İBRAHİM RÜSTƏMLİ – APREL DÖYÜŞLƏRİ

İbrahim RÜSTƏMLİ – Əməkdar jurnalist.

APREL DÖYÜŞLƏRİ
(Birinci yazı)
Aprel doyüşləri Azərbaycan ordusunu bütün dünyaya kəskin redaktələrlə təqdim etdi; uzun illər ictimai şüurda formalaşmış və qismən bərkimiş hökmran mövqeləri kökündən sarsıtdı; az qala hər tərəfdən düşmən təpkisilə üz-üzə qalmış azsaylı bir toplumun iradəsini ortaya qoydu; haqqı-hüququ tapdanan, yurdu-yuvası yağmalanan bir elatı kül altında qalmış köz kimi yenidən alovlandırdı…
Yəni, amansız TARİX hamımızın böyük həsrətlə gözlədiyimiz o möhtəşəm tamaşanı bu dəfə də eyni ssenari ilə gündəmə gətirdi: uzun illərin cansıxıcı sükutundan, yabançı siyəsət dəllallarının ürəkbulandıran zəvzəyliyindən boğaza yığılanlar, nəhayət, ədalətsizliyə qarşı üsyana qalxdı. Sanki şahmat taxtası üzərində izlənilən bu debüt ilk baxışdan bütün cəhətlərilə (açıq, yarımçıq və bağlı məzmunda) səhnə önünü qapatsa da, daha dərində fiqurların və piyadaların qarşılıqlı əlaqəsilə, əsas qanunlara tabe olan strateji prinsiplərlə, ən ümdəsi, ƏSGƏRİ RƏŞADƏTLƏ yadda qaldı.
Çünki öz abrına sığınan bir xalqın səbr kasasının nə vaxtsa sel kimi daşacağı gözlənilən idi. Mən bu selin qarşısını qəfildən böyük bir platina kimi kəsən siyasi qərarları müzakirə mövzusuna çevirməyəcəm: xalqımın mənafeyinə yad bir qərarda yabançı nəfəsəni, yabançı barmağını duymayacaq qədər sadəlövh deyiləm. O üzdən bəzi qonşularımızın Aprel döyüşlərilə bağlı səsləndirdiyi düşük bəyanatlarını öz dövlətinə və xalqına hörmətlə yanaşmağı bacarmayan siyasət bəzirganlarının davamlı əxlaqsızlığı kimi dəyərləndirirəm. Bütün cinahlardan düşmən təpkisilə üz-üzə qalan, ancaq yenə də tapdanmış haqqı uğrunda döyüşməyi bacaran bir xalqı bilərəkdən bu sayaq şərəfsizcəsinə aşağılamaq kişilikdən deyil. Çünki Aprel döyüşlərində kürəyini bu yurda, bu dövlətə sipər edib, sinəsini düşmən qabağına verənlərin son sözü – ilahi monoloqu həm də ulu yaradının diqtəsi idi: “Sağ qaldığına görə Allaha minnətdar olmayacaqsan!!!”
Mən əsgərəm, bilirəm, günəşli bir ölkəyə, xüsusilə, qızğın döyüşlərin getdiyi vaxtda soyuq qütblərdən təşrif buyurmuş şaxtalı ab-havanı “sinirmək” hamımız üçün çətindi. Ancaq belə bir məqamda öz içimizdə müharibə veteranlarına, müharibə əlillərinə arxadan təpik atanları da qınamaq iqtidarında deyiləm. Çünki canında-başında düşmən mərmilərinin nişanələrini gəzdirən o müharibə veteranlarının, o müharibə əlillərinin başbilənlərini sonradan həmin adamların ayağında böynubükük gördüm; bir əsgər kimi dünyanın ən ucuz əzabını yaşadım, dünyanın ən böyük cəzasını çəkdim.
Ancaq bu da son olmadı. Dünənlərdə müharibə əlillərinin haqqına girənlər bugünlərdə məvacib “savaşına” qalxmaqla qanı kəsilməyən yaralarıma yenidən köz basdılar, köz!..
Bax beləcə başlanğıçı ilə sonu bilinməyən bu nəfs davasının məntiqi davamı ucu itirlimiş kələf kimi boğazımıza sarılır, yediyimiz çörəyi, içdiyimiz suyu zəhərə döndərir. Müəllimləri daş daşımağa, divar hörməyə göndərilən xalq ən ucuz təsəlli menyusunda “soğan əkməkdən” başqa heç nə tapmır…
O üzdən öz fikrimi “dəmir kansler” Bismarkın dahiyanə deyimilə yekunlaşdırmaq niyyətimi də söz dalınca yüyürmək imkanımın məhdudluğu kimi dəyərləndirin. Gəlin parçalanmış alman knyazlıqlarını vahid dövlətdə birləşdirən, yeni xalq yaradan, general-ferldmarşal Otto Bismarkı dinləyək: “Fransa-Prussiya müharibəsində biz ona görə qələbə çaldıq ki, alman müəllimi fransız müəlliminə qalib gəldi…”
