VAQİF VÜQARIN YENİ ŞEİRLƏRİ

VAQİF VÜQARIN YAZILARI

MƏN YOL ADAMIYAM…
Şairəm söyləyən ürək səsiyəm,
Oxumaq istədim mən də quş kimi.
Sən demə buludun kövrək səsiyəm,
Göyə toxuyurdu sətirlərimi.
* * *
Mənasız görünər hər səs, hər avaz
Sevinci kədərlə qoşalaşmasa.
Bahar məhəbbətə yaxa tanıtmaz,
Belə qaynamasa, belə coşmasa.
* * *
Görürük, duyuruq hansı həvəsdə
Qayanın əbədi ağlamağını.
Hər səhər günəşin qolları üstə,
Bir yeni sevginin doğulmağını…
* * *
Bu dünya min duyğu, min yeni ahəng,
Həyatla, ölümün can otağıdır.
Gözəllik möhtəşəm, sözlər rəngbərəng
Yerləri bəzəyən göy qurşağıdır.
* * *
Hər yolun sonunda işıq görünür,
Mən yol adamıyam fikirləri dəm.
Ömür yaşamışam soyuq bir ömür,
Baharın əlindən tutub gəlirəm…

DÜŞÜNCƏLƏRİM…
Hissiz,duyğusuzdur gülümsəməyən,
Allah qar yağdırır baxıb dağına.
Sədəğə istəmə ömürdən, gündən
Yıxılıb zamanın ayaqlarına.
* * *
Qartal qanadından bir lələk düşdü,
Çapırdı dördnala bir qoca atlı.
Sevinc qapılarda kirayənişdi,
Dərdin mənzilidi köksümün altı…
* * *
Zülmət sevinməsin batsada günəş,
Gedişin təzədən dönüş vaxtı var.
Dünya qaydasını dəyişə bilməz,
Bir gün yoxuşun da eniş vaxtı var.
* * *
İnsan yaşamayan sehirli yurddu,
Keçilməz yolu var zirvələrin də.
Zirvədən daş qopdu, dərələr uddu
Acgöz tamahı var dərələrin də…
* * *
Dənizdə doğulur dəli küləklər,
İstinin,soyuğun döz havasına.
Dalğalar sahili niyə döyəclər,
Ömür tək sıgmayır öz məcrasına.
* * *
Ruhumun bir ovuc buluduyam mən,
O hansı qüvvədir özünə dartır.
Tutsada göylərin ətəklərindən,
Torpağa qayıdır,yerə qayıdır.
* * *
Çalınan fələyin kəməncəsidir,
Duymaz bu mənanı biganə adam.
Hər axşam, hər səhər zumzuməsidir,
Çayın bəstəsidir dağlar oxuyan.
* * *
Əlində çırpınıb xəyallarımın,
Sözün qucağında fikir uyuyur.
Bir səs qulağıma gəldi ayıldım,
Gördüm pəncərəmdə bir quş oxuyur…

SALAM ALLAH SALAMIDIR
Biri şərqə, biri qərbə
Gedir güman səpə-səpə.
Həyat yolu çox qəribə,
Hərə bir yol adamıdır.
* * *
Astarı nə, üzü nədi
Dilimdə sözü göynədi.
Söz daşlaşan bir əbədi,
Qədim Misir ehramıdır.
* * *
Salam şeirin dilidir,
Salam haqdan qopub gəlir.
Salamsız fikir ölüdür,
Salam Allah salamıdır.
* * *
Sevgi bahar, sevgi payız
Qoy dolaşsın ağız-ağız.
Deyəcəklər bir sevdasız
Günlər ömrün haramıdır.
* * *
Ocaq çatıb, od qalayıb,
Dərmədiyim gülə hayıf.
Faniliyə baş bulayıb,
Gedən ölüm karvanıdır.

MƏNİ TUFAN DOĞUB…
Yağıb sətir-sətir varaqlar üstə,
Kükrə, çaylar kimi yenidən kükrə.
Döyüb pəncərəmi əsən dan yeli,
Çəksin xəyalımı dərinliklərə…
* * *
Möhtəşəm olursan qovuşmağınla,
Ruhumun göyləri sonsuz və dərin.
Ana laylası tək özünə çəkir,
Əlindən yapışıb şeirlərimin.
* * *
Məni tufan doğub min ildən bəri,
Ulayan boz qurdun uzaq səsiyəm.
Yatıb,dincəlməyən dənizlər kimi,
Bəlkə də taleyin uzaq səsiyəm.
* * *
Sonum belədirsə, əvvəlim belə
Ağacam,torpağam,suyam,buludam.
Könlümün harayı mələr bir quzu,
Gözünün yaşını qurutmalıyam.
* * *
Məni də qapından keçir qoy gedim,
Hər kəsin gözündə ikili dünya.
Gördüm mürgüləyir səssiz duyğumun,
Sığınıb köksünə mürgülü dünya.
* * *
İnsanlıq diz çökür azadlığına,
Bəs niyə dünyanın evi dar imiş.
Bir möhnət görürəm hər addım başı,
Ürək viran imiş, tarimar imiş.
* * *
Kukrəyim, çağlayım dalğalar kimi,
Ayağa qaldırım tufan ordumu.
Yox-yox quş avazlım, əfv elə məni,
Gərim yer üzünə qanadlarımı…

DOĞULDUM…
Mələk gəldi quş təki,
Dodağında təbriki.
Əlimi tanış təki
Sıxan vaxtı doğuldum.
* * *
Həyat,ölüm savaşı,
Ömür bir sapand daşı.
Ayrılığın göz yaşı
Yağan vaxtı doğuldum…
* * *
Dünya eşqin gözəli,
Ətəyində bir əli.
Bir əlində yaz seli
Axan vaxtı doğuldum.
* * *
Yollar küsgün, can talan
Sevgisidi azalan.
Haqqımızı şər, yalan
Boğan vaxtı doğuldum.
* * *
Ana doğan mərddimi,
Kim eşidib əhdini.
İpə,sapa dərdini
Yığan vaxtı doğuldum.
* * *
Vətən ayrılıq yurdu,
Kədər mərəkə qurdu.
Ovundurub buludu
Şağan vaxtı doğuldum.
* * *
Qış qovurdu baharı,
Kimsə yorub yolları.
Kəsib qoca çinarı
Yıxan vaxtı doğuldum.
* * *
Səhərəcən quş oyaq,
Oxuyurdu cosaraq.
Günəş dağdan aşaraq
Çıxan vaxtı doğuldum….

Müəllif: Vaqif VÜQAR

VAQİF VÜQARIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir