İnsanların ünsiyyətdən qaçdığı, bir növ tənhalığa qapandığı, bəlkə də biri-birinə etibar etmədiyi bir vaxtda az tanıdığın, bəlkə də heç tanımadığın bir insanla ünsiyyət qurub onunla səmimi söhbət etmək asan olmasa da, mümkündür. Söhbət etmək istədiyim insan yaradıçılığı, bənzərsiz şeirləri ilə diqqətimi çoxdan cəlb etmişdi. Onun özü ilə şeirlərindən daha sonra tanış oldum. Şeirlərindəki gizli kədərin, qeyri-adiliyin səbəbini öyrənmək arzusu var idi məndə. Dəfələrlə tədbirlərdə görüşdüyüm bu gülərüz, mehriban və nisbətən az danışan insanın iç dünyası mənim üçün çox maraqlı idi. ”Gündüzü oğurlanmış kimidir həyat”, – deyən bir insanın elə həyata baxışları da. Deyirlər, insanı yaxşı tanımaq üçün onunla yol yoldaşı olmaq lazımdır. Təəssüf ki, tanımaq istədiyim insanla yol getmək mənə nəsib olmayıb, amma səmimi söhbət etmək fürsətindən istifadə edib ona bir neçə sual verə bildim. Həmsöhbətim Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı, Rəfail Tağızadədir. Rəfail müəllimlə söhbəti sizə təqdim etməkdə məqsədim FB səhifələrində dəfələrlə şeirlərini və yazılarını həvəslə oxuyub bəyəndiyiniz bu maraqlı insanı sizə daha yaxından tanıtmaqdır. İlk sualım adi olsa da məncə, cavabı həmsöhbətimi düşündürdü.
– Rəfail müəllim, sizcə Rəfail Tağızadə kimdir?
– İlk növbədə Azərbaycan vətəndaşıdır. Vətənini, xalqını, azadlığı sevən; yurdsuz qalan vətəndaş. Azərbaycan türküdür.
– Özünüz haqqınızda qısa da olsa, məlumat verərdiniz.
-Qarabağda, Ağdamda doğulmuşam. Qarabağ mənim ata-baba yurdumdu. Çox təəssüf ki, indi “qarabağlıyam”, “ağdamlıyam” deyəndə, o yerlər işğal altında olduğundan bir vətəndaş olaraq itkilərin qismən günahkarı kimi utanıram. Uşaqlıqdan riyaziyyatı çox sevdiyimdən dəqiq elmlərə marağım olub. Orta məktəbi Ağdamda bitirib, 16 yaşımda Politexnik institutunun Avtomatika və hesablama texnikası fakultəsinə daxil olmuşam. Diplom işimi Rusiyada yazdım. Uzun müddət o vaxtlar “qapalı” hesab edilən müəssisədə müxtəlif vəzifələrdə çalışmışam. Elə ordan da müharibə bölgələrinə yollandım. Cəbhə həyatından çox danışılıb deyə, ondan danışmaq istəmirəm. İnşallah qələbədən sonra…
– Rəfail müəllim, neçə yaşınız var?
– 11 fevral 1958 ci ildə anadan olmuşam. Dolça bürçündənəm. (gülür)
– Nə bildiniz ki, bürcünüzü soruşacam?
– Nə bilim, hərdən fikirləri qabaqlamağı bacarıram. Bu bir qədər çətinlik yaratsa da, belədi.
– Onda deyin. Bürclər haqda yazılanlara inanırsınız?
– Yox. İnanmıram. Amma doğulduğun yer, şərait kimi, zamanın da xarakterə təsir edən məqamları var.
– Bəs qismət deyilən bir şeyin olduğuna necə? İnanırsınız?
– Düzü, əvvəllər inanmırdım, ancaq həyatda qarşılaşdığım bəzi hadisələrdən sonra inanmalı oldum.
– Allaha inanırsınız?
– Əlbəttə. Dini ritualları etməsəm də, inanıram. Tanrıya, yaradana mütləq inanıram.
– Sizinçün yaşamaq nədir?
– Yaşamaq səndən sonra yaşamaqdır.
– Bəs ölüm nədir?
– İlk növbədə həyatın sonudu. Dəfələrlə təkrar olunmuş ifadə osa da, “ölüm haqqdır”.
– Rəfail müəllim, şeirlərinizdə dəfələrlə ruha müraciət etdiyinizə rast gəlmişəm. Sizcə ruhlar nədir, varmı ruh?
– Əlbəttə, var. Ruh müxtəlif din və cərəyanlarda müxtəlif formada izah olunur. Ruh ilahidən gələndi.
– Ölümdən qorxursunuz?
– Yox. Ölümdən, qaranlıqdan, təklikdən qorxmuram. Hərdən gözübağlı daha yaxşı görürəm. Axtardığımı daha tez taparam. Qaranlıqda kəndimizin kol-kos basmış cığırları ilə gedib, evləri tapa bilərəm. Cəbhədə qaranlıqda o qədər dərəli-təpəli yol getmişəm ki…
– Dediniz ki, təklikdən qorxmursunuz. Bəs tənhalıqdan necə?
–Yaradıçılıqda tənhalıq adamın həmdəmi olur. Ancaq həyatın tənhalığını sevmirəm.
– Rəfail müəllim, hamı sizi barış, davanı sevməyən bir insan kimi tanıyır. Nəyə görə davaya qatılardınız?
– Heç düşünmədən Vətən uğrunda savaşaram. Bu birmənalıdır. Bir də insan sevdiyi qadın uğrunda savaşar.
– Gözəlliyi sevərsiniz hər halda.
– Şübhəsiz. Kiçik bir çiçəyi, qanad açan quşu, ağacları, … təbiətin yaratdığı bütün gözəllikləri. Gözəlliyi görüb sevməmək olarmı?
– Banal bir sual olsa da bilmək istəyərdim Rəfail Tağızadə qadınlarda daxili gözəlliyi sevir, yoxsa xarici?
– Gözəl qadın ilk görünüşdən adamın diqqətini tez çəkir, bu təbiidi. Mən ağıllı qadınları, onların düşüncələrini daha çox sevirəm. Qarşında ağıllı qadın olanda, daha çox məsuliyyət hiss edirsən. Ağıllı qadının qarşısında güclü olmaq çətin olsa da, maraqlıdır.
–Qarabağlısınız. Deyirlər, Qarabağda körpələr də muğam üstə ağlayır. Musiqi sizin üçün nədir?
– Musiqi insanın ruhunu oxşayır. Bir qarabağlı kimi mən də muğamı çox sevirəm. Eləcə də xalq və bəstəkar mahnılarını da.
– Bəs aşıq musiqisini sevirsiz?
– Əlbəttə. O bizim qanımızdadır.
– “Musiqiçi dostum, bir nöktrün çal, məni məndən qopar, məni məndən al“. Bu sözləri yazan məncə klassik musiqini də sevir?.
– Bəli. Klassik musiqidə sanki muğamın əksini duyuram.
– Bəlkə cazı da sevirsiniz?
–Konsertlərinə qatılıram. Dinləyirəm.
– Sizcə sevgi nədir?
– Sevgi insanı sən eləyən, daxilən təmizləyən, başqası üçün yaşamağın nə olduğunu anladan ülvi bir hissdir. Sevgi insanın özündən asılı olmayaraq gələn duyğudur. Sevgi gözəldir. Ağrısı, acısı, sevinci ilə yaşamaq həzzidir. Hec kim deyə bilməz ki, o nə vaxtsa sevməyib və ya nə vaxtsa sevməyəcək. İnsan hər zaman ona mübtəla ola bilər. Həqiqətən sevən insandan pislik gözləmə…
– Yaşından asılı olmayaraq?
– Bəli. Bəzən yaşlı insan 17 yaşlı cavandan daha etirasla, güclü sevə bilər. Sevginin yaşı olmur.
– Sevgi insana nə verir, sizcə?
– Yenidən doğulmuş kimi olursan. Lazım olduğunu bir daha anlayırsan. Yaşamaq və yaşatmağı dərk edirsən. Səndə daxili bir oyanış yaranır. Sevgi insanın üzünə, gözünə gizlədə bilməyəcək yeni xoş çalarlar gətirir. Ruhunu təzələyir…
– Siz dənizi sevirsiniz! Dənizə həsr etdiyiniz şeirlər insanın ürəyinə toxunur, dənizi həm sevir, həm də sevdirə bilirsiniz. Bu yaxınlarda Kamran Nəzirlinin müsahibəsini dinlədim. Kamran müəllim dedi ki, dənizə sevgim uşaqlıqdan var idi, çünki, Astarada, dəniz kənarında keçib uşaqlığım. Bəs siz? Axı, siz elə yerdə doğulmusunuz ki, dağları, meşəni daha çox sevməli idiniz, məncə.
– Mən dənizi çox sevirəm. Danışan canlı kimi. Dəniz safdır, təmizdir. Dəniz məni daha yaxşı anlayır. Mən dənizi qısqanıram. Bəlkə o üzdən onunla görüşə payızda, qışda gedirəm. Heç kəs olmayanda. Onunla pıçıltıyla danışıram. Boşalıram. Ruhən təmizlənirəm. Olsun ki, dəniz sevgisi məndə hələ dünyaya gəlməmişdən yaranıb. Bütün dənizləri sevirəm, Xəzərə isə, xüsusi sevgim var. Təbii ki, dağları da, meşələri də sevirəm. Onlarla da rahatlanıram, sakitləşirəm, ancaq dəniz mənimçün bambaşqadı… – Rəfail müəllim, şeirlərinizdə həmişə qizli bir kədər var. Nədən? Hətta sizin şeirlərə “qanla yazılmış şeirlər” də deyən olub.
– İtki ağır şeydi. Bir var doğmaların, mütləq olacaq itkilərin ağrısı. Bu başa düşüləndi. Yarananın dünyadan köçməsi nə qədər ağrılı olsa da anlaşılandı. Amma yurd, vətən itkisi bambaşqadı. Bu itkinin ağrısını izah etmək olmur. Sənin olanın göz-görə əlindən alınır, sənin olmur. O itkiylə ilk addımların, uşaqlığın, gəncliyin də itir. Yox olur. Geridə böyük bir boşluq yaranır. Yurd həsrəti bütün sevincli xatirələrin üzünə qara bir pərdə çəkir. Ağırdır. Çox ağırdır. Hər dəfə nikbin, şən bir şeir yazanda, sanki, o dərd kürəyinə vurub “mən hələ varam…”, – deyir. O ağrını, kədəri nəinki üzdə, şeirdə də gizlətmək olmur.
– “Şair dostum, vətəndaş dostum, dərd, ələm dostum”, bu sözləri sizin haqqınızda məşhur alimimiz Rafiq Əliyev deyib. Bilirəm ki, bu yaxınlarda görkəmli alimimizin həyat və yaradıçılığından bəhs edən bir kitabınız işıq üzü görəcək. Xeyirli uğurlu olsun.
– Çox sağ olun. Bu kitabı böyük sevgiylə hazırlamışam. Maraqlı kitab olacağına inanıram. Əlbəttə, son söz yenə də oxucularındır.
– Oxucu demişkən. Mən də sizin oxucunuzam və şeirlərinizi çox bəyənirəm. Bəzən sizin şeirləri abstrakt rəsm əsərlərinə bənzədirəm. Orda görünən və görünməyənlər var. O görünməyənləri siz özünüz necə görürsünüz?
– Hamının görmədiyini mən də görmürəmsə, onda niyə yazıram, nəyi yazıram? Yazmaq, yaratmaq başqalarının görmədiklərini görüb çatdırmaqdır. Nə yaxşı ki, mənimlə bərabər onları görə bilən oxucular da var.
–Yazılarınızda belə bir ifadəyə rast gəldim “Söz deyilən, yazı oxunan, kitab isə qalandır”. Rəfail müəllim, sözünüzün, yazdıqlarınızın və kitablarınızın yaddaşlarda qalacağına əminliklə sizə yeni yaradıcılıq uğurları arzu edirəm. Əminəm ki, bir gün Qarabağ dərdi kürəyinizə astaca toxunub deyəcək: Yaz! Yarat! Sevin! Qarabağ azaddır!
– Çox sağ olun. Qarabağı azad görmək ən böyük arzumdur. Mən də sizə gizli ağrılardan uzaq, sevinc dolu əsərlər diləyirəm.
Bax beləcə söhbət edib ayrıldım Rəfail müəllimdən. Amma onun kitablarını oxuduqca, insan onun şeirlərindən, niskilindən, yaratdığı bəzən vahiməli, bəzən həzin, bəzən sevgi, bəzən ayrılıq, bəzən hicran, bəzən intizar dolu aləmdən ayrılmaq istəmir. Şairlərin sayının artdığı, ədəbiyyatda yeni adların çoxaldığı bir zamanda öz orijinallığı ilə diqqəti çəlb edən bir şairin olduqca təvəzökar şəkildə yazıb yaratması məncə, diqqəti çəlb etməyə bilməz.
Hamınıza bizimlə bərabər olduğunuz üçün təşəkkür edirəm və ümid edirəm ki, “SƏMİMİ SÖHBƏT” rubrikamız davam edəcək. Təki ömür möhlət versin.
Qeyd:
2019-cu ilin oktyabırında “Səmimi söhbət”in ilk qonağı Rəfail Tağızadə olmuşdu.
“SƏMİMİ SÖHBƏT”in bugünkü qonağı yazıçı, şair, publisist Şahnaz Şahindir. Babayeva Şahnaz Feyzulla qızı 20 mart 1956-cı ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. Azərbaycan Tibb institutunun pediatriya fakültəsini bitirib. Uzun illər həkim,kənd xəstəxanasında baş həkim, kənd tibb məntəqəsində müdir və Sabirabad İcra hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Şahnaz Şahin 7 kitab müəllifidir, Prezident və Beynəlxalq Rəsul Rza mükafatları laureatıdır. Şahnaz xanım,“Səmimi söhbət”in ənənəvi birinci sualı belədir: Şahnaz Şahin kimdir? Şahnaz Şahin min ildi çöllü biyabana atılmış və hələ də axtardığını tapa bilməyən və bəzən də nə gəzdiyini bilməyən dəvrişdir. Şahnaz xanım məsləkinin əsgəri, sevda köləsidir… və ilaxır… Nə qəribə cavab oldu . Onda deyin, sizinçün yaşamaq nədir? Yaşamaq yanmaqdır- deyirdi Bəxtiyar Vahabzadə. Mən bu xətti çoxdan yaxıb keçən odun özüyəm. Özünüzü ilk cümlələrdən od adlandırırsızsa, demək həyatı çox sevirsiniz.Dünyaya yenidən gəlmək istərdiniz? Dünyadan getmək olmasaydı dünyaya yenidən gəlmək istəyi yəqin ki, olmazdı. Bu istəyimi haçansa şeirə gətirmişəm,“Təkrar gələcəyəm mən bu dünyaya,Təkrar sənin üçün doğulacağam…”- deyə. Deməli hətta buna əminəm. Həyat çox şirindir, nə qədər acı çəksə də həyat eşqi insanı tərk etmir… Ən çox sevdiyiniz rəng hansıdır? Bütün rənglərin qarışığını sevirəm. Qaranı isə qırmızı, ya da ağ ilə… ayrıca qaranı sevmirəm. Sizcə qövsi-qüzehdə qara rəng niyə yoxdur? Qövsi-qüzehdə qara niyə yoxdur… Baxın, bu çox maraqlı oldu. Bəlkə Tanrı da bu rəngi sevmir elə! Ona görədir bəlkə… bəlkə başqa elmi səbəbi var, amma biz indi elmi müzakirə aparmırıq axı. Məncə qara hüzn, kədər, qəm ehtiva edir, Yaradan isə insanı xoşbəxt görmək istəyir… Sizcə qadın olmaq asandır? Qadın yaranmaq başqa, qadın olmaqsa bir başqadır. İkinci çətindir. İndiki zəmanədə daha çətindir. Bunun çoxlu nədənləri var. Qadın zərif və zəif göründüyü qədər də güclü məxluqdur. Qadın seli daşqını ram edə bilən dağ, dağları yuyub apara bilən seldir! Qadını olduğu kimi görən və qəbul edən azdır. Niyə? Çünki onu zəif görmək istəyənlər çoxdur… Fəqət daş qayadan nə apara bilər ki! Məncə qadını vaxtında və düzgün dəyərləndirsələr yaxşı olar. Hansı insanlarla ünsiyyət qura bilmirsiniz? Hər hansı bir insanla ünsiyyət qurmaq mənimçün çətin deyil. Amma bəzən onu özüm istəmirəm. Azaçıq həmsöhbət olmaq yetir ki, davam ya da tamam deyim… Enerji axını çox söz deyir mənə. Sizin son kitabınız Sabirabad şəhidlərinə həsr edilib.Şəhidlərdən yazmaq nə deməkdir? Şəhidlər haqda yazmaq elə özü də bir cürə şəhid olmaqdır. Mən bu hissləri yaşadım. Allah yerlərini cənnətdə qərar versin şəhidlərin… Şəkillərinə də baxanda özümə gələ bilmirəm. Şahnaz xanım, siz həkimsiniz. Deyə bilərsinizmi insan orqanizminə dərmandan da yaxşı məlhəm ola bilərmi? Həkimlik çox şərəfli peşədir, həkim olmaq isə ayrı aləmdir. Sənətin dəlisi olmaq, ona gəlir mənbəyi kimi yanaşmamaq gərəkdir. Bu haqda çox danışmaq olar. Konkret suala cavab verim. Deyim ki, dərman türklərin ilac dediyi bizim isə əlac saydığımız hansısa kimyəvi və təbii qarışıq əslində məlhəm deyil.Sevgi varsa, xəstəni bu böyük hisslə sarırsansa, bax məlhəm odur… Demək, Şahnaz Şahin sevginin varlığına inanır? Bax elə indicə sevgidən danışdım. Əlbətə ki, sevgi var. Olmasa yaradan bu boyda kainatı niyə yaradırdı?! Bizim ən böyük qazançımız elə sevgidir. Varsa qalibsən!.. Sizin şeirlər adi deyil. Bu qeyri-adilik sizi tək qoymur ki? Təşəkkürlər, əzizim… Yaralı yerimə toxundunuz lap. Qeyri-adiliyim, hamı kimi olmamağım da bir dərddi. Əlbəttə ki,təklənirəm, bəs nə bilirsiniz.., elə bilirsiniz rahatca qəbul edəcəklər?! Yox, əlbəttə. Bir az da geniş götürsək. Tək şəbəkələrdən getmir söhbət. Mən özümə qarşı qısqanclığı lap gənc yaşlarda görmüşəm. Adamlar vardı, nə geysəm ondan alıb geyməyə çalışır,saçlarını mənim saçım kimi kəsdirirdilər… Deməli, əvvəl özüm, sonra da sözüm mənim hüdudlarımı müəyyənləşdirirdi… Bilirəm ki, siz bir çox jurnalistlərə müsahibə vermisiniz. Bir çox mötəbər Mətbuat orqanlarında şeirləriniz, yazılarınız çap edilib. “Səmimi söhbət”ə heç yerdə demədiyiniz nəyi demək istəyərdiniz? O qədər söz deyə bilərəm… Siz istiqaməti müəyyənləşdirin mən danışım. Məsələn, ən çox sevdiyiniz musiqi haqda danışaqmı? Musiqi həyatımın ayrılmaz hissəsidir. Musiqinin sərhədləri yoxdur məncə. Mən Şopendən tutmuş digər xalqların da musiqisi daxil, başda Azərbaycanın əvəzolunmaz bəstəkar və xalq musiqisini sevirəm. Son vaxtlar Fərid Fərjadı çox dinləyirəm. Deyim ki, musiqi özü də tam ovqata bağlı məsələdir. Hansı andasa, hansı düyün nöqtəsindəsə fərqli musiqi dinləmək olur. Amma xətt ki var, bax o dəyişmir. Bildiyimə görə sizin şeirlərə musiqi bəstələnib. Bəli. Mənim sözlərimə Nailə və Hikmət Mirməmmədlilər silsilə mahnılar yazmışdılar. “Qovuşmaz yolumuz”, “Sevən ürəkdi”, “Hər ürək sevə bilməz”. “Susduq” və başqaları. Şahnaz Şahin poeziyası əsasən kimin üçündür? Şahnaz Şahin poeziyası onu duyub hiss edən, oxuyub düşündürə bilən hər bir oxucu üçündür.. Mən yazıram, daha doğrusu, Tanrıdan öyrəndiklərimi öyrədirəm. Səhv etmirəmsə, Hz Məhəmməd deyirdi ki, şairlər yer üzünün elçiləridir. Söz üçün Allah evinə gedirəm, sözün nazını çəkə-çəkə, öpüb oxşaya-oxşaya dəhdən inci tapan kimi tapıb gətirirəm. Bir çox şeir həsr etmişəm sözə. Sözün başına dönüm. Anamdı, atamdı söz. Hər sətirə ürəyimi qoymuşam, Məndən sonra şeir balam yaşasın. Arı kimi çiçəklərdən yığmışam, Məndən sonra şeir balam yaşasın. Uçuqlayıb dodaqlarım söz üstə, Nə istəyib, demişəm ki, göz üstə. Ayaqyalın oynayıram köz üstə, Məndən sonra şeir balam yaşasın. Pəri kimi o nazlanır önümdə, Toxunuram zəri qalır əlimdə. Ölməmişdən ölmək keçir könlümdən, Məndən sonra şeir balam yaşasın. Şairlər ünsiyəti sevsələr də adətən tənha olurlar.Heç tənhalıq hiss etmisiniz? Şair kütlə deyil. Əbədi tənhadır. Onda belə çıxır ki,şair olmaq o qədər də asan deyil? Yaxşı şeir yazmaq asanlaşdıqca şair olmaq bir az da çətinləşir Yadınızdadırsa “Bağışla” adlı bir şerinizin sehrinə düşüb onu rus dilinə tərcümə etdim. O şeiri öz ifanızda dinlədikdən sonra sevdim. Səsinizdə hər kəsə xas olmayan bir güc, bir zəhm və eyni zamanda titrək bir incəlik var. Səs insanın daxilndən gəlir. Daxilnizdə görünməyən bir təlatümmü var yoxsa həzin bir sakitlik? Səsin yaranması fiziki proses olsa da Yaradan barmaq izlərimiz, fərqli DNT quruluşu kimi səsə də fərdi xüsusiyyətlər verib. Səs uşaq ana bətnində olarkən formalaşmağa başlayır. Mənim valideynlərimin güclü səsi olub. Atam, biz ona baba demişik, Quran əhli olub. Allahın Kitabını gözəl avazla oxuyub. Onu bir yol dinləyənlər unuda bilməyiblər. Bunu mənə həsrət yanğısıyla çox etiraf edib yaşlı insanlar. Anam da gözəl səsə malik olub. Bayatılarımızı əzbərdən mahnı üstə oxuyardı. Uşaqlarıma da laylanı bayatıyla çalıb. Mənə də onlardan keçib bu səs. Tələbə vaxtı çox istədilər ki, institutun ansambılında iştirak edim, istəmədim. Ancaq dostların xahişiylə oxuyurdum. Təsəvvür edin. Kirayə evdə, ya qızların tələbə yataqxanasında mən oxuyanda bilməyənlər televizoru yandırırdılar. Bu mənim heç kimə demədiyim həqiqətlərdəndir… Zeynəb Xanlarova, Rübabə Muradovanın mahnılarını, yalan olmasın, özlərindən yaxşı oxuyurdum. Düz dediniz, səsi həm də insanın daxili aləmi zənginləşdirir. İçimdə o saydıqlarınızın hamısı var, ən çoxda təlatüm. Səs həm də təsir vasitəsidir bir növ. Səsin müəmmalı sehri var... Yüksək vəzifələrdə çalışmısınız . Bu haqda nə deyə bilərsiniz? Vəzifə adamı ya ucaldır ya qocaldır. O da gərək boyuna biçilə, yaraşa sənə. İçi xıltlı adamlar götürüb yuxarılara yazırdılar və ən əcaibi buydu ki, şairliyimin də haqqında öz üfunətli fikirlərini tökürdülər kağıza. Şahnaz xanım, müəyyən bir həyat yolu keçmiş insan kimi bu gün hansı arzularla, hansı istəklərlə yaşayırsıız? Təranə xanım, insan yaşadıqca mükəmməlləşməlidir. Çünki yaşadıqları, başı çəkənlər onu daha dolğun düşünməyə, səbirli qərarlar verməyə yol açır. Arzulardan isə, məşhur mahnıda deyildiyi kimi, yeni arzular doğur. Belə bir söz var, arzularına bax, gör həyata keçən istəklərin çoxdu, yoxsa qalan? Bax ikinci sənin yaşının göstəricisidir. Məni soruşursunuzsa, hələ məni yaşadan istəklərim çox, görməli işlərim isə çox çoxdur… Söhbətimizin nə dərəcədə səmimi alındığını əlbəttə ki, oxuclar deyəcəklər. Bu gün qonağım olduğunuz üçün sizə təşəkkür edirəm və sonda qonağın əliboş gəlmədiyini bilərək bir kiçik şeirinizi istərdim. Bir yağış yağar dünyaya ilin-günün xəstə vaxtı, üşüdər damarlarını çarəsizliyin… Havaya baxıb dodağını büzərsən, …bezərsən… və hər gün çarəsizliyini bir cür bəzərsən… Göy üzünü çətirtək tutarsan başına, Söz-söz tökülər gözündən çəkdiklərin. Hardasa unutduğun ləpirlərin gəlib düşər ayaqlarına… …Nağılmı ömrün, ömürmü nağıl imiş, sonda bilərsən… Sanki bir həzin, düçündürücü nəğmə dinlədim. Təşəkkür edirəm, Şahnaz xanım. Mən təşəkkür edirəm. Səmimi adamlarla birlikdə olun, sevin, yenə sevin… Bax beləcə daha bir səmimi söhbət başa çatdı. Hamınıza bizimlə bərabər olduğunuz üçün təşəkkür edirəm və ümid edirəm ki, “SƏMİMİ SÖHBƏT” rubrikamız davam edəcək. Təki ömür möhlət versin.
Yazarlar cameəsi olaraq, Pərvanə Bayramqızına atası Bayram Məmmədovun vəfatından kədərləndiyimizi bildirir və dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
Nəcibə İLKİN– “Azad qələm” jurnalının təsisçisi və baş redaktoru, şairə.
Yazarlar.azxəbər verir ki, iyulun 22-si, saat 14:00-da “AZƏRKİTAB” kitab təbliğat mərkəzində “Azad qələm” jurnalının təsisçisi və baş redaktoru, şairə Nəcibə İlkinin “Gədəbəy Qartalı” və “Yarımçıq toy” adlı kitablarının təqdimat mərasimi keçiriləcək.
Həmin gün həm “Milli Mətbuat” günü, həm də şairənin 60 illik yubiley günüdür. Nəcibə İlkin facebook divarında özü üçün üçün ikiqat bayram saydığı bu gözəl gündə şeiri və sözü sevən dəyərli dostlarının hər birini yanında görməkdən məmnun olacağını qeyd edib.
Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Svit take, yak son” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub.
Yazarlar.az xəbər verir ki, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi – tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru –Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur.
Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.
Bu məsələni Əsəd müəllimin özünə də, onun olmadığı məclislərdə də dəfələrlə demişəm. O mənim kitabdan, yəni yazılı mənbədən deyil, ekran-efirdən tanıdığım, söhbətindən nələrisə öyrəndiyim, zövq aldığım dörd şəxsdən biridir. Mənim maraq dairəmdə olan söz dünyasının dörd qütbü, cəhəti və ya dayağı varsa, onun biri Əsəd Cahangirin düşüncəsinin məhsulu, onun ruhunun süzgəcindən keçmiş söhbət – Əsəd Cahangir sözüdür.
Oxucunu maraqda qoymamaq üçün və eyni zamanda, Əsəd müəllimin özünə də bu barədə dəfələrlə dediyimə görə, digər qütblərdə daynan şəxsləri də burda qeyd etməyi özümə vacib bilirəm. Mənim özüm üçün qurduğum söz-söhbət dünyasının şimal qütbündə Akif Əli, şərqində Sayman Aruz, qərbində Hamlet İsaxanlı və cənubunda Əsəd Cahangir dayanır. Yəqin sizdə də belə sual yarandı ki, niyə məhz cənub? Əsəd müəllim özü də yarızarafat, yarıciddi bu sualı dəfələrlə verib: “Niyə məhz cənub”?
Qiyabi olaraq, ekrandakı söhbətlərindən tanımağa başladığım, sonra əyani olaraq canlı nitqini dinlədiyim, daha sonra yeri gəldikcə sosial şəbəkələr üzərindən, telefonla, müxtəlif tədbirlərdə, görüşlərdə canlı söhbətlərdə dostlaşdığım, nəhayətdə, söz-söhbət dünyamın bir qütbünü etibar etdiyim söz mülkünün cahangir əsədi Əsəd Cahangiri özüm tanıdığım kimi sizlərə təqdim etməyə, tanıtmağa, daha doğrusu, anlatmağa məhz bu sual üzərindən başalayacam.
Əsəd Cahangir öz qayğısız uşaqlığnı kənddə, qayğılı gənclik illərini isə şəhərdə keçirmiş, özü-özünün içində bişib, formalaşmış şəxsiyyətdir. Onun kənddə keçən uşaqlığı dünyanı lap təməlindən anlamağa, söz ehtiyatını ən aşağı məişət dili səviyyəsindən, uşaqların, qocaların dilindən toplamğa vəsilə olmuşdur. O sanki silahı söz olan ordunun Generalı rütbəsinə bu orduya sıravi əsgər kimi qatılaraq savaşa-savaşa, qələbələr qazana-qazana müzəffər bir sərkərdə kimi gəlib çıxmışdır. Xahiş edirəm, şişirtməyə, əsassız tərifə yol verir deyə, şeytan sizi burda yanıltmasın. Həm indi, həm bütün söhbət boyu Əsəd Cahangirin dörd cəbhədən yalnız birinin komutanı olduğunu unutmayaq. Uşaqlığını onun gələcək fəaliyyəti üçün faydalı ola biləcək bir mühitdə keçirən Əsəd Cahangir, həyatın ikinci mühüm mərhələsini tamı-tamına napaleonsayağı keçirib desək, yanılmarıq. Gündəlik həyatdan baş çıxarmaq məcburiyyətində qalan, kitabların içində itib-batan gənclik…
Sizcə, bütün bunlar faydasız ola bilərdimi? Əlbəttə, xeyr! Əsəd Cahangir özü də bunu yaxşı bilirdi. Çünki istər fizika kimi dəqiq elmlərin qanunları, istər nənə-babaların nəsihətləri, istərsə də daim onu öz cazibəsində saxlayan – predmeti insan beyni, düşüncəsi olan – real fəlsəfə bunu ona daim diktə edirdi. Gənc Əsəd hələ 18-21 yaşlarında dünyanı tam dərk edib, onun minimum, ən az sayda neçə bucaq ola biləcəyini anlamış və Herakl kimi çiyinlərini onun altına verə biləcək cəsarəti, gücü-qüvvəti özündə tapa bilmişdir ki, bu hər bir şəxsin həyatında mühüm, bəlkə də, ən vacib məqamlardan biridir.
İnsan zamanında həyatı anlamalı, onun mahiyyətini ən azı ilkin təəssüratlar şəklində olsa da, qəbul etməyi bacarmalıdır. Dünyanı, həyatı tam olaraq qəbul edə bilməyi sayəsində Əsəd Cahangir özünü cəmiyyətə tam, bütöv şəxsiyyət kimi təqdim etməyi bacarıb. Bu fikri burada kiməsə xoş olsun deyə deyil, məhz belə olduğu üçün, altını cızaraq qeyd edirəm. Məsələn, Əsəd Cahangir başqa birisi kimi, “…əşşi, beşgünlük dünyadır, öldün getdin, dünya bitdi…” düşüncəsinə sahib olsaydı, onun nə yaradıcılığı, nə də bir fərd olaraq şəxsiyyəti bu cür formalaşmazdı. Və bu gün biz başqa biriylə – Əsəd Cahangirlə deyil, sadəcə, Əsədov Əsəd Cahangir oğluyla müasir olardıq.
Mənim söz dünyamın cənub qütbünün himayəsini üstlənmiş Əsəd Cahangir bütün bunlardan, dünyanın gərdişindən halidir. Və o bunu hər kəlməbaşı oxucusuna, dinləyicisinə andırır, xatırladır…
Əsəd Cahangir mənim tanıdığım, qəbul etdiyim söz dünyasının cənubunda hər gün cilalanan, gündən-günə parlaqlığını artıran bir mayakdır. O bu söz dünyasında yolunu azanları, səmtini itirənləri sanki qiblənamə rolu oynayaraq doğru yola, düz istqamətə böyük ustalıqla yönəldir.
Bu yazını Əsəd Cahangirin 55 illik yubileyi münasibəti ilə qələmə alıram. 55-in özündə də bir hikmət var. Bu yaş tamlığın, vahidin, bütövlüyün, bərabərliyin simgəsidir. Əsəd Cahangir bu zirvəni fəth edərkən həm cəmiyyətin bir fərdi – insan, həm də ziyalısı, düşüncə adamı kimi tam formada olan şəxsiyyətdir. O şifahi, söz, ruh aləmində nə qədər idealistdirsə, yazılı, mətn, real həyatda o qədər materialistdir. O çılğın olduğu qədər sakit və dərin düşünəndir.Mənim tanıdığım, sizlərə də tanıtmaq istədiyim 55 yaşlı Əsəd Cahangir budur.
Yeni yaşınız qutlu olsun, Əsəd müəllim. Böyük Allahdan sizə uzun və sağlıqlı ömür, bütün fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm. Sözünüzə Nəsimi ucalığı, fikirlərinizə Bəhmənyar mütəhərrikliyi yoldaşlıq etsin İnşəAllah!
Zaur Ustac 8 (14) yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin üzvü olan Zaur Ustac “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan” (1), “Ülyahəzrət” (2), “45”, “Qədimliyə bürünmüş yenilik”, yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm” kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı məqalə toplularının, 2019-20 tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə daxil edilmiş “Güllünün şeirləri” tədris vəsaitinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu” (povest) kitabının müəllifidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib olunmuş “MƏKTƏBƏ HAZIRLAŞIRIQ” adlı metodik vəsaitə (I və II hissələr üzrə – Bakı – 2019) daxil olunmuş şeirlərdən ibarət Zaur Ustacın “GÜLÜZƏNİN ŞEİRLƏRİ” (“Gülünün şeirləri”, “Güllünün şeirləri”) KİTABI yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın redaktəsi və tərtibatında ən yeni təkmilləşdirilmiş təkrar nəşrinin (Bakı – 2021, SONUNCU NƏŞR) PDF variantı:ZAUR USTAC – GÜLÜZƏNİN ŞEİRLƏRİ kitabı 2021-ci ildə nəşr olunub.
ZAUR USTAC HAQQINDA PROFESSOR, TƏNQİDÇİ-ƏDƏBİYYATŞÜNAS QURBAN BAYRAMOV YAZIR:
Zaur Ustac – qələmdar olmaq missiyası
(Tənqidçinin xəfif eksklüziv münasibəti…)
Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal – azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur…Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda… Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur…Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, – hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, – əzabını, məşəqqətini göz önünə gətirin… Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi… Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək epik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:
Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün.
Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm… Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar… ALLAH QORUSUN!
QurbanBayramov,tənqidçi-ədəbiyyatşünas, doktor-professor,“Fədakar alim” ,”Elm fədaisi”,“Ən yaxşı Vətənpərvər tədqiqatçı alim”, “Vintsas” mükafatları diplomantı,“SəmədVurğun mükafatı” laureatı,1984-cü ildən AzərbaycanYazıçılar Birliyinin üzvü28.04.2020