
SƏSLƏR
(hekayə-pritça)
Qışqırıq, bağırtı səsləri bir az səngidi, yerini inilti və sızıltıya verdi. Sakitcə, için-için hıçqırıq, ağlamaq həniri də duyulurdu…
Birdən ucadan çəkilən rişxənd dolu qəh-qəhə sanki səsləri dəlib keçdi. Ayağa durub var-gəl edən kölgənin bu istehzalı, ikrah doğuran qəh- qəhəsi elə bil “susun” əmrini verdi. Otağa ölü bir sükut çökdü…
Nəfəslikdən günəşin ilıq şəfəqləri otağa süzülürdü. Tavandakı gur lampanın yanmasına baxmayaraq ətrafın bombozluğunu qova bilmirdi. Sanki divarlar buz kəsmişdi. Yerdə laxtalanana qədər axan qanların gözə görünməyən buxarı adamı üşüdən divarlara hopurdu. Al-qırmlzı qan gölməçələri nəfəslikdən düşən Günəşin şəfəqləri altında parlasa da get-gedə solur, qaramtıl rəngə çalırdı və rişxəndli qəh-qəhə səsindən titrəyirdi…
Xəstə göz qapaqlarını güclə aralayıb acıqlı-acıqlı:
— Bu, nə səsdir?.. Elə bil başıma çəkiclə vururlar – bağırdı.
Sonra gözləri yenə süzülüb bağlandı.
Tibb bacısı tez ona yaxınlaşıb sakitləşdirici iynə vurdu…
Bir az keçəndən sonra bu dəfə də yalvarırmış kimi:
— O, nə səsdir pəncərədən gəlir?.. Kəsin onu, nəfəs almağa qoymur…
Tibb bacısı pəncərəyə yaxınlaşıb taybatay açdı.
Çöldən gələn təmiz hava otağa doldu, xəstənin çürüyən ayaqlarının yarasından və ona yaxılan məlhəmdən gələn qoxusuna qarışdı.
Pəncərənin yuxarı küncündə yuva quran iki qaranquşu gördü.Qeyri-ixtiyarı gülümsədi və dönüb yarı huşsuz uzanan xəstəyə baxdı…
Kölgə təkəbbürlə asta-asta stula oturdulub əl-qolu, ayaqları, gözləri bağlı kişiyə yaxınlaşdı. Ədalı tərzdə ayağının ucu ilə stulu itələdi.
Kişi stulqarışıq arxa tərəfə düşdü. Yaralarının, yoxsa beton döşəməyə dəyib yarılıb qanayan başının ağrısından iniltili bir səs çıxartdı…
— Görürsən gününü?!. Mən sənə demişdim axı… Dinləmədin, az eşitdin deyilənləri…
Sandın tək yeyə biləcəksən. Bilmədin ki, məndən qaçmaq olmaz…
İynə vurulandan sonra bir az sakitləşən xəstə gözlərini açdı. Sağa-sola baxdı, su istədi. Tibb bacısı stolun üstündəki su bardağını götürüb onun ağzına yaxınlaşdırdı. Bir qurtum içəndən sonra başını geri çəkdi:
— Suyu da güclə uduram, — dedi.
Çəkdiyi ağrı-acının əzabı üzündən oxunurdu.
Bu vaxt qapı açıldı. Baxımlı bir qadın şux yerişi ilə içəri girdi .Özü ilə bərabər “Şanel”in bihuşedici qoxusunu da içəri gətirdi. Soyuq bir tərzdə əyilib xəstənin başını ağızucu öpdü:
— Həyatım, iki saatdan sonra uçuş vaxtımdı. Mən getməliyəm. Vallah, özümü həkimə göstərmək söhbəti olmasa idi heç getməzdim. Dincəlməyin adıdı elə… Səni bu vəziyyətdə qoyub getmək heç içimdən gəlmir …
Onun cavabını gözləmədən:
— Hər gün telefonla görüntülü danışacam, səndən xəbər tutacam. Həkimlər, tibb bacıları burdadı, nigaran qalmaram. Bir ay nədir, gözünü yumub-açacaqsan gəlib keçəcək… Hələlik, sürücü məni gözləyir — deyib, yenə də ağızucu xəstənin başından öpüb iri addımlarla otaqdan çıxdı…
O, qəzəb, nifrət, peşmançılıq dolu gözləri ilə qadının arxasınca baxdı…
Yuva quran quşların civilti səsi otağı başına götürmüşdü. Xəstə bağırdı:
— Kəsin onların səsini…
— Quşlardır, müəllim. Pəncərədə yuva qurublar…
Tibb bacısının sözü ağzında qaldı.
— Kəsin dedim onların səsini, başım partlayır…
Tibb bacısı pəncərəni bağlayıb ona yaxınlaşdı. Çarpayının yaxınlığındakı stolun üstündən dərmanı götürüb ağzına qoydu və bir qurtum su içirtdi.
Xəstə huşa getdi…
Əli-qolu , ayaqları, gözləri bağlı, qanı içində çabalayan kişi yalvarırdı:
– Müəllim, buraxın məni. Nə istəyirsiniz, nə qədər istəyirsiniz toplayıb verəcəm. Uşaqlarım balacadı, onlar yetim qalmasın…
Kölgənin iyrənc qəhqəhəsi divarlarda əks-səda verdi və əxlaqsız bir əda ilə:
— Arvadın da dul qalmasın hə… – dedi.
Sonra kişiyə tərəf bir az əyilib:
— Bu arada, xanımınla, 12 yaşlı qızın bu axşam mənim qonağım idi…– dedi və dikəldi. Əlini əlinə vurub ucadan qəh- qəh çəkdi.
Yerdə əli-qolu bağlı kişi ilan kimi qıvrıldı…
Xəstə zarıyırdı… Güclə nəfəs alırdı. Dili-dodağı partlaq-partlaq idi. Partaqlardan qan sızırdı. Hərdən güclə pıçıldayırdı:
O səsi kəsin, başım partladı…
Tibb bacısı bir ildən çoxdu xəstənin hissə-hissə çürüyən vücudunu süzdü və bağlamaq üçün pəncərəyə yaxınlaşdı. Pəncərənin yuxarısındakı yuvada ana quş balalarını yemləyirdi. Ətcəbala quşlar güclə görünən qanadlarını çırpır, anasının ağzlarına qoyduğu yemi tez-tələsik udur və yenə də istəyirdilər. Bala quşların elə bil qarınları doyduqlarına görə xoşbəxtcəsinə civilti səsləri ətrafı başına götürmüşdü. Erkək quş kənardan onları izləyirdi…
Tibb bacısı bu mənzərəyə baxıb xəfifcə gülümsədi, pəncərəni bağlayıb xəstənin yanına yaxınlaşdı. Onun bərəlmiş gözlərinin hərəkətsiz baxdığını gördü…
Tibb bacısı — Allah günahlarını bağışlasın – pıçıldadı və əlləri ilə onun gözlərini yumdu…
MÜƏLLİF: ZƏHRA SƏFƏRALIQIZI
“Yurd” jurnalının redaktoru
ZƏHRA SƏFƏRALIQIZININ YAZILARI
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında