QƏRƏNFİL Ağladın Azadlıq şəhidlərinə, Bir az da dənizə ağla,qərənfil. Ağla ölənlərin itmiş ruhuna, Bir az da kükrəyib çağla,qərənfil. * * * Bizdən yan keçmədi ölüm,fəlakət, Günah işlətmişik,yoxsa qəbahət? Baxışlar nigaran, ürək narahat… Bir az da sinələr dağla,qərənfil. * * * Bu nə intizardı,bu nə sualdı, Dəniz susub,dinmir,elə bil laldı, Son ümid şöləsi közərə qaldı, Bir az da yaramı bağla,qərənfil.
DEYİRLƏR, KİŞİ AĞLAMAZ… (20 Yanvar faciəsinin qurbanlarına ithaf olunur…) Deyirlər,kişi ağlamaz, Ancaq hamı ağladı o gün, Anam ağladı, bacım ağladı… Göz yaşları gildir-gildir, elə bil ki, seldir… O vaxt atam da ağladı- 1990-da… Onda ərşə qalxdı, sinə dağladı atamın anamın,bacımın naləsinə qarışan yanıqlı fəryadı… O ağladı,sızladı,mən düşündüm, Sakit,təbiətən mülayim atam niyə ağlayır? Üşüdüm… Mənə elə gəldi ki,o ayazlı, şaxtalı gecədə küçədə əliyalın,sinəsini düşmən gülləsinə Sipər edən mən idim… Atam mənə görə ağlayırdı, Sən demə, Vətən oğulları üçün sızlayırdı. Deyirlər,kişilər ağlamaz,ancaq ağladı atam o şənbə gecəsinin dəhşətinə,vəhşətinə… İlham üçün özünü qurban verən Fərizənin həsrətinə. Yandı şair təbiətli Ülvinin gəncliyinə,nakam ömrünə O gecə şəhidlik zirvəsinə ucalan oğullar üçün ağladı atam… Deyirlər,kişi ağlamaz,ancaq atam ağladı,mənə görə yox- Şəhid olmuş qardaşıma,bacıma… 5.05.2014. Quba-Zərdabi.
ŞƏHİDLƏRİN RUHUNA Güllər buta bağlayanda, Çaylar daşıb çağlayanda, Qərənfillər ağlayanda Ağla şəhid ruhlarına Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Gəncdi Ülvi Bünyadzadə, Nakam ömrü getdi bada, Gətirib sən onu yada Ağla şəhid ruhlarına, Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Leyli-Məcnun əfsanədir, Sədaqətə nümunədir– Onlar İlham-Fərizədir. Ağla şəhid ruhlarına Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Bir olmuşuq həmişə biz Azad olsun Vətənimiz. Mövlud,çatar zəfərimiz… Ağla şəhid ruhlarına, Bir dəstə gül bağla şəhid ruhlarına…. 13.12.2014. Quba-Zərdabi.
(Kənan Hacının təkadamlıq “Vaxt pəncərəsi”ndən bir başqa dünya görünür)
Öz evini çiynində gəzdirən, qapı-qapı gəzən, könlü mənəvi kasıb, nəfsinin arzularına məğlub olan saxta, modern dərvişlərin maddi aləmdən imtina edib ruhsal dünyaya atılmağını, sufi rəqslərlə saat əqrəbinin əksinə fırlanaraq göy cisimlərinin hərəkətini etməsini görmüsünüzmü? Mən görməmişəm. Bunun üçün Tanrının verdiyi ruhi hal lazımdır. Çoxumuz dərvişləri dilənçi kimi tanıyırıq. Dərviş yoxsuldurmu? Bunu mənəvi yoxsullar belə düşünər. Əgər sənin mənəvi heybən doludursa, dünyanın ən zənginisən.
Gənclik illərindən bu günə qədər Səttar Bəhlulzadə dərvişliyi ilə eyni olan dərviş axtarışındayam. Axtarışlarımın hələlik bir nəticəsi yoxdur.
“Təkadamlıq” bir hekayə məni”Vaxtın pəncərəsi”nin boz-bulanıq şüşəsindən baxmağa məcbur etdi. O pəncərədən nələr gördüm? Kənan Hacının “vaxt pəncərəsi”ndə yer “təkadamlıq” olsa da mənəviyyat vurğunlarının hamısını ora dəvət edirəm. Kənan Hacıya deməyin bunu. Sirr saxlaya bilmirəm. Sirr saxlamayanlara ağzıcırıq deyirlər, mənsə ağzıcırıq da deyiləm, səxavətliyəm. Yaxşı bir nəsnə görəndə özümü saxlaya bilməyib car çəkirəm ki, qoy hamı özünü çatdırsın, içini redaktə etsin.
Saxta dərvişlərin bic doğulmuş mahnıar oxuduğu, oriental rəqslərlə ora-burasını nümayiş etdirib yanıqları həyəcanlandırdığı bu günümüzdə dərvişlik çox ucuzlaşıb. Kənan Hacı isə əsl dərvişlik sınağından üzüağ çıxan “sonuncu dərviş”dir. “Xirqə”si də var, “kəşkül”ü də. O, bilir ki, “ağrı bədənin, dərd ruhundur, ağıl yerdir, hiss göy, ağıl, bədən sudur, hiss, ruh od”.
Dünyanın özü hərtərəfi su və od ilə əhatə olunan adadı, Kənan bəy. Dərviş İlkən də, sən də hara qaçacaqsan ki? Sizin kimilərin taleyinə yazılan yazıdı bu. Odun və suyun “vətən”i yerdi, hissin və ruhun sığınacağı isə göy. Çoxumuz yerlə göyün pasportsuz, ikili vətəndaşıyıq. Elə “Günəş köynəkli” Dərviş İlkən də. Əslində “vətəndaş” kəlməsi yerinə düşmədi, laməkanların nə vətəndaşlığı? Bu cahana sığmayanları onların ruhuna şərik olanlar daşıya və tapa bilər. Tanrıyla “həsb-hal” edənlər həmişə oyaqdılar. Onlar üçün “yatmaq vaxt itkisidir”. Belələri, yerə yatmışları oyatmaq üçün göndəriliblər, böyük Sabir kimi…
Od da, su da müqəddəsdir, hər ikisi insanlığın xilası üçündür. Ona görəmi “od suyun qəlbində soyuyur? Atalar deyib ki, biriniz od olanda biriniz də su olun. İnsanlar da iki qismə bölünüb – oda və su xislətlilər. Deyirlər ki, insan bədəninin 80 faizi sudur. Oğuz Türklərinin bədənində bu əllinin əlliyə nisbətindədir, Yaradanın bizə ənamıdır. Ancaq nədənsə həndəvərimizdə başdan ayağacan su, yaxud təpədən dırnağacan od adamlar çoxalıb. Günahlarımızı Tanrı görür, unutmayaq.
Heç fikirləşmisinizmi, bizim əməllərimizdən od nə çəkir, su nə? “Od nə çəkdi küldən soruş” deyirdi Rəsul Rza. Bəs suyun çəkdiklərini kimdən, yaxud nədən soruşaq?
“Ruh insanın bədənində qonaqdır”, biz qonağa canımızı verməyə hazırlardanıq, bunun açısını ulu ömrümüz boyu dadırıq. Ancaq ruhumuz nankor deyil. Bircə onu küsdürməyək. Ruh nədir? Bizdən sonrakı biz. Bəs niyə özümüzə biganəyik?
Bəlkə qəmimizi duruldan içimizdəki su, sevincimizi yanmış kösövə döndərən oddur. Ona görəmi qəmimiz tərtəmizdi – həmişə müqəddəs suda qüslləndiyi üçün, sevicimiz də yanıq? Yox, suda, odda günah axtarmayaq…
Sükutumuzun da dili var, Kənan Hacı. Sükutun pıçıltılarını nə vaxr qulağımız eşitməsə, çığır-bağırdan dəli olarıq. Bizim abır-həyamızı sükut ört-basdır edir.
Yerindən duran qələminə and içib ağzına və ağlına gələni yazıb bəyaz kağıza püskürür, sonra da sönmüş vulkan kimi öləziyib itib-batır.
Kaş bizi nağılsız böyüdəydilər nənələrimiz. Bizə Məlikməmmədlərin kəndirini kəsməyəyi, göyçək Fatmaları təndirdə yandırmağı, qardaşa daş atmağı, cırtdaların hiyləsini nağıllar öyrətmədimi? İndi nağıllara inanmamağımızın nə mənası? Artıq iş-işdən keçib. İndi dünyanın hər yanı it hürən tərəfdi. İşıq gələn tərəfi axtarsaq da tapmırıq. Deyəsən işıq gələn deşiyə barmağımızı çoxdan tıxamışıq, bəlkə də yumruğumuzu…
Kainatdakı “makro və mikrosistemlər” tamahımızın ucbatından hər gün qram-qram arıqlayır, əriyir. Makro dərdlərimizsə ərimir, daha da kökəlir, mikro sevincimizin gözünü azğın əcdahaxislətlilər kor edirlər.
“Vaxt rəncərəsi”nin arxasında məlul-məlul dayanıb siyasət
Təpəgözlərinin işləklərini qınamaqdan yorulmuruq, hərdən səssiz-küysüz məzlumcasına hədələyirik onları: “Ay gidi dünya!”. Gidi dünya isə bizi yad ünsür kimi görür. Dünyanın mayasına haram qatılıb, yoğurduğumuz xəmirə duz atmağı çoxdan unutmuşuq.
Hamımız tənha adaya çəkilsək, vay o adanın halına. Qoy orada Dərviş İlkənlər yaşasın, onların yorğanına birə buraxmayaq.
Biz Əli Kərimin diliylə desək, həqiqəti it, yalanı ceyran şəklində görməyə alışmışıq. Həqiqətdən qorxmuşuq – itdən qorxan kimi, yalan gözümüzə zərif, incə, göyçək görünüb – ceyran şəklində.
Deyirlər, insan ən şüurlu, vicdanlı çanlısıdır planetimizin. Bəs onda niyə insan yalanlar içində kef çəkir, yalan söyləməkdən həzz alır, hətta Tanrıya da kəf gəlməyə çalışır? Budurmu şüur, vicdan? Şüursuz hesab etdiyimiz nəhəng ağaclar, bapbalaca boylu çiçəklər yalan pıçıldamır, külək yalandan əsmir, quşlar yalançı nəğmələr ötmürlər? Yalan şüurlular üçünmüş…
Hələ çoxmu “quşları rəngləriylə aldadan dadsız kəpənəklər kimi mozaik zamana” aldanacağıq, yaxud üzü üzlər görmüş, qarıyıb ifritəyə dönmış zamanı aldatdığımızı düşünəcəyik avam-avam?
Gəlin gedək, Ramiz Rövşən sayağı, yalanın nəfəsi dəyməyən yerə…
XƏZƏR DELTASINDA GÖYQURŞAĞI (Zaur Ustacın yeni kitabı haqqında) Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır. Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.
Zaurun bu kitabı sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı. Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz… * * * Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz! Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür. Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu: Özün getdin yuxuya, Milyonları oyatdın… Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər. Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. Ana torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib. Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır. “Xəzər deltasında göyqurşağı” adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir. Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac! 11.01.2022. Bakı. Müəllif:Kənan HACI , Şair, yazıçı, tərcüməçi.
BAYRAQ Bir üzü Turandı,bir üzü Quran, Qalalar endirən,sərhədlər quran, Oğul qəbri üstə səssizcə duran, Şəhid anasının gözüdür bayraq. * * * Şanlı zəfərinlə, Vətənim, tanın, Şəhid ətirlidir damarda qanın, Qələbə soraqlı Baş Komandanın, Yurdda dalğalanan sözüdür bayraq. * * * Daglarda qalmayıb nə duman nə çən, Şöhrətin boy verir zirvələrəcan. Bu torpaq uğrunda canından keçən, Şəhid oğulların özüdür bayraq!
YAĞIŞ Bir qərib nəğmənin misraları tək, Mənim ürəyimə yağır bu yağış. Göydə doluxsunmuş tənha mələyin, Qəmli gözlərindən axır bu yağış. * * * Sən çıxıb getdiyin yolların üstə, Nə vaxtdır dözümüm,səbrim islanıb. Bu bəyaz yağışın damlalarında, Bir vüsal həsrətli ruh misralanıb. * * * Bu yağan yağışın payız qoxusu, Həsrətlə çırpınır könlümə hopur. Kövrək ürəyimə təsəlli kimi, Yağış damcıları üzümü öpür.
YUXUSU ÜŞÜYƏN KÖRPƏ Yurd uğrunda şəhid olub atası, Bu körpənin yuxusuna qar yağır. Açılmayan dili ustə, ilahi, “Ata” sözün qoxusuna qar yağır. * * * Vətən qədər tarixi var, yaşı var, Bax üstündə uyuduğu mundirin Başqa dili anlamaz o,bilməz o, Bu körpəni yurd dilində dindirin. * * * Böyüdükcə böyüyəcək dərdi də, Ürəyindən ağrı acı yığışmaz. Öz ömründən asar ata şəklini, Şəhid adı çərçivəyə sığışmaz. * * * Ta oxşamaz bu körpənin boyunu, Döyüsdədir atasının qolları. Bu körpənin xatirinə yol gəlir, Uzaqlardan qələbənin yolları.
SEVGİNİN PAYIZI Canım gözüm ayrılıqlar içindən, Keçib gedən o qız sənə tanışmı? Bəxt dalınca göndərdiyi ümidi, Qayıtsa da xəcalətdən danişmır. * * * Kirpikləri yarpaqlayır hər gecə, Duaları daha payız qoxuyur. Ayrılığın əlifbasın öyrənib, Ovcumdakı ürəyini oxuyur. * * * Ləpirləri güzgüsüdü yolların, Tellərini öpüb qaçır küləklər. Bəyaz-bəyaz varaqlarda ağlayır Arzu-arzu çiliklənən ürəklər. * * * Unudubdur doğmalığın dadını, Bir yaxın gəl öp uzündən o qizın. Bu şəhərin yaddaşına sevgi səp, Könlünü al doluxsunan payızın.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi ümumxalq hüzn günü! Şükür Səhidlərimizin ziyarətinə mənfur düşmən tapdağından Qarabağımızın xilası, Qələıbə müjdəsi ilə gedirik!
Darıxmağın rəngi Bilirəm də… Həyat səni yaman sıxır, küncdə qoyub iki yazır. Özünü müəllim, səni şəgird sanır. Mənim dostum, qəm eləmə, düzəlməz! Görürəm də… O darıxmağın rəngini. Aman, Tanrım, min təhərdir. Hansından yapışsan, rəngi qaçır. Zənn etmə ki, darıxmaq da gözəldir. Vallah ömrü çox uzundur, bir müddətdən dadı qaçır… Çox darıxma, öldürər! Baxsana bir göylərə, uçur pambıq buludlar. Əl atsan nəyi var süzülər, guya əbədidir var olanlar? Çox toxunma, qeyb olar! Görürsənmi, qarışqanı? Gör necə böyük yük daşıyır. Sonra gəlir bir insanın acığı, basıb boynundan suyun çıxarır. Çox güvənmə, əzirlər! Dövr edir ey fəsillər, zaman da eyni qalmır, əğyar da eyni yanmır… Çox düşünmə, zamandır da … Tez gedər! Adamdır da… Dəyişər!
16.08.2021.
Mən Vətənəm! İsmim Qaxdır… Soyadım Türk yurdu! Sonsuz axan bulaqlarım, yaşıl çəmən oymaqlarım, orda İlisu sultanlığım, burda, qədim Qıpçaq elim var… Əzəliyəm, əbədiyəm, yaranışımdan uluyam mən! Torpağım var, nemətlər yaradır. Alimlərim var, hər tərəfdə baş ucaldır! Mən vətənəm! Vətən deyirəm özümə! Torpağının hər qarışını, namus bilən Aqilim var! Bayrağını qeyrət bilən, Elçinim var, Nicatım var! Qürurum göydən də ucadır, məni sevən millətim var… Mən Vətənəm! Keşməkeşli həyatım var… Hər çətinliyə sinə gərib, dünyaya səs salan , obam var, yurdum var! Mən Vətənəm! Mərhəmətlə yoğrulmuşam, hər millətə hörmətim var, İzzətim var, sayğım var… Mən Vətənəm! Yeməklərimdən dadan, bir də dadar! Sürhüllüm var, xəngəlim var, xingilim var! Mədəniyyət ocağıyam mən, köksümdə abidələrim var, muzeylərim var! Yazıb yaradan, şairlərim var, yazarlarım var! Mədəniyyətimi nəsillərə ötürən, oğullarım var, qızlarım var! Mən torpağam! ismim Qaxdır! Soyadım Türk yurdu! Əzəliyəm, əbədiyəm! Yaşadıram, yaşayıram!