmək mümkün deyil. Valideyn və uşaqlar arasındakı doğma, spesifik hisslər belə bir başlıca cəhəti müəyyənləşdirməyə imkan verir ki, əgər uşaqlar valideynlərinin fikrini, davranış tərzini özü üçün etalon, əsaslı nümunə kimi qəbul edirsə, valideynlərdə uşağın həyatını qurmağı, ona həmişə qayğılı münasibət göstərməyi bacarmalıdır.
Valideyn nümunəsi və avtoriteti (nüfuzu) sosial varisliyin mühüm mexanizmi kimi yaşlı nəslin yetişən nəslə mənəvi– əxlaqi təcrübəsinin ötürülməsidir. Valideyn nümunəsi sosial təcrübənin spesifik formasıdır. Ata və ana uşağın gözündə bu avtoriteti qoruyub saxlamalıdır.
Ailədə uşağın yüksək mənəvi– əxlaqi tərbiyəsi üçün ata və ananın nümunəsi uşaq üçün avtoritet olmalıdır. Valideynin həqiqi nüfuzu o zaman yaranır ki, o həm də siyasi və vətəndaşlıq keyfiyyətlərinə malik olsun. Uşaq bilməlidir ki, onun valideynlərindən hər ikisi, yaxud hər hansı biri ictimai fəaliyyəti görüşləri ilə fərqlənir. Bu zaman uşaq valideynlərinin uğurları ilə fəxr edir
Valideynin işini layiqincə həyata keçirmək üçün avtoritet ilk özül, bünövrədir. Bu özülü doğru məcraya, müsbət məzmun istiqamətinə yönləndirmək üçün valideynlərin yüksək pedaqoji mədəniyyətə, uşaq tərbiyəsi işində pedaqogikanın müasir elmi nailiyyətlərini əks etdirən bilik və bacarıqlara yiyələnməsi vacibdir. Valideynin pedaqoji mədəniyyəti ümummədəniyyət bazası və xüsusi hazırlıq əsasında formalaşır. Məqsədin, vəzifələrin təhlili əsasında, tərbiyənin məzmun, forma və metodlarının emprik modelini yaratmaq ailənin pedaqoji mədəniyyətini ifadə edir.
Valideynlərin pedaqoji mədəniyyətinin yüksəldilməsi üzrə işin məqsədyönlü təşkili üçün pedaqoq-müəllimlərlə ailənin əməkdaşlığına xüsusi önəm vermək lazımdır. Pedaqoqların valideynlərlə qarşılıqlı əlaqələrinin formalaşdırılması təhsil müəssisələrinin sosial siyasətinin prioritet istiqamətini təşkil edir. Təhsil vətəndaşın formalaşmasında əhəmiyyətli rol oynayır. Lakin unutmaq olmaz ki, məhz erkən yaşlardan uşaqlarda əxlaqi dəyərlər, o cümlədən, vətəndaşlıq keyfiyyətləri formalaşdırılır, həyat tərzinin ağılla və bacarıqla qurulmasının orientiri müəyyənləşdirilir. Ancaq təcrübə göstərir ki, bir çox valideynlər uşaqların tərbiyəsi sahəsində xüsusi biliklərə malik deyillər. Onlar ailədaxili əlaqə və münasibətləri qurmaqda çətinliklərlə rastlaşırlar. Ona görə də yeni nəsilin lazımi səviyyədə tərbiyə olunmasında pedaqoqların ümumi səylərinə ehtiyac vardır.
Beləliklə, aydın olur ki, ailə institutunda uşaqların tərbiyəsinin müvəffəqiyyətini təmin etməyin çox mühüm amili kimi valideyn nümunəsi, onun rəhbərlik xüsusiyyəti, avtoriteti çox zəngin məzmuna və mahiyyətə malik pedaqoji hadisədir. Valideyn nümunəsi hamının qəbul etdiyi əhəmiyyətə və mahiyyətə malik olmaqla təsirli tərbiyə amili və pedaqoji takt kimi hərəkət qaydaları, fəaliyyət üsuludur.
Şəkidə yaşayıb-yaradan tanınmış şair Zaur İlhamoğlu Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Bu barədə o: – “Azərbaycan Yazıçılar Birliyinin üzvü oldum. Mənə etimad göstərən, yaradıcılığıma dəyər verən, mütəmadi soruşan, maraqlanan, uğuruma sevinən hər kəsə sonsuz minnətdarlığımı bildirirəm!” – deyə öz sosial şəbəkə hesabında sevincini çoxsaylı oxucuları ilə bölüşüb. Mənbə: facebook.com
ÜZÜMÜZÜ GÖRMƏ! Könlü işıqlı olanın, İşi yox gün işığıynan! Ruhu təmiz olduğundan, Yeyəcək öz qaşığıynan! ★ ★ ★ Heç dərdini çəkməginən, Nə yaxşı görmürsən bizi. Könlün saf, ruhun pak qalsın, Görməyəsən belə üzü… ★ ★ ★ Çalış, duyma səsimizi, Xəbərsiz ol halımızdan. Xoş halına xəbərsizsən, Boş-boş qeylü-qalımızdan… ★ ★ ★ Dərdin çəkmə bu dünyanın, Öz dünyanı xürrəm yaşa! Sənin gözün bizdən iti, Ayağın dəyməsin daşa! ★ ★ ★ Əzada gözü sağlar var, Görsə də ruhu sikəstdir. Gözün deşəni görməyir, Çünki ruhən o nakəsdir! 13.11.2022. Bakı.
QATIQ Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə süfrələrin padşahı. Baxırsan ki, bığlarınıda “bığ yağı”, Fors eləyir, cibində yox bir şahı. * * * Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə onun adı yavanlıq. Baxırsan ki, düz əməlli adamdır, Yazıq olub, evin yıxıb cavanlıq. * * * Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə kiçik dünya ibrəti. Nehrə onu elə qəşəng çalxayır, Söz artıqdı, tutan tutdu söhbəti… * * * Qatıq deyib, fors eləmə qardaşım, Ustac görüb tuluq-tuluq turş qatıq, İndi “yağ”dır “vitrin”ləri bəzəyir. Ya “şor” olub, ya “turş ayran”, ya “atıq”… 12.11.2022. Bakı.
Bəzən iddia olunur ki, Məhəmməd Füzulinin və Şah İsmayıl Xətainin əsərləri Azərbaycan dilinə vurulmuş ən böyük zərbədir. Və bu məsələni sübut etməyə çalışan bəzi şəxslər belə bir ifadə işlədirlər ki, “biz bu ədiblərin dilini başa düşmürük, müasir Azərbaycan dili ilə heçbir əlaqəsi yoxdur.”
Birincisi onu qeyd edək ki, Azərbaycan dilinin inkişaf prosesi qısa bir zaman kəsiyində deyil, uzun müddət davam etmişdir. Belə ki, ümumxalq dilinin formalaşması XIII-XVI əsrləri, ədəbi dilin formalaşması isə XVII və XX əsrləri əhatə edir. Ümumxalq dilimizə ən böyük töhfəni verən şəxslər də məhz klassik ədiblərimiz hesab edilir. Orta əsrlər dövründə yazıb-yaratmış İzzəddin Həsənoğlunun əlimizdə olan külliyyatı yazılı Azərbaycan dilinin qədimliyinin ən böyük göstəricisidir.
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Müasir dilçilik aspektindən bu beytin təhlilatına qalxmaq ən böyük cahillikdir. Çünki fars dilinin ədəbiyyatda tüğyan etdiyi dövrdə türk dilində yazmaq ənənəsi yeni başlamışdır.
Səfəvilər dövlətinin hakimiyyətə gəldiyi dönəmdə xüsusən də Xətainin zamanında ümumixalq dilimiz kifayət qədər inkişaf etmişdir.
Bu cümlədən оl nədəndürür piş?
Kim, məndən apara nuşi-biniş?
Linqvistik baxımdan beytdə nəzər yetirsək nədəndürür sözünün müasir dilimizdə nədəndir sözü ilə paralellik təşkil etdiyinin şahidi olarıq. Belə ki, orta əsrlər dövründə dır şəkilçisinin iki dəfə istifadə olunması müasir Azərbaycan dilinin tələblərinə uyğun olmadığı üçün səsdüşümünə məruz qalmışdır. Bundan əlavə Xətayi yaradıcılığında vurmaq sözü urmaq kimi rastımıza çıxmışdır. Müasir dilimizdə buna səsartımı deyilir. Sözügedən elementlər onu göstərir ki, dilimiz müasir səviyyəyə gələndə qədər müəyyən mərhələlərdən keçmişdir və bu mərhələlərdən keçirdənlər də klassik söz ustalarımız idi.
Düzdür Xətai türk dili ilə yanaşı fars dilində də yazıb yaratmışdır. Lakin onun fars dilini bilməsi dilimzə mənfi təsir göstərmir, əksinə ədibin savadlı olmasının bariz isbatıdır.
Pəs təcrübə kərdim dǝr in deyre-mökafat:
Ba Ali-Əli hər ke dar oftad, bər oftad!
Məhəmməd Füzuli yaradıcılığına gəldikdə isə Azərbaycan filologiyasının banilərindən olan Bəkir Çobanzadə qeyd edir ki, “…“Füzuliyə “mübaliğəçi”, “safdil” deyə biliriz. Lakin
Bu gün də, yarın da “yalançı”, “masalçı” deyəməyiz.”
Filoloqların gəldiyi qənaət budur ki, Füzulinin şeir dili orta əsr azərbaycanlısının saf xalq dili üslubunda idi. Misal üçün:
Bəni candan usandırdı, cəfadan yar usanmazmı?!
Fələklər yandı ahimdən muradım şəmi yanmazmı?!
Bu beytdə Bəni sözünün müasir qarşılığı məni sözüdür. Dövr irəlilədikcə B həri M hərfini əvəz etmişdir. Lakin əsl xalis söz Bən sözüdür. Belə ki, dilimizdə II şəxsin təki və cəmi S hərfi ilə (Sən, Siz), III şəxs də (O, Onlar) O hərfi ilə başlayır. Türk dili üçün səciyyəvi olan xasiyyət də budur ki, I şəxsin təki və cəmi də eyni hərflə başlamalıdır. I şəxsin cəmi Biz ikinci şəxsin təki Mən ola bilməz. Biz Orta əsrləri incələdikdə Füzulidə Bən sözünün istifadə edilməsinin şahidi oluruq. Bütün bunlar onu göstərir ki, Orta əsr klassiklərimiz öz dövrlərinin dil tələblərinə uyğun formada yazıb – yaratmışdırlar. Müasir dil aspektindən orta əsr insanının dilinə nəzər yetirmək cahillikdir. Düzdür, Füzuli tək Azərbaycan dilində deyil, eyni zamanda ərəb və fars dillərində də yazıb – yaratmışdır.
Misal üçün:
Əşrəqət min fələkil-behcətü şəmsün və biha
Mələəl-aləmə nurən və sürurən və bəha
Az öncə qeyd etdiyimiz kimi Füzulidə həmçinin Xətai kimi mütəfəkkir şair olduğu üçün ərəb dilinə də müraciət edirdi. Bu gün də müasir Azərbaycan şairləri dünyanın aparıcı dillərində, xüsusən də ingilis dilində əsərlər yazırlar, əgər biz müasir ədiblərimizi bu əsərlərinə görə Azərbaycan dilinə zərbəvuran kimi qiymətləndirsək, böyük xəta etmiş olarıq.
Mənbələr:
Nizami Xudiyev- Azərbaycan ədəbi dilinin tarixi- Bakı 2012 səh. 331-332
DƏNİZ NƏĞMƏLƏRİ – MƏHƏBBƏT NƏĞMƏLƏRİ (“Qəm karvanı” kitabına yazılan ön söz)
İş elə gətirdi ki, bu məqaləni sübh namazından sonra yazmağa başladım. Burada qeyri-adi, daha doğrusu, elə böyük bir sir olmasa da, bunun mənası və səbəbi var. Və həmin o əsas səbəb də ondan ibarətdir ki, yazmağa başladığım bu məqalənin baş qəhrəmanı, səbəbkarı uzun illərin yol yoldaşı, qələm dostum, şair dostum, ən nəhayət, dəniz dostum Rafiq Yusifoğludur. Əslində mən “dəniz dostum” kəlmələrini cümlənin əvvəlində işlətməliydim. Çünki gəlib elə bir vaxta çatmışıq ki, qələm, söz, istedad və qabiliyyət ucuzlaşıb, hətta bir az da dəbdən düşüb. İndi dəbdə olan, meydanlarda at çapan, maraq doğuran çox şey var, bircə ağıl və bacarıq, istedad və qabiliyyət, kişilik və mərdlik bu siyahıda yoxdur. Şəxsən mənim üçün və Rafiq üçün həmişə dəbdə olan, solmayan, təzə-tər qalan, heç vaxt köhnəlməyən, dəyişməyən bir sirli-sehrli, cənnətməkan ünvan, əbədi bir mövzu var – Xəzər dənizi! Biz hər gün səhər tezdən Xəzərin mavi qoynunda görüşür, hər il beş-altı ay onun bir az duzlu, bir az meyxoş suyunda doyunca çimir, köpüklü dalğalarında atılıb-düşür, bərkdən-boşdan çıxır, sonra hərəmiz bir dünya sevinclə ev-eşiyimizə qayıdır, işə yollanırıq. Bu, həyatın, taleyin bizə bəxş etdiyi ən böyük səadət və mükafatdır. İkimiz də bu taleyə, bu səadətə, bu mükafata görə Allaha minnətdarıq. Çünki həyatda çox mükafatı, var-dövləti, cah-cəlalı, mal-mülkü, taxt-tacı olan adam var, amma onların heç birisinin Xəzər kimi ali mükafatı yoxdur. Allah-Təala Azərbaycana, biz azərbaycanlılara çox böyük bir sərvət, var-dövlət, nadir inci, ləl-cəvahirat bağışlayıb. Ancaq əfsuslar olsun ki, çoxumuz nankorluq edir, bu boyda mükafatın, var-dövlətin ya qədir-qiymətini bilmirik, ya da onu layiqincə dəyaərləndirməyi bacarmırıq. …Bədii əsərlərdə həmişə bir və ya bir neçə müsbət qəhrəman olur. Mənim qeydlərimin də iki səbəbkarı, iki qolu, iki müsbət qəhrəmanı var: biri Rafiq Yusifoğlu, o biri Xəzər dənizi… Əvvəllər dənizə gələn dostlarımız lap çox olub. Tədricən onlar azalıb. Azalanlar, oyundan çıxanlar kimlər olub? Bizimlə yol gedə, ayaqlaşa bilməyənlər – ürəksizlər, məsləksizlər, diləksizlər, acgözlər, mənsəbpərəstlər, buqələmunlar… Dəfələrlə bizə qoşulan, lakin dəstəmizin əsas, aparıcı üzvləri ilə ayaqlaşa bilməyənlərə, yəni mənən bizə yaxın olmayan cılız ürək sahiblərinin şax üzlərinə demişəm: “Xahiş eləyirəm, sbahdan gəlməyin bizim dənizə. Hər cür eyş-işrəti, var-dövləti vermişik sizə, barı qoy bu dəniz bizə qalsın! Murdarlamayın Xəzərimizi!” “Bizim dənizimiz” ifadəsini təsadüfi işlətmədim. Doğrudan da, bu boyda dəniz bizimdir. Bizim deyəndə, yəni mənim kimi yüzlərin, minlərindir Xəzər. Ancaq küləkli günlərdə bizdən savayı bir kimsəni görmək qeyri-mümkündür onun sahillərində… Xəzərlı bağlı söz-söhbətim bir qədər uzansa da, bu uzun söhbət Rafiqlə, onun yaradıcılığı və yeni şeir kitabı ilə sıx surətdə əlaqəlidir. Məqsədim bu əlaqənin bəzi “düyün” və nüanslarını açmaqdan ibarətdir. Rafiq Qubadlıdan Azərbaycan Dövlət Pedaqoji Universitetinə gəlib oranı bitirsə də, o, bu gün özü də etiraf edib deyəcək ki, şairliyinə, ziyalılığına, üstəlik həyatda və elmdə qazandığı bütün uğurlara görə Xəzərə minnətdardır. Uzağa niyə gedək, “Qəm karvanı” poemasından savayı onun təzə kitabındakı bütün şeirlər ya bilavasitə Xəzərlə bağlıdır, ya da dəniz məhəbbəti, bu sevginin ona bəxş etdiyi ovqatla köklənən lirik şeirlərdir. – Xeyir, elə “Qəm karvanı” poemasının yazılmasında da dənizin rolu var, – deyə Rafiq sözümə düzəliş verir. – Sən ki yaxşı bilirsən mənim vəziyyətimi! Əgər Xəzərlə dostluğum olmasaydı, bəlkə elə ağır cərrahiyyə əməliyyatından da sağ-salamat çıxmazdım. Sağ olsun Xəzər ki, onu sevən ürəyim məni bu ağır imtahandan sağ-salamat çıxardı… Yoxsa “Qəm karvanı” yaranardımı?! Söhbət “Qəm karvanı”ndan düşdüyü üçün bir dost, qələm yoldaşı kimi yox, məhz kitabın redaktoru kimi mən Rafiqi dahi söz ustası, ölməz Füzulinin sevgi dünyasına, onun ümumbəşəri yaradıcılığına məhəbbətini də hər şeydən öncə gördüm. Vaxtilə poemanı qəzetdə oxusam, radioda, televiziyada dinləsəm də, etiraf edim ki, Rafiqin bu cür “Məcnunluğunu” görməmişdim. O, poetik siqlətli misraları ilə ölməz Füzulinin şeeir-sənət dünyasına yaxınlaşır, onun zəngin obrazına yeni ştrixlər əlavə edir: Qəlbimi dünyada kədər yaşatdı, Mələklər eşqinə göz yaşı tökdüm. Gözəllər o qədər mənə daş atdı, Yığıb özüm üçün qəmxanə tikdim… Əla deyilib! Hətta deyərdim ki, Rafiqin bu tipli misraları onun füzulişünaslığa şair töhfəsidir. Elə bu misralar da həmçinin: Babam, yetməsən də nazlı yara sən, Sevən ürəklərə nur ələmisən. Qoşun çəkməsən də bir diyara sən, Dünyanı sözünlə fəth eləmisən! Sözsüz, ədəbiyyatda, sənətdə hərənin öz uğuru, öz cığırı var. Birində bu uğur çox, digərində azdır. Tale elə gətirib ki, ədəbi uğurlarımız da bir-birimizin gözü qarşısında olub. Mən “Ədəbiyyat və incəsənət”, daha sonra “Bakı”, “Baku” qəzetləri redaksiyasında işləmişəm, o isə “Göyərçin” jurnalı redaksiyasında. O, vaxtaşırı bu qəzetlərdə çıxış edib, mən də “Göyərçin” jurnalında. Sonra yollarımız haçalanıb. Əməkdaşlıq əlaqələrimiz isə qırılmayıb. Mən Sumqayıtda “168 saat” qəzetinin redaktoru işləmişəm. Rafiq redaksiyamızın ştatlı işçisi olmasa da, onun ən fəal əməkdaşı – müxbiri sayılıb. Daha doğrusu, qəzetin hər sayını birlikdə buraxmışıq, birlikdə müzakirə etmişik. Qəzetdə o, təkcə şair kimi yox, publisist, ədəbiyyatşünas alim kimi yox, həm də əl boyda xırda, şirin, duzlu, yumorli hekayələrlə çıxış edib. Ona görə də cəsarətlə deyə bilərəm ki, “168 saat” qəzetinin oxunaqlı çıxmasında, az-çox uğur qazanmasında Rafiqin də rolu, əməyi vardır. Əlbəttə, Rafiq Yusifoğlu filologiya elmləri namizədi olsa da, doktorluq dissertasiyasını yazıb tamamlasa da, o, hər şeydən öncə şairdir, “Yusifoğlu” təxəllüsünü də məhz şair kimi qazanıb və bu gün ədəbi ictimaiyyət Rafiq Yusifoğlu imzasını daha çox şair imzası kimi tanıyır. Rafiqin nəşriyyatımıza təqdim etdiyi “Qəm karvanı” kitabının əlyazmaları ilə, necə deyərlər, üz-üzə, göz-gözə dayanıb “168 ssaat” qəzetini varaqlayıram. Az qala qəzetin hər sayında onun imzası ilə rastlaşıram. “Üç daş” şeiri diqqətimi cəlb edir. Nə üçün “Üç daş”? Yuxarıda qeyd etdiyim kimi, biz hər gün səhərimizi dənizdə açırıq və hər gün neçə-neçə xırda, alabəzək daş yığırıq. Elə daş ki, hərəsi bir rəssam əsəri, torpağın nadir incisi, möcüzəsi təsiri bağışlayır. Mən nəvələrim, o isə balaları, dərs dediyi tələbələr üçün yığır bu daşları. Hələ neçə dostunu da bu daşlara “qonaq” edir. Birdən “Üç daş” şeirinin misraları dilə gəlir və mən şairin lirik “mən”inin həzin pıçıltısını, ürək döyüntülərini eşidirəm: Üç daş bağışladım sənə bu səhər, Dəniz göndərmişdi onları sənə. Duyana adi daş gövhərdi, gövhər, Bəxş etdim duyğulu anları sənə. Təbəssüm bəzədi nurlu üzünü, Sevindin, gözündən boylandı yaşlar. Kim bilir, bəlkə də su pərisinin Donmuş göz yaşıydı bu xırda daşlar?! Bu üç daş üç kiçik toxuma bənzər, Heç biri zərrəcə götürməz ləkə. Üç daş bağışladım sənə bu səhər, Dedim: – ”Daş ürəyin” yumşaldı bəlkə?! Sənə aydın olar sözümün ardı, Fikirləş, üç daşın mənasını tap: Biri ürəyim tək cadar-cadardı, Biri sənin əlin, o biri mizrab. Üç daş bağışladım sənə bu səhər, Nədən qorxurdumsa, gəldi başıma. Məhəbbət ocağı köz tutsa əgər, Onlar dönə bilər ocaq daşına. Duysan o daşları, gözün dolacaq, Qaçıb gələcəksən qarşıma bir gün. Ya onlar ömrünə bəzək olacaq, Ya da çırpılacaq başıma bir gün… Oxucu fikirləşər ki, şeir burda bitir. Düzdür, şeir bitir, ancaq şairin bitib-tükənməyən arzu və məhəbbəti yaz bulağı kimi, dağ şəlaləsi kimi aşıb-daşır, çağlayır. O məhəbbət bir sevgi ağacı kimi gənc bir aşiqin ürəyində göyərir, yeni şeirə – “Ürəkdə bitən ağac”a çevrilir. Səni görən gündən dincliyim itib, Taleyim belədi, cəfakeşəm mən. Yazırsan: –Qəlbində bir ağac bitib, – Toxum cücərtməkdə gecikmişəm mən. Bəlkə xoş söz çəkdim dodaqlarından, Bəlkə bu sevdaya ellər gülüşdü?! Bəlkə o ağacın budaqlarından Mənim qismətimə üç alma düşdü?! İçimdə közərir gizli bir ocaq, Qəlbimdə bir təzə sevda doğulmuş. Bəlkə o üç alma xatırladacaq: Bu, sevda deyilmiş, şirin nağılmış?… Sağalmaz bir yara yoxdu dünyada, Bilirəm, sevdalı qəlbin kövrəkdi. Toxum cücərdənlər çoxdu dünyada, Mənə daş göyərdən ürək gərəkdi… Şairin məhəbbəti böyük, istəyi isə çox cüzidir: Sənin ürəyində bitən ağacın Üstündən bir şair nəfəsi əsdi. Meyvəsi kiməsə qismət olacaq, Mənə o ağacın kölgəsi bəsdi… Adam var ona dünyanı bağışlasan belə, yenə qane olmaz, acgözlük edər, deyər ki, azdır. Adam da var nəfsinin qulu deyil, mənən toxdur, aza da qane olur. Əslində bu da Rafiqin öz qənaətidir, yəni o, heç vaxt ad-san üçün döyüşməyib, özünü oda-közə atmayıb, taleyin ona verdiyi nə varsa, onunla qane olub, kifayətlənib. Qəzetimizin digər bir sayında Rafiqin “Necə yazacaq?” şeiri dərc olunub. Bu şeirin maraqlı yaranma tarixçəsi var. Onda (oktyabr-noyabr 1995) respublika parlamentinə namizədlər qeydə alınırdı. Ağal, qabiliyyət, bacarıq yarışından savayı hər cür əyri, naqis yarışlar gedirdi. Rafiq bu biabırçı, iyrənc mənzərəni görüb, sesmadı, öz şair səsini ucaltdı: Bu da bir yarışdı, düşüb bəhsabəhs, Ey xalqım, sən dostu, düşməni tanı. Bu gün ”Şirvan” verib imza alan kəs, Sabah sata bilər Azərbaycanı. Daralır boynuma ilişən halqa, Gəlir üstümüzə qara bir duman. Vedrəyə aldanıb səs verən xalqa Vedrə bağlayacaq tarix bir zaman. Çaşma hər yetənə uğur diləyib, Sınaq günlərimiz yaxınlaşır, ha! Çoxları mandatı qalxan eyləyib, Qılınc oynatmağa hazırlaşır, ha! Qoymayın düşməni bizə gülməyə, Nadanlar millətə qəbir qazacaq. Adını, soyunu yaza bilməyən Xalqın taleyini necə yazağaq?! Deyim ki, o vaxt bu şeir şəhərə əməlli-başlı səs saldı, ciddi söz-söhbətə səbəb oldu. Rafiqin qənaəti düzgün idi. O, gördüyünü, əsl həqiqəti qələmə almışdı. Axı, doğrudan da, xalq, millət seçicilərə vedrə paylayıb səs toplayan elçisindən nə gözləyə bilər? Belə millət vəkilləri kimə və nəyə lazımdıqr?! Əfsuslar olsun ki, şair harayını eşidən, ona məhəl qoyan tapılmadı. Deputatların böyük əksəriyyəti əvvəlcədən tərtib olunmuş siyahı ilə “seçildi”. Düzdür, haqqında söz açdığım bu şeir kitaba daxıl edilməyib. Ona görə ki, Rafiqin yeni kitabında ancaq onun dəniz nəğmələri, lirik ovqatlı, gənclik təravətln məhəbbət şeirləri toplanıb. Həm də bu, şairin öz arzu və istəyi ilə olub. Lakin nəzərə alsaq ki, hər bir qələm sahibi, daha çox şair eyni zamanda dövrün, zamanın salnaməçisidir və o, ən çətin məqamda belə susmamalı, bütün həyat həqiqətlərinə öz münasibətini bildirməlidir. Bu nöqteyi-nəzərdən Rafiqin real həyata publicist münasibətdən yaranan şeirə müraciət etməyi vacib sandım. Oxucu yəqin hiss etdi ki, mən qeydlərimdə Rafiq Yusifoğlunun kitabında toplanmış şeirlərdən çox dənizdən söz açdım. Bunu mən bilərəkdən etmişəm. Çünki bu kitabı Rafiqə məhz dəniz yazdırıb, onun dənizə olan sonsuz məhəbbəti, həm də bu dənizi ona sevdirən gözəllər yazdırıb. Görün şair birşeirində dənizi ona bağışlayan bir gözələ nə deyir: Yanğımı söndürmək olmaz, Dalğayla, yağışla, gözəl! Dəniz elə mənimkidir, Özünü bağışla, gözəl! Əgər Rafiq Yusifoğlu dənizi özününküləşdirirsə, onun haqqında geniş danışmağa da dəyər. Bəli, dəniz ilk növbədə onu sevənlərindir, qədir-qiymətini bilənlərindir. Bu siyahıda Rafiq də var, bu sətirlərin müəllifi də. Şair “Dənizlə söhbət” şeirində özünün dəniz məhəbbətini daha da böyütmək, genişləndirmək istəyir. Bu arzu və istəklə üzünü sevgilisinə tutub deyir: Gülüm, dəniz səni tanımır hələ, Deyir ki, qoy o da sənə qoşulsun, Ya dalğaya dönsün, ya da quş olsun. Məsəl var deyərlər: “Dost dosta tən gərək, tən olmasa, gen gərək”. Nə qədər Rafiq Yusifoğlunun ayrı biçimli, ayrı ovqatlı şeirlərindən söz ağmaq istəsəm də, dənizin məftunedici cazibəsindən çıxa bilmirəm, yenə dəniz nəğməli, dəniz ətirli şeirlər diqqətimi cəlb edir. Görürəm ki, bu “yanlış da bir naxış”dır. Həm də bu, çox təbiidir. İkimiz də dəniz aşiqi, dəniz dəlisi olduğumuzdan söz-söhbətimiz dənizdən yan keçə bilmir. Həm də ki, dəniz sevgisi, dənizə sonsuz məhəbbət kitabdakı şeirlərin canına hopub, qanına işləyib və onların hamısında bir isti nəfəs var: dəniz nəfəsi, dəniz ətri. Özü də bu şeirlər sanki bir himə bənddilər. Əgər onlara bir bəstəkar nəfəsi, musiqiçi, müğənni əli, barmağı toxunsa, misralar, beyt və bəndlər dərhal dilə gələr, şirin, yaddaqalan şərqiyə, nəğməyə dönər… Siz “Mənim dənizzim” şeirindəki bu həzin, kövrək misraların pıçıltısına baxın: Söz deyirəm ərk ilə, Arı qonmaz hər gülə. Ya qucaqla boynumu, Ya qoynunda qərq elə. Aşiqlərin ürəyi yuxa, kövrək olur. Biz, əlbəttə, lirik “mən”ə “qoynunda qərq olmaq” arzulamazdıq. Ancaq “qucaqla boynumu” deyərdik. Rafiq Yusifoğlunun bir neçə şeirinə bəstəkarlar, müğənnilər müraciət etsələr də, hələ bir xeylisi növbə gözləyir. Kitabda öz-özünə oxumaq istəyən, bəstələnmək arzusuyla yaşayan o qədər şeir var ki, yəqin ki, onlara da növbə çatacaq. Qeyd etdiyim kimi, kitabda şairin dəniz mövzusunda və yaxud dəniz ovqatı ilə yazılan silsilə şeirlərə geniş yer verilmişdir. Çətinlik çəkirəm deyim ki, bu şeirlərin ən yaxşı, yaddaqalanı hansıdır? Ona görə bu sualla şairin özünə müraciət etdim. –Dəniz haqqında ən yaxşı şeirimi hələ yazmamışam. Ümumiyyətlə dəniz elə bir əbədi, bəşəri mövzudur ki, hələ onu heç kim onun özündən yaxşı, sanballı vəsf edə bilməyib. Dəniz mənim ürəyimə, gözlərimə köçüb… Rafiqin fikri ilə razılaşıram. Eybi yox, qoy öz dediyi kimi olsun, bütün sənətkarlar kimi o da dənizə borclu qalsın… Redaktor hardasa buğda zəmisində alaq təmizləyənə oxşayır. Bu mənada Rafiqin “poeziya zəmisi” hər cür alaqdan xalidir… …Özüm bilə-bilə kitabda toplanmış şeirlər barədə geniş söhbət açmıram. Bunu tləbkar oxucuların öhdəsinə verirəm. Qoy onlar diqqətlə oxusunlar, rəy söyləsinlər. Mənim məqsədim dostum haqqında bir-iki xoş söz demək idi. Bilmirəm bu borcumu yerinə yetirə bildimmi?! Oxucu bu qeydlərimi necə qarşılayacaq, oxuyanda ağız büzməyəcək ki, onu deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, “Dəniz nəğmələri –məhəbbət nəğmələri” sərlövhəsinə sadiq qalmağa çalışmışam, şairin sevgi dolu şeir çələnginə məhəbbətlə yanaşmışam. Sən də bu nəğmə çələngini sevə-sevə, məhəbbətlə oxu, əziz oxucu! 1-4 avqust, 1997