Etiket arxivi: Nicat Həşimzadə

Nicat Həşimzadənin “Sərhədsiz yazılar” kitabı

11.01.2025-ci ildə “Kitabçı” kitab evində Nicat Həşimzadənin yeni nəşr olunmuş “Sərhədsiz yazılar” kitabının möhtəşəm təqdimati məndə əminlik yaratdı ki:

Nicat gənc olmasına baxmayaraq, ədəbi mühitdə, diqqətli oxucu auditoriyasında, pedaqoji fəaliyyət göstərdiyi Azərbaycan Dillər Universitetinin rəhbərliyi, müəllim və tələbələri içərisində, elm adamlarının əhatəsində özünün sadələyi, cəsarəti, hədəfi, inamı ilə nüfuz qazanıb. Bunu təqdimatda iştirak edənlərin əhval-ruhiyyəsindən, çıxışçıların səmimi sözlərindən, 3 saat yorulmadan ayaqüstə dayanıb imzalama növbəsi gözləyənlərin simasından hiss etdim.

Yaşlı nəsillərin uzun illər “gənclər kitab oxumur” kimi arqumentsiz fikrini Nicat bu görüşdə alt-üst elədi. Yeni kitabında Azərbaycan klassik və çağdaş ədəbiyyatının, eləcə də 15-ə yaxın dünya ədəbiyyatı nümayəndəsinin əsərlərini sətir-sətir oxuyub, oxuduqlarını fikir süzgəcindən keçirib yanaşma tərzi, baxış bucağı ilə özünəxas mülahizələrini oxucularına təqdimi uğurludur.

Cəsarət uğurun təməlidir. Nicat cəsarətlidir. İki ədəbi düşüncəsinin adı bunu sübut edir: “Faciələrimiz nağıllardan başlayır” və “Kitablar bizi aldadırmı?” Niyə Nicat bəzi nağıllarımızın qəhrəmanlarını qınayır? Kitabı oxusanız bu maraqlı suala cavab taparsınız. Bir də onu əminliklə bildirirəm ki, “Sərhədsiz yazılar” sizi aldatmayacaq.

Nicatın bir neçə ay bundan əvvəl “dəm qazı” adlı kəmfürsət kabusun qurbanına çevrilən 23 yaşlı gənc istedad, poeziyamızın gələcəyi kimi təqdim etdiyim Rauf Ranın xatirəsinə ehtiramla çap etdirdiyi kitab onun dosta sadiqliyinin, sayğısının, ehtiramının, qədirbilənliyinin bariz nümunəsidir.

Gənc olsa da 8-dən çox kitabı, çoxlu ədəbi təssüratları müxtəlif mətbu orqanlarda işıq üzü görən Nicatı kaş şöhrətin şirinliyi, cazibədarlığı özünə dost eləyə bilməyə. Nicatın gələcəyinə və yeni-yeni uğurlarına inamım mənə diqtə edir ki, o, şöhrətə boyun əyməyəcək, həmişə qalib gələcək.

12.01.2025

Nicat Həşimzadənin yazıları

Təbrik etdi: VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VAQİF OSMANLI – NİCATA DOĞUM GÜNÜ TƏBRİKİ

NİCATA DOĞUM GÜNÜ TƏBRİKİ

“Boşluqdan qaçıb” xilas, yəni nicat yolu axtaranda”həmfikri, daha doğrusu, “həmcinayəti” Nəcəf Əsgərzadə ilə iki dəfə “Fikir cinayətləri” üstündə tutulanda “Düşünən başlar ölkəsinə” qaçıb canını qurtarmaq istəyən Nicatın cinayət əməllərini öz ədalət məhkəməmdə ədalətli hakim kimi çözüb ona amnistiya vermişəm. Fikirləşmişəm ki, belə cinayətləri gənclər nə qədər çox etsələr, yəni belə silsilə cinayət sahibləri olsalar “İşığımız sönməyəcəkdir”.

Nicat gənc yaşlarından rahat yaşamaq yolundan imtina edib “vicdanlı insan rahat yaşaya bilməz” fəlsəfi düşüncəsinə sadiqdir. Əlbəttə, indi də gəncdi, düşüncələri isə qos-qoca.

Nicat sözlə o qədər kübar davranır ki, “bizim məmləkətimizin insanları (əlbəttə, bəziləri) unutqan (yəni manqurtabənzər) deyil, sadəcə xatırlamaq istəmirlər” yazır.

Nicat səhv eləmirəmsə, beş kitab müəllifidir. Hər kitabı yazanda özünə sual verir: “mən niyə yazıram?!” Tezliklə altıncı dəfə özünə bu sualı verəcək. Ürəyinin, təxəyyülünün, istedadının hökmüylə yazır, onların əmrindən çıxa bilmir, daha dəqiq desəm, çıxmaq istəmir.

Yaz, Nicat, yaz, HƏQİQƏTi yazmaq ali missiyadır, sivil mübarizədir. Nə olsun ki, sən missioner deyilsən? Həqiqət yalandan fərqli olaraq, çılpaqlığı ilə gözəldir. Elə çılpaq gözəllikdən yaz, ona heç vaxt pafosla don geydirmə. Qoy donsuz qalsın. Eybəcər, kor gözlülər onsuz da həqiqəti sevmirlər.

Nicat bəyə Cəfər Cabbarlının Sonası, Markesə yazı makinası almaq üçün nişan üzüyünü satan Mersedesi, Lev Tolstoyun nəhəng “Hərb və sülh” romanının yeddi dəfə üzünü köçürən Sofyası, dekabristlərin xanımları kimi cəfakeş, vəfalı, milli ruhumuza uyğun desəm, halal süd əmmiş el gözəli, ömür-gün yoldaşı, sirdaşı arzulayıram. Bu arzum tezliklə çin olsun. Hər kəsin uğurunun bir qismi də cəfakeş, dözümlü xanımının payına düşür. Çexov həqiqəti deyirdi: “qadınla yaşamaq olmur, qadınsız da”.

Bir də tez-tez özün özünə “mən niyə yazıram?!” deyəsən…

26.10.2024

Nicat Həşimzadənin yazıları

Təbrik etdi: VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dünya qibləsini itirmişdi – Nicat Həşimzadə – HEKAYƏ

Dünya qibləsini itirmişdi

(hekayə)

Dünyanın düz vaxtları idi. Qurbağa gölünə hələ daş atmamışdılar. Hələ iki qonşu xalq arasında savaş başlamamışdı. Hələ arvadı erməni olan türk kişiləri təlaş keçirmirdilər. Hələ mən doğulmamışdım. Anam hələ məktəb oxuyurdu, atam hələ subay idi. Babam xərçəngdən ölməmiş, nənəm hələ dul qalmamışdı. Kəndimizdəki qoca palıd hələ utandığından ölüb yerə girməmişdi. Hələ kənd məzarlığında boş yerlər çox idi. Mollaların sayı artmamışdı. Kəndimizin erməni məzarlığı olan tərəfində hələ torpaq sürüşməmişdi. Əmimgilin biçənəyi hələ daşla dolmamışdı. Levon hələ qardaşı Aşotu öldürməmişdi. Hələ bulaqlar qurumamışdı. Kəndimiz hələ quraqlığın ən zalımını görməmişdi. Hələ ki dünyanın düz vaxtları idi.

Kəndlərimiz yaxın idi. Qonşu kənddə bir neçə adam tez-tez babamın qardaşı Fərhad əminin qarasına danışırdılar. Qonşu kəndin qızı Fərhad əmiyə könül vermişdi, Fərhad əmi qonşu kəndin ən gözəl qızına aşiq olmuşdu. Qonşu kəndin qızını qonşu kəndin zəngin ailəsi oğluna almaq istəyirdi. Qonşu kəndin zəngin ailəsi təkcə qonşu kəndlərin camaatına yox, öz camaatına da zülm edirdi. Fərhad atını suvarandan sonra minməzmiş. Deyərmiş ki, at təzə su içib. İçdiyini gözündən gətirməyim. Fərhad belə Fərhad idi.

Nənəm deyərdi ki, qonşu kəndin zəngin ailəsinin ağsaqqalı Muxtarın ancaq saqqalı ağ idi. Ağsaqqallığı bacarmazdı. Nənəm deyərdi ki, Muxtar yaman əzazil adammış. Qız-gəlinə də murdar gözləriylə göz qoyarmış. Nənəm onu da deyərdi ki, kolxoz sədri olanda nolar, adamda gərək qanacaq-qabiliyyət ola. Qonşu kəndin qız-gəlini bizim kəndin qız-gəlininə həsəd aparırmış. Çünki bizim kənddə “Muxtarlar”ı xoş tale gözləmir. Muxtar “yuxarı”ların yanında yerini bərkitmək üçün aşağıları bütün bərk yerləri əzilib sıradan çıxana qədər işlədirmiş. Nənəm Muxtara Murdar deyərdi. Muxtar belə Muxtar idi.

Dünyanın üzü qibləyə yatan vaxtları idi. Kəndin dələduz uşaqları hərdənbir qurbağa gölünə daş atırdılar. İki qonşu xalq arasında münasibətlər soyuyurdu. Arvadı erməni olan kişilər təlaş keçirirdilər, mən hələ də doğulmamışdım. Anamsa məktəbi bitirmişdi. Atam hələ də subay idi. Babam hələ xərçəngdən ölməmiş, nənəm hələ dul qalmamışdı. Qoca palıdsa soyuyan münasibətlərdən sarsılmış, boynunu bükmüşdü. Kəndimizin məzarlığında boş yerlər hələ də çox idi. Erməni məzarlığı olan tərəfdə torpaq hələ sürüşməmişdi. Əmimgilin biçənəyi də hələ salamat idi. Hələ bulaqlar qurumamış, quraqlıq olmamışdı. Levonsa qardaşı Aşotu öldürmüşdü. Levon qardaşı Aşotu öldürsə də dünya hələ ki üzü qibləyə yatırdı. Sanki Levon hələ qardaşı Aşotu öldürməmişdi. Sanki Aşot hələ ölməmişdi.

Levon qardaşı Aşotu ovda ehtiyatsızlıq üzündən öldürmüşdü. Qardaşlar ovda dumanda azmış, bir-birlərini itirmişdilər. Levon səs eşitmiş, uzaqda bir qaraltı görmüş və qaraltının qaban olduğunu zənn edib atəş açmışdı. Levonun qaban zənn etdiyi qaraltı qardaşı Aşot idi. Bu hadisəni çox çək-çevir etdilər. Hadisənin ehtiyatsızlıq üzündən baş verməsi təsdiqləndi. Levon 2 ilini həbsdə keçirdi. Levon həbsdən qayıdandasa…

Dünya üzü qibləyə yatmaqdan yorulmuşdu. Dünya düz vaxtları üçün darıxırdı. Savaş başlamışdı. Anam atamla ailə qurmuşdu. Mən hələ də doğulmamışdım. Arvadı erməni olan kişilər ölkədən qaçırdılar. Babam hələ sağ idi. Babam sağ idisə demək ki, nənəm hələ dul qalmamışdı. Nənəmin dul qalmasına hələ 1 il qalırdı.

Nənəmin təbirincə desəm dünyanın zayı çıxdığı vaxtları idi. Müharibə hər gün neçə gəncin həyatına son qoyurdu. Fərhadsa müharibəyə getmədi, sözün düzü, gedə bilmədi. Çünki Muxtarın oğlu avara dostları ilə öldürdülər Fərhadı. Qonşu kəndin ən gözəl qızı gəlin köçmədən dul qaldı, həyatının son gününədək Fərhada sadiq qaldı. Könül xanım könlünü başqa Fərhada vermədi. Könül belə Könül idi. Sovetlikdə ən gözəl tayanı Fərhad qoyarmış. Muxtargil ot daşıyanda Fərhadı çağırmışdılar köməyə. Fərhad yüksəklikdə tayanı bağlamaq üçün son işləri görüb bitirəndən sonra Muxtarın avara gədəsiylə dələduz dostları kəndiri qəsdən boş saxlamışdılar, Fərhad yüksəklikdən yıxılmış, həmin andaca vəfat etmişdi. Fərhad cəmi 29 il yaşadı. Onda hələ bilmirdik ki, Fərhadın ölüm səbəbi qonşu kəndin ən gözəl qızını sevmək olmayıb. Onda hələ bilmirdik ki, qonşumuz bilib duz-çörək verdiyimiz ermənilərin əksəriyyəti erməni fonduna pul köçürürlərmiş. Onda hələ bilmirdik ki, bu fonda pul köçürməyən ermənilər Ermənistana qayıda bilmədilər, məcburən başqa ölkələrə sığındılar. Onda hələ bilmirdik ki, Muxtarın da arvadı erməni imiş. Onda hələ inanmırdıq ki, qonşularımız bizə ölüm arzulaya bilər. Onda mən hələ yeni doğulmuşdum. Atamın məni görməyə gözü yox idi. Onda atam atası yenicə vəfat etmiş gənc idi. Fərhad əminin ölüm səbəbinisə öyrənmişdik. 29 yaşlı Fərhad antikommunist fəaliyyətdə təqsirkar bilinmiş və belə şərəfsiz yolla zərərsizləşdirilmişdi. Çar dövründə zülmə, təqibə məruz qalan nəslimizi Sovet dövründə də rahat buraxmadılar. Muxtarın oğlu dünyanın düz vaxtında şərəfsiz əməl törətməklə dünyanın ahəngini pozmuşdu. Hökumət adamları bilirmiş ki, Muxtarın oğlu da kəndin ən gözəl qızını sevir. Bu gizli nifrətdən istifadə edən hökumət nümayəndələri Fərhadı Muxtarın oğlunun əli ilə öldürmüşdülər. Hökumət nümayəndəsi Namazovun kəsdiyi başa sorğu-sual olmazdı. Namazov belə Namazov idi.

Nənəm onu da deyərdi ki, dünyanın zayı çıxsa da, heç kəsdən payını əsirgəməz. Muxtar dəli olub çöllərə düşdü. Muxtarın avara gədəsi öz evində yanğında öldü. Babam Fərhadın həsrətiylə uzun illər yaşamadı, yaşaya bilmədi. Amansız xərçəng xəstəliyi yaşamağa qoymadı babamı. Onda mən artıq iki gün idi ki, doğulmuşdum. Savaş davam edirdi. Kəndimizin məzarlığında boş yerlər dolurdu. Qonşuluğumuzdakı erməni ailələri münaqişə başlayan ərəfədə Ermənistana və başqa ölkələrə getmişdilər.

Müharibə davam edirdi, keçirdiyi avtomobil qəzasında aldığı xəsarətə görə atamı cəbhəyə aparmadılar. Çox cəhd eləsə də, icazə vermədilər. Həmin günün axşamı kəndimizə atamın sinif yoldaşlarının, uşaqlıq dostlarının cənazələrini gətirdilər. Balaca bir kənd üçün bir günə 4 şəhid qəbul etmək ağır idi, çox ağır.

Dünyanın düz vaxtları bir də olmayacaqdı. Qurbağalar susduğundan daha gölə daş atan olmurdu. Qurbağalar da dünyanın düz vaxtlarının həsrətini çəkirdilər. Nənəm 50 yaşında dul qalmışdı. Qoca palıd kiçilib- kiçilib, başını əyib gövdəsinə sığınmışdı. Kənd məzarlığında boş yer qalmamışdı. Mollaların sayı çoxalmışdı. Erməni məzarlığında torpaq sürüşsə də kənd camaatı ölülərə hörmət göstərib məzarlığı qoruyub saxlamışdılar. Bulaqlar qurumuş, quraqlıq kəndimizi taqətdən salmışdı. Erməni məzarlığında torpaq sürüşdüyündən, əmimgilin biçənəyi daş qalıqları ilə dolmuşdu. Namazovun qızı vərəmdən ölmüşdü.

Dünya qibləsini, adamlar doğmalarını, Könül Fərhadını, nənəm ərini, atam atasını, mən babamı itirmişdim. Dəhşət isə o idi ki, dünya qibləsini itirmişdi.

İlkin mənbə: /edebiyyatqazeti.az/

Müəllif: Nicat HƏŞİMZADƏ

REDAKTOR SEÇİMİ

NİCAT HƏŞİMZADƏNİN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI

SƏADƏT QƏRİBİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru