Aytac İbrahim- Şəhid Rəvan Bünyadlı

Şəhid Rəvan Bünyadlı və anası Mülümət Bünyadlı ( Şəfa xanım)

“Terminator”

Vətənimin şimal -qərbində, dağların sıra-sıra düzüldüyü, ağacların bir-biri ilə yarışdığı, səfalı təbiəti ilə göz oxşayan Qax rayonunun Almalı kəndində bir igid uyuyur…
Ömrü nakam, xəyalları nasaz, sevgi çiçəyi solmuş, şəhidlikdən pay almış – Şəhid Rəvan Bünyadlı…
Hələ həyatdan doymamışdı, hələ gələcəkdə özü üçün, ailəsi üçün, bəlkə də daha yaxşı yaşaya biləcəyi o uşaqlığı üçün, gəncliyi üçün gün ağlayacaqdı…
Rəvan, 2001-ci ilin avqust ayının beşində Qax rayonunun Almalı kəndində dünyaya göz açmışdır.Valideynlərinin sevimlisi, qardaşı Rəşadın dayağı olan şəhidimiz,
2007-ci ildə Almalı kənd tam orta məktəbinə ilk qədəmlərini atmış, müəllimlərinin, sinif yoldaşlarının, hətta özü kimi şəhid olduğu parta yoldaşı – Məhəmməd Yusiflinin, kənd əhalisinin rəğbətini qazanmışdır.O, bu səmimiliyi, canayaxın rəftarı, gözəl ədəbi ilə onu tanıyanların qəlbini ovsunlamışdı…
2018-ci ildə həmin məktəbin məzunu olan, Bünyadlı Rəvan Qax peşə liseyində “Aşbazlıq” üzrə təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılır.
Şəhidimiz, Tərtərdə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan postda xidmət edir.Burda da səngər yoldaşları içində özünə hörmət qazanır…
Onunla bircə dəfə belə ünsiyyətdə olanlar, öz xatirələrində bizim Rəvanı şən, gülərüz, mehriban biri olaraq anırlar.Hətta komandiri ona “Terminator” ləqəbi verir.Hardan biləcəkdi ki, əsgəri kimi özü də şəhid olacaq …
Bəli, Rəvan ürəyimizə od çəkən vətən müharibəsinin ilk günlərində, sentyabr ayının iyirmi yeddisində xidmət etdiyi “Mübariz İbrahimov” postunda ən uca məqama, şəhidlik zirvəsinə ucalır…
Nə böyük fəxarətdir, nə böyük uğurdur, necə gözəldir – mübarizlərin yetişdiriyi postda, Mübarizin davamçısı olaraq şəhid olmaq …
Əvəzi, ölçüsü, təsəllisi yoxdur, amma di gəl ki, balasını itirən ana üçün övlad ağrısı lap bətərdir…
Rəvanın anası Mülümət Bünyadlının ( Şəfa xanımın) verdiyi müsahibələrinin hamısında, oğlunun onların başını uca tutduğunu, ən gözəl mərtəbəyə layiq olub üzlərini ağ etdiyini bildirir.Lakin gözlərinin içindəki nisgil, səs tonundakı məyusluq, sözləri arasındakı bir saniyəlik qırıqlıq qəlbləri dağlamağa bəsdir…
Elə gözəl oğul oldu ki, Allah Rəvana o uca mərtəbəni nəsib etdi…
Eyni anda iki hissi birdən yaşamaq böyük qüvvə tələb edir.Vətən fədailərimizi həmişə yaşatmaq üçün isə toparlanmalıyıq.Mütləq toparlanmalıyıq!
Bəlkə Rəvanın timsalında, bütün şəhidlərimizin yerini bir övlad olaraq verə bilməyəcəyik, amma onların əmanətlərinə dost, dərd ortağı, sirdaş olacağıq…
Vətənimiz elə igidlər yetişdirir ki, duruşundakı əsalət düşmənin dilini çaşdırır.Torpağımızın altında elə igidlər yatır ki, adam o torpağa ayaq basmağa belə utanır …
Adın dillərə elə dastan olub ki, Rəvan, adam hər dəfə səndən yazmağa can atır…
“Fışkırır ruhu mücerret gibi yerden naşım,
O zaman yükselerek erşe değer belki başım.”

Göylərə yüksəlişin, şəhidliyin, məkanın, cənnətin, igidliyin mübarək olsun, qardaşım!

Müəllif: Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir