ƏDƏBİYYAT Bir hökumət tazə çıxmış, ismi Azərbaycan. Şəkli cümhuri, idarə üzvü yeksər bəylə xan. Heç görübsüzmü ki, olsun kəlləyə qurtdan çoban? Bir nəfər xalis rəiyyət kabinədə yoxdur, inan, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! * * * Hər şəhərdə xandır, əyandır keçib iş başına, Hər cəhətdən üz görür öz qövmu, öz qardaşına. Get dolan kənd-kəsəyi, bax bir axan göz yaşına, Hər tərəfdə kamirandır bəy, əkinçi bağrı qan. Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! * * * Get Qazaxdan keç, Tovuzdan keç, özün ver Gəncəyə, Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə, Kəndliyə, rəncbərlərə bax bir olan işkəncəyə. Bax nə cür bu zülmdən qan ağlayırlar hər zaman, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! * * * Nəql edim bir-bir sənə mən hər yerin əhvalını, Kəndlinin, rəncbər, əkinçi, fəhlənin bil halını, Bax, düşün, gör onların idbarını, iqbalını, Qalma qəflət uyqusunda, dur, gözün aç, bir oyan! Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! * * * Xoylu xan bir müddət etdi tək idarə milləti, Kabinə təşkil eylədi, hər yerdə çıxdı şöhrəti, Çünki böhran oldu, dəyişdi vizarət heyəti, Hər tərəfdən toplanıb məbus açıldı parlaman, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! * * * Bəh, nə məbuslar ki, tanrı bədnəzərdən saxlasın, Qıymasın canlarına, hər şur-şərdən saxlasın, Qəlblərin sinsitməsin, qəmdən, kədərdən saxlasın, Çünki millət onlara mərhuni-minnətdir hər an, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! * * * Var o cür məbus əsla anlamaz bəsət nədir, Parlaman nə, üzv nə, bu vəz, bu halət nədir, Kimdi millət, kimdi dövlət, bu qədər bidət nədir, Çünki onda nə fərasət var, nə təqriri-bəyan, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! * * * Get soruş öyrən, gör, aya, bunları kimlər seçib, Onların kim qəddinə bu xələti ölçüb-biçib, Hər biri yüz min fırıldaq işlədib,zorən keçib, Ayda on min donluq alsın, müftə olsun kamiran, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! * * * Böylə getsə binəvalər büsbütün pamal olur, Bu fəlakətdən, yəqin, axırda izmehlal olur, Kim bu bəylərdən səvay bu vəzidən xoşhal olur, Hər tərəfdən ərşə qalxıbdır bütün ahu fəğan, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! * * * Vardı min dinsiz, imansız hər biri milyon yeyib, Beş gün əqdəm lüt gəzərkən indi xəz paltun geyib, Doğrudur həqqən, keçənlər mətləbin lübbün deyib, İndi bülbüllər yerində qarğalar tutmuş məkan, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! * * * Qan töküldü, can verildi, oldu hürriyyət pədid, Köhnə istibdad düşdü, parladı tərzi-cədid, Şahidi-məqsud göstərdi üzün, verdi nəvid, İxtiyar olmuş könüllər oldular yeksər cavan, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! * * * Leyk, heyf olsun, üzü bir binəvanın gülmədi, Milləti-cahil bu feyzin qürb-qədrin bilmədi, Fəhlənin bir kəs üzündən əşki-alın silmədi Canəvərlər əl-qol açdı oldu zalımlar əyan Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! * * * İndi getsən hər mahala hər yetən dad eyləyir, Dövreyi-mənhusi-istibdadı dəryad eyləyir, Bəs ki xanlar, bəs ki bəylər zülmü bidad eyləyir, Qalmayıbdır rəncbərlərdə dəxi tabu təvan, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! * * * İndi lazımdır ki, millət huşunu cəm eyləsin, Hər cür olsa haq danışsın, haq desin, haq söyləsin, Yoxsa bizlərə təpər yoxsa, buna kim neyləsin? Qalmaz axırda bu cür bivayə millətdən nişan, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! * * * Çünki bu millət susayıb bir-birinin qanına, İndi firsətdir, düşüb qardaş qardaş canına , Gözləri qızmış, qudurmuş, getmək olmaz yanına, Ol səbəbdəndir olur gündən-günə işlər yaman, Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!
Mənbə: Əliqulu Qəmküsar “Seçilmiş Əsərləri” AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI Bakı – 1959, səh. 97 – 99. Kitab şair-publisist Zaur Ustacın şəxsi kitabxanasında QF – N 0001(Qızıl Fond) qorunur.
A SİMSAR Salam olsun, sənə şanlı ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! Şükür, əlindədir külli-ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! * * * Nə deyim, a simsar, elə sim sarı, Simsar sinsidərmi, belə simsarı, Hələlik dönüş var, hələ sim sarı, Mizrab tutan əlin, qolun var olsun! * * * Rəvamıdır, bu edilən Ustaca!? Diqqət istər sim sarıyan ustaca… Al dil ilə deyər halın ustaca, Mizrab tutan əlin, qolun var olsun! 05.02.2021. Bakı.
BƏRK YAPIŞ Ay Zaur, deyirlər ən yaxşı vaxtdır, Bir az daha qeyrət, güləş, bərk yapış! “İgid odur, atdan düşə, atlana.” Bu işdə dönüş yox, dirəş, bərk yapış! * * * “Kor qızın baxtı”ndan yeyindi baxtın, İlikdən tacın var, sümükdən taxtın, Olmasa da adan, ya da ki, “yaxt”ın, Olanları qoru, çalış bərk yapış! * * * Ay Ustac, bilirsən, yastığın üç gül, Göydə ulduz sayır basdığın müşkül, Bir türlü dolmayır asdığın kəşkül, Haqqın ətəyindən sallaş, bərk yapış!
HÜSNÜ PÜNHANA (birinci şeir) İsmipünhan deyib, yazıb şairlər, Mənim müsahibim hüsnü pünhandı. Səmimi, mehriban, həm zarafatcıl, Mənim müsahibim hüsnü pünhandı. * * * Ürəyi yuxadı, xasiyyəti xoş, Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”! Camalın gizlədib, deyir:- “Nəğmə qoş”! Mənim müsahibim hüsnü pünhandı. * * * İsmin bağışlayıb; “Nurlu ləçəkdi”, Cənnət bağçasında şehli çiçəkdi, Ustacam, bu iş də bir görəcəkdi, Mənim müsahibim hüsnü pünhandı. 07.10.2021. Bakı.
QƏLƏBƏ KÖYNƏKLİ AĞDAM Müqəddəslik yatır hər qarışında, Övliya nuru var adi daşında. Tanrı işığısan yurd yaddaşında, Belini qırmısan fələyin, Ağdam. * * * Gördüm yağı bagrın yaranlarınï, Vüsala qovuşan yar anlarını. Köksünü üşüdən yaralarını, Vətən oğulları bələyib, Ağdam * * * Yollar misra-misra açıb sinəsin, Sözləri kövrəlib Qulu Ağsəsin. Zəfər torpağına sərib nəfəsin, Arzusu çin olmuş ürəyin, Agdam. * * * Bitib yaxasında qönçə ürəyin, Neçə ürəklərdən keçən ürəyin. Ruhuna səpilib neçə ürəyin, Bu zəfər ətirli diləyin, Ağdam. * * * Torpaqda buğlanır şəhid nərəsi, Bax,Aqil Abbasın coşub həvəsi. Məzarda kövrəlib Qədirin səsi, Gəl,ovut bu qəlbi kövrəyi, Ağdam. * * * Torpağın bələnib şəhid ətrinə, Daha dəyə bilməz kimsə xətrinə. Şükür alnındakı Tanrı sətrinə, Geymisən əyninə qələbə köynəyi, Ağdam.
Salam olsun, Azərbaycanın ilk hibrid jurnalı olan “Yazarlar”ın çox dəyərli yazarları və oxucuları! Bizim yalnız bir məqsədimiz var ki, o da “Yaradıcı uşaq – gәnclәrin dövrü mәtbuatda çıxışını asanlaşdırmaq , onların tanınmasına kömәklik göstәrmәk” olmaqla məramnaməmizdə çox aydın şəkildə qeyd olumuşdur. Aylıq ədəbi-bədii, elmi jurnal olan “Yazarlar” kitabxanalar üçün ənənəvi qaydada məhdud sayda nəşr olunur və elektron formatda bir neçə sabit, dayanıqlı, təhlükəsiz platformadan PULSUZ olaraq yayımlanır. Jurnalın bu günə qədər çap olunmuş bütün nömrələrini BİTİK.AZ saytından sifariş yolu ilə əldə edə bilərsiniz. Eyni zamanda Wahtsapp: (+994) 70-390-39-93
Bakıya təzə köçmüşdük, Bayılda, 20-ci sahə deyilən bir ərazidə kirayə qalırdıq. Böyük oğlum 5-ci sinifdə oxuyurdu. Kəndirin ucundan tutan vaxtlarıdır. Bu məsəl atamdan qalmadı. Təkliyini həmişə belə izah edirdi; mən bir ağacı götürəndə o biri başından yapışan olmayıb. Yəni tək olmuşam, hər işi təkbaşına görmüşəm. Atamın qardaşı yox idi. Mən anadan olandan sonra atama deyiblər ki, ay Mirzə, gözün aydın olsun, daha ağacın ucundan yapışanın var. Mən də tənbəl uşaq, ortalıqda veyil-veyil gəzənin biri. Nənəm tez-tez mənə deyirdi ay bala, bir ağacın ucundan yapışsana. O vaxtlar bu ağacın ucu məsələsi əməlli-başlı bizim kəndə ştat idi. İndi böyümüşəm, evim, ailəm, uşaqlarım. İşə bax, həmin ağacın ucu indi gəlib Bakıda kəndirin ucu ilə əvəzlənib. Yəni kəndirin ucundan tutanım var: iki oğlum, bir qızım.
“İyirminci sahə”dən, yəni kirayə qaldığım evdən hər gün Azərbaycan Yazıçılar Birliyinə gəlirdim. Elə belə. Bir-iki şair dostum vardı, onlarla görüşməyə.Yol boyu ətrafa baxırdım, yolun kənarındakı boş sahələri gördükcə xəyalımda tikəcəyim evi canlandırırdim. 20-ci sahə ilə Bakıl dairəsinə qədər yolun sağ və sol tərəfində deyəsən ev tikmək üçün adamlara pay torpaqlar verilirdi. Hər dəfə avtobusun əyləci xəyalımda tikdiyim evi uçururdu.
Günlərin bir günü on iki yaşlı oğlumla həmin boş sahəyə gəldim, evdən iyirmi beş metr kəndir də götümüşdüm. Gərgin iş gedirdi, kimi evin yerini qazdırır, kimi, daş tökdürür, kimi hasar çəkdirir, neft ərazisi adlanan bu yerdə geniş tikinti işləri başlamışdı. Mən sürətlə və özü də mətin addımlarla tikililəri keçərək sonuncu evdən sonrakı boş bir ərazidə dayandım. Kəndiri açdım, oğluma dedim, tut kəndirin ucundan. O da tutdu, iyirmi beş metr eninə, iyirmi də uzununa ölçdük, yəni beş sot. Ölçdüyümüz yer kvadrat şəklində idi. Beş sotun dord tərəfinə iri söyüd ağacları basdırdıq, ora-burasını o tərəf, bu tərəfə bellədik. Əslində məqsədimiz yerin sahibi kimi özümüzü ətrafdakılara göstərmək idi.
Sən demə, adamlar bu yeri Səbail İcra Hakimiyyətindən sərancamla alırlarmış. Bu məsələdən az-çox xəbərim olsa da, heç üzə vurmurdum, adamları şübhələndirmək istəmirdim. Mənim sərancamım ancaq iyirmi beş metr kəndir, dörd ağac və yerin üstündəki, bəlkə də, minlərlə ayaq izlərimiz idi. Çünki oğlumla yerin üstündə o qədər o yana, bu yana getmişdik ki, elə bil burada böyük bir mitinq keçirilmişdi və ya ləpirlərin geniş sərgisi açılmışdı. Qəribə burasında idi ki, mənim iri ləpirlərimin arxasınca düşən oğlumun ayaq izləri yaman sevincli idi. Nədənsə bu balaca ləpirlər məni çox kövrəldirdi.
Gəlib keçənlər artıq bizə xeyir- dua verirdilər. Biz daha da ürəklənirdik. Xeyir-duaları yerimiz üçün verilən sərəncamin ilk cümləsinə bənzətmək olardı.
Sərancamla gələnlər bizdən o tərəfə adlayırdı. Burada dəqiq ünvan yazılmırdı. Sadəcə ünvan belə göstərilirdi: Səlyan şosesi, Bibiheybət küçəsi, vəssalam. Beləliklə, bizim tutduğumuz yer ortada qaldı. Getdikçə yerimiz köhnəlməyə başlayırdı. Köhnəliyin özü də yerin məhz bizə aid olmasina kömək edirdi. Burda köhnəlmək dadımıza çatırdı. Bir dəfə güclü bir yağış yağdı. Əməlli- başlı islandıq. İslanmağın özü də yerin bizə aid olduğunu göstərirdi. Yoxsa biz yad yerdə niyə islanaq ki…?
Qonşuluqdakı ağsaqqal kişi bizi öyrədirdi ki, bala, hər gün yerinizin üstə olun, möhkəm durun. Yoxsa gəlib yerinizi əlinizdən ala bilərlər. Qoca atan, anan varsa, onlar gəlib yerin üstündə dayansınlar. Azdan-çoxdan qocalara hörmət edirlər. Elə bil kişi yerimizin sərəncamsız olduğunu bilirmiş. Səhəri yoldaşımı, yeddi yaşlı qızımı, beş yaşlı oğlumu da gətirdim. Onlar da yerin üstünə təzə ləpirlər saldılar. Bir az da yerin məhz bizə aid olmasını təsdiq etdilər. Sanki biz o boş torpaq sahəsində artıq yaşamağa başlamışdıq. Xəyallar qururduq. Eli bilirdik ev tikilib, hasar çəkilib və biz də evin içindəyik. Düşünürdük ki, yolnan keçənlər artıq bizi görmürlər. Arzularımız üzümüzə örtük çəkmişdi, biz bu örtüyün arxasında yaşayırdıq. Axşamlar kirayə evimizə gedir, gündüzlər səhər saat 9-dan axşam saat 8-ə kimi yerin üstə olurduq. Ev tikdirən qonşularla mehriban idik. Salamlaşıb hal-əhval tuturduq. Bir-birimizi qonaq gedirdik, termoslarda gətirdiyimiz çayı içirdik.
Bir gün yenə oğluma dedim, tut, bu kəndirin ucundan. O da tutdu, mən və ya o sağa-sola fırlanır, guya tikəcəyimiz evin özülünü qazmaq üçün plan cızırdıq. Özümüzü camaata iş görən adam kimi göstərirdik. Balaca mübahisələrimiz də olurdu. Bunun da əsas səbəbkarı yoldaşımdır. Deyir, gərək mətbəximiz geniş olsun. Bir yandan da qızım, məhz dayandığı yerdə odasının (elə beləcə də deyir) tikilməyini israr edir.
Bu saat ən ümdə məsələrdən biri də qonaq otağıdır. Hətta müəyyənləşdirmişik ki, bizə kimlər gələ bilər və ya mənim şair dostlarımın oturması, şeir deməsi və ədəbi müzakirlər aparmaq üçün xüsusi otağın ayrılması diqqət mərkəzindədir. Kasıb adamların arzusu nə böyük olurmuş. Mən bunu ilk dəfə hiss elədim.
Qonşularım çoxu artıq öz həyətlərinə daş tökdürürlər. Evin özülünü qazırlar, beton qarışdırıb, evin fundametini başa çatdırırlar. Bəziləri artıq evin kürsünü hörüblər, bəziləri taxta şifer-zad gətiriblər. Bizim ancaq dörd ağacımız, iyirmi beş metr kəndirimiz, sapı laxlayan belimiz, bir də şirin xəyallarımız var.
Bir gün balaca oğlum kəndirin ucunu aparıb yerin arxa tərəfindəki ağaca bağlayarkən qəflətən qışqırdı:– Ata, ağac yarpaqlayıb, hamımız yüyürdük, doğurdan da, ağac yarpaq açmışdı. Dörd ağacdan üçü göyərmişdi. Bu da torpağın məhz bizə aid olduğunu göstərən növbəti fakt kimi görünürdü. Artıq yerin özümüzün olmağına qətiyyətlə inanmağa başlamışdıq. Daha inamla evin neçə otaqdan ibarət olmağını, pəncərələrin hansı tərəfə düşməyini, mətbəxi, qızımın, özü demişkən, odasını, yaradıcılıq və şair dostlarımla müzakirələr aparacağımız qonaq otağının yerini dəqiqləşdirdik.
Oğlum kəndirin ucundan yenə tutdu, kah sağa, gah sola fırlandıq, yenə mübahisələr başladı ki, pəncərə qonşunun həyəti tərəfdə qoyulmasın. Bu, yaxşı hal deyil. Amma onda otağın biri pəncərəsiz olacaq. O gecə səhərə qədər pəncərəsiz evin fikirini elədik. Yaman məyus olmusduq. Gecə kağız üzərində çəkdiklərimizi gündüzlər beş sotun üstündə təcrübədən keçirirdik.
Termosu kiçik oğlum sındırdığından yerin ortasında ocaq qaladıq və üstünə dəmir çaydan qoyduq, çay qaynatdıq. Yerin ortasında qaralan ocaq yeri torpaq sahəsinin bizə aid olduğunu göstərən ən əsas faktlardan sayıla bilərdi. Ocaq yeri möhürə oxşayırdı. Sankı yerin bizə verilməsini təsdiqləmişdi. Biz yüz ölçüb, bir biçsək də yer qazmağa, daş gətirməyə bir manat pulumuz yox idi. Hələ evin ötən aya olan kirayəsini verməmişdik. İşim də yox.
Hər gün səhər kirayə evimizdən çıxıb “öz evimizə” gəlirdik. Ocaq qalayırdıq, çay qaynadırdıq. Hərəmizin iri bir stəkanımız vardır, çay içməkdən doymurduq. İtimiz də vardı, hardansa gəlib o da bizim gördüyümüz işlərə tamaşa eləyirdi.
Balaca oğlum yerin ayağındakı kölməçədə corablarını islatmışdı. Yoldaşım corabları yuyub qurutmaq üçün ağacların üstə sərmişdi. Külək corabları yellədirdi. Yellənən corab da torpağın bizə məxsus olmasının nişanlarından biri idi.
İtin kənardan keçənlərə hürməsi, sonra gəlib yaxınlığımızda çöməlməsi təsdiq edirdi ki, bura bizim evimiz, bu da qapımızın itidir. Bir pişik kənardan bizə baxıb miyoldayırdi, amma itin qorxusundan yaxın gəlmirdi. Artıq onun ayaqlarının dördü də bizim həyətin içində idi.
Gözümü yol tərəfdən çəkmirdim. Bilirdim ki, nə vaxtsa gələcəklər. Günlərin bir günü uzaqdan bir polis maşının gəldiyini gördüm. Tez oğluma dedim: – kəndirin ucundan tut. Oğlumla evin yerini yenidən ölçüb-biçməyə başladıq. Guya heç nədən xəbərimiz yoxdur. Polis maşını düz bizim yerin ortasında dayandı.
Arxasınca daha bir polis maşını gəldi. On nəfər olardı. İtimiz nə qədər hürdüsə, xeyiri olmadı. Onu daşlamaqla uzaqlaşdırdılar. Pişik çoxdan çıxıb getmişdi. Sonra polislər oğlumla mənim əlimdən kəndiri alıb qırıq-qırıq elədilər. Ocağın üstündə qaynayan çaydanımıza təpik vurub caladılar. Yarpaqlayan ağacları kökündən çıxarıb iki böldülər. Təkçə qızım otağı tikiləcək yerdən tərpənməmişdi. İri polis çəkmələri bizim ləpirlərimizin üzərinə ayrı bir örtük çəkdi. Belimizi iki sındırdılar. Bizi torpaq sahəsindən çıxarıb “evimizi” uçurdular.
Bizdən yerin sərəncamını istəyirdilər. Uşaqlarımın yanında utanırdım. Çinki qırx yaşıma çatsam da, on beş kitabım işıq üzü görsə də, hələ bir sərəncam alacaq qədər şöhrətim yox idi. Oğlum ikiyə bölünmüş söyüd ağacını əlinə götürüb başının üstə tutdu. Sanki o solmaqda olan yarpaqların altında durmuş kimiydi. Birdən– birə oqlum uca səslə dedi:
Bu yaşıl ağacın üstü Allahın, Bu yaşıl ağacın altı bizimdi.
Misraları eşidən kimi o saat yadıma Zəlimxan Yaqub düşdü. Hə, tez Zəlimxan Yaqubun yanına getməliyəm. Uşaqları qonşunun həyətinə yığıb getdim Milli Məclisə. Saat 12-yə 20 dəqiqə qalırdı. İçlas 12-də başlayacaqdı. Pilləkənləri çıxa bilmirdim. Anadangəlmə ürək qüsuru nəfəsimi kəsirdi. Oğlum da mənimlə gəlirdi. Biz tez çatmalıyıq. Oğlum sanki mənim yerimə nəfəs almaq istəyirdi. Nəbzimi saymağı öyrəşmişdi oğlum, qəflətən biləyimdən tutdu və dedi:-Ata, səndə aritmiya var, dincəl. Pilləkəndə oturduq. Dilimin altına validol qoydum.
O vaxt Milli Məclisin binasına çatdım ki, Zəlimxan Yaqub artıq qəbul otağından çıxır. Ətarafında xeyli adam var. Salam verməmiş tövşüyə-tövşüyə ilk sözüm bu, oldu: – Uçurtdular – Nəyi? – Evimi. – Mən qoymaram sənin evini uçurtsunlar, hələ ölməmişəm, gəl, getdik.
Sən demə şairin ətrafındakıların çoxu jurnalistlər imiş. Səhəri əksər qəzetlər yazacaqdılar : “Qəşəm Nəcəfzadənin evini uçurtdular”. Zəlimxan Yaqub həmin gün içlasda iştirak etmədi. Məni də götürüb Səbail İcra Hakimiyətinə gəldi. O zaman Səbail İcra Hakimiyyətinin başçısı Rüstəm Məmmədov idi. İki saat qəbulunda gözlədik. Bizi qəbul etmədi. Zəlimxan Yaqub hirslə bunadan çıxdı. Sürücüyə dedi ki, sür Qəşəmgilə. Guya sürücü bizim evin yerini bilir. Mən yol boyu hər şeyi başdan danışmağa başladım. Əvvəl kəndiri dedim… dedi, kəndiri heç qırmaq olmaz. Yarpaqlayan ağacı dedim, dedi, ağacı kökündən çıxarmaq elə ev uçurmaqdan da betərdir. Sonra ocağı, ocağın üsündə qaynayan çaydanı dedim, burda lap kövrəldi, dedi, bu lap on evi uçurtmağa bərabərdir. Axır ki, çatdıq yurda. Gördüm, hələ də uşaqlarım qonşunun həyətindədilər, qorxularından yurda ayaq basmayıblar. Zəlimxan Yaqubun iri ayaqları torpaq sahəsinə daxil olan kimi hamımız ürəklənib yenidən “evimizə” daxil olduq. Kəndir yox idi. Şair yerin enini-uzununu addımları ilə ölçürdü. İyirmi beş belə, iyirmi də belə, demək, beş sot -əllərini o tərəfə, bu tərəfə yelləyərk – Allah xeyir versin, toya-nişana gələk – dedi.
Qonşular şairlə ehtiramla görüşdülər. Bir az keçmişdi ki, yenidən bir maşın polis gəldi. İçindən rütbəcə böyüyünün biri maşından düşüb şairlə iki əlli görüşdü. Sonra şairə dedi:- rəisimiz bərk hirslənib, bu gün qəzetlər yazıb ki, guya biz cavan və istedadlı bir şairin evini uçurmuşuq. Amma burda ev yox idi.
Zəlimxan Yaqub lap uca səslə dedi: Var idi, özü də lap yekə ev var idi. Burda bir ana təbəssümü, bir ata arzusu, bir körpə sevinci var idi, onu ucurdunuz. Ocaq var idi, onu söndürdünüz. Öy nəynən öy olar, ocaqnan onu da dağıtdınız. Xeyir – bərəkəti, ata öyüdünü, şairin arzularını yerlə yeksən elədiniz.
Polislər heç nə demədi. Sakitcə ağacları aparıb həmin yerə basdırdılar. Maşından bir yumaq kəndir, bir təzə bel, bir çaydan gətirdilər, ocaq qalayıb üstə qoydular və sonra çıxıb getdilər.
Şair axsam bizi evinə apardı. Cavan yaşlarında onun da başına belə bir iş gəldiyini dedi: – Mən də qanunsuz, yəni sənədi olmayan bir ev tikmişdim. Haqqımda cinayət işi qaldırdılar. Yenə sənin ki, yaxşı oldu. Tikdiyim evi mənim özümə sökdürdülər. Bir yandan əsəb, bir yandan da hörgünün möhkəmliyi məni lap əldən saldı. Sementini o qədər çox eləmişdim ki, uçurmaq olmurdu. Səninki kimi dörd ağac olsaydı, nə vardı… O vaxtdan böyrəklərim ağrı tapdı.
Sonra şair “Xocalı” haqqında yeni şeirlərini oxudu. Gecə onlarda qaldıq. O vaxt şair Yeni Yasamalda bina evində yaşayırdı. Səhər açılan kimi bizi maşınla yurdumuza gətirdi. Dedi, uşaqlar yerin üstə olsunlar, biz gedək icra hakimiyyətinə. Kimi görürdü mənim haqqımda belə deyirdi, məndən də qəşəng, məndən də gözəl şair… lap utanırdım.
Şair ilk kitabımın redaktoru idi. 80-ci llərin əvvəlində “Yazıçı” nəşriyyatında işləyirdi. Kitabın da plana düşməsinə o, komək eləmişdi.
Nəhayət, dörd-beş gündən sonra Zəlimxan Yaqub çox əziyyətlə icra hakimiyyətindən torpağın sərancamını aldı. Məndən də çox sevinirdi. Gəldik yurdun üstünə.
Balaca uşaqlarım polisin verdiyi kəndirlə oynayırdılar. Nəsə ölçüb biçirdilər. Yoldaşım yerin ortasında ocaq qalamışdı, üstündə də çaydan. Şair elə həmin gün mənə min dənə daş aldı. İyirmi kisədən çox sement. Maşınlar gurhagurla daşı yerin ortasında boşaltdılar. Qanad açıb uçmaq istəyirdim. Sonra Zəlimxan Yaqub kəndiri götürdü, mənə dedi ki, tut ipin ucundan. Xeyli ölçüb biçdik. Qızım üçün otağı, yoldaşım üçün mətbəxi lap geniş götürdük. On dörd il sonra qızım həmin evdən gəlin köçdü. Sonra həmin evə iki gəlin gətirdim.
Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəyən yaradıcı şəxslərin nəzərinə çatdırır ki, 2022-ci ilin yanvar ayının 10-dan fevral ayının 10-a qədər üzvlük üçün tələb olunan aşağıdakı sənədləri AYB Qəbul komissyasına təqdim edə bilərlər:
– Geniş tərcümeyi hal (yaradıcı məqamlar ətraflı göstərilməklə) ; – Çap olunmuş kitablar (hərəsindən 1 nüsxə); – Mətbu nəşrləri də göstərilməklə çap olunmuş əsərlərin ümumi siyahısı; – AYB üzvü olan 3 nüfuzlu ədibin zəmanəti (bildiririk ki, zəmanət verən şəxslər AYB aparatında işləməməli, AYB-nin ictimasi statuslu şuralarında və Qəbul Komissiyasında təmsil edilməməli, eyni zamanda 10 ildən artıq AYB üzvü olmalıdırlar) ; -Üzvlüyə qəbulla bağlı ərizə ; -AYB üzvünün qeydiyyat vərəqəsi ; -Şəxsiyyət vəsiqəsinin surəti; – 3×4 ölçüdə 3 ədəd rəngli fotoşəkil;
Blidirilir ki, 30 yaşa qədər gənclər qəbul üçün 2 zəmanət təqdim edə bilərlər. Eyni zamanda, bölgələrdə yaşayan və üzv olmaq istəyən şəxslərin üzvlüyü üçün AYB-nin müvafiq filial və bölmələrindən təqdimatın olması vacibdir.
AYB-nin nəşrlərində əsərləri çap olunan şəxslərə qəbul zamanı üstünlük veriləcəkdir.
AYB üzvünün qeydiyyat vərəqəsi və ərizə forması Qəbul komissiyasından götürülməli, yaxud sənədlər təqdim edilən zaman doldurulmalıdır.
Əlavə məlumat almaq istəyən şəxslər (+99412) 493-74-81 telefonuna zəng edə, Qəbul komissiyasının katibi Məlahət Qənbərova ilə əlaqə saxlaya bilərlər.