Bununla belə, Aprel döyüşləri Azərbaycan ordusunu Azərbaycan dövlətinin və xalqının ən mükəmməl, ən etibarlı güc mərkəzi, istinad nöqtəsi kimi təqdim etdi. Azərbaycan hökumətinin illər uzunu düşmən təxribatına cavab olaraq ali tribunalardan səsləndirdiyi haqlı tələblər bu dəfə fərqli farmatda, Azərbaycan əsgərinin simasında ifadə olundu. Mübariz İbrahimovun Qəhrəmanlıq salnaməmizə yeddi il bundan qabaq təkbaşına vurduğu möhür, bu dəfə onlarla igid hərbçimiz tərəfindən əsgəri rəşadət səviyyəsində təsdiqini tapdı. Düşmən seytnot vəziyyətinə düşdü…
Məhz bu anlarda erməni cəbhəsində baş verənlər Aprel döyüşlərinin obyektiv obrazını yaratmaq baxımından ən dürüst informasiya mənbəyinə çevrildi. Zorla əyninə əsgər libası geydirilən, əlinə silah verilən və yad torpaqlara göndərilən erməni gəncləri aldandıqlarını başa düşüb, tapdanmış hüquqlarını nə vaxtsa müdafiə etmək ümidilə geriyə üz tutdular. Amma daha gec idi. Çünki onların bu son şansı da mafiyalaşmış erməni iqtidarının “zaqradotryad”ı tərəfindən amansızcasına gülləbaran edildi…
Və dərhal səhnəyə birinci Qarabağ savaşının (ağzında protezini, əlində silahını saxlaya bilməyən) azsaylı tör-töküntüsü çıxarıldı. Di gəl mənəvi və fiziki imkanlarının aşılanması üzündən onlara da ön cəbhəyədək addımlamaq, səngərlərə qədəm basmaq qismət olmadı. Bu veteranların canısulu tam böyük əksəriyyəti isə öz arxasını sarqisyan hökümətinə çoxdan çevirib, çünki bir tikə çörək dalınca düşmək, sarqisyan kimi körpə qatilinin arxasınca düşməkdən daha vacibdi. Çünki erməni iqtidarı onları nə vaxtsa Qarabağa gətirən mənəvi tellərlə bağlı uydurulmuş əfsanələri indi xımır-xımır xalqın cibindən oğurladığı milyonlarla vəsait hesabına ucaldılan mal-mülk qismində heykəlləşdirib.
Nəhayət, belə bir məqamda, heç şübhəsiz, əlazsızlıqdan dolayı erməni qızlarının ifasında izlədiyimiz “striptiz” də tamamilə gözlənilən idi. Biz bu dağınıq saçlı, oynaq baxışlı gözəllərin simasında Kim Qardaşyanın potensial davamçılarını gördük və əsla təəccüblənmədik. Çünki ermənistan iqtidarı ən ucuz siyasi fahişəliyin peşəkar ixracatçısı kimi ən bahalı otellərdə özünə həmişə asanlıqla müştəri tapıb…
Aprel döyüşlərinin strateji, taktiki şərhi sırf peşəkarlıq baxımından zamana ehtiyacı olan məsələdi; Gələcəyin yaddaş boğçası cavabını gözləyən suallar sarıdan heç vaxt qıtlıq çəkməyib. İndilərdə isə bütün təfərrüatları ilə gün kimi aydın olan bir məqam var ancaq. O da əməliyyata cəlb olunmuş şəxsi heyətin şücaətidi; həmişə eyni həyacanla izlədiyimiz ən mükəmməl müharibə filmlərinin baş qəhrəmanlarını belə kölgədə qoyan misilsiz şücaəti.
O üzdən mən Azərbaycan əsgərinin əlindəki silahdan çox, Azərbaycan əsgərinin köksündəki ürəyə inanıram. Çünki ən müasir silahlarımızı ən müasir kütləvi informasiya vasitələrimizdə ən müasir deletantlarımızın ssenariləşdirdiyi ucuz şoularla zərərsizləşdirə-zərərsizləşdirə gedirik. Məxfiliyin sıxlığı azaldıqca sıralarımız da seyrəlir. Özünütərif həddini aşanda isə müxtəlif analizator nüvələri arasındakı zəruri hüceyrə əlaqələri kəsilir, effektorlar iflic vəziyyətinə düşür. Ən dəhşətli məqam da elə məhz bu zaman yaşanır: İşığı resepsiya edən fotoreseptorların imkanları məhdudlaşır və nəhayət, bizi bir-birimizə bağlayan tellərin üzərində otur(uş)muş “sərçələr” gözdən itir, diqqətdən yayınır. O sərçələr düşündüklərimizi, danışdıqlarımızı rahat-rahat həzmeyi-giramidən keçirir, sonra bir müddət yad səmalarda pərvazlanır, daha sonra yenidən bizi bağlayan tellərin üzərində oturub gəyirə-gəyirə yuxarıdan aşağı başımıza zıllayırlar…
Yəni, Aprel döyüşləri zamanı hiss olunan dissonans daha çox informasiya təhlükəsizliyi cəbhəsində, ritmə yad “xaric səslərlə” yaddaşımızı təklədi. Qulaqardına vurduğumuz məsələlərdə daha ciddi olmağımıza ehtiyac duyulduğu anda hədə-qorxu yolunu tutanlar isə əslində növbəti problemlərin özülünü qazmış oldular. Çünki bu cür xaric səsləri bir-iki saz-söz aşiqinin romantik çıxışları ilə boğmaq cəhdimiz bizi daha ciddi təhlükələrlə üz-üz qoya bilər. Reallıq və bu reallığın ANA XƏTTİ – QƏLƏBƏ ƏZMİMİZ əsas yükü danışan və döyüşən ordudan çox, DÜŞÜNƏN ORDUNUN çiyinlərində görmək istəyir. Axı hədəflərimiz böyükdü!..
Bu da nümunə: Aprel döyüşlərindən sonra Ali Baş Komandanın qürbətdən dönən torpaqlarımıza baş çəkməsi, hər şeydən əvvəl, o torpaqlarda Şəhid olanlara ehtiramın ən mötəbər səviyyədə ifadəsi idi. Bu həm də o demək idi ki, orduya göstərilən davamlı dövlət qayğısı Azərbaycan əsgərinin ana südü kimi halal haqqıdı. Bu həm də müharibə əlillərinin, müharibə veteranlarının haqqıdı!!!
Cənab Prezidentin bu möhtəşəm mesajı indiyədək ordu rəhbəri səviyyəsində rast gəlmədiyimiz, amma həyati əhəmiyyət daşıyan addımlara stimul verdi. Dövlətlə xalqı vahid cəbhədə birləşdirən motivlər isə daha sonrakı mərhələdə təbii zəncirvari reaksiyalarla özünü çox gözlətmədi. Aprel döyüşləri zamanı müharibə əlillərinin, müharibə veteranlarının birbaşa təmas xəttinə, ön mövqelərə nəqli bu sırada dövlətin növbəti təmsilçisini – müdafiə nazirini də cəmiyyətə daha böyük hədəflərin sözçüsü kimi tanıtdı. Z.Həsənov onları bu gün də ordu ailəsinin üzvi kimi görməklə ordu ilə cəmiyyət arasındakı vəhdətə yeni məzmun, yeni əxlaq gətirdi; bu, sadəcə müharibə əlillərinin, müharibə veteranlarının təmas xəttinə, ön mövqelərə adi gedişi deyildi; bu həm də təmas xəttində, ön mövqelərdə yaşananların – güllə səslərinin, barıt qoxusunun bütün ölkəyə birbaşa etibarlı nəqli idi. O üzdən məndən ötrü həmişə doğma olan Silahlı Qüvvələrimizin informasiya təhlükəsizliyi cəbhəsində yaşanan problemləri ən azı ümumi qaydada ifadə etmək haqqımı heç kimə güzəştə getmirəm. Çünki bu narazılıq deyil, narahatlıqdı! Çünki düşmən güllələrinin yolu ilk növbədə informasiya cəbhəsindən keçir. Çünki o güllələrə öz köksünü tanıtmaq yalnız Azərbaycan əsgərinin alnına yazılmayıb!..
Aprel döyüşləri mənim xalqımın, mənim dövlətimin sarsılmaz iradəsini, tükənməz gücünü bütün dünyaya tanıtdı. Bu iradənin, bu gücün əsl mənbəyi işğal olunmuş torpaqlarımızdı. Orada – Vətənin bütövlüyü uğrunda döyüşə atılanlar, orada – Vətənin bütöv göründüyü yerlərdə əbədiyyətə qovuşdular. Onlar o torpaqlarda qürurla yaşamağa, qürurla addımlamağa hamıdan çox haqqı olanlardı; canlarından keçdilər, torpaqdan keçmədilər. İndi bizim ən böyük yükümüz bu haqqın halallığını almaqdı. Ən böyük problemimiz də elə budu. Çünki seyrəlmiş sıralarımızdan sızan işıq çox vaxt ya öz xarakterini müəmmalı şəkildə dəyişir, ya da quyu dibində parlayan ulduzlar kimi görunməz olur. Günəbaxan tumu isə adama həmişə günəşi xatırlatmır…
Müəllif: İbrahim RÜSTƏMLİ



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QURAN DƏRSİ 5

QURANİ KƏRİM

QURANI OXUMAĞI ÖYRƏNƏK

تَصَر قَتَهَ لَكَ مَعَ كَتَبَ

نَؤَلَ عَبَد ضَرَبَ خَاَقَ ظَلَمَ

بَدَأَ وَعَد ذَهَبَ ضَدَقَ مَكَسَ

“QURAN OXUMAĞI ÖYRƏNƏK” KİTABI ƏSASINDA


DƏRSLƏR MƏMMƏDLİ ÜZEYİR ƏMİRHÜSYEN OĞLUNUN

 Tuncay ŞƏHRİLİ TƏRƏFİNDƏN APARILIR.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – CƏZA

Akif Abbasov – alim, yazıçı.

                                    CƏZA

                                    (hekayə)

Məmməd baba  çox xeyirxah adam idi. İmkan tapıb qohum-əqrəbaya, qonşulara yaxşılıq edir, dara-çətinə düşənə kömək əlini uzadırdı. Ona görə də kənddə hamı onun xətrini istəyirdi. Necə deyərlər, başına and içirdilər.

İkinci dünya müharibəsi təzəcə qurtarmışdı. Kənddə xeyli dul qadın vardı. Hamısının köməyə ehtiyacı vardı.  Ərləri müharibədə həlak olmuşdular. Məmməd baba kişiləri başına yığıb əllərindən gələn köməyi həmin dul qadınlardan əsirgəməməyi onlardan xahiş edirdi. Kömək nə ola bilərdi? Kənd yeri idi. Kömək meşədən odun qırıb daşımaqdan və  doğramaqdan,  ot biçməkdən, uzunqulağın belində su gətirməkdə, mal-qaranı otarmaqda, həyət-bacanın uçmuş çəpərini qaydaya qalmaqdan ibarət idi.

Özü də gah bu həyətdə, gah o həyətdə olurdu. Yumşaq ürəkli Məmməd baba dul qadınlara hərdən bazarlıq da edir, un, buğda verirdi.  Təki Allah yetirsin. Əliaçıq olmasan, Allah əlini, yəni ruzini  kəsər.

Məmməd babanın daldada pulu-parası vardı. O zamanlar alver etmək yasaq idi. Odur ki, xəlvət edir, beşdən-ondan qazanırdı. Gəncəyə, Tiflisə gedib  min cür xırdavat gətirir, kənddə əridirdi.

Günlərin bir günü yenə yolunu Gəncədən saldı. Bazara girəndə gördü ki, qəşəng, əsl kənd yerinin mal olan qaloşlar satılır. Fikirləşdi ki, evdəki qız-gəlinə, arvada bu qaloşlardan bir cüt alsa qiyamət olar.  Evdə iki gəlin, üç qız, bir də arvadı Sonaxanım idi: “Deməli, alti cüt”, – deyib qaloşların pulunu sayıb verdi. Tez  onları qoltuğundakı kisəyə basdı.

Təzəcə yola düzəlmişdi ki, ayaq saxladı “Ey dadi-bidad. Tamaşa qarı qaloşu bizim arvadın ayağında görəndə, kimsəsizliyi yadına düşəcək, ürəyi xarab olacaq. Yazığın yiyəsi, alanı yoxdur. Qayıdım bir cüt də onunçun alım. Allaha da xoş gələr. Bir azdan qış gəlir, qaloş qışın malıdır. Elə yağışa, palçığa dözsə, qaloş dözər”

Bu fikir-xəyalla geri döndü. Bir cüt qaloş da Tamaşa qarı üçün götürdü. Çıxarıb pulunu verəndə yenə fikrə getdi: “Ürəyimlə bacara bilmirəm də, nə edim?! Havva arvad da başsızdır. Əri cəbhədən qayıtmayıb. Nə dirisindən xəbər var, nə ölüsündən. O da  Tamaşa qarıyla simsardır. Onun ayağında qaloşu görən kimi maraqlanacaq. Tamaşa qarı da əlüstü deyəcək ki, Məmməd baba alıb. Onda Havva arvadın halı qarışacaq. Gəlsənə bir cüt də onunçun alım! Alıram”.

Məmməd baba daha bir cüt qaloş götürdü. Amma aşağı necə əyilmişdirsə eləcə də qaldı. Heç cür sakitləşə bilmirdi. Yadına Matan, Suqra, Telli, Şövkət, Mehri, Maral düşdü. Bu qadınlar Məmməd babanı çox istəyirdilər. Onu görəndə min dillə dindirirdilər.

Beləliklə, Məmməd baba bir ətək pul verib iyirmi cüt  qaloş aldı. Onları da kisəyə yığıb, qaliş satana: “Di xudahafiz” – deyib özünü dəmiryol vağzalına çatdırdi.

Ürəyi yerinə gəlmişdi. Özünü çox rahat hiss edirdi.  Bu gün nəinki evdəkiləri, qohum-əqrəbanı da, qonşu qadınları da sevindirəcəkdi.

Məmməd baba çox pul aparmasın deyə həmişə ümumi vaqona minirdi. Qaloş dolu kisəni pəncərənin ağzında bir yerə söykəyib əyləşdi. Arvadın qoyduğu pendir- çörəyi dişsiz ağzına salıb çeynəməyə başladı. Vaqona minəndə limonad almışdı. Pendir-çörəyi yedikcə  butulkanı başına çəkib limonaddan içirdı. Limonad da şirin çayı əvəz edir, həm də qurumuş çörəyi ağzında isladıb yumşaldırdı.

Qatar hərəkətə gəlmişdi. Yorulub əldən düşmüş Məmməd baba artıq mürgüləyirdi. Qaloşlardan başqa həm də kənddə satmağa bəzi şeylər  almışdı. Onlar da kisədə idi.

Qatar stansiyaların birində dayanmışdı. Bir neçə nəfər vaqona qalxdı. Əvvəlcə biletləri yoxladılar. Yanlarında milis nəfəri də vardı. Məmməd baba yuxulu-yuxulu biletini onlara uzatdı. Nəzarətçilərdən biri:

-Bu kisə kimindir? – deyə soruşdu.

Cavan oğlan:

-Bu babanındır.

Milis nəfəri dümsükləyib Məmməd babanı oyatdı:

-A kişi, kisədəki nədir?

Yuxudan hələ tam ayılmayan Məmməd baba:

-Nə kisə? – deyə sualı sualla qarşıladı.

Milis nəfəri:

-Bu kisə sənin deyil? – deyə soruşdu.

Məmməd baba gözlərini açdı:

-Mənimdir.

Milis nəfəri sualı suala calayırdı:

-İçərisindəki nədir?

-Qaloş.

Nəzarətçilər bir-birinə baxdılar:

-Hamısı qaloşdur?

Məmməd baba dedi:

-Bəli.

Milis nəfəri kisənin ağzını açdı:

-A kişi, bu qədər qaloşu neynirsən? Neçə qaloşdur?

-İyirmi.

Milis nəfəri nəzarətçilərlə köməkləşib qaloşları saydılar: Saydılar.

-Düz deyirsən. İyirmi cütdür. Məsələ məlumdur. Sən alverçisən. Bunları satmağa aparırsan. Ay baba, ay ağsaqqal bəs bilmirsən ki,  şura hökumətində alverlə məşğul olmaq qadağandır?

Məmməd baba boynuna aldı:

-Düz tapmısınız. Alverçi olmağına alverçiyəm, amma xırdasından. Dolanışıq üçün xırda-xuruş şeylər alın satıram. Amma bu qaloşları satmağa aparmıram. Arvadlara almışam.

-Ağsaqqal, Sənin neçə arvadın var? İyirmi?

-İyirmi niyə? Evdə iki gəlinim, üç qızım və bir də arvadım var.

-Bu oldu 6 cüt qaloş. Qaloş isə 20 cütdür. 

Məmməd baba aydınləq gətirdi:

-Onları da qonşulara, qohumlara hədiyyə almışam. Qışı bir təhər yola versinlər deyə.

Milis nəfəri onun üstünə bozardı:

-Ay kişi, nağıl danışma. Saçın-saqqalın ağarıb, amma yalan söyləyirsən. Bir-iki qaloş olsaydı, inanardıq ki, onları da qohum-qonşuya almısan…

Məmməd kişi inandırmağa çalışdı:

-Vallah düz deyirəm. İnanmırsaınız gedək bizim kəndə. Görəcəksiniz Tamaşa arvada, Havva arvada, Matan, Suqra, Telli, Şövkət, Mehri, Maral arvadlara almışam.

Nəzarətçiləri də, milis nəfərinin də gülmək tuitdu. Onlar Məmməd babaya inanmırdılar:

-Tutaq ki, getdik sizin kəndə. Həmin qadınlar təsdiq edəcəklərmi ki,  qaloşları onlar sifariş veriblər?

Məmməd baba tutuldu. Axı nə Tamaşa arvad, nə Havva arvad, nə də Matan, Suqra, Telli, Şövkət, Mehri, Maral ona tapşırmamışdı ki, onlara qaloş alsın.

-Mənə deməyiblər ki, onlar üçün qaloş alım. Amma fikirləşdim ki, bizim uşaqların, qız-gəlinin, arvadımın ayağında par-par parıldayan qaloşu görəndə onların da ürəyindən belə qaloş keçəcək.

Milis nəfəri ciddiləşdi:

-Ağsaqqal adamsan. Kimə nömrə gəlirsən. Qatardan düşməli olacaqsan. Kisəni də götür.

Məmməd baba mat-məəttəl onun  üzünə baxdı. Milis nəfəri xoruzlandı:

-Kisəni götür, vaqondan düş. Sən alverçisən. Sovet qanunlarını pozub alverlə məşğul olursan.

Binəva Məmməd babanın xeyirxahlığı, ürəyiyumşaqlığı ona baha başa gəldi. Alverçi adı ilə damğalayıb ona iki il yarım iş kəsdilər. Bir müddət dustaq həyatı yaşadı.

                 Bakı şəhəri, 24 mart 2021-ci il

Müəllif: Akif ABBASOV


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TAHİRƏ İLYASQIZI MÜKAFATLANDIRILDI

Tahirə İlyasqızının kitabı – “Ziyadar” Mükafatı N: 067 31.03.2021 – BAKI.

Hamımızın sevimlisi Tahirə İlyasqızının “Könlümün harayı” adlı yeni kitabı işıq üzü görüb. “Yazarlar” jurnalı ənənəyə sadiq qalaraq müəllifi yeni kitabların nəşrinə görə təqdimolunan “Ziyadar” Mükafatı ilə təltif edib.

Tahirə İlyasqızının diplomu – “Ziyadar” Mükafatı N: 067 31.03.2021. – BAKI.

Laureatı bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Tahirə xanım!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELNUR QƏRARİ – ŞUŞAYA BAHAR GƏLİR…

Elnur Qərari – şair.

Şuşaya bahar gəlir,
Oyan xarıbülbülüm,
Yol üstündə şövq ilə,
Dayan, xarı bülbülüm.
* * *
Arzun birdi, min oldu,
İstədiyin gün oldu,
Gözün aydın çin oldu,
Röyan, xarı bülbülüm.
* * *
Dağına duman gəlib,
Torpağına can gəlib,
Keçilməz yoldan gəlib,
Xülyan, xarı bülbülüm.
* * *
“Hafiz” azan oxuyir,
Səsin mələklər duyur,
Şəhid-şəhid qoxuyur,
Hər yan, xarı bülbülüm.
* * *
Şuşaya bahar gəlir,
Oyan xarı bülbülüm…
Müəllif: Elnur QƏRARİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTUNUN AD GÜNÜDÜR!

Mayıl Dostu – Pedaqogika üzrə fəlsəfə doktoru, şair.

Bu gün pedaqogika üzrə fəlsəfə doktoru, şair Mayıl Dostunun doğum günüdür! Ad günü münasibəti ilə Mayıl müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru