Etiket arxivi: ŞEİR

YAZARLAR GÜNÜNƏ ÖZƏL

Zaur Ustac – şair-publisist.

ŞÜKRANLIQ

Salam olsun Sənə, ey gözəl insan,

Min şükür Haqqa ki,  haqqa çatmısan.

Hələ görünməyib, olsun belə hal,

Bir kitab oxuyan görə qeylü-qal.

Bütün ürfan əhli bu rəydə yekdil,

Kitab sayəsində zənginləşir dil.

Şükür Yaradana qılıbdır imkan,

Belə bir görüşü edib ərmağan.

Hər yeni fürsəti mənə verəndə,

İlkin şükrü-səna bitir dilimdə.

Əlində tutduğun bir yığın kağız,

Kitab olacaqdır dindikcə ağız.

Qutlu yaranışın əşrəfi insan,

Ali olduğunu xatırla hər an.

And gəldi qələmə, qələm tutana,

Qafillər oyana, bəlkə utana.

Oxumaq öyrətdi, yazmaq öyrətdi,

Quruca taxtadan bir dil ürətdi.

Kağızı müqəddəs bilmişik hər vaxt,

Üstündə canlı söz yaşayır həyat.

Şükür bu nemətə, şükür qismətə,

İstərəm bu paydan hamıya yetə.

Şükür Yaradana, neçəki sağam,

Onun sarayında Sizə qonağam.

Mən yazım, bulaqlar süzülsün gölə,

Mirvari kəlmələr düzülsün dilə.

Min şükür Haqqa ki, dil verib bizə,

Sizinlə görüşə yol verib bizə…

“Əliş və Anna” poemasından bir parça.

QƏLƏM
Şükür Yaradana, bəxş etdi səni,
Xəstə könüllərə şəfasan, Qələm…
And gəldi adına ucadan uca,
Neçə acı dərdə davasan, Qələm…
* * *
Həsrətlilər intizardan qurtarar,
Kimi özün bu dünyadan qoparar,
Əlacsızlar sənə pənah aparar,
Qəmədən, qılıncdan yavasan, Qələm…
* * *
Ustac körpəlikdən tapınıb sənə,
Qəmli də, xoşbəxt də sığınıb sənə,
İllahi bir qüvvət verilib sənə,
Göydən Yer üzünə töhfəsən, Qələm.
02. 10.2016.  Bakı.

SÖZ MÜQƏDDƏSDİR
Dostum, kəmənd ilə tutmazlar sözü,
Cələ qur, dilinə qoy özü düşsün…
Oynama, qələmlə huydurma – ağac,
Elə tut, əlinə qoy izi düşsün…
* * *
Qələm müqəddəsdir, müqəddəsdi söz,
Onların nazın çək, möhnətlərə döz,
Gör, sənin ağzına baxır neçə göz,
Qələmlə uslu ol, qoy üzə düşsün…
* * *
Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün…
01.05.2017. Şamaxı.

OLACAQ… 

(…sözünüz ağzınızda qalmasın…)
Ağzındakı söz olmasa,
Ürəyində köz olacaq…
Dediyin söz düz olmasa,
Boğazında qoz oacaq…
* * *
Ağız dilə dar olarsa,
Düz əyriyə yar olarsa,
Haqq nahaqdan xar olarsa,
Silinməyən iz olacaq…
* * *
Məncə yox, bundan betəri,
Dəyər, hamıya xətəri,
Heç nəyə baxma ötəri,
Yatağında biz olacaq…
* * *
Dünyanın ən acı dərdi,
Sındırıbdı, neçə mərdi,
Hamı dinmədikcə, mərddi,
“Quş uçurtsa, qaz olacaq…”
* * *
Ağızda söz gəvələmək,
Ən acı dərd, böylə bilək,
Nəsimidən alaq örnək,
Ustac desə, az olacaq…
05.04.2018. Bakı.

OLSUN

Bir ümid işığı yandı bu axşam,

Cırtdan tərəfindən  görülən olsun…

Gecənin bağrında zərrə bəsimdi,

Yetər ki, sonadək sürülən  olsun…

* * *
Bu əllər uzanıb haçandıır sənə,

Bir iriz, bir cığır, yol göstər  mənə,

Gələrəm, baxmaram; uzuna, enə,

Lap elə, Musaya verilən olsun…

* * *

Qoy keçsin səhradan, ya da meşədən,

Yarağım, əsləhəm; qələm, tişədən,

Ruhuma qida ver, görklü rişədən,

Qoy daşdan, qayadan sorulan  olsun…

* * *

Qoy, dahi Nəsimi olsun yoldaşım,

Xətai qoy olsun, mənim qəmdaşım,

Nadiri, Qacarı eylə sirdaşım,

Dostum dost yolunda dirilən olsun…

* * *

Ustacam, dilimdə şükür bitibdi,

Daim dualarım Sənə yetibdi,

İndi bu qulunun səmti itibdi,

Nişan ver, bir yana  varılan olsun…

20.05.2019. Bakı.


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti.

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

18 fevral 2021, 15:30

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 fevral 2021-ci il.

İlkin mənbə:president.az


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KƏNAN HACININ ÖZƏL GÜNÜ – İLHAMƏ DAĞLI YAZDI

İlhamə Dağlı və Kənan Hacı.
İlhamə Dağlı – “Taleyin qismətində bu da var imiş. Eyni gündə, bir ulduz altında, eyni şəhərdə doğulduq, atalarımızın adı da eyni oldu. Tale bizi görüşdürdü, bir-birimizə bağladı. Bu bağlar elə bağlandı ki, qarşımıza çıxan hər bir maneəni dəf etdikcə daha da qırılmaz və möhkəm oldu. Biz birlikdə hər bir çətinlikdən çıxdıq, bir-birimizə dayaq olduq. Əzizim Kanan Hacı , doğum günün mübarək! Sənə can sağlığı, 💯 il xoşbəxt həyat arzulayıram! Arzu edirəm ki, Allah səni bütün arzularına çatdırsın! Qüssə-kədər səndən uzaq olsun! Evimizin işıqları daim yansın, ocağımız heç vaxt sönməsin! Sən mənim baş tacım, evimin dirəyisən.” Bu sətirləri İlhamə Dağlı öz sosial şəbəkə hesabında paylaşıb. Özəl gündən, özəl fotolar:
İlhamə Dağlı və Kənan Hacı.

İlhamə Dağlını bu özəl gündə təbrik edir, cütlüyə ailə səadəti və bolluca yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!

lhamə Dağlı – “Nizami Gəncəvi” diplomu. N: 04 – 03.03.2021. Bakı.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SÖZ BAĞINDA ÖZ ÇİÇƏYİ OLAN ŞAİR – ÜLVİYYƏ HÜSEYNOVA

Zaur USTAC – şair-publisist.

Adətən, söz adamlarının; yazıçıların, şairlərin əvvəlcə əsərləri ilə, sonra isə özləri ilə tanış olurlar. Ancaq bizdə belə olmadı, biz əvvəlcə tamam başqa, bu sahəyə heç bir aidiyyəti olmayan səbəbdən tanış olduq. Bir-birimizi tanımağa başladıq.

Öncə onu qeyd edim ki, elə ilk söhbətlərdə adi danışıq zamanı da qafiyəli sözlərdən istifadə edən Zaur (o zaman onun «Ustac» təxəllüsü olduğundan xəbərsiz idim) çox gözəl həmsöhbət, istənilən mövzuda mükalimə aparmaq üçün tam münasib bir müsahibdir. Bizim ilk tanışlığımız 2009-cu ilin payızına təsadüf edir. Çox keçmədən mənim qafiyə ilə danışan bu sirli müsahibim “Günaydın” adlı şeirlər kitabını mənə hədiyyə etdi. Bununla da Zaur Ustacla bir söz adamı kimi tanışlığım başladı. Qeyd edim ki, mən də ona Əhməd bəy Ağaoğlu haqqında olan kitabımı hədiyyə etdim. Əhməd bəy Ağaoğlu haqqında da fikirlərimizin üst-üstə düşməsi bizi daha da yaxınlaşdırmışdı. “Günaydın”la başlayan şeir çələngləri bir-birini əvəz etməyə başladı.

Bir dəfə o mənə “Bayatılar” adlı yeni kitabını hədiyyə etdi. Kitab Azərbaycan dilində, paralel latın və ərəb qrafikasında yazılmışdı. Bu kitabla Zaurun daha bir qabiliyyəti – ərəb əlifbasını bilməsi və əski əlifba ilə yazmaq bacarığı mənə məlum oldu. “Bayatılar” kitabı cildindən tutmuş, içərisindəkilərə qədər hamısı mükəmməl idi və bir-birini tamamlayırdı. Ümumiyyətlə, Zaur Ustac mənim üçün maraqlı şəxsə çevrilmişdi və hər görüşdə ondan nəsə bir yenilik gözləyirdim. Bu günə qədər də bizim əlaqələr davam edir. Demək olar ki, onun işıq üzü görmüş bütün kitabları məndə var. Onunla həm canlı ünsiyyətdə olmaq, həm də şeirlərini oxumaq mənim üçün maraqlıdır. Onun yazdıqlarını iki istiqamətdə ümumi şəkildə dəyərləndirmək istəyirəm. Birinci, şeir həvəskarı, oxucu kimi. İkinci isə, bir dilçi-filoloq kimi. Şeir həvəskarı və bir oxucu kimi yanaşdıqda, onun yazdıqları həqiqətən oxucunu ovsunlayır. Zaurun xüsusi ibarələrlə, özünəməxsus ifadə vasitələri ilə zəngin şeirlərini oxuduqca, sanki müəllifin özü ilə söhbət edirsən. Onun yazdıqları o qədər səmimi və xalq dilinə yaxındır ki, valeh olmamaq mümkün deyil. Bir mütəxəssis kimi yanaşdıqda isə, görürsən ki, onun şeirləri nə qədər axıcı, yüngül və sadə görünsə də, əslində bir o qədər mürəkkəb, diqqəti cəlb edən, bəzən hətta anlaşılmaz təsiri bağışlayır. Zaur Ustac şeirlərində indi artıq o qədər də yayğın şəkildə işlədilməyən köhnə və eyni zamanda Azərbaycanın olduqca müxtəlif bölgələrinə məxsus şivə sözlərindən istifadə edir. Bəzən bu hal şeirlərin oxunuş və tələffüzünə gözəllik qatsa da, anlaşılmasında çətinliklər yarada bilər.

Məncə, bir yaradıcı şəxs kimi onun ən əsas məziyyəti yenilikçi olması, ölçü və çərçivələrə sığmamasıdır. Zaur Ustac ənənəvi şeir formalarından istifadə etdikdə belə, onun dəst-xətti aydın sezilir. Bütün bunlardan əlavə, artıq ədəbi mühitin nümayəndələrinə yaxşı məlum olan və mətbuatda haqqında geniş müzakirələr gedən “Ustacı” adlandırdığı xüsusi şeir formasında şeirlər yazır. Yuxarıda qeyd etdiyim kimi, onun müəllifi olduğu kitabların çoxu mənim kitabxanamda var. Şeirlərinin çoxu ilə tanışam. Bu yazıda ancaq bir şeirdən söhbət açaraq, onun əsasında Zaurun daxili dünyasına ayna tutmağa və onun təfəkkür tərzinə, sözdən istifadə bacarığına, zəngin biliyinə, geniş dünyagörüşünə bələd olmağa çalışacağam.

Zaur Ustac “Şehçiçəyim” adlandırdığı bu şeirdə təbiətdə mövcud olan Şehçiçəyi adlı çiçəyin təbii – bioloji xüsusiyyətlərindən böyük məharət və ustalıqla istifadə etməklə bu günə qədər adət etdiyimiz formalardan kəskin şəkildə fərqlənən bədii nəzm nümunəsi yaratmışdır:

ŞEHÇİÇƏYİM

Tacısan dünyamda tüm çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…

Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…

Bir kərə, bir anlıq olsa da, vüsal,
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl, qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…


Birinci bəndin ikinci misrasına nəzər salaq:

“Köksündən bal süzən, tər Şehçiçəyim…”

Burada “Köksündən bal süzən” ifadəsində şairin sətiraltı mənada nə demək istəməsindən asılı olmayaraq bu hal təbiətdə mövcud olan Şahçiçəyi adlı çiçəyin öz şikarını cəlb etmək üçün dadlı və ətirli nektar ifraz etməsi məqamı ilə tam uyğunluq təşkil edir.

“Sehrinə düşmüşəm nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…”


Bu halda da eyni ilə yuxarıdakı kimi çiçəyin təbii – bioloji xüsusiyyəti öz əksini bədii dildə tapıb. Şehçiçəyi əlvan rəngli, ətirli ləçəkləri ilə həşaratları cəlb edərək tələyə salır.

“Bir kərə, bir anlıq olsa da, vüsal,
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl, qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…”


Geniş izahatdan sonra sonu əvvəlcədən məlum olsa da, Şehçiçəyinin qurbanları ləçəklər arasında sıxılaraq məhv olduğu kimi,

“Sonu ölümsə də, gəl, qoynuna al.”

– deyən şair çiçəyin təbii – bioloji xüsusiyyətindən bu məqamda da məharətlə istifadə etmişdir. Şeirdən belə ayrı-ayrı məqamları nəzərinizə çatdırsam da, əslində elə vahid və bütöv şəkildə yazılıb ki, onu belə hissələrə ayırıb izah etməyin tərəfdarı deyiləm. Bu üç bəndlik şeir tam olaraq çox gözəl bir bədii nümunə və söz dünyasında, ədəbiyyat aləmində yenilik kimi qəbul olunmalıdır. Bu günə qədər müxtəlif statuslu söz adamların ədəbiyyata gətirdiyi çoxlu çiçəklər; ağçiçək, bənövşə, nərgiz, yasəmən, lalə və s. olduğu halda Şehçiçəyi çiçəyini, kəlməsini ədəbiyyata ilk dəfə Zaur Ustac gətirib. Həm də bu elə-belə sadəcə söz, kəlmə kimi deyil, çiçəyin bütün təbii- bioloji xüsusiyyətləri nəzərə alınmaqla baş verib. Zaur Ustacın Şehçiçəyi çəmənlikdən dərilərək söz süfrəsini bəzəmək üçün gətirilən çiçəklərə bənzəmir. Əksinə, onun Şehçiçəyi ədəbiyyat bağçasında bitmiş, söz dünyasın dərinliklərinə rişələr atmışdır. Bu səbəbdən o, solmayan bir çiçəkdir. Şairin şeirin əvvəlində özünün qeyd etdiyi kimi:

“Tacısan dünyamda tüm çiçəklərin.”


Və ya ikinci bənddə:

“Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…”


Zaur Ustac özünəməxsus lirizmi və ədəbiyyat bağçasında solmayan bir çiçəyi olan şairdir. Onun müəllifi olduğu “Şehçiçəyim” şeiri təkdir və düşündürücüdür. O, bu şeiri yazmaqla ədəbiyyat aləminə yeni bir çiçək qazandırmış və söz dünyasını təkrarsız bir nümunə ilə bəzəmişdir. Bütün bunlardan sonra böyük əminliklə demək olar ki, Zaur Ustac söz bağında, ədəbiyyat bağçasında öz çiçəyi olan şairdir. Və o çiçək…

Ülviyyə Hüseynova – Nərimanqızı.

Ülviyyə Hüseynova,
filologiya üzrə fəlsəfə doktoru


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÖYÇƏ YUXUMA GƏLIR – SONA ABBASƏLİQIZI

Sona ABBASƏLİQIZI – şair, yazıçı.

GÖYÇƏ YUXUMA GƏLIR
Kaş şərxin dönəydi, fələk tərsinə,
Dərdim güzgü tutur dərdin səsinə.
Basıb ayrılığı öz sinəsinə,
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Ayrılıq yelləri öpür üzümdən,
Min ağrı boylanır hər bir sözümdən.
Açır qapısını keçir gözümdən,
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Alnı qırışıbdı ümidlərin də,
Bu dərdin,ağrının kökü dərində.
ƏLƏSGƏR sazının pərdələrində,
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Hünərim azıbdı dumanda, sisdə,
Ağrılar yurd salıb ləpirdə, izdə.
Dədə ƏLƏSGƏRİN məzarı üstən-
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Yaddaşı qalıbdı duman içində,
Arzusu çırpınır güman içində.
Harayı don vurub zaman içində,
Göyşə qərib-qərib yuxuma gəlir.
Müəllif: Sona Abbasəliqızı


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VÜQAR ƏHMƏD – BİR ŞEİR

Vüqar ƏHMƏD- Şair, alim.

SƏBR EDƏK

Ölkədə nə çoxdur şərəfsiz, nadan,

Bunlarla bacarmır, Vallah, yaradan.

Nə Allah bilirlər, nə də ki, Quran,

Səbr edək, bunların kökü kəsilər.

***

Bunların tumunda, yəqin, var calaq,

Acizin zalımı, güclüyə yalaq,

Sonumuz məzarda darısqal otaq,

Səbr edək, bunların kökü kəsilər.

***

Ailəsi, tayfası hazıra nazir,

Harın məmurlardır, milləti əzir,

Övladlar Dubayda, Parisdə gəzir,

Səbr edək, bunların kökü kəsilər.

***

Sapı özümüzdən olan baltalar,

Bunlar gecə-gündüz xalqı baltalar,

Çox dərd eyləsək biz bağrı çatladar,

Səbr edək, bunların kökü kəsilər.

***

Halal çörək ömrümüzün naxşıdır,

Vahid deyərdi ki, Vətən yaxşıdır,

Ədalət olmasa, kəfən yaxşıdır,

Səbr edək bunların kökü kəsilər.

***

Əcaib doğulsa insan anadan,

Məzarda düzəldər onu Yaradan,

Millət artıq seçir ağı qaradan,

Səbr edək, bunların kökü kəsilər.

***

Zaman bir qamçıdır, biz də fırfıra,

Fırlada-fırlada aparır gora,

Az qalıb həriflər düşürlər tora,

Səbr edək, bunların kökü kəsilər.

***

Bu dünyada kim çəkirsə zəhməti,

El içində o, qazanır hörməti,

Allahdan səs gəldi mənə xəlvəti,

Səbr edək, bunların kökü kəsilər.

Müəllif: Vüqar ƏHMƏD


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ATA HAQQINDA ŞEİR

Rasimə Könül – şair, pedaqoq.

ATA
Bu gün ad günündür, yenə yığışıb
Bir süfrə başına üç balan, ata!
Sənin də adına qablar düzülüb,
Darıxıb ev adlı bu qalan, ata!
* * *
Hələ otağından öz ətrin gəlir.
Dəftər-kitabından söz ətrin gəlir.
Əlinin saçımda naz ətrin gəlir.
Günbə-gün gözümdə ucalan ata.
* * *
Qəribsəyib sənin gəzdiyin yollar.
Qapımı döydüyün o gözəl anlar.
Hər kəlmə başında adını anar.
Xətrini istəyən el-oban, ata.
* * *
Hər zaman deyirdin yaxşı ki, varsan
Qəlbin üşüsə də üzdə baharsan.
Küsəyən qəlbimi tez ovudarsan.
Yamanca darıxıb bu balan, ata.
* * *
Yəqin atasızdı dünyanın özü.
Onunçün insafsız ayırdı bizi.
Sənsiz qarşılarıq bu ğələn yazı.
Məkanı ruhundan nur alan atam.
25.01.2021.
Müəllif: Rasimə Könül
Allah dünyasını dəyişən bütün atalara rəhmət eləsin.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA ABBASƏLİQIZI – SARITEL

Sona Abbasəliqızı – şair, yazıçı.

SARITEL

Daş qoynunda sarı-sarı dünən var,
Zülmət düşür, dodağını büzən var.
Havasına durna kimi süzən var,
Aşıq qardaş, “Sarıtel”çal, “Sarıtel”.
* * *
Sərt başlayıb qayaların davası,
Qırov tutub lal quşların yuvası.
Ürəyimə məlhəm olur havası,
Aşıq qardaş, “Sarıtel”çal, “Sarıtel”.
* * *
O nəğməni mən, söz kimi yayıram,
Çeşmə kimi, bulaq kimi duyuram.
Çalınanda, xoş oluram, uyuram,
Aşıq qardaş, “Sarıtel”çal, “Sarıtel”.
* * *
Neçə igid çınqı atıb qanından,
Göylər onu xəlq eyləyib danından.
Sonanın da can çıxarır canından,
Aşıq qardaş, “Sarıtel”çal, “Sarıtel”.

Müəllif: Sona Abbasəliqızı

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RASİMƏ KÖNÜL – SÖZ

Rasimə KÖNÜL – şair.

TƏKİ VƏTƏN VAR OLSUN!

Qalx ayağa,vətən oğlu,zamandı!
Bəsdir daha yurdun-yuvan talandı!
Ulu xalqım bu durumdan usandı!
Qov yağını vətənimdən, xar olsun!
Şəhid olsaq, təki vətən var olsun!

Yurdlarımı min hiyləylə aldılar.
Ellərimi yurddan qaçqın saldılar.
Xainliklə yuvamıza doldular.
Qov yağını vətənimdən ,xar olsun!
Təki anam Azərbaycan var olsum!.

Qorxu nədir bilməyib mərd babalar.
Qanlarını daşıyır qurd balalar.
Qalxıb vətən qisasını alarlar.
Qov yağını vətənimdən,xar olsun!
Təki Bütöv Azərbaycan var olsun!

Qafqazların vüqarını qaytaraq.
Elin gözəl növrağını qaytaraq.
Girov vətən torpağını qaytaraq!
Qov yağını vətənimdən,xar olsun!
Qazi olaq, təki vətən sağ olsun!

Qulaq asaq ruhumuzda fəryada.
Ana vətən qalmaz yağıya-yada.
Başı uca yaşamaqçün dünyada,
Qov yağını vətənimdən ,xar olsun!
Elim-obam-yurdum-yuvam var olsun!

Qorxu bilməz Mübarizə bənzəyək!
Fuad kimi doğru sözə bənzəyək!
Elə Nadir babamıza bənzəyək!
Qov yağını vətənimdən, xar olsun!
Təki Bütöv Azərbaycan var olsun!

Azad olsun Qarabağ şikəstəsi.
Eşidilsin Xarı Bülbül naləsi!
Oyatsın Şuşamı azanın səsi!
Qov yağını vətənimdən,xar olsun!
Təki anam Azərbaycan var olsun!

Yer, dünyaya göz açınca yurd olar.
Azərbaycan igidləri mərd olar.
Qorumasaq vətənsizlik dərd olar!!!
Qov yağını vətənimdən,xar olsun!
Təki azad Azərbaycan var olsun!

BİZİM SEVGİMİZ.

Sandım,unudaram sənli günləri …
Sandım,o günlərə dönmərəm daha .
Qəlbimi yaxsa da xatirələri …
Ürəyim yansa da dinmərəm daha …

Bilməzdim ,bu sevda hopub qəlbimə,
özümdən xəbərsiz yaşayacaqmış …
Bilməzdim,gözümdə çevrilib nəmə ,
Qəlbimə naxışlar toxuyacaqmış …

Bu sevda gül üstə səhər şəbnəmi ….
Bu sevda düzülüb kipriklərimə …
Bu sevda yaşadır ,həyatda məni ,
dönərək könlümdə nəğmələrimə …

Xoş arzular imiş,bizim sevgimiz ..
Kül altda qor imiş, bizim sevgimiz ..
Əbədi var imiş bizim sevgimiz …
Bir dünya dar imiş ,səninlə-mənə…

Ulduzumuz yenə barışacaqmı ?
Ruhumuz göylərdə qovuşacaqmı ?
Mələklər bu eşqdən danışacaqmı ?
Baxıb məhəbbətin əfsanəsinə …

ANA DEDİM

Ana dedim, uçan quşlar dayandı.
Laylasıyla gecəm nura boyandı.
Ay da gəlib pəncərəmə boylandı.
Sehirli bir sədası var ANANIN!

Ana dedim,tumarlandı tellərim.
Hənirləndi buza dönmüş əllərim.
Ana sözü bəzəyidir dillərin.
Qulağımda duası var ananın.

Ana dedim, dilə gəldi təbiət.
Küləklər də etdi mənimlə söhbət.
Bu üç hərfdə dünya boyda məhəbbət.
Tükənməyən sevdası var ananın!

Qəlbimizdə-ruhumuzda yaşayır.
Həyat elə analardan başlayır.
Xoşbəxt olan ana adı daşıyır.
Bir sehirli dünyası var ananın!

Söz çatammaz bəzəməyə adına.
Od çatammaz istisinə-oduna.
Hamımıza həyat verən qadına,
Dünya boyda sevdası var hamının!

SÖZ

Bircə hecası var,min-bir mənası.
Ağıl-düşüncədir sözün xanası.
Yersiz deyilərsə bircə dənəsi,
Ocaqsız-tüstüsüz yandırandı söz.

Söz var qaranlığa çıraq kimidir.
Söz var hikmətli bir kitab kimidir.
Söz var çağlayan bir bulaq kimidir.
Hicranı-həsrəti söndürəndi söz.

Ağıllı baxışlar gözüdür sözün.
Gözəli,doğrusu-düzüdür sözün.
Sevgi ləzzətidir-duzudur sözün.
Kədəri-sevincə döndərəndi söz.

Könül dediyini söz deyə bilsə,
Bütün dil-dodaqlar düz deyə bilsə,
Ağıl həqiqəti yaz, deyə bilsə,
Bütün mətləbləri qandırandı söz.

Nəfsi ədalətə kölgə salanlar.
Qalmasa danışan inan, yalanlar.
Olardı doşt-qardaş-doğma, insanlar.
Dünyanı cənnətə döndərərdi söz

NƏ SUALA ÇƏKİRSƏN?

Yenə məni nə suala çəkirsən,
Ruhumu cismimdə ağladan könül?
Çəkdiyimi gözlərimə köçürsən,
Nələri görərsən aynadan, könül!

Bu fani dünyanın uyma halına,
Uyma gərdişinə,cah-cəlalına,
Qalan deyil vəfalıya-zalıma,
Hamsı köç eyləyir dünyadan,könül!

O gördüyüm sıra-sıra dağları,
Gəzdiyim çiçəkli göy yaylaqları,
Suyundan içdiyim buz bulaqları,
İndi seyr edirəm röyadan,könül!

Yetim qalan bir obam var uzaqda.
İsti yuvam olub qışda-sazaqda,
Yadlar cövlan edən doğma oylaqda.
Xəyalım üşüyür şaxtadan,könül!

Bahar ayaq açır yenə dağlara,
Dağlar çiçəklənər,dönər gülzara.
Sinəmdə həsrətdən açılan yara,
Sağalar bir keçsəm oradan, könül!

Ruhumuz doğmaykən tək yaradana.
Nədən qənim olub insan-insana?
Qayıda xoş günlər,dönə zəmanə,
Ayrılıq köç edə aradan ,könül!

BİRLƏŞİN!

Ürəyi yara vətənim.
Çəkilir dara,vətənim!
Bu para-para vətənin,
Tökülür qanı,birləşin!

Pərən-pərən düşüb elim.
Gülüstanda solur gülüm!
El iğidim,el gözəlim,
Pirim-cavanım, birləşin!

Miaçum! Deyən yağılar,
Xanın kəndinə yığılar!
Qarabağ cihad çağırar!
Dərya-ümmanım,birləşin!

Xan Arazım aşar-daşar,
İki sahil qucaqlaşar!
Bütöv Azərbaycan yaşar!
Deyən insanım,birləşin!

Arazın o yan- bu yanı.
Tanı sərhəddini, tanı!
Yazmağa zəfər dastanı,
Dağım-aranım,birləşin!

Qarabağsız yoxdu vətən!
Şəhidlərə bayraq kəfən!
Vətən üçün candan keçən,
Südü halalım,birləşin!

BİRİ VARDI, BİRİ YOX.

Bir şirin nağıldı həyat.
Noğultək dağıldı həyat.
Körpədi,ahıldı həyat.
Biri vardı, biri yox…

Bu ömrü sevgi yaşadır
Sevgisiz ömür boşadır.
Sevinc-kədərlə qoşadır.
Biri vardı, biri yox.

Deməyək boşa yazılıb.
Taleydir,başa yazılıb.
Sirlər- sirdaşa yazılıb.
Biri vardı, biri yox.

Xəyallarımız yol gedər.
Beşikdən məzara qədər.
Arzu bitməz,ömür bitər…
Biri vardı, biri yox.

Müəllif: Rasimə KÖNÜL


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“GÜLÜZƏNİN ŞEİRLƏRİ” KİTABI HAQQINDA

ZAUR USTACIN UŞAQLAR – BİRİNCİLƏR ÜÇÜN DƏRS KİTABI

Kitabda əlifbamızın hər bir hərfinə aid əyləncəli, məzəli, uşaqların asan əzbərləyə biləcəyi olduqca axıcı, yüngül  hecalı  şeirlər  və rəqəmlər haqqında olan  tapmacalar toplanmışdır. Bütün bunlardan əlavə aylar, fəsillər və başqa uşaqlar üçün vacib anlayışlar barədə şeirlər də var.

2011- ci ildən  məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər, ibtidai məktəblərin birinci siniflərində əlifbanı öyrədən ibtidai sinif müəllimləri tərəfindən əlavə tədris vəsaiti kimi istifadə olunan kitab 2019 cu ildən  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş 3 hissəli dərsliyin “Məktəbə hazırlaşırıq” adlı həmin dərsliklər üzrə 2 hissəli metodik vəsaitinin  I və II hissələrinə daxil edilmişdir.  Orta məktəb və liseylərin məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən ibtidai sinif müəllimləri üçün əvəzsiz vəsait olmaqla hələlik təkdir və bu vəsaitin alternativ variantı yoxdur.

ZAUR USTAC – ŞAİR-PUBLİSİST.

Onu da əlavə edim ki, bu kitab yalnız məktəbəhazırlıq qruplarında deyil, eyni zamanda əvəllki illərdə olduğu kimi yenə də məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər üçün əvəzedilməz vəsait olaraq qalır.  İbtidai məktəblərin birinci siniflərində əlifbanı öyrənərkən hər yeni hərf və rəqəm keçildikcə müəllimlərin “hərfə və ya rəqəmə aid şeir əzbərləyin” – kimi tapşırıqlarını da qarşılamaq iqtidarındadır.

Vəsaitdəki hərf və rəqəmlərə aid şeir – tapmacaların düzülüşü məktəbəhazırlıq qruplarında və orta məktəb-liseylərin birinci siniflərində  hərf və rəqəmlərin proqramla keçilmə ardıcıllığına uyğun gəlir.

Bu kitabdan (vəsaitdən) istifadə etməyin  müəllimlərə, valideynlərə və şagirdlərə nə kimi faydası var?

  • Müəllimlər üçün əvəzedilməz vəsaitdir ona görə ki, onların metodiki vəsaitdə hissə-hissə və  pərakəndə halda rastlaşdığı şeirlər, tapmacalar bu kitabda yığcam və ardıcıllıqla Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş proqrama uyğun şəkildə verilmişdir.
  • Valideyinlər  hal-hazırkı vaxtda olduqca münasib qiymətə yalnız bir kitab almaqla məktəbə hazırlaşan balacanın  və ya artıq birinci sinifdə oxuyan birinci sinif şagirdinin hərf və rəqəmlərə aid şeir, tapmaca təlabatını ödəmiş olur.
  • Şübhəsizki, müəllim və valideyinin səyləri nəticəsində uşaqlar bu vəsaitdən öyrəndikləri şeir və tapmacaların köməyi ilə həm şeir əzbərləmə, söyləmə, həm də məntiqi təfəkkürünü, sadə hesablama bacarıqlarını inkişaf etdirərək daha çox onlar qazanmış olurlar. Uşaqların hərtərəfli inkişaf etdirilməsi, gələcək üçün kamil şəxsiyyətlər yetişdirilməsi, insan kapitalına sərmayə qoyuluşu və başqa bu kimi ümdə məsələlər  isə hal-hazırda dövlət başçısı cənab İlham Əliyevin şəxsi nəzarətində olan, eyni zamanda uşaqların hamisi Birinci vitse-pezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatələnmiş prioritet məsələlərdən biridir.

Bütün bu yuxarıda  sadaladıqlarımızdan belə nəticəyə gəlirik ki, bu vəsait hal-hazırda məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən ibtidai sinif müəllimlərinin stolüstü kitabı olmaqla bərabər, gələcəkdə məktəbə gedəcək balaca uşaqları olan hər bir ailə üçün də vacib kitabdır.

ÜLVİYYƏ HÜSEYNOVA – NƏRİMANQIZI – FİLOLOQ.

Ülviyyə Hüseynova

filologiya üzrə fəlsəfə doktoru, BAU və  ADU –nin  baş müəllimi



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru