Canım Vətən, yenəmi Arazla suvarılır ədəbiyyat zəmin? “Ağdam” şeirini yazan şairin Vətənə bu cür sual verməsi risklidir. Vətən dil açsaydı cavabı sualında verərdi: – bəs şumlanan Ağdama tökülən nə idi? Şair eyhamı anlayardı; ədəbiyyat zəmisini suvarmaqda təkcə sudan istifadə etmirlər. Yoxsa bayraqlar bayraq olmazdı… Görəsən, Vətən “gözünü yumub ağzını açsa, “yorğunam” desə, Qulu Ağsəs neynəyəcək? Bildim. O, qırx dörd günün ruh yüksəkliyindən aldığı cəsarətlə verib sualı. Şeirin yayıldığı günlər şairə unudulmaz, gözəl hisslər yaşatdı. Buna hamımız şahid olduq. Qələbə sevinci bir azərbaycanlı kimi, şeirin dillər əzbəri olması isə şair kimi onu riqqətə gətirməyə bilməzdi. “Ağdam” şeirini yazdığı vaxtadək o, poeziya və publisistikadakı yeri, redaktorluq fəaliyyəti ilə Azərbaycanın dəyərinə çevrilə bilmişdi. Yurdu işğaldan azad ediləndən sonra yaratdığı söz xəritəsi ilə də ürəklərdə yerini təzədən rahatladı. “Ağdam” şairin adına təxəllüsü “Ağsəs” qədər yaraşdı. Uşaqlıq yaddaşlı, xatirələr məskənli, yurd həsərtli “Ağ-qara bağ” şeiri Məhəmmədhüseyn Şəhriyarın “Heydər babaya salam” poemasını xatırladır. Yazılma tarixləri, məkanları fərqli olsa da yaratdıqları təəssürat oxşardır. Qulu Ağsəsin yaradıcılığında ağır terminlərə, avropa dillərindən son illərdə dilimizə keçən tələffüzü çətin sözlərə rast gəlinmir. Bir-iki dəfə gözə çarpsa belə bu gec-gec qarşılaşdığımız yaxşı insanların sayını xatırladar. Ana dili onun üslubunda pis insanlar kimidir: dəyişməz və əbədi. Yazdıqlarını oxuduqca düşünürük; ifadələrində qəlizlik olmadığı halda nədir onun yaratdıqllarını mürəkkəbləşdirən? Cavab yubanmır. Yaradıcılığını bu cür ağırlaşdıran səbəbin dərin-fəlsəfi məna yükü olması ağıla tez gəlir. Şeirləri balaca boy-buxunu ilə bütöv bir nəsli idarə edən, hər çətin işin öhdəsindən gəlib gücünü dinməz-söyləməz, öyünmədən nümayiş etdirən insana bənzəyir. Bir misrasını oxuyursan, düşüncələrin tərpənir: şair burda nə demək istəyib? Həmin misranı təzədən oxuyursan: həə, – deyirsən – nə demək istədiyini anladım. Maraq güc gəldiyindən, ya da bəyəndiyinə görə bir də oxuyanda dodağından “Allah bilir, şair özü burda başqa məqamı nəzərdə tutub” kəlmələri qopur. Belə məqamda şair oxucu üçün sirli görünməyə başlayır. Qulu Ağsəsin şeirlərinin ədəbi labirint olduğu qənaətindəyəm. Dolaşıq xətlərin arasında seçim etmək çətinləşir. Hansı tərəfinə düşüb harasından çıxacağını düşünürsən. Nə özün yol tapırsan, nə də uzaqdan səni izləyən adam istiqamət verə bilir. Baxırsan-baxırlar, düşünürsən-düşünürlər. Bəlkə də, buna görə onun yaradıcılığından belə çox yazılıb. Hər bir müəllif, hər ədəbiyyatşünas Qulu Ağsəs labirintilərini çözməyə çalışır. Nəyi nə üçün, kim üçün, niyə yazdığını isə təkcə şair özü bilir. Sadə görünən mürəkkəb şeirlər, düyünlü görünən açıq fikirlər Qulu Ağsəs yaradıcılığında mənaları ilə maraq doğurur. Bir qədər fərqli deyək: Qulu Ağsəsin mətnin(ə)də söz yox, məna artıqlığı olur. Bəzən bir misrasını deyəndə el arasında tez-tez işlənən hər hansı bir deyimi xatırlayırsan. Yaxud real həyatdakı hansısa bir əlamət onun poetik dilində üstüörtülü şəkildə beyinə elə ötürülür, düşünürük ki, hamımız şeir dilində danışırıq. Onun oxucunu öz poeziyasında həbs etməyi də var. Elə hökm çıxarır, daxili dünyanla şairin dünyası arasında azırsan. İllərdir, özümüz hələ də qərar bilmirik, üşüyəndə ocağımı özümüzümü yandıraq. Təkcə yaradıcılığından yazılmayıb, onu tanıyanlar şəxsiyyətini söz-söz, fikir-fikir çözməyə çalışıblar. Sözümü qəribliyə salmayacaqsınızsa deyim ki, qələm dostları Qulu Ağsəsi sözləşdiriblər. Onun şəxsiyyətinin təsvirində kəlmələr usta əlində gilə dönür. Bu tərəfdən yanaşanda şairin xeyli sayda heykəlini görürük. Sanki hər kəs bu qeyri-adi istedad sahibini, yaradıcılığı son dərəcə maraqlı olan şəxsi ayrı-ayrılıqda analiz etməklə onun özündəki mənanı izah etməyə çalışıblar. Bəli, söz kimi, fikir kimi insanın da mənalısı-mənasızı olur. Məncə, Qulu Ağsəsin fərd kimi mənası həm həlim, həm də sərt olmağındadır. Bu iki keyfiyyəti özündə elə daşıyır, biri o birindən çox görünmür. Qoşa gedirlər. Biri digəri lazım olan yerdə özünü ortaya atmır. Hərəsi öz məqamında üzə çıxır. Ona görə haqqında danışılanda nə “Qulu Ağsəs sərt adamdır”, deyirlir, nə də “fağır adamdır” söyləyirlər. Həlimliyini qabartsaq, dilindən çıxan kəskin sözləri yadımıza düşər, “sərtdir” desək, dilimiz quruyar. Qulu Ağsəs sözünün yerini-yolunu, hərəkətinin ölçü-biçisini əla bilir. Bu qaydanı bəzən yumorunda pozur. Məsələn, soruşsa “necəsən?” desən ki, “yaxşıyam, hələ ölməmişəm” çəkinmədən: “inşallah o da olar” deyə bilər. Bəzi fikirlərini söyləməkdə sərbəstliyə yol versə də çox vaxt ürəyindəkiləri deməyə xəsislik edir. Bax belədir o. Amma zarafatından incimirik. Niyəsini mən bilmirəm, bəlkə siz biləsiniz. Qulu Ağsəs dörd misralıq şeir, beş-altı sözdən ibarət fikir yazıb qələmini dəftərin üstünə qoyub gedir. İndi gəl bu dörd misranın üstünə yüklədiyi mənanı şeirdən ayır görüm necə ayırırsan. Şeirə bir məna verəcəksən, yeddibaşlı əjdaha kimi o yanından yeni bir mənası çıxacaq. Tədqiqatçılara nə var, hərəsi öz interpretasiyasını yazacaq, zülüm oxucunundur. Biri öz halına uyğunlaşdırıb söyləyəndə digəri etiraz edəcək ki, yox, o mənada deməyib. Şairin özündən də soruşmaq olmaz ki, bunu hansı mənada yazmısan. Elə şeirləri də var, nə soruşmağa, nə də etiraz etməyə ehtiyac qalmır. “Köçəri quşlara vətən dəndi” misrası kimi. Atalar sözütək səslənir. Çox yerdə məsəl yerinə işlədirəm. Həqiqət payı danılmazdır. Bəziləri dənlənməyə gedirlər “yel əsib qoz tökülən ölkələrə”. Yerli quşlar onları dimdikləyib yuvadan atanda da “ölməyə vətən yaxşı olur”. Döşəyin altı kitab, Kimin yeridi? Sən tap! Nümunəni tapmaca kimi uşaqlar üçün işləmək olar. Şagirdlər arasında əyləncəli kiçik səhnə hazırlasalar, yəqin ki, kitabdan ayrılmayan uşağın adını söyləyərlər. Hardasa çölün düzündə Su köşkü olmalıydı. Ürəyimin alt gözündə Son eşqim qalmalıydı. Şair iki məkan göstərib: köşk, siyirmə… fəaliyyətsə oxucuya qalır. Faydalanmaq olar — köşkdən aldığın su ilə son eşqi həb kimi başına çək. Sözübütövlüyün, doğruluğun ifadəsi: “Su da atmazdı arxadan… O qədər dürüst idi”. Sevginin, bağlılığın qısa-geniş, adi-qeyri-adi izahı: “O mənim hər şeyimdi, Mən onun yarısı” Q.Ağsəs şeirlərini hansı hisslərlə yazırsa, oxucuya o cür də çatdırır. Oxumaqdan zövq aldığımız kimi dinləməkdən də yorulmuruq. Aprelin iyirmisinə aid şeirini isə altındakı skamyada, varağın bir küncündə oturmadığı vaxtda yazıb. İstəyirəm şairə stul göstərim: – Əyləşib dincinizi alın – deyim: Gözəl hisslər bəsləyirik, Üstəlik də baş əyirik. Biz “Qulu Ağsəs” deyirk Aprelin iyirmisinə.
Doğulmaq da bir iş imiş… Yalan demək vərdişimiz. “Səni leylək gətiribmiş Aprelin iyirmisinə”
Nə tanrını küsdür, qına, Nə peşman ol varlığına, Səksən iki yarlığı al Aprelin iyirmisinə. (Şairin öz şeirinə nəzirə)
Seçdiyi sənətin dərinliklərindən xəbərdar olub, yaratdığı işlərlə tanınan kəslərə öz adıyla deyil, “ay usta” deyə müraciət edirlər. Onların adları da, soyadları da “usta” olur. İş görən hər adama da usta deməzlər. Usta gərək usta olsun (Allah naşısından saxlasın.) Ədəbiyyatın da “söz ustaları” var. Hazırcavablığı ilə seçilənə, məntiqli fikir söyləyənə bu adı xalq özü verir. Yazıçı da söz ustasıdır. Daş kimi sözlərlə işləmək elə də asan deyil, gərək onları daşyonan balta ilə (redaktə) elə düzəldə ki, ürəyə yata.
Yazmaq özünütəqdimetmə deməkdir. Digər tərəfini nəzərə alanda isə başqasının həyatına ədəbi müdaxilədir. Onda yazıçıları “ədəbi vəkillər” də adlandırmaq olar. Onlar da insanların problemlərini çözməyə çalışırlar. Ağır mövzuların “yükünü daşıyır”, üstəlik, başqalarını da buna sövq edirlər. Dost-tanışın, yad insanların həyatında baş verənlər yazıçı aləti ilə yonulub, müxtəlif “fiqurlara” salınır.
Yazan şəxsin sirri olmur. Ürəyində nəyinsə yığılıb qalmasına özü imkan vermir. Duyğu, arzu, təxəyyül, müşahidə… nə olsa, çəkib qələmə gətirir. Onlara “bel bağlayıb” başına gələni söyləmək “riskdir”. Özlərinin hər şeyini sözə çevirən özgəninkinə dastan qoşar. Bir də gördün, danışdıqların odur ey, el-aləmin dilində oba-oba, ölkə-ölkə gəzir. Özü də müxtəlif dillərə çevrilərək.
Bunu dərindən hiss etmək üçün ya empati hissin güclü olmalıdır, ya da gərək özün onu yaşayasan. Primitiv nümunə sayılsa da, müqayisə üçün əlverişli olduğundan deyim ki, bu, suda yaşamaq üçün yaradılmış balıqları quruya buraxıb çabalamasına tamaşa etmək kimidir.
Çabalamışam illərlə…, yazmaq mənim üçün asan olmayıb. İstedadla iş bitmir. Bəzən zəhmətin də rolu olmur. Yazmaq üçün ən əsası yanlış məkandan, yanlış insanlardan uzaq durmaq vacib imiş.
Deyirlər, Emil Zolya yazanda özünü stula bağlayırmış. Bunun hansı zərurətdən irəli gəlməsini düşünməyə, təhlil etməyə gərək yoxdur. İstedadlı insan hər cür qeyri-adi keyfiyyətə malik olur. Əslində, yazıçılara xas olan cəhətlər qeyri-adi hesab edilməməlidir. Bu, onlar üçün adi davranış qaydalarıdır. Bir yazıçı hamının şənləndiyi məclisdə qanıqara olur, qəfildən çıxıb gedirsə, demək, ətrafındakılardan fərqli olaraq o, özüdür. Demək, ona xoş olmayan nələrsə var, hiss edir ki, həmin an vaxtını düzgün dəyərləndirməyib, yanlış məkandadır. Bu “səhvini” düzəltmək onun üçün asandır. Olduğu yeri tərk etməklə hər şeyi qaydasına salır. Təbii ki, üz tutacağı ünvan yazı masasıdır. Onu görəcək, toxunacaq, özünü həmin məclisdəkindən də gözəl yerdə hiss edəcək. Bəlkə, lap elə stulun altında yazan yazıçı da var. Bütün bunlar könlünü sözə vermişlər üçün adi şeylərdir. Ən gözəl dünya sənətkarların dünyasıdır, istər şair, rəssam, istərsə də yazıçı, musiqiçi olsun. Həmin dünyaya onların özlərindən başqa milyon insan şərik olur, hətta əllərindən də alırlar, sevənlər də, tənqid edənlər də olur. Bütün bunlar yazarkən, çəkərkən, bəstələyərkən onların ağıllarından keçmir. Bilmirlər, əsərlərinə görə onları sevəcəklər, yoxsa lənətləyəcəklər? Bildikləri bircə şey var – yaratmaq!
Vladimir Nabokov deyir: “Mənim yaradıcılığımda əhvali-ruhiyyə ön planda durur. Kefim var, yazıram, yoxdur – yazmıram. Romanlarımın ideyası gözlənilmədən doğulur. Bir dəqiqənin içində. Qələmi alıram əlimə, hər şey başlayır vərəqə axmağa. Roman əvvəlcə beynimdə yazılır, qalır texniki prosesi yerinə yetirib, onu vərəqə köçürmək. Zənnimcə, yazıçı qəhrəmanını addımbaaddım izləyib özünü onun vəziyyətinə gətirirsə, uduzur. Qəhrəmanı rahat buraxmaq lazımdır. Qoy öz bildiyini eləsin. Elə yazıçılar var ki, bu işə sənət kimi baxırlar, hər gün əyləşib 5-10 vərəq yazmağı borc bilirlər özlərinə. Məsələn, mən bəzən 12 saat oturub yazıram, bəzən də aylarla yazdıqlarımı düzəldirəm. Bir az tənbəlliyim də var”.
Fərqli üslublardan çox yazmaq olar. Nə qədər yazan varsa, bir o qədər də üslub var. Yazıçının payına dünya malından beş-on kəlmə söz düşüb. Onu necə işlədəcəyi istedadından asılıdır. Ya korlayacaq, ya da sözə həyat verəcək. Onların istədiyi təkcə dinclik və yazmaqdır. O qədər də böyük istək olmayan bu məqamı hər dəqiqə tapmaq olmur. Məsələn, mənə hələ ki istədiyim anda masaya yaxınlaşıb yazmaq qismət olmayıb. Nə qədər qəribə görünsə də bu “pis şey”, yəni yazmaq mənim ən böyük qəbahətim olub. “Suçlu-suçlu yaşamışam”. Bu “suçumun” üstündə o qədər danlanmışam ki, sıxıntıdan əksər vaxt yaza bilməmişəm. Müti tərzdə qələmi əlimdən qoymuşam. Yaza biləcəyim ən gözəl yazılarım o məqamlarda məhv olub. Yazmağı “tərgidərkən” bilmədim ki, bu itaətkarlıq bir gün üsyana dönəcək. Bu qədər məhrumiyyətlərlə barışmağın bir üsyanı olacaq. Ana bətnində diri-diri məhv edilən körpələr kimi bütün istəklərim ürəyimdəcə qətlə yetirilirdi. Əvvəl-axır o iztirablar etiraz olacaqdı. İyirmi ilə yaxın vaxt ərzində nələr etmək olardı?
“Yazmaq mənim üçün əzabdır, amma bu əzabla yaşamağa, bununla ölməyə hazıram. Hər yazımla birgə yenidən doğulur, tirajlanması həvəsindən ilk qədəmlə yeriyir, oxunduqca dil açıram. Mənimçün ən gözəl yer yaza bildiyim məkandır, o yer daşların üstü olsa belə. Yazıların doğum şəhadətnaməsi olsaydı, ünvan olaraq oraya daha çox “dizimin üstü”, “sol ovcum” qeyd edilərdi. Təkcə beynim, ürəyim və əlimlə deyil, ömrümlə yazıram. Ömrü ilə yazmaq yaşadığına sevinmədən, ölmədiyinə şad olaraq, “suçlu-suçlu” yazmaqdır. Bu suçun nədən ibarət olduğunu bilmək istəyirsinizsə…” Bu cümlələr “Yaza bilməyən yazıçı” adlı kitabımın cildində qeyd edilib. Xatırlamaqla yazmağın mənim üçün nə demək olduğunu diqqətə çatdırıram. Yazmaq mövzusunda xeyli mətnim var. Görünür, istədiyim kimi alınmayıb deyə hələ sakitləşə bilməmişəm. Seyran Səxavət deyir ki, xalq birləşəndə güclü olur, yazıçı təklənəndə. Elə bilirəm, bu fikri mən söyləmişəm. Ürəyimdən xəbər verir. Bu yöndən yanaşanda deyirəm, yaxşı ki, məni təklədilər. Bu dəfə alınacaq.
Emil Zolyanın yazarkən apardığı əməliyyatı mən ətrafımdakıların üzərində tətbiq etmək istəyirəm. Bunu etməyə o qədər səbəbim var ki. Hələ ürəyimdən ağızlarına yapışqan vurmaq da keçir. Qəddar sanmayın, yazmamağım üçün mənə törədilən maneələri bilsəydiniz, belə yüngül cəza növü istədiyim üçün təəccüblənərdiniz.
Bircə səhifə yazı üçün bəzən Henri Toro kimi meşəyə yollanmaq da istəmişəm. Hara olur-olsun, necə olur-olsun, təki yaza bilim. Bu qədər sıxıntı içində Nitsşenin “öləndən sonra doğulmaq” fikrinə arxalanaraq, yazıb-yaradıram. Bəlkə də, özüm haqqında yüksək fikir oldu, amma ümiddir də, kimə nə zərəri var ki? Sokrat deyir, məqsədsiz və iradəsiz adam sükanı və kompası olmayan gəmiyə bənzəyir, küləyin səmti dəyişdikcə onun da istiqaməti dəyişər (Bu məqamda sərf eləmir deyə Oşonun məqsəd haqqında dediyi fikirləri yazmıram.) Bir yaxşı cəhətim var ki, inkişaf etməyə əqidəmi, prinsipimi dəyişmədən çalışıram. Bəzən həddən çox utancaq olduğum, həqiqət axtardığım üçün “dilli-dişli” (daha doğrusu sırtıq) adamlarla sözüm tutmur. Mənim onlara simpatiyam olmayıb, onlar da pis niyyətlərinə mane olacağam deyə məndən qaçıblar. Maddi çətinliklərə dözümlüyəm, nəyim olsa, ona qane oluram, heç kəsdən təmənna güdən deyiləm. Çatışmayan cəhətim insanların pis tərəflərinə dözümsüzlüyümdür. Dərdi yıxmağa gücüm çatdığı halda, paxılın, saxtakarın üzündən ruhdan düşürəm. Platonun: “Bədəni öldürənlərdən çox ruhu öldürənlərdən qorxun” fikirləri ilə tanış olmadığım vaxtlardan bu cür insanlardan qorxmuşam. Bilmişəm ki, belələri nəyin səni üzəcəyini, ruhdan salacağını bilir və o hərəkətə qəsdlə yol verir ki, istəyinə nail olsun. Mənəvi müharibələrdən keçə-keçə, böyük arzularımı, hisslərimi qurban verə-verə gəlib bu yaşa çatmışam. Bu qədər çətinliyin qarşısında içimdə boğulmayan, məhv olmayan iki hiss yaşatdım – həyat eşqi, insanlara sevgi! Heç kəsin duyğusunun öləziməyinə qıymadığım halda, mənim mənən məhvimə çalışdılar. Arzu-arzu, fikir-fikir, söz-söz öldürdülər. Son anda sevimli yazıçım Cek London “Həyat eşqi”lə xilas etdi məni. Onu kimi qəlbimi oxuyan yazıçı hələ tapmamışam.
Dahilərin talelərindən təsirlənib müqayisə aparmaq fikrimə almanların “Hər cür müqayisə nöqsanlıdır” deyimi mane ola bilməz.
Əli Kərim qısa ömründə bizə bu qədər gözəl poeziya nümunələri qoyub gedib. Ondan az yaşamış C.Cabbarlının, az yaşamaqda Cabbarlını da geridə qoyan Mikayıl Müşfiqin göz qırpımına bənzər həyatlarında yaratdıqlarını oxuduqca adam öz yoxsul yaradıcılığından utanır. Amma dünya ədəbiyyatına nəzər salanda, Migel de Servantesin yaradıcılığa otuz səkkiz yaşında başlamasını biləndə təsəlli tapırsan ki, dahi doğulmusansa, hər yaşda yazıb-yaradıb istedadını göstərəcəksən. Daniel Defonu da bu baxımdan enerji mənbəyi kimi qəbul etmək olar. O da yazmağa 35 yaşında başlayıb, üstəlik, həbsdən qayıtdıqdan sonra. Amma məndə Defo kimi qiyamlarda iştirak etmək cəsarəti artıq ölüb. “Robinzon Kruzo” əsərinin birinci hissəsi 1719-cu ildə nəşr olunanda D.Defo 59 yaşında olub. Və bu əsər ona ölməzlik qazandırıb. Ömrə etibar etməsəm də, bunlar mənə stimul verir. Belə götürəndə, mən də mənəvi tərəfdən məhbəs həyatı yaşamışam. Özümdə Oskar Uayldla da oxşar məqamlar tapmışam. İkimizin də ilk dəfə şeirlər kitabımız, özü də eyni yaşda (onun 27, mənim 26 yaşımda) çap olunub. Sonralar nəsrdə inkişaf etməyimizdə də uyğunluq var. Amma mən həmin kitabdan sonra məhsuldar olmadım. O vaxtdan indiyədək hələ təzədən başlayıram.
“Ziyalıların sevimli məşğuliyyəti etirazlarını ifadə etməkdir: teatr qapadılıbsa, qəzet bağlanıbsa, kilsə dağıdılıbsa – etiraz. Qan azlığının düzgün əlaməti: deməli, öz qəzetinizi və öz kilsənizi güclü sevməmisiniz”.
Gəlin, Aleksandr Blokun “Ziyalı və İnqilab” məqaləsindən götürülən bu sözlərin bolşevizmin lehinə yazıldığını unudub, başqa tərəfdən yanaşaq. Həmin fikirləri əsas götürəndə belə çıxır ki, biz heç nəyimizi sevmirik. Çünki hər şeyə lokal düşüncəylə yanaşırıq – “mən və mənim ailəm” prinsipi bizdə daha qabarıqdır. Qalan kimə nə olursa-olsun, nəyi dağılırsa-dağılsın, mənə heç nə olmasın. Əgər məşhur deyimdəki kimi “analar yenə oğul doğacaq, amma İstanbul doğulmayacaq” şüurunda olsaq, millət kimi dirçələcəyik. Əlbəttə, mübarizə məntiqli, şüurlu, ədalətli aparılmalı, kimlərinsə çirkin niyyətinə kömək etməməlidir. Kiminsə üzündən xalqın balaları qırğına verilməməlidir. Bu olacaqsa, Vətən üçün olmalıdır.
Dünya yazıçıları savaşlarda, mübarizələrdə, çətinliklərdə ömür sürüb, istəmədiklərinə etiraz edib, istədiklərindən də yazıb-yaradıblar. Bizim yazıçılar isə sovet hakimiyyəti illərindən sucuq uşaqlar kimi ələbaxan öyrəndiklərindən bu “idimləri” ilə yaşamağa davam edirlər. Onların aləmlərində dövlət yazıçıların ehtiyaclarını ödəməli, hər yerdə başa çəkməli, mötəbər yerlərdə onları əyləşdirməlidir. Dünya ədəbiyyatının nümayəndələrisə, sadəcə, yaxşı yazır, oxucu da, nəşriyyatlar da onları özləri axtarıb tapırlar. Oxuduqlarıma istinadən yazım ki, faşizmə qarşı mübarizə aparmaqda alman yazıçıları içində Tomas Manna çatan yoxdur. Henrix Mann da yaradıcılığında Almaniyanın siyasi və mənəvi atmosferini tənqid etmiş, Hitler diktaturasına qarşı mübarizə aparmışdır. Deni Didro burjuaziyanın rəhbərliyi altında dvoryanlar və kral hakimiyyəti əleyhinə çevrilmiş xalq hərəkatına qoşulmuşdur. “Qaçaqlar” pyesini Fridrix Şiller həbsxanada yazıb, azadlıq, ləyaqət naminə insanları üsyana səsləyib. Jan-Jak Russo feodal-silki münasibətləri, istibdad rejimini kəskin tənqid etmişdir. Burjua demokratiyası, bütün insanların azadlığı tərəfdarı olmuş, xalqın inqilab etmək hüququna haqq qazandırmışdır. “1918-ci ilin yayında tikanlı məftillərin hər iki tərəfində düşmən ordularını qan aparanda Pol Elüar icazəsiz olaraq “Sülh üçün şeirlər” vərəqəsi buraxmışdır”.
Fransua Volter isə feodal qaydalarına, katolik kilsəsinə qarşı çıxışlarıyla şöhrət qazanmışdır. Volter köhnəlmiş qaydaların dəyişdirilməsini Aleksandr Blokdan, Şillerdən fərqli olaraq inqilabda deyil, “maariflənmiş monarxdan” gözləyirdi. O, Hersoq Filipp Orleanskini həcv etdiyi üçün Bastiliya həbsxanasına salınmışdır. Yaradıcılığının əsas məqsədi maarifi yaymaq olub. Beyinlərin inqilabı ən gözəl inqilabdır. Sərvətini insan tələfatına xidmət edən müharibəyə sərf etdiyinə görə Corc Bayrona haqq qazandıra bilməsəm də, o qədər sərvətlə yalnız özü üçün rahat yaşamağa üstünlük vermədən çətinliyi seçdiyinə görə ona rəğbətim var. Bəlkə də, bizimkilərin çoxu o qədər sərvətə malik olsaydılar, ilk növbədə, öz komfortlarını seçərdilər. Ziddiyyətli Knut Hamsun da Milli Məclisdə yatan deputatlarla, laqeyd yazıçılarla müqayisədə fərqli fəaliyyət göstərib. Demək istəyirəm ki, cəmiyyət həmişə öz ziyalılarına ümid bəsləyir, hər şeyi onlardan umur. Ziyalı millətinin təəssübünü çəkməli, onların deyə bilmədiklərini söyləməlidir. Əlimizə qələm almışıqsa, deməli, narahatlığımıza səbəb problemlərimiz var. Bu narahatlığı açıq-açığına söyləyəcək, həqiqət uğrunda çalışacağıqsa, ədəbiyyat xəritəsinin küncündə də olsa, nə vaxtsa yerimizi tutacağıq. Bacardığım qədər təhsildəki çatışmazlıqlara, ana dilinin qorunmasına, mütaliəyə və digər sosial problemlərə laqeyd qalmamışam. Həmin mövzularda yazılan mətnlərdən ən azı ikisi haqqımda heç olmasa: “o da V.Şekspirlə eyni vaxtda, aprelin 23-də anadan olub. Həmin gün Dünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd olunur” dedirdəcəyinə inanıram. Çünki özüm olub, öz istədiyimi yazmışam. Diktəsiz, təmənnasız. Bu qədər çətinliklərin içində yazmaq həvəsim ölmədisə, bu qədər yazarların içində tapşırıqsız, şəxsi münasibətlərsiz imzam tanındısa, “təklənməyə” dəyərmiş. Daha yazmaqdan “qorxmuram”. Yazılarımı maraqla izləyən, hər yazımı oxuyub təhlil edən ziyalılara, oxuculara minnətdaram. Onlar məni sözə qaytardılar.
Yazmaq mənim üçün ehtiyacdır – əbədi və ədəbi ehtiyac!
… “Açıq Kitabxana”ya keçir, buradakı açıq rəflərdə olan kitablara göz gəzdirirəm. Bu zaman gözlərimə “Karantin zədəsi” adlanan nəfis bir kitab sataşır.
“Karantin zədəsi” kitabı son illərdə ərsəyə gətirilmiş möhtəşəm sənət nümunələrindən biridir. Kitabın adını sosial şəbəkərdən tez-tez eşidirdim. Çevrəmdəki yoldaşlarımın bir-birinə ötürərək oxuduğu, ağız dolusu danışdığı kitablardan biri idi. Kitabın adı ilə ilk dəfə tanış olanda, sözün düzü, həmin dövrdəki işlərimin çoxluğu ilə əlaqədar olaraq, onu oxumağa tənbəllik göstərmişdim. Lakin indi qarşıma çıxanda kitab məni oxumağa sövq etdi. Yaxşı ki, oxudum… Kitabı vərəqlədikcə mənə elə gəlir ki, müəllifin obrazı gözümdə get-gedə daha aydın görünür. Onun poetik varlığının uzaqdan, az tanışlıqdan yaxşı görünməyən cizgiləri aydınlaşır, qabarır, daha görkəmli olur. Elə bil ki, uzaqdan, kölgədən çıxıb yavaş-yavaş işıqlığa gələn bir adamı görürsən. Kitabın içindəki hekayələr, məqalələr, şeirlər təmkinlə, həvəslə, qürurla, nigaranlıqla yaxın bir insan qəlbinin gözəlliyindən xəbər verir. Kitab haqqında müxtəlif səviyyələrdə dəyərli fikirlər söylənilib. Hər biri də öz tutumu, deyim tərzi, sanbalı ilə diqqəti çəkəndir. Yazıları insan duyğularına məlhəm və məhrəm olan Pərvanə Bayramqızı yaradıcılığı haqqında və bu kitab haqqında hələ çox fikirlər söylənəcək və yazılacaq. Mənim yazdığım isə sadəcə dəryadan damla timsalında bir yazı idi.
Vasif Sadıqlının sayca 7-ci, əvvəlkilərdən fərqli, 644 səhifəlik “Füzuli. Qəzəllər” adlı kitabı çap olunub. Kitabda Azərbaycan şairi Məhəmməd Füzulinin azərbaycanca divanındakı 294, “Leyli və Məcnun” poemasındakı 24 qəzəl müasir dilimizdə izah edildiyindən, bəzi misralar qısaca şərh olunduğundan oxucuların işi asanlaşıb.
Gözlərinin qarşısında yaşayan, yazan istedadlılara laqeyd qalırlar. Gözləyirlər ölsünlər, ondan sonra haqlarında yazsınlar. Sağ olanda dillərinə düyün düşür, xəbislik, xəsislik, paxıllıq imkan vermir yazalar ki, filankəs istedadlıdır, yaxud filankəs yaxşı insandır. Əgər yaltaqlanacaqları səbəb yoxdursa bütün yaxşı nəsnələrə susurlar. Elə ki, o kəs öldü… ağlaşma, xoş söz, təəssüf və s. başlayır. Böyüklərin şöhrət azarı da ayrıca mövzudur: filankəsin adını çəkərəm, filankəsdən yazaram, reklam etmiş olaram. Birdən sonra qudurar. Bu cür yanaşmalar çoxdan mənən öldürüb ee, indi cismən ölənləri. Barı yenə susun. Sağlığında lal olduğunuz kimi… Siz işinizə yarayanlardan, bir də qorxduqlarınızdan yazıb tərifləyin. Quru istedadından başqa heç nəyi olmayanlara vaxt sərf etməyin.
Qadın çıxış etmək üçün xitabət kürsüsünə yaxınlaşan andan Rusiyadan xidmətini yenicə başa vurub qayıdan sovet əsgərinin ədası ilə danışmağa başladı. Orda bir namərdi qovub, burda bir antiədəbiyyat ünsürünə qalib gəlib, redaksiyada bir kəlmə sözlə redaktoru aşırıb, tədbirdə bir şairin şeirini götürüb təpəsinə çırpıb, yazıçının hekayəsini gözünə soxub və s. Bu cür maraqlı “döyüş” yolunun xatirələrinin təsirindən xitabət kürsüsü dönüb fəxarət kürsüsü oldu. Fəxriyyələri ilə əruzu ayaqlayıb keçdi. İndi də “mənəm-mənəm” deyən aşıqtək dodaqdəyməzdən danışır, dildönməzi dildönər edir, qıfılbəndə açar salır. Sürücü kimi bircə yol da olsun əyləci basmadan dayanacaqlardan yel kimi, tinlərdən sel kimi, qırmızı işıqda piyada kimi keçir. Qadının danışıq üzvləri nətəri üsyana qalxıbsa nəfəs özünü ciyərə, bronxlara çatdıra bilmir, əl eləyir ki, burdayam, məni də götür. Sözlər ağzından Kür çayından betər daşıb-tökülürdü. Bu boyda həngamədən sonra axırda deputatların təbirincə söz verdi ki, o kresloda mən otursam var haa gfkdsmfıfllfmf… Bu jest, bu hünərlə ona Qoç Koroğlu, Həcər deməyə utandılar, dönüb “aslanın erkəyi-dişi olmaz” dedilər. Amma demədilər, ay xanım, niyə şahə qalxmısan? Nöş kişnəyirsən? Aaz, hanı sənin qadın zərifliyin? Biri elə mən, heç zad demədim. Qoja vaxtımda durub parik axtarası deyiləm. Bir də ki… camaata xoş gəlir axı. Məni kimi maraqsız adam nəylərinə gərəkdir. İki də ki elə yuxarıdakıların da xoşuna gəlir, hər yerdə qabağa çəkirlər. Üç də ki mənə dedilər, bilirsən o kimdir? Az qalmışdım, gedib qarşısında dayanıb deyim: – Kimsən sən? Kimsən sən? Amma səbir elədim. Dedim axı parik axtarmağa vaxtım yoxdur.
Əgər sizə heç bir medal verməyiblərsə, demək, bütün yaxşı şeylərə layiqsiniz.
Maarifçilər öz zamanlarında qiymətləndirilmirlər. Bu cür insanları ya ruhdan salıb mənən öldürdükdən, ya da cismən itirdikdən sonra anlayırlar. Onlara qoşulan olmaz, daş atanlarınsa sayı hesaba gəlməz. İdeyaları həmin vaxt qəbul edilməz, açdıqları izlə sonralar addımlayarlar. Özlərini yox edib sözlərini yaşadarlar. Əslində, onları yaşadan xalqın qədirbilənliyi deyil, cəmiyyətə məxsus olan əbədi əyrilikdir.
Gözlərinizin qarşısında dincliyini insanların problemi ilə pozan, özünü özgələrin dərdi ilə yükləyənləri görmürsünüz. Görənləriniz də dəyərləndirmirsiniz. Başqası üçün zəhmət çəkənə, təmənnasız işləyənlərə “əfəl” deyirsiniz. Onlar isə buna əhəmiyyət vermədən çalışırlar.
Böyük ideyalar eşqinə hər çətinliyə dözməyə güc tapmaq, yaşamaq olur.
Onlar yaşayırlar… amma necə?
Xoşbəxtliklərindən özgələrə pay verməyə hazır olaraq, bacardıqlarını edib, bacarmadıqları üçün üzülərək. Əli-qolu bağlı…
Çabaları – bu millətə nəyimi qurban versəm, o var olacaq?
Qayələri də bu!
Görməzdən gəlin, məhv etməyə çalışın, nə edirsiniz edin. Onlardan nəsə qalacaq!
Onlar bir günlük sevinci, bir günlük dincliyi qəbul etmirlər. İstəyirlər, bir gündə duyulan bütün xoş hisslər əbədilik olsun!
Darmadağın dünyada tamlığını qoruyan, parçalanıb yan-yörəyə “tökülmüş” ölkədə bütöv Vətən eşqiylə yaşayan, problemi çox olan millətin içində özünün dərdini gizlədib canını dişinə tutub, cəmiyyətin yükünü çiyinlərinə götürən, öz dincliyindən çox gələcək nəsillərin rifahını düşünən, abır-həyasından keçməyib istəklərini ürəyində öldürüb arzusuna çatmayan, başqalarının uğurundan şadlanan xoşniyyətli adam, (lar) millət sizlə millət olur.
Gül-çiçəyin, yaşıllığın mövsümü yaz-yay fəsilləri olduğundan dekabr ayında açan qızılgül diqqət çəkməyə, xoşa gəlməyə bilməz. Ən qalın geyimlərə “sığındığımız” vaxtda üzə gülümsəyən ləçəklər çətin anlarda ümidini itirməyən, hər şeyə rəğmən pozitivliyini qoruyan, ruhu cavan, həyat eşqi güclü olan insanları xatırladır. Mühit nə qədər sıxsa da ətrafındakılara kin bəsləməyən, heç kəsə nifrət püskürməyən insanlara eşq olsun. Onlar da həyatın çiçəkləridirlər. Qoxuları, gözəllikləri ilə ruhumuz dincəlir.
Tanınmış yazıçı Pərvanə Bayramqızının “Siz harda yaşayırsınız?” adlı kitabı çap olunub.
Iyirmi hekayəni əhatə edən kitabın nəşr ünvanı “Füyuzat”dır.
Cəmiyyətin ictimai-sosial həyatına həssaslıqla yanaşan müəllif indiyədək saysız-hesabsız publisist mətnlər, hekayə, gündəmlə səsləşən esselər, resenziyalar yazıb.
Dil məsələsi ilə bağlı tanınmış ziyalılardan aldığı müsahibələrin hər biri kitablarına daxil edilib.
Müəllifin çap olunan ilk kitabı “Qəlbimin istəkləri”dir. Yalnız şeirlərdən ibarət olan kitab 2008-ci ildə çapdan çıxıb.
Vətən, yurd, el-oba sevgisi, müharibənin fəlakətləri, fərdi yaşantılar, sevginin paklığını, ayrılıq əzablarını əks etdirən mətnlərlə zəngin “Yaza bilməyən yazıçı” kitabından sonra pandemiya dövrünün ağrı-acıları, maddi çətinlikləri, sərbəstlik məhdudiyyəti, ölümü, ayrılıqları, ana dilinin qorunması, cəmiyyətin problemləri, sosial şəbəkələrin faydalı-zərərli tərəfləri haqqında geniş yazıların toplaşdığı “Karantin zədəsi” kitabı işıq üzü görüb.
Yazıçı dördüncü – “Bir də gördüm…” kitabını atasının xatirəsinə həsr edib.
Bədii-publisist yazıları əhatə edən “Asan çətinliklər” bu ilin mart ayında ərsəyə gəlib.
İnsanları düşündürən, narahat edən mövzularda P.Bayramqızının sosial şəbəkələrdə yazdığı statuslar izləyicilər tərəfindən maraqla qarşılandığından bir çox deyimləri dillər əzbəri olub. Yazıçı mənən zəngin-yoxsul fərdlərin daxili aləmini, onların sosial həyatdakı davranışlarını, bir-birinə münasibətlərini xırda detallaradək təsvir etməyi bacarır.
Digər kitablarından fərqli olaraq “Siz harda yaşayırsınız?” kitabında yalnız hekayələr yer alıb. Əksəriyyəti müəllifin yaradıcılığının ilk mərhələsində qələmə alınan nəsr nümunələrinin mövzusu müxtəlifdir. Eyni zamanda son aylarda sayt, qəzet və jurnallarda dərc edilmiş yeni hekayələrin də sıralandığı kitab sayca altıncıdır.
“Dağıntılar altındakı sevinc” hekayəsində Azərbaycan qadınının son nəfəsində də həyasını qoruduğu məqam təsvir edilib. “Pul kisəsi”, “İnsanlığın hekayəsi” müharibənin insanların həyatında buraxdığı xatirələri, əməlləri obrazların hissləri, rəftarları vasitəsilə göstərir. “Ağ divarda qara yazılar…”, “Yazılmayacaq hekayə” sevgi mövzusundadır. “Uzaq səfər – yaxın yol” hekayəsində ağbirçəyin el-obasına bağlılığı bədii boyasız təsvir edilir. “İki qadın” fərqli həyat tərzi yaşayan qadınların daxili nitqindən, “Uçurum”sa cavan nəsillə yaşlı nəslin həyata baxışından bəhs edir.
Oxucuların illərdir maraqla oxuduğu “Yeddi sual” hekayəsi də kitaba daxil edilib. Digər hekayələrin mövzusu ilə tanış olmaq və “Siz harda yaşayırsınız?” sualının kimə ünvanlandığını bilmək istəyənlər üçün kitab oxucuların ixtiyarına verilir.
Özünün ixtiyarında olan qəzeti, jurnalı zəif, məzmunsuz yazan cızma-qaraçıların imzalarının tanınması üçün işlətməkləri azmış kimi üstəlik ədəbi orqanlardakı tanışlarının səlahiyyətindən də bu məqsədlə istifadə edirlər. Ədalətsiz əməlindən xəbərsiz olduğu yetmir, bir yandan da sosial şəbəkələr vasitəsilə şeirlərini, mətnlərini paylaşıb məşhurlaşan istedadlıları tənqid edirlər. Adam, sən istedad yox, baş əymək tələb edirsən, kimlə şəxsi münasibətin varsa, onu tanıtdırırsan, heç olmasa əl çək günahı yaxşı yazmaq olanlar bacardıqları formada yazdıqlarını ictimaiyyətə çatdırsınlar. Təbliğatını apardıqlarınızdan yaxşı yazanların qazancları həqiqi oxuculardır, bunun da adını kütlə qoyursunuz. Jurnalınızda şəklini, imzasını gözə soxduqlarınızın “yaradıcılığını” tədqiqatçılar təhlil edib kitaba salırlar da, bu yazıq yetimlərə niyə imkan vermirsiniz? Sizə yaltaqlanmalı, yalvarmalıdırlar ki, yazılarını dərc edəsiniz? Onlar öz işləri ilə məşğuldur, siz də öz işinizlə — xətir-hörmətə, tapşırığa, pula-filana görə imza tanıtmaqla məşğul olun. Mümkün olsaydı Marka tapşırardınız ki, onların şeirlərini “blokla”.
Yaxşıya pis desələr, pisə yaxşı desələr, Bunu görcək qəzəblənib, yaxşılar da pis olmaq istəsələr…
Əli Kərim
Bünövrəsi: “Mərdi qova-qova namərd etmək…”
Müasir forması: Zəif yazan müsabiqədə qalib çıxarılır, həyalını itələyib arxaya atırlar, savada qiymət verilmir, titulu əsas götürürlər.
Adamı pisliyə həvəsləndirməyin yollarını yaxşı bilirlər.
Mənə yuxu kimi gəlir bu görüş… Qurbanı olduğum həqiqətiylə, Oduna yandığım qəm sərvətiylə, Dadıyla-duzuyla hərarətiylə Mənə yuxu kimi gəlir bu görüş.
Ayrılıq gözümü yaman qorxudub, Könül – zülmət evi, sən ona işıq; Bu şirin vüsalın əlindən tutub, Ağrı-acıları tamam unudub, Elə bil dünyadan oğurlanmışıq.
Mənə yuxu kimi gəlir, əzizim, Sinəmə çay kimi axan bu saçlar; Mənə yuxu kimi gəlir, əzizim, Bu nurlu həyəcan, şirin təlaşlar, Gözümdən gül kimi üzülən yaşlar.
Qoy yanım oduna, kül olum tamam; O göy deyilən də, bu yer üzü də, Ayrılıq, intizar, həsrət sözü də, Eşqim də, qəlbim də, sənin özün də Mənə yuxu kimi gəlir bu axşam…