Etiket arxivi: YAZARLAR

ŞAİRLƏR ƏSƏD CAHANGİRİ ŞEİR YAĞMURUNA TUTDULAR

ƏSƏD CAHANGİR – 55

ƏSƏD CAHANGİRƏ
İlahi, bərk saхla bu nərdivanı,
Düşüb adamlıqdan yıхılır adam.
Qüvvətə yüksələ bilməyən kimi,
Bölünüb məхrəcdə çıхılır adam.
* * *
Hər gün yol gеdirik ölümə tərəf,
Ölüm də bələdçi, zülümə tərəf,
Üzə bilməyəndə çölünə tərəf,
Batıb içindəcə boğulur adam.
* * *
Göz önündə olub, göz görməyəndə,
Min еyib tapılır hər cür “bəyəndə”.
Özgələr qəlbində yеr vеrməyəndə,
Köçüb öz içinə yığılır adam.
* * *
Fələklər ahımdan yanalar gərək,
Əgər yanmasalar, donalar gərək,
Məni bağışlasın analar gərək:
Özünü doğanda doğulur adam.
Müəllif: Qılman İMAN

QOŞA BEŞLƏRİN
(Əsəd Cahangirə 55 yaşı münasibəti ilə…)
Bənzəyir qanadlı quşa beşlərin,
Düşüb yay fəslinə qoşa beşlərin.
İlləri boş yerə xərcləməmisən,
Gəlir,min şükür ki,xoşa beşlərin.
* * *
Uzun gecələri çox qaldın oyaq,
Söz adlı od sevdin pərvanəsayaq,
Söykədin arxanı daima Haqqa,
Yaş yaşa dayaqdır,beş beşə dayaq.
* * *
Qəlbinin aynası büllur,saf şüşə,
Qoymadın üstünə qara xal düşə.
Həyat məktəbini oxudun əla,
Ədəb məktəbini bitirdin beşə.
* * *
Fikrin,duyğuların dərindən dərin,
Düz bildin yerini xeyirlə,şərin.
Vallah,öz-özünə qoşalaşmayıb,
Min-min qayğısı var qoşa beşlərin.
* * *
Bu hörmət,bu izzət düşməyib göydən,
Çıxmısan pak,təmiz bir halal öydən.
Qoymusan daşı daş,yaşı yaş üstə,
Halal zəhmətindir saçındakı dən.
* * *
Qələmi haqq sandın,sözü bildin pir,
Oldu fikrin,sözün əməlinlə bir,
Qoşa beş nədir ki belə ömürçün,
Azdır yüz yaşasan,Əsəd Cahangir!
Müəllif : Fikrət MƏMMƏDLİ

DEYİLİR
(Bu şeiri əziz Əsəd Cahangirin 55 illik yublieyinə həsr edirəm)

Yaşı məlum olmayana,
Göy deyilir,yer deyilir.
Möcüzədi yaranandan,
Açılmayan sir deyilir.
* * *
Gedən gedər,gələn gələr,
Bəxt üzünə gülən gələr.
Çox dünyada pəncərələr,
Ötüb keçsən bir deyilir.
* * *
Yaxşılığa əl atana,
Haq edib könlə yatana.
İmkansıza əl tutana,
Xeyirlə əlbir deyilir.
* * *
Şahlar yada düşmür ,niyə?
Min ahlar yüksəldib göyə.
Nizamiyə,Füzuliyə,
Nəsimiyə pir deyilir.
* * *
Zülümkarın yoxdu eli,
Şər deyənin susar dili.
Çox əyrini.çox qozbeli,
Düzəldər qəbir,deyilir.
* * *
Doğulandan sir olana,
Könüllərdə pir olana.
Sözü,işi bir olana,
Əsəd Cahangir deyilir
Müəllif : Çingiz QƏRİBLİ

BEŞ QOŞANIN ADAMINA
(55 yaşının tamamına görə)

Təbin, məntiqin titan —
Bu coşquya nə sədd var?!
Beşləri qoşa atan
Taledə tün məqsəd var!..
* * *
Agah söz ilki sənə;
Verilmiş bilgi sənə…
Ey xocam, bil ki, sənə
Coxusunda həsəd var!..
* * *
İyirmibirinci əsrin
Sən — MÜCİRƏDDİN qəsri…
Poeziyanı, nəsri
Hər yozumunda hədd var…
* * *
Rəyin — bölünməz təkdir,
Ruhunda nə var– həqdir…
Saf duyduğunda təqdir,
Duyğusuzluğa rədd var!..
* * *
Sənət meydanı daşlı…
Gah zəhərli, gah aşlı…
Ölüm-itim savaşlı
Bu yolda çox cəsəd var!..
* * *
Bir şair ömrü sürdüm…
Xəyallarımla kürdüm…
Qələm götürüb, gördüm
Qarşımda tək ƏSƏD var!..
Müəllif: Yusif NƏĞMƏKAR

ADAMI
Sənə yazdım qəzəli, mən də bu gün, Söz adamı,
Həmi yüksəkdə tutar, həm də yıxar söz, adamı.
* * *
Dedi keçmiş atalar, “gözlər ürək aynasıdır”,
Verər öz nurunu həm, tez tanıdar üz adamı.
* * *
Dəyişib dövrü zaman, əyrilərin “xod” çağıdır,
Bilirik sevməyib heç, əyri olan düz adamı.
* * *
Sözü sevsən, deyirəm, qiyməti yox, gövhər olar,
Yerə vurdunsa sözü, bilki boğar toz adamı.
* * *
Sözü arif olana söylə ki, bilsin dəyərin,
Düşünüb anlayar o, məğlub edər yüz adamı.
* * *
Neçə dağdan, dərədən fikrü xəyalın dolaşar,
Aparar əvvəl-axır bax, bu təpə, düz adamı.
* * *
Sənə, Lilpar, deyirəm yaz ki, başından keçəni,
Tanıdar aləmə, bil, sonda qalan iz adamı.
Müəllif: Lilpar CƏMŞİDQIZI

ƏSƏD CAHANGİR

İki beşi yan-yana
Düzdün, Əsəd Cahangir.
Tənqidin dəryasında
Üzdün, Əsəd Cahangir.
* * *
Bulud kimi dolur hərdən,
Xəyallara dalır hərdən.
Hərdən şən olur, hərdən
Üzgün Əsəd Cahangir.
* * *
Təcəlla etdi üzüylə,
Addımladı öz iziylə.
Öz taleyin öz sözüylə
Yazdı Əsəd Cahangir.
* * *
Əsdi Əsəd Cahangir,
Üstdür Əsəd Cahangir.
Səsdi Əsəd Cahangir,
Sözdü Əsəd Cahangir.
Müəllif: Faiq HÜSEYNBƏYLİ

Şairlərin şeir yağmuruna tuş gələn Əsəd CAHANGİR özü də yubileyinə şeir yazdı:
“Özüm də özümə bir şeir yazdım. Bu şeiri 25 il öncə yuxuda görmüşəm. Yuxuda gördüklərimi altı il əvvəl 50 yaşıma ithaf etmişəm. Amma getdikcə başa düşürəm ki, bu mənim ömür şeirimdir. 50, 55, 60 yaşımın şeiri… Allah nə qədər ömür versə, bir o qədər… Deyəsən, bu şeirdən başqa hər hansı yubileyimə şeir yaza bilməyəcəm. Söz bir olar!”

55 YAŞIMA

Bacadan qəfil şığıyıb
Çiynimə qonan quşa bax!
Az qalır ki çiynim sına
Qanadları sınmışa bax!
* * *
Burub fələyin qulağın
Hansı vaxta qurub gəlib?
Əlli beş il gözləmişəm,
İndi niyə durub gəlib?
* * *
Çiynimə qonan bu quşun
Sağı var, solu görünmür,
Üzümə nəfəsi dəyir,
Qanadı-qolu görünmür.
* * *
Göz yaşımı dənləyən quş,
Kimsə yox dən versin sənə?
Atam gəlsin, anam gəlsin
İsti yuva hörsün sənə?
* * *
Oğlan, nə ana südündən,
Nə ata qanından gəlir,
Çiyinlərə qonan quşlar
Allahın yanından gəlir,
* * *
Sənə haqqın quşu qonub,
Bəxtəvər olub başına!
Dimdiyində söz gətirib
Allahdan təzə yaşına!
* * *
Çiyninə quşlar qondusa,
Anan olmaz, atan olmaz,
Daha quş olub uçarsan
Daha səndən adam olmaz.
Müəllif: Əsəd CAHANGİR

Biz də Yazarlar.az olaraq bütün bu arzulara qoşulur, söz dünyasının cahangir əsədi Əsəd Cahangiri yubileyi münasibəti ilə təbrik edir, ən gözəl nemət olan can sağlığı və bütün fəaliyyətində uğurlar arzu edirik!!! Uğurlarınız bol olsun, Əsəd müəllim!!!

ÇİNGİZ QƏRİBLİ, ƏSƏD CAHANGİR, FAİQ HÜSEYNBƏYLİ,

FİKRƏT MƏMMƏDLİ, LİLPAR CƏMŞİDQIZI, QILMAN İMAN

YUSİF NƏĞMƏKARın digər yazıları >>>>


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUSA ƏLƏKBƏRLİ “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

MUSA ƏLƏKBƏRLİ N: 078 24.06.2021.

Tanınmış şair Musa ƏLƏKBƏRLİ “Sən elə bir sevdasan ki…” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb. Şairi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Musa müəllim!!!

DOĞRULAMA LİNGİ>>>LAUREATLAR

MUSA ƏLƏKBƏRLINİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Erməni terrorizminin tarixi – TANRIVERDİ ƏLİYEV

Tanrıverdi ƏLİYEV – gənc yazar.

Tarix boyu ermənilərin türk-müsəlman əhaliyə qarşı nifrətinin və cinayətlərinin şahidi olduq.
Bunlardan ən dəhşətlisi Qarabağın işğalı və Xocalı qətliamıdır. Ermənilərin türk-müsəlmanlara qarşı nifrətinin əsl səbəbi bədnam qonşularımızın və onların havadarlarının təqdim etməyə çalışdıqları kimi heç də 1915-ci ilin “qondarma erməni soyqırımı” deyildir. 

Belə ki, hələ 1905–1906-cı illərdə ermənilər azərbaycanlılara qarşı kütləvi soyqırım həyata keçirmişdilər! 1885-ci ildə yaranmış ilk erməni terror təşkilatı “Armenakan” Osmanlı ərazisində silahlı terror aktları törətmişdir?! Göründüyü kimi, ermənilərin türklərə nifrətinin kökü “qondarma erməni soyqırımından” əvvəlki dövrlərə dayanır. 1887-ci ildə yaranmış “Hınçaq” terror təşkilatının, eləcə də  digər terror təşkilatlarının məqsədi dənizdən-dənizə “Böyük Ermənistan” dövlətini qurmaq idi.

 ”Qondarma erməni soyqırımı” isə bu məqsədə çatmaq üçün uydurulmuş bəhanədir. Erməni tarixçisi saxtakar Moisey Xorenyanın (410–490) uydurduğu məlumatlara əsasən, tarixdə “Böyük Ermənistan” adlı dövlət olmuşdur. Hazırda ermənilər Moisey Xorenyanın uydurduğu həmin “Böyük Ermənistan”ı bərpa etmək istəyirlər.

 Halbuki tarixə nəzər salsaq görərik ki, “Böyük Ermənistan” adlı dövlət, əslində, mövcud ola bilməzdi. Belə ki, saxtakar erməni tarixçilərinin iddiasına əsasən, guya ”dənizdən-dənizə” uzanan həmin çarlıq e.ə 331-ci ildən eramızın 428-ci ilinədək Yaxın Şərqin bir hissəsini və Qafqazı əhatə edirdi. Halbuki e.ə 330-cu ilə qədər Yaxın Şərq Əhəmənilər dövlətinin nəzarəti altında idi. E.ə. 330-cu ildə Makedoniyalı İsgəndər Əhəməni dövlətini işğal etdi. E.ə 323-cü ilədək Asiyada İsgəndərin ağalığı sürdü.

 İsgəndər öləndən sonra Atropatena (Azərbaycan) dövləti yarandı. E.ə 312-ci ildən eramızın 60-cı ilinədək Yaxın Şərq Selevkilər dövlətinin hakimiyyəti altında oldu. Halbuki ermənilər iddia edirlər ki, Böyük Tiqran e.ə 69-cu ildə Ermənistanı ən böyük sərhədlərinə çatdırdı. İndiki Azərbaycan ərazisində Albaniya (e.ə IV əsr – eramızın 705-ci ili) dövləti mövcud idi. 226-cı ildən 651-ci ilədək Asiyanı Sasanilər dövləti idarə etmişdir. Beləliklə, ermənilər bu dövləti haçan qurdular?! Bundan əlavə, iddiaya əsasən, “Böyük Ermənistan” krallığını Ərtaşestlər və Ərsakilər sülalələri idarə etmişlər. Halbuki bu absurd iddiadır.Çünki Ərsakilər türk, Ərtaşestlər isə fars mənşəli sülalələrdir.

 Beləliklə, bu uydurma dövləti Böyük Ermənistan deyil, Turan və Parsiya adlandırsaq daha düzgün olar. Çünki nə Ərsakilər, nə də Ərtaşestlər erməni olmuşlar. Göründüyü kimi, ermənilər Moisey Xorenyanın fırıldaqları əsasında özlərinə tarix qurmağa çalışırlar. Qərb tarixçilərindən olan Avqust Karier yazır: “Qədim erməni tarixçilərinin məlumatlarına inanmaq savadsızlıqdır. Bu məlumatların əksəriyyəti uydurmadır”.

 Mənşəyi məchul olan bir xalqın tarixdə böyük bir dövləti ola bilərmi?! Ermənilərin mənşəyi ilə bağlı rəvayətlər kifayət qədər ziddiyyətlidir. Onların xisləti isə belədir: bir qarış torpaqda qısa müddət yaşayandan sonra bu torpaqlar əzəli erməni torpağıdır deyib həmin yerin əsl sahiblərinə qarşı ərazi iddiası qaldırırlar. 1828–1829-cu illərdə Türkmənçay və Ədirnə müqavilələrinə görə, ermənilər İrandan və Türkiyədən kütləvi surətdə Rusiya imperiyası tərəfindən Zaqafqaziyaya köçürülmüşlər. 

Çarizm ermənilərin vasitəsilə türklər arasında maneə, hasar yaratmaq istəyirdi. Qeyd etmək lazımdır ki, ruslar erməni xislətinə yaxşı bələd idilər. Rusiya imperiyasının  fövqəladə və səlahiyyətli səfiri Aleksandr Sergeyeviç Qirboyedov imperator Nikolay Pavloviç Romanova yazırdı: “Əlahəzrətləri, ermənilərin mərkəzi rus torpaqlarında yerləşməsinə icazə verməyin. Bu elə bir xalqdır ki, bir neçə il bir ərazidə yaşayandan sonra bütün dünyaya hayqıracaqlar ki, bu torpaqlar bizə ata-babalarımızdan miras qalmışdır”. 

 İmperator Nikolay erməniləri İrəvan ətrafına yerləşdirdi. O vaxtdan bu günədək ermənilər əzəli Azərbaycan torpağı İrəvana hökm edirlər və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirlər. Ermənilər indiki Türkiyənin şərq ərazilərinə (xüsusəndə Qars və Ərdəhan) iddia qaldırmaq üçün “qondarma erməni soyqırımından” istifadə edirlər. Özlərindən qondardıqları iddialara görə, 1915-ci ildə Osmanlı hökuməti 1.5 milyon ermənini öldürmüşdür.

 Halbuki o zamanlarda A.Arakelyanın etno-demoqrafiya statistikasına görə, Osmanlı ərazisində heç 1.5 milyon erməni yaşamırdı. Siyahıyaalma nəticəsində qriqoriyan erməniləri – 995.479 nəfər, katolik ermənilər – 89.746 nəfər, protestant ermənilər isə – 95.841 nəfər olmuşlar. Cəm olaraq isə 1.181.066 milyon erməni yaşayırdı. 

Rusiyalı politoloq Maksim Şevçenkonun dediyi kimi, “Osmanlıda yaşayan ermənilərin sayının öldürüldüyü iddia edilən ermənilərin sayından az olduğunu nəzərə alsaq görürük ki, səsləndirilən rəqəmlər qətiyyən həqiqətə uyğun deyildir”. Bundan əlavə, ermənilərin “Hınçak” və “Daşnaksütyun” terror təşkilatlarının üzvləri I Dünya Müharibəsinin gedişində Osmanlıda iğtişaşlar törətmiş, mülki əhalini kütləvi şəkildə öldürmüşlər. 

Bunun da əsas səbəbi o zamankı ABŞ Prezidenti V.Vilsonun bəyanatı idi. V.Vilson bildirmişdi ki, ”Osmanlı ərazisində çoxluq təşkil edən xalq dövlət qura bilər”. Həmin bəyanatdan “ilham alan” bədnam ermənilər Andronik Ozenyanın və digər körpə qatillərinin rəhbərliyi altında türklərin sayını azaltmağa, onları qətliam etməyə başladılar. Osmanlı dövləti bu dəhşətli cinayətlərin qarşısını almaq üçün qanlı qırğınlarda iştirak edən erməniləri ölkənin müharibə gedən bölgələrindən başqa ərazilərinə köçürdü.

 Osmanlı hökuməti iğtişaş törədən təşkilatları bağladı və onların əlləri dirsəyəcən günahsız insanların qanına batmış rəhbərlərini (2345 nəfər) həbs etdirdi. Hər il ermənilər bu hadisəni soyqırım kimi qeyd edirlər. Sabiq ABŞ prezidentlərindən biri demişdir: “Əgər arxivlər açılsa, ermənilər, sözsüz ki, rüsvay olacaqlar”. Onu da vurğulayaq ki, soyqırım sözünün mənası kütləvi surətdə hansısa etnik ya da mədəni qrupun məhv edilməsidir.

 Əgər ermənilər həqiqətən də soyqırıma məruz qalmışlarsa, o zaman Türkiyədə xeyli erməninin hələ də yaşaması necə izah olunur? Azərbaycan Respublikasının prezidenti İlham Əliyev demişdir: “Əgər Türkiyə soyqırım etmiş olsa idi, geridə buna etiraz edəcək tək bir erməni qalmazdı”. İmperialist dünya dövlətləri və ermənilər köç (təhcir) zamanı ölüm hadisələrini “böyük erməni soyqırımı” adlandırırsa, o zaman 1948–1953-cü illərdə İrəvandan azərbaycanlıların kütləvi deportasiyasını da böyük Azərbaycan qətliamı olaraq tanımalıdırlar. 

Çünki kütəvi deportasiya zamanı azərbaycanlılar ya yolda aclıq və susuzluqdan öldülər, ya da gəldikləri yerdə hava şəraitinə və iqlimə dözə bilməyərək tələf oldular. Bəs bu şərəfsizləri türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlara görə kim sorğulaycaq?! Ermənilərin 10-dan çox terror təşkilatı və minlərlə məşhur terrorçuları vardır.

 Onların hamısının hədəfi biz türk-müsəlmanlarıq. Onlar qətliamın hər növünü biz türklərə qarşı tətbiq etmişlər. İlk kütləvi soyqırımlardan biri Daşnak təşkilatının (rəhbəri Drastanat Kamayan) törətdiyi, 1905–1906-ci illərin “erməni–müsəlman davası”dır. Daha sonra 1918-ci ilin martında Stepan Şaumyanın rəhbərlik etdiyi quldur dəstələri tərəfindən amansız bir soyqırımı törədildi. Ardınca müxtəlif terror təşkilatları yarandı.

Erməni terror təşkilatları (Armenakan, Hınçaq, Daşnaksütyun, ESƏD, YEM, ASALA, EGAO, EİO, EAC, Oril qrupu, İntiharçılar, Erməni birliyi, GEİ, 9 iyun qrupu, EAH, Geqaron, Apostol, Demokrat cəbhə) yalnız Azərbaycan və Türkiyə ərazisində deyil, dünyanın böyük dövlətlərində, hətta bitərəf  İsveçdə belə terror aktları törətmişlər. Bu təşkilatlardan ən məşhuru və şərəfsizi Akop Akopyan tərəfindən yaradılmış ASALA terror təşkilatıdır. 

ASALA-nın bədnam komandirlərindən biri də Monte Melkolyan idi. Hətta bəzi ehtimallara görə, Xocalı qətliamında da ASALA terror təşkilatının barmağı vardır. Bundan əlavə, Xocalıda qətliam törədənlərdən biri də 366-cı rus motatıcı alayı idi.1988-ci ildə təxribat xarakterli Sumqayıt hadisələri baş verdi.

 Özünü ”Paşa” ləqəbli türk kimi tanıdan E.Qriqoriyan Sumqayıtda yaşayan (özlərinə lazım olmayan) erməniləri ən qəddar üsullarla öldürdü. Ermənilər bu yolla türkləri vəhşi xalq kimi tanıdıb öz məqsədlərinə nail olmaq istəyirdilər. 1991-ci ildə Xankəndi erməni birləşmələri tərəfindən işğal olundu. Həmin vaxt Ermənistanda hakimiyyət başında terrorçu Levon Ter-Petrosyan idi. Qarabağın və ətraf rayonların işğalı Ter-Petrosyanın hakimiyyəti dövrünə düşür. 1992-ci il Xocalı qətliamının da ən böyük səbəbkarlarından biri də Levon Ter-Petrosyan idi. 

Zəngilan rayonu işğal olunana qədər ermənilər Qarabağda müxtəlif terror aktları törətdilər.1998-ci ildə hakimiyyətə Robert Koçeryan gəldi. Bu şərəfsiz də alçaqlıqda sələflərindən geri qalmır, müxtəlif vaxtlarda terror aktları təşkil edirdi. Göründüyü kimi, Ermənistan liberal-demokrat deyil, məhz terror dövlətidir. 2008-ci ildə hakimiyyətə Serj Sarkisyan gəldi. Bu şərəfsizin prezidentliyi dövründə 2016-cı ildə aprel döyüşləri baş verdi.

 Azərbaycan ordusu erməniləri geri oturdaraq Lələtəpəni işğaldan azad etdi. 2018-ci ildə inqilab nəticəsində qərbəmeyilli Nikol Paşiniyan hakimiyyətə gəldi. Paşinyanın hakimiyyəti dövründə Vətən müharibəsi başladı və Allaha şükürlər olsun ki, Qarabağ işğaldan azad edildi.

 Müharibənin gedişində ermənilər Azərbaycanın mülki əhalisinə qarşı ağır hərbi cinayətlər işlətdilər. Azərbaycan Respublikasının müxtəlif rayonlarına, o cümlədən, Gəncə şəhərinə bir neçə dəfə Skad/Elbrus raketi, təslim kapituliyasiyasını imzalamazdan bir neçə dəqiqə əvvəl isə Bakıya bir raket atdılar. 

Bakıya atılmış raket hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən zərərsizləşdirildi. Qarabağı tərk edərkən ermənilər evləri və meşələri yandırıb məhv edərək ekoloji terror törətdilər.
İşğal olunmuş torpaqlarımızı azad etdiyinə və yürütdüyü uğurlu siyasətə görə Ali baş komandan Cənab İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinə dərin təşəkkürümüzü bildirir, şəhidlərimizə 
Allahdan rəhmət diləyirik.

Müəllif : Tanrıverdi ƏLİYEV
Redaktor :
Araz ŞƏHRİLİ

ARAZ ŞƏHRİLİNİN DİGƏR YAZILARI

TANRIVERDİ ƏLİYEVİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR ÜÇÜN “BİTİK.AZ” SAYTI İSTİFADƏYƏ VERİLDİ

BİTİK.AZ – KİTAB və ORİJİNAL HƏDİYYƏLƏR SATILAN SAYT

15 iyun 2021 – ci il tarixindən etibarən “Yazarlar”  jurnalının yeni layihəsi olan müstəqil olaraq fəaliyyət göstərəcək kitabların mərkəzləşdirilmiş qaydada, ən ucuz xidməthaqqı müqabilində satışını həyata keçirəcək “BİTİK.AZ” saytı fəaliyyətə başlayıb.

“Yazarlar”  jurnalı BİTİK.AZ müstəqil satış platformasını yaratmaqda aşağıdakı məqsədlərə çatmağı hədəfləyir:

– “Yazarlar”  və “Xəzan”  jurnallarının istənilən nömrəsinin sifarişlə sabit, eyni zamanda stabil qaydada yazarlarımıza və oxucularımıza əlçatanlığını  təmin etmək,

– Yazarlarımızın, elm adamlarımızın, araşdırmaçıların, ayrı-ayrı memuarlar yazan şəxslərin min bir əziyyətlə ərsəyə gətirdikləri kitabların satışında rastlaşdıqları çətinlikləri (çətinlik əsasən müraciət etməli konkret bir ünvanın olmamasıdır – onların artıq “BİTİK.AZ” timsalında  müraciət edəcəkləri  belə bir ünvan var ) aradan qaldırmaq,

– Və ən əsası kitab və jurnaların oxuculara sifarişlə Bakı şəhərində (ölkə daxilində və xaricində poçt xidməti vasitəsi ilə) çatdırılmasını təmin etmək.

Dəyərli kitab müəllifləri və nəşriyyat əməkdaşları siz də həm BİTİK.AZ saytını ziyarət etməklə, həm də aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə satışını təşkil etmək istədiyiniz çap məhsulları barədə bizimlə sövdələşmələr edə bilərsiniz:

Mob (WhatsApp): 070-390-39-93
Mob: 070-500-63-36 WhatsApp: 070-356-71-26


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif ABBASOV – RAYONA EZAMİYYƏTƏ

Akif ABBASOV

                        RAYONA EZAMİYYƏTƏ

                                (hekayə)

         Mirzə bir növ adətkardə idi. Düzələnə oxşamırdı. Amma öz aramızdı, onun hərəkətləri bir çoxlarının xoşuna gəlirdi, görüb eşidir, deyib-gülürdülər.

Mirzə adam dolamaqdan, zarafatı zarafata calamaqdan yorulub usanmırdı.

Rayona ezamiyyətə gedəcəkdilər. Biri Mirzənin özü, biri də Yavər müəllim idi. O biri iki şəxsin biri Əliş, digəri Əvəz idi.

Mirzə ilə Yavər bir yerə düşmüşdü, Əlişlə də  Əvəz. Mirzə ilə Yavər – Masallıya, Əlişlə Əvəz – Salyana gedəcəkdilər. Artıq ezamiyyə vərəqələri də hazırlanmışdı. Direktorun imzalamağı qalırdı.

Mirzə tez aşağı, kadrlar şöbəsinin müdiri Aidanın yanına düşdü.  Özü ilə yaxşı bir şokolad qutusu da götürmüşdü. Şokalad qutusunu Aidaya uzadaraq:

-Səndən bir xahişim var. Gərək məni peşman eləməyəsən.

Aida şokolad qutusunu alıb qutunun yan-yörəsinə baxdı. Moskva konfetləri idi, özü də təzə. Qutunu şkafa qoyub Mirzə müəllimə müraciətlə:

-Eşidirəm.

– Mənimlə Yavər – Masallıya, Əlişlə Əvəz – Salyana ezam olunuruq. Əslində eyni məsələ ilə bağlı yola düşməliyik. Xahişim belədir ki, Yavərin yerini dəyişib  Əlişlə bir salasan.  Mən ezamiyyəyə Əvəzlə gedərəm.

-Direktor əmri və ezamiyyə vərəqələrini hələ imzalamayıb. Amma kimin kiminlə gedəcəyini mənə deyib. Əmri də yazmışam.

Mirzə müəllim şirin dilini işə saldı. Aidanın adının qırağına “xanım” sözünü də qoşdu:

-Ay Aida xanım, nə qoyub, nə axtarırsan?! Başqa-başqa işdən ötrü getmirik ki… Mənimki Yavərlə tutmaz, Əvəzlə getməyim məsləhətdir.

-Yaxşı, nə deyirəm ki.

Bəli, Aida Mirzə müəllim deyənə əməl elədi. Şokolad qutusunun ağzını da açmış, nuş-canlıqla Moskva şokoladı ilə yaxşıca bir pürrəngi çay da içmişdi. Sağ olsun Mirzə müəllim.

Birdən-birə direktorun acıqlı səsi eşidildi. Aida ayağa sıçradı. Direktor onu çağırırdı. Tələsik çıxdı. Yavər müəllim direktorun yanında idi. Özü də əhvalı pozğun. Direktor əsəbi:

-Aida, sənə nə tapşırmışdım? – deyə soruşdu. –Ezamiyyəyə gedənlərin yerini niyə dəyişmisən?

Aida udqundu:

-Mirzə,..Mirzə müəllim gəlib xahiş etdi ki, onu…

Direktor qəzəbli:

-Mirzə müəllim…

Direktor sonrakı sözlərini dilinin ucundan geri qaytardı və belə dedi:

-Mirzə müəllim, nahaq sənə elə deyib. Özü də mənim başımın üstündən. İndi çağırıb aşını-suyunu verərəm. Sən get, mən deyənə əməl elə.

Aida çıxdı. Direktor Yavər müəllimə:

-Sən də get, hazırlaş. Salyana deyil, Masallıya gedirdən, Əliş müəllimlə yox, Mirzə müəllim özü ilə. Belə məsləhətdir.

Yavər müəllim:

-Çox sağ olun, -deyib çıxdı.

Direktor zəngi basdı, katibə içəri girdi:

-Mirzə müəllimi yanıma çağır.

Katibə “oldu” deyib çıxdı.

Nə hadisə baş vermişdi? Yavər müəllim niyə narahat olmuşdu. Mirzə müəllimlə münasibətləri pis deyildi. Bəs Mirzə müəllim niyə bu həngaməni düzəltmişdi? Niyə Yavər müəllimin, onunla deyil, Əliş müəllimlə birlikdə düşməsini istəmişdi. 

Hə, bunun səbəbini Mirzə müəllim daha yaxşı bilirdi. Bu işdə də bir zarafat, bir hoqqa vardı.

Deyim nə idi. Əliş müəllim iri gövdəli, uca boylu idi. Hündürlüyü az qala iki metrə çatırdı. Yavər müəllim isə həm çəlimsiz idi, həm də boyu güclə metr yarıma çatırdı. Mirzə müəllim məzə, gülüş xatirinə onların ikisinin bir rayona getməsini istəyirdi. Bunu başa düşən Yavər müəllim narahat olmuş, əl-ayağa düşmüşdü. Əliş müəllimin yanında o uşaq kimi görünəcəkdi. Yoxlamaya gələn bu cütlük rayonda gülüş doğura bilərdi.

Oyunun olsun, Mirzə müəllim!

                                    Bakı şəhəri, 25 fevral 2021-ci il

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aysu Türkel

Aysu Türkel – gənc yazar.

“MƏN KİMƏM” LAYİHƏSİNİN QONAĞI

Aysu TÜRKEL 

(Tərcümeyi-hal)

Mən Aysu Türkel 1 aprel 2006-cı ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşam. Əslən Göyçayın Çərəkə kəndindənəm. 2012-ci ildə Bakı şəhəri, Sabunçu rayonu 311 nömrəli məktəbin 1-ci sinifinə daxil olmuşam. Hazırda 9-cu sinifində təhsil alıram. Anam müəllimə olduğu üçün mənə 5 yaşımda oxuyub yazmağı öyrətmiş və məndə 5 yaşımdan tam oxuyub yazmağı bacarmışam.
Hələ 4 yaşımdan hərbiyə marağım olub. Televiziya kanallarında daim hərbi verlişləri izləmişəm. Hər zaman televiziyada xocalı faciəsindən, 20 yanvar qırğınından danışılanda ürəyimdəki vətən eşqi bir qədərdə artıq alovlanır, düşmənə nifrətim isə hədsiz dərəcədə artırdı. Hər zaman düşünürdümki kaş bütün torpaqlarımız azad edilə, orada 3 rəngli bayrağımız dalğalana. İllər keçdikcə, böyüdükcə ürəyimdə alovlanan vətən sevgisidə böyüyürdü. Və artıq 8 yaşımdan vətənpərvər şeirlər vasitəsilə vətən sevgimi biruzə etdirməyi bacardım. 2-ci sinifdən kiçik həcmli şeir və hekayələr yazmağa başlamışam. Daim yazılarım və səsləndirdiyim şeirlərlə hər kəsin diqqətini çəkməyi bacarmışam. Bütün əsərlərim vətən həsrəti, yurd sevgisi, türkçülük mövzusunda olub. Təhsilimdə və yaradıcılığımda uğurla addımladığıma görə çox sayda diplomlarla təltif olunmuşam. 2018-ci ildə AXC-nin 100 illiyinə həsr olunmuş yüksək səviyyəli, tarixçi alimlərində iştirak etdiyi tədbirdə “Ayağa dur Azərbaycan!” şeirini səsləndirmişəm. Bu şeirimlə bütün alimlərin diqqətini çəkmiş, onlardan çox xoş sözlər eşitmiş və diplomla təltif olunmuşam. 2019-cu ildən televiziya kanallarında çıxışlar etmişəm. “LİDER”TV-də yayımlanan Namiq Fərhadoğlunun layihə rəhbəri olduğu “SƏNİN ULDUZUN-9” televiziya yarışmasının qalibi olmuşam. Daim Türkçülüy yolunda addımladığıma, Turan sevdalısı olduğuma görə 2021-ci il yanvarın 20-i şair Ötərxan Eltac tərəfindən “Türkel” təxəllüsünə layiq görülmüşəm. Bu təxəllüslə çıxış etdiyim dövrə qədər izləyicilərim tərəfindən Türk sevdalısı, Turan sevdalısı, Asena kimi çağırılmışam. İlk dəfə isə şair Vahid Aslanın kitab təqdimatında, çıxış edən zaman elə Vahid Aslan tərəfindən Türk sevdalısı Aysu kimi təqdim olunmuşam. “LİDER”TV-də yayımlanan “Xoş ovqat”, “Çıxış yolu”, “AZTV”də yayımlanan “Tele oyun” və “AZƏRBAYCAN RADİOSU”da “Uğur” verlişinin qonağı olmuş, çıxışlar etmiş və öz uğurlarımdan danışmışam. “Sizi tanıyaq” layihəsinin ən fəal üzvlərindən biriyəm. Şəhidlər haqqında yazdığım hekayələr “Gününxeberi.az”, “Baku-art”, “Yazyarat.com” və başqa saytlarda, o cümlədən “Mədəniyyət” qəzetində dərc olunub və çox saylı oxucu kütləsinə çatıb. Fəaliyyətim dövründə şəhid ailələrinidə diqqətdə saxlayıb onları ziyarət edirəm. Sosyal şəbəkədə də şəhidlərimizi tanıtmaq üçün qruplar açıb şəhidlərimizin haqqında məlumat və şəklini paylaşıram. Hazırda müəllifi olduğum “Vətən övladları” layihəsində çox saylı gənc istedadlar, o cümlədən Güney Azərbaycanımızdanda vətən sevər insanlar iştirak edir. İnşallah bu vətən yolunda dahada əzmlə, məğrur addımlayar və daha böyük nailiyyətlərə imza atacam.

Mən: Aysu TÜRKEL 

AYSU TÜRKELİN DİGƏR YAZILARI


AYSU TÜRKEL DİGƏR MƏNBƏLƏRDƏ

“MƏN KİMƏM” LAYİHƏSİNİN DİGƏR İŞTİRAKÇILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir neçə söz və ya ANONS

WWW.YAZARLAR.AZ

Bildiyiniz kimi texnalogiyanın inkişaf etdiyi bir dövrdə hər şey əlimizin altındadır. Mən bu günə kimi nə WhatsApp, nə facebook işlətmişdim, hətta yoldaşlarım mənə geridə qalmış adam deyə, müraciət edirdilər.
Son günlər yenə də dostların təkidi ilə facebook səifəmi yaratdım gözəl insanlarla ünsiyyətdə oldum.
Hətta bu vasitə ilə müsahibə götürdüyüm insanlar oldu.
Razılığını verənlər də oldu, vaxtım yoxdur deyənlər də… İncindiyim insanlar da… Amma olsun. İki ilə yaxındır ki, müsahibələr kitabı üzrində işləyirəm. Kitabın çapını Azərbaycanda nəzərdə tuturam. İnşallah fikrim var ki, Azərbaycanda hər hansı bir nəşiryyatla müqavilə bağlayım alınarmı, onu uca Rəbbim bilir…. Təki işimiz alnımızın təriylə olsun. Onun dadı başqa olur.
Sadəlik insanla bir doğulur. İnsan nə qədər sadə olsa onun əhatəsi də geniş olar. İnsan texnologiyadan da səmərəli istifadə etsin. İstifadə etməyi bacarsın. Texnologiya sırf boş zaman keçirmək üçün deyil. Mən facebook səifəmi yaradandan milyon mesaj alıram; “salam necəsən”, “tanış olaq” axı kimisə narahat etməyə haqqınız yoxdur.
Cavab verilmirsə demək ki, o, insanın marağında deyilsiniz.
sayğılı olaq…



Sizlərə sonsuz sayğılarla: Yasəmən ATƏŞ

YASƏMƏN ATƏŞİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tehran ƏLİŞANOĞLU: Layiqli ədəbiyyatşünas və tənqidçi ömrü… – Qurban Bayramov-75

Professor Qurban Bayramov.

Layiqli ədəbiyyatşünas və tənqidçi ömrü… – Qurban Bayramov-75

Görkəmli ədəbiyyatşünas, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent, müasir ədəbi prosesin ən fəal və parlaq simalarından Qurban Fərman oğlu Bayramovun bu günlərdə 75 yaşı tamam olur.

Qurban Bayramovun həyatı, fəaliyyəti, bioqrafiyası Ədəbiyyatda yaşanan bir ömürdür. Görkəmli alim haqqında danışarkən, sözü adətən ordan başlayırlar ki, Qurban müəllim ədəbiyyatda və elmdə xidmətləri olan Bayramovlar nəslinin nümayəndəsidir. Qurban Bayramov Sovet dönəmi ədəbiyyatının ən sanballı simalarından Xalq yazıçısı Bayram Bayramovun və Azərbaycanda sosial psixologiya fənninin əsasını qoyanlardan biri, professor  Əkbər Bayramovun ədəbiyyatda və elmdə layiqli davamçısıdır.

Bəlkə də belə bir ziyalı ailə mühitində yetişməsinin nəticəsidir ki, Qurban Bayramov ədəbiyyata doğru-dürüst yerdən qədəm qoymuş və bütün fəaliyyəti boyu təqib qıldığı yolda heç zaman büdrəməmişdir. Q.Bayramov ədəbiyyatın tədqiqinə köklü bir məqamdan – Səməd Vurğun poeziyasından başlayıb. S.Vurğun şeirindən keçmək müasir ədəbiyyatı, XX əsr poeziyasını bütün əhatəsi ilə anlamağa-bilməyə bərabərdir. 1970-1974-cü illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alan Q.Bayramov 1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiya müdafiə etmiş və ömrünü birdəfəlik ədəbiyyata və Ədəbiyyat İnstitutuna bağlamışdır. “Vurğun poeziyası” (B., Elm, 1976), “Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi)” (B., Elm, 1986) adlanan ilk kitabları da S.Vurğun şeirinin poetikasına həsr olunub. Qeyd etmək lazımdır ki, həmin kitablar bugün də önəmini saxlayan, S.Vurğun şeiri haqqında yazılmış ən dürüst tədqiqat əsərlərindəndir. 

Qurban Bayramovun monoqrafiyaları S.Vurğun yaradıcılığına 1960-1980-ci illər ədəbiyyatşünaslığının rakursunu ifadə edir və vulqar sosiologizm qalıqlarından tam təmizdir. S.Vurğun şeirinin ideya-qayə etibarilə başlıca olaraq Azərbaycançılıq üzərində durduğunu təsbit edir və ilk addımlarından müdrik çağlarınacan pillə-pillə, mərhələ-mərhələ bu qayəni lirik qəhrəman problemi müstəvisində izləyir və çözür. Şairin qəhrəmanı eyni zamanda milliliyin dar çərçivələrinə sığmır, daha böyük ideallarla yaşayır, bütünlükdə əsri və zamanı məşğul edən problemlərlə çarpışır. Q.Bayramov S.Vurğun şeirində millilikdən, Vətənpərvərlikdən, Azərbaycançılıqdan ümumbəşəriliyə, müasir insani dəyərlərə gedən yolu təfərrüatlı, faktiki, konkret elmi yanaşma əsasında çözə bilir. Heç bir pafosa və konyuktur-populist şüarlara uymadan. Dövrə xas cüzi ictimai-siyasi atributları çıxmaqla, zənnimcə, bu,  S.Vurğun irsinə ən doğru yanaşmadır. Bəzən müşahidə olunduğu kimi, S.Vurğun irsini öz zamanının mürəkkəb kontekstindən ayırıb, yalnız millilik konsepti çərçivəsində çözmək, təkcə şairin nəhəng yaradıcılıq miqyasını kiçiltmək deyil, ümumən Azərbaycanı XX əsr proseslərindən qoparmaq demək olardı. S.Vurğun öz cahanşümul ideallarında bugün də bizdən irəlidədir. 

Q.Bayramov gözəl tarixi poetika araşdırıcısıdır. S.Vurğunun lirik qəhrəmanının    bizim romantizm ədəbiyyatından və canlı həyatdan necə təkamül etdiyini məharətlə üzə çıxarır. Yaxud başqa bir – “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı” tədqiqatında izlədiyi Sabir-C.Cabbarlı əlaqələri bunu sübut edir. Sabirin Cabbarlıya təsirinin “Babayi-Əmir” şeirlərindən daha dərin olduğu, Cabbarlının pyeslərində tipikləşdirmə və fərdiləşdirmə üsullarında üzə çıxdığını ilk olaraq məhz Q.Bayramov tədqiq etmişdir.

Q.Bayramovun alim üslubu Azərbaycan ədəbiyyatşünaslığının intensiv inkişaf dövründə formalaşmış və o, bu zəngin xəzinəni bacarıqla əxz etmişdir. Alimin tənqidşünaslıq bilikləri bütün genişliyi ilə qızı Jalə Qurbanqızı ilə birgə yazdığı “Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq” (2001) və “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” (2014) monoqrafiyalarında üzə çıxdı. Y.Qarayev haqqında hər təzə söz, məqalə, yazı meydana çıxarkən, elə bilirsən ki, daha deyilməmiş söz qalmamışdır. Q.Bayramovun əsəri böyük alim, unudulmaz Yaşar Qarayev haqqında ikinci, həm də ən sanballı  monoqrafiyadır. Burda müəlliflər Yaşar Qarayev fenomeni haqqında fərqli söz deyə bilir; ilk dəfə diqqəti ideoloji faktora – Sovet ideologiyasına rəğmən, ədibin yetişdiyi və eyni zamanda, yaradıcılığı boyu yetirdiyi milli yaddaş təliminə cəlb edirlər.

Bütün bunlardan başqa, Q.Bayramovun geniş, hərtərəfli ədəbiyyatşünaslıq potensialını üzə çıxaran: “Müasir Azərbaycan poeziyasında üslubi meyllər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “M.H.Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” kimi maraqlı tədqiqat işləri var. Və bu tədqiqat işlərinin əsas məğzi-qayəsi alimin XX əsr klassikasını dərindən mənimsəyərək, müasirliyin, müasir ədəbiyyatın xidmətinə yönəltmək cəhdləri, ehtiraslarında görünür. Ümumən Qurban Bayramovun dövri və elmi mətbuatda 300-dən çox məqaləsi, altı monoqrafiya və kitabı çap olunub. Amma çap olunmamış tədqiqatları daha çoxdur.

Qurban Bayramovun ilk tədqiqat işlərindən başlayaraq, ədəbiyyatşünas istedadını görkəmli alimlərimiz yüksək qiymətləndirmiş: akademiklər M.Cəfər, K.Talıbzadə, B.Nəbiyev,  Xalq şairi B.Vahabzadə, Xalq yazıçısı Elçin, professorlar Əkbər Ağayev, Yəhya Seyidov, Kamran Məmmədov, Mirzağa Quluzadə, Cəlal Abdullayev, Şamil Salmanov və onlarla digər alimlərimiz haqqında dəyərli fikirlər söyləmişlər. Eyni zamanda, Q.Bayramovun adekvat olaraq görkəmli alimləri dəyərləndirməsi, haqqında yazıları, fikirləri, deyimləri mövcuddur. Ümumən XX əsr ədəbiyyatımızda yeri olan elə bir imza tapmaq çətindir ki, bu və ya digər şəkildə Q.Bayramovun tənqidçi qələmindən yan ötsün. 

Müstəqillik illərində Qurban Bayramovun yaradıcılığının ikinci dövrü başlayır. Bu mərhələdə o, ədəbi fəaliyyətinin əsas predmetini – müasir ədəbiyyatda, missiyasını isə tənqidçilikdə tapır. Demək lazımdır ki, köhnə ədəbi prosesin kökündən dağılıb, yenisinin hələ kifayət qədər oturuşmadığı müstəqillik illərində ədəbiyyatın ən çətin sahəsi – tənqidlə məşğul olmaq heç də asan məsələ deyil. Ədəbiyyatın, ədəbi dəyərlərin qarşısında böyük məsuliyyətlə yanaşı, bu, həm də tənqidçidən cəsarət tələb edir. Həqiqəti üzə demək cəsarəti; təkcə ədəbiyyat həqiqətlərini yox, həm də ədəbi mühit həqiqətlərini, bəzən üzdə olmayan, amma ədəbiyyatın inkişafına ciddi əngəl olan pərdəarxası kluar həqiqətlərini. Qurban Bayramovun istər xarakterində, istərsə də qələmində sözü birbaşa demək, həqiqətin keşiyində durmaq üstünlüyü var. Bunu tənqidçinin yazıları təsdiq edir. Habelə Q.Bayramov haqqında yazan, söz deyən hər bir kəs bunu tənqidçiyə yaraşan ümdə cəhət kimi vurğulayır.

Digər bir çətinlik ondan ibarətdir ki, klassikadan, bədii təsdiqini tapmış dəyərlərdən yazmaq həmişə uduşludur; yarımçıq, hələ başa çatmamış proseslərdən söz açmaq, zamanın sınağından çıxmamış predmetləri, həqiqətləri çözmək barədə isə bunu demək olmaz. Bununla belə, Q.Bayramovun klassik tədqiqatları ilə yanaşı, “Əli İldırımoğlunun yaradıclıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi” (B., “Nurlan”, 2009), “Poeziyanın sirri: … şair Şahməmmədin poeportreti” (B., “MBM”, 2009) kimi monumental və mini-monoqrafiayalarının da adını çəkmək lazım gəlir.   

 Qurban Bayramovun ədəbiyyatşünas maraqları kimi, tənqidçi erudisiyası da genişdir. Ədəbi prosesi ardıcıl izləyən, dövrümüzə xas çoxçeşidliyi, çoxsəsliliyindən baş açan tənqidçi icmal-yazılarında yeri gəldikcə ümumiləşdirmələr aparır, dəyərləndirmələr verir, əsl poeziya bilicisi kimi ədəbi istiqamətləri müəyyənləşdirir. Müasir ədəbiyyatda qabartmağı lazım bildiyi ayrı-ayrı imza sahibləri haqqında portret yazılarla çıxış edir. Və bu zaman bir qayda olaraq Q.Bayramov poetik həqiqətin  mövqeyində durur. Bədiiyyata çevrilməmiş, bədii dəyər kəsb etməmiş fakt onu məşğul etmir. Klassik dəyərlərin məcrasından çıxmış tənqidçi müasir ədəbi prosesdə ənənənin yerini bildiyi kimi, modern tendensiyaları da görür və dəqiq qiymətləndirir.

Heç təsadüfi deyil ki, uzun illər ərzində Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunları üzrə Q.Bayramovun hazırladığı poeziya icmalları Azərbaycan ədəbiyyatında son on ilin  poetik mənzərəsini görməyə, analitik süzgəcdən keçirməyə tam imkan verir. O da əlamətdardır ki, Qurban Bayramov akademik İsa Həbibbəylinin ideya rəhbərliyi və baş redaktorluğu ilə N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırladığı “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyinin (Bakı, Elm və təhsil, 2016) əsas müəlliflərindən olmuş, poeziya icmalları və portret oçerklərin yazılmasında yaxından iştirak etmişdir.

Qurban Bayramov ədəbi yaradıcılığında olduğu kimi, ictimai fəaliyyətində də həmişə fəal və diqqət mərkəzində olmuşdur. Bir çox mükafatlara, o sıradan, Azərbaycan MEA-nın “Fəxri fərman”ına və “Tanınmış Vurğunşünas alim” fəxri diplomuna layiq görülmüşdür.

Akademik İsa Həbibbəyli professor Qurban Bayramovu tıbrik edir.

Qurban Bayramov AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ən qocaman əməkdaşlarından olub, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində çalışır. İnstitutda da, şöbəmizdə də Qurban müəllimin böyük hörməti var. Hamımız onu sevir, qədrini bilir, bilik və təcrübəsindən bəhrələnməyə çalışırıq. Qurban Bayramov bugün müdrik çağlarının cavanlığını yaşayır, əvvəlki şövq və əzmlə qələm işlədir, müasir ədəbiyyatımızın qarşısında duran problemləri çözməkdə davam edir. 75 yaşınız mübarək, Qurban müəllim!

Müəllif: Tehran ƏLİŞANOĞLU

AMEA-nın müxbir üzvü

DİGƏR YUBİLEY YAZILARI:


QURBAN BAYRAMOV – 75

QRABAĞ AZƏRBAYCANDIR…

 QURBAN BAYRAMOV – 75

QURBAN BAYRAMOV – 75


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ARAZ ŞƏHRİLİNİN AD GÜNÜDÜR!

Bu gün dəyərli dostumuz, gözəl insan araşdırmaçı-yazar, pedaqoq, məşhur “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabının müəllifi Araz Şəhrilinin doğum günüdür! Ad günü münasibəti ilə Araz müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Araz müəllim!

QISA ARAYIŞ

Araz ŞƏHRİLİ (Abbasov) 6 iyun, 1974–cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Zəngilan rayonunun Xurama kəndindəndir. Atası Əməkdar jurnalist, tanınmış ziyalı Ələkbər Şəhrilidir. Araz müəllim hazırda pedoqoji fəaliyyətlə və paralel olaraq yaradıcılıqla – araşdırmalarla məşğuldur. Dövri mətbuatda, ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında müəyyən bir fikrin formalaşmasında əhəmiyyətli rol oynayan müxtəlif kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edir. “Monqol yürüşlərinin əsl səbəbləri və Mövlanə Cəlaləddin Ruminin sirri”, “Qacarlar sülaləsinin süqutu hansı ölkənin xüsusi xidmət orqanının işi idi”, “Geosiyasət: ziddiyyətlər və xəyanətlər (vikinqlərin Azərbaycan üzərinə yürüşlərinin əsl səbəbləri)”, “Gürcüstan və Hindistan: düşündürücü faktlar”, “Nadir şah Əfşarın nəvələrinin izi ilə”, “Şeyx Heydərin son döyüşü”, “Şah İsmayılı göytürklərin xaqan nəsli və Çingiz xanla nələr birləşdirir”, “Makedoniyalı İsgəndər və Nadir şah Əfşar: tale oxşarlıqları”, “Qərblə Şərqin müqayisəsi və ya bugünkü problemlərin tarixi kökləri”, “Ermənilərin əsl vətəni haradır: Hindistan, yoxsa Efiopiya”, “Tarix təkrarlanır”, “Babil qülləsi: dillərin hamısının kökü eynidir”, “Babil qülləsi: Çingiz xan və seyidlər”, “Babil qülləsi: Çingiz xan hansı dildə danışırdı”, “Babil qülləsi: təkrarlanan şəxs adları”, “Novruz sirləri: Novruz sözünün əsl mənası”, “Novruz sirləri: qədim romalılar Novruz bayramından niyə imtina etdilər”, “Amerika hindularının mənşəyi: türk izi barəsində düşüncələr”, «Кем был Будда, спустя века обретший бессмертие» və onlarla digər maraqlı elmi məqalənin müəllifidir.

 “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərinə görə Araz Şəhrili “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşri münasibətilə təqdim olunan “Ziyadar” Mükafatına layiq görülmüşdür.

ARAZ ŞƏHRİLİNİN DIGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Poeziyamızın Ağsaqqali İnqilab isaq – Yasəmən ATƏŞ

POEZİYAMIZIN AĞSAQQALİ İNQİLAB İSAQLA SÖHBƏT

(YASƏMƏN ATƏŞİN MÜSAHİBƏSİ)

1. Ədəbiyyat inqilab isaq üçün nədir?
Maraqlı sualdır…Taleyin ədəbi taleyə cevrilməsi sir-xudadır. Nə vaxt əlimi qələmə uzatdım,nə vaxt ay işığını söz kimi sinəmə cəkdim,qəti xəbərim yoxdu… Bircə onu bilirəm ki bu dünyada gördüyüm nə varsa sözdür, bilmirəm bu ədəbiyyatdirmı, bu sənətdirmi?-Bu sualın cavabını məndən yox sözdən  soruşun  nə olar…

2. Hansı şeiriniz yadda qalan oldu sizcə Oxucuların sevimli şeirinə çevrildi…

Bilmirəm..Bütün oxucular anla əbədiyyət arasındadırlar Onların yaddaşından xəbərim yoxdu

3. İsaq təxəllüsünüzün tarixi nədir…
İc sualdır  Atamın adı-İsaq Cəkindim zaman-zaman bu adın qınağından, bu ad məni həmişə oyaqsaxlayıb sözlə dünya arasında…İki ada  birdən-birə sahib cıxmaq cətin  işdi Söz həmişəzəhmlidi…atam kimi…

4. Atanızı necə xatırlayırsınız?

Əslində atam mənim xatirəm deyil nəfəsimdi  Nəfəsi necə xatırlayasan?Övladları onun xəyallarına  xəyanət etdilər Atam başdan-başa həyat  tufanı idi  Amma bu tufanyatağından cıxdı, necə deyərlər biz onun arzularına borclu qaldıq Atam  qınından sıyrılmış  qılınc idi Amma bu qılınc özünü kəsdi… Nə  isə…

5. Xəyallarınızın rəngi nədir O, xəyallarınızın baş qəhramanın adı nədir?

Mən xəyallarımı yormuş adamam…Onin rəngləri kimsəni təəcübləndirməz,cünki  qanadları ucalıq fəth efə bilmədi Ortalıqda döyükdü … bu da  taledi, bir qələm adamının taleyi Etiraf ən böyük həqiqətdir

6. Sizcə bu yorğunluq şeirlərinizə hopubmu…

Şeirlərim ağ atlı oğlandı…Onun cox vədə yüyənini cəkə bilmirəm Özünü odun,atəşin icində rahat hiss edir…poeziya sevgidir Onu kim məğlub edə bilər ki..? Yorğunluq ruhun qəzasıdı Xoş halına o qəzadan qacanın.

7. İndi ki gənclər sizi qane edirmi təbii ki, söhbət yazarlardan gedir?

Gənclik həmişə mənim ücün həmişə narahat ovqatımdı..Onların cılğınlığı təbiidir Bu ğünün icindədirlər Onları ən gözəl anlayan isə zamandır Sözün zamanı isə həmişə dəliqanlı olur Gənclik kimi..Qoy onlar özlərinidüşündükləri kimi ifadə etsinlər… Bu qorxulu deyil Qorxulu olan gəncliyi dedi-qodu ilə qocaltmaqdı.

8. Sizin janrınız hansıdır özünüzü hansı janrda daha çox ifadə edirsiniz…

Əslində mənim janrım yoxdu, mənim əhvalım  və əhvalatım var…Var olan isə varlığın  mistik həqiqətləridir…Söz adamı bu varlıq icində özünü ifadə formaslnı secir…Nəzmin ya nəsrin havasında havasını tapır  Bü da şərti gedişdi Poetik ovqatın hüdudlarını forma cilovlaya bilmir … Mən isə özümü hələlik şeirdə axtarıram Tapmaq isə allahın işidi.

9. Dəydimi sizcə Ömrünüzü söz- söz , Misra-Misra bir şam tək əritiniz peşimanlığını çəkdinizmi Yoxsa şeir Allahın bir lütfümü sizə?

Məncə  poeziya tanrı lütfüdür…Xoş halına bu əzabı cəkənin Misra-misra  dünyaya acılan bəsirət  gözündən xoş nə ola bilər …Necə ki şeirlərimin  birində demişəm-Sözdən yox özgə canım….

10. Maraqlıdır kitablarınızın adları işlədiyiniz nəşiryyatlar qane edirmi sizi nəşiryyatlar…

Adlarda doğulur…Hərə öz taleyini adını daşıyır Kimisi ürəyə kimisi də ünvansız boşluğa…Əslində ad ciddi məsələdi…müllifin poetik kodudu… Amma acarı oxucunun əlindədi ,,Deməyə sözüm var'”,  ,,Canım sənə desin”, ,,İndi elə təkəm ki…”” və başqaları…Qaldı nəşriyyatlar bu cətin məsələdi Onlar müəllfi, onun ruhunu duymalıdı Hələki belə nəşriyyat demək olar ki yoxdu..

11. Son olaraq oxucularınıza nə demək istərdiniz oxucularınızla hansı Şeirinizi paylaşmaq istərdiniz…

Bu məzmunlu suallar ücün sizə təşəkkür edirəm.Loğman olsa carə qılmazHər dərdimi bilə-bilə.Dünya mənə ana olmaz,Durum gedim anamgilə.

  05.06.2021 – Los angeles.

Söhbətləşdi: Yasəmən ATƏŞ

YASƏMƏN ATƏŞİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru