USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Zaur Ustacın “BB” hekayəsi – dövrün sosial satirası kimi
(“BB” hekayəsi) Zaur Ustacın “BB” adlı satirik hekayəsi müasir Azərbaycan nəsrində sosial tənqid və yumorun unikal və çox peşəkar şəkildə qovuşduğu nümunələrdən biridir. Azərbaycan ədəbiyyatında sosial ironiyanın, yumor və tənqidin güclü sintezini yarada bilən müəlliflərdən olan Zaur Ustacın “BB” adlı hekayəsi, bir tərəfdən, gülüş doğuran absurd situasiyalarla doludur, digər tərəfdən isə cəmiyyətin dərin problemlərini kəskin, amma estetik formada ifşa edir. Əsər həm ideya, həm obraz sistemi, həm də dil üslubu baxımından çağdaş publisist ədəbiyyatla realist nəsrin sərhədində dayanır. Əsər jurnalist Əli Mülayimin “BB” adlı müəssisədə baş redaktorun tapşırığı ilə müsahibəyə getməsi ilə başlanır. İlk baxışda adi bir iş günü təsiri bağışlasa da, hadisələrin gedişində absurd məzmunlu bir “böyük biznes” modelinin – “bit yetişdirib yaymaq” planının şahidi oluruq. Süjetin inkişafı boyunca oxucu “Bəy Bala” adlı özünü böyük iş adamı sayan, amma əslində dərin mənəvi və əxlaqi iflasa uğramış bir obrazla tanış olur. O, ailə, tərbiyə, işgüzarlıq və mənəviyyat haqqında danışsa da, bütün dedikləri öz əməlləri ilə təkzib olunur. Əsərin kulminasiya nöqtəsində “bit yetişdirib satmaq” biznesi, cəmiyyətin real mənzərəsi kimi təqdim edilir — mənəvi çirkab, süni zənginlik və mənasız “uğur” anlayışı. Əsərin ideya yükü çoxqatlıdır. Zaur Ustac, bir tərəfdən, sürətlə dəyişən cəmiyyətin dəyərlər sisteminin deformasiyasını göstərir; digər tərəfdən isə, “böyük biznes”, “uğur”, “marka”, “brend” anlayışlarının mənəvi boşluq içində necə məzhəkəyə çevrildiyini tənqid edir. Hekayədəki “bit biznesi” simvolik mənada xalqa yalan ideyalar, saxta uğur modelləri, mənəvi bitlər “yoluxdurmaq” prosesidir. Əslində, “BB” təkcə “Böyük Biznes” deyil, həm də “Böyük Bədbəxtlik” kimi anlaşılır. Bəy Bala – kapitalizmin vulqar, mənəviyyatsız simasıdır. Özünü ağıllı, müdrik, ailə başçısı və iş adamı kimi göstərməyə çalışsa da, dediklərinin hər biri əxlaqi riyakarlıqla doludur. O, həm patriarxal dəyərləri təhrif edir, həm də “biznes” adı altında cəmiyyəti xəstəliklərlə yoluxdurur. Əli Mülayim – zahirən jurnalist, əslində isə passiv müşahidəçidir. Onun “mülayimliyi” həm xarakter, həm də dövrün insan tipinin – müqavimət göstərməyən, vicdanla karyera arasında itmiş ziyalı obrazının təcəssümüdür. İlahə xanım, Ballı xanım (baldız), Bic Bala və başqaları – hamısı mənəvi tənəzzülün müxtəlif formalarını təmsil edir. Burada qadın və kişi fərqləri silinir, hamı eyni “uğur” xəstəliyinə tutulb. Zaur Ustacın nəsr üslubu danışıq dili ilə publisistik tərzin sintezidir. Müəllif müasir şəhər danışıq leksikonunu, satirik pauzaları və dialoqları canlı həyat dili kimi təqdim edir. Hekayədəki yumor klassik Mirzə Cəlil ənənələrinə yaxın olsa da, forma və ritm baxımından postmodern ironiyaya əsaslanır. “BB” sadəcə gülməli hekayə deyil, cəmiyyətin vicdan güzgüsüdür. Müəllif açıq şəkildə göstərir ki, “bitlər” yalnız insanların saçında deyil — beyinlərində, düşüncələrində, dəyərlərində çoxalıb. Əsərin sonunda Bəy Bala müəllimin “Böyük Bədbəxt” təklifi həm öz taleyinin, həm də bütöv sistemin faciəvi yekunu kimi səslənir. Zaur Ustac “BB” hekayəsi ilə Azərbaycan satirik nəsrinin müasir mərhələsinə yeni nəfəs gətirir. Bu əsər həm Mirzə Cəlilin “Ölülər”indəki sosial eybəcərliklərin, həm də Sabirin kəskin realizminin bugünkü formasıdır. “BB” oxucunu gülüşlə düşündürür, tənqidlə silkələyir, və sonda belə bir mesaj verir: “Əgər cəmiyyət bitlərlə yox, onları çoxaldanlarla mübarizə aparmasa, heç bir sabun kömək etməz.”
Uğurlu “debüt” – Südabə Məmmədovanın eyniadlı kitabı haqqında
ALTMIŞ DÖRDÜNCÜ YAZI
Salam olsun, çox dəyərli oxucum! Yurdumuza yaz gəlir. Təbiət oyanır. Ana təbiətin hər gün yaratdığı yeni gözəlliklərin fonunda yaradıcı insanlar da bu gözəlliklərdən ilham alır. Gözəlliyə gözəllik qatır, çevrəsindəki yaradıcı insanları ruhlandırır. Onlar da bu gözəllikdən ilham alıb, gözəlliyə gözəllik qatırlar. Bu xoşbəxtlik zəncirində neçənci olduğumu bilməsəm də, belə xoşbəxtlərin sırasında dayandığımı dəqiq bilirəm. Ancaq bu gün söhbətin mövzusu mən deyiləm. Söhbətimizin qəhrəmanı xoşbəxtlər xoşbəxti Südabə Məmmədovadır.
Qısa arayiş
Südabə Məmmədova 26 iyul 2005-ci ildə Tovuzda anadan olub. BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsidir. Yazıları “Yazarlar” jurnalı, “525-ci qəzet”, “Bütöv Azərbaycan” və digər media orqanlarında yayımlanıb. Şərq TV-də aparıcı, Trend Xəbər Agentliyində müxbir olaraq çalışıb. Media İnkişaf Agentliyində BDU üzrə ilk birillik Media Səfiri, TAİB təşkilatında Protokol Komissiyasının rəhbəri kimi fəaliyyət göstərib. BSU-nun “Yaşıl dünya naminə həmrəylik ili” adlı II mərhələli müsabiqəsində hər iki mərhələnin qalibi olub. 2024-cü ilin yekunlarına görə “Ustac” Milli Mükafatına layib görülüb. 2025-ci ildə “Debüt” adlı kitabının nəşrinə görə “Ziyadar” mükafatı ilə təltif olunub. “Yazarlar” jurnalının redaksiya heyətinə üzv seçilib. AJB-nin üzvüdür.
“Debüt” tələbə-jurnalistin oxucuları ilə ilk görüşüdür.
Yazıları ilə tanışlıq
Gənc yazıçı-jurnalist, tədqiqatçı Südabə Məmmədovanın yazıları ilə tanışlığım təxminən 2023-cü ildən redaksiyamızın poçtuna göndərdiyi materiallarla başladı. İlk yazısından etibarən məzmunca biri digərini təkrarlamayan, lakin hamısı eyni bir yanğıdan, həsrətdən, nisgildən, təəssüfdən, yurdsevərlikdən qaynaqlanan yazılar silsiləsi ilə tanış oldum. Bu yazılar gözlə görünməsə də, ruhun dərinliklərindən süzülüb gələn, həssas ürəkləri dağlayan al qırmızı süjet xətti ilə bir-birinə bağlı vahid mətnin tərkib hissələri idi. Südabə Məmmədovanın müraciət etdiyi mövzudan asılı olmayaraq, istənilən yazısında bir məram-məqsəd var – Vətənə, millətə faydalı olmaq.
“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru
“8 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son dövrlərdə artıq ənənə halını almış növbəti kitab təqdimatı mərasimi keçirilib. Bu dəfə müəllimlər, tələbə yoldaşları və oxucular fakültənin III kurs tələbəsi Südabə Məmmədovanın müəllifi olduğu kitabın təqdimatında bir araya gəldilər.”
“Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrin uğurlarından bəhs edərək, bu nailiyyətlər içərisində Südabə Məmmədovanın da xüsusi payı olduğunu qeyd etdi. Professor Cahangir Məmmədli Südabənin ilk gündən seçilən, daim axtarışda olan və gözdən qaçan aktual mövzulara toxunan tələbə olduğunu vurğuladı. O, bu uğurun təsadüfi olmadığını qeyd etdi.”
Yuxarıda “Debüt”ün təqdimatı ilə bağlı “Bütöv Azərbaycan” qəzetinin rəsmi saytında Təhmasib İsayevin yazısından gətirdiyim misallardan da aydın görünür ki, dəyərli professor, filologiya elmlər doktoru Cahangir Məmmədli dediyi kimi Südabə Məmmədovanın bu uğurlu “Debüt”ü heç də təsadüfi deyil, ilk növbədə öz yurduna, milli-mənəvi dəyərlərinə hörmət və məhəbbətlə tərbiyə olunmasının, sonra isə gərgin, davamlı zəhmətin nəticəsi kimi ortaya çıxmışdır.
Uğurlu “debüt”
Südabə Məmmədovanın toplu kitab şəklində ilk işi olan “Debüt”lə tanışlıqdan sonra məndə belə bir fikir yaranıb ki, bu kitab onun gələcək yaradıcılıq istiqmətlərini özündə ehtiva edən konsepsiyasıdır. Kitabın “Məqalələr” bölümündəki və bu kitabda yer almayan digər eyni qəbildən olan yazıları onu hadisələrə özünəməxsus baxış bucağı olan publisist-jurnalist kimi təqdim edir. “Hekayələr” və “Tamaşalar” bölümündə olan mətnlər isə problemi qoymaqla kifayətlənməyib, onun həlli yollarını da göstərən gənc yazıçı-dramaturqun ədəbiyyat üfüqlərində artıq göründüyündən xəbər verir, mətin addımlarla irəlilədiyini təsdiqləyir.
Südabə Məmmədovanın istər publisistik yazılarını, istərsə də bədii-dram əsərlərini kövrəlmədən oxumaq mümkün deyil. Onun hər cümləsi, təqdim etdiyi hər fikir-ideya düşündürücüdür. Bütün bu mətnlər şəxsən məni – üçüncü bir şəxs kimi düşündürür ki, bu yaşda gənc insanı bir belə problemin ağuşuna atan hansı səbəbdir? Şübhəsiz ki, yuxarıda qeyd etdiyim kimi, onun soya-kökə, milli-mənəvi dəyərlərə bağlı müstəqil, aydın düşüncəli gənc mütəxəsis olduğunu deyib (yazıb), bu sualdan asanlıqla yan keçə bilərik. Ancaq bilirik ki, bu belə deyil.
Təfərrüata varmadan bildirmək istəyirəm ki, “Debüt” uğurlu alınıb.
Kitab bizə göstərir…
Südabə Məmmədova bir əlində saz, bir əlində qələm müasirdüşüncəli Azərbaycan gəncidir. Onun nə qədər kövrək və həssas bir qəlbi olsa da, bir o qədər çılğın ruhu var. O sözün əsl mənasında sazı əlində, sözü boğçasında bəndi-bərəni tutmuş, gədiklərdə mövqelənmiş ədəbiyyatımızın – söz sənətinin Ərəb Zəngisidir.
Sədəfli sazın kökdən, inci sözlərin kəsərdən düşməsin, Südabə xanım! Qələminiz yazar olsun! Yolunuz daim açıq və gül-çiçək olsun! Xeyirli-uğurlu olsun! Yazarlar cameəsinə xoş gəlmisiniz! Qədəmləriniz mübarək olsun! Yazın, yaradın! Özün dediyin kimi: “Qələm qılıncdan itidir, o qələm ki, doğrunu və ədaləti əks etdirir.” Südabə, heç kimə fikir vermək lazım deyil, ancaq irəli!
Gəzdim, qarış-qarış Vətən torpağın, Hər dağda, dərədə izim var mənim! Hələ keçilməmiş, uca dağların, Uca zirvəsində gözüm var mənim! * * * Gəzdim, yorulmadan aranı, dağı, Seyr etdim, ən ucqar çəməni, bağı, Heç vaxt qınamadım zamanı, çağı, Çox bulaq başında üzüm var mənim! * * * Gəzdim, bu torpağı, mən oymaq-oymaq, Ən adi daşa da olmuşam qonaq, Hər otun, çiçəyin halın soraraq, Sinəmə yığdığım, sözüm var mənim!!!
(VəfaBağırzadənin “Duyğuların yürüşü” konsert pyesinifleyta və orkestrin ifasında dinləyərkən)
Musiqi, insan qəlbinin sükut içində danışan dilidir. Mən bu qənaətə ilk dəfə illər öncə Elza İbrahimovanın qəlbi riqqətə gətirən həzin melodiyalarını dinlədikdən sonra gəlmişdim. Elza xanımın yanıqlı bəstələri məni həmişə (bu gün də) düşünməyə vadar edib: insan qəlbini belə riqqətə gətirən, ruhunu coşduran, duyğularını oyadan hansı səbəblərdir (mühitdir)? Bəzən bir səs, bir titrək not, bir nəfəs qədər incə harmoniya bütün bir duyğular selini ifadə edə bilir. Tanınmış gənc Azərbaycan bəstəkarı Vəfa Bağırzadənin “Duyğuların yürüşü” əsəri də məhz bu sükutun içində danışan, dinləyicini düşüncə və hiss dünyasında səyahətə aparan bir musiqi tablosudur.
Haşiyə:
Bəstəkar: Vəfa Bağırzadə Çıxış edir: Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri. Bədii rəhbər və baş dirijor: Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev Solist: Nəzrin Əmirli (fleyta)
Bu əsər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında səslənərkən, hər bir səs milli musiqi düşüncəsinin incəliyini, eyni zamanda müasir bədii təfəkkürün dinamikasını özündə birləşdirir. Orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev, əsərin ruhunu dərinliklə duyaraq, onu həm texniki, həm də emosional baxımdan kamil səviyyəyə çatdırır. Solist Nəzrin Əmirlinin fleyta ifası isə bu kompozisiyaya incə bir nəfəs, şəffaf bir işıq qatır. Fleytanın tənha, bəzən titrək, bəzən ümidli səsi – sanki duyğuların öz yürüşünü, hisslərin insan ruhunda keçdiyi yolları səsləndirir.
“Duyğuların yürüşü” – sadəcə musiqi parçası deyil, həyatın emosional ritmlərindən yoğrulmuş poetik bir etirafdır. Vəfa Bağırzadə bu əsərdə insanın daxili aləmini notlara köçürərək, sevinc, kədər, təlatüm, arzu və sükunət kimi halları bir-birinə bağlayır. Bəstəkarın melodik dili həm klassik ənənələrdən qaynaqlanır, həm də çağdaş musiqi düşüncəsinə açıqdır. Bu sintez onun yaradıcılığında milli və bəşəri ruhun vəhdətini nümayiş etdirir. Vəfa xanım özü “525-ci qəzet “ə verdiyi müsahibədə bu çuğlaşmanı belə dəyərləndirir: “Çalışıram Qərb və Şərq musiqi elementlərini bir araya gətirim…”(yaşıl rəngli yazılarıın üzərinə toxunub müsahibəni tam oxumaq olar) Əslində isə o, təkcə Şərq və Qərbi deyil, eləcə də keçmişlə gələcəyi məcmu halında müasir dinləyicilərə təqdim edir. Onun yaratdığı həzin melodiyalar eyni ilə Elza İbrahimovanın yanıqlı bəstələri kimi insanın ruh halının portretini, duyğularının rəsmini gözlər önündə canlandırır. Düşüncənin ən dərin qatlarına sirayət edir. Qəlblərimizi riqqətə gətirir. Düşündürür.
Əsərin strukturunda dramatik inkişaf xətti aydın hiss olunur – musiqi əvvəlcə sakit bir axınla başlayır, tədricən güclənir, duyğuların toqquşduğu, emosiyaların bir-birinə qarışdığı zirvəyə yüksəlir və sonra yenidən sakitlik – daxili barış halına qayıdır. Bu dramaturji gedişat, sanki insan ruhunun gündəlik həyatdakı eniş-yoxuşlarının musiqi təcəssümüdür.
Vəfa Bağırzadə musiqisində qadın duyğusallığı, incə estetik baxış və intellektual dərinlik bir araya gəlir. Onun əsərlərində sanki musiqi – danışan, düşünən və hiss edən canlı varlığa çevrilir. “Duyğuların yürüşü” də məhz bu baxımdan müasir Azərbaycan bəstəkarlığının zərif və mənəvi dərinliyə malik nümunələrindən biridir.
Bu musiqi əsəri dinləyiciyə təkcə zövq yox, həm də düşüncə verir. O, ruhun “sözsüz monoloqu”dur. Hər kəs bu əsəri dinləyərkən öz iç dünyasında bir səfərə çıxır – kimisi keçmiş xatirələrinə dönür, kimisi gələcək arzularını düşünür, kimisi isə sadəcə musiqinin sehrinə qapılıb sükutun dincliyinə dalır.
Qısa arayış:
Vəfa Bağırzadə 1990-cı ilin 29 oktyabr tarixində Lənkəran şəhərində anadan olub. İlk musiqi təhsilini Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi və Xan Şuşinski adına Ağdam Muğam musiqi məktəbində alıb. 2007-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olub. Kolleci bitirdikdən sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə bakalavr pilləsinə, 2017-ci ildə isə həmin ixtisas üzrə magistr pilləsinə qəbul olub.
2020-ci ildə musiqi sahəsindəki uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin fəal gənci” mükafatına layiq görülüb.
2022-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul olunub.
Beynəlxalq və respublika müsabiqələri laureatı, “Gənclər mükafatı” laureatıdır. Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Vəfa Bağırzadə – müasir Azərbaycan musiqisində fərdi üslubu, səmimi ifadə dili və estetik baxışları ilə seçilən bəstəkardır. Onun “Duyğuların yürüşü” əsəri, həm musiqi sənətimizin bugünkü inkişaf mərhələsini, həm də qadın bəstəkar duyarlığının dərinliyini nümayiş etdirir.
Bu əsər, həm professional musiqi mühitində, həm də geniş dinləyici kütləsi arasında böyük maraq doğurur. O, sübut edir ki, Azərbaycan musiqisi bu gün də öz ruhunu, dəyərlərini və bədii enerjisini qorumaqla yanaşı, dünya səviyyəli bədii ifadə formalarına sahibdir.
Xüsusi qeyd:
Sadəcə dinləmək lazımdır ki, mənim qeydlərimin Vəfa Bağırzadənin duyğularının kölgəsində itib-batdığına şahid olasınız. Dinləyin:
Vəfa xanıma yeni-yeni nailiyyətlər arzulayır, bir-birindən gözəl yeni bəstələr gözləyirik. Yolunuz açıq, uğurlarınız bol olsun, Vəfa xanım!
Zaur Ustacın “Can ay ana…” şeirindəşəhidlik kultu və ana obrazı
Azərbaycanın müasir ədəbi düşüncəsində milli duyğuların, şəhidlik məfkurəsinin və ana-vətən sevgisinin poetik şəkildə ifadəsi xüsusi yer tutur. Bu dəyərlərin bədii təcəssümünü öz yaradıcılığında qabarıq şəkildə əks etdirən sənətkarlardan biri də Zaur Ustacdır. Onun “Can ay ana…” adlı şeiri təkcə bir şəhid anasına ünvanlanmış poetik müraciət deyil, həm də bütövlükdə Azərbaycan xalqının yaddaşına həkk olunmuş şəhidlik kultunun və ana obrazının vəhdətini ifadə edən bir mənəvi dastandır.
Şeir, general Polad Həşimovun müqəddəs şəhidliyinə və onun anasının baxışlarında cəmlənmiş kədər və qürura ithaf olunub. “Can ay ana…” misrası hər bənddə təkrar olunur, bir tərəfdən anamızın adını çağıran xalqın səsi kimi, digər tərəfdən isə şairin şəhidin anası qarşısında baş əyməsi kimi səslənir. Bu təkrir motivi şeirə həm ritmik bütövlük, həm də emosionallıq gətirir — oxucu sanki hər dəfə “Can ay ana” sözlərini eşidəndə içindən gələn bir ahla, bir dua ilə birləşir.
Zaur Ustac bu şeir vasitəsilə şəhid anasının baxışlarını poetik simvola çevirir. Baxış — burada həm xatirələrin güzgüsü, həm qürurun aynası, həm də səssiz fəryadın ifadəsidir. “Bu baxışda Poladının ilk dişi, ilk addımı, gülüşü var” misralarında anasının baxışında oğulun bütün ömrü cəmlənib. Uşaq gülüşündən döyüş meydanına qədər uzanan bir həyat baxışların dərinliyində yaşayır.
Şair hər bənddə “Bu baxışda nələr var…” və “Bu baxışda nələr yox…” sualını qoyur. Bu bədii qarşıdurma həyatla ölümün, varlıqla yoxluğun, sevinc və kədərin sərhədini müəyyənləşdirir. Bir bənddə ana baxışında Poladın ilk addımı, ilk beşi, şux duruşu var, növbəti bənddə isə “Polad adlı oğul yox…” misrası ilə ölümün acı gerçəyi vurğulanır. Bu antitezalar vasitəsilə müəllif anasının baxışında həm həyatın bütöv panoramasını, həm də ölümün susqunluğunu göstərir.
Burada baxış həm fiziki, həm də metafizik anlam daşıyır. Zaman və məkan anlayışlarının “itdiyi”, “mizanların pozulduğu” bu baxış, əslində, dünyəvi ölçülərin fövqünə qalxan bir mənəvi halı təsvir edir. Ananın gözlərində artıq nə “yelkən” var, nə də “sükan” — yəni istiqamətini itirmiş bir dünya… Amma eyni zamanda bu baxışda qürur, ərənlik, cəsurluq, onur da var. Bu, Azərbaycan anasının təkcə kədərdə deyil, həm də qürurda böyük olduğunun poetik ifadəsidir.
Zaur Ustacın poetik dünyasında şəhidlik, Vətən qarşısında uca bir məqam kimi, həm milli kimliyimizin, həm də mənəvi dirənişimizin simvoludur. “Can ay ana…” şeirində Polad Həşimovun obrazı sadəcə bir şəxsiyyət kimi deyil, bir epoxanın siması, millətin qeyrət və mərdlik aynası kimi təqdim olunur. Şair onun adını çəkərkən əslində Vətən oğullarının ümumiləşmiş qəhrəman surətini yaradır.
“Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var…” – bu misralar qəhrəmanlıq salnaməsi kimi səslənir. Burada həm də müəllifin dərin inamı duyulur: şəhidlər ölmür, onlar analarının baxışlarında, xalqın yaddaşında yaşayırlar.
Şeirin son bəndində şair Ananı tək bir qadın kimi yox, bir simvol kimi təqdim edir. “Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var…” – misraları ilə Azərbaycan qadınının qəhrəmanlıq və dözüm siması canlanır. Müəllif bu obrazı Nüşabə və Tomris kimi qədim türk qəhrəman analarla birləşdirərək, şəhid anasının qəlbindəki ağrını millətin tarixi yaddaşına bağlayır. Beləcə, “Can ay ana” şeiri fərdi bir dərdin ümumxalq simvoluna çevrilməsi baxımından həm bədii, həm də ideoloji cəhətdən dərin əsərdir.
Zaur Ustacın “Can ay ana…” şeiri sadə sözlərlə böyük bir həqiqəti ifadə edir: Vətən uğrunda can verən övladların anaları – millətin mənəvi sütunlarıdır. Şair, Polad Həşimovun anası timsalında bütün şəhid analarına ehtiramını bildirir.
Bu şeir həm şəhidin ölməzliyini, həm də ananın müqəddəsliyini bədii dillə ölümsüzləşdirən bir ədəbi abidədir. Onun poetik gücü, emosional səmimiyyəti və milli ruhu oxucunu dərin düşüncələrə qərq edir.
Beləcə, “Can ay ana…” — Azərbaycan analarına yazılmış ağı, Vətənə yazılmış and, Polada həsr olunmuş əbədi dualar toplusudur.
Şanlı Zəfərin beş illiyinə QƏLƏBƏ DASTANI (esse) Qələbə təkcə savaş meydanında qazanılan üstünlük deyil. Qələbə bir xalqın ruhunun ayaqda qalması, tarixinin unudulmaması, keçmişindən aldığı güclə gələcəyini qurmasıdır. Qələbə şəhid qanı ilə yoğrulan torpağın yenidən nəfəs alması, əsrlərlə sinəsində köz kimi qoruduğu haqqın gün işığına çıxmasıdır. Azərbaycan xalqı tarix boyu yalnız torpaq uğrunda deyil, haqq uğrunda savaşmış xalqdır. Bu torpağın daşında Babəkin üsyankar ruhu, Nəsiminin həqiqət sevgisi, Xətainin dövlət ağlı, Koroğlunun mərdliyi yaşayır. Zaman dəyişib, əsrlər ötüb, amma xalqın ruhu dəyişməyib. Çünki millətin gücü silahında yox, mənəviyyatında olur. Bu xalq heç zaman zülmə baş əymədi. Babəklər yurdunun hürr övladları əsarətə boyun əyə bilməzdi və əymədi. Nəsimi həqiqəti canından üstün tutdu. Xətai dövlət qurdu, söz yaratdı, kimlik yaratdı. O böyük ruhlar bir millətin qan yaddaşına çevrildi. Hər yeni doğulan övlad özündən əvvəlkilərin irsini daşıdı. Elə buna görə Azərbaycan əsgəri savaş meydanında heç zaman tək olmayıb. Ulu əcdadın müdrik və döyüşkən ruhu daim bu müqəddəs yolda onunla qoşa addımlayıb. Qələbə dastanını birlikdə yazıb. Qələbəyə gedən yol asan olmadı. Hər qələbənin arxasında göz yaşı var, səbir var, inam var. Vətən sevgisi yalnız dildə deyil, əməldə sınanır. Hər əsgər bir ailənin ümidi, bir ananın duası, bir xalqın güvən yeri idi. Onlar Vətən deyəndə sadəcə xəritədə görünən sərhədləri düşünmürdülər. Onlar uşaqlıq xatirələrini, ata ocağını, ana laylasını, baba məzarını, gələcək nəsillərin azad nəfəsini qoruyurdular. Müzəffər ordunun hər bir əsgəri böyük dastanın qəhrəmanına çevrildi. Çünki onlar yalnız silahla yox, inamla döyüşdülər. Onların ürəyində dövlətə sədaqət, millətə bağlılıq, torpağa sevgi vardı. Elə buna görə keçilməz görünən sədlər keçildi, əlçatmaz görünən zirvələr fəth edildi. Bu torpaq igidlər yurdudur. Burada ər sözü qiymətlidir. Burada vətən anlayışı müqəddəsdir. Bu xalqın övladı bilir ki, torpaq uğrunda ölən varsa, Vətəndir. Burada ocaq müqəddəs sayılır. Burada alov yalnız od deyil, həm də ruhun rəmzidir. Azərbaycanın odlar diyarı adlanması təsadüf deyil. Bu xalqın daxilində əsrlərdən gələn bir işıq yaşayır. Azərbaycanın gücü yalnız ordusunda deyil. Onun gücü müəllimində, şairində, alimində, kəndlisində, əsgərində, gəncində, ağsaqqalındadır. Bir xalq birlik göstərdiyi zaman qarşısında heç bir maneə dayana bilmir. Çünki birlik böyük qüvvədir. Şanlı Zəfərin beş illiyini qeyd etdiyimiz bu günlərdə qələbədən danışmaq yalnız keçmişi xatırlamaq deyil. Bu gün qələbədən danışmaq gələcəyə məsuliyyətlə baxmaqdır. Şəhidlərin əmanətini qorumaqdır. Tarixi yaddaşı yaşatmaqdır. Gənc nəslə kim olduğunu anlatmaqdır. Azərbaycanın tarixində çox igidlər olub. Dünən Babək vardı, Koroğlu vardı, Xətai vardı. Bu gün də onların yolunu davam etdirən qəhrəmanlar var. Çünki zaman dəyişsə də, Vətən sevgisinin mahiyyəti dəyişmir. Bu torpaq ozanlar yurdudur. Bu torpaq aqillər yurdudur. Bu torpaq qəhrəmanlar yurdudur. Bu torpaq zəfəri təkcə qılıncla deyil, ruhla qazananların yurdudur. Qələbə bir son deyil. Qələbə başlanğıcdır. Qələbə xalqın özünə qayıdışıdır. Qələbə Azərbaycanın adını tarixə yenidən qızıl hərflərlə yazan milli iradənin dastanıdır. Bu dastanın adı isə birdir: QƏLƏBƏ DASTANI. 05.11.2025. Bakı.
Yazarlar cameəsi adından Prezident təqaüdçüsü, Əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, şair, ictimai xadim, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı (Hüseynova)nı doğum günü, anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Hörmətlə, Zaur Ustac,
Qucağını geniş aç… – Şəhidlik ruhunun poetik zəfəri
(Zaur Ustacın yaradıcılığında Vətən sevgisi və qəhrəmanlıq ideallarının poetik təcəssümü)
Azərbaycan ədəbiyyatında Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə həsr olunmuş poetik nümunələr hər zaman mənəvi yaddaşımızın ayrılmaz hissəsi olmuşdur. Bu əsərlər yalnız bir şəhidin taleyini deyil, bütöv bir millətin ruhunu, azadlıq eşqini və torpaq sevgisini ifadə edir. Zaur Ustacın “Qucağını geniş aç…” adlı şeiri də belə poetik abidələrdən biridir. Şeir gizir Pəncəli Teymurova həsr edilmişdir – Vətən uğrunda canını fəda etmiş igid bir Azərbaycan əsgərinin müqəddəs xatirəsinə ithaf olunmuş bu əsər həm poetik dərinliyi, həm də mənəvi gücü ilə seçilir.
Şeirdə Zaur Ustac yaradıcılığına xas əsas xüsusiyyətlər çox aydın görünür. “Şehçiçəyim” şeirində olduğu kimi “Qucağını geniş aç…” şeirində də şair real həyatda mövcud olan predmetləri böyük ustalıqla bədiiləşdirir. Zaur Ustac sevgi şeirlərində olduğu kimi vətənpərvərlik mövzusunda olan şeirlərdə də hər bir kəlmə ilə yerində ustaca davranmağı bacarır. Əgər “Şehçiçəyim” şeirində şair özünü bioloq kimi təqdim edirsə, “Qucağını geniş aç…” şeirində biz peşəkar hərbçi, qazi şairlə üz-üzə qalırıq:
“Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,”
və ya
“Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada, “Komandir yaxşı olsa, ordunu verməz bada”,”
Hərbçi-şair hərbçilərin səhər-axşam hərbi marş oxuya-oxuya sıra addımları ilə addımlamasını təsvir edir. Bu sadə təsvir isə çox dərin məna çalarları aşılayır.
Şeirin mərkəzində şəhidin vətənlə mənəvi söhbəti, onun torpağa dönüş anı dayanır. “Qucağını geniş aç, gəlirəm Ana Torpaq” misrası artıq bu mənəvi qovuşmanın poetik başlanğıcıdır. Burada Vətən “Ana” obrazı kimi təqdim olunur – şəhid oğul anasının qoynuna dönür, yəni torpağa qovuşur. Bu qovuşma ölüm deyil, əbədiyyətə keçid kimi təsvir olunur.
Zaur Ustacın poetik dili burada sadə, lakin dərin simvolik məna daşıyır. “Qapını döymək”, “bayraq”, “sancağ” kimi obrazlar həm mübarizəni, həm də azadlığın müqəddəsliyini ifadə edir. Şair şəhidin dilindən deyir:
Burada “bayraq” həm azadlıq, həm də şəhidlik simvoludur. O, əbədiyyətə gedərkən bu əmanəti – yəni Vətənin müstəqilliyini qoruyaraq gedir.
Zaur Ustacın bu şeiri sadəcə emosional ağı deyil, patriotizmin fəlsəfi poetikasıdır. O, şəhidin dilindən xalqın ruhunu danışdırır. “Bayraq olsun kəfənim” misrası Vətən sevgisinin son həddidir – şəhid öz həyatını bayrağa, torpağa, inama çevirir.
“Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim…”
Bu sətirlərdə həm qəhrəmanlıq fəlsəfəsi, həm də milli qürur hissi var. Şair şəhidin dilindən düşmənə nifrət deyil, qalibin təmkinli məğrurluğunu ifadə edir: “Sevinməsin düşmənim” – bu, kin deyil, qələbənin etik ölçüsüdür.
Azərbaycan poeziyasında torpaq – ana obrazı çoxəsrlik ənənəyə malikdir. Ustad Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam”ında, Bəxtiyar Vahabzadənin “Ana dili”, “Gülüstan” poemalarında, Məmməd Arazın “Azərbaycan” şeirində də bu ruh var. Lakin Zaur Ustac bu motivi müasir milli mübarizə kontekstində yeni poetik çalarla təqdim edir.
Burada torpaq yalnız vətən deyil, həm də müqəddəs məzar, əbədi qovuşma yeri kimi təqdim olunur. Şəhid oğul torpağın qucağında rahatlıq tapır, çünki borcunu yerinə yetirib:
“Sancmışam Sancağımı, rahat gəlirəm indi…”
Bu misra poetik baxımdan zirvə nöqtəsidir. Burada həm mübarizənin tamamlanması, həm də ruhi rahatlıq var. Sancağın sancılması – yəni niyyətin hasil olması – artıq şəhidin missiyasının tamamlanması deməkdir.
Şeir üç bölmədən ibarətdir, hər bölmə bir mərhələni təmsil edir:
Torpağa qovuşma anı – ruhun Vətənlə görüşü.
Döyüş xatirəsi və əsgər yoldaşlarına sədaqət – vətənpərvərlik və birliyə çağırış.
Əbədiyyətin qapısı – şəhidin ruhani rahatlığı və anaya təsəlli.
Şair klassik xalq poeziyasına xas qafiyə və ritm sistemi qurur, lakin müasir sintaksis və leksika ilə onu yeni nəfəsə çevirir. Hər bəndin sonunda emosional kulminasiya yaranır: “rahat gəlirəm indi”, “yer ver girək qoynuna”, “qurban gedər torpağa” – bu misralar həm ritmik, həm də mənəvi cəhətdən yekun vurğusudur.
Zaur Ustacın yaradıcılığında şəhidlik mövzusu təkcə bir hadisə deyil, dünya duyumunun özəyidir. Onun şeirlərində şəhid – sadəcə itirilmiş insan deyil, millətin diriliyinin simvoludur. “Qucağını geniş aç…” şeiri bu xəttin ən parlaq nümunələrindəndir. Burada fərdi taledən ümummilli yaddaşa keçid baş verir: Pəncəli Teymurovun simasında bütün şəhidlər ucaldılır.
“Qucağını geniş aç…” Zaur Ustac yaradıcılığında Vətən sevgisi, şəhidlik və milli ruhun poetik sintezidir. Bu şeir həm bir igidin ruhuna dualı ithaf, həm də bütöv bir xalqın qəhrəmanlıq salnaməsidir.
Zaur Ustac bu əsərlə göstərir ki, torpaq yalnız üzərində yaşadığımız məkan deyil, onun uğrunda ölənlərin ruhudur. Şəhid oğulun Vətənə dönüşü, torpağın onu bağrına basması – millətin əbədiliyinin simvoludur.
Beləliklə, “Qucağını geniş aç…” həm ədəbi, həm publisistik, həm də mənəvi sənəd kimi dəyərlidir. O, bir daha sübut edir ki, Azərbaycan poeziyasında Vətənə sədaqət mövzusu nə keçmişdə solub, nə də gələcəkdə sönəcək – çünki hər yeni şəhid, hər yeni bayraq, hər yeni şeir bu ruhu yaşadır.
“Yazarlar” jurnalının baş redaktoru şair, publisist Zaur Ustacın Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor, eyni zamanda tanınmış şair Mahirə Nağıqızının (Hüseynova) anadan olmasının 65 illik yubileyi münasibətilə “Mahırə Nağıqızı – 65” (monoqrafiya) adlı yeni kitabı işıq üzü görüb.
ZƏFƏR news.az xəbər verir ki, kitab nəfis tərtibatla Mahirə Nağıqızının yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim edilib.
“Yazarlar” jurnalının həyata keçirdiyi “Mahirə Nağıqızı – 65” layihəsinin uğurlu nəticəsi kimi ərsəyə gələn kitabın məsləhətçisi tanınmış ədəbiyyatşünas – tənqidçi Qurban Bayramov, redaktoru Hacıxanım Aida, naşiri isə Tuncay Şəhrilidir.
Birincisi “Giriş”, sonuncusu “Yekun” olmaqla 6 fəsildən ibarət olan kitabda Zaur Ustacın Mahirə Nağıqızının bayatıları, şeirləri, hekayələri və məqalələri haqqında yazdığı şərh və təbliğat xarakterli monoqrafik məqalələri toplanmışdır. Monoqrafiya şəklində tərtib olunmuş kitabda toplanmış məqalələr Mahirə Nağıqızının yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Kitab həm mütəxəsislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Monoqrafiya ölkənin əsas kitabxanalarının kitab fondlarına hədiyyə olunmaqla yanaşı, müxtəlif sabit internet platformalar üzərindən elektron kitab formatında da pulsuz olaraq yayımlanır.